Balığın ümumi bədən uzunluğu başın ucundan quyruq üzgəclərinin ən uzun hissəsinin son nöqtəsinə qədər olan məsafədir. Quyruq üzgəcləri bir-birinə bərabər olarsa, son ölçü nöqtəsi quyruq üzgəcinin ən uzun şüalarının uclarını birləşdirən xəttin ortasında yerləşir.
Yan xətt bir çox balıqlarda sistematik əhəmiyyətə malikdir. Yan xətt orqanı balığın yanlarında olan borucuqlu pulcuqlardan təşkil olunmuşdur. Borucuqların sayı pulcuqların sayına uyğun gəlmədikdə, yan xətt pulcuqları və eninə pulcuqların sayı da nəzərə alınır.
Udlaq dişləri plakoid pulcuqların şəkildəyişməsi olub, adətən 5-ci qəlsəmə qövsü üzərində yerləşir. Qövsü kəsib dişlərlə birlikdə çıxarır, neçə cərgədə nə qədər diş yerləşdiyini sayırlar.