BƏRPAEDİCİ MASAJ
İş qabiliyyətinin bərpaedici vasitələrindən bərpaedici massaj böyük rol oynayır. Bu, idman masajının əsas növlərindən hesab edilir.
Masaj yorulmanın qarşısının alınmasının və iş qabiliyyətinin yüksəldilməsinin çox effektiv vasitəsidir.
Masajın təsiri altında dəri tənəffüsü, piy və tər vəzilərinin fəaliyyəti yaxşılaşır, bununla da orqanizmdən maddələrin parçalanmasının son məhsulları (süd, sidik turşuları və s.) xaric edilir. Masaj əzələ tonusunu, qanın hərəkətini, yuxunu, iştahı yaxşılaşdırır, dəri damarlarını genişləndirir, qan dövranını sürətləndirir, dərinin temperaturunu bir qədər yüksəldərək mübadilə proseslərini fəallaşdırır.
Masajın təsiri altında baş-beyin qabığı ilə əzələlər, damarlar və daxili üzvlər arasında reflektor əlaqələri güclənir.
Masaj müxtəlif şəraitdə və idmançının müxtəlif funksional vəziyyətlərində istifadə edilə bilər. O asanlıqla dozalaşdırılır, digər bərpa vasitələrilə əlaqələndirilir. Masajın fəndləri bərpa prosesinə müxtəlif cür təsir göstərir. Ən effektlisi ovma fəndi hesab edilir. Bundan əlavə sığallama, sıxma, sürtmə, vibrasiya fəndlərindən də istifadə olunur. Bərpa dövründə döymə fəndi əks göstərişdir. Masaj seansı zamanı əzələlərin dartınmasına səbəb olan oynaqlarda hərəkətlər tətbiq edilir.
Qarşıya qoyulan vəzifədən, çıxışlar arasındakı fasilədən, yorulmanın dərəcəsindən, görülən fiziki işin növündən asılı olaraq bərpaedici masajın müəyyən metodikası tətbiq edilir. Məsələn, snir-əzələ gərginliyini və mənfi emosiyaları aradan qaldırmaq üçün ümumi masaj (sığallama, yüngül ovuşdurma, silkələmə) məsləhət görülür. Fəndlər kiçik templə, səthi surətdə aparılır.
Əzələlərin boşaldılması üçün masaj daha dərin olmalı, ancaq ağrı hissi törətməməlidir. Burada əsasən (80%) ovma fəndinə fikir verilir və fiziki iş zamanı daha çox yük düşən əzələlər, tənəffüs əzələləri, əzələlərin sümüklərə birləşən nahiyələri masaj edilir.
Ağrı hissiyatının aradan qaldırılması üçün müxtəlif sürtmələrdən yerli masaj şəklində istifadə olunur.
Gecə yuxusunu normaya salmaq məqsədilə massaj yuxu qabağı, yüngül və səthi şəkildə aparılmalıdır.
Kiçik fasilələr zamanı bərpaedici ümumimasaj (sinir gərginliyini, mənfi emosiyaları aradan qaldıran) və ya əsas fəaliyyət göstərən əzələlərdə yerli masaj həyata keçirilir. Bu zaman 2-3 fənd yerinə yetirməklə iş qabiliyyəti bərpa edilir.
Masaj aparıldıqda onun müddəti nəzərə alınmalıdır. Yüngül fiziki işdən sonra masajın müddəti 5-10 dəqiqə, orta fiziki işdən sonra 10-15 dəq., ağır işdən sonra 15-20 dəq, maksimal işdən sonra isə 20-25 dəq. məsləhət görülür.
Güləşçilər və velosipedçilərdə masajın müddəti bədənin çəkisindən, ölçülərindən, əzələlərin kütləsindən və möhkəmliyindən asılı olaraq təyin edilir. Əgər idmançının çəkisi 60 kq-a bərabərdirsə seansın müddəti 40 dəq., 60-75 kq-a bərabərdirsə 50 dəq., 75-100 kq-a bərabərdisə 60 dəq., 100 kq-dan artıq olduqda 60 dəqiqədən çox davam edir. Yarışlardan sonra ümumi masajın müddəti 20-60 dəq. olmalıdır. Seansın müddətinin 60%-ni ovuşdurma və sıxmaya, 20%-ni sürtməyə, 20%-ni isə sığallamaya və silkələməyə ayırırlar.
Bərpaedici masajın su prosedurlarından sonra aparılması məqsədəuyğundur. Duşdan sonra 3-13 dəq, vannadan 1-10 dəq, hovuzda üzdükdən və hamamdan sonra 3-10 dəq massaj aparılmalıdır.
Buğxanada masajın edilməsi çox yaxşı təsir göstərir, çünki isti mühit əzələləri yumşaldır, bağ aparatının işini yaxşılaşdırır, ağrı hissini azaldır, ya da aradan götürülür, damarları genişləndirir, tərləməni artırır. Bu zaman maddələr mübadiləsinin çoxalması ilə əlaqədar olaraq orqanizm fiziki işdən sonra daha tez bərpa olunur. Masaj arxadan sıxma və ovma fəndləri ilə başlanır.
Dostları ilə paylaş: |