I mövzu: Mədəniyyətşünaslığın predmeti Plan: Mədəniyyətşünaslığın elm kimi formalaşması


Antik mədəniyyətin xüsusiyyətləri



Yüklə 0,69 Mb.
səhifə3/8
tarix21.04.2017
ölçüsü0,69 Mb.
#15175
1   2   3   4   5   6   7   8

Antik mədəniyyətin xüsusiyyətləri. Mədəniyyət dövrü b.e.ə. I minilliyin başlanğıcında Ellada və Kiçik Asiyada yunan polislərinin – şəhər-dövlətlərin meydana gəlməsilə başlamışdır. Bu dövrdə Yunanıstan və Romada maldarlıq, əkinçilik, metalın əldə edilməsi, sənətkarlıq, ticarət sürətlə inkişaf etməyə başlamışdı. Cəmiyyətin patriarxal qəbilə quruluşu suqut edir.

Uzun illər ərzində antik mədəniyyət mifologiyanın təsiri altında qalmışdı. Bundan başqa dağınıq qəbilələrin mifləri vahid dini-mifoloji sistemdə birləşir ki, bu da bütün antik dünyagörüşünün əsasına çevrilir.

Antik mədəniyyət b.e.ə. VIII – b.e.ə. V əsrləri əhatə edir. Bu dövrü də üç mərhələyə bölürlər: a) arxaik – b.e.ə. VIII – VI əsrlər; b) klassik – b.e.ə. V – VI əsrlər; c) ellin – b. e. ə. IV – I əsrlər.

Fəlsəfə və incəsənət yunan mədəniyyətinin balıca sahələrinə çevrilir. Onlar mifalogiyadan əxz olaraq onun (mifologiyanın) nümunələrindən istifadə edirlər. Mifologiyanın övladı olan qədim yunan fəlsəfəsi mifik təfəkkür tərzindən fərqli təfəkkürü formalaşdırdı. Mifoloji şüur təsvirlə kifayətləndiyi halda, fəlsəfi şüur sübut tələb edir. Fəlsəfi təfəkkür gerçəkliyi rasional yolla, abstrakt anlayışların köməyilə məntiqi mühakimələrlə izah etməyə çalışır. Fəlsəfə ilə yanaşı elmi biliklərin – astronomiya, riyaziyyat, biologiya, tibbin rüşeymləri inkişaf edir.

Qədim Yunan mədəniyyətində üç şəxsiyyət tipini, yaxud arxetipi ayırmaq olar. Bunlar qəhrəman, kölə və “qızıl aralıq”da duran insandır. Qəhrəmanlıq insanı azad edir. Antik dövrlərdə qəhrəman ən şərəfli şəxs idi. Heraklın, Axillesin, Prometeyin qəhrəmanlıqlarını yada salmaq kifayətdir. Qəhrəman nə sırf insan, nə də sırf tanrıdır. O, bu ikisinin arasında orta vəziyyəti tutur. Qəhrəman həmişə tanrının qohumu olur: o, ya öləri qadının tanrı ilə nigahından doğulmuş (Herakl), ya da ilahənin öləri kişidən dünyaya gətirdiyi (Axilles) şəxs olmuşdu. Öz möhtəşəmliyinə, müdrikliyinə görə qəhrəman allahlara tən ola bilir. Qəhrəmanın həyat və ölümü ilk növbədə özünü qurban verməsidir (Prometey). Qəhrəman çox zaman çar olur. Qəhrəmanlıq özünə tən rəqiblə təkbətək döyüşdən qələbə ilə ayrıldıqda əldə edilir.

Fərdiyyətçiliyin ikinci tipi – kölədir. Kölələr də insandır. Onlar allaha xidmət edirlər. Kölə olmaq alçaldıcıdır. Qədim Yunanıstanda kölə statusu sabit deyil. Aristotel yazır ki, kölə ər və uşaqlar kimi ailənin bir üzvüdür. Əgər belədirsə, kölə də insandır. Köləlik ona görə yaranır ki, qəhrəmanlıq var. Tale qarşısında onlar bərabərdir. Lakin qəhrəman taleyə qarşı dura bildiyi halda, kölə bunu edə bilmir.

Bu iki − kölə − qəhrəman qütbü arasında qızıl aralıqda duran insan tipi dayanır. O, özü haqqında belə deyə bilər: “Mən insanam və insana aid heç bir şey mənə yad deyil”. Yaxud: “Mən qəhrəmanam, amma əndazəsində; mən köləyəm, amma bir azacıq”. Onun səcdə etdiyi tanrılar – gündəlik həyat müdrikliyi və sağlam düşüncədir. Qızıl aralıqda duran insan taleyi ilə yola getməyə çalışır. Onun həyatı belə bir formul üzrə gedir: “nə qədər ki, mən varam – tale yoxdur, o gələndə isə mən olmayacağam”. Onun üçün tale ilə güləşmək istisnadır. O, bilir ki, talenin insanı kölə etmək bacarığı vardır. Ancaq bu o demək deyil ki, o, başını dəvəquşu kimi qumun içərisinə soxub yaşayır. O, xoşagəlməzliklər və təhlükələrə açıqdır, onda kişilik vardır. O, sakit, düşüncəli şəkildə yaşayır.

Qədim Roma mədəniyyəti yunan mədəniyyəti ideyalarını və ənənələrini davam etdirir. Qədim Romada natiqlik sətəti, bədii nəsr və poeziya, tarix, mexanika, təbiətşünaslıq yüksək səviyyədə inkişaf edir. Romadakı memarlıqda ellin dövrünün formaları istifadə olunur, lakin onlar imperiya dövlətinin ölçülərinə və roma aristokratiyasının ambisiyalarına uyğun olaraq özünün nəhəngliyi ilə fərqlənir. Roma heykəltəraşları və rəssamları yunan nümunələrini davam etdirirdilər, lakin yunanlardan fərqli olaraq realist portret sənətini inkişaf etdirirlər və çılpaq deyil, “örtülü” heykəllər tökürdülər. Yunanlar kimi romalılar da hər cür tamaşaları – olimpiya oyunlarını, qladiator döyüşlərini, teatr səhnələrini xoşlayırdılar. Bütün antik incəsənəti tamaşa prinsipinə tabe idi.

Antik Romanın mədəni yeniliyi siyasət və hüququn inkişafı ilə əlaqədardır. Böyük Roma dövlətinin idarə edilməsi dövlət orqanları sisteminin və hüquqi qanunların işlənilib hazırlanmasını tələb edirdi. Qədim Roma hüquqşünasları elə hüquqi mədəniyyətin əsasını qoyublar ki, müasir hüquqi sistemlər indiyədək ona söykənirlər. Siyasi və ideoloji məqsədlər incəsənət və cəmiyyətin bütün mədəni həyatının xarakterinə əhəmiyyətli dərəcədə təsir edir. Siyasiləşmə - roma mədəniyyətinin xarakterik əlamətidir. Romalının ideologiyasını patreotizm – romalının ali dəyəri təşkil edirdi. Romalılar özlərini tanrı tərəfindən seçilmiş xalq hesab edirdilər və yalnız qələbəyə köklənmişdilər. Romada mərdlik, ləyaqət, ciddilik, evdarlıq, intizama, qanuna və hüquqi təfəkkürə tabe olma pərəstiş edilirdi. Yalan – kölələrə xas olan qüsur hesab edilirdi. Əgər yunanlar fəlsəfə və incəsənət qarşısında baş əyirdilərsə, alicənab romalı üçün müharibə, siyasət, əkinçilik və hüquqla məşğul olmaq şərəfli iş hesab olunurdu.

Romalıların dini görüşləri çox da zəngin deyildi. Qədim Roma mifologiyasının allahlarından Yupiter (qədim yunanların Zevsi), Yunona (Qera – nikah ilahəsi)), Diana (Artemida – ov ilahəsi, canlıların hamisi), Viktoriyaya (Nika) səcdə edilirdi. Herakl (Herkules) xüsusilə sevilirdi, ələxsus da onun 12 qəhrəmanlığı qədim dövrdə çox məşhur idi. I minilliyin əvvəllərində Romada xristianlıq yayılmağa başlayır.

B.e.ə. I əsrə yaxın Roma imperiyası ellin Yunanıstanı fəth edir. Roma mədəniyyətinin çiçəklənməsi dövrü başlayır, romalılar yunan dilini, fəlsəfəsini, ədəbiyyatını öyrənməyə, məşhur yunan natiqlərini, filosoflarını dəvət etməyə başlayırlar, eləcə də özləri yunan şəhər-polislərinə gedərək gizlicə rəğbət bəslədikləri mədəniyyəti mənimsəyirdilər.

Romada ritorika sürətlə inkişaf etməyə başlayır, belə ki, canlı söz sənətinə yiyələnmədən siyasi karyera mümkün deyildi. Roma natiqlərinin ən parlaq nümayəndəsi Mark Tuli Siseron idi.

Roma incəsənəti də təkrarlanmaz sima alır: heykəltəraşlıqda real portret, freska rəssamlığı və s. yaradılır. Memarlıqda aşkar şəkildə möhtəşəmliyə, böyüklüyə can atılır. Bu öz əksini triumfal arkaların, meydanların, teatrların, körpülərin, bazarların, cıdır meydanlarının tikintisində tapır. Kolizey amfiteatrı, bütün allahların məbədi olan – Panteon roma memarlığının nailiyyətlərinin nümunələridir.

Beləliklə, antik yunan-roma (b.e.ə. VI – b.e. V) dünya mədəniyyətinə bunları bəxş etmişdir: zəngin və müxtəlif mifologiya; işlənilib hazırlanmış roma hüquq sistemi (“12 cədvəl qanunları”); xeyir, həqiqət, gözəllik qanunları (“Roma əxlaq kodeksi”); ölməz incəsənət əsərləri (heykəltəraşlıq, poeziya, memarlıq, epos, teatr); çoxsaylı fəlsəfi ideyalar; dünya dini – xristianlıq (sonrakı avropa mədəniyyətinin mənəvi əsası).

Orta əsrlər mədəniyyəti Roma imperiyasının əsasları üzərində meydana gəlmişdir. Burada üç qüvvə mübarizə aparırdı, məhz hansının qələbə çalmasından sonrakı aqibət müəyyənləşəcəkdir. Bu qüvvələrdən birincisi ənənəvi yunan-roma mədəniyyəti idi. Onlar az sayda mədəni mərkəzlərdə saxlanılmışdı, bu mədəniyyət artıq yeni ideya verə bilmirdi. Əgər bu qüvvə tab gətirə bilsəydi və cəmiyyətdə yenidən bərpa olunsaydı, onda Avropanın mədəni həyatı keçmişə köklənərdi. Avropanın mədəniyyəti hind və çin mədəniyyətlərində olduğu kimi antik formada donub qalardı.

İkinci qüvvə barbar ruhu idi. Onun daşıyıcıları roma imperiyasında xaricdən gələrək məskən salmış müxtəlif xalqlar idi.

Üçüncü qüvvə xristianıq idi, məhz o, avropa mədəniyyətinin sonrakı taleyini dəyişmişdir. Xristianlıq antik dünyadan kənar ənənələrə söykənir və insanların şüuruna yeni humanist baxışlar gətirmişdi. Roma imperiyası süqut edən vaxt artıq xristianlıq bütün xristianları cəmləyən mərkəzləşmiş kilsə təşkilatına malik idi. Bu ona başlıca siyası qüvvə olmağa və yunan-roma çoxallahlığı və barbarlıq üzərində qələbə qazanmağa kömək etdi. Kilsə antik zəka kultunu, antik bədən kultunu rədd etdi, onları zəkanın qüvvəsinin alçaldılması və hissi həzz, sağlamlıq və cismani gözəlliyin günah olması ilə əvəzlədi.

Orta əsrlər dünyagörüşünün xarakterik xüsusiyyətlərindən biri asketizm idi, xalq kütlələri məhz onun ruhunda tərbiyələnirdi. Asketizmə görə yer kürəsi və insan öz cismani təbiətində günah və şərin təzahürü kimi təsəvvür edilir. Mömin insanın vəzifəsi tədricən ruhun maddiyyatın zəncirlərindən azad olmaqdır ki, “qüsurlarla” fasiləsiz mübarizə daha yaxşı olan o biri dünyaya keçidə hazırlıqdır. Bunun üçün kilsə pəhrizlər, dualar, səcdələr və s. məsləhət görürdü. Dünyadan tamamilə uzaqlaşaraq monastıra çəkilmək əsl qəhrəmanlıq hesab olunurdu.



Orta əsrlər mədəniyyətinin maddi əsası feodal münasibətləridir: iri torpaq sahibləri (feodal) kəndlilər və torpağın ağası idilər (kəndlilər torpağa sahibkardan icarəyə götürürdü). Kəndli torpağın ağasından tam iqtisadi və şəxsi asılılıqda idi ki, bunun da nəticəsində təhkimlilik hüququ yarandı. Təsərrüfat natural idi: qapalı malikanə dövriyyəsində və inkişaf etməmiş ticarət münasibətləri formasında idi.

Təsərrüfat həyatının belə xarakteri yeni sosial mədəniyyətin formalaşmasına gətirib çıxardı. Senyor – vassal, vassal və feodal münasibətləri şəxsi və ailə əlaqələri, müqavilələri, himayədarlığı əsasında qurulurdu. Bu zümrələrin – ruhanilər, əyanlar (cəngavərlər) və üçüncü təbəqə adlanan (xalq) digər əhalinin formalaşmasına gətirib çıxardı. Eyni zamanda yerdəki “günahlı” həyatdan ayrılaraq tərki-dünyalıqla ruhunu xilas edənlər – rahiblər zümrəsi də formalaşır. Orta əsrlərdə əgər ruhanilər insan ruhunun qayğısına qalırdılarsa, o biri zümrə - əyanlar – insan haqqında başqa təsəvvürə malik idilər. Onun əsasında da cəngavər mədəniyyəti meydana gəlir. Onların insan idealı alicənab mənşəni, cəsarəti, şöhrəti, namusu, qəhrəmanlığa can atmanı, öz senyoruna və Allahına sadiqliyi, gözəl xanıma pərəstişi, nəcibliyi əks etdirirdi.

Orta əsrlərin kəndli mədəniyyəti başlıca olaraq folklorda ifadə olunurdu. Bəzi tədqiqatçılar onu “məzəli”, yaxud karnaval mədəniyyəti adlandırırdı.

Orta əsrlərdə üç növdə məktəblər fəaliyyət göstərirdi. Kilsə və monastırların əsasında yaranan aşağı məktəblər elementar savadlı kilsə ruhanilərini – kliriklərin hazırlamaq məqsədi güdürdü. Həmin məktəblərdə başlıca diqqət latın dilinin, dualar və ibadət qaydalarının öyrədilməsinə yönəldilirdi. Əsasən yepiskop kafedraları əsasında formalaşmış orta məktəblərdə yeddi “azad sənət” (qrammatika, ritorika, dialektika, yaxud məntiq, hesab, özündə coğrafiya, astronomiya, musiqini birləşdirən həndəsə) öyrədilirdi. İlk üç elm trivium, sonuncu dördlük isə kvadrium adlanırdı. Sonralar “azad sənətlər”in tədrisi ali məktəblərdə də həyata keçir ki, onlar da universitet adını alır. İlk universitetlər XII əsrdə meydana gəlmişdir. Burada ilahiyyat, fəlsəfə, roma hüququ və tibbi tədris edən professorlar fəaliyyət göstərirdilər. Hələ XII əsrin I yarısında “azad məktəb” şəklində fəaliyyət göstərən Paris universiteti Avropanın ən qədim universitetlərindəndir.



Orta əsrlərin rəsmi və kübar incəsənəti. Sözsüz ki, rəsmi incəsənət xristian ideologiyası əlamətlərini daşıyırdı və dini kilsənin tələbatlarına yönəlmişdir. Rəssamlıq ikonaçılığa çevrilmişdir. Heykəltəraşlıqda olduğu kimi rəssamlıqda da “İncil”dəki süjetlər hökmranlıq edirdi. Ümumiyyətlə heykəltəraşlıq orta əsrlərdə müstəqil inkişaf edə bilmədi. Çünki heykəltəraşlığın obyekti hərəkətdə, emosional vəziyyətdə və gözəl olan insandır. Xristian dünyagörüşü isə cismani gözəlliyi günah hesab edirdi. Lakin müqəddəslərin heykəlləri qotik məbədlərin çölünü və içini bəzəyirdi. Bir növ kilsə memarlığı ilə heykəltəraşlığın sintezi yaranmışdı.

Musiqi kilsənin maraqlarına xidmət edirdi. Xoral, messa, rekviyem kimi dini janrlar yüksək həddinə çatmışdı. Musiqi mədəniyyəti professional çoxsəsli – diskantedə xüsusilə təzahür edirdi. Təntənəli kilsə oxusunun kanonları formalaşdı.



Cəngavər mədəniyyəti. Kilsənin mənəvi rəhbərliyini tanıyan feodal cəmiyyətinin hər bir sinfi bu və ya digər dərəcədə öz xüsusi mədəniyyətini inkişaf etdirirdi və burada onlar öz əhvalını və ideallarını əks etdirirdilər. Kübar feodalların hakim sinfi – sözün geniş mənasında cəngavərlər – XIII əsrə yaxın kübar, saray və hərbi-cəngavər əyləncələri ənənələri, maneralarının mürəkkəb ayinlərini yaratmışdılar. Bunların içərisində cəngavər turnurləri – cəngavərlərin silahla davranma bacarığını göstərən yarışmalar daha geniş yayılmışdı. Cənganər mühitində onların qəhrəmanlığını tərənnüm edən nəğmələr qoşulurdu. Sonralar onlar poemaya çevrildilər, müxtəlif cəngavər macəralarını nəql edən romanlar geniş yayılmağa başlandı. Cəngavər ədəbiyyatında məhəbbət lirikası böyük yer tutur. Almaniyada minnezingerlər, Fransanın cənubunda trubadurlar, şimalında truverlər cəngavərlərin xanımlara olan məhəbbətini tərənnüm edirdilər, onlar kral sarayları və böyük feodalların qəsrlərinə aid idilər.

Orta əsrlərin şəhər mədəniyyəti və xalq yaradıcılığı. Öz dövrünün vacib siyasi rolunu oynayan Orta əsrlər şəhəri mədəniyyətin inkişafı üçün çox iş görmüşdü. Şəhərdə ilk növbədə, antifeodal əlamətləri özündə daşıyan dünyəvi ədəbiyyat sürətlə məşhurlaşırdı. XII-XIII əsrlərdə şəhərlərdə feodallara qarşı fikirləri daşıyan fabliolar peyda olmağa başladı. İtalyan şəhər povestləri – novellalar feodallara qarşı satirik momentləri daşıyırdılar.

Xalq bayramları, karnavallara orta əsrlər Qərbi Avropasının həyatında çox vaxt ayrılırdı. Bunlar hər bir sadə insanın yaradılmasında iştirak edə bildiyi gülüş mədəniyyətinin ifadəsi idi. Gülüş mədəniyyətinin parlaq təzahürü karnavaldır. Karnavallar bütpərəst mənşəyə malikdir (latınca karnaval “ət, əlvida” mənasını verir) – burada qurbanvermə ilə əlaqə aşkardır. Karnaval tamaşaçı və iştirakçını bir-birindən ayırmır. Orta əsr Avropa şəhərlərinin küçələrinə çıxan insanlar karnavalın iştirakçısına çevrilirdi.

Orta əsrlər memarlığı. IX-XIII əsrlər ərzində Avropada iki memarlıq üslubu dəyişmişdir – romanqotik. Birincisi, öz adını qədim roma tikililərinə banzətməyə görə bu cür adlandırılırdı. Əslində isə roman üslubu antik roma üslubu ilə müqayisədə daha kobud və natamam idi. Qalın divarlar, sütunlar çox da hündür olmayan gümbəz, dar və kiçik pəncərələr bu dövrün inşaat texnikasının zəif inkişafını əks etdirir.

Qotik memarlıq üslubu isə texnika baxımından daha təkmil və maraqlı idi. Onun xarakterik əlaməti memarın mümkün qədər uca tikməyə can atması idi. Qotik məbədlərin daxilində çoxsaylı hündür, nəfis sütünlar tikilirdi. Böyük pəncərələri rəngli şüşələrlə bəzədilirdi. Çoxsaylı heykəllər, barelyeflər tikililərin içini və çölünü bəzəyirdi. Bir və ya bir neçə qala və nəhəng qapılar məbədlərə təntənəli görkəm verirdi. Roman üslubuna məşhur məbədlərdən Puatye və Orlini (Fransa), Şpeyer, Vorms, Maynsı (Almaniya) misal göstərmək olar. Qotik üsluba Paris Nort-Dam kilsəsini, İngiltərədəki Linkoln, İtaliyadakı Milan kilsəsini göstərmək olar.



Qərbi Avropanın İntibah mədəniyyəti insana, onun yaradıcı imkanlarına inamında, humanizm və nikbinlikdə ifadə olunur. Sosioloji nöqteyi-nəzərdən bu şəhər mədəniyyəti idi. Şəhər mədəniyyətinin inkişafı sadə əmtəə-pul münasibətlərinin inkişafı ilə əlaqədardır. Xüsusilə İtalyan şəhərləri sürətlə inkişaf etməyə başladı. Coğrafi mövqeyinə gərə italyan şəhərləri Qərblə Şərq arasında tranzit ticarət mərkəzlərinə çevrildi. Avropanın ticarət əlaqələri yeni dəniz yollarının axtarışlarına təkan verdi. Öz coğrafi yerinə görə Portuqaliya aparıcı dəniz qüvvəsinə çevrilir. XV əsrin sonlarında portuqaliyalılar Afrikanı keçərək Hindistana dəniz yolu açdılar (Vasko da Qama). 1492-ci ildə Xristofor Kolumb Yeni Dünyanı – Amerikanı kəşf etdi. Bu dövrdə dünyanın yeni mənzərəsi yaranırdı. Böyük coğrafi kəşflər və kainatın İncildəki təsəvvürlərdən fərqli qurulması haqqındakı təsəvvürlər böyük rol oynadı.

Bu dövrün humanistləri – Kuzalı Nikolay və Piko della Mirandolla insanın mükəmməlliyi və ləyaqəti məsələsini qoyaraq göstərirdilər ki, əgər Allah öz-özünü yaradıbsa, onda insan da öz-özünü yaratmalıdır. İtalyan humanistləri öz maraqlarını allahın deyil, insan işlərinə yönəldirlər, zəkanı idrakın əsas silahı kimi görürlər. Onlar üçün aləm insan zəkasının və iradəsinin tətbiq edildiyi sahədir. Orta əsrlərin “Allah hər şeyə qadirdir” şüarı “İnsan hər şeyə qadirdir” şüarı ilə əvəzlənir.

İntibah mədəniyyətinə bunlar daxildir: fərdiyyətçilik – insan şəxsiyyətinin mütləqləşdirilməsi; humanizm – mahiyyəti, hər şeyin meyarı – insan olan yeni dünyagörüşünün təsdiqlənməsi; aləmin – insan və təbiətin təcrübə vasitəsilə dərk edilməsi; xristian ənənələrinin yenidən nəzərdən keçirilməsi və elm və incəsənətin kilsənin hökmranlığından azad edilməsi; incəsənətin peşə fəaliyyətinə çevrilməsi, onun növ və janrlarının təkmilləşdirilməsi.

İntibah mədəniyyəti insanın antik anlamını yenidən bərpa etdi: insanın ləyaqəti öləndən sonrakı həyatla deyil, yerdəki əməllərilə ölçülür.



Yeni dövr mədəniyyəti XVII-XIX əsrləri əhatə edir. Bu mədəniyyət burjua üsul istehsalına əsaslanır. Onun ümumi cəhətləri – humanizm və antroposentrizm, rasionalizm və avroposentrizmdir. Yeni dövr mədəniyyətinin fərqləndirici cəhətləri aşağıdakılardır:

1.Çoxmillətlilik və çoxdillik. XVII əsrdə Avropada milli mədəniyyətlərin tərəqqisi müşahidə edilir, latın dili yerini milli dillərə: ingilis, fransız, ispan, italyan və i. a. verir. Hər bir Avropa ölkəsində barokko və klassisizm cərəyanlarının özünəməxsus bədii və ədəbi məktəbləri formalaşır. Barokko sənəti istisnasız olaraq katolik ölkələrində (İtaliya, İspaniya, Fransa) yayılmışdı. O, dinamikliyi, hissi başlanğıca diqqəti ilə fərqlənirdi. Barokko sənətində möcüzələrin, öncəgörücülük, dini ekstazların təsviri dövlət və kral sarayına yaxın olanların təmtərağını və gözqamaşdırıcılığını diqqətə çatdırmaq üçün istifadə edilirdi (rəssamlıqda – Rubens, Buşe, memarlıqda Bernini, musiqidə Mosart). Barokko rəssamlarının əsərlərində dolu bədənli qadınlar, əzələli kişilər, təmtəraqlı süfrələr, saray əyanlarının naxışlı parçalardan geyimləri təsvir edilir. Ədəbiyyat nümunələrində ibarəli sözlərdən istifadə edilir. Memarlıqda əyanların saraylarının fasadlarının dəbdəbəli düzəldilməsi, dekorativlik, assimetrik tikililər əsas götürülürdü. Eyni zamanda barokko renessans humanizminin tənqididir, həyatın dishamonik hissidir, təmtərağın nümayişidir. Teatral dəbdəbə, monumentallıq, mistika və fantastika da buradandır. Bu öz ifadəsini dekorativ rəssamlıq və heykəltəraşlıqda, təmtəraqlı portretdə, sonralar isə natürmort və peyzajda tapır.

Klassisizm (nəzəriyyəçilər N.Bualo, F.Malerb) antikliyə istiqamətlənib, gözəllik onun idealıdır. Klassiklik – nümunəvilik deməkdir, belə incəsənət isə Qədim Yunan və Roma incəsənəti hesab edilir. Lakin indi klassisizm məcburi kanonlara riayət edilməsini tələb edir: ədəbiyyatda üç vəhdət qaydası, memarlıqda sütun və portiklər (binaya yapışan sütunlu eyvan); rəssam və heykəltəraşlıqda qəhrəmanların nümunəvi bədən quruluşu; yunan və roma mifologiyası və tarixindən süjetlər. Klassisizm – aşkarlıq, dəqiqlik, sadəlik, simmetriya, vətəndaşın qəhrəmanlığının pafosudur.

2. Mədəniyyətlərin əlaqəsi və qarşılıqlı təsiri Yeni dövr Avropa mədəniyyətinin tərəqqisinin həlledici amilidir. Avropa dövlətlərinin mədəni nailiyyətlərinin qarşılıqlı mübadiləsi genişlənir, bu isə Avropaya dünyada aparıcı mövqeni tutmağa imkan yaradır.



3. İctimai istehsalın sənayeləşməsi XVIII əsrdən başlayır. O, öz ifadəsini şəhərlərin və sahibkarlığın inkişafında, cəmiyyətin texniki mədəni səviyyəsinin yüksəlməsində tapır. Yeni dövr mədəniyyəti insana doğru yönəlir. İctimai həyatın iqtisadi, siyasi, əxlaqi-hüquqi sahələrinin yeni, daha təkmilləşmiş təşkili formaları işlənilib hazırlanır. İncəsənətdə yeni bədii üslublar – sentimentalizm və romantizm meydana çıxır.

4.Burjua sahibkarlığından doğan praktisizm, işgüzarlıq, utilitarizm ruhu. Protestatizm (Şimali Avropa ölkələri) əmək əxlaqının üstünlüyünü, ailə və mülkiyyətə vicdanlı yanaşmanı təsdiqləyir. Təbiət insanın fəaliyyət meydanına, insan isə təbiətin sahibkarına çevrilir.

5.Elmi biliyin avtoritetinin artması. Bilik ictimai tərəqqinin hərəkətverici qüvvəsi kimi nəzərdən keçirilir. Kütlələrin ümumtəhsil və mədəni səviyyəsi sürətlə artır, savad ümumi mədəni normaya çevrilir. Berkli, Yum, Volter, Russo, Didro, Kant, Fixte, Hötenin fəaliyyətində klassik avropa fəlsəfəsinin bünövrəsi qoyulur.

6.Texniki tərəqqinin sürətlənmiş tempi əsasən XIX əsr mədəniyyəti üçün xarakterikdir. Bir sıra elmi kəşflər edilir, dağ mədəni işləri aparılır. Yeni materiallar (sement, beton) meydana gəlir və metal konstruksiya şəhərlərin tikintisində görünməmiş temp gətirir. Elektrikin böyük məsafələrə ötürülməsi baş verir. Paraxod, dəmir yolları, teleqraf, telefon, yazı maşını, XIX əsrin sonlarında isə kinemotoqrafiya, radioəlaqə, avtomobil – insanların kommunikasiya şəraitlərini dəyişir. XIX əsr elmində riyaziyyat və mexanikanın əsasında biliklərin klassik sistemi işlənilib hazırlanır. Bədii ədəbiyyatda realizm başlıca istiqamətə çevrilir.

XVII əsr mədəniyyəti. Bu dövrdə Qərbi Avropada klassik burjua əxlaqı formalaşır. Protestantizm dünyəvi işlərdəki uğurları işıqlandırır, könüllü əməyi Allahın lütfü hesab edirdi və o (protestantizm), Yeni dövrün mənəvi-əxlaqi əsasına çevrilir. Əmək əxlaqı dini çalarda olsa belə, insan azadlığını, bazar münasibətlərini, burjua sahibkarlığının elementlərini stimullaşdırırdı.

Yeni dövr elminin səviyyəsi Leybnits, Nyuton, Dekart, Qaliley, Keplerin adlarılə müəyyənləşir. Elmi inqilabı bu alimlər başladılar. Bu zaman elmə yanaşma orta əsrlərdəkindən fərqli idi. Elmi fəaliyyətdə sxolastika və mistika deyil, elmi eksperiment müəyyənedici amilə çevrildi. Cəbr, həndəsə, işığın dalğa nəzəriyyəsi və i.a. meydana gəldi.

XVII əsr Avropasının iqtisadiyyatı manufakturaya əsaslanır. Əmək bölgüsü sürətlənir, kooperasiya inkişaf edir. İstehsalda daş kömürdən istifadəyə keçilir. Fond və əmtəə birjaları, banklar, bazarlar Avropa həyatının faktlarına çevrilirlər. Koloniyaların var-dövləti ticarət dövriyyəsinə buraxılır.

XVII əsrdə cəmiyyətin sosial strukturu da dəyişir: torpaqlarını itirmiş kəndlilər icarədarlara, əkinçilər isə manufaktura fəhlələrinə, əyanların bir hissəsi isə burjuaya çevrilirlər. İngiltərədə fermerlər meydana gəlir, burjua sinfinin sayı artır.

XVII əsrdə avropa fəlsəfi fikri sürətlə inkişaf edir. Dekart rasional idrak nəzəriyyəsi yaradır, zəkanı həqiqətin meyarı elan edir. F.Bekon göstərir ki, idrakın məqsədi təbiətdir və insanın vəzifəsi təbiət üzərində ağalığıdır.

XVII əsrin bədii mədəniyyətində milli məktəblər formalaşır. Fransa, İspaniya, Niderland incəsənəti təkrarlanmaz milli əlamətlər alır.



Maarifçilik dövrünün mədəniyyəti. XVII əsr ictimai fikir tarixinə Maarifçilik dövrü kimi, zəka əsri kimi daxil olmuşdur. Zəka və Maarif dövrün əsas şüarlarıdır. Fransa Avropa həyatının hegemonuna çevrilir, maarifçi ideyalar İngiltərə, Almaniya, İtaliya, Rusiyanı bürüyür. Mütləqiyyətin böhranı, burjua inqilabları, fəlsəfi biliklərin yayılması yeni mədəniyyətin meydana çıxmasına səbəb oldu. Maarifçilik fəlsəfəsinin fərqləndirici xüsusiyyəti insanın zəkasına olan inam və cəmiyyət harmoniyasının insanların maariflənməsi vasitəsilə və yaradıcılıqlarının inkişafi ilə əldə edilməsidir.

XIX əsrin Qərbi Avropa mədəniyyəti burjua mədəniyyətidir. Kapitalizmin inkişafı güclü işçi hərəkatının formalaşması, dünyada ilk fəhlə partiyasının (İngiltərədə) yaranması ilə müşayət olunur. Fəhlə hərəkatının ideologiyası Avropa və bütün dünyanın sosial-siyasi həyatına böyük təsir edən marksizm oldu. 1871-ci ildə Paris fəhlələri bir neçə aylıq öz hakimiyyətlərini – Paris Kommunasını qurdular. Marks və Engelsin rəhbərliyilə I İnternasional – fəhlələrin beynəlxalq yoldaşlığı yaradılır. Onun buraxılmasından sonra avropa ölkələrində marksizm ideyalarını rəhbər tutan sosial-demokratik partiyalar meydana gəlməyə başladı.

XIX əsrdə yeni mədəniyyətin yeni inkişaf konsepsiyası – “Elitar konsepsiya” meydana gəlir. Bu konsepsiyaya görə mədəniyyət istehsalçısı və istehlakçisı cəmiyyətin üstün sinfi olan – elitadır. Elita mədəniyyəti konsepsiyasının əsasını Şopenhauer və Nitsşe qoymuşdular. Elita – hər bir ictimai sinifdə, sosial qrupda ən yaxşı, seçilmişlərdir. Bu filosofların fikrincə, məhz elita ictimai tərəqqini təmin edir. Deməli, mədəniyyət “kütlə”nin tələblərini deyil, estetik, bədii-yaradıcı fəaliyyətə malik olanların tələbatlarını ödəməlidir.

XIX əsr mədəni həyatında elmi konfransların, simpoziumların, sərgilərin keçirilməsi praktikası tətbiq olunur. Bədii mədəniyyətin texniki təchizatı genişlənir; XIX əsrin sonlarında kino sənəti, dizayn (bədii kontruksiya) meydana gəlir. Musiqi və işığın birləşdirilməsi eksperimentləri keçirilir. XIX əsrin bədii mədəniyyətində vahid dominant yoxdur. Müxtəlif ümumavropa üslubları və istiqamətləri formalaşır.



Romantizm (XIX əsrin I rübü) – avropa və amerika cəmiyyətinin geniş ideya və bədii hərəkatıdır. Almaniyada (Şiller, Höte, Şleger qardaşları) meydana gələn romantizm bütün dünyaya yayılır: poeziyada – Bayron, Hüqo; romantik fəlsəfə və estetikada – Şellinq, Kyerkeqor; musiqidə - Şopen, Berlioz, Şubert; təsviri-incəsənətdə - Delakrua, Jeriko, Konstebl; bədii ədəbiyyatda – Vilyam Skott, A.Düma, E.Hofman.

Romantizmin əsasında başlıca prinsipi şəxsiyyətin mütləq və sərhədsiz azadlığı olan yaradıcı metod durur. Bu istiqamətin nümayəndələri olan rəssamlar aşağı səviyyəli gerçəkliklə ali ideal arasındakı ziddiyyətləri təsvir edirdilər. Rəssam öz əsərlərində reallıqdan daha gözəl olan öz aləmini təsvir edirdi.

XIX əsrin yaradıcı metodu olan realizmin vəzifəsi incəsənət əsərlərində həyatın həqiqi tərəflərini əks etdirməkdir. Ona xas olan əsas cəhətləri – həyatın dərinliklərini dərk etmək; gerçəkliyi geniş əhatə etmək; ziddiyyətli həyatın bədii dərkidir. Realist əsərlərdə insanın xarakteri ziddiyyətlidir, o, həyat şəraitindən asılı olaraq dəyişir.

XIX əsrin 60-70-ci illərində Fransada bədii cərəyan olan impressionizm meydana gəlir. O, təsviri incəsənətdə daha parlaq ifadə olunur. İmpressionizmin stilistik əlamətləri bunlardır: qapalılıqdan imtina və obyektlərin təsvirində stabillik; ani, sanki təsadüfi, fraqmentar vəziyyətlərin fiksə edilməsi; fiqur və predmetlərin gözlənilməz rakursları.

Rəssamlıqda impressionizm daha parlaq formasını O.Renuar, E.Döqa, E.Mane, K.Mone, K.Pissaronun yaradıcılığında tapır. Bu rəssamlar təbiətin ötəri vəziyyətlərini, insan həyatının hərəkətli, dəyişkən tərəflərini çatdırmağa çalışırlar.


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin