Sibirdə təsərrüfat həyatı və Aqrar münasibətlər: Heyvandarlıq, ovçuluq və balıqçılıq,sonralar taxılçılıq yakutların həyatında mühüm yer tuturdu. XIX əsrin əvvəllərində yakutların əkin sahələri çox az idi. Getdikcə çoxalan vergilər yakut təsərrüfatını dağıdırdı. Xırda yakut təsərrüfatları iflas edib öz müstəqilliklərini itirir, toyonların təsərrüfatı iqtisadi cəhətdən güclənib varlanırdı. Yakutiyada təhkimçilik hüququ mövcud deyildi. İcma üzvləri feodallaramülkədarlara deyil, icmalara təhkim edilirdi. İcmalara həm də yarımfeodal elementlər knyaz və starşinalar təhkim olunurdular. Bununla belə nasleqlərə təhkim edilmənin özü xeyli dərəcədə şərti xarakter daşıyırdı. Müəyyən məsələlərlə bağlı olaraq (mübahisə, aztorpaqlılıq) yakutlar öz yaşadıqları icmalardan qohumları yaşayan başqa icmalara keçə bilərdilər. Onlar icmalarda varlı qohumlarının yanında yerləşib, biçənək yerlərini icarəyə götürə
bilərdilər.
XIX əsrin əvvəllərində yakut tacirləri hiss ediləcək dərəcədə gücləndilər. Ticarət vasitəçiliyi ilə knyazlar və starşinalar, varlı icma üzvləri də məşğul olurdu. Yakut tacirləri öz icmalarından aldıqları xəzi yüksək qiymətə Yakutskda yarmarkada satırdılar. Ciddi qadağalara baxmayaraq xəz alverçiləri tunqus və lamutların obalarına səfərlərə gedirdilər. 1822-ci il Nizamnaməsinin tətbiqindən sonra Yakutiyada yasakın məbləğinin artırılması məsələsi hökumət orqanlarının diqqət mərkəzində idi. Əsas məqsəd hökumətin gəlirlərinin artırılmasını təmin etmək idi. Bu məqsədlə 1826-cı ildə ikinci yasak komissiyası yaradıldı. Yakut vilayəti üzrə yasakın məbləği demək olar ki, 2 dəfə artırıldı. “Sərgərdanlar»” üçün daha çox vergi qoyuldu. Bu onunla izah edilirdi ki, “sərgərdan özgələr” “Nizamnamə” yə əsasən “köçəri” yakutlardan fərqli olaraq yasak istisna olmaqla bütün vergi və mükələfiyyətlərdən azad edilmişdi. Komissiya qərara aldı ki, “köçəri” və “sərgərdan” qəbilələrin bir hissəsi yasakı pulla ödəsin. Yakutiyadan toplanan yasak imperpator kabinetinə daxil olurdu. Bu dövrdə yasak başlıca olaraq pul formasında yığılsa da, ikinci yasak komissiyası daxil olan yasakın bir hissəsinin natural şəklində ödənilməsinə çalışırdı.
İkinci yasak komissiyasının topladığı iqtisadi materiallar yakutların təsərrüfat həyatı barəsində müəyyən məlumatlar verir. Heyvandarlıq başlıca olaraq mərkəzi rayonlarda təsərrüfatın aparıcı sahəsi idi. Şimalda balıqçılıq və ovçuluq böyük yer tuturdu. Taxılçılıq mərkəzi yakut uluslarında inkişaf edirdi. Yakutlar malik olduqları torpaq sahələrinə görə bir-birindən fərqlənirdi. Bu yakut uluslarında torpaq münasibətlərinə təsir etməyə bilməzdi. Torpağa olan tələbatın getdikcə atması əhalinin sıx yaşadığı yerlərdə yakutları boş olan torpaq sahələrinə can atmağa təhrik edirdi. Mərkəzi rayonlardan çıxan heyvandar yakutlar maldarlıq üçün əlverişli olan yerlərdə məskunlaşırdılar. Yakutları əkin sahəsi ilə təmin etmək üçün meşə sahələrinin təmizlənməsinə icazə verilmirdi. Bəzi bataqlıq sahələrinin qurudulması üçün kanalar çəkilirdi, göllər qurudulurdu. Hökümətin bir sıra cəhdlərinə baxmayaraq vilayətdəki yararlı sahələr qeyri-bərabər surətdə paylanmışdı. İri torpaq sahələri yenidən birinci dərəcəyə daxil olanların əlində cəmlənmişdi. Toyon təsərrüfatları varlandıqca sadə yakut təsərrüfatları var-yoxdan çıxır, varlılardan asılı vəziyyətə düşürdü. Vergilərin artması, yoxsulluq, toyon zülmü yoxsulların etirazlarına səbəb olurdu. Lakin bu etirazlar passiv formalarda olurdu. İflas edənlər doğma yerlərini tərk edir, adam yaşamayan yerlərə gedirdilər.
Rusiyada təhkimçilik hüququnun ləğv edilməsi ucqarlara kapitalist münasibətlərinin yol açması üçün şərait yaratdı. Yakutiyada capitalist sahibkarlığının inkişafına 40-cı illərdə aşkara çıxarılan Lena qızıl mədənləri böyük təsir göstərdi. 60- 70-ci illərdə mədənlərdə bir neçə yüz fəhlə işləyirdi. 70-90-cı illərdə Lena mədənlərində o dövr üçün yeni olan texnika tətbiq edilirdi.
1895-ci ildə, demək olar ki, Sibir dəmiryolunun çəkilişi ilə eyni vaxtda Bodaybinsk dəmiryolunun çəkilişi başlandı. 1896-cı ildə Lena mədənlərində 300 kvt. gücünə malik olan hidroelektrik stansiyası quruldu. 60-cı illərdə Lenada onlarla qızıl sənayesi kompaniyası yarandı.
XIX əsrin ikinci yarısında əkinçilik təsərrüfatları böyüyür, məhsuldarlıq yüksəlirdi. Kənd təsərrüfatında məhsuldarlığın artması və onun bazarla əlaqəsinin genişlənməsi muzdlu əməkdən geniş istifadə edilməsinə təsir edirdi. İrkutsk quberniyasında Yakut vilayəti ilə sərhəddə yerləşən mədənçıxarma sənayesinin inkişafı kənd təsərrüfatı məhsullarına tələbatı artırırdı. Ət, yağ və taxılın qiyməti xeyli yüksəlmişdi. Bu isə əkinçiliyin genişlənməsinə, mərkəzi rayonların əhalisinin böyük bir hissəsinin əkinçiliyə keçməsinə səbəb olurdu. 8 0 -ci illərin əvvəllərində Yakutiya vilayətində kartof əkini genişləndi. Əkinçiliyin rolunun artmasına, əkin sahələrinin genişlənməsinə baxmayaraq kənd təsərrüfatı texnikası primitiv idi. Torpağı becərmək üçün Sibir xışından istifadə edilirdi. Məhsulu əllə səpib yığırdılar. Yakut vilayətində XIX əsrin sonunda yakut təsərrüfatının əsasını heyvandırlıq təşkil edirdi. Torpaq və mal-qara yenə də son dərəcə qeyribərabər bölünürdü.Yakut kəndlilərinin 73%-ni təşkil edən yoxsul və ortabablar 1917-ci ilədək torpağın yalnız 45%-ə malik idilər.Bütün yakut təsərrüfatlarının cəmi 19%-i kifayət qədər mal-qara ilə təmin edilmişdi. 1893-cü ildə Yakutiya vilayətində bütün əkin sahələrinin 60 %-ni yakut əkin sahələri təşkil edirdi. 90-cı illərdə yakut təsərrüfatlarında dəmir kotanlardan və malalardan istifadə edilməyə başlandı.
XIX əsrin sonuncu rübündə Yakutiya vilayətində ayrı-ayrı capitalist toyon-qolçomaq təsərrüfatlarının yaranmasına baxmayaraq bütövlükdə Yakutiyada kiçik yarınatural təsərrüfatlar, feodal-partiarxal münasibətlər üstünlük təşkil edirdi. Şəhərlərdə əhali az idi. 1899-cu ildə Yakutiyanın beş şəhərində 8.324 nəfər, yəni vilayətin bütün əhalisinin 3,2%-i yaşayırdı, bunların 3.297 nəfəri yakut idi. XIX əsrin ikinci yarısında Yakutsk şəhərinin əhalisinin artmasına baxmayaraq yalnız inzibati-ticarət mərkəzi idi. 1862-ci ildə Yakutskda 2.963 nəfər, 1889-cu ildə 6.499 nəfər əhali vardı. Onlardan 2854 nəfəri yakut idi. 1889-cu ildə Yakutiya vilayətində şəhər əhalisinin 149 nəfəri (kiçik sənətkarlar, şəhər yoxsulları) meşşan silkindən olanlar, 1267 nəfər kazaklar, 517 nəfər dvoryanlar, 209 nəfər ruhanilər, 211 nəfər tacirlər, 210 nəfəri kəndlilər, 1.030 nəfəri sürgünlər idi.
Dostları ilə paylaş: |