Elm. XIII-XV əsrlərdə Azərbaycanda elm sahəsində böyük irəliləyiş olmuşdu. Görkəmli astronom-alim Nəsrəddin Tusi 1259-cu ildə Marağa rəsədxanasının əsasını qoydu. Burada dünyanın müxtəlif ölkələrindən gəlmiş alimlər çalışırdılar. Başqa bir rəsədxana Təbrizin Şam-Qazan məhəlləsində fəaliyyət göstərirdi.Nəsrəddin Tusi (1201-1274) müxtəlif elm sahələrinə aid bir çox əsərlərin müəllifidir. Bunlardan “Zic elxani”, “Əxlaqi - Nasir” və başqaları xüsusi əhəmiyyət kəsb edir. Şəmsəddin Übeyd Təbrizi hesab kitabının müəllifi idi. Filosof Mahmud Şəbüstəri “Sirlər gülşəni”, “Şəhadətnamə” əsərlərini yazmışdı.
Tibb elmi sahəsində xeyli uğurlar qazanılmışdı. F.Rəşidəddin dövrünün tanınmış həkimlərindən idi.Görkəmli alim Əhməd Naxçıvani ibn Sinanın əsərlərinə bir sıra şərhlər yazmışdır. Vəqf gəliri hesabına fəaliyyət göstərən dar ül-şəfalar (şəfa evləri) - müalicəxanalar yaradılmışdı. Rəb-i Rəşidi məhəlləsində yerləşən dar ül-şəfa daha məşhur olmuş, burada dünyanın müxtəlif ölkələrindən gəlmiş həkimlər çalışırdılar. Dərmanların hazırlanması və satışı üçün daruxanalar (apteklər) təşkil olunmuşdu.
Bu dövrdə elxanilərin tarixini əks etdirən bir sıra qiymətli əsərlər yazılmışdır. Tarix elmi üzrə Fəzlullah Rəşidəddin 14 əsər yaradaraq tarixlər toplusu yaratmışdı. Bu əsərlər içərisində “Cami ət-təvarix” (“Salnamələr məcmuəsi”) xüsusi yer tutur. XIV əsrdə yaşamış Məhəmməd ibn Hinduşah Naxçıvaninin “Dəstur əl-katib” (“Qanun - qaydalar kitabı”) əsəri Azərbaycanın ictimai-siyasi quruluşunu öyrənməkdə mühüm rol oynayır. Nizaməddin Şami Teymurun yürüşləri haqqında, gəncəli Kirakos isə XIII əsr hadisələri və albanlar haqqında qiymətli məlumatlar vermişlər.
Dövrün tanınmış coğrafiyaşünaslarından Həmdullah Qəzvinini, Əbdürəşid Bakuvini, dilçi – alimlərlərdən İbn Müqənnəni, Hinduşah Naxçıvanini,onun oğlu Məhəmməd Naxçıvanini göstərmək olar. Bu dövrdə Azərbaycan dilçiliyi sahəsində müəyyən işlər görüldü və dilçilik elmində “Azərbaycan dili” ifadəsi meydana gəldi. Alim İbn Müqənnə Azərbaycan sözlərinin lüğətini tərtib etmiş, Məhəmməd Naxçıvani “Silah əl-əcəm” adlı türkcə-farsca lüğət hazırlamışdı.Əsirəddin Əndəlüsinin “Türk dilini dərk etmə kitabı”nın və Azərbaycanca - ərəbcə lüğətin nəşr olunması Azərbaycan türkcəsinin inkişafına təkan verdi.
Bu dövrdə tarix elminə də aid qiymətli əsərlər yaradılmışdır. Elxanilərin tarixini əks etdirən bir sıra tarixi əsərlər yazılmışdı. Bunların içərisində Fəzlullah Rəşidəddinin “Cami ət-təvarix” (“Salnamələr məcmuəsi”) əsəri xüsusi yer tutur. XIV əsrdə yaşamış Məhəmməd Naxçıvaninin “Dəstur əl-katib” (“Qanun - qaydalar kitabı”) əsəri Azərbaycanın ictimai-siyasi quruluşunu öyrənməkdə mühüm rol oynayır. Məhəmməd Naxçıvani Azərbaycanda dövlət quruluşu və idarə sistemi haqqında məlumat verir.
XV əsrdə Azərbaycanda riyaziyyat, tarix, fəlsəfə, məntiqlə və sair elmlərlə yanaşı, fəlsəfə də inkişaf edirdi. O dövrün ən görkəmli filosofu İmaməddin Nəsimi idi. O, sufizmi təbliğ edir, dini ehkamlara qarşı çıxır, panteist bir filosof kimi Allahın məkan və zaman xaricində olması iddiasına qarşı çıxır, Allahın hər bir insanın daxilində olduğunu iddia edirdi. Nəsiminin davamçısı Əbülhəsən Əli ül-Əla “Bəşarətnamə” əsərində hürufiliyin nəzəri əsaslarını işləyib hazırladı. Seyid Yəhya Bakuvi görkəmli filosof olmaqla yanaşı dörünün tanınmış tarixçisi və münəccimi idi.
Dostları ilə paylaş: |