7.1. Ədviyyat, bitki çayları və dərman bitkilərinin məhsulunun yığım vaxtı və üsulları Ədviyyat, bitki çayları və dərman bitkilərinin yetişməsi zamanı onların tərkibində
biokimyəvi proseslər gedir. Bu proseslər nəticəsində kimyəvi tərkibi və fiziki xassələri
dəyişir, sortun botaniki xüsusiyyətlərinə uyğun forma, ölçü, rəng, dad və ətir kəsb edir.
Yetişmə zamanı ədviyyat, bitki çayları və dərman bitkiləri kütləcə artır, ölçücə böyüyür.
Ədviyyat, bitki çayları və dərman bitkilərinin yetişməsi zamanı kimyəvi tərkibində gedən
dəyişikliklərin öyrənilməsi, məhsulun yığımının, saxlanılması və eləcə də emalının optimal
müddətinin düzgün müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Bu baxımdan yığım
dövrünün düzgün təyin edilməsi xüsusilə vacibdir. Yığım dövrü müəyyənləşdirilərkən
yığımdan sonra məhsulun yetişə bilmə qabiliyyəti nəzərə alınmalıdır.
Ədviyyat, bitki çayları və dərman bitkilərinin 4 yığım dövrü vardır. Bunlar ayrı-ayrı
bitkilərin məhsulunun yetişmə dövrü ilə bağlı olduğundan yetişmə dövrləri də adlanır. Yığım
(yetişmə) dövrləri aşağıdakılardır:
1. İstehlak üçün yığım dövrü. Bu dövrdə yığılan ədviyyat, bitki çayları və dərman
bitkiləri xarici görünüşünə, ətrinə, dadına və konsistensiyasına görə maksimum
keyfiyyətə malik olmalı, həmçinin forması, rəngi və ölçüsü sorta uyğun olmalıdır. Bu
dövrdə yeyilməyə yararlı tərəvəzi yığırlar.
2. Adi yığım dövrü. Bu dövrdə yığılan tərəvəzin tərkibində qidalı və dadlı maddələrin
əksəriyyəti toplanır. Məhsulun forma və ölçüsü müvafiq sorta uyğun olur. Lakin
kökmeyvənin keyfiyyəti (dadı, iyi, onun tərkibində şəkərlərin miqdarı,
konsistensiyası və sairə) tamamilə formalaşmır. Saxlanılma zamanı bu
kökmeyvələrdə yetişmə davam edir və istehlak dəyərinə malik olurlar.
3. Texniki yığım dövründə emal üçün istifadə olunacaq ədviyyat, bitki çayları və
dərman bitkiləri yığılır.