9.4. Assosiativ qaydaların axtarışı
Assosiativ qaydaların axtarışı analitik emal məsələləri içərisində ən populyarı hesab olunur. Məsələnin mahiyyəti çoxlu sayda obyektlər topluları içərisində tez-tez rast gələn topluları təyin etməkdən ibarətdir. Bu məsələ təsnifat məsələsinin xüsusi halıdır.
Əvvəllər bu məsələ alıcıların supermarketdə davranışlarının tendensiyasını analiz etmək üçün tətbiq edilirdi.Alıcıların aldıqları (səbətə yığdıqları) mallar haqqında verilənlər analiz edilirdi. Nəticədə bu məsələnin tez-tez rast gələn 2-ci adı formalaşdı: bazar səbətinin analizi (Basket Analysis). Bu verilənlərin analizi zamanı ən çox maraq kəsb edən aşağıdakı suallara cavab verilir:hansı mallar birlikdə və hansı ardıcıllıqda alınır, hansı kateqoriya alıcılar hansı mallara,hansı vaxt periodunda ustunluk verirlər və s. Bu cür informasiya malların satışını daha səmərəli planlaşdırmağa, reklam kampaniyasını daha yaxşı təşkil etməyə imkan yardır.
Assosiativ qaydaların axtarışı məsələsinin aktuallığı təkcə ticarətlə məhdudlaşmır. Məsələn, xidmət sahəsində müştərilərin hansı xidmətlərdən birlikdə istifadə etməyə üstünlük verilməsi maraq doğurur.Bu informasiyanı almaq üçün müştərinin müəyyən vaxt ərzində (ay,il) istifadə etdiyi xidmətlər haqqında verilənlərlə məsələ həll olunur. Alınan nəticələr müştəriyə təqdim edilən xidmətlər paketlərinin daha sərfəli tərtibinə kömək edir.
Bu məsələnin tibbdə tətbiqi də xeyli fayda verə bilər. Xəstələrdə müşahidə olunan xəstəlikləri və simptomları analiz etməklə hansı xəstəliklərin və simptomların birlikdə daha çox rast gəlməsini təyin etmək olar. Alınan nəticələrdən diaqnozun düzgün qoyulmasında istifadə oluna bilər
Analiz zamanı çox vaxt hadisələrin baş vermə ardıcıllığı maraq doğurur. Həmin ardıcıllıqla qanunauyğunluqlar aşkar edildikdə hadisələrin gələcəkdə rast gəlməsini müəyyən ehtimalla xəbər vermək olar. Bu isə daha düzgün qərarların qəbuluna kömək edər. Bu məsələ assosiativ qaydaların axtarışı məsələsinin bir növüdür və sikvensial (sequence-ardıcıllıq) analiz adlanır. Sikvensial analizin assosiativ qaydalar axtarışından əsas fərqi analiz edilən verilənlər obyektləri arasında ardıcıllıq əlaqəsinin nəzərə alınmasıdır. Bu əlaqə müxtəlif üsulla təyin edilə bilər. Hadisələrin vaxta görə ardıcıllığının analizi zamanı bu cür obyektlər kimi hadisələr götürülür, ardıcıllıq əlaqəsi isə onların baş vermə xronologiyasına uyğun gəlir.
Sikvensial analiz telekommunikasiya kampaniyalarında şəbəkənin muxtəlif qovşaqlarında baş verən qəzaların analizi üçün istifadə oluna bilər. Qəzaların baş vermə ardıcıllığı haqqında informasiya nasazlıqların aşkarlanmasına və yeni qəzaların qarşısının alınmasına kömək edə bilər.
Məsələn, əgər qəzaların (q) baş vermə ardıcıllığı
{q3, q1, q5, q9, q2,...........}
məlumdursa, onda q5 qəzasından sonra q9 qəzasının gözlənildiyini xəbər vermək olar.
Dostları ilə paylaş: |