Ontogenez – (yunanca ontos - varlıq, mövcud olan) orqanizmin fərdi inkişafı, orqanizm yarandığı andan həyatının sonunadək məruz qaldığı morfoloji, fizioloji və biokimyəvi proseslərin birlikdə məcmuudur. Ontogenez terminini alman zooloqu E.Hekkel (1866) biogenetik qanunu isbat edərkən təklif etmişdir.
Ontogenez və filogenez arasındakı qarşılıqlı əlaqəni öyrənən E.Hekkel canlı orqanizmlərin mənşəyi və inkişafı qanunauyğunluqları haqqında təlimi davam etdirmiş, orqanizmlərin müxtəlif qrupları arasındakı genetik əlaqələri öyrənmiş, bu əlaqələri “nəsil ağacı” şəklində təqdim etməyə çalışmışdır. Ontogenez və filogenez arasındakı qarşılıqlı əlaqənin təsdiqini tapması biogenetik qanunun kəşf edilməsinin əsasını qoymaqla təkamül morfologiyasının öyrənilməsi sahəsində mühüm əhəmiyyətə malikdir.
XVIII əsrdə heyvan rüşeyminin inkişafı və inkişaf mərhələlərinin mürəkkəbliyi məlum olduqdan sonra Kilmeyer tərəfindən paralelizm təlimi işlənib hazırlanmışdır. Biogenetik qanunun kəşfindən sonra ibtidaidən aliyə qədər heyvanların rüşeyminin inkişafı öyrənilməyə başladı. K.Ber məməli heyvanların və insanların yumurta hüceyrəsini kəşf etmiş (1827), balıqların, suda-quruda yaşayanların, sürünənlərin və məməlilərin rüşeyminin inkişafını öyrənmiş, inkişafın mühüm mərhələsi olan blastulanı kəşf etmişdir. “Embrionların oxşarlığı” qanununu kəşf etməklə K.Ber embriologiya elminin əsasını qoymuş, rüşeymin inkişafı prosesində ardıcıl surətdə tip, sinif, dəstə, fəsilə, cins, növ, hətta fərdə məxsus əlamətlərin əmələ gəldiyini müəyyənləşdirmişdir. Rüşeymin üç qatından onurğalıların bütün əsas orqanlarının – xorda, beyin, onurğa beyni, göz, ürək, ağciyər, həzm kanalı, ifrazat və cinsi orqanların inkişafını tədqiq edərək bunların təsvirini vermişdir. Berin tədqiqatlarına görə rüşeymin inkişafının birinci mərhələsi embrionların oxşarlıq əlamətlərinin meydana çıxması, ikinci mərhələ bir çox növə məxsus əlamətlərin sistematik səviyyədə üzə çıxması, üçüncü mərhələ isə embrional divergensiyanın başlanmasıdır. Həlqəvi qurdların və molyuskların rüşeyminin spiral bölünməsi və inkişafın ilkin mərhələsi, o cümlədən sürfənin əmələ gəlməsi prosesi oxşardır. Dərisitikanlıların və bağırsaqtənəffüslülərin embrional inkişafı və sürfə mərhələsinin formalaşması prosesi bir-birinə çox oxşardır. Embrionların oxşarlığı qastrulyasiya mərhələsində daha aydın görünür, bu mərhələdə əzələ hissələri, onurğa, mərkəzi sinir sistemi, hiss orqanları, ifrazat sistemi və bağırsaqların əsası qoyulur. İnkişafın ilkin mərhələsi mürəkkəbliyi və korrelyasiya sisteminin formalaşması ilə müşaiyət olunur.
Orqanizmdaxili proseslərin və xarici amillərin qarşılıqlı təsiri fərdi inkişafı və növün sonrakı təkamülünü təmin edir. Blastomerlər on dəfə, yüz dəfə bölünür, bölünmüş bu hissələr orqan və toxumalara başlanğıc verir. Rüşeym hüceyrələrinin müxtəlif orqan və toxumalara başlanğıc verməsi diferensasiya adlanır. Diferensasiya etmiş hüceyrələrdən orqan və toxumaların əmələ gəlməsi morfogenez (forma, struktur və böyümə) adlanır. Bu orqan və toxumalar da öz növbəsində dəfələrlə bölünür və dəyişilir. İlkin mərhələdə rüşeymin blastomerlərinin dəyişkənliyi orqanizmin inkişaf yolunu dəyişə bilər, ontogenezdə mərhələnin bölünmə və dəyişilmə vaxtı çox dəqiq ölçülür. Embrional dəyişkənliyin ilkin mərhələdə çox da ciddi olmayan təsiri embrional korrelyasiya sisteminin normal getməsinə mane olmur. Təkamül prosesində ontogenezin sonrakı mərhələləri ilkin mərhələyə nisbətən daha tez dəyişilir, ümumiyyətlə quruluşun dəyişməsi ontogenezin dəyişilməsi vasitəsilə baş verir (şəkil 25).
Ontogenezin təkamülü ancaq rüşeym və sürfədə əmələ gələn təkamül xarakterli dəyişikliklərdən ibarət deyil, yetkin orqanizmin təkamülündə formaəmələgəlmə mərhələlərində də dəyişilmələr baş verir. Dəyişkənlik ontogenezin hər bir mərhələsində baş verə bilər, əmələ gələn morfofizioloji dəyişkənlik filogenetik əhəmiyyət daşıyarsa bu hadisə filoembriogenez adlanır.
A.N.Severtsov orqanizmin yetkin halda dəyişilməsinə ontogenezdə baş verən dəyişkənliyin səbəb olduğunu göstərmiş, bu dəyişkənliyin hansı mərhələdə və nə üçün əmələ gəldiyini üç tipə bölmüşdür:
1)anaboliya – orqan və formaəmələgəlmənin (quruluşun formalaşması prosesi) son mərhələsində özünü büruzə verən təkamül dəyişmələridir. Anaboliya embriogenezin daha mürəkkəb mərhələsi olub ontogenetik yekunlaşma və böyümə ilə başa çatır. Dəniz xoruzu adlanan balıq növündə (Trigla pastinaca) döş üzgəcləri digər balıqlarda olduğu kimi inkişaf edir, sonradan anaboliya nəticəsində üç şüa bir-birindən ayrılır, şüalar bu cinsin taksonomik əlamətlərindən biri kimi xarakterizə olunan barmaqşəkilli çıxıntıya çevrilir.
2)deviasiya – orqan və quruluşun formalaşmasının orta mərhələsində təzahür edən təkamül dəyişmələridir. Sürünənlərdə pulcuqların inkişaf xüsusiyyətində özünü büruzə verir, embriogenezdə birləşdirici toxuma epidermisin altında toplanır, deviasiya nəticəsində sümükləşmə əvəzinə buynuzlaşma baş verir.
3)arxallaksis – orqan və quruluşun ilkin inkişaf mərhələsində özünü büruzə verən təkamül dəyişmələridir. Spermatozoid və yumurta hüceyrənin mayalanmasından sonra əmələ gələn rüşeymin inkişafının ilkin mərhələsində orqanların əsası qoyulan zaman müşahidə olunur, nəslin əcdaddan uzaqlaşması baş verir. İlanlarda fəqərələrin, bəzi balıqlarda üzgəclərin, məməlilərdə dişlərin sayının artması arxallaksisin nəticəsidir. Bir çox sümüklü balıqlarda qarın üzgəclərinin döş üzgəclərinə çevrilməsi arxallaksisin təzahürüdür.
Embrional inkişafda əlamətlərin təkrar olunması rekapitulyasiya adlanır. Rekapitulyasiya mürəkkəb prosesdir, tarixi inkişafın formaəmələgəlmə prosesini əks etdirən, fərdi inkişafda uzaq və ya yaxın əcdadların yetkin orqanizm üçün xarakterik olan və ya təkamül prosesində itirilmiş əlamətlərin təkrar olunmasıdır. Rekapitulyasiya A.Severtsovun filoembriogenez nəzəriyyəsində şərh edilmiş, İ.Şmalhauzen tərəfindən işlənmişdir. Rekapitulyasiya orqanizmdə mürəkkəb korrelyasiyalar sisteminin, qarşılıqlı əlaqədə olan orqan və strukturların inkişaf xüsusiyyətlərində təzahür edir. Embrion oxşarlığı ilkin inkişaf üçün xarakterikdirsə, rekapitulyasiya son mərhələlər üçün xarakterikdir. E.Hekkel biogenetik qanunu məhz rekapitulyasiya səviyyəsində şərh etmişdir. Hekkelə görə ontogenez filogenezin sürətli və qısa təkrarından ibarətdir, lakin bu şərh orqanizmlərin təkamül prosesində əmələ gələn morfofizioloji dəyişkənliklərini kifayət qədər izah edə bilmir.
Əcdad əlamətlərinin rekapitulyasiyası formaəmələgəlmənin son mərhələsinin – anaboliyaların nəticəsidir, rekapitulyasiyanın pozulmasına isə deviasiya, xüsusən də arxallaksislər səbəb olur.
Rekapitulyasiya təkamül morfologiyası və müqayisəli embriologiya elmlərinin nailiyyətləri arasında xüsusi yer tutur. Rekapitulyasiya hadisəsi heyvanların sistematikasının tərtibində, onların təsnifat mövqeyinin müəyyən edilməsində istifadə olunur. A.O.Kovalevski (1866) assidilərin (Ascidiae) təsnifat mövqeyini və mənşəyini onların embrional inkişafını izləməklə müəyyənləşdirmişdir. Kovalevskinin müşahidələrinə əsasən assidinin yumurtasından quruluşuna görə xordalılara oxşar, suda sərbəst üzən quyruqlu sürfə çıxır. Sürfə yetkin fərddən kəskin fərqlənir, bir neçə saat suda üzdükdən sonra bədənin ön tərəfində olan sormaclar vasitəsilə dibdə substrata yapışır, reqressiv metamorfoz keçirir. Assidinin sürfəsində quyruq hissə, sinir borusu və əzələ hüceyrələri ilə birlikdə xorda itir. Tədricən sinir borusunun arxa hissəsindən sinir düyünü inkişaf edir, udlaq genişlənir, udlaq divarlarında olan qəlsəmə yarıqlarının sayı artır, bağırsaq, qan-damar sistemi, cinsi vəzlər, ağız və kloaka sifonu əmələ gəlir, sürfə assidiyə çevrilir. Sürfə quruluşuna görə suda üzən əcdadlarının əlamətlərini təkrar edir. Rekapitulyasiya hadisəsi assidilərin təsnifat mövqeyinin müəyyən olunmasını təmin edir.
Dostları ilə paylaş: |