Gəncə xanlığı 1747-ci ildə II Sahverdi xan Ziyadoglu tərəfindən yaradılmışdır. Paytaxtı Gəncə şəhəri olmuşdur. 1747-ci ildə II Sahverdi xan Ziyadoglu Nadirin ölümündən sonra Gəncə xanlığını yaratdı. Bu işdə ona hərbi yardım edən gürcü carının oğlu II İrakliyə 10 min pul verməyi öhdəsinə götürdü. II Sahverdi xandan sonra hakimiyyətə gələn oğlu Məhəmmədhəsən xan bu xəracı verməkdən imtina etdi. 1780-ci ildə o, qardaşı Məhəmməd xan tərəfindən öldürüldü. Məhəmməd xan da xərac verməkdən imtina etdi. 1780-ci ildə Qarabağ xanı İbrahimxəlil xan və gürcü çarı II İrakli birləşərək Məhəmməd xanı məğlub edib kor etdilər və Susaya apardılar. Gəncə xanlığında ikihakimiyyətlilik yarandı - xanların birini İbrahimxəlil xan , o birini II İrakli təyin edirdi.
Belə bir vaxtda Rusiyanın yardımı ilə Azərbaycan torpaqlarının hesabına “Böyük Gürcüstan” yaradılması xəyalı ilə yaşayan II İrakli Gəncəyə təkbaşına hakim olmaq iddiasına düşdü. II İraklinin Azərbaycan ərazilərinə iddiaları İbrahimxəlil xanla ixtilafa səbəb oldu. İbrahimxəlil xanın təşkil etdiyi üsyan nəticəsində 1783-cü ilin sonlarında Ziyadoğlulardan olan Hacı bəyin başçılıq etdiyi gəncəlilər dağıstanlılardan kömək alaraq gürcü canişinini şəhərdən qovdular. Lakin İbrahimxəlil xanın Gəncədəki nümayəndəsi də tezliklə oranı tərk etmək məcburiyyətində qaldı.
1784-cü ildə gürcülər (II İrakli) və rus generalı Burnaşev Gəncəyə hücum etdilər, lakin gəncəlilər Dağıstan feodallarının köməyi ilə bu hücumun qarşısını aldılar. 1786-cı ildə Gəncədə Cavad xan hakimiyyətə gəldi (1786-1804). O, hakimiyyətə gəlmək üçün II İrakliyə və İbrahimxəlil xana xərac ödəməyi öhdəsinə götürmüşdü. 1795-ci ildə Cavad xan xərac verməkdən imtina etdi və Ağa Məhəmməd xan Qacarın Tiflis yürüşündə ona qoşuldu.
Dostları ilə paylaş: |