MM-in dinc dövrdə hərbi vəziyyətə gətirilməsi üsulları və əhalinin köçürülməsi Köçürmə tədbirlərinin yerinə yetirilməsi fövqəladə hallarda əhalinin mühafizəsinin ən səmərəli üsullarından biridir.Köçürmə tədbirləri həm sülh dövründəki fövqəladə hallarda (təbii fəlakətlər, qəzalar və katastrofalar zamanı), həm də müharibə dövrünün fövqəladə hallarında (müasir kütləvi qırğın vasitələri işlədilərkən) əhalinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir.
Köçürmə (təxliyə) - adamların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əhalinin mütəşəkkil surətdə çıxarılıb (nəqliyyatda və piyada) təhlükəsiz rayonlarda (zonalarda) yerləşdirilməsi üzrə tədbirlər kompleksidir.Köçürmə tədbirləri əhalini təhlükəli sahələrdən (zədələmə ocaqlarından) təhlükəsiz rayonlara vaxtında çıxarmağa və bununla da fövqəladə halların təsirindən törəyən tələfatı maksimal dərəcədə azalmağa imkan verir.
Keçmiş müharibələrdə, xüsusən də Böyük Vətən müharibəsi və Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi dövründə köçürmə işləri geniş tətbiq edilmişdi. Hazırda, sülh dövründə Çernobıl atom elektrik stansiyasında (ÇAES) qəza ilə əlaqədar olaraq geniş köçürmə işləri aparılmış, bu stansiya ətrafındakı 30 km-lik zonadan, həmçinin Ukraynanın, Belorusiyanın və Rusiya Federasiyasının bir sıra yaşayış məntəqələrindən əhali çıxarılmışdır.Daşkənddə zəlzələ, Gürcüstanda daşqınlar, İsmayıllı rayonunda sürüşmə və digər fövqəladə hallarla əlaqədar da köçürmə işləri olmuşdur.Keçmişdə həyata keçirilən köçürülmə tədbirləri müasir dövrdəki müharibələr şəraitində nəzərdə tutulan köçürülmələrdən prinsipcə fərqlidir. Məsələn, I I Dünya müharibəsi zamanı əhali düşməndən əks tərəfdə yerləşən uzaq rayonlara köçürülürdü.
Müasir şəraitdə köçürülmə düşmənin nüvə zərbələri endirəcəyi ən çox ehtimal edilən şəhərlərdən və obyektlərdən əhalinin çıxarılıb bu şəhərlərin hər tərəfindəki bütün təhlükəsiz rayonlarda yerləşdirilməsini nəzərdə tutur.Köçürmə tədbirləri və fövqəladə hallar ehtimal olunan rayonlarda sülh və müharibə dövrlərində adamların həyatı və sağlamlığı üçün təhlükə yaranarkən qısa müddətdə ya qabaqcadan, ya da zədələyici amillər əhaliyə bilavasitə təsir göstərərkən dərhal yerinə yetirilməlidir.Köçürmə tədbirləri düşmən tərəfindən müasir adi silahlar və kütləvi qırğın vasitələri tətbiq edilməsi, həmçinin təbii fəlakətlər, güclü istehsalat qəzaları baş verməsi ehtimalları nəzərə alınmaqla çox variantlı planlaşdırılmalı, yaranmış vəziyyətdən asılı olaraq köçürmə işlərinin müxtəlif variantlarda yerinə yetirilməsi nəzərdə tutulmalıdır. Müharibə dövründəki fövqəladə hallarda (FH) köçürülmə bu məqsədlə görülən tədbirlər kompleksi daha böyük həcmli və geniş dairəsinə səciyyəvi olacaqdır.