27 Oktyabr 2016
Bir payız günü. Yenə həmişəki kimi öz soyuğu və küləyi ilə qışdan geri qalmaq istəmədən öz cənginə alacaq qurban axtarırdı. Baxmayaraq ki, Bakımızda elə də soyuq hava həmişə hökm sürməsə də, sanki zaman özü hər şeyin cəngələ düşməsinə səbəb olacaqları etməyə qərar vermişdi. Qəfil, sərt və amansız şəkildə.
Ağacların yarpaqları sanki öz yaşamlarını bu zamana, bu ana uyğunlaşdırılmış şəkildə dans edərək küləklə bir vəhdət şəklində olub, ürküdücü yalnızlıq və səs-küyə uyğunlaşmağa çalışırdı.
Payız. Soyuq, məsafə, ayrılıq ayı. Doqquz il öncə eyni ayrılıq eyni payızla gəldiyi kimi.
Saatın əqrəbləri 06:00-nı yeni keçmişdi. Hələ günəş öz yuxusundan təzəcə mürgü vuraraq ayılmaqda idi. Hər tərəf hər gün bir adət halını almış bu görüşə yenə səbrsizlik, yenə həyəcan və maraqla hazırlanırdı. Hər şey sanki bir başlanğıc gözləyir və ona uyğun olaraq həyatlarını yenidən doğulmuş kimi davam etməyi qət edirdilər.
Zəngli saatım 06:10 da öz zəngini vurduqda hələ yuxu ilə təzəcə qovuşmağa başlayırdım.
Gecəni özüm də bilmədən üzərimdə olan ağırlıq hissi ilə birgə keçirmişdim. Əslində keçirməkdən daha çox mənə əzab verməsi deməyim daha doğru olardı. Ona görə məhz sübh tezdənə qədər yuxu qaçır, mən isə onu qovmaqdan başqa bir şey etməyərək buna rəğmən ona çatmağıma bir şansım olacağına ümid edərək arxasınca qaçırdım. Və elə yaxınlaşdığım artıq indi rahat olacağımı düşündüyüm anda istəksiz, ancaq məcburi olaraq oyandım.
Yatağımın yanındakı pəncərədən pərdəni aralayıb çölə baxdıqda hələ də şəhərin səbrsizliklə sanki yalnızca ona ünvanlanmış günəş şüalarını böyük bir həvəslə gəlməsinin gözlədiyini gördüm ya da hiss etdim deməliyəm. Ancaq heç də bu şəhər mənim kimi bu gün baş verəcəklərin artıq əvvəlki tək eyni məcrada davam etməyəcəyinə səbəb olacağını bilmirdi. Bir tək Tanrıdan savayı.
Yatağımdan qalxıb ilk növbədə hamama gedib əl-üzümü yudum, dişlərimi fırçaladım daha sonra ilıq bir duş alıb çıxdım. Səhərləri duş almaq sanki bədənimi yeni bir gün ilə başlayacaq mübarizəyə kökləməklə yanaşı, həm də sağlamlıq cəhətdən gümrah olmağıma yardım edirdi.
Geri otağıma qayıdıb əyin-başımı dəyişdikdən sonra mətbəxə keçib tefalı qoşub soyuducudan ehtiyacım olanları çıxardıb süfrəyə düzməyə başladım. Artıq günəşin şüalarının pəncərədən pərdənin olmasına rəğmən içəri girməsinə və hər yanı öz şəfəqləri ilə işıqlandırmasının şahidi olurdum.
Həmişəki kimi tez nahar edib adətim üzrə iki stəkan çay içdikdən sonra evdən çıxmağa hazırlaşdım. Hər zaman hara getsəm, harada olsam çaydan heç vaxt əl çəkməyəcəyimi özümə qət etmişdim. Belə bir neməti hər zaman hər bir içki növündən üstün tuturdum. İçərisində sevdiyim alkoqollu içkilər olsa belə.
Telefonumu, portfelimi, cib dəsmalımı, siqaretimi və yanında alışqanımı götürdükdən sonra qonaq otağına gedib masanın üzərindən açarı götürdüm. Qapının cəftəsini çəkib açar ilə qapını bağlayıb bayıra çıxdım. İşıq, su və qaz sayğacının yaxşı bağlandığına əmin olduqdan sonra binanın pilləkanları ilə aşağı düşməyə başladım. Qolumdakı saatın əqrəbləri artıq 06:55-i göstərirdi.
Arxada bir-iki məhəllə buraxdıqdan sonra dayanacağa gedənə qədər günün ilk siqaretini yandırıb çəkməyə başladım. Dayanacağa çatdıqdan sonra avtobusu gözləməyim elə də uzun çəkmədi. Avtobusa minib ən yaxın olan İçərişəhər metrosuna getdim. 28 Mayda düşüb qarşı tərəfə keçib sonuncu stansiyası Dərnəgül olan qatara minərək 20 Yanvar stansiyasına gedib orada düşdüm. Metrodan çıxdıqda artıq şəhər əvvəlki günlərindən fərqli olmayan bir biçimdə öz həyatına davam edirdi. Hamı bir yerlərə gedir, danışır, söhbət edir, bəziləri gülür, bəziləri tələsir, bəziləri sadəcə hər şey belə də olmalıymış kimi üzlərində heç bir ifadənin oxunmaması mümkünsüzlüyü ilə öz yollarına davam edirdilər.
Əslində arada mənim də beynimi məşğul edən şeylərdən biri də məhz insanların necə olur da hər şeyə boyun əyərək sadəcə belə olmalıdır düşüncəsi ilə yollarına davam etməsi idi?
Bir şeyi etmək etməməkdən daha yaxşıdır. Sonun nə olduğunu düşünməyə ehtiyac yoxdur. Sən sadəcə bunu doğrudan istəyir və arzulayırsansa etməlisən. Təbii ki, bu hamıya və hamının ürəyindən keçənlərə aid deyildir. Yalnızca sizin düşüncənizə görə etdiyiniz sıradan bir yaxşılıqdırsa bunu edin, yoxsa etməyiniz hətta etməməyinizdən belə betər bir hal almış olar.
Yeraltı keçidlə yolun o biri başından çıxdıqdan sonra piyada Şamaxinkaya doğru hərəkət etməyə başladım. Bir yandan təmiz havanın ciyərlərimə daha yaxşı gəlməsi ki, buna rəğmən yolda yenidən siqaret çəkməyə başladım, digər yandan izafə olaraq pul xərcləməyimin axmaqlıq olduğunu düşünməyim idi.
Dostları ilə paylaş: |