10.7. XIII – XV əsrlərdə Azərbaycan mədəniyyəti.
XIII – XV əsrlərdə Azərbaycanda baş verən tarixi hadisələr – monqol ağalığı, XIV əsrin ikinci yarısında siyasi çəkişmələr, XV əsrin müharibələri və s. Azərbaycanda mədəniyyətə böyük ziyan vurmuş, elmin, ədəbiyyatın və incəsətin inkişafını xeyli ləngitmişdi. Lakin buna baxmayaraq, Azərbaycan xalqı öz mədəniyyətini inkişaf etdirirdi.
Maarif. XIII – XV əsrlərdə təhsil sisteminin əsasını məktəb və mədrəsələr təşkil edirdi. Məktəblər əsasən ibtidai təhsil verir, burada şəriətin əsasına, dini ehkamlara, Quran oxunmasına xüsusi diqqət yetirilirdi. Yetim uşaqlar üçün “Dar ülitam” (Yetimlər evi) və Beyt ülitam” (Təlim evi) yaradılmışdı. Bu məktəblərdə 10 uşağa 1 tərbiyəçi – atabəy düşürdü. Məzhər təhsil forması da var idi ( şagirdlər müstəqil hazırlaşır və arada müəllimlərdən məsləhət alırdılar). Mədrəsələr isə orta təhsil verirdilər. Mədrəsədə dini təlimdən savayı tarix, dil, ədəbiyyat, riyaziyyat, coğrafiya, astronomiya və sair dünyəvi elmlər tədris olunurdu. Mədrəsədə iki müdərris çalışırdı. Biri dini , o biri dünyəvi fənlərdən dərs keçirdi. Mədrəsədə təhsil şəxsi hesabdan və yaxud vəqf gəlirlərindən ödənilirdi.
Azərbaycan maarifinin və elminin inkişafında Təbrizin “Rəb-i Rəşidi” məhəlləsində yerləşən mədrəsə Bağdadın “Nizamiyyə” mədrəsəsindən sonra Şərqdə ali təhsil verən ikinci, Azərbaycanda isə birinci ali təhsil ocağı idi. Bu mədrəsəni Fəzlullah Rəşidəddin təsis etmişdi. Burada 500 müəllim 7000 tələbənin təlim və tərbiyəsi ilə məşğul olurdu.Tələbələrin 6 min nəfəri müxtəlif ölkələrdən idi. Dövlət hesabına fəaliyyət göstərən bu mədrəsədə ilahiyyat, astranomiya, təbiətşünaslıq, təbabət, tarix, məntiq və sair fənlər öyrədilirdi. Bu darülfünun (universitetin) kitabxanasında 60 min kitab var idi.
Dostları ilə paylaş: |