Rəyçi:
Allahverdiyev Ə.A.
Gəncə Dövlət Universiteti
“İdarəetmə”kafedrasının dosenti, i.e.ü.f.d.
Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/2 səh.96-101
UOT 005.591
İnnovasiya menecmentinin mövcud sistemi və onun səmərəliliyi
Rəsulov Kamran Ağaəli oğlu
Azərbaycan Texniki Universitetinin doktorantı
XÜLASƏ
Məqalədə innovasiya menecmentinin mahiyyəti açıqlanmışdır. İnnovasiya menecmenti sisteminin fəaliyyətinin praktiki aspektləri tədqiq olunmuşdur. Həmin sistemin səmərəliliyinin yüksəldilməsinin bir sıra imkanları aşkar edilmişdir.
Açar sözlər: innovasiya menecmenti, səmərəlilik, rasional təşkiletmə prinsipləri, innovasiya fəaliyyəti.
Yeni əsrdə innovasiya prosesinə müstəqil menecment obyekti kimi baxılması elmi-tədqiqat və təcrübə konstruktor mərkəzləri, istehsal və satış qurumları arasındakı qarşılıqlı dinamik əlaqələrin idarə edilməsi sistemini formalaşdırmışdır. Həmin sistem - şuralar, teхniki siyasətin işlənib hazırlanması üzrə işçi qruplarının əhatə olunduğu iхtisaslaşdırılmış bölmələrin, yeni teхnologiyanın mənimsənilməsi üzrə sahə laboratoriyalarının, məhsul innovasiyaları üzrə məqsədli layihə qruplarının və əlaqələndirici xidmətlərin, innovasiya fəaliyyətini stumullaşdıran хüsusi fondların, o cümlədən vençur strukturlarının və bir sıra digər institusional təminat elementlərinin yaradılmasını nəzərdə tutur.
İnnovasiya menecmentinin postsovet məkanı, qismən Azərbaycan üçün xarakterik olan sisteminin səciyyələndirilməsi, ilk növbədə innovasiya menecmentinin məqsədlərinə nəzər salmaq lazımdır. Həmin məqsədlər dövlətin innovasiya siyasətindən irəli gəlir. Eyni zamanda, innovasiya menecmentinin məqsədləri müəyyənləşdirilərkən mövcud informasiya, təşkilati, hüquqi, erqonomik, proqram və bu kimi digər təminat alt sistemlərinin xarakteristikaları, yaxın və orta perspektivə inkişaf meyillərini nəzərə almaq lazım gəlir. Sənayedə innovasiya menecmentinin səciyyələndirilməsi baxımından innovasiyalı fəaliyyətin prioritetlərinin idarəetmə mühitinin hazırkı vəziyyətinə uyğunluğu məsələsi də diqqət mərkəzində olmalıdır. Əks halda, başqa sözlə menecmentin, o cümlədən innovasiya menecmentinin fəaliyyətdə olan sistemə təsiri qiymətləndirilmədikdə, start göstəricilərini birmənalı müəyyənləşdirmək çətin, bir sıra hallarda, qeyri-mümkündür.
Bir qayda olaraq, innovasiya menecmentinin məqsədlərinə - yeni məhsulların işlənib hazırlanması və mütərəqqi texnologiyaların tətbiqi, istehsalda olan məhsulun modernləşdirilməsi və texnologiyaların təkmilləşdirilməsi, bazar konyunkturuna uyğun məhsul növləri istehsalının genişləndirilməsi, bir sözlə müəssisənin (şirkətin, korporasiyanın) elmi-teхniki siyasət prioritetlərinə uyğun olaraq istehsal fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi aid olunur. Hazırda Azərbaycan iqtisadiyyatının inkişafın yüksələn tempi və genişlənən dairəsi, innovasiyalı fəaliyyətə daha çox diqqət yetirilməsini tələb edir. Hasilat sənayesində, bu baxımdan müsbət dəyişikliklər olsa da, digər sahələrdə innovasiya fəallığının aşağı səviyyəsi (əlbəttə bu sahələrdə də məhsul və proses innovasiyalarının sürətinin artmasına rast gəlinir) innovasiya menecmentinin məqsədlərinə daha ehtiyatlı, hətta bəzən “mühafizəkar” yanaşmalara rast gəlinir.
Son on ilin təcrübəsini ümumiləşdirərək, demək olar ki, Azərbaycan sənayesində innovasiyalı inkişaf strategiyasının prioritetlərinə:
- müəssisənin maliyyə durumunu sağlamlaşdırmağa və dəyişən хarici biznes mühitində onun bazardakı mövqeyini möhkəmləndirmək məqsədilə istehsal teхnologiyasının təkmilləşdirilməsi və məhsulun çeşidinin təzələnməsi;
- müəssisənin maddi-teхniki bazasının yeniləməsini, funksional və təşkilati strukturun təkmilləşdirilməsini və işçilərin peşə-iхtisas səviyyəsinin yüksəltməsini, resurslardan daha səmərəli istifadə edilməsini nəzərdə tutan idarəetmə sisteminin qurulması;
- xarici bazarda rəqabətədavamlı ixracyönlü istehsal fəaliyyəti imkanlarının qiymətləndirilməsi və keyfiyyətin idarə olunması sisteminin təkmilləşdirilməsi;
- ən ciddi ekoloji tələblərə cavab verən dayanıqlı inkişafın təmin edilməsi aid edilir.
Bununla belə, hasilat və emal sənayesinin bir neçə sahəsi istisna olmaqla, hələ ki, ən yaxşı halda, sənayedə innovasiyalı inkişaf strategiyasının prioritetlərinin reallaşdırılması prosesinə hazırlıq işləri gedir. Odur ki, istehsal teхnologiyasının təkmilləşdirilməsi və məhsulun çeşidinin təzələnməsi, müəssisənin maddi-teхniki bazasının yenilənməsi şəraitində funksional və təşkilati strukturun təkmilləşdirilməsi və resurslardan daha səmərəli istifadəyə yönəlik idarəetmə sisteminin aralıq nəticələrinə münasibət bildirmək çətindir. Əlbəttə, bu halda keyfiyyətin idarə olunması sisteminin və ciddi ekoloji reqlamentlərə uyğun sənaye fəaliyyətinin innovativ menecmentinin dəyərləndirilməsi də, əsasən nəzəri və metodoloji aspektdə aparıla bilər.
Elmi ideyaların məhsul və proses innovasiyalarına transformasiyasını şərtləndirən amillərin formalaşdırdığı mühitin idarə olunan parametrlərinin xarakteristikası innovasiya menecmentinin predmetinə daxildir. İnnovasiyalı fəaliyyətin əhatə dairəsinin genişlənməsi zərurəti, bu istiqamətdə kollektiv səylərin koordinasiyasını tələb edir.
“Bu gün artıq sənaye müəssisələrində mövcud idarəetmə strukturunda əsaslı dəyişikliklər edilir, innovasiyaların axtarışına və tətbiqinə yönəlmiş idarəetmə strukturu formalaşır. Bu müəssisələrdə geniş restrukturlaşdırma işləri həyata keçirilir, çoxsaylı idarəetmə funksiyaları, operativ xətti rəhbərlik, strateji proqnozlaşdırma, marketinq, xarici iqtisadi əlaqələr, istehsalın və əməyin təşkili, idarəetmə qərarlarının icrasına nəzarət kimi funksiyalar şəklində birləşdirərək təşkilati strukturda öz əksini tapır” (1, s.231).
Qeyd olunan müsbət meyilin, sözün həqiqi mənasında təcrübədə reallaşması, daha doğrusu sənaye müəssisələrində formalaşmaqda olan, innovasiyaların axtarışına və tətbiqinə yönəlmiş idarəetmə strukturunun təcrübədə sınaqdan çıxarılması, bir çox müəssisələrdə zaman tələb edir. Müvafiq hazırlıq işlərinin innovasiya menecmentinin funksiyaları üzrə sinxron surətdə aparılması məqsədəuyğundur. Sənayedə innovasiya menecmentinin hazırkı təcrübəsində idarəetmə funksiyaları əsas və köməkçi funksiyalar kimi fərqləndirilir. Bəzi qeyd-şərtlərlə əsas funksiyalara strateji, cari və operativ planlaşdırma, təşkiletmə, motivləşdirmə və nəzarət, köməkçi funksiyalara isə prosessual (teхnoloji) və sosial-psiхoloji funksiyalar aid edilir.
Son onillikdə emal sənayesinin innovasiya fəaliyyətinin planlaşdırılması prosesini mürəkkəbləşdirən əsas amillər qismində, ilk növbədə aşağıdakıları qeyd edirlər: obyektin və predmetin dəyişməsinin yüksək tezliyi, investisiyalar üçün risk ehtimalının yüksəkliyi, innovasiyalı fəaliyyət nəticəsində rəqabət üstünlüyünün əldə edilməsi perspektivlərində qeyri-müəyyənlik, innovasiya menecmentinin elementlərinin standartlaşdırma və unifikasiya səviyyəsinin qeyri-kafi olması.
Azərbaycanda innovasiya fəaliyyətinin planlaşdırılmasının mövcud sistemi üçün səciyyəvi olan cəhətlər aşağıdakılardır:
- innovasiya menecmentinin obyekti və predmetinin dəyişməsinin tezliyi bir o qədər yüksək olmasa da, innovasiya fəaliyyətinin planlaşdırılmasının mövcud sistemi, əksər hallarda baş verən dəyişikliklərə adekvat reaksiya vermək qabiliyyəti nümayiş etdirmir;
- innovasiya fəaliyyətinin planlaşdırılması zamanı investisiyalar üçün risk ehtimalının yüksəkliyi qəbul edilsə də, həmin riskin xarakteristikaları kifayət qədər tədqiq edilməmişdir;
-innovasiyalı fəaliyyət nəticəsində rəqabət üstünlüyünün əldə edilməsi perspektivlərində qeyri-müəyyənlik yüksəkdir və həmin üstünlüklərin reallaşdırılması imkanlarını qiymətləndirməyə imkan verəcək emprik hesablamalar üçün ilkin məlumat bazası formalaşma mərhələsindədir;
- innovasiya menecmentinin elementlərinin standartlaşdırma və unifikasiya səviyyəsini qabaqcıl xarici təcrübədən iqtibasların keyfiyyəti müəyyənləşdirir. Başqa sözlə, həmin elementlərin, yerli şəraitin xüsusiyyətləri nəzərə alınmaqla standartlaşdırma və unifikasiyası haqqında danışmaq hələ tezdir.
Sadalanan və digər amillər ölkənin emal sənayesində innovasiya menecmentinin institusional komponentlərinin, daha dəqiq desək, rasional təşkiletmənin kəsilməzlik, mütənasiblik, paralellik, ahəngdarlıq və dəqiqlik prinsiplərinin lazımi səviyyədə reallaşdırılmasına neqativ təsir edir.
Arayış üçün bildirək ki, mütənasiblik prinsipi vahid proseslərin ayrı-ayrı yerlərdə bərabər nəticələri təmin etməsini nəzərdə tutursa, kəsilməzlik prinsipi iş müddətinin ümumi proseslərin müddətinə olan nisbətində ifadə olunur. İnnovasiya proseslərinin təşkilediciləri kimi əməliyyatlar ardıcıl, paralel və ardıcıl-paralel surətdə birləşə bilər. Paralellik, dedikdə əməliyyatların sinxronluq dərəcəsi nəzərdə tutulur və innovasiyaların menecmentinin mühüm xarakteristikası kimi qəbul edilir. Resurs-texnologiya- məhsul ardıcıllığında əmək predmetinin keçdiyi yolun optimallığı dəqiqlik anlayışında, proseslərin zaman tələblərinə cavab verməsi isə ahəngdarlıq isə anlayışında ehtiva olunur.
Həmin prinsiplərin, xüsusilə kəsilməzlik və ahəngdarlıq prinsiplərinin obyektiv reallığı, kifayət qədər detallaşdırılmış şəkildə nəzərə almadan həyata keçirmək cəhdlərinin uğursuzluqla nəticələnməsi heç də nadir hal deyildir. Ümumilikdə, innovasiya menecmentində rasional təşkiletmə prinsiplərinə uyğunluğun kəmiyyət parametrlərinin hesablanması üçün ilkin göstəriciləri və hesablanma qaydasını cədvəl 1-də verildiyi kimi ifadə etmək olar.
Aqroemal sənayesi müəsisələrində aparılan sorğu məlumatlarının təhlili haqqında danışılan prinsiplərə uyğunluq göstəriciləri haqqında aşağıdakıları söyləməyə imkan verir:
- innovasiya menecmentində rasional təşkil etmənin mütənasiblik prinsipinə uyğunluq dərəcəsinin (iş yerinin maksimal buraxılış gücünün müəyyənləşdirilməsindəki alqoritmik və informasiya çətinlikləri ilə əlaqədar) kəmiyyətcə qiymətləndirilməsi problematikdir;
Dostları ilə paylaş: |