Birincisi, vətəndaşlar arasındakı şəxsi etibar münasibətləri bu cür mülkiyyətin yaranma şərti kimi çıxış edir. Şəxsi etibar münasibətləri nikaha girmək (ər-arvadın mülkiyyəti), kirayəçi ilə birlikdə yaşamaq və onun ailə üzvünə daxil olmaq (özəlləşdirilmiş mənzillərin ailə üzvlərinin ümumi birgə mülkiyyəti) kimi faktlara əsaslanır,
ikincisi, ümumi birgə mülkiyyət hüququnun subyekti rolunda yalnız vətəndaşlar çıxış edə bilərlər. Mülki hüququn digər subyektlərinin — dövlətin, bələdiyyələrin və hüquqi şəxslərin ümumi birgə mülkiyyət hüququnda subyekt qismində iştirakı istisna edilir. Ümumi birgə mülkiyyət bu cür subyekt tərkibi ilə (dövlət, bələdiyyələr və hüquqi şəxslər), ümumiyyətlə, əmələ gəlmir.
Üçüncüsü, birgə mülkiyyətdə paylı mülkiyyətdən fərqli olaraq, qabaqcadan paylar müəyyənləşdirilməmiş (naməlum) olur. Yalnız pay birgə mülkiyyətdə olan ümumi əmlak bölündükdə və ya ondan pay ayrıldıqda müəyyən edilir.
Dördüncüsü, birgə mülkiyyət paylı mülkiyyətdən fərqli olaraq, yalnız qanunda nəzərdə tutulan hallarda yaranır. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MM-in 213-cü maddəsinin 3-cü bəndi). Bu normadan belə çıxır ki, birgə mülkiyyətin növləri, onun əmələ gəlmə əsasları, habelə mülkiyyətçilərin dairəsi qanunla müəyyən edilir. Beşincisi, ümumi birgə mülkiyyət paysız mülkiyyətdir. Ona görə bəzi vaxt onu paysız mülkiyyət adlandırırlar.
Paylar yalnız ümumi əmlak bölündükdə və ya ondan pay ayrıldıqda müəyyən edilir. Paylar həm bərabər, həm də qeyri-bərabər ola bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır (MM-in 223-cü maddəsinin 3-cü bəndi). Bununla mülki qanunvericilik payların bərabərliyi prezumpsiyasını müəyyən edir. Belə ki, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması zamanı, əksi sübut olunana kimi, paylar bərabər hesab edilir.
5. Ümumi mülkiyyət hüququnun əmələ gəlmə əsasları Şəxslər müxtəlif üsullarla ümumi əmlak üzərində ümumi mülkiyyət hüququ əldə edə bilərlər. Bu üsullar həm ilkin, həm də törəmə üsullar ola bilər. Ümumi mülkiyyət hüququnun əldə edilməsinin ilkin üsulları müxtəlif hüquqi faktlardır ki, buraya aiddir; ümumi əşyanın iki və daha çox şəxs tərəfindən yaradılması, hazırlanması; ümumi əşyanın birgə emalı (MM-in 188-ci maddəsi); birgə tapıntı (MM-in 186-cı maddəsi); şəxsin başqa şəxsə məxsus olan torpaqda və tikintidə dəfinə aşkar etməsi (MM-in 187-ci maddəsi); əldə etmə müddətinə əsasən mülkiyyətçisi olmayan daşınar əmlaka birgə sahiblik (MMin 181-ci maddəsi, 4-cü bənd); iki və daha artıq şəxsin torpaq sahəsində bina, ev, tikili və digər daşınmaz əmlak yaratması (MM-in 240-cı maddəsi).
Ümumi mülkiyyət hüququ müxtəlif törəmə üsullarla da əmələ gələ bilər. Əsas törəmə üsul mülki-hüquqi əqdlərdir. Məsələn, iki və ya bir neçə şəxsin alqı-satqı, bağışlama, dəyişmə və s. müqavilələr əsasında əmlak əldə etməsi bu üsula misaldır. Ümumi mülkiyyət hüququnun əmələ gəlmə üsullarından biri vərəsəlikdir. Həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsəlik miras əmlakın bir neçə vərəsənin ümumi mülkiyyətinə keçməsi üçün əsas ola bilər.
Ümumi mülkiyyət hüququnun əldə edilməsi əsaslarından biri kəndli (fermer) təsərrüfatının yaradılması (dövlət qeydiyyatına alınması) və təsərrüfatın aparılmasıdır. Kəndli (fermer) təsərrüfatının əmlakı ümumi mülkiyyət hüququ əsasında təsərrüfatın bütün üzvlərinə məxsusdur.
Nikah ümumi mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Belə ki, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak onların ümumi mülkiyyəti hesab edilir.
Ümumi mülkiyyət hüququnun yaranmasını şərtləndirən əsaslardan biri şəxsin kirayəçinin ailə üzvü olması və onunla birgə yaşamasıdır. Məsələn, özəlləşdirilən mənzilə kirayəçi ilə onun ailə üzvünün ümumi mülkiyyət hüququ əmələ gəlir.