9.5. Anomaliyaların və ümumi qanunauyğunluqlardan sapmaların aşkarlanması
Verilənlər anbarında saxlanan verilənlər tədqiq edilən obyektlərin (proseslərin) xarakteristikalarını əks etdirirlər. Bu xarakteristikaların qiymətləri (verilənlər) müəyyən interval daxilində dəyişə bilər. Məsələn, fərz edək ki, neftayırma müəssisəsində aylıq istehsal olunan açıq neft məhsullarının həcmi orta hesabla 10000-150000 ton ola bilər. Əgər həmin qiymət 1000 və ya 500000 tondursa, deməli bu qeyri-adi haldır–anomaliyadır. Anomaliyalar çox vaxt verilənlərdə buraxılan səhvlər üzündən baş verir.
Anomaliyaları tapıb üzə çıxarmaq üçün sistem mümkün yazıları “öyrənir” və onların “yığılma surətlərini” formalaşdırır. Əgər öyrədilən sistemə sonradan təqdim edilən yazı həmin surəti təmin etmirsə, sistem istifadəçinin diqqətini həmin yazıya cəlb edir. Bu üsulun praktiki tətbiqinə misal olaraq HNC firması tərəfindən yaradılan və kredit kartlarla fırıldaqları aşkar edən “Federal Express” sistemini göstərmək olar. Sistem kart sahiblərinin yerinə yetirdikləri əməliyyatların “portretini” tərtib edir, əgər xərclərin strukturu və məzmunu kəskin dəyişirsə, həyəcan siqnalı verir və ödənişi bloklaşdırır. Bu hal adətən kart oğurlandıqda və cinayətkar ondan tez istifadə edib, böyük miqdarda pul çıxararkən baş verir.
Anomaliyaların və qanunauyğunluqlardan sapmaların aşkarlanması üçün ən əlverişli üsul tədqiq olunan obyektin davranışını əks etdirən surətin əvvəlcədən formalaşmasıdır. Bu üsul müəyyən şərtlərlə və vaxt itgisi ilə bağlı olmasına baxmayaraq, hazırda ondan geniş istifadə edilir.
Dostları ilə paylaş: |