4. Ümumi mülkiyyət hüququnun subyektləri Ümumi mülkiyyət hüququ üçün subyektlərin çoxsaylı olması əlaməti xarakterikdir. Bu subyektlər ümumi mülkiyyətin iştirakçıları adlanır. Ümumi mülkiyyət münasibətlərində subyekt rolunda çıxış edən iştirakçılara ümumi mülkiyyətçilər (həmmülkiyyətçilər) deyilir. Ümumi mülkiyyət münasibətləri mülkiyyət hüquq münasibətlərinin hər hansı subyektləri arasında əmələ gələ bilər. Məsələn, belə mülkiyyət münasibətləri iki nəfər vətəndaş arasında və ya iki hüquqi şəxs arasında yarana bilər.
Qarışıq ümumi mülkiyyət münasibətlərinin əmələ gəlməsinin mümkünlüyü istisna edilmir. Belə halda münasibətlər eyni kateqoriya subyektlər arasında yox, müxtəlif kateqoriya subyektlər arasında meydana gəlir. Məsələn, vətəndaşlar və hüquqi şəxslər və ya hüquqi şəxslər və dövlət və ya vətəndaşlar və dövlət ümumi əmlakın ümumi mülkiyyətçiləri ola bilərlər. Belə təsəvvür yaranır ki, ümumi mülkiyyət münasibətləri mülkiyyət hüququnun istənilən subyektləri arasında əmələ gəlir. Sovet qanunu isə ümumi mülkiyyət münasibətlərinin dövlət və vətəndaşlar və yaxud vətəndaşlar və kooperativ təşkilatları (və digər ictimai təşkilatlar) arasında yaranmasını yasaq etmişdi (1964-cü il MM-in 117-ci maddəsi). İqtisadi inkişafın bazar münasibətlərinə və mülkiyyətin müxtəlif növlərinə əsaslandığı indiki şəraitdə belə qadağalar öz əhəmiyyətini itirmişdir, indiki şəraitdə ümumi mülkiyyət münasibətləri vətəndaşlar, hüquqi şəxslər və dövlət arasında yaranır.
Ümumi mülkiyyət münasibətlərində subyekt rolunda çıxış edən ümumi mülkiyyətçilər hər hansı bir mülkiyyətçi kimi özlərinə məxsus olan ümumi əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdirlər. Lakin onlar ümumi əmlak barəsində üçlü səlahiyyəti birgə həyata keçirirlər. Ümumi mülkiyyət onunla xarakterizə olunur ki, burada iki cür münasibət qovuşur, ümumi mülkiyyətçilərlə üçüncü şəxslər arasındakı münasibətlər; ümumi mülkiyyətçilərin öz aralarındakı münasibətlər. Öz hüquqi təbiətinə və xarakterinə görə bu münasibətlər bir-birindən fərqlənir. Belə ki, ümumi mülkiyyətçilərlə üçüncü şəxslər (sayı və dairəsi bilinməyən cəmiyyət üzvləri, yəni «hamı və hər kəs») arasında münasibətlər mütləq (mütləq hüquq münasibətləri), ümumi mülkiyyətçilərin öz aralarındakı münasibətlər isə nisbi xarakterə malikdir (nisbi hüquq münasibətləri). Birinci növ münasibətlər xarici hüquqi əlaqələri ifadə edirsə, ikinci növ münasibətlər daxili hüquqi əlaqələri əks etdirir.
Ümumi birgə mülkiyyət hüququ həm obyektiv, həm də subyektiv mənaya malikdir. Obyektiv mənada ümumi birgə mülkiyyət hüququ dedikdə, əvvəlcədən payları məlum olmayan ümumi əmlakın eyni vaxtda mülkiyyət hüququ əsasında iki və ya daha artıq şəxsə məxsus olması ilə əlaqədar yaranan münasibətləri tənzimləyən hüquq normalarının məcmusu başa düşülür. Obyektiv mənada ümumi birgə mülkiyyət hüququ ümumi birgə mülkiyyət hüququ subinstitutu ilə əhatə olunur. Bu baxımdan o, bir subinstitut kimi mülkiyyət hüququna tərkib hissəsi kimi daxil olur. Subyektiv mənada ümumi birgə mülkiyyət hüququ dedikdə, iki və ya daha çox subyektin ona mənsub olan, əvvəlcədən payları müəyyənləşdirilməyən ümumi əmlaka öz mülahizəsinə görə, öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan birgə səlahiyyətləri başa düşülür. Bu baxımdan subyektiv mənada birgə mülkiyyət hüququ subyektiv hüquq kimi çıxış edir. Ümumi birgə mülkiyyət hüququ müəyyən xüsusiyyət və əlamətlərlə xarakterizə olunur.