Köçürülmənin mahiyyəti ondan ibarətdir ki, iri şəhərlərdən, vacib obyektlərdən və təhlükəli sahələrdən əhali əvvəlcədən çıxarılıb şəhərdənkənar zonadakı aztəhlükəli rayonlarda yerləşdirilir. Bunun sayəsində iri şəhərlərin əhalisinin sayı dəfələrlə azaldılır, şəhərlərdə qalan (vacib obyektlərdə işlədilən) adamların mühafizə qurğularında daldalandırılması işi yüngülləşir, müasir qırğın vasitələrinin təsirindən baş verə biləcək tələfatı maksimal dərəcədə azaltmaq imkanı yaranır.
Təhlükəsiz zona- düşmən basqını gözlənilən şəhərlərin və əlahiddə obyektlərin ətrafında ehtimal olunan dağıntı zonalardan və digər təhlükəli rayonlardan kənarda əhalinin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması üçün yararlı olan ərazidir.Əhalinin köçürüləcəyi nəzərdə tutulan şəhərlərdəki hər bir müəssisə, idarə, təşkilat, məktəb üçün təhlükəsiz zonada yerləşmə rayonu müəyyən edilir ki, bu rayon oraya köçürüləcək fəhlələrin, qulluqçuların və onların ailə üzvlərinin sayından asılı olaraq, bir və ya bir neçə yaşayış məntəqələrini əhatə edə bilər.İri şəhərlərdə işini davam etdirən müəssisələrin fəhlə və qulluqçuları təhlükəsiz zonada elə məsafədəki rayonlarda yerləşdirilməlidir ki, burada onların təhlükəsizliyi təmin edilsin, işə aparılması və dincəlmək üçün təhlükəsiz zonaya gətirilməsinə isə minimal (ən çoxu 4 saat) vaxt sərf edilsin.Bu zaman təhlükəsiz zona aşağıdakı şərtləri təmin etməlidir:
müasir qırğın silahlarının təsirindən dağıntı və daşqınlardan əhalinin etibarlı mühafizəsini:
müəssisələrin iş növbələrindəki işçilərin təhlükəsiz zonadan obyektə minimal vaxt sərf etməklə gətirilməsini;
MM qüvvələrinin zədələnmə ocağına yeridilməsi üçün əlverişli surətdə qruplaşdırılmasını;
lazımi gigiyena-sanitariya şəraitini.
Əhalinin köçürülməsi istehsalat-ərazi prinsipi üzrə təşkil edilir. Bu o deməkdir ki, bütün fəhlə və qulluqçuların, onların ailə üzvlərinin, ali məktəb tələbələrinin və orta ixtisas məktəbləri tələbələrinin, texniki-peşə və orta məktəb şagirdlərinin obyektlər üzrə təhlükəli rayonlardan çıxırılıb təhlükəsiz zonada yerləşdirilməsini nəzərdə tutur.Qismən köçürülmə hallarında ilk növbədə: internat məktəblərinin şagirdləri, uşaq evlərindəki uşaqlar, ali məktəb tələbələri, orta ixtisas məktəblərinin şagirdləri - bu məktəblərin professor-müəllim heyəti və onların ailə üzvləri ilə birlikdə, həmçinin qocalar evində yaşayan təqaüdçülər və onlara xidmət edən heyət təhlükəli rayonlardan çıxarılır. Belə əhalinin daşınması nəqliyyat vasitələrinin sülh dövründəki hərəkət cədvəllərini pozmadan, bütün nəqliyyat vasitələrindən istifadə etməklə yerinə yetirilir.
Əhalinin köçürülməsi işini bilavasitə yerinə yetirmək üçün köçürmə komissiyalarının qüvvələri ilə toplanış-köçürmə məntəqələri (TKM) açılır. Bu məntəqələr adətən, adamlar nəqliyyat vasitələrinə mindiriləcək meydançaların və yolların yaxınlığındakı məktəb, klub binalarında və başqa ictimai binalarda açılır. Müxtəlif əhali toplanış-köçürmə məntəqələrinə əvvəlcədən obyektlər üzrə təhkim edilir.Toplanış-köçürmə məntəqəsinə gələn əhali burada qeydə alınır. Sonra köçürüləcək əhali qruplara ayrılır: nəqliyyat vasitələrində aparılacaq adamlar: nəqliyyat vasitələrinin növləri üzrə qatarlar və avtomobil dəstələri üzrə, şəhərdən piyada çıxarılacaq adamlar isə piyada dəstələri üzrə qruplaşdırılır.Köçürmə zamanı ən lazımi şeyləri - paltar, ayaqqabı, alt paltarı, yataq ləvazimatı götürürlər.
Hər bir adam özü ilə həmçinin ərzaq və bir qədər içməli su götürməlidir, 2-3 günlük ərzaq götürürlər: tez xarab olmayan, saxlanması daha rahat olan və yeməzdən əvvəl hazırlanması (uzun müddət bişirilməsi) tələb olunmayan ərzaq növləri - konserv konsentrat, qurudulmuş çörək və s. məhsullar götürmək daha yaxşıdır.
Köçürülmənin müvəffəqiyyəti köçürülən əhalinin şəhərdənkənar təhlükəsiz zonalarda qəbul edilib yerləşdirilməsinin necə təşkil edildiyindən və həyata keçirildiyindən asılı olacaqdır. İcra hakimiyyəti başçıları əhalinin və müəssisələrin şəhərdənkənar zonalarda qəbul edilməsi və yerləşdirilməsinin əsas təşkilatçısıdır. Onlar bu işlərə kənd və qəsəbə icra hökumət nümayəndələri MM qərargahları, köçürmə komissiyaları, qəbuletmə və toplanış köçürmə məntəqələri, nəqliyyata mindirmə (yükləmə) və nəqliyyatdan düşürmə (boşaltma) stansiyaları (məntəqələri) vasitəsilə rəhbərlik edirlər.
Son olaraq onu qeyd etmək lazımdır ki,sülh və müharibə dövrlərindəki fövqəladə hallarda köçürmə işlərinin müvəffəqiyyəti-köçürülən əhalinin fəaliyyətindən,mütəşəkkil,intizamlı və şüurlu davranışından xeyli dərəcədə asılı olacaqdır.