İ N F O R M A T İ K A ____________________________________________________________
30
üsulları və informasiyanın işlənməsində istifadə olunan texniki vasitələr
təkmilləşdirilməlidir.
Ümumiyyətlə, informasiyanın düzgünlüyünə nəzarət həmişə diqqət
mərkəzində olmalıdır, çünki, səhv informasiya bütün hallarda idarəetmənin
müxtəlif səviyyələrində idarə olunan obyekt, baş verən iqtisadi proseslər
haqqında səhv təsəvvürlərə, yalnış idarəetmə qərarlarının qəbul edilməsinə, bir
çox hallarda isə cinayət xarakterli hərəkətlərə səbəb ola bilər.
İlkin iqtisadi informasiya istifadə olunma müddətində dəyişikliklərə məruz
qalır və bu dəyişmə müxtəlif informasiya elementlərində müxtəlif templərə malik
olur. Odur ki, informasiyanın sabitlik əlaməti üzrə qruplaşdırmaları zamanı
əlamətin əlavə olaraq dəqiqləşdirilməsi tələb olunur. Belə ki, informasiyanın
sabitliyi anlayışı birmənalı qəbul edilmir. Sabitlik əlaməti kimi eyni informasiyanın
iqtisadi məsələlərin həllində təkrar iştirakı dərəcəsi, müəyyən dövr ərzində
informasiyanın öz qiymətini dəyişməz saxlaması, informasiyanın saxlanması və s.
başa düşülür.
Sabitlik əlamətinə görə iqtisadi informasiyanın qruplaşdırılması mühüm yer
tutur. İnformasiyanın sabitliyini müxtəlif mənalarda başa düşmək olar: eyni
informasiyanın məsələ həllində təkrar iştirakı dərəcəsi, informasiyanın öz
qiymətini müəyyən dövr ərzində saxlaması, məlumatların ümumiyyətlə
saxlanması müddəti və s.
Sabitlik baxımından dəyişən, şərti-sabit və sabit informasiya növlərini
fərqləndirmək lazımdır.
Əgər müəyyən dövr ərzində mövcud sabit informasiya vahidlərinin
miqdarının ümumi informasiya vahidlərinin miqdarına nisbəti hesablansa, onda
sabitlik əmsalının qiymətini müəyyən etmək olar. Dəyişən və şərti-sabit
informasiyanın sərhədlərinin müəyyən edilməsi təmamilə şərtidir. Məsələn,
sabitlik əmsalı 0,85-dən yüksək olduqda informasiya şərti-sabit hesab olunur.
İqtisadi məsələlərin həlli zamanı ilk növbədə informasiyanın şərti-sabit
hissəsi kompüterin yaddaşına yerləşdirilir. İnformasiyanın işlənməsi prosesində
şərti-sabit informasiya daxil olan dəyişkən informasiya ilə birgə işlənərək nəticə
informasiyasının əldə olunmasını təmin edir.
İnformasiyanın sabitlik dərəcəsi iqtisadiyyatın müxtəlif sahələrində
müxtəlifdir. Məsələn, sənaye müəssisələrində şərti-sabit informasiyanın xüsusi
çəkisi daha yüksəkdir.
İnformasiyanın sabitlik əlaməti üzrə qruplaşdırılması zamanı, onun saxlanma
müddəti əsas götürülürsə, qısamüddətli və daimi saxlanan informasiya kimi
növlər fərqləndirilməlidir.
İnformasiya idarəetmə obyektinə və ya idarəedici orqana münasibətinə görə
xarici və daxili, giriş və çıxış informasiyasına ayrılır. İnformasiyanın xarici və daxili
informasiyaya ayrılması onun yarandığı yerlə, giriş və çıxış informasiyasına
ayrılması isə bir yerdən başqa yerə ötürülməsindən asılı olaraq müəyyənləşdirilir.
Siqnalların formalarına görə informasiya rəqəm, hərf, qrafiki və digər
simvollarla təqdim edilən növlərə ayrılır.