«e» vardır. Axı bu səsləri ayrı-ayrı hərflərlə yazmağın heç bir ziyanı yoxdur. Əksinə Türkiyə
türkcəsi üçün də xeyirlidir. Həm də tarixən, əsrlərcə türk dillərinin demək olar ki, hamısında bu
səslər olmuşdur. Bəzi vaxtlarda bu səslər ayrı hərflərlə də göstərilmişdir. İndi bəzi türk
respublikalarında bu səslər yenə də ayrı hərflərlə bildirilir. Məsələn, Azərbaycan əlifbasında qapalı
«e» isə bunun tərsinə çevrilmiş şəklində, «ə» kimi yazılmış və yazılmaqdadır. Bəzi türk dillərində
bu «ä» işarəsi kimi göstərilir.
Əslində Türkiyə türkcəsində də həm açıq, həm də qapalı «e» səsi qarışdırılır. Özəlliklə də
danışıq dilində, radio və televiziyalarda, demək olar ki, hamı açıq «e»ni daha çox işlədir. Heç kim
yer, ver, elçi, deyiş, ev, eş, eşik kimi sözləri olduğu kimi, yəni qədim zamanlardan istifadə olunaraq
gələn sözləri dəyişməyə cəhd etməməlidir. Ancaq nədənsə qapalı «e» ilə yazılması və qapalı «e»
olaraq istifadə olunmalı halda, əksinə, hamı yər, vər, əlçi, əv, əş… kimi söyləyir.
Türkiyədə açıq «e» ilə (yəni, bizim «ə» səsilə) söyləməyə o qədər alışmışlar ki, hətta qapalı
«e» ilə yazılan xarici sözləri də açıq «e» ilə söyləməkdədirlər: pərsil, jəl, pəpsi, pərsonel və s.
Eynilə bəzi ərəbcə və farsca sözləri də, bəyza, çəşmə, fəyz, ləyl (Ləyla), məydan, nəyzan və s. kimi
söyləməkdədirlər.
Açıq «e» hərfi olmadığından nəinki digər türk respublikalarında sözlərin sonundakı açıq «e»
səslərini, hətta qədimdən bəri işlədilməkdə olan – ca, - cə, - ça, - çə, - ar, - ər; - şar, - şər; - al, - əl; -
sal, - səl və digər şəkilçiləri səsləndiyi kimi deyil, yazıldığı kimi işlədirlər. Bunun ən bariz örnəyi
olaraq – al, əl; - sal, səl şəkilçiləri ilə düzəldilən adlarda görülməkdədir. Azərbaycanda Günel,
Aysel, Güner, Ayçe, Sezer, Gürsel, Sezen, Eren, Benek kimi adlar sonralar yayılmağa başlayıbdır.
İyirmi-iyirmi beş ildən bu yana uşaqlarımıza verilən bu adlar yazıldığı kimi yazılır və söylənir.
Lakin əslində xüsusilə şəkilçilərdəki «e» səsləri açıqdırlar. Yəni azərbaycanca (türkcədə olduğu
kimi) Aysəl, Ayçə, Günəl, Ərəm, Bənək olmalıdır.
Azərbaycanda Yunus Əmrənin adı müxtəlif formalarda yazılmaqdadır. Bəziləri Y.Emrə,
bəziləri Y.Əmrə, bəziləri də Y.İmrə kimi yazırlar. Əgər açıq və qapalı «e» lər ayrıca formalarda
yazılmış olsaydı, belə hallar da olmazdı.
1928-ci ilə qədər bu fərqlər, demək olar ki, bariz surətdə gözə çarpmırdı. Çünki, sait səsləri
hərə öz ləhcəsinə uyğun söyləyirdi: gəlirəm, gəliyorum. Latın qrafikasını qəbul etdikdə
azərbaycanca və türkcədə bəzi səslər eyni olduğu halda, hərflər fərqli olmuşdur. Bunun nəticəsində
də sözləri Türkiyədə və Azərbaycanda (eyni zamanda başqa türk ölkələrində də) fərqli oxumuş,
zaman keçdikcə də bu fərqlər ortaya çıxmışdır.
Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra, öz latın qrafikalı əlifbasına da
qovuşdu. Ancaq hərflərin adları öncəki kimi qaldı. Bütün samitlərin sonuna Türkiyədə olduğu kimi
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
155
bir «e» səsi artırmaq lazım gəldiyi halda, «em», «en», «er», «es» kimi deyilənlər yenə də
dəyişməyib qaldı.
Xarici sözlərin alınmasında və işlədilməsində də müəyyən fərqli cəhətlərlə qarşılaşırıq.
Bəziləri ərəb dilinə, digərləri fars dilinə daha çox meyl etmiş, çoxlu sözlər, ifadələr alıb işlətmişlər.
Türkiyədə Avropa dillərindən alınaraq işlədilən sözlərə, Azərbaycanda isə ruslardan alınan sözlərə
çox yer verilmişdir.
Xarici ifadə və sözlərin yerinə türk dillərindən götürüb istifadə etmək lazımdır. Özəlliklə də
gündəlik həyatımızda (xüsusilə radio və televiziyalardan eşitdiyimiz) bəzilərinin işlətməkdə olduğu:
mersi, bravo, pardan, net, super, uje, da, vot, neujeli, şto, davay… kimi yabançı sözlərdən qəti
şəkildə imtina edilməlidir.
Bütün bu cür nöqsanların aradan götürülməsi və problemlərin həll edilməsi üçün
komissiyalar yaratmalı, bu və bunun kimi ortaq dil məsələlərini müzakirə etməli və bunların
nəticələri nəşr edilib yayılmalıdır!
Summary
Common language the most important problem in turkoloji. The major problem is two
vowels sounds in the Turkish language. Also it uses in Azerbaijan language.
Key words: The common Turkish language, Turkish words, foreign words
Buludxan Xəlilov, fil.ü.e.d., prof.
Azərbaycan Dövlət Pedaqoji Universiteti
BİRİNCİ TÜRKOLOJİ QURULTAY ƏRƏFƏSİNDƏ YENİ ƏLİFBA UĞRUNDA
MÜBARİZƏ: 1924-CÜ İLDƏ KRIM VƏ TÜRKÜSTAN ELLƏRİ
“Yeni Əlifba Komitəsi”nin 1924-cü ilin sentyabr ayında təşkil etdiyi heyətdə Xalid Səid
Xocayev də vardı. Məqsəd türk xalqları arasında mətbuat mübadiləsini həyata keçirmək üçün yeni
əlifba tərəfdarları arasında təbliğatı gücləndirmək, görüşlər təşkil etmək yolu ilə tərəfdarların sayını
artırmaqdan ibarət idi. Heyət üzvləri böyük əhval-ruhiyyə ilə mindikləri vaqonun içərisindəki
masanın ətrafında yeni əlifbanın gələcəyi barədə söhbət edir, məsləhətləşirlər. Qatar Maxaçqalaya
çatanda heyətin burada qalmasına heç bir lüzum görünmür. Ona görə ki, Dağıstan yeni əlifbaya
keçmək məsələsində Azərbaycanla həmrəy idi. 1924-cü il sentyabrın 9-da heyət Rostova doğru
hərəkət edir, bir müddətdən sonra Krım cümhuriyyətinə və onun mərkəzi Ağməscidə çatır. Heyət
faytonla Komissarlar Şurasının binasına gəlir. Xalid Səid Xocayev Bəkir Çobanzadə ilə burada
tanış olur. Xalid Səid Xocayev davam edərək yazırdı ki, Səməd Ağamalıoğlu Krımda yeni əlifba
məsələsinə münasibəti Bəkir Çobanzadədən soruşur. Bəkir Çobanzadə isə ciddi bir vəziyyət alaraq
burada yeni əlifba məsələsinə münasibət barədə məlumat verir. Qeyd edir ki, Krımda əlifba və imla
ilə bağlı gənclər arasında üç cərəyan özünü göstərir (7, s.359). Birinci cərəyan tərəfdarları
islahatçılardır. Onlar ərəb əlifbasının üzərində müəyyən islahatların aparılmasının tərəfdarıdırlar.
İkincilər latın əlifbasının tərəfində olanlardır. Üçüncülər isə rus əlifbasının (yəni kirilin) tərəfdarları-
dır. Bəkir Çobanzadənin bu məlumatından sonra Səməd Ağamalıoğlu deyir ki, ərəb və rus
əlifbasının tərəfdarlarının fikri mənasız fikirdir. Krımlılar yeni əlifbanı qəbul edəcəklər. Xalid Səid
qeyd edir ki, Səməd Ağa bu fikrini çox qətiyyətli və inamlı söyləyirdi.
Xalid Səid onların faytonlarla Bağçasaray şəhərinə gəlmələrini, buradakı Xan sarayında
olmalarını və bu işə Krımda Bəkir Çobanzadənin rəhbərlik etdiyini müfəssəl şəkildə qeyd edir. Yeni
əlifbanın həyata keçirilməsi təkcə Azərbaycanla məhdudlaşa bilməzdi. Ona görə ki, məqsəd yeni
əlifbanı qəbul etməklə türk xalqlarını birləşdirməyə nail olmaq idi. Məhz türk xalqlarının bir-birinə
yaxınlaşmasını təmin etmək üçün əsaslı islahatlardan biri əlifba ilə bağlı idi. Yəni yeni əlifbaya
keçmək mümkün qədər türk xalqlarının bir-biri ilə yaxınlaşmasını, birləşməsini təmin edə bilərdi.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
156
Doğrudan da, əlifba məsələsi mühüm məsələ idi. Həm də həyati məsələ idi. Belə bir həyati məsələ
millətin təkamülünü gözləməklə həll oluna bilməzdi. Əksinə, bunu həll etməklə milləti təkamül
etdirmək, inkişaf yoluna çıxarmaq, irəliyə aparmaq mümkün idi (5, s.35-38). Ona görə də Birinci
Türkoloji Qurultayın çağırılması bir zərurətə çevrilmişdi. (1; 2; 3)
Bəkir Çobanzadə yeni əlifba məsələsinə ciddi yanaşır, məsələnin həlli yolunda durmadan
çalışırdı. O, Ağməsciddə Krımın məsul işçilərinin, maarif xadimlərinin iştirak etdiyi iclasda çıxış
edərək deyirdi: “Yoldaşlar, əlifbaya əvvəla elmi-nöqteyi nəzərdən yanaşalım: əlifbanı bir lisanda
mövcud olan səslərə görə təşkil etmək lazımdır. Ərəb əlifbası lisanımızda olan səsləri ifadədən
acizdir. İkinci: Bir lisan şəxsi deyildir, ictimai bir məsələdir...” (4, s.21). Daha sonra Bəkir
Çobanzadə cəmiyyətin təbii olaraq təşəkkülünü və təşəkkül etmiş cəmiyyətdə yazının rolunu, bu
mənada türk xalqlarını mədəniyyət yolu ilə irəli aparacaq bir əlifbanın vacibliyini öz çıxışında Krım
türklərinin nəzərinə çatdırırdı. Onun fikrincə, mədəni inkişafa nail olmaq üçün “bu əlifbanı (yeni
əlifbanı – B.X.) qəbul etməkdən başqa çarəmiz yoxdur”. Bəkir Çobanzadə Bakını türk xalqları üçün
mədəniyyət mərkəzi hesab edirdi. O, əlifba ilə bağlı çıxışında qeyd edirdi ki, Rusiyada yaşayan türk
xalqları arasında bir mədəniyyət mərkəzinə ehtiyac vardır. Belə bir mərkəz kimi Bakı namizəd ola
bilər. O deyirdi: “Bakıdan başlamış yeni əlifba məsələsinə bütün Krım xalqı və gəncliyinin yardım
etməsini ümid edirəm”. (4, s.21) 1924-cü ilin sentyabr ayının 14-də “Yeni Əlifba Komitəsi”nin
Krıma səfər etmiş heyəti Ağməsciddən 30 kilometr uzaqlaşaraq Sevastopola doğru hərəkət etdi.
Xanışköy adlı bir tatar kəndində Krım tatarlarının “Dərvizə” adlı xalq bayramları qeyd olunurmuş.
Burada milli havalar və şərqilər ifası altında tatarlar öz bayramlarını qeyd edirmiş. “Tatarlığım”,
“Tatarbarmı” mənzumələri bir şərqiçi tərəfindən ifa edilirmiş. Belə bir xoş gündə Bəkir Çobanzadə
Krım türklərinin bayramını hökumət adından təbrik edir, bu bayramın ictimai əhəmiyyətindən
danışır, hal-hazırda yüzə yaxın Krım kəndli uşaqlarının darülfununda oxuduqlarını qeyd edir. Həm
də bu bayramda iştirak edən qonaqları təqdim edir. O, Azərbaycan Sosialist Şura Cümhuriyyətinin
rəisi Səməd Ağamalıoğlunu təqdim edir və Səməd Ağamalıoğlu çıxış edir. Krımlılar Səməd
Ağamalıoğlunun çıxışını sürəkli alqışlarla qarşılayırlar. Bu sürəkli alqışlar arasından “Yaşasın Şura
Azərbaycanı”, “Yaşasın yeni əlifba qəhrəmanı” (qəhrəman deyəndə Səməd Ağamalıoğlu nəzərdə
tutulurdu) sədaları eşidilirdi. Səhərisi gün “Yeni Əlifba Komitəsi”nin heyəti Ağməscidə doğru
hərəkət edirlər. Və yolda ziyarət etdikləri iki yer olur. Bunlardan biri “Zəncirli mədrəsə” adlı bir
mədrəsə, ikincisi isə Bağçasarayda çap olunan “Tərcüman” qəzetinin mühərriri İsmayıl Qaspıralının
evi. İsmayıl Qaspıralının evində onları İsmayıl Qaspıralının oğlu Rüfət bəy qarşılayır. Rüfət bəy
onlara öz atası barədə xeyli məlumat verir: İsmayıl Qaspıralının Bağçasarayın iyirmi
kilometrliyində olan Avçıköy adlı kənddə 1851-ci ildə anadan olması, 1914-cü ilin 10 sentyabrında
dünyasını dəyişməsi və s. Xalid Səid Xocayev qeyd edir ki, İsmayıl Qaspıralını türk-tatar
ölkələrində tanımayan bir ziyalı yoxdur. Və onun çap etdirdiyi “Tərcüman” qəzeti türk-tatar
xalqlarının oyanmasında böyük rol oynamışdır. Xalid Səid Xocayev yazırdı: “Tərcüman” qəzetəsi
sabiq rus imperatorluğu daxilində olan bütün türk-tatar ölkələrində oxunurdu. Bundan başqa,
Türkiyədə, Ruminiyada, Bolqariyada və hətta Hindistanda da bir çox müştərilər qazanmışdı.
“Tərcüman” orta bir dillə yazılırdı. Bağçasaray kimi kiçik bir şəhəri bütün dünyaya tanıtdıran bu
qəzetə idi. Ziyarət etdiyimiz ev bu böyük adamın evi və nəşr etdiyi qəzetinin idarə və mətbəəsi idi.
Şura hökuməti onun evinin bir qismini muzey halına gətirmişdir”. (4, s.37)
“Yeni Əlifba Komitəsi”nin üzvləri Bağçasarayda olduqdan sonra Ağməscidə yollanır. 1924-
cü ilin sentyabr ayının 15-də Ağməsciddəki maarif evində yığıncaq təşkil olunur. Bu yığıncaqda iki
yüzə yaxın müəllim və müəllimələr iştirak edir. Burada Səməd Ağamalıoğlu mənalı və məzmunlu
bir çıxış edir. Səməd Ağamalıoğlu çıxışında deyirdi: “Böyük adamların kitablarını açsanız hamısı
müsəlmanların geridə qaldıqlarından şikayət edirlər. Bəs bunun səbəbi nədir? Bunu anlamaq
lazımdır. Çünki dünyada səbəbsiz heç bir şey yoxdur. Hər şeyin mütləqa bir səbəbi var”. (bax: 4,
s.37) Həmin səbəbləri Səməd Ağamalıoğlu bir-bir izah edirdi. Məsələn, Avropanın sərmayəsi
çoxaldıqca öz kitablarını qoymaq üçün yerlər axtarmağa başladılar. Bu da Avropanın
müstəmləkəçilik siyasətinə bir meydan açdı. Müstəmləkəçilik siyasətini həyata keçirmək üçün Şərq
ölkələri bir meydana çevrildi. Və bununla da Şərq məsələsi avropalılar üçün aktuallaşdı.
Avropalıların Şərq məsələsinə diqqəti artırmaqda əsas məqsədləri şərqlilərin torpaqlarını
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
157
bölüşdürmək, əhalisini istismar etməkdən ibarət olmuşdur. Səməd Ağamalıoğlu “tərki-silah”
məsələsini “avropalıların bir-birlərinin boynuna kəndir salmaq üçün yapdıqları bir siyasət, bir
“oyun” kimi izah edir, bununla da avropalıların müstəmləkəçilik siyasətindən vaz keçmədiklərini
açıq-aydın şəkildə bildirirdi. Avropalıların Şərqə olan marağının səbəblərindən biri kimi Şərqin öz
maddi nemətlərindən istifadə etmədiklərini və bu baxımdan da Avropanın buraya marağının
artdığını qeyd edirdi. Avropanın Şərqə olan bu marağının Şərqə, o cümlədən türk xalqlarına fəlakət
gətirəcəyini deyirdi. Səməd Ağamalıoğlunun fikrincə, bu fəlakətin biri də əlifba ilə bağlı olan
fəlakətdir. Onun fikrincə, cəhalət, elmsizlik savadlı olmağa əngəl törədən səbəblərdəndir. Hərf də
savad üçün alətdir. Ona görə də Səməd Ağamalıoğlu türk xalqlarının hamısının yeni əlifbanı qəbul
etməsini arzu edirdi. Belə hesab edirdi ki, qüvvətli mətbuat, əsaslı bir ədəbiyyat yaratmaq üçün
böyük bir cəmiyyət, birlik yaratmağa ehtiyac vardır (6, s.115-116). Təbii ki, türk xalqlarının hər biri
ayrı-ayrı əlifbalardan istifadə etsə, güclü bir mətbuat və birlik yarada bilməz. Səməd Ağamalıoğlu
deyirdi: “Biz türk-tatar xalqları az deyilik, hesabımız qəti surətdə müəyyən olmamaqla bərabər, hər
halda 50-60 milyondan az deyilik. Əgər dilləri bir-birinə yaxınlaşdıra bilsək, ədəbiyyatımızın,
mətbuatımızın gələcəyini əmin bir hala gətirə bilərik, yoxsa bir milyon orada, iki milyon burada...
darmadağın bir halda ədəbiyyat və mətbuat yaratmağa qalxmaqdan heç bir səy çıxmaz. Dili
yaxınlaşdıra bilmək üçün müştərək hərf qəbul etməyə məcburuq. Hərfimiz müştərək olmazsa,
dilimiz də bir-birinə yaxınlaşmaz. Dilimiz bir-birinə yaxınlaşmadıqca bizdə qüvvətli mətbuat
meydana gətirmək mümkün deyil, qüvvətli mətbuat olmazsa, qüvvətli ədəbiyyat da yox
deməkdir...” (4, s.40) Səməd Ağamalıoğlu yeni əlifba ilə bağlı söylədiklərinin müqabilində
meydana çıxacaq sualları da yaxşı bilir, həmin suallar ona verilməmişdən qabaq özü yaranacaq
sualları irəli sürür və bu suallara cavab verirdi. Məs.: “... amma deyəcəksiniz: “O halda nə üçün siz
bütün türk aləmindən ayrı bir (Azərbaycanı nəzərdə tuturdu – B.X.) hərf qəbul edirsiniz; əski
hərfləri atmaq istəyirsiniz? Doğrudur. Əgər bütün türklərdəki əlifba onların dillərinin birliyini
saxlaya bilsəydi, biz böylə işə girişməzdik. Halbuki, islah deyə (ərəb əlifbasında islahat aparmaq
nəzərdə tutulur – B.X.) öylə şeylər meydana çıxardınız ki, bu, dilimizin birliyini tamamən parçaladı,
pərişan etdi. Yapılan islah bir şeyə bənzəsəydi, sözümüz yox idi. O da yaxşı bir şey meydana
qoymadı. İndi ən yaxşısı, gəliniz, dilimizin birliyini təmin edə bilən yeni bir əlifba qəbul edək”. (4,
s.40)
Beləliklə, Ağməscidin maarif evindəki yığıncaqda Səməd Ağamalıoğludan sonra söz Xalid
Səid Xocayevə verilir. Xalid Səid Xocayev öz çıxışında mədəniyyətin qədimliyini dil ilə bağlayır.
Onun fikrincə “...mədəniyyətin tarixi dil tarixi ilə başlayır”. Ona görə də o, “biz də işə dildən
başlamalıyıq”, elm və mədəniyyət dilinin inkişafında əlifba məsələsindən başlanılması
məcburiyyətini yığıncaq iştirakçılarının nəzərinə çatdırırdı. Xalid Səid Xocayev əlifba ilə bütün
xalqın əlaqədar olduğunu, daha çox isə müəllimlərin bağlı olduğunu söyləyirdi. O, müzakirədə
iştirak edənlərin əksəriyyəti müəllimlər olduğu üçün məqamdan istifadə edərək müəllimlərə əlifba
məsələsinin əhəmiyyətli bir iş olduğunu xüsusilə çatdırmaq istəyirdi. XIX əsrin ikinci yarısında
Mirzə Fətəli Axundovdan başlayan bu məsələnin müzakirəyə çevrilməsi səbəbini ərəb əlifbası ilə
əlaqələndirirdi. Ərəb əlifbasının türk dillərinə uyğun olmaması ilə bağlayırdı. İndiyə qədər ərəb
əlifbasının islah olunması ilə bağlı iki cür islahat tərəfdarlarının olduğunu açıqlayırdı. Birinci qrup
islahat tərəfdarlarının Krım türkləri, qazaxlar, özbəklər, qismən də Kazan türklərinin olduğunu
deyirdi. Birinci qrup islahat tərəfdarlarında ərəblərə məxsus olan hərflər çıxarılmış, hərəkələrin
yerində işlədilən səsli hərflər yazıya gətirilmiş, bir neçə vəzifəni ifadə edən səsli hərflər üzərinə
işarələr qoyulmaqla ərəb əlifbasında islahat aparılmışdır. Bu cür islahatı aparmaqda məqsəd
kəlmələrin düz oxunmasından ibarət olmuşdur. Ancaq burada yenə də nöqtələr, işarələr hərflərin
sayını bir az da artırmışdır. Bu da mətbəədə, yazı makinasında, teleqrafda çətinliklər yaratmışdır.
İkinci qrup islahat tərəfdarları isə yalnız Kazan türkləri olmuşdur. Onların ərəb əlifbasında
apardıqları islahatın məğzi ondan ibarət olmuşdur ki, ərəb əlifbasını olduğu kimi qəbul etməklə
bərabər, həm də hərflərin quyruqlarını kəsmişlər. Xalid Səid bu cür islahatın heç bir faydasının
olmadığını deyirdi. O bilirdi ki, bu cür islahatların heç bir xeyri olmadığını daha düzgün nəzərə alan
Azərbaycan olmuşdur. Odur ki, çıxışında deyirdi: “Bu nöqtələri nəzərə alan Azərbaycan, yeni əlifba
komitəsi ərəb əlifbasını olduğu kimi buraxaraq yeni bir əlifba qəbul etməyi müvafiq görür, bu yolu
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
158
daha sağlam, daha əsaslı bir yol hesab edir. Yeni əlifba projesini tənzim edərkən Amerikanı təzədən
kəşf etmək xülyasına düşmədi; əsrlərdən bəri öz qabiliyyətini, öz istedadını göstərə bilən latın
əlifbası sistemini qəbul etdi. Yanınıza bu xüsusda görüşmək üçün gələn heyət (özlərini nəzərdə
tutur – B.X.) latın əlifbası sistemində hazırlanmış olan yeni əlifba projesini təqdim edir. Əlbəttə hər
şeyin ibtidasında bəzi nöqsanlar ola bilər, bizim də sizə təqdim etdiyimiz projedə bəzi nöqsanlar
olması təbiidir. Bəlkə də bu nöqsanları biz görmürük. Bunu göstərsəniz çox şad və minnətdar
olarıq”. (4, s.43)
1924-cü ildə Ağməscidin maarif evində çıxış edənlərdən biri də Bəkir Çobanzadə olur.
Bəkir Çobanzadə öz həmyerlilərinə çıxış etməsinin səbəbini açıqlayır. O qeyd edir ki, dilçi olmaq
əlifbaçı olmaq deyildir. Ancaq əlifba ilə bağlı fikrini söyləməyin də vacib olduğunu deyir. Bir sıra
məsələlərə münasibətini konkret olaraq bildirir. Məsələn, ərəb əlifbasının türk xalqlarının dilindəki
səsləri təqdim edə bilməməsi, əlifbanın alət olması, ancaq bu alətin (ərəb əlifbasının) mükəmməl
olmaması. O, ən başlıcası indi əlifbada üç cərəyanın mövcud olduğundan bəhs edir: əski imla, islah,
yeni əlifba. Bəkir Çobanzadə əski imlanın doğru olmadığını deyir və islahata gəlincə, onun bir
əfsanə olduğunu söyləyir, və yeni əlifbanı ən əlverişli əlifba kimi qiymətləndirir. Onun fikrincə,
yeni əlifbanı qəbul etmək vacib bilinirdi.
Krımda bir əlifba komitəsi yaratmaq məqsədilə namizədlər göstərildi. Müəllimlərdən Osman
Ağçoğraqlı, Kərim Cəmaləddin, Mahmud Nedim, professor Bəkir Çobanzadə, “Yeni Dünya”
qəzetinin redaktoru Tarxan Qafarov Əlifba Komitəsinə seçildilər. Azərbaycandan gələn heyət
Krımda yeni əlifba ilə bağlı söhbətlərdən razı qalmışdı. Odur ki, heyət Krımdan ayrılaraq Moskvaya
və oradan da Türküstana yola düşür. Heyət Moskvada çox qalmayacaqdı. Əsas iş Türküstanda
olmalıydı. Qazaxıstan, Özbəkistan, Tacigistan, Qırğızıstan, Qaraqalpaq Şuralar Cümhuriyyətində
xeyli işlər görülməliydi. Odur ki, heyət Moskvada az bir vaxt dayandıqdan sonra Daşkəndə yola
düşür. Daşkəndə çatan kimi Xalid Səid Xocayevlə Vəli Xuluflu lazım olan adamlarla görüşmək
üçün şəhərə çıxırlar. Ona görə ki, ertəsi gün yeni əlifbanı müzakirə etmək üçün rəsmi adamlarla,
ziyalılarla, müəllimlərlə görüş olmalıydı. Ancaq onlar axtardıqlarının hamısını tapa bilmirlər,
ziyalıların bir qismi ilə görüşürlər. Səməd Ağamalıoğlu Mərkəzi İcraiyyə Komitəsində səlahiyyətli
adamlarla görüşəcəkdi. Ancaq o, buna müvəffəq ola bilməmişdi. Ona görə ki, məsul işçilər,
səlahiyyət sahibləri Moskvaya getmişdilər. Yeni əlifba məsələsi burada geniş müzakirə olunana
qədər bir sıra vacib adamlarla görüşməyə böyük ehtiyac vardı. Bu ehtiyaclardan biri də Maarif
Komissarı ilə olacaq görüş idi. Maarif Komissarı ilə görüşəcək şəxs Xalid Səid Xocayev olmalıydı.
Maarif Komissarı da Moskvaya getməli olacağından imkanı yalnız ona çatır ki, vağzalda on beş
dəqiqə Xalid Səid Xocayevlə görüşür. On beş dəqiqəlik söhbətdə maarif komisarı Xalid Səid
Xocayevə öz qəti fikrini bildirir. Və deyir ki, “Bu lazımlı məsələdir, bunu həll etmək zamanı
gəlmişdir”. Ancaq Moskvaya getməli olduğu üçün müzakirədə iştirak edə bilməyəcəyini deyirdi.
Həm də yeni əlifbanı müdafiə edəcəyinə də vəd verirdi.
Daşkəndin maarif evində təşkil olunacaq tədbirə Vəli Xuluflu ilə Xalid Səid Xocayev bir az
tez getməliydilər. Maarif evinə müəllimlər toplandıqdan sonra Səməd Ağamalıoğluna telefonla
məlumat verməliydilər, və Səməd Ağamlıoğlu bura gəldikdən sonra tədbir başlanmalıydı.
Gözlənilmədən bir adam gəlib insanlara pıçhapıçla nə isə deyir. Məlum olur ki, tədbir olmayacaq və
ona görə də Səməd Ağamalıoğlunun tədbirə çağırılması təxirə salınır. Tədbirin təxirə salınması
səbəbi aydın olmur. Odur ki, Vəli Xuluflu və Xalid Səid Xocayev Mərkəzi İcraiyyə Komitəsinin
binasına gəlirlər. Onları Səməd Ağamalıoğlu və Cəlil Məmmədquluzadə burada – Mərkəzi İcraiyyə
Komitəsinin binasında qarşılayır. Burada təşkil olunmuş məclisdə özbək, qazax, türkmən elmi
şuralarından nümayəndələr iştirak edirdi. Onların içərisində hündürboylu, qaraşın saqqalı bir
professor da vardı. O, fizioloq bir professor idi. Səməd Ağamalıoğluna verilən müxtəlif suallar
içərisində biri də həmin professorun sualı idi. O, bu işə (yeni əlifbaya keçmək işinə) Moskvanın
necə münasibət bəslədiyini soruşurdu. Onun bu sualı Səməd Ağamlıoğlunu bir az əsəbləşdirdiyi
üçün o, sərt şəkildə deyirdi ki, yoldaş professor, qarşınızda kimin olduğunu bilmirsiniz. “...mən sizə
Şuralar İttifaqı hökuməti adından deyirəm: hər cümhuriyyət mədəni işlərində sərbəstdir, indiyə
qədər köhnə mədrəsələri, köhnə məktəbləri, qarexanaları (xüsusi surətdə quran əzbərlərdən yerlər)
davam etdirmişsiniz. Bunda bütün qəbahət sizindir. Mərkəz qətiyyən məsul deyildir. Ən böyük
Dostları ilə paylaş: |