Doktor Tom Sunik, Amerikanın keçmiş siyasət elmi professoru, keçmiş xorvat diplomatı və müəllif)
DİL
Sovet çağında, Bakıda Mixail adında bir tanışım var idi. O, erməni idi. Bir dəfə, söhbət əsnasında ona dedim ki, əslində bizim dilimiz Azərbaycan dili deyil, türk dilidir. O, mənimlə razılaşmadı. Dedi, mən, bir dilşünas alim ilə söhbət etmişdim. Ondan eşitdim ki, Azərbaycan dili türk dili deyil. Ona görə ki, bu dilin tərkibi, əsasən, ərəb və fars mənşəli sözlərdən təşkil olunub. Ancaq rəhbərlik icazə vermir ki, biz bu sözü camaata söyləyək. Bizim başqa alimlər də mənim kimi, milləti aldadaraq, ərəb və fars dillərini bizə yad olan dillər kimi göstərmək məcburiyyətindədirlər.
Bu doğru sözdür. Bizim dil şərti olaraq türk dili adlandırılır.
Dilimizin təməli və ilkin şəkli türk sözlərindən təşkil olmuşdu. Keçmişdə çoxsaylı türki dilləri, ləhcələri köçəri həyat sürən, heyvandarlıqla məşğul olan tayfaların dilləri olub. Ancaq, sonradan, bu tayfalar oturaq həyata keçəndə, şəhərlərə yerləşəndə onların türki dilləri, tədricən, təkmilləşib, mədəniləşib, ərəb və fars mənşəli ədəbi sözlərlə zənginləşdirilib.
Məncə, bizim dilin tərkibi 60-90 faiz ərəb və fars sözlərindən ibarətdir. Sovet dövründə olduğu kimi bu gün də, Bakıda, rəhbərlik milləti inandırmağa çalışır ki, ərəb və fars kəlmələri bizə yad kəlmələrdir, ehtiyac var ki, dilimiz bu kəlmələrdən təmizlənilsin. Bunların niyyəti dilimizdəki 60-90 faiz sözlərin üstündən cızıq çəkib, onların yerinə lüğətimizə rus və latın sözlərini gətirməkdir. Bunların məntiqinə görə ərəb və fars sözləri bizə yaddır, rus və latın mənşəli sözlər isə doğmadır. Məqsəd – bizim inkişaf etmiş, ərəb və fars lisanlarından gələn ədəbi sözlərlə təkmilləşdirilmiş dilimizi, onun mədəniləşmiş halından çıxardıb, az əhəmiyyətli, köçəri həyat sürən, heyvandarlıqla məşğul olan bir tayfanın məişətində istifadə olunan bəsit bir dil şəklinə salmaq, qaytarmaqdır. Onlar istəyir ki, xalq öz dil qabiliyyətini itirsin, ağzı, dili bağlı olsun.
Erkən ingilis dilinin təməli min sözdən ibarət olub. Qədimdə sadə, az mədəniyyətli ingilis tayfaları bu dildə danışırdılar. Romalılar və fransızlar İngiltərəni işğal edəndən sonra bu ibtidai dilə on minlərlə fransız, yunan və latın sözləri əlavə olunub. İngilis dili bu xarici dillər vasitəsi ilə zənginləşdirilib hal-hazırkı mükəmməl bir şəklə salınıb. Əgər bu gün İngiltərədə bir rəhbər işçi millətə müraciət edib desə ki, dilimiz xaricdən gətirilən bu cür sözlərdən təmizlənməlidir, onda ingilislər onu dəli hesab edərlər.
Bir dilşünas alim Türkiyənin bir televiziya kanalında uzun müddət ərzində “Türk dili” verilişini aparırdı. Onun dediyinə görə türk dili 99 faiz ərəb və fars sözlərindən ibarətdir. Onun fikrinə görə türk dilinin yalnız bir faizi mənşəcə əslikar türk sözüdür. Məncə 99 faiz bir qədər şişirdilmiş rəqəmdir. Hər halda o, bunu deyəndə müasir türk dilini deyil, Osmanlı türk dilini nəzərdə tuturdu. Çünki XX əsrdə Türkiyədə dil islahatı keçirildi, Osmanlı dili ləğv olundu, əvvəlki dilin tərkibindəki ərəb və fars sözlərinin çoxu Avropa mənşəli sözlərlə, xristian xalqların lüğətindən götürülən sözlərlə əvəz olundu.
Bakıda camaat elə düşünür ki, Türkiyədə danışılan türk dili bizim danışdığımız dildən daha düzgün və saf türk dilidir, daha mükəmməl dildir. Bu yanlış fikirdir. Bakıda və Təbrizdə danışılan dil İstanbulda danışılandan daha təmiz və düzgün türk dilidir. Son zamana qədər işlənən Osmanlı dili bizim dilə çox yaxın bir dil olub. Fəqət Osmanlı dilində bir qədər yunan dilindən alınmış sözlər vardı.
Bir Yəmənli tələbə mənə belə demişdi. Bakıda yerli əhalinin danışığında ərəb mənşəli sözləri asanlıqla tə’yin edirəm, halbuki türkiyəlilərin danışdıqları türk dilində, türklərin tələffüzündə ərəb sözlərini tanıya bilmirəm. Onlar bizim sözləri çox əcaib, təxrib olunmuş şəkildə tələffüz edirlər.
Həqiqətən, türkiyəlilər ərəb və fars sözlərini xaricilərin, qeyri-müsəlmanların, avropalıların ləhcələrinə uyğun, təxrib edilmiş bir şəkildə, qol-qanadını qıraraq tələffüz edirlər. Məsəl üçün – “kayıt” (qeyd),”fesat” (fəsad), “vakit” (vaxt), “kayıp” (qeyb), “tıp” (tibb), “hamt” (həmd), “levha” (lövhə), “kanaat” (qənaət), “kabz” (qəbz), “kuvvet” (qüvvət), “hakikat” (həqiqət), “nefis” (nəfs), “kalp” (qəlb), “zevk” (zövq), “tevbe” (tövbə), “ufuk” (üfüq), “kasıt” (qəsd), “nutuk” (nitq), “kutub” (qütb), “put” (büt), “aht” (əhd), “ret” (rədd), “akit” (əqd), “nakit” (nəqd, nağd) “vaat” (və’d) və s.
Mustafa Kəmal Türkiyənin başçısı olanda o, bir gün, Aqop Martayan adında erməni əsilli bir adamı öz yanına, Dolmabaxça sarayına çağırtdırdı və ona ənənəvi türk dili olan Osmanlı dilini əvəz edə biləcək başqa bir dil quraşdırmasına tə’limat verdi. Erməniyə, həmçinin, müsəlman əlifbasını latın əlifbası ilə əvəz olunmaq işi verildi. Martayan Avropa dilləri üzrə bir mütəxəssis sayılırdı. Sonradan Türk Dil Kurumu (təşkilatı) yaradıldı və bu erməni uzun illər boyu bu idarənin müdiri oldu. Bu adam hər gün, başından, on-on beş söz uydurub türk lüğətinə əlavə edirdi. Məsəl üçün, onun uydurduğu “önem” (vacib), “anıt” (abidə), “denge” (müvazinət), “onur” (şərəf), “özel” (xüsusi), “açıqlama” (e’lan, bəyanat), “başkan” (rəis), “önder” (rəhbər), “okul” (məktəb), “bakan” (nazir), “önsöz” (müqəddimə), “olay” (hadisə), yargıç (hakim), “tanık” (şahid), “sanık” (müttəhim), “yaşam” (həyat), “eğitim” (təhsil), “öğretmen” (müəllim), “öğrenci” (tələbə), “kurum” (təşkilat), “etki” (tə’sir), “ulusal” (milli), “neden” (səbəb), “ünlü” (məşhur), “evren” (kainat), “barış” (sülh), “bağımsızlık” (istiqlal), “özgürlük” (hüriyyət, sərbəstlik), “düzen” (nizam), “durum” (vəziyyət), “kamu” (ictimayyət), “konu” (mövzu, bəhs), “dikey” (şaquli), “yatay” (üfüqi), yargılı (məhkum), “üye” (üzv) sözləri kimi.
Elə bu səbəbdən türklər, indiki Türkiyədə işlənən dili “Aqop dili” adlandırırlar. Onlar deyirlər “Martayan ərəb və fars kəlmələrə savaş açdı”. Bu gün türklər Aqopu söyərək, o, dilimizi məhv etdi, deyirlər. Onlar şikayətlənirlər ki, türklərin yüz illər ərzində, əsirlər boyu danışdıqları gözəl Osmanlı türkcəsi, ənənəvi türk lisanı yeni, əcaib, eybəcər bir dillə əvəz olundu.
Türk Dil Kurumunun işi ənənəvi türki dilini aradan qaldırmaq, yeni bir dil yaratmaq idi. Məqsəd, avropalaşdırılmış bir dil düzəltmək olub. Buna görə Osmanlı dilinin tərkibindəki ərəb və fars kəlmələri ingilis, fransız, italyan, yunan dillərindən gələn sözlərlə əvəz edilməyə başlandı. Məsəl üçün Osmanlı türkcəsində “rəqqasə” sözü var idi. “Bu söz ərəbdən gəldiyindən o, bizə yaramır” dedilər və bu kəlmə fransız dilindən gələn “dansöz” sözü ilə əvəzləndi. “Mədəniyyət” sözü ərəbdən gəldiyi üçün bunlara məqbul deyildi, amma fransız dilindən gələn “kültür” sözü yararlı oldu. Bu şəkildə, onlar, müsəlman dillərindən gələn on minlərlə sayda kəlmələri Avropa dillərindən gələn sözlərlə əvəz etdilər. Bu işə “dilimizi türkləşdiririk, milliləşdiririk” adı verildi. Bu səbəbdən bu gün Türkiyədə dövlət dili kimi qəbul olunmuş dil, əslində, türk dili deyil, erməni dilidir, çünki onu bir erməni uydurub.
1934-cü ildə Martayan Mustafa Kəmala təklif edir ki, bundan sonra o, özünü “Atatürk” adlandırsın. Bunun qarşılığında Mustafa Kəmal Martayana təzə, “Dilaçar” soy adı verir. Bundan belə çıxır ki, türklər əvvəlcə, yüz illər ərzində Osmanlı türkcəsində danışanda dilləri bağlı idi, ancaq bu erməni türklərə təzə bir dil verəndən sonra onların dili açıldı. Sonralar bu adam adını daima A. Dilaçar kimi yazırdı. Görünür ki, o, Agop adını istifadə etməkdən çəkinirdi, özünün erməniliyini gizlətmək istəyirdi.
Danışırlar ki, bir dəfə Mustafa Kəmal köməkçilərinə göstəriş vermişdi ki, onun bir nitqi üçün Osmanlı dilində deyil, təzə sözlərdən təşkil olunmuş, yeni türk dilində bir məruzə hazırlasınlar, yazsınlar. Onlar mə’ruzəni yazıb ona təqdim etdilər. Yığıncaqdan sonra o, köməkçilərinə dedi, mə’ruzəni kağızdan oxuyub danışdım, ancaq orada nə yazılmışdı, başa düşmədim, bir kəlməni belə anlamadım.
Türk Dil Kurumu A.Dilaçarın (Martayanın) ölümündən sonra da, günümüzə qədər, fəaliyyət göstərir. Hal-hazırda təşkilat bu eybəcər dili başqa türkdilli xalqlara sırımaq istəyir.
Əvvəlcə, Türkiyənin hökuməti ənənəvi türk dilinin bir erməni tərəfindən məhv olunmasına yol verdi. Bundan sonra isə, bu qərbpərəst cümhuriyyət, dünyada olan başqa türki dillərini də aradan götürmək, “Aqop dili” ilə əvəz etmək istəyir. Azərbaycan Respublikasında, Orta Asiya dövlətlərində “türk liseyləri” adlanan məktəblərin vasitəsi ilə yerdə qalan ənənəvi türk dilləri də yox edilmək istənilir.
Sovet İttifaqında bütün müsəlman dilləri kimi, bizimki də rus dili vasitəsi ilə tələf edilirdi. Uzun illər ərzində, Bakıda bizə yad olan rus sözləri və ifadələr dilimizə gətirilirdi. İndi vəziyyət elədir ki, bu ruslaşdırılma siyasəti hələ də davam etdirilir. Ondan əlavə, rus dili vasitəsi ilə mümkün olmayan işlər “Agop dili” vasitəsi ilə görülür.
Eşitmişdim ki, on il bundan qabaq bir türkiyəli Bakıda fabrik açmışdı. O yerli işçilərə özü ilə İstanbul şivəsində danışmağı əmr etmişdi. Ondan başqa o, işçilərə öz aralılarında da bizim ləhcə ilə danışmağı qadağan etmişdi. Kim bu əmrə riayət etmirdi, onu işdən qovurdu. Heç rus belə bunlar kimi zalım olmayıb!
Bir türkiyəli dil islahatından sonra meydana gələn dil haqqında belə demişdi, “ Ruhsal, parasal, soyut, boyut, yaşam, eğilim...Ya bunlar türkcə deyil, ya da mən türk deyiləm!”
Başqa birisi:
Hər kəsin ağzında bir “stres” (gərginlik – A.M.). Çox yaxşı, bəs “stres”dən məqsədin nədir, gözəlim? Dərd mi, gəm mi, qəhr mi, kədər mi, qüssə mi, məlalmı, ənduhmu, hüznmü, hicranmı, iztirabmı, inkisarmı, xəfəqanmı, təəssüfmü, təhəssürmü, vəhm mi, böhranmı, matəm mi, qayilə mi? Söylə hansısı?
Efendim, məni onurlandırdınız! Nə, yə’ni qürurlandırdınız mı demək istəyir, şərəfləndirdiniz mi? Yoxsa izzətli, heysiyyətli, namuslu, e’tibarlı, müəzzəz, möhtərəm, ləyaqətli... Onur bunların hansısı?
Bu, Aqop lisanımızi (türk dilinimizi – A.M.) qısırlaşmış halına salmışdır.
Əlifba dəyişməsi, köhnə yazının çətin öyrənilməsi üçün edilməsini iddia edən dünyəvilik tərəfdarlarına hərf dəyişmə “me’marlarından” biri olan türk siyasətçisindən (İsmət İnönüdən) cavab:
Hərf dəyişmənin tək amacı və hətta ən vacib amacı oxuma-yazmanın kütləviləşməsini tə’min etmək deyildir. Oxuma-yazma səviyyəsinin aşağı olmasının yeganə səbəbi əlifbanın öyrənilməsinin çətin olduğu deyildi (ki, çətin də deyildir. İki ayda altı yaşında uşaqlar çox rahat öyrənə bilirlər). Uzun illər boyu (uzun sürən müharibələrə görə) dövlət tərəfindən kütləvi təhsilə əhəmiyyət verilmirdi. Vermiş olsaydı şübhəsiz ki, daha yüksək olardı. Bu dəyişmənin təməl qayələrindən biri yeni nəsillərə keçmişin qapılarını qapatmaq, ərəb-İslam dünyası ilə bağları qoparmaq və dinin cəmiyyət üzərindəki tə’sirini zəiflətməkdi... Yeni nəsillər köhnə yazını öyrənməyəcəklər, yeni yazı ilə çıxan əsərləri də biz izləyə bilməyəcəyik. Dini əsərlər köhnə yazı ilə yazılmış olduğundan oxunmayacaq, dinin camaat üzərindəki tə’siri azalacaqdı.
Siyasət adamı, Nəcməddin Ərbakan Türkiyənin milli məclisində uzun nitqlər söyləyəndə televizorda onlara axıra qədər qulaq asır, tamaşa edirdım. Ərbakanın dili müasir Türkiyədə danışılan dildən çox seçilirdi, gözəl səslənirdi, adama xoş gəlirdi. O, həmdə bizim dilə çox yaxın bir dil idi. Hiss edirdim ki, onun nitqləri, dili məclisdə oturanları, müxalifətdə olan başqa partiyaların, firqələrin nümayəndələrini də heyran və məftun etmişdi. Onlara təəccüb gəlirdi ki, yə’ni bizim türk dili də bu qədər gözəl səslənə bilərmiş?! Ancaq mən bircə onu bilmirəm ki, bu nitqləri Ərbakan özü, yoxsa onun köməkçiləri yazırdı.
Londonda yaşayanda, bir gün bir Türkiyə cəmiyyətinə getdim və onun sədri, yaşlı bir türklə söhbət etdim. Ona dedim ki, sizin siyasətçilər arasında mənim tək Ərbakanın nitqləri, onun danışdığı dil xoşuma gəlir. Türk isə mənə belə cavab verdi: “Ərbakanın danışdığı dil xocaların dilidir”. Xocalar deyəndə o, molları nəzərdə tuturdu. Yə’ni ki, o, demək istəyirdi ki, Ərbakan ənənəvi türk dilində, Osmanlı Dövlətinin dilində danışır.
Türkiyənin hal-hazırki hökuməti təzəlikdə yeni bir təşəbbüs irəli sürüb ki, gəlin universitetlərdə Osmanlı dili şöbəsini açaq. Bəyanatda deyilir, bu bir dəhşətli vəziyyətdir ki, nəvələrimiz, Osmanlı dilində yazıldığına görə, atalarının, babalarının qəbir daşlarını belə oxuyub başa düşə bilmirlər. Türk kanalının birində bir profesor bu təşəbbüsə tərəfdar çıxdı və sonra buna əlavə etdi ki, qoy heç kəs bundan qorxmasın, çünki burada söhbət, əsla, Osmanlı dilinin bərpasından, təkrarən, qəbul edilməsindən getmir.
Türkiyənin bir ərəb dili müəllimi qileylənirdi ki, mən türk uşaqlarına və gənclərinə “x” hərfinin nə olduğunu başa sala bilmirəm, çətinlik çəkirəm. Axı Martayan latın əlifbanasını Türkiyədə işlədilmək üçün tərtib edəndə, ona “x” hərfini əlavə etməyi lazım bilməyib və sözlərdə gedən “x” səsini “h” ilə əvəz edib.
Görün bir bunlar Osmanlı dilinin bərpası kimi millət üçün vacib bir məsələni dillərinə bilə gətirməyi qorxurlar. Baxanda görürüsən ki, ənənəvi türk dilinin bərpasını istəyənlər, əslində, bir ovuc adamdır. Halbuki Türkiyə əhalisinin əksəriyyəti buna qarşı olacaq, çünki müsəlmanlar çox tənbəl olur, ələlxüsus, elm öyrənməyi sevmirlər və babalarının danışdığı bu dili öyrənməyə ərinirlər, artıq zəhmət çəkmək istəmirlər.
Beşinci sinifdə oxuyanda, Bakıda çıxan respublikanın baş qəzeti, “Kommunist” qəzeti, əlimə düşmüşdü. Qəzetin dörd səhifəsinin tamamını Nikita Xruşovun mə’ruzəsi tuturdu. Bu nitq bizim dilə tərcümə olunmuşdu. Maraqlandım ki, oxuyum görək sovetin başçısı nə danışıb? Yazının başından on-on beş cümlə oxudum, ancaq heç nə başa düşə bilmədim. Hamısı cəfəngiyat idi. Bir cümləni belə başa düşmək olmurdu. Fikirləşdim ki, gəlsən, bu cümlələri rus dilinə tərcümə edim görək onda mə’nalı bir şey alınırmı? Yazını rus dilinə tərcümə edəndə Xruşovun əslində nə dediyi mənə aydın oldu. Anladım ki, bizim yerli tərcüməçi bu rusun öz nitqində, cümlələrində işlətdiyi ifadələrin hərfi tərcüməsini verib. O, Xruşovun işlətdiyi külli miqdarda rus ifadələrini, ata sözlərini hərfən tərcümə edib. Dörd saatlıq mə’ruzə o cür tərcümə edilmişdi ki, orada bizim dildə mə’na verən bir cümlə belə olmayıb.
Bu məsələ məni çox təəccübləndirdi ki, bu qəzet redaksiyasında, bu şəhərdə, bu respublikada bu cür tərcümənin səhv olmasını başa düşən məndən başqa bir adam yoxdurmu? Bu respublikada doğru-dürüst, ağlı başında olan adam yoxdurmu? Tərcümənin qanun və qaydalarını bilən adam yoxdurmu? Əgər belə adamlar var isə, əgər bilirlərsə, onda niyə susurlar, niyə e’tiraz etmirlər. Mən bir məktəb uşağı olmaqla bilirəm ki, başqa dildə işlənən ifadələri, atalar sözlərini tərcümə edərkən onların hərfi tərcüməsini vermək düzgün deyil, onların mə’nasını tərcümə etmək lazımdır. Yə’ni ki, rus dilində işlənən ifadələri və ata sözlərini bizim dilə tərcümə edəndə bizim dildə işlənən ifadələrdən, bizdəki oxşar atalar sözlərindən istifadə etmək lazımdır.
Biz, şəhərli məktəb uşaqları olduğumuz üçün, rus dilini yaxşı bilirdik. O vaxt sinifdə belə bir oyunumuz var idi. Biz, növbə ilə, zarafat üçün, bizim ifadələri rus dilinə hərfən tərcümə edirdik. Belə tərcümənin düzgün olmadığını yaxşı anladığımızdan bu cür hərfi tərcüməyə gülürdük. Məsəl üçün, “mənim gözüm səndən su içmir” ifadəsini hərfən rus dilinə tərcümə etsən bu, təbii ki, cəfəngiyat sayılacaqdır.
Qəzetlərdə bu cür hərfi tərcümə işi uzun illər boyu davam edirdi.
Ola bilər ki, qəzet redaktorları dövlət başçısının mə’ruzələrinin sərbəst tərcüməsini verməyə qorxurdular. Ola da bilər ki, bu, qəsdi-qərəzlikdən, dilimizi məhv etmək niyyətindən törəyirdi.
Bu vəziyyət bu günə qədər davam edir. Rus ifadələri daima bizim dilə hərfən tərcümə olunur və dilimiz məhv olub gedir. Halbuki “Azərbaycan dilinin izahlı lüğəti” kitabında yazılıb, “Tərcümədə mətnin hərfini deyil, ruhunu verməyə çalışmaq lazımdır”, “Hərfi tərcümə dilin qayda-qanunlarını pozur” və “Hərfi tərcümə ən yanlış tərcümədir”. Görünür bu nəzəriyyədir, əməliyyədə, həyatda isə başqa cürdür. Azərbaycan Respublikasında heç bir qanuna məhəl qoymurlar, dilin qanun-qaydalarına, həmçinin.
Türkiyədə də vəziyyət bizimkinin eynidir. Fəqət, orada rus dilindən deyil, ingils dilindən gəlmə külli miqdarda ifadəni hərfən tərcümə edib öz dillərini məhv ediblər.
Sovet çağı, bir gün, Bakının “Vətən” kinoteatrı ilə üzbəüzdə yerləşən baqqal dükanında satıcı qıza yanaşıb qəhvənin satışda olub-olmamağını soruşdum. O vaxt qəhvə çətin tapılan mal idi. Mən ona “Sizdə qəhvə varmı?” demişdim. Bizim millətdən olan satıcı qız mənə acıqla, “Yoxdur, get burdan, get burdan!” dedi. Onun bu cür rəftarı mənə təəccüb gəldi. Dönüb qapıya tərəf getdim. Sonra, sol tərəfə baxıb şüşənin arxasında “Pele” adında Braziliya qəhvəsi qutularının düzüldüyünü gördüm. Təzədən qıza yanaşdım, dedim, bəs deyirsiniz qəhvə yoxumuzdur, bəs bu qutular nədir? Qızın rəngi açıldı “Siz “kofe” istəyirdiniz?” dedi. Təsdiq etdim. Görünür o, “qəhvə” sözünü ömründə birinci dəfə eşitmişdi.
Sonradan bu məzəli əhvalatı bir tanınmış yerli jurnalistə danışdım. Bu jurnalist isə, görünür o qızdan daha nadan adam olub. O, dedi, qızın səninlə acıqlı danışmağa haqqı var idi. Qız düz deyir, “qəhvə” pis sözdür sən gərək “kofe” deyəydin. “Qəhvə” bizim dildə pozğun arvadlara deyirlər. Mən e’tiraz etdim ki, burada hərf fərqi var, pozğun arvadlara “qəhbə” deyirlər, mən isə “qəhvə” demişdim. Jurnalist tə’kid edərək dedi ki, bu, eyni şeydir. Təkrarən, ona başa salmaq istədim ki, “kofe” rus dilindədir, bizim dildə isə bu içkiyə “qəhvə” deyilməlidir. Məsəl üçün, bizim dildə işlənən “qəhvəyi rəngi” sözü “qəhvə” sözündən əmələ gəlib ki, burada qəhvə dənələrinin rənginə işarə olunur, dedim. O isə, yox, Azərbaycan dilində o rəngə “karıçnıvı” deyirlər.
Cavanlıqda Türkiyədə işlənilən “yor” şəkilçisinin haradan gəldiyi haqqında öz-özümə düşünürdüm. Məsəl üçün biz “gəldi”, “getdi” dediyimiz halda Anadolu türkləri “gəliyor”, “gediyor” deyirlər. Bu şəkilçi nə bizim türk şivəsində, nə türkmənlərdə, nə özbəklərdə, nə də ki, uyğurlarda var, təkcə Anadolu türklərində var. Öz-özümə düşündüm, axı türk tayfaların əslikar vətəni Sibir, Mongolustan olub, onlar şərqdən köç edərək, nəhayətdə Anadoluya gəlib, yerləşiblər. Yə’ni bu ləhçələr qərbə tərəf getdikcə dəyişılıb, təhrif olunub. Elə ki, bir qədər fikirləşib belə nəticəyə gəldim ki, çox güman Anadolu türkləri bu şəkilçini yunan dilindən, orada yaşayan yunanlardan mənimsəyiblər.
Otuz il sonra, Londonda, türk kitabxanasında kitab rəfindən keçən əsrin əllinci illərində çap olunmuş bir kitabı götürdüm və onu ayaq-üstü vərəqlədim. Orada bir məqalədə bir Türkiyə dilşünası yazırdı ki, o, otuz il ərzində, araşdırma aparıb İstanbul şivəsində işlənilən “yor” şəkilçisinin mənşəyini tapmaq istəyirdi. Yazırdı ki, axırda tapdım ki, o, bizim türkcəyə yunan dilindən gəlib. Bu mənə məzəli gəldi ki, mən bunun cavabını araşdırma yolu ilə deyil, məntiq yolu ilə tapdım, özü də on-on beş dəqiqəyə. O isə buna, ömrünün otuz ilini sərf edib.
Ərəb və fars dillərini bilmək müsəlmanlar üçün vacibdir. İslam dövlətlərində, Osmanlıda, İranda, Türküstanda, Hindistanda qədim çağdan ta ki son əsrə qədər, ərəb və fars dilləri, mütləq bir şəkildə, məktəblərdə tədris olunan fənnlər olub. Bu dilləri mükəmməl bilməyən adamlar bisavadlar sayılırdı. İslam aləmində dini, elmi və bədii əsərlərin əksəriyyəti bu dillərdə yazılardı. Ərəb və fars dillərində yazılan kitabları təkcə ərəblər və farslar deyil, əksər başqa müsəlman xalqların ürafası, savadlı adamları oxuyub bu əsərləri özününkü, ümum-müsəlmanın mə’nəvi sərvəti sayırdılar. Türki dillərinin lüğətlərinin doxsan faizi ərəb-fars sözlərindən təşkil olduğuna görə, türkdilli şagird və tələbələrin bu iki dili öyrənmələri, bilmələri vacibdir. Bunları mükəmməl şəkildə öyrənməyən, bilməyən heç türk dilində də doğru-dürüst şəkildə danışa bilməyəcək. Fikrini mükəmməl bir şəkildə bildirməyi bacarmayacaq.
Mənə görə, müsəlman şagirdlərə və tələbələrə xaçpərəst xalqların dillərinin tədrisi çox məhdud bir şəkildə olmalıdır. Məmləkətdə, hal-hazırkı vəziyyətin əksinə, böyük vəzifələri rus və ingilis dilini bilənlərə deyil, ərəb və fars dillərini yaxşı, mükəmməl bilən adamlara vermək lazımdır. Dövlətin hakim təbəqəsi ərəb və fars dillərini mükəmməl bilən adamlardan təşkil olunmalıdır.
Mən belə bir fikrə gəlmişəm ki, ərəb dili təkcə ərəb ölkələrində deyil, bütün qeyri-ərəb müsəlman ölkələrində, bütün İslam dünyasında dövlət dili kimi qəbul edilməlidir. Əgər bu hər yerdə tətbiq olunarsa, onda İslam dünyasında elm, iqtisadiyyat, mədəniyyət dirçələcək, intibah dövrü başlayacaq. Hal-hazırda amerikalılar və ingilislər ingilis dili vasitəsi ilə öz mədəniyyətini, düşüncə tərzini bütün dünyada yaymağa çalışırlar. Ərəb dili müsəlman aləmində, bu geniş coqrafiyada, dövlət dili kimi qəbul edilsə, onda daha ingilis dili deyil, ərəb dili dünyada hakim bir dil olacaq, müsəlmanların nüfuzu artacaq və bütün xalqlar ruslar, fransızlar, ingilislər və sairlər ərəb dilini öyrənməyə can atacaqlar.
Keçmişdə olduğu kimi müsəlman dünyasında ərəb dili təzədən elmin dili olmalıdır, bütün elmi kitablar da bu dildə yazılmalıdır.
Bakıda rus dili icbari bir tədris fənidir. Nə üçün məktəblərimizdə rus dili əvəzində Qur’anın dili tədris olunmasın? Rusiyada siyasətçilər fəxrlə deyirlər ki, rus dilində 300 milyon adam danışır. Rus Qafqaza və Orta Asiya respublikalarına gedəndə orada özünü öz evində kimi hiss edir, öz dilində danışır, yerli dilləri öyrənməyə ehtiyac gürmür. Bu səbəbdən Kreml bu əraziləri özününkü hesab edir. Əgər bizim respublikada və Orta Asiyanın tədris müəssisələrində rus dilinin tədrisi dayandırılıb ərəb dili dərsi ilə əvəz olunsa, Kreml dəhşətə gələr, çünki bu halda bu ərazilərdə rus tə’siri azalacaq, sıfır edəcək, Rusiyanın bu əraziləri təzədən özünə qatmaq arzuları boşa çıxacaq, puç olacaq.
Bu gün respublikada hakimiyyət əvvəllərdə, sovet vaxtı olan kimi rusdilli zümrənin, təbəqənin əlindədir. Bunlar isə bizim dilə və həm də ləzgi, kürd, talış dillərinə, ümumiyyətlə bütün müsəlman dillərinə laqeyd, yad münasibət bəsləyirlər. Bunlar üçün respublikada bizim dillin, ərəb və fars dillərinin nüfuzunun artması işi arzu olunmaz, qorxulu bir şeydir. Çünki, əgər ölkədə müsəlman dillərinin nüfuzu artarsa, nəhayətdə, onlar hakimiyyəti itirəcəklər, hökmranlıqları sona çatacaq.
Sovet İttifaqının müsəlman xalqlarına ruslardan gələn ən böyük zərər, onların dilindən, rus dilindən gəlib. Məktəblərə gedib rus dilini öyrənəndən sonra, bu xalqlar, nəyinki ərəb və fars dillərində, hətta, öz ana dillərində belə doğru-dürüst danışa bilmirlər. Onlar həmdə müstəqil düşünmə qabiliyyətini itiriblər. Ruslar rus dili vasitəsi ilə müsəlmanların zehniyyətinə hakim olublar. Bir tanınmış rus dilşünas deyib ki, hər kəs ki, şüurunda rusca fikirləşir o, rusdur. Bundan belə çıxır ki, bizim xalq, əslində rusdur. Ondan da pis. Nə ondandır, nə bundan. Rusdur, ancaq aşağı dərəcəli bir rus.
Bu gün sovetin keçmiş Baltikyanı respublikalarda yaşayan rusdilli adamlara heç vətəndaşlıq belə verilmir. Rəsmi dilləri pis bildiklərinə görə sənədlərində onlara “yad ünsürlər” adı verilib, ayrıca bir dəstə kimi göstərilmişlər. Yə’ni ki, rusdilli məktəbləri qurtardıqlarından, o dövlətlərin rəsmi dillərində tədris verən məktəblərdə oxumadıqlarına görə onlara vətəndaşlıq vermirlər. Bu, bizdə də tətbiq olunmalıdır. Rus dilində tədris alan, dövlətin rəsmi dilini mükəmməl bilməyən təbəqəyə “yad ünsürlər” kimi baxılmalıdır.
Əslində, bizim ölkədə yaşayan əhalinin bu qisminin, belə adamların vətəndaşlıqdan məhrum olunmasına bir lüzum, ehtiyac da yoxdur. Hərgah, dövlətin rəsmi dilini bilməyən bu “ünsürlər”, tutduqları yüksək vəzifələrdən salınsalar və bunun əvəzində onlara özlərinə layiq olan bir iş, əl əməyi işi təklif edilsə, onlar bunu qəbul etməyəcəklər, ailələrini götürüb, öz xoşlarına, ölkəni tərk edəcəklər.
Məmləkətdə bütün rusdilli körpələr evlərinin, uşaq baxçalarının, orta məktəblərinin, ali məktəb şöbələrinin bağlanması, dövlət əhəmiyyətli, vacib bir işdir. Dövlətin rəsmi dilini bilməyən, rəsmi dilə laqeyd yanaşan adam yaxşı vətəndaş ola bilməz. Rusdilli məktəbi qurtaran adam nəyinki yaxşı vətəndaş ola bilməz, eləsi bəlkə hətta dövlət düşməni olacaq. Sovet dövründə hakim dairələr müsəlmanlara əhəmiyyətsiz, aşağı sinif adamlara baxan kimi baxırdı. Onda da, bu gün də, Bakının rusdilli hakim təbəqəsi bizim danışdığımız müsəlman dilini aşağı təbəqənin, bazar əhlinin dili hesab edir. Təmtərahlı şüarlara, türkcülük təbliğatına rəğmən bu, belədir.
Dostları ilə paylaş: |