Məzmununa görə ümumi mülkiyyətin iki növü fərqləndirilir: Paylar məlum olan ümumi mülkiyyət (paylı mülkiyyət);
Paylar məlum olmayan ümumi mülkiyyət (birgə mülkiyyət).
Ümumi mülkiyyətin növləri arasındakı fərq ondan ibarətdir ki, paylı ümumi mülkiyyətdə iştirak edən hər bir şəxsin payı əvvəlcədən məlum olur. Birgə ümumi mülkiyyətdə isə iştirakçıların payı məlum olmur.
Paylar məlum olan ümumi mülkiyyətin iştirakçılarının payları bərabər və yaxud qeyri-bərabər ola bilər. Mülki Məcəllənin 214-cü maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən, təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər.
Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir.Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
Paylı mülkiyyətdə hər bir iştirakçı öz payını bağışlama, mübadilə, satma yolu ilə özgələşdirmək hüququna malikdir. Lakin pay satılarkən qalan iştirakçılara həmin payı almaq üçün üstünlük verilir. Paylı ümumi mülkiyyətin hər bir iştirakçısı öz payını ümumi əmlakdan ayırmağı tələb etməyə haqlıdır. Əmlakı onun təsərrüfat təyinatına zərər yetirmədən bölmək mümkün olmadıqda payın əvəzi pulla verilir.
Ümumi mülkiyyətin ikinci növü birgə mülkiyyətdir. Birgə mülkiyyət dedikdə, əmlak üzərində bir neçə şəxsin paylar məlum olmayan mülkiyyəti başa düşülür. Birgə mülkiyyətin də iki növü fərqləndirilir:
Kəndli (fermer) təsərrüfatı üzvlərinin birgə mülkiyyəti. Ər-arvad və yaxud kəndli (fermer) təsərrüfatı üzvləri mülkiyyət hüququnu - sahiblik, istifadə və sərəncam hüququnu öz aralarında razılığa əsasən, həyata keçirirlər. Birgə mülkiyyət hüququna əşyanın (əmlakın) özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir.