13.6. Münaqişələrin profilaktikası və idarə edilməsinin başlıca istiqamətləri.
Hansı səbəblərdən baş verməsindən asılı olmayaraq münaqişələr istər müəssisənin, istərsə də fərdin mənafeyi nöqteyi-nəzərindən arzuedilməzdir və zərərlidir. Təcrübə göstərir ki, münaqişələrin profilaktikası onların həll edilməsindən daha əlverişlidir, daha az vaxt, enerji və vəsait tələb edir. Buna görə də, müəssisədə (idarədə, təşkilatda və s.), münaqişələrin profilaktikasına xüsusi diqqət yetirmək lazımdır.
Münaqişələrin profilaktikası məqsədi ilə tədbirlər planı hazırlayarkən onların baş verəcəyindən xəbər verən əlamətlər aşkara çıxarılıb təhlil edilməlidir. Bu məqsədlə aşağıdakı metodlardan istifadə edilə bilər: müşahidə, müsahibə, sənədlərin öyrənilməsi, vaxtaşırı yığıncaqların keçirilməsi, anket üsulu ilə tədqiqat.
Münaqişələrin ilkin əlamətlərinin aşkara çıxarılmasında müşahidə metodundan istifadə edilməsi təcrübədə daha geniş yayılmışdır. Bu metoddan istifadə etməklə rəhbər, işçilər arasında istər əmək fəaliyyəti, istərsədə şəxsi münasibətlər fonunda əmələ gələn ilkin narazılıqları dərhal aşkar edib genişlənməsinin qabağının alınması imkanını əldə edir. Müşahidə kollektivin fəaliyyətində, işində bilavasitə iştirak etməklə və ya iştirak etmədən, kənardan aparıla bilər.
Müsahibə metodundan o vaxt istifadə olunur ki, iki və ya daha çox işçi arasında münaqişə açıq şəkil alır, nəticədə bəzi işçilərdə yüngül stres vəziyyəti hiss edilir. Bu zaman rəhbər işçi münaqişəyə cəlb olunan işçilərlə ayrı-ayrılıqda görüşür, münaqişənin səbəblərini aydınlaşdırır, təhlil edir, tərəflərə lazımi izahat verir, tərəflərin mövqelərindəki düzgün və səhv cəhətləri onların nəzərinə çatdırır. Əgər münaqişə birgə əmək fəaliyyəti fonunda baş veribsə təşkilati tədbirlər görməklə münaqişə aradan qaldırılır; əgər münaqişəyə səbəb şəxsi münasibətlərdirsə rəhbər tərəflərin barışdırılması üçün vasitəçilik edir.
Kollektivi, onun ayrı-ayrı üzvülərini maraqlandıran və ya narahat edən məsələləri, problemləri vaxtında aşkara çıxarmağın ən məqbul metodlarından biri vaxtaşırı olaraq kollektivin ümumi yığıncağının keçirilməsidir. Ümumi yığıncaqda mövcud vəziyyət, problemlər, onların həlli yolları hərtərəfli təhlil edilərək kollektivin ayrı-ayrı üzvlərinin mövqeyi, problemlərə baxışı aydınlaşdırıla və beləliklə də kollektivdə psixoloji şəraitin sağlamlaşdırılması üçün profilaktik tədbirlər görülə bilər.
Bəzən aparılan müşahidələr, müsahibələr, yığıncaqlar kollektivdə, onun ayrı-ayrı üzvüləri arasında baş verən münaqişələrin səbəblərinin, köklərinin hərtərəfli aydınlaşdırılması üçün kifayət etmir. Bu zaman əlavə məlumat mənbələri kimi işçilərin anket məlumatları, şəxsi işindəki materiallar, ictimai təşkilatların yığıncaqlarının protokolları, ayrı-ayrı işçilərin və ya kollektivlərin bu və ya digər problemin həllinə dair təklifləri və s. sənədlər istifadə edilə bilər. Həmin sənədlərdəki məlumatların təhlil edilməsi nəticəsində münaqişələrə səbəb olan situasiyaların daha obyektiv aydınlaşdırılması üçün əlavə məlumatlar əldə edilə bilər ki, bu da səmərəli profilaktik tədbirlərin həyata keçirilməsinə imkan verər.
Kollektivdə birgə çalışan işçilər arasında münasibətlərin, kollektivdə mövcud olan problemlər və onların həlli yolları haqqında ayrı-ayrı işçilərin fikir və mövqelərinin öyrənilməsində, fikir ayrılıqlarının əsasında duran məsələlərin daha obyektiv aydınlaşdırılmasında anket üsulu ilə tədqiqat aparılması metodu geniş yayılmışdır və zavodda bu metoddan istifadə edilməsi məqsədəuyğundur. Bu metodun tətbiqi tədqiqat obyekti olan problemlər haqqında ən müxtəlif sualların anketə daxil edilməsinə imkan verir. Bu metod ən qısa müddətdə daha çox adam əhatə etməklə nəinki problemlər, onların meydana gəlməsinə təsir edən amillər haqqında geniş informasiya toplamağa imkan verir, eləcə də həmin amillərin aradan qaldırılması yolları haqqında potensial olaraq münaqişəyə cəlb edilə biləcək insanların fikirləri öyrənilir. Toplanmış anketlərin təhlili gözlənilən münaqişələrin aradan qaldırılması üçün profilaktik tədbirlərin vaxtında həyata keçirilməsinə şərait yaratmaqla bərabər, eyni zamanda gələcəkdə bu cür situasiyaların baş verməməsi üçün kompleks təşkilati-texniki tədbirlər planı tərtib etməyə də imkan verir.
Müəssisənin kollektivi, onun üzvləri arasında mövcud münasibətlər haqqında sosial informasiya toplamaq üçün yuxarıda qeyd edilən metodlardan başqa eksperiment metodundan da istifadə edilə bilər. Eksperiment sosial məlumatın toplanması üçün kollektivin fəaliyyətinin elə təşkil olunmasını nəzərdə tutur ki, bu, tədqiqat predmeti olan vəziyyətin yaranmasına imkan versin. Eksperiment iki cür təşkil edilə bilər: kollektivin üzərində müşahidə aparmaq üçün xüsusi şərait yaradılarsa, bu, laboratoriya eksperimenti, kollektiv adi, normal şəraitdə işləyərkən eksperiment aparılarsa, təbii eksperiment adlanır.
Sosial məlumat toplandıqdan sonra təhlil edilməlidir. Təhlil zamanı müxtəlif riyazi metodlardan istifadə edilə bilər. Aparılmış tədqiqatların nəticəsində müəssisədə sosial nizamlama, normalaşdırma və mənəvi həvəsləndirmə metodları işlənilməli və həyata keçirilməlidir.
Sosial nizamlama metodlarına aşağıdakılar aid edilir: sosial-təsərrüfat aktivliyinin artırılması metodları (təcrübə mübadiləsi, yenilikçilik, tənqid, özünütənqid, təbliğat, təşviqat və s.) ; sosial varislik metodları (yaxşı işə görə fərqlənənlərin şərəfinə təntənəli iclaslar, gecələr, baxışlar və s. keçirmək).
Sosial normalandırma metodları qabaqcıl sosial, mənəvi, etik normaların müəyyən edilməsi vasitəsilə kollektivdə normal qarşılıqlı münasibətlərin yaradılmasına imkan verir. Sosial normalaşdırmanın konkret metodlarına aşağıdakıları daxil etmək olar: daxili nizam qaydaları, ictimai təşkilatların nizamnaməsi; istehsal qaydaları etiketi, intizam təsiri formaları.
Mənəvi həvəsləndirmə metodlarından müəssisə kollektivinin, onun ayrı-ayrı üzvülərinin işdə qazandıqları nəaliyyətlərə görə mükafatlandırılması üçün istifadə edilə bilər.
Münaqişələrin baş verməməsi üçün həyata keçirilən profilaktik tədbirlər lazımi səmərə vermədikdə onlar açıq şəkil alır. Bu isə münaqişələrin kəskinləşməsi, onların hədsiz həddə çatmasının qarşısının alınması üçün daha ciddi və təsirli tədbirlərin görülməsini tələb edir. Münaqişələr açıq şəkil aldıqda onların nəzarətdən çıxmaması üçün müxtəlif idarəetmə metodlarından istifadə edilə bilər. Təcrübədə münaqişələrin idarə edilməsi üçün istifadə edilən metodlar əsasən iki qrupa bölünür: pedoqoji metodlar və inzibati metodlar (bax cədvəl 13.1.).
Pedoqoji metodlara aşağıdakılar aid edilir:
danışıq aparma;
xahiş etmə;
inandırma;
işə olan tələbin izah edilməsi;
münaqişəyə cəlb olunan tərəflərin səhv hərəkət etdiklərinin izah edilməsi;
başqa tərbiyəvi tədbirlər.
İnzibati metodlar aşağıdakılar daxil edilir:
münaqişənin güc tətbiq etməklə həlli;
münaqişəyə cəlb olunanların maraqlarının rədd edilməsi;
başqa işə keçirmə;
Cədvəl 13.1
Münaqişələrin idarə edilməsi metodları
münaqişə edən tərəflərin aralandırılması üçün başqa variantlar;
konfliktin qərar, əmr vermə yolu ilə həlli;
- məhkəmənin qərarı.
Təcrübə göstərir ki, münaqişələrin idarə edilməsində pedoqoji metodlardan istifadə daha yaxşı səmərə verir. Bu metodlardan istifadə vasitəsilə həll edilən münaqişələr əksər hallarda bir daha təkrar olunmur.
Əksinə, inzibati metodların tətbiqi heç də həmişə gözlənilən nəticəni vermir. Bu metodlar tətbiq edilərkən çox vaxt münaqişələr dondurulur, bəzi hallarda daha da kəskinləşir və ciddi stres vəziyyətinin yaranmasına səbəb olur. Buna görə də münaqişələr idarə edilərkən hər bir konkret halda tətbiq ediləcək metodun düzgün seçilməsinə xüsusi diqqət yetirmək lazımdır.
Dostları ilə paylaş: |