Mühazirə 1.
1. QƏRAR QƏBULUNUN ƏSASLARI
Plan:
1.1.Əsas anlayışlar
1.2.İdarəetmə qərarlarının təsnifatı
1.1.Əsas anlayışlar
İnsan ömrü boyu özünə aid, digər insanların və cəmiyyətin maraqlarına təsir edən qərarlar qəbul edir. Qəbul edilən qərarların keyfiyyətindən insanın,insanlar qrupunun, cəmiyyətin və dövlətin sonrakı həyatı asılı olur. Qərar qəbul edən şəxs (QQŞ) səmərəli qərarların qəbul edilməsi üçün problem sahəsini və qərar qəbulunun əsaslarını yaxşı bilməlidir. Qərar qəbulu ilə bağlı əsas anlayışlara baxaq.
Qərar- problemin həlli məqsədilə görüləsi iş haqqında təlimatdır.
Qərar qəbulu- mümkün variantlar (alternativlər) içərisindən müəyyən əməlin seçilməsi deməkdir.Sadə halda iki alternativdən biri seçilir:əməl etmək və ya etməmək. Məzmun baxımından qərar konkret hərəkət, hərəkət üsulu, iş planı, layihə variantı və s. ola bilər.
İdarəetmə qərarı-müəssisə qarşısında qoyulan məsələlərin həlli üçün QQŞ(menecer) tərəfindən seçilən fəaliyyət variantıdır. İdarəetmə qərarları həm müəssisənin ümumi maliyyə vəziyyətinə , həm də müəssisədə işləyənlərin həyatına ciddi təsir edə bilər. Odur ki, rəhbər səhv qərar qəbul edə bilməz.
Problem həmişə müəyyən şərtlərlə (situasiyalarla) bağlı olur. Problem və situasiyalar birlikdə problem situasiyasını təşkil edir. Problem situasiyasının təyini və təsviri qərar qəbulu məsələlərinin qoyuluşu üçün ilkin informasiya verir. İnformasiyanın toplanmasında və analizində QQŞ-yə kömək etmək üçün ekspertlər –həll edilən problem üzrə mütəxəssislər cəlb olunur.
Qərarların qəbulu vaxt üzrə baş verir,odur ki, qərarların qəbulu prosesi anlayışından istifadə edilir.Bu proses problem situasiyasını aradan qaldırmaq üçün mərhələlər və proseduralar ardıcıllığından ibarətdir. Qərarların qəbulu prosesində alternativ variantlar formalaşdırılır və onların üstünlükləri qiymətləndirilir. Üstünlük obyektiv analizə (biliyə, təcrübəyə, hesablamalara) və qərarların dəyərinin və səmərəliliyinin subyektiv qavranılmasına əsaslanan inteqral qiymətdir
Ən yaxşı qərarın seçilməsi üçün QQŞ seçim kriterisi təyin edir.Resurs, hüquqi, mənəvi-etik məhdudluqlarına cavab verən qərara mümkün qərar deyilir. Əgər qərar seçim kriterisinin ekstremumunu təmin edirsə, ona optimal qərar deyilir.
Qərarın ümumiləşdirilmiş xarakteristikası onun səmərəliliyidir.Bu xarakteristika məqsədə çatmaq dərəcəsini təyin edən qərarın səmərəsi və qərarların qəbulu və reallaşdırıması üçün resurs şərtlərini təyin edən qərarların dəyəri xarakteristikalarını özündə birləşdirir. Beləliklə, qərarın səmərəliliyi məqsədə nail olmaq və bunun üçün qoyulan xərclərlə ölçülür.Məqsədə nail olmaq dərəcəsi nə qədər yüksək və xərclər nə qədər az olarsa, qərar bir o qədər səmərəli sayılır.
Dostları ilə paylaş: |