Müasir dünyada əhalinin məşğulluğu istənilən ölkənin qarşısında duran ən aktual problemlərdən biridir. Yenicə bazar iqtisadiyyatı yolu seçmiş Azərbaycan kimi ölkələrdə bu problem özünü daha qabarıq şəkildə büruzə verir.
Əmək qabiliyyətli əhali hər bir ölkənin əmək ehtiyatlarını təşkil edir. Konkret tarixi-iqtisadi şəraitdə bir sıra sosial-iqtisadi, bioloji və sair şərtlərdən asılı olaraq, əmək ehtiyatlarına ölkə əhalisinin müəyyən fəaliyyət dairəsində işləmək üçün fiziki və zehni qabiliyyətlərinin məcmuusuna, yəni müəyyən fiziki inkişafa, sağlamlığa, təhsilə, bacarığa, mənəvi keyfiyyətlərə, ixtisasa, peşə hazırlığı və mədəniyyətə malik olan hissəsi daxildir
Hər bir ölkənin tarixi və iqtisadi şəraiti daim dinamikada olduğundan əmək ehtiyatlarının miqdarı sabit kəmiyyət olmayıb, bu və ya digər ölkədə yaşayan əhalinin sayı, tərkibi, yaş-cins quruluşu, həmin ölkənin malik olduğu istehsal üsulu, təsərrüfat quruluşu və tarixi-iqtisadi şəraitdən asılıdır. Buradan belə nəticəyə gəlmək olar ki, istənilən ölkədə məşğulluq problemini də birdəfəlik həll etmək mümkün deyildir və hər bir konkret tarixi-iqtisadi şəraitdə məşğulluğun tənzimlənməsinə ehtiyac vardır.
Məşğulluq - insanın ictimai istehsalda iştirakı, iş qüvvəsinin istehsal vasitələri ilə bilavasitə birləşməsi, istehsalın şəxsi və əşya amillərinin cəmiyyətin vahid məhsuldar qüvvələrində təşkilidir. İnsanlar istehsal vasitələri ilə birləşərək öz aralarında müəyyən münasibətlərə girirlər.
Məşğulluq məcmu ictimai məhsulun təkrar istehsalı prosesində iştirak edən (bilavasitə və ya dolayı yolla) insanlar arasında meydana çıxan istehsal münasibətlərini təcəssüm etdirir. Bu münasibətlər, hər şeydən əvvəl, özünü əməyin nəticələrinin mənimsənilməsində, istehlakda büruzə verir ki, bu da məşğul olanların həyat səviyyəsini müəyyənləşdirir. Məşğulluğun ardınca istehsal, bölgü, mübadilə, istehlak gəlir. Beləliklə, məcmu ictimai məhsulun təkrar istehsalı ilə bağlı olan bütün istehsal münasibətləri bilavasitə məşğulluqla bağlıdır.
Məşğulluq ictimai istehsalın kateqoriyasıdır. Əgər fərd yalnız öz istehlakı üçün məhsul istehsal edirsə və ya hər hansı xidməti həyata keçirirsə, o, cəmiyyətlə istehsal münasibətlərinə girmir, məcmu ictimai məhsulun təkrar istehsalı prosesində iştirak etmir. O yalnız özü üçün işləyir. Yox əgər fərdin istehsal etdiyi məhsul (həyata keçirdiyi xidmət) ictimai tələbatı ödəməyə yönəlibsə və ictimaiyyət tərəfindən qəbul edilirsə, onda o cəmiyyət üçün məşğuldur, onun əməyi isə bilavasitə ictimai xarakter alır. Buradan belə nəticəyə gəlmək olar: şəxsi yardımçı təsərrüfatda çalışmaq və ya fərdi əmək fəaliyyəti o zaman məşğulluq kimi qəbul edilə bilər ki, əməyin nəticəsinin bu və ya digər hissəsi cəmiyyətin digər üzvlərinə reallaşdırılsın.
Ölkədə məşğulluğun səviyyəsini müəyyən etmək üçün öncə əmək ehtiyatlarının miqdarını dəqiqləşdirmək lazımdır. Hal-hazırda Azərbaycanda əmək ehtiyatlarının tərkibinə 16-65 yaşlı kişilər və qadınlar daxil edilir (qeyd etmək lazımdır ki, Beynəlxalq Əmək Təşkilatının tövsiyyələrinə əsasən beynəlxalq aləmdə bu göstərici qadın və kişilərə fərq qoyulmadan 16-54 yaş həddində qəbul edilməlidir). Bu yaş qruplarına daxil olan I və II qrup əmək və müharibə əlilləri, müəyyən güzəştlər və qocalığa görə təqaüd aldığından işləməyənlər əmək ehtiyatlarına daxil edilmir. Eyni zamanda mülkiyyət formasından asılı olmayaraq müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyən 65 və yuxarı yaşda kişilər və qadınlar və 16 yaşınadək yeniyetmələr əmək ehtiyatlarına daxil edilir.
Məşğulluq haqqında Azərbaycan Respublikası qanununun 3-cü maddəsinə görə məşğul şəxslərə aşağıdakılar aid edilir: muzdla işləyən, o cümlədən əmək müqaviləsi (kontraktı) ilə tam və ya tam olmayan iş vaxtı ərzində haqq müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi (xidməti) olanlar;sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar;haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər;Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edənlər;əmək qabiliyyətinin müvəqqəti itirilməsi, məzuniyyət, ixtisasartırma, tətil, istehsalatın dayanması və ya başqa səbəblər ilə əlaqədar iş yerində müvəqqəti olmayanlar;Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.
Qeyd edilən qanuna görə işi və ya qazancı olmayan, işə başlamağa həzır olub, müvafiq icra hakimiyyəti orqanlarında iş axtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxslər işsiz vətəndaş hesab edilir. Bu qanuna görə işsiz vətəndaşların, müəyyən şərtlər daxilində, işsiz statusu almaq hüququ vardır. İşsiz statusu almaq hüququ olmayan vətəndaşlar aşağıdakılardır:15 yaşına çatmayanlar; pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiyalar istisna olmaqla) hüququ qazanmış vətəndaşlar; qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədi ilə üzürsüz səbəbdən müvafiq icra hakimiyyəti orqanına gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlər (vətəndaşa eyni iş təkrarən təklif oluna bilməz); ilk dəfə işaxtaranlar; azadlıqdan məhrum etmə cəzasını çəkənlər.İşaxtarana müəyyən olunmuş qaydada işsiz statusu verilmədiyi halda, onun bir aydan sonra təkrarən işsiz statusu almaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ vardır.
Ancaq çox qəribədir ki, qanunun 4.5.4-cü maddəsinə görə ilk dəfə iş axtaranların işsiz statusu almaq hüququ yoxdur?! Orta məktəbi bitirib ali məktəblərə daxil ola bilməyən, hərbi xidmət yaşı çatmayan və ya hərbi xidmətdən möhlət hüququ olan, habelə ali məktəbi istehsalatdan ayrılmaqla bitirən və əvvəllər heç bir yerdə işləməmiş minlərlə gəncin yaşadığı ölkədə işsiz statusunun alınmasına bu cür məhdudiyyətin qoyulması, fikrimizcə, məqbul hesab edilə bilməz.
Əhalinin məşğulluğunun səviyyəsini artırmaq üçün öncə məşğulluğun mövcud səviyyəsi müəyyən edilməlidir. Beynəlxalq Əmək Təşkilatı (BƏT) əhalinin məşğulluq səviyyəsinin müəyyən edilməsi üçün əhalinin ümumi sayında "iqtisadi fəal əhalinin xüsusi çəkisi" göstəricisindən istifadə edilməsini tövsiyyə edir. Bu tövsiyyəyə əsasən "iqtisadi fəal əhaliyə (iş qüvvəsinə)" hesablama aparılan anda mövcud olan məşğul əhali və işsizlər aid edilir. Bu zaman məşğul əhaliyə uçot aparılan anda hər iki cinsdən olan 15 və yuxarı yaşda, habelə kiçik yaşlı aşağıdakı şəxslər aid edilir:
• tam və natamam iş vaxtı şəraitində haqq müqabilində, habelə öz fəaliyyətinə görə bilavasitə, gəlirin alınması müddətindən asılı olmayaraq müstəqil və başqa vətəndaşların yanında muzdla işləyənlər;
• ailə müəssisələrində haqq almadan iş yerinə yetirən şəxslər.
Aşağıdakı səbəblər üzündən müvəqqəti olaraq işləməyənlər də məşğul olanlara aid edilir: xəstələndiyinə və zədələndiyinə görə; xəstə qohumlarına qulluq etdiyinə görə; növbəti məzuniyyət və istirahət günlərinə görə; istifadə edilməyən məzuniyyət günlərinin, iş vaxtından artıq və ya bayram (istirahət) günlərində işlənən günlərin əvəzinə verilən günlərə görə; xüsusi qrafik üzrə gördüyü işlərə görə; ehtiyatda olduğuna görə; hamiləliyə, doğuma və körpə uşağa baxdığına görə; qanunla verilən məzuniyyət günlərinə görə; iş yerindən kənarda təhsil aldığına və yenidən hazırlıq kursu keçdiyinə görə tədris məzuniyyəti günlərinə görə; müdiriyyətin təşəbbüsü ilə haqqı ödənilən və ya ödənilməyən məzuniyyət günlərinə görə; tətil və bu cür başqa səbəblər üzündən işdə olmadığı günlərə görə.
Fikrimizcə, Azərbaycan şəraitində, əmək qabiliyyətli əhalinin işlə təmin edilmə səviyyəsini müəyyən etmək üçün "məşğulluğun səviyyəsi" göstəricisindən istifadə etmək daha məqsədəuyğundur. Məşğulluq səviyyəsi isə Məşğulluq haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə uyğun məşğul olan şəxslərin sayının (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər çıxılmaqla) əmək qabiliyyətli əhalinin ümumi sayına bölünməsi yolu ilə hesablana bilər. Qeyd edilən qanuna görə istehsalatdan ayrılmaqla təhsilə cəlb edilmiş əmək qabiliyyətli şəxslər düzgün olaraq məşğul şəxs hesab edilmədiyindən məşğulluğun səviyyəsi hesablanarkən bu kateqoriyaya aid olanlar nəzərə alınmamalıdır.