.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
75
“
Bakı-2015” Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının “Gənc reportyorlar”
təşəbbüsünü dəstəkləyir
İlk dəfə keçiriləcək Avropa Oyunlarını işıqlandırmaq üçün 10 yazarın cəlb olunacağı “Gənc
reportyorlar” təşəbbüsünü reallaşdırmaq üçün “Bakı 2015" Oyunlarının təşkilatçıları Beynəlxalq İdman
Mətbuatı Assosiasiyası (AİPS) ilə səylərini birləşdirmişdir. Yeni innovativ proqram sayəsində dünyanın
perspektivli gənc idman jurnalistlərinə “Bakı-2015” birinci Avropa Oyunlarında işləmək imkanı
veriləcəkdir.
Avropanın müxtəlif ölkələrini təmsil edən beş qadın və beş kişi jurnalistdən ibarət qrup “Bakı-2015"
Oyunlarında təcrübəli idman reportyorları ilə yan-yana çalışmaq imkanı əldə edəcəkdir.
Azərbaycan Respublikasının gənclər və idman naziri, “Bakı-2015" Oyunlarının baş icraçı direktoru Azad
Rəhimov bildirmişdir ki, bu, istedadlı gənc jurnalistlərin dünyanın ən qabaqcıl idman reportyorlarının
təcrübəsini öyrənmələri üçün əvəzsiz imkandır. Tarixdə birinci dəfə keçiriləcək Avropa Oyunlarında işləmək
imkanı nadir şansdır. Əminəm ki, təcrübəli jurnalistlərlə çiyin-çiyinə işləmək nəticəsində əldə edilən təcrübə bir
çox gəncin karyerasında böyük təkan olacaqdır”.
“Bakı 2015"in yarışlardan sonra təlimli və təcrübəli işçi heyət kimi uzunmüddətli bir miras qoymaq vədinə
uyğun olaraq, seçiləcək on gənc reportyordan ikisi Azərbaycanı təmsil edəcəkdir.
Hazırda AIPS-ın Bakıda keçirilən 77-ci konqresində dünya idman məsələləri və irimiqyaslı tədbirlərin
işıqlandırılmasında medianın gələcəyi mövzuları müzakirə olunur.
Konqresdə AİPS-in prezidenti Canni Merlo bildirmişdir ki, potensiallı gənc jurnalistlərə bacarıqlarını inkişaf
etdirmək imkanı tanımaq üçün “Bakı 2015" ilə səylərimizi birləşdirməkdən olduqca məmnunuq. Gənc
jurnalistlərlə təcrübələrimizi bölüşmək, onlara bu qəbildən olan irimiqyaslı beynəlxalq idman tədbirlərində
çalışmaq üçün vacib biliklər qazanmaqda yardım etmək bizim üçün çox önəmlidir. Bu proqramın həyata
keçirilməsini və gənc istedadların təlimləndirilməsində ”Bakı 2015"in Əməliyyat Komitəsi ilə birgə işləməyi
səbirsizliklə gözləyirik.
AİPS daha əvvəllər də Bakıda gənc reportyorlar təşəbbüsünü uğurla həyata keçirmişdir. Dünya ölkələrindən
seçilmiş 20 jurnalistdən ibarət qrup 2012-ci ildə keçirilmiş “FİFA U-17" qadınlar arasında dünya çempionatında
yerli və beynəlxalq KİV nümayəndələri ilə yan-yana işləmişdir.
“Bakı-2015"in mətbuat əməliyyatları üzrə direktoru Ceyn Pears demişdir: ”AİPS-in “Gənc reportyorlar”
təşəbbüsü yüksək səviyyəli idman jurnalistikasının təqdim edilməsinin köhnə və qəbul olunan yoludur. Gənc
jurnalistlərin arzularını gerçəkləşdirməsinə kömək etmək üçün AİPS-in təcrübəli əməkdaşları ilə birgə
işləməkdən çox məmnunuq və onların ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunlarında çalışmaqdan razı
qalacaqlarına ümid edirik.
“Xalq qəzeti”.-2014.-1 may.-N 89.-S.5.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
76
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin yeni baş icraçı direktoru Saymon Kleq
ictimaiyyətə təqdim olunmuşdur
Britaniya Olimpiya Assosiasiyasının və İpsviç Şəhər Futbol Klubunun keçmiş baş icraçı direktoru
Saymon Kleq “Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru
vəzifəsinə təyin edilmişdir. O, bu posta Cim Şer vəzifəsindən getdikdən sonra təyin olunmuşdur. Mayın 8-
də BAOƏK-in inzibati binasında S.Kleq ictimaiyyətə təqdim olunmuşdur.
“Bakı-2015”ə hazırlığın yüksək səviyyədə getdiyini diqqətə çatdıran S.Kleq Azərbaycanda idmana göstərilən
dövlət qayğısını yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, dünyada çoxlu sayda irimiqyaslı turnirlər keçirilsə
də, Avropa Oyunları kimi yarışların keçirilməsi təcrübəsi yoxdur. Lakin bu bizim qarşımıza çətinliklər çıxarmır.
Çünki biz burada yeni ideyalar, yeni təşəbbüslər ortaya qoyuruq. “Bakı-2015”də qazanılacaq yeni təcrübələr
gələcəkdə bu tipli yarışların keçirilməsində istifadə ediləcəkdir.
Olimpiya Oyunlarının hazırlığına 7 il vaxt sərf olunduğunu diqqətə çatdıran natiq “Bakı-2015”in təşkil
olunması üçün 30 ay vaxt ayrıldığını söyləmişdir. Vurğulamışdır ki, bu tipli yarışların keçirilməsi üçün bir neçə
il tələb olunur. Amma buna baxmayaraq peşəkar komandanın çalışdığı “Bakı-2015”də işlər uğurla davam
etdirilir.
S.Kleq demişdir: “Avropa Oyunlarının keçirilməsi üçün müasir standartlara cavab verən məkanlar inanılmaz
dərəcədə sürətlə tikilir. Əminəm ki, bu məkanlar vaxtında təhvil veriləcəkdir. Ancaq burada yalnız sürət
məsələsi deyil, eyni zamanda, keyfiyyət məsələsi də nəzərə alınır. Azərbaycan belə məkanlar tikməklə
keyfiyyətə investisiya yatırmış olur. Çünki bu məkanlar uzun illər Azərbaycanda idmanın inkişafına öz töhfəsini
verəcəkdir”.
Azərbaycan idmançılarının “Bakı-2015”də yüksək nəticələr qazanacağına ümidvar olduğunu bildirən S.Kleq
birinci Avropa Oyunları zamanı nəqliyyatla bağlı problemin olmayacağını qeyd etmişdir. Bildirmişdir ki,
Avropa Oyunlarının keçirilməsi yay aylarına təsadüf edir. Yəni adətən yay aylarında insanlar istirahətə getdiyi
üçün şəhərdə sıxlıq azalır. Lakin yenə də şəhərdə fəal həyatın davam etdiyini nəzərə alaraq, biz nəqliyyat işlərini
də planlaşdırırıq. Hər hansı ciddi problemin meydana gələcəyini düşünmürəm.
Avropa Oyunları zamanı “İ-zona”ların fəaliyyət göstərəcəyini diqqətə çatdıran S.Kleq bunun bir yenilik
olduğunu diqqətə çatdırmışdır. Vurğulamışdır ki, yarışdan sonra idmançılar “İ-zona”larda toplaşacaq və KİV
nümayəndələri ilə rahat ünsiyyət qura biləcəklər.
S.Kleq “Bakı-2015”də təhlükəsizlik, otel, kommunikasiya və nəqliyyat baxımından heç bir problemin
olmayacağını demişdir.
Qeyd edək ki, birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən-28-dək olan tarixlərində keçiriləcəkdir.
Yarış 19 idman növünü əhatə edəcəkdir. Bunlardan 16-sı Olimpiya idman növü və üçü qeyri-olimpiya idman
növü olacaqdır. Altı mindən artıq idmançının mübarizə aparacağı “Bakı-2015”də səkkiz idman növü 2016-cı il
Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaqdır.
“Xalq qəzeti”.-2014.-9 may.-N 96.-S.9.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
77
“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinə kommunikasiya üzrə yeni direktor
təyin edilmişdir
Vilyam Luis-Mari “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) kommunikasiya üzrə
direktoru təyin olunmuşdur
“Bakı 2015”dən bildirmişlər ki, Vilyam Luis-Mari kütləvi informasiya vasitələrinin Avropa Oyunları
haqqında məlumatlılıq səviyyəsinin və dünyanın hər tərəfində yarışların işıqlandırılması dərəcəsinin
yüksəldilməsi məqsədi ilə kommunikasiya şöbəsinə rəhbərlik etmək üçün BAOƏK komandasına qoşulur.
Əslən fransalı olan Vilyam Luis-Mari əvvəlki Olimpiya Oyunları və Beynəlxalq Futbol Assosiasiyaları
Federasiyasının (FIFA) dünya çempionatına cəlb edilməsi də daxil olmaqla bir sıra qurumlarda yüksək səviyyəli
rəhbərlik təcrübəsinə malikdir.
O, BAOƏK-a 160 ölkədə fəaliyyət göstərən qabaqcıl multimedia qrupu “Trace TV”dən qoşulmuşdur.
Əvvəllər Vilyam Luis-Mari “Trace TV”də çempionlara həsr olunan yeni beynəlxalq kanal olan “Trace
Sports”un baş vitse-prezidenti vəzifəsini tutmuşdur.
BAOƏK-ın baş icraçı direktoru Saymon Kleq yeni təyinatla bağlı bildirmişdir ki, Vilyam Luis-Marinin
kommersiya sektorunda, kommunikasiya sahəsində çox mükəmməl və geniş təcrübəsi vardır. Bizim
kommunikasiya strategiyamızın həyata keçirilməsinə rəhbərlik etməsindən yararlanaraq, onun təcrübəsindən
istifadə etməliyik. Vilyam Luis-Marinin beynəlxalq nüfuzu və idmana məhəbbəti mövcud BAOƏK
komandasını çox gücləndirəcək və gələn ilin iyununda ilk Avropa Oyunlarının Bakı şəhərində uğurla
keçirilməsinə töhfə verəcəkdir.
Vilyam Luis-Mari “Trace TV”də “London-2012” Yay Olimpiya Oyunlarının layihə meneceri kimi fəaliyyət
göstərmiş, həmçinin “Atlanta 1996” Yay Olimpiya Oyunları və 1998-ci ildə Fransada keçirilmiş futbol üzrə
dünya çempionatında “Coca-Cola” şirkətinin Fransa üzrə kommunikasiya meneceri vəzifələrində işləmişdir.
Onun işlədiyi digər məşhur böyük idman qurumlarının sırasına Fransanın Olimpiya Komitəsi, “Tour de France”,
Fransanın İdman Federasiyası, beynəlxalq idman federasiyaları və digər tanınmış idman markaları daxildir.
Vilyam Luis-Mari təyinatla bağlı demişdir ki, mən “Bakı 2015” Avropa Oyunları komandasına qoşulmaq
kimi gözəl imkandan istifadə etdiyim üçün çox xoşbəxtəm. Belə bir istedadlı komandaya qoşulmaqdan qürur
duyuram və bu qabaqcıl tədbir haqqında qlobal miqyasda məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək
edəcəyimə ümid bəsləyirəm. Biz Azərbaycanı elit idman növlərinin keçirilməsi üçün gözəl məkan, eləcə də
müasir və dinamik Avropa ölkəsi kimi tanıtdırmaq istəyirik. Avropa Oyunları bütün qitənin və Azərbaycan
əhalisinin zövq alacağı idman bayramı olacaqdır.
Vilyam Luis-Marinin mayın 19-da Bakı şəhərinə gələcəyi və mayın 20-də vəzifəsinin icrasına başlayacağı
gözlənilir.
“Xalq qəzeti”.-2014.-20 may.-N 104.-S.9.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
78
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi ilə “Procter&Gamble” şirkəti arasında
tərəfdaşlıq müqaviləsi imzalanmışdır
Mayın 21-də “Fairmont Baku” mehmanxanasında “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi
(BEGOC) ilə “Procter&Gamble” (P&G) şirkəti arasında tərəfdaşlıq müqaviləsinin imzalanması
mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycanın turizm potensialı və “Bakı-2015”ə hazırlıqla bağlı videoçarx
nümayiş olunmuşdur.
Mərasimdə çıxış edən Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru, Azərbaycan
Respublikasının gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə
getdiyini diqqətə çatdırmış və bildirmişdir ki, Avropa Oyunlarının birinci rəsmi tərəfdaşı kimi “P&G” şirkətini
alqışlayıram. Ümid edirəm ki, bu əməkdaşlıq ümumi işimizə öz töhfəsini verəcək və hər iki tərəf üçün uğurlu
olacaqdır.
A.Rəhimov qeyd etmişdir ki, gələn həftə Kiprin paytaxtı Nikosiyada Avropa Olimpiya Komitəsinin
toplantısı keçiriləcəkdir. Həmin tədbirdə “Bakı-2015” ilə bağlı təqdimat olacaqdır. İştirakçılara Avropa
Oyunlarına hazırlıqla və idman infrastrukturu ilə bağlı məlumat veriləcəkdir.
Yaxın günlərdə ölkəmizdə Avropa Oyunlarına iki hazırlıq turnirinin keçiriləcəyini diqqətə çatdıran
A.Rəhimov, atletika və bədii gimnastika üzrə təşkil olunacaq yarışların əhəmiyyətindən danışmışdır.
Avropa Oyunları Əməliyyat Komitəsinin kommersiya məsələləri üzrə direktoru Çarli Vijeratna müqavilənin
əhəmiyyətini yüksək qiymətləndirərək qeyd etmişdir ki, P&G-nin böyük idman yarışlarına sponsorluq etmək
baxımından böyük təcrübəsi vardır. Beynəlxalq Olimpiya Komitəsi ilə tərəfdaş olan şirkətin “Bakı-2015” ilə
əməkdaşlığı bu mötəbər yarışın təşviqinə öz töhfəsini verəcəkdir.
Ölkəmizin satış bazarında P&G-nin özünə məxsus çəkisinin olduğunu diqqətə çatdıran Ç.Vijeratna, bu
əməkdaşlıq sayəsində “Bakı-2015”in bölgələrdə daha da populyarlaşmasına şərait yaradacaqdır.
P&G-nin Azərbaycan nümayəndəliyinin direktoru Tayqun Günay əməkdaşlıqdan məmnunluğunu ifadə
etmişdir. Şirkətin yaranma tarixi və fəaliyyətindən bəhs edən T.Günay onun Azərbaycanda həyata keçirdiyi
sosial yönümlü layihələr barədə məlumat vermiş və videoçarx nümayiş olunmuşdur.
Sonra Azad Rəhimov və Tayqun Günay tərəfdaşlıq müqaviləsini imzalamışlar.
Sonda üzərində “Bakı-2015”in loqotipi olan tort kəsilmişdir.
“Xalq qəzeti”.-2014.-22 may.-N 106.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
79
Bakı-2015 Avropa Olimpiya Oyunları üçün ilk sınaq yarışları
Bakı-2015 Avropa Oyunları bu həftənin sonunda Gənclərin Avropa Olimpiya Sınaq Yarışları (EYOT)
həyata keçirilən zaman özünün ilk sınaq yarışlarına ev sahibliyi edəcək.
Avropanın 700-dən çox ən güclü gənc idmançısının iştirak etdiyi yarış dünən start götürmüşdür. Atletlər üç
gün ərzində Tofiq Bəhramov adına Stadionda yarışacaqlar.
İştirakçılar yeni inşa olunmuş və gələn ilin yayında ilk Avropa Oyunlarında istifadə olunacaq Atletlər
kəndində məskunlaşmışlar.
Azərbaycan Respublikasının gənclər və idman naziri, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin
(BEGOC) baş icraçı direktoru Azad Rəhimov demişdir: "Mən Bakı şəhərinə gələn və Gənclərin Olimpiya
Oyunlarında iştirak etmək imkanı qazanmağa çalışan bu gənc idmançıları ürəkdən salamlayıram. Gənclərin
Avropa Olimpiya sınaq yarışları bizim komandamıza gələn ilin Avropa Oyunlarından öncə göstərəcəyimiz bir
sıra xidmətləri sınaqdan keçirmək üçün gözəl imkan yaradan möhtəşəm bir tədbirdir".
Bu ilin avqust ayında Çin Respublikasının Nankin şəhərində keçiriləcək Gənclərin Olimpiya Oyunlarında
iştirakını təmin etməyə çalışan 16 və 17 yaşlı idmançılar 36 idman növü üzrə yarışacaqlar.
Tofiq Bəhramov adına Respublika Stadionu Bakı - 2015 ilk Avropa Oyunlarında kamandan ox atma
yarışlarına ev sahibliyi edəcək.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq demişdir:
"Avropa Oyunlarında yarışlara ev sahibliyi edəcək hər bir obyekt gələn ilin yay aylarına kimi hərtərəfli ətraflı
şəkildə sınaqdan keçiriləcək, belə ki, biz bütün Avropanın iştirak etməyə can atacağı bir yarışın həyata
keçirilməsi üçün hazırlıq işlərimizi davam etdiririk.
Gələn ilin yayında keçiriləcək Avropa Oyunlarında 6 mindən çox atletə ev sahibliyi etməyə hazırlaşdığımız
üçün yarış iştirakçılarının Atletlər kəndində qalmasına imkan yaradılması da bizim üçün əhəmiyyətli bir
məsələdir".
Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə demişdir: "Atletika üzrə yeniyetmələr
arasında Avropa təsnifat turnirinin Azərbaycanda keçirilməsindən qürur hissi duyuram. Yerli təşkilat
komitəsinin üzvləri də Avropanın ən güclü gənc idmançılarını Bakıda salamlamaqdan məmnundurlar.
Möhtəşəm atletika yarışının uğurla həyata keçməsi üçün bu istiqamətdə biz BEGOC-un dəstəyi ilə əzmlə
çalışırıq".
“Azərbaycan”.-2014.-31 may.-N 113.-S.7.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
80
Avropa Oyunları öz miqyası, qeyri-adiliyi, gözəlliyi, kütləviliyi ilə seçilməyi bacaracaq
Azər Məhərrəmov: “Ölkə rəhbərliyinin idman sahəsində əldə etdiyi ən böyük uğurlardan biri də
Bakıda Avropa Oyunlarının keçirilməsinə nail olmaqdır”
“Bu, tarixdə ilk analoji yarış olacaq”
S. İsmayılbəyli
Azərbaycanın Triatlon Federasiyası (ATF) fəaliyyətinin 10 ayı dövründə bir sıra nailiyyətlər əldə edib.
Gənclər və İdman nazirliyi, eləcə də Milli Olimpiya Komitəsinin tövsiyyəsilə yaradılan bu qurum hazırda
Beynəlxalq və Avropa İttifaqlarında ən fəallardan biridir. Yığmanın idmançıları bir neçə iri reytinqli yarışlarda
mükafatlar qazanıb, yeniyetmələrdən ibarət komanda isə ilk beynəlxalq turnirdə ilk sınağını həyata keçirib. Ən
yaxın prioritet – 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına əsaslı hazırlaşmaqdır. Proqramına
triatlonun da daxil olduğu bu Oyunlarda habelə 2016-cı il Olimpiadasına lisenziyalar qazanmaq şansı verilir.
ATF direktoru Azər Məhərrəmov qarşıda duran vəzifələr barədə danışıb.
-Milli Triatlon Federasiyasının yaranmasından az vaxt keçsə də, bu vaxt ərzində əldə olunan nailiyyətlər
haqda bu gün danışmaq artıq mümkündür. Tam əminliklə demək olar ki, bizdə iki komanda mövcuddur – yığma
və yeniyetmələrdən ibarət. Birinciyə indiyədək cəmi 3 idmançı daxil idi – Rostislav Pevtsov, Kseniya
Levkovskaya və Aleksandr Yatsenko, amma bu günlərdə onların sırasına daha bir azərbaycanli idmançı qoşuldu
– Zaur Arkaniya. İlk üçlük çoxlu sayda təlim-məşq toplantılarında iştirak edib. Yığma sezona Kaliforniyada
açılış etdi. Burada idmançılar hazırlıq görməklə yanaşı Klermont şəhərində Panamerika Kubokunda iştirak etdi
ki, bu yarışda R. Pevtsov 7-c i nəticəni göstərdi. İlk beynəlxalq uğur isə komandaya Meksikada, La-Pas
şəhərindəki Panamerika Kubokunda elə R. Pevtsovun timsalında gəldi. Burada idmançımız 2-ci yeri tutdu. Bu
nailiyyət bizdə qürur hissi doğurur. Çünki bu, Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsinin
zəhməti və əməyi nəticəsində əldə olunan nəticədir. Kaliforniyadakı təlim-məşq toplanışlarından sonra yığma,
hazırlığı davam etdirmək üçün Kiprə yola düşdü. Larnakadakı toplanışlar çox önəmli idi. Ən azından ona görə
ki, burada qitənin ən öndə gedən idmançıları bir araya gələrək birgə məşqlər edirlər. Kiprdəki hazırlıqlar da öz
bəhrəsini verdi. Çində Asiya Kubokunda Rostislav Pevtsov gümüş medal və xüsusi kuboku qazandı. Triatletin
nailiyyətləri bizi sevindirməyə bilməz, çünki o, ən yüksək bacarıqlarını Azərbaycan yığmanın tərkibində
nümayiş etdirir. Buna sübut olaraq idmançının beynəlxalq yarışlar çərçivəsində ən mötəbər sayılan, Londonda
keçirilən Dünya seriyası mərhələsindəki nəticəsini də göstərmək olar. Sentyabr ayınadək Beynəlxalq Triatlon
Federasiyasının (İTU) bayrağı altında çıxış edəcək Rostislav burada 16 idmançı arasında finişə 11-ci gəldi. Özü
də bu atletlər dünya triatlonunda adını təsdiqləmiş, olduqca peşəkar olan şəxslər idi. Belə bir ulduzlu komanda
da 11-ci nəticə, R. Pevtsovun karyerasında ən yüksək nöqtə kimi qəbul etmək olar. Bu turnirdəki çıxışdan sonra
müxtəlif ölkələrin Triatlon Federasiyalarının üzvləri bizi təbrik edirdilər. Bu, sözsüz ki, bizim üçün çox xoş idi.
Rostislav hələ ki, dünyanin birinci onluğunda yer almasa da, Azərbaycan yığmasının tərkibində xeyli
nailiyyətlər əldə edə bilib. Bizim üçün bu, çox vacibdir. Axı, Federasiyamız da beynəlxalq arenada ilk
addımlarını atır. Buna görə ümidvarıq ki, Pevtsov Bakıda təşkil olunacaq Avropa Oyunlarında da özünü
göstərməyi bacaracaq və Olimpiada 2016-ya lisenziya uğrunda mübarizə aparacaq.
-Triatlonda idmançı bix çox vərdişlərə, xüsusiyyətlərə malik olmalıdır. Bura həm üzgüçülük, həm
velosport, həm də qaçış daxildir. Bu dissiplinlərin xüsusiyyətləri nədən ibarətdir?
-Məlumdur ki, triatlon, digər idman növlərilə yanaşı, çox bahalı idmandır. Bura həm velosiped qismində
texnika, müxtəlif ehtiyyat hissələri, onların təmiri üçün xüsusi təchizat daxil olmaqla yanaşı, həm də idman
geyimi, termokostyumlar daxildir. Bütün bunlar xarici ölkələrdən alınır. Ən yaxşılarını əldə edirik ki,
idmançıların xüsusi avadanlıq, idman alətləri, ekipirovka və s dair şikayətləri və sualları olmasın.
-Yeniyetmələrdən ibarət komanda ilə vəziyyət nə yerdədir?
-Ötən ilin sonunda biz yeniyetmələrdən ibarət komandanı formalaşdırdıq. Onun tərkibinə Nurlan Əliyev,
Elmir Yusifov, Orxan Heydərli, Sahib Salahov və Denis Karçaşkin daxildir. Onlar yaxşıların yaxşısıdır. Bu
idmançılar gözəl şəraiti olan Şağandakı Olimpiya kompleksində hər gün məşq edirlər. Orada hovuz da var,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
81
stadion da. Eləcə də triatlon üçün əldə etdiyimiz müvafiq avadanklıq, o cümlədən də velosipedlər mövcuddur.
Yəni idmançılarımızın məşqləri üçün bütün şərait yaradılıb ki, onlar öz yaşıdları arasında nəticələr əldə edə
bilsinlər. Bununla yanaşı, komanda Mingəçevirdə, Avarçəkmə Federasiyasının bazasında məşqlər ediblər. Yeri
gəlmişkən, bu Federasiyaya təşəkkürümüzü bildirmək istəyirəm. Elə isti və dost münasibətlərində olduğumuz
üzgüçülük, velosport və atletika Federasiyalarına da həmçinin. Bundan sonra biz gənclərimizi Antalyaya da
apardıq ki, burada da atletlərimiz Avropa Kuboku çərçivəsində bir neçə tədbirdə iştirak etdilər.
-Triatlon barədə danışanda bu idman növünün də təmsil olunacağı Avropa Oyunları mövzusundan
kənarda qalmaq mümkün deyil. Bu istiqamətdə hansı yeniliklər var, hansı məqamları açıqlaya
bilərsiniz?
-Yəqin ki, ölkə rəhbərliyinin idman sahəsində əldə etdiyi ən böyük uğurlardan biri də məhz Bakıda belə
mötəbər yarışların keçirilməsinə nail olmaqdır. Bəzən insanlar bu yarışların əhəmiyyətini tam dərk etmir.
Anlamır bu, dünya səviyyəsində hansı dərəcədə əhəmiyyətlidir. Dünyada Olimpiada zirvədirsə, Avropada da bu
oyunların əhəmiyyəti şəksizdir. Daha bir əhəmiyyətli məqam ondan ibarətdir ki, bu, tarixdə ilk analoji yarış
olacaq. Azərbaycanın hər il müxtəlif idman növləri üzrə yarışların keçirilməsinin öhdəsindən yüksək
peşəkarlıqla gəlməsini nəzərə alaraq, artıq indidən əminliklə demək olar ki, bu Avropa Oyunları öz miqyası,
qeyri-adiliyi, gözəlliyi, kütləviliyi ilə seçilməyi bacaracaq. Mən bunu tam əminliklə deyirəm. Çünki bu
istiqamətdə görülən səylər, bütün sahələrin sürətlə inkişafı göz qabağındadır. Avropa Oyunlarının Təşkilati
məsələləri üzrə bölməsi tam gücü ilə çalışır. Eyni zamanda biz Macarıstandan olan idman deleqatı Alpar Naqi
ilə bir çalışırıq. Bu şəxs triatlon üzrə yarışlarda əlaqələndiricidir. İndi son marşrutla əlaqədar iş gedir, yəni bura
start, könüllülərin yerləşdirilməsi, bu idman növünün bütün nüansları nəzərə alınaraq müvafiq işlərin görülməsi
üzərində proses gedir. Bildiyiniz kimi, triatlonda dissiplin üzgüçülüklə başlayır, daha sonra idmançılar 40 km
məsafəni velosipeddə qət etməlidilər. Sözsüz ki, onların yolu bizim şəhərin ən görkəmli və gözəl yerlərindən
salınacaq. Xüsusilə də Neftçilər prospektilə. Bütün bu yarış çox gözəl və möhtəşəm keçirilməlidir. Çünki bütün
dünyada onu televiziya ilə milyonlarla tamaşaçı izləyəcək. Azərbaycan ev sahibi qismində 4 idmançı üçün yerə
malikdir (iki qadın, iki kişi idmançı). Yəni müəyyən texniki məsələlər qalır ki, biz də onları tam həll etmək
məqsədilə Əməliyyat Komitəsilə (BEGOC) daim sıx təmasda oluruq.
Dostları ilə paylaş: |