Kürşad bəy zəhmət olmasa buyurun içəri keçin. Psixiatr sizi gözləyir


Siqaretə aludəçiliyim varmıdır sualını hər zaman bir siqaret yandırmazdan öncə beynimdə özü-özümə verirəm



Yüklə 280,81 Kb.
səhifə4/13
tarix02.01.2022
ölçüsü280,81 Kb.
#45251
1   2   3   4   5   6   7   8   9   ...   13
uçurumun bir addımlığında dəyişiklik haamısı

Siqaretə aludəçiliyim varmıdır sualını hər zaman bir siqaret yandırmazdan öncə beynimdə özü-özümə verirəm. Və həmişə də yox cavabını verirəm. Yalnızca özümü bir boşluqda hiss edən kimi o boşluqdan qurtulmağın ancaq bir yolu sanki bu imişcəsinə çəkməyə başlayıram. Digər yandan guya nə zaman içində olduğum bu boşluqlardan qurtulduğum anlar olub ki, deyə düşünürəm ya da bəlkə də özümü ona bağlı hiss etdiyimdən varlığım daxilimdə olan bu boşluqlardan azad olmağı bacarmadığı üçündür. Bəzən bir günə yarım qutu bitirdiyim halda bəzən isə günlərlə çəkmədiyim zamanlarım olub. Ən azından saymaqla bitməyəcək qədər ziyanları olsa da, birbaşa şəxsimlə əlaqədar olaraq beynimdəki məni məhv etməyə sürükləyən, hər zaman fikirli olaraq yaşamağıma səbəb olan düşüncələri məhv etməkdə yardımçı olur. Bunun sayəsində əslində yazılarımı qələmə tökürəm, yoxsa əgər bunu etməsəm onlar məni öldürməyə davam edərlər və məndən, yaşamımdan geriyə sadəcə torpaq altında yatan çürümüş bir bədən qalar.

Şamaxinkaya çatana qədər bu fikirlərlə birlikdə ikinci siqaret artıq öz nikotinlərini ağciyərimə ötürməyi bacarmışdı. Çatan zaman həmişəki kimi göz önündə sürücülərin müştəri yığmaq üçün bir-birilərinin səslərini keçmək naminə ucadan bağırmaqları, hər yoldan keçənə potensial müştəri gözü ilə baxmaqları-hamısı artıq mənim uzun zamandan bəri öyrəşmiş olduğum bir ssenari üzrə davam edirdi.

Doğma yurduma-Şamaxıma qayıtmaq üçün elə səbrsizlənirdim ki, ələxsus da atamı yenidən görmək üçün. Ancaq tanış olan kəslərin arabaları ilə yol getməyi bu səfər istəmədim. Cavabsız buraxılan bir sual verdim özümə: niyə məhz bu gün?

Ona görə özümü ilk “Şamaxıya bir nəfər” deyən bir ağsaqqalın maşınında oturmuş vəziyyətdə tapdım. Bir nəfər dediklərinə baxmayın arabada çoxu zaman heç kimin olmadığı üçün ilk minən müştəri siz olursunuz. Nə etsinlər hər kəs öz çörək pulunu qazanmaq üçün bəzən, belə keçilməsi çətin olmayan şeyləri edirlər. Əgər özümüzün hər hansı bir məsələdə başa düşülməsini istəyiriksə o zaman qarşımızdakı insanları da edəcəkləri ən xırda şeylər üçün başa düşmək lazımdır. İlk müştəri mən olduğumdan uzun bir zaman gözləmək lazım olacaqdı, ancaq tez bir zaman kəsimində artıq yola çıxmaq üçün hazır idik. Kaş şansım da eyni taleyi mənə həmişə yaşadardı ya da heç olmasa ümidsiz olduğum ən çətin zamanlarımda.

Üzərindən on dəqiqədən az bir müddət keçmədən iki qadın olmaqla üç nəfərdən ibarət bir ailə maşına daxil oldu. Təbii ki, buna görə öndə oturmalı oldum. Hər şeyin nə qədər tez olması diləyimi Tanrım bir daha dinləmiş və həyata keçirmişdi. Bəlkə O, da artıq tez bir zamanda nə olacaqsa olsun deyə fikirləşirdi. Məni düşünən bir varlığın qəlbimdə necə bir sevinc hissini yaratmasını bilmədən.

120 kmlik bir yol. İstisna dağ yollarını çıxmaq şərti ilə yolun digər hissələri iki zolaq ilə asfaltlanmışdı. Ortalama maksimal sürət 110 km/saat olaraq qeyd edilir və radar olan yerlərin bilinməsi həmən yerlərdən başqa digər yollarda normal olaraq 140-150 km/saat ilə sürsən əgər, təbriklər əlli beş dəqiqəyə Azərbaycanımızın köhnə paytaxtında ola bilərsən. Doqquzmərtəbəli binamızın onuncu mərtəməsi-Şamaxıda.



Bu yolun ilkin təmirə bağlandıqları zamanı xatırlayıram da səhv eləmirəmsə 2007-ci il falan olardı. Bəlkə də daha əvvəl. Üzərindən bu qədər il keçib və hələ də tamamlanmamış hissələr mövcuddur. Anlamıram ki, yoxdan bir şeymi yaradırlar, yoxsa mövcud olan şeyimi düzəldirlər. Bəlkə də naza qoyublar özlərini. Bu gün yox, bu ay yox, bu il yox sonra edərik deyə. Ya da bax bu ən məntiqlisidir: ilk öncə vəsait ayrılır düzəltmək üçün düzəldirlər sözdə sonra görürlər ki, tam yaxşı olmadı, olmaz təbii ki, sən pulun 80 faizini ye sonra iş bilmişəm deyə özünlə öyün ortalıqda gəz. Yenidən nəsə bir şey olan kimi yəni pulun qurtaranda yenidən bir bəhanə uydur məsələn de ki, kanalizasiya sistemləri xarabdır, məsələn de ki, işıqlandırmada problemlər var məsələn de ki, yağış yağan zaman suların asfaltın üzərində qalmasını önləmək üçün yolun kənarı ilə yardım etmək məqsədi ilə boşluq yaradaq ki, yağış suları həmən yer ilə axıb asfalta ziyan vurmasın, maşınların hərəkətinə maneə törətməsin. Bu qədər il oradasan oturmusan taxt-tacında necə bunların hamısını birdən düşünə bilmirsən anlamıram ki, çünki görmüsən bütün bunları və dəfələrlə eyni şeyləri başqa yerlərdə, başqa zamanlarda da etmisən. Əslində səbəbi çox sadədir: pula ehtiyacları var. Çünki bir tək onlar kasıb, bir tək onların aldıqları məvacib normal həyat yaşayışlarını keçindərməyə kifayət etmir. Bütün səmimi qəlbimlə buna inanıram təbii ki, yanlış anlamayın. Həm bizim nə başımız çıxır o yollardan, asfaltdan, təmirdən elə deyilmi? Yoxsa anlasaydıq onların yerində olardıq ki, əgər anlasaydıq anlayan biriləri çıxsaydı içimizdən savadlı, bilikli, amma nə imkanı, nə də adamı olmayan biri yenə oturardı deyilmi həmən oturacaqlarda? Eynən oturardı, ancaq röyasında. Bəlkə o zaman belə insanların röyalarına qarışıb buna maneə olardılar kim bilir.

Həmişəki qaydada pəncərədən çölə baxır və həyatımızın hər anının necə gözümüz qarşısında gəlib keçdiyinə şahid olurdum. Hər anımızın dəyərli olduğunu unutmuş kimi, bitən bir günün ardından "sabah yeni bir gün başlayır, sabah düşünərik, edərik, görüşərik" deməyimiz nə dərəcədə düzgündür ki? İnsanlar hər zaman gözlətməkdən və tələsməməkdən zövq alırlar. Təbii ki, hamıya aid olmasa da, çoxumuzun belə olduğu qənaətindəyəm. Sevgimizi demək və paylaşmaqda gözlətmək, hər hansı bir işə başlayan zaman gözlə hələ yox demək, ana-ata mən bura getmək, bunu yemək, bunu almaq istəyirəm deyən zaman yenə gözlə sonra edərikləri eşitmək. Əslində çarəsizliklə baş-başa qalan insanlara, bunları edə bilməyəcək bir vəziyyət də olan varsa onlara canım fəda, ancaq öz eqoları, ya da əslində bir işə yaramayan, sanki himalayın zirvəsinə bayraq dikən bir alpinist tək mövcud olan qürurları olan insanlar bax onlar mənə yad, məndən uzaq olsunlar. Bir insanı sevindirmək, ona sevgi, şəfqət, hörmət, ehtiram göstərmək mümkün olduğu təqdirdə məni üzən, məni hərab edən bunu etməyən insanların varlığıdır.

Nə qədər çox fikirləşir, nə qədər dərd edirəm bu insanoğlunu, yaradılışını, xasiyyətini, mövcudiyyətini. Axı nəyə lazım bunları düşünmək, nəyə lazım heç kəsin duymadığı təqdirdə beynimi bir şiş kimi ələ keçirən bu düşüncələrə o imkanı vermək? Nəyə lazım öncəni, indini və sonu fikirləşmək? Məgər özün olmaq gərəkməzmi, məgər qəlbindən keçən və birbaşa, ruhunla, istəyinlə, arzunla səni sən edən o yaradılışı bunları düşünmək ya da dərd etməklə zədələməyə dəyərmi? Sən sən olduqdan sonra yağan gur yağışdan sonra coşub-daşan dənizin suları tək, sən illərdir qəlbindəkiləri saxlayan və artıq zamanıdır deyib bir vulkan tək daxilindəkiləri hər yana, hər fikrə, hər nöqtəyə yaymaq gərəkərmi? Gərəksə edərsənmi? Etsən sanki hər kəsin səni qəbul edəcəyinimi gözləyirsən? Məncə yox, bu qədər saf, bu qədər bəsit düşünə bilməzsən. Məncə sən onsuzda hər şeyi götür-qoy etmisən. Yalnızca zamanı və yeri vardır. Eynilə tarixin mövcudluğu kimi...
VI

-Oğlum çatdıq, sən harada düşəcəksən?

-Necə ağsaqqal?

-Deyirəm çatdıq daha, az qalıb, şəhərin içi ilə gedirəm. Ailəni düşürdüb geri avtovağzala qayıdacağam. Sən harada düşəcəksən?

-Ağsaqqal elə bir gedək, qayıdan da bir yerə girəcəyik, daha doğrusu dəyib qayıdacağıq. Narahat olma nə lazımdısa verəcəyəm.

-Yaxşı oğlum.

Hələ də özü-özlüyümdə getdiyimiz vaxt ərzində fikirlərimlə baş-başa qaldığıma inana bilmirəm. Ya da öz mənimlə, daxilimdəki Kürşadla baş-başa qalmaqmı desəm? Əslində bəlkə də məni narahat edən beynimdəki bu fikirlərlə yalnız qalmağım deyil, sadəcə daxilimdəki mənimlə özüm arasında olan bu münaqişədən qaçmağımdadır? Nəyi istəyirəm, necə istəyirəm, nə arzulayıram, nəyi gerçəkləşdirməliyəm, nəyi qarşıma məqsəd qoyub ona çatmalıyam və nəyi sonlandırıb yenidən başlamalıyam?

Məncə özümə daha çox vaxt ayırmalıyam. Heç ağlıma belə gəlməzdi ki, təkliyimə bu qədər möhtac olacağam. Qədrini bilmədiyimə görə məni qınama yalnızlığım. Sən mənim özüm, ruhum, bədənim, yaşamımsan. Sən mənim ayrılmaz əbədi bir parçamsan.



"Mən öləndə məni "Şahxəndanda" basdırın çünki, onun Şahidi-Xəndanı var". (Seyid Əzim Şirvani)

Şahxəndan. Bakı-Şamaxı yolunun Şamaxıda bitən hissəsindən sonra digər rayonlara gedən əsas magistral yolun sol hissəsində yerləşir. O zamanın məşhur və görkəmli şəxslərindən olan İmadəddin Nəsiminin qardaşı Şahxəndanın adını daşıyan məhz həmin "Şahxəndana" gəldim. Üzərindən uzun zaman keçmişdi, buna rəğmən dünya dəyişilmədən öz oxu ətrafında fırlanır, insanlar ölür, haqlar pozulur bununla yanaşı həm də mənəviyyat və dəyərlər yanğından sonra yoxa çıxan küllər kimi gözdən itirdilər. Və dünya-bizə öz daxilində yetəcək qədər imkanlara malik bu cənnət öz sonunu bizlərin-biz insanların sayəsində daha da irəliləttirirdi. Dəyişməyən tək şey məncə bizlərin qəlbindəki hislərdir. Var olduğumuz andan etibarən bizimlə yaranaraq öləcəyimiz ana qədər bizimlə birgə ruhumuzda mövcud olan hislərimiz.



Taksi qəbiristanlığın giriş darvazasından keçib irəlidə uyğun bir yerdə saxladıqdan sonra:

-Ağsaqqal sən burada gözlə mən ziyarət edib gələcəyəm-deyə bildim ancaq. Əslində sözlər ilk dəfə idi ki, düyümlənib boğazımdan çıxmaq istəmirdi. Arabadan düşüb yavaş və ağır addımlarla irəliləməyə başladım. Payızın nəfəsini burada ciyərlərimdə daha rahat duya bilirdim. Sanki bir bayram şənliyindəki kimi ciyərlərim bu ziyafətə yox demədən iştahla təmiz payızın mehini, havasını içlərinə çəkməyə çalışırdılar.

Hər addımımı atdıqca ayaqlarımın altında xəzəlləri hiss edirəm, hiss etməklə qalmır onları duyur və əslində necə xoşbəxt olduqlarını sezirəm. Ağlımda bu cür fikirlərin haradan gəldiyini düşünürəm həm də. Ancaq nə çarə buna maneə olacaq hər hansı bir şey edə bilməyəcəyimi də anlayıram.

Şəhərdən fərqli olaraq küləyin varlığı özünü büruzə verməsə də, soyuğun artıq canıma işlədiyini, başımı və əllərimi donduracaq bir dərəcədə mənim üzərimə bu savaşda qalib olmaq üçün gəldiyini hiss edirdim. Ancaq mən hazırlıqsız, heç nəyi düşünmədən gəlmişəm. Artıq burada nə savaşacaq gücüm, nə də savaşacaq iradəm qalmayıb tükənmişdi. Etdiyim hərəkətlər ixtiyarsız, addımladığım addımlarım isə sanki heç torpağa basmadan irəliləyirdi.

Ağacların yanı və qəbirlərin arası ilə yavaş-yavaş getməyə davam edirəm. Tanrıma qəbirlərin arası ilə getdiyimə görə günahımdan keçməsini diləyirəm. Digər yandan da etdiyim günahlardan sonra bu ricamın əfv olunması ya da olunmamasının məncə bir önəmi yoxdur deyə düşünürəm. Yenə də bir ümid ilə Tanrımdan məni bağışlamasını istəyirəm. Bəlkə də bu dünyada sadəcə öldükdən sonra əgər mövcuddursa, cəhənnəmə gedəcəyini bilən yeganə insanam ya da bunu qəbullənən. İnanmaq çox önəmlidir, ancaq qəbullənmək məncə daha önəmli.

Budur. Artıq çatdım, evimdəyəm. Qapını aralayır və bağlanmasın deyə arasına daş qoyuram. Heç bir şeyi hiss etmədən sanki ruhumun bədənimdən çıxması kimi bir təəssüratla içəri girdiyimi belə xatırlamıram. Gəlirəm və düz qarşısında dururam.

Salam ata. Sakitlik. Ölü sükunət. Daxilimdə baş verənlərin nə olduğu ilə bağlı təsəvvürüm belə yoxdur.

Ata buradayam, düz qarşında. Və sən indi oradan dursan, gəlsən yanıma, baxsan uzun-uzadı, sarılsan doğma oğluna bərk-bərk, öpsən alnımdan, sonra aralansan yenə sarılsan, amma bu dəfə daha bərk sarılsan. Mənim bütün bədənim ağrısa da, səsimi çıxarmasam, sussam, sussaq, baxsaq bir-birimizin gözlərinə, həsrətin verdiyi təsir ilə kədərlə baxsaq, yenə sussaq, gözlərimiz danışsa ya da danışmayıb sadəcə ağlasa, göz yaşı töksə, yenə sussaq, danışmasaq, danışmağa nə həcət. Səni görməyə ehtiyacım var deyə bilsəm, deməsəm çünki, desəm bilirəm kədərlənərsən. Mən istəmərəm, mən bunu etmərəm, mən atamı heç vaxt üzmərəm ki.

Baxsa gözlərimə dəqiqələrcə, saatlarca mən də baxsam, anlasa gözlərimin içindən hər şeyi, anlatsam yoxluğundan nələr çəkdiyimi, necə olduğumu, yoxluğu ilə yaşamağın verdiyi acıyı, kədəri və hüsranı. Anlatsam anlar anlasa yenə üzülər və mən yenə qıya bilmərəm; gözlərimi çəkərəm baxaram bir kənara. Sonra göz yaşlarımı silərəm, atam buradadır düz qarşımdadır deyərəm niyə üzülüm ki? Gülərəm sevincimdən doqquz ildən sonra yenə bir payız günündə görmüşəm, sarılmışam, danışıram axı daha niyə üzülüm ki?

Bəlkə, bəlkə sonra yenidən çıxıb gedər deyə? Yenidən gözü yaşlı qalaram deyə, gecələr ağlamadan yatmaram deyə, ya da getdiyim hər yerdə, atdığım hər addımda, aldığım hər nəfəsdə onun varlığını hiss edib pis olaram, qəhərlənib göz yaşlarımda boğulmağı arzu edərəm? Yenə cavabsız sonsuz sayda suallar yaranır beynimdə. Mən artıq bir cavab tapmaq istəyirəm, suallar bitsin, tükənsin istəyirəm. Mən rahatlıq istəyirəm hansı ki, atamın yanımda olan zaman heç nə etmədən sadəcə yanaşı durmağımızla əldə edəcəyim bir rahatlıq. Şan-şöhrət, göstərişdən uzaq kənar bir yerdə sadəcə bizim olacağımız bir yer və birlikdə olduğumuz müddətcə bunun yaşadacağı bir rahatlıq istəyirəm. Çoxmu şey istəyirəm? Ya da istədiklərim bu qədər utopikdirmi ki əlçatmazdır?

Mən bir ümid istəyirəm, bir ümid ki, indi atam durub yanıma gəlsin, sarılsın mənə. Onun qoxusunu hiss edim, daha əzab çəkməyim yoxluğunun verdiyi yaşamla.

Qəfil diz çöksəm qarşısında, ayaqlarından tutsam "səni heç hara buraxmaram” desəm və doğrudan da heç hara getməsə, qalsa, ağlasam, Yaradanıma dəfələrlə yalvarsam, ağlasam, yenə yalvarsam. Yaradanım məni duysa, atamı yanına aparmasa, yenidən qovuşmağımıza şərait yaratsa və bunları həqiqətən də etsə, edə bilsə. Ancaq etməz ya da etmək istəməz. Hər şeyin bir yolu, hər şeyin bir sonu vardır deyə.

Qalxsam ayağa üsyan etsəm, əllərindən tutsam, atamı getməyə qoymasam, mübarizə aparsam, qalib olsam ya da qalib olduğuma ümid etsəm.

Məğlub olacağımı bilə-bilə savaşsam yenə də məğlub olsam və burada geri qalan həyatımı sonlandırmaq istəsəm, beynim yenə düşüncələrlə dolu olsa, artıq düşünməyi istəməsəm, beynimin bir vakkum kimi boş olduğunu düşünsəm sonra o vakkumu məhv etmək qərarına gəlsəm, amma doğrudan da edə bilsəm, cəhd etsəm və nail olsam...

-Oğlum, yaxşısan?

-Yaxşıyam, ağsaqqal. Sən məni necə tapdın?

-Sən getdin və gördüm ki, iyirmi dəqiqə idi ortalıqda yoxsan. Dedim yəqin Allah uzaq eləməmiş nəsə başına iş gəlib eliyər. Təxmini səni uzaqdan izləyirdim elə sən getdiyin yolla da getdim axırda da səni tapdım.

-Bağışla ağsaqqal. İnan mənə heç özümdə deyildim, heç necə yıxılmışam, burada uzanıb qalmışam xəbərim yoxdur.

-Əşi olan şeydir, Allah bağışlasın dərd eləmə onu sən-deyəndən sonra əlini uzadıb ayağa qalxmağıma yardım elədi. Ayağa qalxıb üst-başımı təmizlədikdən sonra-ağsaqqal sən get iki dəqiqəyə gəlirəm-dedim.

-Oğlum, amma bu dəfə tez gəl həm də ehtiyatlı ol.

-Başımüstə ağsaqqal, narahat olma-deyəndən sonra sürücü ağır addımlarla arabaya tərəf qoyuldu. Mən isə yenidən atamla baş-başa qaldıqdan sonra aradan keçən səssiz saniyələrin ardından oradan ayrıldım. Daşı götürüb qapını bağladıqdan sonra o zaman artıq bir daha görüşməyəcəyimizi bilərək uzun-uzadı məzar daşına baxdım və geri qayıdıb hər şeyi sonlandırmaq üçün uçurumun sonuna doğru hər şeydən uzaqlaşmış heç nəyi ilk dəfə olaraq fikirləşib dərd etmədən addımlamağa başladım. Ağır, amma özümdən əmin addımlarla.
VII
İlk dəfə buraya gələn zaman burada olanlara diqqətli baxa bilməmişdim. İndi isə sanki diqqətlə baxdıqda hiss ediləcək dəyişikliklər mövcud idi. Divarlardakı bəyaz rəng künclərdəki mavi rənglə otağa daha sükut verici bir hiss yaradıb insanın burada özünü güvəndə hiss etməsinə səbəb olur. Asılan rəsmlərdən bir şey anlamaqda çətinlik çəkmədən sadəcə dəniz və təbiətlə bağlı olan bir şeylərin olduğunu görsəm də bunun altında zehnimizin şüuraltına işlədiləcək bir şeylərin olduğunun fərqində idim. Hərçənd bunların mənə hər hansı bir təsir göstərəcəyindən elə də əmin olmasam da digər pasientlər üzərində təsirli olacağından heç bir şübhəm yox idi.

Oturduğum əslində deyəsən məndən başqa digər pasientlərin uzanmış olduğu divan həmən divanın qarşısında kiçik bir masa masanın hər iki yanında oturacaqlar var idi. Bir də həmən masanın digər qarşısında psixoloqun ya da psixiatrın əyləşdiyi kreslo. Onun sağ tərəfində kitab rəfi içində nəyə dair desəniz kitablar mövcud idi. Başqa da bir şey yox idi. Olmaması daha məqbul idi deyə düşündüm. Mən də onun yerində olsam belə edərdim belə dizayn edərdim deyə fikirləşdim.

İkinci seansdan artıq həyatımı dəyişdirdiyini düşündüyüm şeylər haqqında danışmaq mənə ağır gəlirdi. Təkcə ona görə yox ki bütün bunları yad birinə söyləyirdim mühüm olan o idi ki bunları bilən yeganə tək insan var idi. Və o insan mənim yeganə dəyər verdiyim yeganə sevdiyim biri idi. Bəs indi hər şeyi başqa birinə deməklə ona qarşı da mı bir hiss bəsləyirəm? Nə danışıram axı. Sadəcə o bir həkim mən isə bir pasientəm. Yenə beynim mənə oyunlar qurur yenə qarışıqlıq içərisində suallara qərq olunurdum. Kürşad unutma bunun tək bir cavabı var o da onların qurduğu oyunu qaydasına uyğun oynayıb qalib gəlməkdir. Sonra isə azadlıq. Bəli azadlıq. Bacara bilmədiyim əldə edə bilmədiyim bir azadlıq.

-Nə deyəcəyimi bilmirəm kürşad. Allah rəhmət eləsin. İnanıram ki yuxarıda orada bir yerlərdən baxaraq səninlə qürur duyur. Sənin kimi bir oğlu olduğu üçün.

-Əminsiz bundan?

-Necə?


-Bundan necə əmin ola bilərsiniz?

-Niyə olmayım ki kürşad. İkinci seans olmasına rəğmən artıq səni yavaş-yavaş tanıyıram və sən pis bir insan deyilsən.

-Əslində heç kəs pis biri deyil. Sadəcə etdiyimiz seçimlər psi ya da yaxşı olur.

-Bəs pis seçimlər edərsək pis biri olmarıq ki?

-Məncə yox. Hər bir insan öz içini öz daxili dünyasını öyrənməli və bilməlidir. Bunu öyrənib bildikdən sonra görəcəyik ki pis bir insan yoxdur. Yanlış seçimlər və yanlış nəticələr vardır.

-Cinayətkarlar? Onlar da pis biri deyil? Ya da terroristlər?

-Dünyaya gələn zaman hər kəs məsum olur. Zamanla seçdikləri yolun yanlış olmasından dolayı bir sıra xoşagəlməz hadisələr törətməsi onları mənfur biri etməz. Etdiyi əməllər yanlışdır və pisdir. Ancaq desəniz ki sizin düşüncənizlə pis biriləri kimdir. Onun cavabı bir az qəliz olar bir az da acı.

-Nəyi nəzərdə tutursan?

-Başlayaq elə ən aşağıdan. Mən özüm baxçaya getməmişəm amma gedənlərdən soruşduğum və hamısının söylədiyi tək şey rüşvətin təməlinin oradan başlamağıdır. Məsələn dövlət hesabına maliyyələşir ancaq aylıq hər uşaq üçün pul ödənilir. Bayramlarda yığılan qədərindən artıq pulları heç demirəm. Ya da uşağın baxçaya girməsi üçün sistem olmasına rəğmən öncədən verilən rüşvətləri. Bu təhsilin hər pilləsində belədir. İbtidai, orta, ali məktəbdə belə. İndi deyə bilərlər ki günah o rüşvəti istəyəndədir doğru razıyam ancaq burada faiz olaraq yarı-yarıya bölünür. Yarısı onların günahı yarısı bizim. Biz verməsək onlar almasa o zaman çarxı bəlkə dəyişə bilərik. Amma bunu deməyin ki biz verməsək belə onlara verən biriləri mütləq vardır. Vardır ancaq unutduğumuz şey birincisi özümüzü digərləri ilə müqayisə etməməli olduğumuz digər şey isə rüşvət verəcək olanların rüşvət verməsələr belə digər yollarla istəklərinə nail olacaqlarıdır. Burada danışdığımız məsələ adi sıravi vətəndaşdan bəhs edilir. Onsuzda nə başına gəlirsə bizim kimi sıravı vətəndaşların başına gəlir. Məhz ona görə birləşib bunun qarşısını almaq olar. Mübarizə tək yoldur. Yoxsa bundan 100 illər sonra da bizdən sonrakı nəsillər eyni şeylər haqqında şikayətçi olub danışmaqdan başqa bir şeylər etməyərək həyatlarına davam edəcəklər. Bu hələ sizin deyiminizlə pis insanları sıraladığımız siyahının 10 faizi belə deyil. Deyəsən çox danışdım üzrlü sayasınız gərək məni.

-Yox narahta olma. Əksinə belə ünsiyyət qurmağımız məni sevindirdi. İndiyə qədər sadəcə sakit oturub dörd-beş sözdən artıq danışmırdın. Bax bu da bir irəliləyişdir.

-Bunları da qeyd edəcəksiniz?

-Əlbəttə ki. Həm tez bir zamanda buradan azad olmağını düşünürsənsə bu da yardımçı olacaq.

-O zaman bundan sonra məni dayandırmağa çalışacaqsınız. Çox danışıb başınızı ağrıtmaq istəməzdim ancaq görünən o ki mənə faydası varsa artıq məndən qaçış yolunuz yoxdur.

-Mənə xoşdur kürşad. Nə qədər istəyirsənsə danış amma seansın müddətindən artıq olmasın keçın səfərki kimi çünki başqa pasientlərim də var. Elə deyil?-gülümsəyərək dedi-qarşılığında başımı təsdiq mənasında yellədərək mən də gülümsədim.

Sonradan fikir verdiyim şeylərdən biri bu ana qədər danışan zaman heç zaman simasına baxmadığım idi. İndi baxdıqda psixoloqun ya da psixiatr qadının ortalama 40 yaşı olar ya olmazdı. Gözlərində böyük ehtimal yaxın məsafəni görmək üçün eynək taxılı idi. Saçları nə qısa idi nə uzun. Qəhvəyi rəngdə böyük ehtimal boyanmış öz təbii rəngi qara idi. Arada qarşısındakı kağıza nələrisə qeyd edən zaman tez-tez bir şeylər qaralayar sonra durar qələmi əlində fırladar bir şeylər düşünüb yenidən yazardı. Təmkinli idi heç zaman əsəbləşməz sakitcə danışar sözləri aydın bir şəkildə elə səlis və asta səslə söylərdi ki sənin dinləmən üçün bütün diqqətini ona verməyin lazım olardı. Deyəsən həqiqətən rüşvət vermədən haqqı ilə öz yerini tapanlardan biri idi. Nadir insan tapıntısı. Bunu düşünərkən üzümdə yaranan o təbəssümü gördü mü deyə fikirləşdim. Bir gün mən də öz haqqımla bir yerlərə gəlməyə çalışsam məhz ilham mənbəyim onun olacağını bilmirdim. Kim bilir bəlkə mən də digərləri kimi oldum. Ya da bir başqa nadir tapıntı.

-Nə fikirləşirsən ağlında?

-Heç bir şey ya da doğruyu söyləmək lazımdırsa çox şeyi.

-Sirr deyilsə söyləyə bilərsən?

-Artıq heç bir sirrim qalmayıb ki.

-Nədir, bəlkə məni günahlandırırsan Kürşad bəy?

-Yox yanlış anlamayın sadəcə sirlərimi heç kimlə bölüşmərəm. Və burada ilk dəfə sizinlə bölüşürəm.

-Məndən başqa biri olmayıb heç? İnandırıcı gəlmir heç.

Susdum. Çünki artıq deməyin zamanı idi mi deyə düşünürdüm. Yoxsa demişdim mi? Yoxsa bütün bunları beynimdə qurub bir ssenari halına mı salıram. İndi heç bir şey gerçək deyil və mən kənarda bir yerdə oturub öz-özümə danışıram? Ya da ölmüşəm bəlkə? Yox ölən biri danışmaz ki elə deyil? Məncə danışmaz. Amma ruhu ölən biri bax ən çox o danışar. Heç kimin onu eşitməməsinə dinləməməsinə rəğmən. Əgər dinlənilsəydi yaşamağa bir məqsədi olardı. Dinləmədilər. Heç kim dinləmədi. Tək ondan başqa və mən indi onu danışmalı idim mi bilmirəm. Yenə hər hansı qərar seçiminin astanasında dayanmışam ancaq qərarsızlığımın ucbatından heç bir şey etməyərək durub gözləyirəm. Nəyi kimi bilmədiyim halda. Bəlkə də bir sual bir təkan gözləyirəm. Onu ona olan sevgimi hər şeyimi danışmağa.

-Susduğuna görə biriləri olub mütləq. Danışmışıdq axı hər şeyi burada danışacayıq və bundan sonra rahat olacaqsan. Rahat olduqdan sonra biz də səni rahat buraxacayıq elə deyil?

-Biri hər zaman olur. Amma həmən birini danışmaq bunu bacara bilmirəm. Çünki heç kəslə bu haqda söhbət eləməmişəm. Heç kəsə danışmayıb bir məsləhət almamışam.

-Amma bax indi buradasan. Yəqin bilirsən burada danışılanlar burada qalır. Onun üçün səni dinləyirəm.

Başlasam dayana bilməyəcəm. Onu olan hislərimi hər şeyi ətraflı danışmalıyam çünki bu zaman o qərarı aldığımı anlar. Anlar mı ki? Anlayar yəqin. Mənim halımda az insan olmaz ki. Elə deyil? Hə kürşad. Bir cavab ver. Bir çıxış yolu göstər. Nəsə bir şeylər de. Qərar verməliyəm. Yorulmuşam həm də çox. Bütün hər şeyi danışaraq azad olmaq istəyirəm mən də. Digərləri kimi. Digərləri kimi azadlığın nə olduğunu bilmədən azad olmaq istəyirəm. Olsun bu çarxın içində qeyb olum ancaq azad hiss eləyim özümü. Ruhum azad olmayacaq heç zaman bilirəm. Amma beynim beynimdən beynimdəkilərdən məni məhv edən düşüncələrdən azad olmalıyam. Bunun tək yolu danışmaqdır. Kiməsə danışmaq. Bəlkə o zaman bəlkə o zaman o da haqq verər mənə. Ya verməsə?

-Davam edək? Kürşad?



-Bəli? Edək. Başlamışıqsa yarımçıq qoymayaq.

VIII
Bu dünyada insan həyatını ya da onun yaşamını dəyişdirəcək hansı şeylərin olduğunu mənə sual versələr ilk öncə kitablar deyə cavab verərəm. Daha sonra musiqi və incəsənət deyə saymağa davam edərəm. Eynən həyatımı dəyişdirənlərin məhz həmən şeylərin olduğunu bilərək və yaşayaraq.

Uşaqlıq zamanımdan bəri hər zaman ətrafımdakı insanlar ailəm daxil olmaqla mütaliə ilə məşğul olanlar, kitab oxuyanlarla çevrili idi. Atam özü belə indiki mənim özümü kitabqurdu hesab etdiyimdən daha çox kitab oxuyardı. Bunlara həyatının hər anında və zamanında: uşaq ikən, tələbə ikən, əsgərlikdə, ailəli olan zaman, işləyən zaman belə əksitmir əksinə daha da böyük həvəslə davam edirdi. Mən də yəqin tarixi və coğrafiyanı sevdiyim kimi ədəbiyyata olan marağımı da məhz atamdan almışam deyə düşünürdüm.

Yanlızlığın həyatımı məhv etmək dərəcəsinə çatdığı günlərdə həyatdan küsmüş və eyni zamanda bezmiş şəkildə sadəcə yaşamaq üçün yaşayırdım. Edə biləcəyim hər vəchlə bir saniyə belə olsun yaşadığım həyatdan zövq almaq üçün nələrisə etməyə çalışırdım. Ancaq heç bir şey özümü tapmağa və toplamağıma imkan vermirdi. Təslim olmaq qorxusu ya da təslim olsam bir daha savaşa bilməmək, savaşmağa gücümün olmayacağı qorxusu bir şeylər etməyə məni vadar edirdi.

Tələbəliyin ilk illərində sanki bir az işlərin yoluna getdiyini sezirdim. Ətrafım genişlənir, yeni insanlar tanıyır və yeni əlaqələr qururdum. Bununla belə bunların həyatımı köklü surətdə dəyişdirəcək bir şey olmadığını görürdüm. Zamanla əvvəlki, ab-hava geri qayıtmağa başlayır, məni yenidən kədərlə dolu bir boşluğa itələyirdi.

Ətrafımda nə qədər çox insan olmasına baxmayaraq yalnızca həmən hissi yaşayan insanların anlayacağı bir yanlızlıqla baş-başa idim. Nə tək bir sevdiyim, nə də tək bir dostum vardı. Əslində güvəndiyim və sirdaşım olan bir dostum vardı. O zamanlar hələ indinin özündə belə dost anlamını tam olaraq bilməmişəmdir. Baxmayaraq ki, məni sevən, mənə yaxın olan insanların dediklərinə görə güvənilir bir sirdaş, həm də dost imişəm. Məncə hər bir insanın bir dostu sirdaşı olmalı və həmən kəs aynaya baxan zaman orada gördüyü olmalıdır.

Həmən gün Şamaxıdan geri qayıdıb birbaşa dərsə gələn zaman universitetin həyətində qurulmağa başlayan stendlər gördüm. Təbii ki, istər-istəməz marağımı çəksə də, hələ tam qurulmadığından və mənim dərsə gecikəcəyimdən sadəcə uzaqdan baxmaqla kifayətlənməli oldum. Ağlımda isə dərsdən sonra ilk iş oraya baxmaq idi.

Dərslər bitdikdən sonra həyətə çıxdıqda məhz həmən stendlərin qarşısında yığılmış kiçik bir kütlə gördüm. Öncə nə olduğunu təxmin edə bilmədim. Daha sonra gedib baxan zaman saysız-hesabsız kitabların olduğunu gördüm. Axırıncı dəfə nə zaman kitab oxuduğumu belə xatırlamaz olmuşdum. Sanki qəlbimdə uzun müddətdən sonra sevdiyini görən bir aşiq tək, övlad həsrəti çəkən ananın övladı ilə görüşən zaman yaranan bitmiş həsrət sevinci vardı. Kitablara baxan zaman onların mənə sanki dil açıb nələrisə demək istədiklərini duymuş kimi olurdum. Uzun zamandır haralardasan deyə soruşurdular, səni yenidən yaşama qaytarmaq istəyən bizik deyirdilər. Sənə çox yaxınıq sadəcə bizi almağın, oxumağın lazımdır. Onlara baxıb düşünürdüm: mən doğrudan da yenidən yaşamağın nə olduğunu bilmək istəyirəmmi? Yenidən xoşbəxtliyin məni tapacağına inanırammı? Ən son nə zaman xoşbəxt olduğumu belə xatırlamadan. Beynimdə o qədər suallar var idi ki, hansı birinə cavab versəm nə etsəm deyə düşünərkən olanlar oldu.

Türk kitabları olan stendin düz qarşısında idi. Həmən anı ilk günki kimi elə dəqiq xatırlayıram ki, nə qədər zaman keçsə belə, insanın yaddaşından, xatirələrindən silinsə belə, gözlərinin qarşısına ən çox qurduğu xəyal kimi sevdiyi hər zaman gələr, hər zaman onu təsvir edəcək kəlmələri tapmağa çalışsa da edə bilməz. Bilər çünki, sevdiyi bütün kəlimələrin yaratdığı gözəlliklərdən belə daha gözəldir.

Bir insan nə zaman sevdiyini anlar? Ya da sevdiyini necə hiss edər? Təkrar mı bu sualım? Yoxsa yaşamımmı təkrar? Mənim taleyim bu suallarla, bu suallara verdiyim cavablarla dəyişdi. Əslində verdiyim cavablardan çox tapdığım desəm daha doğru olardı.

Axşama doğru idi. Payızın sərtliyindən qorxan buludlar göz yaşı tökürdülər. Damcılayan hər damlada bir kədər, bir etiraz vardı sanki. Ancaq həmən an mənim üçün yağış damlaları kədəri qovduqları üçün sevincdən göz yaşı axıdırdılar. Çünki, onlar da bilirdi: mən aşiq olmuşdum.

İlk dəfə gördüyüm zaman onu indiyənə qədər hiss etmədiyim şəkildə özümü xoşbəxt hiss edirdim. Məni yaşamış olduğum bütün acılardan, kədərlərdən, sıxıntılardan, problemlərdən, xəyal qırıqlıqlarından uzaq tutan bir hiss. Mənə sevginin həyatımı dəyişəcək bir dərman, bir çıxış yolunu göstərən. Gözlərimi açıb da dünyaya sevgi ilə doyasıya baxıb, mövcud olan bütün gözəlliklərdən zövq almağıma səbəb olan.

İnsan nə zaman sevdiyini anlayarmış? Yalnızca sevginin onu qəfil gəlib tapdığı anda. O zaman həm sevdiyini anlayarmış, həm də sevginin necə bir hiss olduğunu. Tarix boyu gəlib keçən yazarlar, şairlər tərəfindən yazılan hər bir bənzətmə, hər bir tərifin özündə canlandığını hiss edən zaman sevdiyini anlarsan. Ətrafında olan bütün ağ-qara rənglərin bir anda sanki gülüstana düşmüşcəsinə rəngarəng olduğunu görəndə anlarsan sevdiyini. Başından nələrin keçməyindən asılı olmayaraq durduğun yerdə anidən üzündə yaranan təbəssümlə anlarsan sevdiyini, sevginin ona səbəb olduğunu. Dünyadakı bütün gözəlliklərin sevdiyinin simasında canlanıb da onu dünya gözəli hesab edən zaman anlarsan sevdiyini. Və bütün bunları üzərindən nə qədər zaman keçirsə keçsin ilk dəfə həmən andakı kimi xatırlayan zaman anlarsan sevdiyini.

Ona baxan zaman təkcə məni deyil hərkəsin diqqətinə səbəb olacaq saçları idi. Hansı ki, baxan zaman bir anlıq özünü buludların üzərində səmaya toxunduğunu hiss edirsən. Əlini atsan həmən sənin olacaqmış kimi bir hiss yaradırdı səndə. Ancaq hələ ki, uzaqda idi və sadəcə orada durmuş bir kitabdan digər kitaba keçib hamısını maraqla izləyir, qəlbində coşub daşan sevgisini bütünlüklə onlara aşılayırdı.

Yağan yağmura aldırmadan digər insanların getməsinə rəğmən orada durmuş, sanki oradan ayrılacağı təqdirdə bütün sevgisini əlindən alacaqlarmış kimi bir hissə qapılmışdı. O zaman orada o yağmurlu gündə anlamışdım aşiq olduğumu, anlamışdım onun həyatıma girib sonsuzadək mənim yanımda qalacağını. Çünki görürdüm onu. Nə qədər uzaq olsam belə ona sezirdim qəlbinin dərinliklərində sevgi hissini hansı ki, coşub daşmaqda olan və paylaşmağa ac olan bir sevgi. O zaman kitablarından sanki onların bir sevdiyi kimi ayrıldığında mənim də yanımdan heç zaman ayrılmayacağını düşündüm. Sadəcə ona sevdiyimi deməli, hiss etdirməli və mənə inanması lazım idi. İlk gördüyüm anda ona aşiq olduğuma inanmasına ehtiyacım var idi. Həyatımın geriyə qalan qismində ehtiyacım olduğum ən çox şey məhz bu idi. Onun sevgisi və onun həyatıma daxil olması.

Cəsarətimi toplamalı idim, özümə güvənib irəli getməli idim, yaxınlaşmalı və ona deməli idim: sənsən ey yar, bir anda eşqinin ağuşuna düşən gözlərimi sanki bir günəşə baxarmışcasına nə qədər gözəl olsa da ondan əl çəkməyərək baxmaq hissi oyandıran, sənsən ey yar, həyatımın uçuruma gedən gedişatında yönümü dəyişdirən, mənə eşqi, sevgiyi anlatan, yaşadan. Sənsən ey yar, qəlbimdəki döyüntülərimin səbəbi, aldığım hər nəfəsdəki yaşamımın hər bir saniyəsinə ağ-qara rəngləri silib rəngbərəng çalarlar qatan.

Hazır idim, getməli idim çünki, məcbur idim. İlk dəfə aşiq olduğum qadını itirə bilməzdim, ondan əl çəkə bilməzdim, onu sevməkdən əl çəkib bir kənara çəkilib də bu gözəlliyi, içində böyük bir dünya boyda sevgini daşıyan birini itirə bilməzdim. Edə bilməzdim. Savaşmalı idim, sona qədər uğrunda savaşmalı idim, qəlbimin dərinliklərində ona bəslədiyim sevgi üçün savaşmalı idim çünki, başqa bir yolum yox idi. Hiss edirdim qəlbim sanki onun qəlbi ilə gizli bir təmas qurmuş, gözəgörünməz tellərlə bir-birilərinə ismarıc göndərmişdilər. Biz buradayıq deyirdilər. Mənim sevgim səni, sənin sevgin mənim yolumu gözləyir. Taleyimiz birlikdə çizilmişdir, həyat yollarımız birgə çəkilmişdir. Bizi birləşdirən bu qismət sevgimizin də birlikdə bir bütün olaraq yaranmasına, böyüməsinə, sonsuzadək var olmasına şərait yaratmışdır.

Heç zaman ilk görüşdən eşqin varlığına inanmamışamdır. Bəlkə də biz insanlar beləyik. Ancaq bir hadisə başımıza gələn zaman anlarıq onu, ondan öncə isə nə qədər desələr, söyləsələr də inanmaz, şübhə ilə yanaşar yalnızca bizə rast gəldiklərində o hisləri keçirən zaman anlarıq hər şeyi. Eyni ilə mənim başıma gəldiyi kimi.

Bir səfərində Mələk-Kürşad necə oldu ki, ilk baxışda heç gözlərimə belə baxmadan aşiq oldun deyə sual vermişdi. Səssiz qaldığım bir neçə saniyənin ardından-nə sənin indi məni məndən alan gözlərini gördüm, nə gülən zaman oraya sanki çiçəklər qonan yaranmış zənəxdanını gördüm. Gördüyüm sadəcə saçların idi, ilk o cəzb etmişdi məni. Amma əminəm ki, bunu deyən ilk insan da deyiləm. Bir az susduqdan sonra yenidən davam elədim-mən sənin qəlbini gördüm, oradakı sevgini gördüm, sevgini necə paylaşmağını gördüm və nə yalan deyim həsəd apardım bütün bunlara. Bu o demək deyil ki, təkcə buna görə sənə aşiq oldum. Mən sənə ona görə aşiq oldum ki, orada sol yanında bir yer gördüm hansı ki, özümün orada sənlə birgə gördüm.

-Xanım hansısa kitabı alacaqsınız?

-Hə alacağam. Sadəcə iki seçim arasında qalmışam. Qərarsızam hansını seçim deyə.

-Hə əlbəttə ki, buyurun. Sadəcə yağış şiddətləndiyindən əgər mümkünsə bir az tez qərar verərdiniz.

-Bir dəqiqəyə seçirəm alacağımı.

Nəhayət özümdə və ən əsasda ayaqlarımda güc toplayıb getməyə başladım. Geriyə bir dönüş yolunun olmadığını bilirdim çünki, artıq qərarımı vermişdim.

Stendlərin yanına çatdıqda ilk dəfə simasını tam gördüm. Saçlarındakı mavi rəngin qara rənglə ahənginə yenidən baxdım. Bəlkə onun yerinə başqa biri olsaydı ona bu qədər yaraşmazdı. Ancaq ona sanki səmadan bir mələk enmiş şəkildə görünüş verirdi. Bununla onun göylərdən yerə mənim həyatıma enmiş mələk olduğuna qərar verdim. O anda təbii ki, sadəcə bir xəyal ya da bir arzu olmasına baxmayaraq zaman keçdikdən sonra ona bənzətdiyim mələyin əsl adının olduğunu öyrənən zaman məndə yaranan təəccüb və eyni zamanda sevincin üzümdə yaratdığı təbəssümü təsvir etmək imkansızdı.

Xatırlayıram da adını deyən zaman üzümdə yaranan təbəssümə qarşılıq-nəyə gülürsən burada ki, gülməli nəsə yoxdu-deyən zaman səsindən qəzəb və ondan geri qalmayan təəccüb oxunurdu. Mənsə o zaman bəlkə üzümdə gülümsəmə olduğundan dediyim cavabın onda ciddi bir ifadə etməməsinə baxmayaraq-mən səni göylərdə zənn edərkən sən burada düz qarşımda durmusan. Bunun adı qismətdir və inan mənə bunu heç nə dəyişə bilməyəcək-demişdim.

Simasına diqqətlə baxanda yaşının verdiyi üzündəki xətlərdən sanki bir uşağı xatırladırdı, ancaq bu uşaqlığın yanında onu hər şeyə qarşı səlis düşünməsinə səbəb olacaq yetişkin bir qadın hiss olunurdu. Gözləri və qaşları saçının əsmərliyini özündə ehtiva etmişdi, sanki Yaradan tərəfindən gözəllik məfhumunun qarşılığı olaraq onda özünü əks etdirmişdi. Gözlərində bir ayın gecə olan zaman səmada öz yerini günəşdən aldıqdan sonra onu görmədiyindən həsrətlə bütün sevgisini işığa verib də yer üzünü yansıtması kimi idi. O qədər gözəl və bir o qədər də sevgi dolu. Ən əsası məni məndən alan o zənəxdanı. Sanki rəssamın fırça ilə içində eşq, gözəllik, saflıq və bir də məsumluğu birləşdirməsi nəticəsində yaratdığı bu əsər hər zaman ona baxan zaman içimdəki buzların əriyib su olaraq axmasına səbəb olurdu. Və bir də dodaqları. Sanki gur bir dənizdə coşğu və məhəbbət ilə öz sevdiyi sahilinə doğru durmadan dalğalanan dalğalara bənzəyirdi. İçindəki eşqi o qədər dolu idi ki, onu sevən birinə dalğalanıb gətirdiyi damlalarla həyat verməyə həsəd apartdırırdı.

Mənim ona baxdığım sadəcə on saniyədən bir az çox olardı, ancaq bir qadın ona kiminsə nəzər yetirdiyini çox rahatlıqla bu zaman zərfində sezərdi özü də bu qadın onun kimi həssas biridirsə.

-Sizcə hansını seçim bunu ya digərini?

Bir anlıq durduğum yerdə irkildim və onun mənə tərəf çevrilib səsləndiyini gördüm. Mən cəhd etmədən yenidən beynimdə fikirlər dolaşarkən o mənimlə danışmışdı. Təbii ki, buna bir səbəb var idi çünki, bayaqdandır ona gözümü zilləmiş baxırdım. Bunun fərqində olub başımı aşağı salıb utandım. Və utanan zaman yanağım qızardı yenidən. Həmişəki kimi.

-Yəqin ki, bu yağışın altında kitablara olan marağınız olmasa burada durmarsınız elə deyil?

Bunu qarşı tərəfə bildirməmək üçün özümü toplayıb hər şey yolunda imiş kimi davranmalı idim.

-Hə əlbəttə ki. Mən də bir kitab alacaqdım və düzü sizin əlinizdə həmən kitabı gördüyümdən bir az məyus oldum.

-Hansı? Oğuz Atay ya Sabahattin Ali?

-Oğuz atay. “Tehlikeli oyunlar”.

-O zaman siz bunu mən də “kürk mantolu madonnanı” alım.

-Yox əgər istəyirsinizsə ikisini də alın. Sonra başqa bir zaman alaram mən.

-Narahat olmayın. Onsuzda ikisindən birini seçəcəkdim yaxşı ki, siz də mənə yardımçı oldunuz. Həm istəməzdim yağışın altında bu qədər gözlədikdən sonra əli boş geri qayıdasınız.

Kitabların pulunu ödədikdən sonra yağan yağışı vecə almadan birlikdə getməyə başladıq. Xəyallarımızda əlbət ki, bir gün sevdiyimizlə birlikdə yağan yağışın altında addımlamağı istəmişikdir. İndi bunun olmayacağını bilsəm də, birlikdə yağışın altında islanmağımıza rəğmən qəlbimdəki sevincin doğurduğu hislə çox xoşbəxt idim. Ən böyük xoşbəxtliyim isə bu və bunun kimi bir çox xəyalların gerçəkləşməsi idi. Sonsuzadək davam etməsə belə.

-Niyə sabahattin Ali yox da Oğuz Atay?

-Çünki, “kürk mantolu madonnanı” oxumuşdum - dedim gülərək.

Əslində uşaqlığımdakı oxuduğum son kitabın ardından uzun zaman sonra bu ilin başında yenidən kitab oxumağa başladım. Buna ən çox səbəb olan təbii ki, beynimdəki düşüncələrin bir an olsun belə məni rahat buraxmaması idi. Yalnız kitab oxuyan zaman bütün diqqətimi verərək hər şeydən uzaqlaşmağı bacara bilirdim. Sayları o qədər çox deyildi, ancaq yenə də evdə kitab rəfimdə olanları nə yaxşı ki, zamanında alıb oxumuşam deyirdim öz-özümə. Amma buna rəğmən nə Oğuz Atay tanımış oxumuşdum, nə də Sabahattin Ali. O zaman kitabı seçərkən “tehlikeli oyunlar”ı seçməyimə səbəb isə həyatımda baş verənlərin məni sanki bir oyuna daxil etməsi idi. Ancaq nə oynun qaydalarını tam bilirdim, nə də necə oynamağı. Amma bunun təhlükəli olduğunu bilirdim çünki, artıq sona doğru çox az qalmışdı. İlk dəfə o zaman ona yalan söylədim və o zamandan bəri bir daha ona yalan söyləməyəcəyəm deyə özümə söz verdim. Və bu da bir yalan idi.

-O zaman çoxdandır mütaliə ilə məşğulsunuz?

-Əslində uzun zamandır sayılmaz. Bu ilin başından daimi oxumağa başlamışam. Ancaq təbii ki, dərs və işə görə vaxt tapmaq bir az çətin olur.

-Aydındır. Bəs ən sevdiyiniz yazıçı kimdir?

-İlk pillələrə qoyacaq bir siyahım yoxdur bu barədə, ancaq klassik yazarları ən çox sevirəm desəm yanılmış olmaram-dedim-bəs sizin?

-Xüsusi olaraq sevdiyim bir yazıçım yoxdur mənim də sizin kimi. Ancaq daha çox romantik və dedektiv janrında oxuyuram.

-Məncə bu yaş ilə əlaqəlidir.

-Necə yəni? Tam olaraq anlamadım.

-Yəni ilk öncələri mütaliəyə başlayan biri ilə söhbət etsək o da sizin kimi cavab verər böyük ehtimal. Bir növ gənc yaşlarda kitab oxumağa başlamağa daha çox maraq olduğundan bu yaşlarda olanlar eyni ilə sizin kimi romantik ya da dedektiv janrında oxuyurlar.

-Bəs siz necə? Gənc deyilsiniz?-dedi yenə məni məndən alan zənəxdanına qondurduğu gülüşü ilə.

-Əslində bəlkə də eləyəm, amma bu sadəcə yaş ilə belə söylənilə bilər, gerçəklikdə isə yəni bir növ mənəvi cəhətdən, ruhən elə olduğumu düşünmürəm. Bəlkə də buna ən böyük təsir oxuduqlarımdı.

-Yəni demək istəyirsiniz ki, sizin deyiminizlə insanın gerçək yaşının neçə olması onun oxuduğu kitabların janrından, necəliyindən asılıdır? Doğru anladım?

-Bəli elə demək olar. Amma təbii ki, bunun nə dərəcədə gerçək olduğunu hər hansı bir real proqnozlara əsaslanıb söyləyə bilmərəm, əsla, yalnızca gördüyüm və müşahidə etdiklərimə nəzərən bu qənaətə gəlmişəm.

-Bəs siz? Adınız necə oldu?

-Kürşad.


-Kürşad, bəs siz heç özünüz bu dövrü keçməmisiniz ki bəyəm?

Bir anlığa addımlarımı saxlayıb yerimdə durdum. Söyləyəcəklərimə nə olursa olsun böyük ehtimal inanmayacaqdır deyə düşündüm, düzü mən də onun yerində olsam 10 dəqiqə öncə tanış olduğum bir insanın nə dərəcədə səmimi olub-olmamağına qərar verə bilməzdim. Bir yandan mənə yönləndirilmiş sualı cavablamalı, digər yandan artıq metronun girişinə çatdığımıza görə təcili surətdə bir şeylər deməli, bir şeylər etməli idim. Ancaq beynim sanki dumanın içində qeyb olmuş, düz qarşısında olan şeyləri görmür və düzgün düşünə bilmirdi. Buna rəğmən hər şey burada beləcə bitməli deyildi. Çünki bu bir təsadüf deyil, tam anlamı ilə fələyin çarxının taleyimi dəyişdirməsi idi.

-Əlbəttə ki, həmən insanların içində mən də varam və təbii olaraq bu düşüncəyə gəlməyimə səbəb dediyim kimi ən başda özüm olmaqla ətrafımdakı mənə yaxın olan insanları nəzərdən keçirərək əldə etdiyim təcrübələrdir. Sizin necə? Adınız necə oldu?

-Anladım. İnsanın bir şeyləri söyləyən zaman, bir şeylər haqqında fikir yürüdən zaman ilk öncə özündən misal gətirməsi və sonradan bu misala nəzərən müqayisəli təhlil etməsi sevindiricidir. Ki olması lazım olan da məncə məhz budur. Bu qısa zaman ərzində həmsöhbət olduğunuz üçün təşəkkürlər, ancaq indi üzrlü sayın mən metroya girməliyəm.

-Elədir tamamilə dediklərinizlə razıyam. Nə etdim ki, əsas siz sağ olun öncə kitab üçün, sonra da bu yağışlı havada həmyoldaş olduğunuz üçün. Amma adınızı söyləmədiniz?

-Üzrlü sayın unutdum. Mələk. Amma artıq getməliyəm.

-Bəlkə yenidən bir daha görüşə bilmək şansımız oldu?

-Sənin dediyin kimi əgər qismətdir isə Kürşad yenidən görüşəcəyik. Ancaq sənə bir söz deyimmi, hər şey insanın öz əlindədir. Bunu deyərək nə fikirləşdiyimi, ya da sənin bundan nə anlayacağını zaman göstərəcək. Bəlkə də göstərmədi kim bilir.

-Bütün bunların bir səbəbi var. Əgər səbəbi yoxdursa yaşanması üçün bir mənası da yoxdur.

Heç bir şey demədən uzaqlaşdı və getdi. Sağollaşdıqdan sonra az öncə həyatımda baş verənlərin nə anlama gəldiyini öz-özlüyümdə sorğulamağa başladım. Niyə məhz indi, niyə axı hər şeyi götür-qoy etmişkən, hər şeyə özümü hazırlamışkən belə bir hadisə oldu? Bu qədərmi şanssız, bəxtsiz bir insanam? Bu qədər mi uzun zamandan sonra nəhayət qərarsızlığıma qalib gələrək yaranmış uyğun şəraitdə verdiyim qərarı yerinə yetirməyə gücüm, iradəm, haqqım yoxdur? Bütün bunları haqq edəcək nə etdim axı? Bir anlaya bilsəm hər şey niyə belə olur, niyə bütün bunlar baş verir deyə. Kaş heç geri dərsə getməzdim ya da getdim deyək nə işin var axı o stendlərdə nə var deyə maraqlanmaq. Görürsən yağış da yağır, götür cibindən bir siqaret yandır onu çək sinəyə sonra da evinə get rahatca öz işini gör. Yox, Kürşad bəy artıq görür ki, sondur deyir ki, qoy hər şey ilə barı sonuncu dəfə maraqlanım, hər şeyin sonuncu dəfə dadına baxım. Sonda nə oldu bəs? İlk dəfədir yaşamadığın bir şeyi yaşadın və indi bununla nə edəcəksən Kürşad? Nə?

Hələ də metronun girişində durmuş ard-arda ikinci siqaretin də kötüyünü yerə atıb sanki yağış yağıb da onu söndürməyəcək kimi ayağım ilə əzib söndürməyə çalışırdım. Digər yandan Mələk getmişdi, amma mən burada onun sayəsində yenə fikirlərin beynimi öz silahları ilə işğal etməsinə tamaşaçı qalmışdım. Və əslində bu səfər bütün səmimiyyətimlə bundan qaçmaq üçün siqaret çəkmirdim, əksinə bu mübarizəyə qoşulmaq, sonda bir çıxış yolu tapmaq istəyirdim. Çünki iki yolun astanasında idim: ya son, ya da müəyyənsizlik. Müəyyənsizlik, bəli çünki, əgər sonu seçməsəm irəlidə nələrin olacağını heç cür təxmin edə bilmirdim, ancaq bildiyim tək şey heç olmasa həyatımda ilk dəfə bir məqsəd uğrunda sona qədər mübarizə aparmağa istəkli olmağım idi. Bunun üçün yağışın damlaları altında bədənimi bütün istəyim və arzum ilə ona təslim edərək yenidən bir ümidlə Mələyi necə görməklə bağlı düşünməyə başladım.

Havanın yağmurlu olmasına baxmayaraq yağan yağışı, onun altında gəzməyi çox sevirdim. Hələ bir də tək başınıza, ətrafınızda heç kəs yox ikən ölü sükunətdə gəzmək, o anları yaşamaq üçün bir çox şeyi fəda verə bilərəm ömrümdən.

Metronun girişindən uzaqlaşıb evə doğru piyada getməyə qərar verdim. Bir az uzun olacaqdı, amma olsun həm belə bir havada gəzmək, həm də baş verənləri götür-qoy edib nə edəcəyim barəsində fikirləşmək istəyirdim.

Yenə beynim bir savaş meydanına dönmüş hər iki tərəfin ağır top atəşləri ilə hücuma məruz qalırdı. Edə biləcək bir müdafiəsi yox idi çünki, bütün varlığı ilə tək-tənha mərkəzdə durmuş məğlubiyyətin ən əsası da canının alınmasını gözləməkdə idi. Amma məncə unutduğu bir şey vardı bu son deyil, sonun başlanğıcı idi.

Əslində baş verən hər şeyin sonunda nəticəsinin necə olmasından asılı olmayaraq yaxşı olması deyil də, sonradan baş verənləri izləyərək yaxşılığa doğru gedən yolda baş vermiş bir hadisə olaraq qəbullənirəm.

Bəzən deyirəm çünki, müəyyən zaman baş verən acılı, kədərli hadisələrin necə bir xeyir verən bir gələcəyə ya da hər hansı bir hadisəyə səbəb olacağını anlaya bilmirəm. Məsələn ölüm kimi. Axı mən bu gün ölümün verdiyi acını üzərindən neçə il keçməsinə rəğmən hələ də hiss edirəmsə məgər ondan gələn hər hansı bir xeyri qəbullənə bilərəmmi? Ya da ümumiyyətlə bir xeyrin gəlməsi mümkünmü ki? Təsadüf deyildir, məncə, ki zatən təsadüf deyilən bir şeyin olduğuna inanmıram. O zaman bu qismətdir? Axı baş verənləri görərək bundan sonra yarana biləcək hər hansı bir şeyin sonunun da belə bitməyəcəyi nə məlum? Bir-biriləri ilə bağlılıq, yaxınlıq qurmayacaqları, sonlarının eyni məcrada hüsranla bitməyəcəyi kimə aşikardır? Qorxmalıyammı onu da bilmirəm. Yenidən bir qorxunu daha sonra onun üzərinə gedərək qəbullənib həmən qorxunu yaşayıb da həyatımı məhv etmək istəmirəm.

Burada əslində nədən qorxmaqdan çəkinirəm? Ölümdən məncə yox, tərk edilməkdən o da yox, o zaman nədən? Yoxsa həyatın mənə hər zaman oyun oynayacağı fikrindən ya da həyatımda baş verən, verəcək olan şeylərin hamısının sonunun kədərli hadisə ilə bitməsindənmi? Ki onsuzda hər son yaxşı bitməli deyilmi, əgər bitməyibsə deməli son deyil. O zaman həyatım heç bir vaxt bir son yaşamayacaq və fələyin mənə qurduğu o çəmbərin içində sıxılmış bir vəziyyətdə əlim-qolum bağlı bir şəkildə ömürlük qalacağam. Nə zaman kimsə məni oradan çıxarmaq istəsə əgər keçmişimdə yaşamış olduğum bədbin hadisələr ilə bir təsadüf yaratmaq niyətinə keçib əbədi olaraq orada qalmağıma şərait yaradacaqdır. Mələk, bəlkə həmən qurtarıcı sənsən və mən isə bunları görməzdən gəlirəm bəlkə də buna məhkum edildiyimdən gözlərim heç nəyi görməz oldu. Ah bir anlasam, bir bilsəm nədir yaşamımın sirri, nədir axı bunun mənası? Bir ipucu vermələrinə belə razı olmuş şəkildə oturmuş gözləməkdəyəm. Ümidim yalnızca bunadır. Səbr edərək bir yardım əlinin mənə doğru uzadılmasına. Kaş alınsa, kaş baş versə və bütün bunları geridə buraxıb xəyalımdakı yaşamaq istədiyim yaşamı gerçəkləşdirmək üçün bir şeylər etsəm bir şeylər etsək Mələk.

Zaman axıb su kimi keçirdi bir anlığa durub başımı qaldırıb baxdıqda artıq “Şəhidlər Xiyabanı” nı keçirdim. Yağışın şiddəti artsa da ayaq saxlayıb ziyarət etməyi özümə borc bildim. Çünki, burada bu şəhidlər qəbirstanlığında yatanlar da zamanında canlarından keçərək vətənlərini qorumağa özlərinə borc bilmişdilər. Xiyabanın başlığında asılmış şanlı iki bayrağa baxanda “Türkün Türkdən başqa dostu yoxdur” deyimini xatırladım. Yağan yağışın damlaları ilə göz yaşlarım bir-birinə qarışdı. Heç kəsin bunu sezməyəcəyi düşüncəsi ilə ziyarətim boyunca hər məzarın yanından keçəndə belə özümü saxlamırdım.

Oradan ayrıldıqdan sonra piyada aşağı düşərək gülüstan yolu ilə bayıla girməyə başladım. İrəlilədikcə beynimdə yaranan suallar içərisindəki ən önəmli suala cavab tapmaq üçün var gücümlə hər şeyi ən başdan indiyənə kimi düşünür ortaq bir çıxış yola tapmağa çalışırdım. Baş verən hər şeydə bir anlam olmalı idi mütləq. Olanlardan sonra yarana biləcək hər hansı bir xeyir iş olmasa belə, bunların olmasına bir səbəb var idi. Kor-koranə bir şeylərin olmasına inanmaq axmaqlıqdan başqa bir şey deyildi mənim üçün. Çünki, bu dünyayı kainatı quran yoxdan var edən bir varlığa olan inamım vardı və onun etdiklərinin də özlüyündə dərin bir mənası olduğuna inanırdım. Onun üçün yaşamımın yaşamımızın nə qədər standart günlük işləri ilə davam etməsinə rəğmən, daha böyük bir şeyin parçası olduğumuz və bu yol uğrunda hər şeyimizlə savaşmalı olduğumuzu düşünürdüm. Ölüm ilə də hər şeyin bitəcəyini. Bəlkə də ona görədir insanların qorxularının ilki olaraq məhz ölüm gəlir. Hərçənd özümdə bu fikirdə deyildim daha çox ölməkdən deyil də necə öləcəyim ilə bağlı bir narahatlıq hissi vardı. Amma o da zamanla ölümün ağuşuna aldığı sevdiyim insanlarla birlikdə keçib getmişdi.

Əslində bu qədər rahat danışmağım nə qədər qəribə, səmimiyyətsizlik kimi görünsə də, hər zaman gerçəkləri söyləməklə mükəlləf olduğumu söylədiyimdən və bu yazdıqlarımda ya da həyatımda yaşadıqlarımda açıq sözlü davrandığımdan nə dərəcədə ciddi olduğumu anlamışsınızdır. Ciddi mövzular haqqında məhz ciddi danışmaq daha məqsədə uyğundur.

Məncə daha önəmli bir qorxu ilk sırada olmalıdı ki, hansı ki, ölümdən qorxmaq kimi insanın özünün düşünməsi deyil də bu dünyada dəyər verdiyi insanlarla bağlı olan bir şey. Çünki, mənə görə bu dünyada tək bir insan əsla yalnız ikən bir şeylərə nail ola bilməzkən iki kişi ilə dünyaya deyil kainata belə qalib bilər. Əslində mənə görə buna ən böyük səbəb insanın yalnızca özünü fikirləşən zaman xəyal etdikləri ya da qarşısına qoyduğu məqsədlərin sərhədi bir yerdə durğunluğa girən zaman, digər yandan yanında dəyər verdiyi, sevdiyi bir insan olan zaman bu insanın ailə içindən, dostlarından ya da sevdiyi qadınlardan birinin olmasının fərqi yoxdur ki, o zaman həm qurulan xəyalların qarşıya qoyulan həyata keçirilməsi düşünülən məqsədlərin birbaşa yanındakı insana verdiyi dəyər və bəslədiyi sevgiyə görə daha böyük bir anlam kəsb edir. Bunun məntiqli sonu olaraq çıxdıqları yolda qarşılaşdıqlar hər çətinliyi dəf edən zaman məhz az öncə söylədiyim hislərin böyük rolu olur. Bu baxımdan bir insanın bu dünyada rolunu anlamaq üçün onun ətrafındakı insanlara bəslədiyi duyğular və duyğuların gerçək olduğunu isbat edəcək fədakarlıqları görmək lazımdır. Ya da təkcə həmən insanın gözlərinin içinə baxan zaman orada görə biləcəyin səmimiyyət hissi. Bəlkə də sadəcə inanmaq lazımdır gerçək olaraq düşündüyümüz şeylərə.

Artıq qaranlıq günəşi ağuşuna alaraq hər tərəfi zülmətə bürüdürdü. Yavaş-yavaş məhlənin girişinə çatırdım, amma buraya qədər necə gəldiyimin fərqində deyildim. Pilləkanlarla yavaşdan düşüb həyət qapısının qarşısında dayanıb qapını açmaq üçün əlimi cibimə atıb açarı tapıb çıxardım. Açarı çevirib kilidi açıb həyətə girdim sonra evin qapısını açaraq eyni şeyi təkrarladım. Arxamca qapını örtüb dəhlizin işığını yandırmadan ayaqqabılarımı soyunub içəri keçdim. Qonaq otağına keçərək paltomu çıxardıb stulun arxasına asıb mətbəxə keçib çaydanın altını yandırdım sonra hamam otağına keçib əl-üzümü soyuq su ilə yuyub özümə gəlməyə çalışdım. Çünki, hələ də tam olaraq heç bir qəti qərar verməmişdim və buna görə də hələ də davam edən bir savaşın içində idim. Mətbəxə keçib çaydanın qaynamasını görüb onu kənara çəkərək yanan qaza doğru əyilib paçkadan çıxartdığım siqareti yandırdım. Dərin bir-iki nəfəsdən sonra fincanımı götürüb öncə tənbəlliyimdən və yorğunluğumdan yenisini etmədiyim səhərdən qalma köhnə dəmi sonra ağ suyu əlavə edib qonaq otağına keçdim. Sonra siqaret üçün külqabı götürməyi unutduğum üçün birinci külqabıya sonra yaddaşıma söydüm. Son zamanlarda bir çox şeyləri unutmağa başlamışdım artıq. İndi belə bunları yazan zaman sonra yazaram deyib nə qədər yazmağı unutduğum yazılarım olub. Ah kim bilir bəlkə də onlar da yazılsa idi necə bir hal alacaqdı.

Qonaq otağında oturduğum divan ona paralel kreslo divan ilə üzbəüz paralel şəkildə 4 kişilik masa masanın əks istiqamətində, amma ona paralel televizor altı ki, üstündə televizor yox idi çünki, satmışdım bundan qısa zaman öncə. Televizor altında köhnə bir videokaset üzərinə isə əlavə özümün düzəltdiyi kitab rəfləri var idi. İki mərtəbəli. Bəziləri günlük olaraq vərəqlədiyim ən sevdiyim kitablarım var idi. Amma ən son nə zaman onlarla eşq yaşadığımı xatırlamırdım. Uzun zaman olmuşdu ayrılığın verdiyi həsrət. Amma indi içimdən bu günə xitabən yenidən oxumaq keçdi birini. Ancaq edə bilmədim heç ayağa qalxmağa taqətim belə qalmamışdı. Külqabını fincanımla birlikdə masanın üzərinə qoyub əynimi belə dəyişmədən divana uzandım. Bir yandan halsızlıq ki, uzun bir yol piyada gəlmişdim deyə, digər yandan başım ağrımağa başlamışdı. Bu da yəqin yağışın təsirindəndir dedim öz-özümə. Beynimdəkiləri uzaqlaşdırmaq və onların mənə olan təsirini görməzdən gəlib qalib olduqlarını düşünməklərini istəmirdim. Amma işin qəribəsi öz-özümə yalan danışırdım və mən isə çox bacarıqsız bir yalançı idim.

Zəngli saatın səsi ilə qəfil oyandım. Ekrana baxan zaman arxa-arxaya çalınan 4-cü alarm olduğunu gördüm cəld saata baxıb ilk dərsə gecikəcəyimi anladım. Yaxşı ki, limitdə deyildim və bir qayıbdan heç nə olmaz deyib yavaş-yavaş ayılmağa çalışırdım.

Öncə bir duş almalı sonra yaxşıca səhər yeməyi yeyib yeni paltarlar geyinib dərsə getməli idim. Hamama girib dünənki yağışın hələ də üzərimdə qaldığı üşütməyə görə isti bir duş alıb çıxdım. Çıxan kimi həmən öncə çaydanın içindəki suyu boşaldıb yenisi ilə doldurub altını yandırıb ən yüksək səviyyədə qaza qoydum. Sonra cəld əynimi dəyişməyə gedib sonrasında dəyişib saçımı fenlədim. Başımın ağrısı hələ də keçmirdi və bir az da soyuqladığımın fərqinə vardım. Yaxşıca saçlarımı qurutduqdan sonra qaynayan çaydandakı suyu 1 qaşıq çay atdığım dəm çaydanına bir az əlavə edib onun altını yandırdım. Soyuducuya keçib yeməyə bir şeylər axtardım, ancaq hər şeyin dünən bitəcəyini düşündüyümdən yeyilə biləcək çox şey yox idi ona görə yalnızca çay ilə yetinməli oldum. Çayın dəmləndiyini görüb altını söndürdüm. Sonra geri qonaq otağına qayıdıb dünən masanın üzərinə buraxdığım fincanı geri mətbəxə götürüb öncə isti suda yaxalayıb sonra çay əlavə elədim. İkinci dərsə gecikəcəyimdən bir fincan çayla yetinib paltomu stulun üzərindən götürüb evdən çıxdım. Açarla qapıları bağlayıb pilləkanlarla aşağı məhlələri keçib dayanacağa getməyə başladım.

Həmişə evdən çıxan zaman bir şeylərin üzərimdə olmadığını geridə buraxdığımı düşünürdüm və çatacağım məkana yerə qədər bu narahatlığım davam edirdi. Dayanacağa gedənə qədər packada qalan son 2 siqaretdən birini yandırıb ciyərimə çəkdim. Cibimdə siqaret almaq üçün ehtiyacım olan pulum qalmamışdı, cəmi 1 manatım qalmışdı. Amma yaxşı ki təqaüd kartımda bir şeylər qalmışdı. Dərsə vaxtından bir az əvvəl tez çata bilsəm pulu da çıxarmış olacağam. Amma mənim dünən cibimdəki pullar hara getdi ki? Yadıma düşdü dünən kitab almağa vermişdim. Kitab almaq? Hansı kitab? Mələk? Axı necə unuda bildim mən? İndi neyləyəcəyəm Kürşad? Heç bir qərar vermədən yola davam etmək olmaz. Bir şeylər edib öz seçimini seçməlisən və o yolla həyatına ya davam etməli ya da. Ay zibil, saxla. Getdi. İkincisi görəsən nə zaman gələr? İkinci dərsə gecikməyim barı yoxsa limitə düşəcəyəm. Nəyə lazımdı axı indi bunları düşünmək gözlə avtobus gəlsin min sonra nə qədər istəyirsən fikirləş onsuzda sonuncu dayanacaqda düşürsən öncə ya da sonra düşəcəyin bir yer də yoxdur. Amma yox Kürşad bəy hər saniyə fikirləşməlidi niyə çünki, beynində onun idarə edə bilmədiyi düşmənləri var. “Fikir qiyamçıları”. Çox pis ad oldu həqiqətən. Xətirlərinə dəydim yəqin ki. O zaman qoy olsun “Silahlı düşüncələr”. Yox bunu da sevməzlər. Qoy sevməsinlər əsas mən onları necəsə adlandırım ki, çağıranda tanısınlar onlar da məni. Tanısınlar deyəndə tək mənim beynimdə deyillərmi görəsən? Başqalarının da beyinlərini ələ keçiriblər hə nə deyirsən? Yox əşi inanmıram olsa-olsa ancaq dəlilərin beyinlərində olarlar, amma sən narahat olma dostum.

Nəhayət ikinci dəfə avtobus gəldi və heç gözləmədən minərək yola düşüdüm. Az sayda sərnişin vardı, amma oturacaq yerlərin hamısı dolmuşdu. Ayaq üstə dayanan 3 kişidən biri idim. 20 dəqiqəlik bir yol idi düşəcəyim dayanacağa qədər olan məsafə. Bu müddət kafi edərdimi ki fikirlərimi cəmləşdirib yekun bir qərar verməyə? Yoxsa yenə bir-birindən anlamsız deyə adlandırdığım heç bir işə yaramayan düşüncələrimin arasında itib qalacağam? Yox Kürşad bir şey etməli idim və bu edəcək şeyi qətiləşdirmək üçün də özümə söz verməli idim.

Avtobus gedərkən pəncərədən bayıra baxaraq heç vaxt gerçəkləşməyəcəyini bilərək xəyallar qurmağı bu dünyada bir çox şeydən daha çox sevirdim. Çünki, həmən anlardakı mənliyimdə, ruhumda olan xoşbəxtliyi daddığım zamanlar gerçək həyatımdakı xoşbəxt olduğum zamanlardan daha çox idi. Bəlkə də buna görə heç vaxt qurduğum xəyalların gerçək olmasını istəməmişəmdir çünki, gerçəkləşsə onların da ömrünün qısa olacağından qorxmuşamdır.

Artıq dayanacağa çatmışdım və ödənişi edib avtobusdan düşdüm. Paketə baxdığımda sadəcə geriyə bir siqaretim qalmışdı və bunu həmişəki dayanacağa çatıb avtobusdan düşəndə çəkməyimə rəğmən indi çəkmək istəmədim. Yoluma davam edib universitətə doğru sürətlə getməyə başladım. İkinci dərsin başlamasına 5 dəqiqə kimi vaxt qalmışdı əgər dursam ya da yavaş getsəm gecikə bilərdim bunun üçün ayaqlarımı yeyinləyib bütün sürətimlə yeriyirdim. Darvazadan içəri daxil olub oxuduğum korpusa gedərkən bir anda onu gördüm-Mələyi. Qarşı tərəfdən tək başına çıxışa doğru gedirdi. Bunun bir röya deyil gerçək olmasına inanmaq istəyirdim çünki, buna ehtiyacım vardı. Əslində ehtiyacım olan beynimdə dünəndən bəri uğrunda savaşdığım suala cavab tapmaq arzusu idi. Və mən bunun bir işarə olduğuna özümü inandırmaq geri qalan həyatımı bu yolda şəkilləndirmək istəyirdim. Bəli istəyirdim çünki, yenidən onu ikinci dəfə görən zaman eyni ilə ilk dəfəki kimi yaşadığım hisləri yaşadım. Bunun üçün başqa bir seçim yolu olduğunu düşünmək istəmirdim. Demək ki yanılmışdım, demək ki hər şərdə bir xeyir varmış. Bu ölümün verdiyi kədər və acı ilə gəlsə belə.

Heç nəyi düşünmədən başda dərs olmaqla birbaşa ona sarı getməyə başladım. Təkcə ayaqlarımla deyil bütün varlığım, bütün mənliyim, bütün ruhum ilə. Ona doğru gedən zaman onunla da gözəl və sevincli bir yola çıxacağımızı düşünürdüm. Çünki, onun yanımda olmasına bu söylədiklərimin baş verməsinə ən böyük səbəb idi. Mələk. Sənə doğru sənə aşiq olduğuma görə gəlirəm.

-Yenidən görüşdük.

-Kürşad? Burada nə edirsən?

-Unutdun deyəsən eyni yerdə oxuyuruq.

-Yəni məni necə tapdın demək istədim.

Simasında ancaq təəccüb sezirdim. Dünənki əhval-ruhiyyədən sanki əsər-əlamət yox idi. Bir şeylər baş vermişdi deyə düşündüm ya da ola bilsin ki, bu ehtimalı düşünmək istəmirdim dünən bəlkə də məni özündən uzaqlaşdırmağın qırıcı olmayan yanı ilə demişdir o sözləri. Yenə beynim suallar tərəfindən bir küncə sıxışıb çıxış tapmaq istəyirdi.

-Qismət-dedim gülərək. Bəlkə bununla heç olmasa cüzi də olsa bir şeyləri dəyişə bilərəm deyə düşündüm. Ancaq onun üzündəki təəccüb hissi keçməmişdi hələ. Ona təsir edəcək bir şeylər söyləməli və etməli idim, amma bunların nə olacağı ilə bağlı bir fikrim yox idi tam olaraq.

-Əgər yanlış anlamazsansa bir yerlərə gedib oturub bir çay içmək istəyərdim səninlə?

-Mənimlə? Buna səbəb nədir Kürşad?

-Bunun qismət olub olmadığını aydınlaşdırmaq üçün. Yoxsa dünən danışdıqlarımızı xatırlamırsan?

-Xatırlayıram sadəcə bu gün qarşılacaq qədər tez olacağını düşünməmişdim.

-O zaman bu təklifə müsbət cavabdır elə deyil?

-Hə demədim Kürşad.

Durdu. Durduq. Soyuq külək əsirdi eynən indi aramızda olan kimi. Bir neçə saniyə sadəcə bir-birimizə baxdıq. Simamıza, gözlərimizə, üz çizgilərimizə. Bir şeylər axtarırdıq, amma ən çox o axtarırdı. Çünki, mühüm olan da məhz o idi, onun deyəcəyi bir söz, onun verəcəyi bir qərar. Mənsə sanki mənə baxan zaman içimdəkiləri, ona qarşı olan hislərimi, düşüncələrimi bilsin, görsün deyə həyəcanıma rəğmən hər cür şəkil alırdım. Anladımı, gördümü deyə düşünməyə başlarkən.

-Yaxşı gedək. Nəticədə sadəcə oturub bir çay içəcəyik.

-Bəlkə iki ya da daha artıq.

-Necə?


Gülümsəyərək-heç nə sadəcə gələcək görüşlər üçün də hesabladım-dedim.

Baxdı, baxdı yenidən bir daha baxdı və mənim anladığım qədəri ilə burada bu adamla axı nə işim var kimisindən bir baxış ataraq başını çevirdi. Ancaq yanıldığı şey o idi ki, hər kəsin bir zamanlar düşdüyü xətaya o da düşəcəkdi. Rolların dəyişəcəyi kimi.

IX
-Bəs sonra?

-Sonra? Sonra nə?

-Bircə saniyə Kürşad.

Eynəyini çıxartdı telefonunun ekranın baxdı gələn zəngə cavab verib verməmək arasında qaldı. Sonunda dəstəyi qaldırdı. Bir şeylər danışdı sakit bir səslə. Böyük ehtimal dinləməyimi istəmirdi buna görə mən də başqa bir yerlərə nəzərimi çevirib baxmağa başladım. Gözüm elə hey tavandakı xətlərdə idi. Digər yandan beynimdə mənim burada nə işim var axı deyə düşünürdüm. Burada həyat hekayəmi sevdiyim qadını niyə danışıram ki. Azad olmaq üçün bu əzabı niyə özümə verirəm ki deyə düşünürdüm. Sonra azadlığa nail olmaq üçün əzab çəkməli olduğumu xatırladım. Bunu da hansısa bir kitabdan mı oxumuşdum görəsən. Bilmirəm.

-Bəli Kürşad harada qalmışdıq?

-Siz sual verdiniz amma anlamadım.

-Hə xatırladım. Sonra deyirdim, sonra nə oldu?

-Bildiyimiz kimi. Münasibət qurduq.

-Sənin bildiyin amma mənim bilmədiyim. Ona görə səndən soruşuram. Ancaq yenə təəssüflə deməliyəm ki vaxtımız bitib. Gəl belə eləyək gələn səfər gələndə onunla olan xatırladığın hər şeyi danış. Həm yarıda da qalmış olmaz elə deyil?

-Hər şeyi?

İçimdə bir anda narahatlıq hissi yarandı. Bilirəm başlamışam bir işə girişmişəm ancaq hər şeyi danışa bilmərəm ki. Olmaz. Alınmaz bu. Yəni bacarmaram. Sanki hər yer bir anda üstümə gəlməyə başladı, tərlədim. Divarlar həmən bəyaz divarlar qara rəngə bürünüb hücum eləyirdilər elə bil. Mən isə geri çəkilir ancaq qaçacaq bir yerim olmadığından bir yandan da təslim olurdum. Qapana qısılmışdım. Bir yardım əli istəyirdim. Məni buradan bu bəladan qurtarsın deyə.

-Kürşad? Yaxşısan? Birdən halın qarışdı deyəsən? Kürşad məni dinləyirsən?

-Mən, mən gedim mətanət xanım. Sonra danışarıq.

-Yaxşı amma unutma iki gün sonra görüşəcik və qaldığımız yerdən davam eləyəcəyik.

Cavab belə vermədən daha doğrusu verməyə taqət tapmadan divandan tutaraq ağır addımlarla başım gicəllənərkən güc bəla ayağa durub qapıya tərəf getdim. Tək istəyim açıq havaya çıxmaq idi. Özümə gələrdim bəlkə. İlk öncə zehnimi daha sonra bədənimi ayaqlarımı zorlayaraq bayıra çıxa bildim. Gözlərimi yumub başımı səmaya qaldıraraq dərindən nəfəs alıb verdim. Dəfələrlə. Unutmaq istədiyim şeyləri yenidən xatırlamaq yoxsa elə xatırlamaq istədiyim şeyləri yenidən sanki yaşamaq. Niyə bu qədər əzab çəkməliyəm ki? Niyə bütün bunları mən yaşamalıyam ki? Bu sualı da özümə verdiyimə görə artıq tamamilə bitmiş bir Kürşad var içimdə. Hər şeyin öhtəsindən gələn sona qədər savaşan o Kürşad bəs? O hanı? O niyə gəlmir köməyimə? Yoxsa artıq o da inanmır mənə? O da mı ümidini kəsib məndən? Geriyə kim qalıb mənlə? Üçüncü bir Kürşad? Hansı ki edəcəyi heç nəyi bilməyən hər şeydən məhrum olan Kürşad. Bir şeylər etməliyəm. Belə getməyəcəyini bilirəm. Amma nə? Nə etməliyəm onu bilmirəm. Yorğunam həm də çox. Ölüm desən ölmək istəmirəm. Qorxduğumdan deyil bir dəfə istədim həm də çox amma olmadı. Yoxsa iki dəfə? Yaddaşım da məni tərk edib. Hər kəsin tərk etdiyi kimi. Geriyə kim qalıb? Kim yanımdadır?

Ən yaxşısı evə gedim necə gedəcəyəm bilmirəm amma gedim. Buradan bu küçələrdən bu xatirələrdən uzaq qalmaq üçün gedəcəyim tək yer oradır. Orada xatirələr var idi mi? Olmaz məncə. Orada ancaq mən var idim və bir də yalnızlığım. Başqa heç kimə heç nəyə yer yoxdur.

Öncə oturdu səkidə. Özünə gəlməyə çalışırdı digər yandan da beynindəkiləri boşaltmaq istəyirdi. Amma tez bir zamanda ayağa qalxmalı idi getməli idi. Yuvasına evinə. Piyada çox olacaqdı durdu fikirləşdi. Ən yaxın avtobus dayanacağına getdi. Yağış yavaşdan atmağa başlayırdı. Vecinə almadı. Bu dünyada onu heç kim vecinə almamışdı. O da belə etsə günahsız olardı deyə düşündü. Aram-aram yağan yağışın o narın damlalarından həzz ala-ala gedirdi. Sanki arenada çempionluq savaşında qalib gəlmiş bir gladiator tək. Adını hər kəsin səslədiyini düşünərək hayqırdığını düşünərək yola davam edirdi.

Çatdı. İlk gələn avtobusa mindi hara gedəcəyini bilmədən. Soruşdu şoferdən ən yaxın metronun hara olduğunu. 10 dəqiqə sonra dayancaqda düşdü. Metroya mindi. Gözlədi. Durdu. Oturmaq istəyirdi. Yorğundu həm də halsız. 2 dəqiqə oldu. Qatar görsəndi tunelin sonunda. Gəldi. Qapılar açıldı. Anons verildi, mindi. Qatar getdi. O da gedirdi. Oturduğu yerdə beynində daldığı xəyallara doğru gedirdi. Ən azından burada ona imkan vardı istədiyi yerə istədiyi kişi ilə gedə bilərdi. Bir gün gerçəkləşməzdi bəlkə amma o yenə gedirdi. Bu dəqiqələrdə xoşbəxt idi. Hər kəsdən daha çox. Düşəcəyi stansiyaya çatdı. Qapılar açıldı. Düşdü. Eskalatora doğru addımladı mindi. Yuxarı qalxdıqca havanı hiss edirdi. Bircə bayıra çıxmaq istəyirdi. Çünki bir az daha burada yerin altında qalsa daha betər olacaqdı. Ölümü xatırladırdı bura. Ona görə metrolara minməyi sevməzdi. Hər yerin altına endikdə itirdiyi sevdiyi insanları xatırlardı çünki. Onları yenidən itirdiyini zənn edərdi. Ən pisi isə özünün də öldüyünü düşünərdi. Əslində ölmüşdü də. Vücudən yaşasa da ruhən ölmüşdü.

Ən yuxarı çatdı çıxış qapısından çıxıb dayanacağa tərəf getdi. Avtobus gözlədi. Axşam. Yağış gurlaşmış güllə kimi yağırdı. Düşünmədi heç nəyi. Əlini cibinə atdı siqaret axtardı amma tapmadı. Evdə qoymuşdu. Unutmuşdu. Kaş hər şeyi bu qədər asan unudardım deyə düşündüm. Kaş yaşadığım bütün əzabları kədərləri belə asanlıqla unudardım da nə keçmişə qarşı bir nifrətim olardı nə də...

Avtobus gəldi kartı vurdu ən arxaya keçdi. Oturmağa yer yox idi ayaqüstə tutacaqdan tutaraq güc bəla ilə ayaqda qalmağa çalışırdı. 10 dəqiqəlik bir yolu var idi. Özünü tutmalı dözməli idi. Sən ki hər əzaba dözmüsən buna mı dözə bilməyəcəksən dedi öz-özünə. Güc gəldi, ağarmış dodaqları qızarmağa başladı. Əhvalı düzəlirdi sanki. Avtobus durdu. Düşdü. Artıq özündə güc tapmışdı marketə girmək istədi amma fikrindən əl çəkdi. Məhlələrin içi ilə keçdi. Qarşısında uzun pilləkanlar var idi. Toplam saylarını bilirdi. Ayrı-ayrı olan hissələrin belə sayını bilirdi. Rəqəmləri tarixləri unuda bilmirdi. Onu üzən şeyləri də. Durdu dərindən nəfəs aldı. Hər dəfəsində bu pilləkanları qalxan zaman sayardı ürəyindən. Beynini başqa şeylərə yönəltmək istəsə də yenə sayardı. Əl çəkə bilmirdi. Xəstəlik idi sanki. Amma xəstə idi. Özü də bilmirdi. Unuda bilmirdi. Əzab verirdi öz-özünə. Çünki çünki buna bütün bunlara layiq olmamasına rəğmən uduzurdu. Oynadığı hər oyunda məğlub olurdu. Saf idi təmiz idi. Hiylə bilməz yalan-dolanla işi olmazdı. Sadəcə vicdanlı idi bəlkə də. Onu təsvir edəcək bütün hər şeyi həyatını anlatacaq bir kəlmə lazım idisə o da vicdanlı olması idi.

Qapıya çatdı açarı kilidə saldı açdı. Həyətə keçdi. Digər açarı çıxartdı qarşısındakı qapıya saldı onu da açdı. Keçdi içəri. Dəhlizin işıqlarını yandırdı. Pəncərələri taybatay aça-aça içəri qonaq otağına keçdi. Özünü divana atdı. Oturdu. Başı sanki qaynar qazan idi. Ağrı güclü ağrı əzab verirdi. İki-üç aydan bir tutardı. Dözə bilməzdi amma dərman atmazdı da. Mədəsi dərman qəbul eləmirdi. İçkidən idi bəlkə ya da siqaretdən deyə düşündü. Özünü aldatmağa çalışırdı amma özünə belə yalan danışa bilmirdi. Çünki uşaqlıqdan bəri belə idi. Ona görə düşünməməyə çalışdı amma cəhdi boşa idi. O istəmədən belə olsa bir dəli var idi beynində. O istəməsə belə onunla danışan dalaşan mübahisələr edən məsləhətlər verən bir dəli. Uzun zaman idi vardı. Uşaqlığından bəri. Atasının öldüyü gündən bəri. Çünki ondan sonra yanında heç kim yox idi. Hər zaman tək idi. Nə qədər insanlar yanında olsa da nə qədər dərdləşsə də yenə o yalnız idi. Çünki bir tək özü ilə danışar mübahisə edərdi. Bəzən söyərdi niyə belə elədin deyə bəzən ağlardı amma çoxu zaman xəyallar qurardı. Heç vaxt mümkün olmayan xəyallar. İnsanlar digər insanlar bu xəyalları dinləsələr ona dəli deyərdilər. O dəli adlanmaqdan qorxmurdu qorxduğu bu dəliliyi başqalarının bilməsi idi. Özünə qalmasını istəyirdi çünki o zaman rahat olardı. Həyatın hər əzabından o zaman yaxa qurtara bilirdi. Digər yandan məhz həmən dəlinin ona əzab verdiyini bilərək.

Kürşad. Kürşad belə biri idi. Beynində bir dəli ilə yaşayan onu heç kəslə paylaşmayan paylaşsa itirəcəyindən qorxan itirsə kürşadlığından geriyə heç nəyin qalmadığını düşünən və ona əmin olan. Ona görə səssiz-səmirsiz həyatına davam edirdi. Bir tək ümidi bu səssizliyin sonda elə bir şəkildə son tapması idi ki özü belə buna təəccüb edəcəkdi. Özü belə buna inamayacaqdı.

Yuxuya daldı. Yatmağı heç sevməzdi gecələrə aşiq idi. Gecələri ilham gələr daha çox xəyal qurardı. Sanki gündüzləri onu izləyən onun yanında biriləri olar gecələri isə tək-tənha öz yuvasına geri dönərdi. Ona görə gecələr onun gecələr onun ilham mənbəyi idi. Xəyalları arzuları ümidləri həmişə gecə ikən onun yanında olardı. Bir də gizlin-gizlin bir şeylər qaralardı. Özündən belə xəbərsiz idi. Özü də bilmədən özünü yazardı. Gecə oldu mu dayanmaz durmadan yazardı nə yazdığını bilmədən. Sadəcə içindən keçənləri sadəcə düşündüklərini. Bəlkə də sadəcə yaşadıqlarını...

X

Bir yerlərdə oturub çay içməyə razılaşdıqdan sonra universitet ilə metronun əsas girişi arasındakı yol ilə getməyə başladıq. Yolda gedərkən haraya gedəcəyimiz ilə bağlı hər hansı bir fikrim yox idi digər yandan bütün diqqətim və nəzərlərim yolun kənarlarındakı kafe, restoranlarda qaldığı üçün yol boyunca danışmağa heç olmasa mövcud vəziyyəti xeyrə dəyişməyə çalışa bilmədim. Sanki soyuq müharibənin içərisinə daxil olmuş oradan çıxmaq istəsək də çıxa bilmirdik. Ən azından onun da bu düşüncədə olduğunu sezirdim. Tarixin təkərrür etməsi kimi.



-Bura uyğundursa əgər oturaq elə burada?

-Olar. Mənim üçün hər hansı bir fərqi yoxdur.

Oyuna bir sıfır geridə başladığım təqdirdə hələ də oyunun idarəsini öz əlimə ala bilmirdim. Sanki bütün mövqelərdə rəqibə təslim olub oyunun sonunun tez bir zamanda bitməsini gözləyirdim. Ancaq məğlubiyyət üçün hələ çox tez idi birinci hissə bitməmiş irəlidə uzun bir marafon bizi gözləyirdi. Və bunun üçün sona qədər savaşmalı idim olduğum kimi.

-Düzü dünənki söhbətimizdən sonra bu gün səni yenidən görə biləcəyimi düşünmürdüm, amma dediyim kimi qismət bizi yenidən bir araya gətirdi–sözlərimə bir az ara verib yenidən davam elədim–yaxşı ki, də bu baş verdi. Bilirsən Mələk, mən həmişə gerçəkləri söyləməkdən yanayam və bunları deyən zaman qarşımda oturan hər bir insanda necə bir təəssürat yaratması doğrusu məni o qədər də maraqlandırmır. Bilirsən mi niyə?

-Niyə Kürşad?

-Çünki mən özüməm yəni demək istədiyim özüm kimi davranıram. Necə mövcudamsa elə. Nə əskik, nə artıq. Qarşımda olanların bu dediklərimi ciddi başa düşüb inanmaları ya da veclərinə almamaları mənim üçün maraqlı deyil. Məhz indi sənin qarşında oturan zaman yenə hər şeyi olduğu kimi söyləyəcəyəm. Hərçənd bir çoxları kimi bəzi nüansları gizlədə ya da təhrif etmiş şəkildə də söyləyə bilərəm, amma bunu etməyəcəyəm. Və ən önəmlisi az öncə dediyim kimi məni maraqlandırmayan insanlara sən daxil deyilsən. Bu hər şeyin önəmini bir daha artırır.

-Bəs mən niyə o insanlara aid deyiləm Kürşad? Nə fərqim var ki digərlərindən?

Həyəcanlı olduğumu bildirməməyə diqqət etsəm belə əllərimin hər hərəkətindən alnımda yaranan muncuq-muncuq tərlərdən də bunu açıq aydın görmək olardı. Nə qədər ki hər zaman gerçəkləkləri söyləməyi sevirdim buna rəğmən onunla gələn utanğaclığım üzümdən danışan zaman çox vaxt qarşımdakının gözlərinin içinə baxmaq qalsın bir yana heç üzünə baxa bilmirdim indi olduğu kimi. O qədər təlaşlı idim ki, ofisiantı çağırıb sifariş eləmək ancaq yaranan sükut zamanı ağlımdan keçdi.

-Üzrlü say sifariş etməyi unutdum nə istəyirsən?

-Narahat olma mənim üçün bir fərqi yoxdu sən nə sifariş versən mənə də o uyğun olar.

-Yaxşı o zaman. Zəhmət olmasa bizə iki çay gətirin öncəlik olaraq.

Ofisianta sifariş verdikdən sonra yaranan ölü sükunətdə indiki içində olduğum vəziyyətin gerçəklik, yoxsa xəyallarımdan biri olması ilə bağlı yenidən düşüncələrə daldım. Gözlərinin içinə baxmağa utansam da ilk gördüyüm zaman olan o təəssüratı yenidən yaşamış kimi oldum və bu onu sonralar görəcəyim hər an üçün keçərli olacaqdı. Sanki yaradan tərəfindən sırf qəlbimin içindəkilərini və beynimdə olan düşüncələrə tam uyacaq şəkildə sadəcə mənim istəyim üzərinə yaradılmışdı.

Ofisiantın sifarişi gətirənə qədər keçən zaman müddəti beynim ilə qəlbim arasında baş verən şiddətli münaqişədən fərqlənmirdi. Halbuki qısa zaman kəsimindəki bu period başqalarına adi zaman kimi gəlməsinə rəğmən mənə illər boyu səhrada yaşayan bədəvinin bir həyatı kimi gəldi. Həsrət, kədər və bir az da ümidsizlik.

Ancaq mənim savaşımın bundan əsas fərqi qorxu ya da cəsarətsizlikmi adını hələ də qoya bilmədiyim bir şeydir.

Dünən olanlar mənim həyatımın sonluğunun ucunda görünməyən, amma qəfil bir anda meydana çıxan işıq ümid işığıdır. Ancaq hər şeyin bir anda olması belə bir bədbəxtlik üz vermişkən üzərinə uzun zamandan bəri yad olan xoşbəxtliyin əlavə olması həyatımın digər insanlarınkından fərqli olduğunu bir daha önə çıxarırdı. Atamın öldüyü günün ildönümündə həyatımı bəlkə də bundan sonra kökündən dəyişdirəcək bir qıza aşiq olmuşdum. Özü də həmişə eşqin zirvəsi hesab edilən romanlarda filmlərdə dillər əzbəri olan ilk baxışda. Ancaq bu nə roman, nə də filmdən bir hissə idi, bu gerçək həyatdan götürülmüş bir parça idi.

-Buyurun, bu da iki fincan çayınız.

-Çox sağ olun. Yaxşısan Kürşad?

Kaş bəzən qulaqlarım səslərə qarşı laqeyd səssiz olardı. Düşündüyüm ən qəribə şeylərdən biri də biz insanoğlunun qulaq asmağı vacib bildiyi o qədər ah-nalə varkən əhəmiyyətsiz boş-boş səslərə qulaq asmağımızdır.

-Yaxşıyam. Sadəcə bir anlıq fikirlərə daldım. Bu çoxdankı adətimdir, gərək ki sən indidən buna öyrəşəsən.

Sonuncu cümlə ixtiyarsız olaraq beynimdə dolaşan qarmaqarışıqlığın nəticəsi olacaqdı. Kaş ki, dərhal bunu bir arqument olaraq gətirsəm və üzrxahlıq etsəydim. Ancaq onun dərhal cavab verərək öncəki suala diqqətini verməsi nə qədər dediklərimin son hissəsini eşitmədiyi təəssüratını versə də, gerçəyin nə olduğunu çox yaxşı bilirdim.

-Hələ də fərqin nə olduğunu söyləmədin amma– üzündə yaranan təbəssümün az öncə son dediyimin yaratdığı təsirdənmi olduğunu, yoxsa nədən olduğunu anlamamışdım. Daha bir savaşa girmədən düşüncələrimi bir kənara buraxıb gerçək həyata yönəlməli idim.

-Aşiq oldum sənə Mələk–dedim. Və bir anda sanki zaman durdu, dünya öz oxu ətrafında fırlanmağı saxladı, mənə sarı çevrilib kədərlə nə etdin sən Kürşad dedi. Zaman duranda təbii ki, bütün varoluş durdu, həyat söndü bir anda. Təkcə damarlarımda axan qan durmurdu qəlbim də az əvvəlkindən daha sürətlə döyünməyə başladı. Ən maraqlısı bir tək Mələk canlı idi, yəni bir tək ona heç nə olmamışdı, amma o da bir qəribə davranmağa başlamışdı. Öncə əlindəki fincanı yavaşca masaya qoydu başını qaldırıb mənə doğru baxdı sonra yenidən mənə doğru nəzərlərini çevirdi baxdı, baxdı görəsən mən haradayam deyə bir mimika yarandı üzündə sonra yenidən fincana onun içərisindəki çaya nəzərlərini yönəltdi. Susdu bir xeyli, onsuzda nə deyəcəyi barəsində düşünürdür deyə fikirləşirdim onun yerinə özümü qoyarmışcasına.

Nə baş vermişdisə heç bir şey əvvəlki vəziyyətinə qayıtmırdı, təkcə, biz ikimiz sanki ayrı bir kainatdayıq kimi sərbəst davranırdıq. Ətrafımızdakı hər şey donmuşdu yan masanın yanında olan ofisiantın süzdüyü su belə axmırdı. Artıq narahat olmağa başlayırdım. Bunun səbəbi mən olduğum kimi buna əlac tapan da mən olmalı idim, olacaqdım da.

-Əslində bunu belə anidən deməyim bir az qəribə və təəccüblü gələ bilər, lakin sən fərqin nə olduğunu soruşunca bu gerçəyi söyləməli idim Mələk. Bir şey deməyəcəksən?

-Nə deyə bilərəm ki Kürşad. Sən hər şeyi dedin onsuzda.

-Amma bir cavab vermədin? Söylədiyimə qarşılıq heç bir kəlmə belə etmədin.

-Axı nə deməyimi istəyirsən ki?

-Hə ya da yox deyə bilərsən məsələn.

-Buna verə biləcəyim hər hansı bir cavabım belə yoxdu, olsa belə bunu birbaşa olaraq söyləməm ki sənə.

-Niyə? Gerçəyi söyləməkdənmi qorxursan? Mən özümü hazırlamışam və unutma ki sona qədər savaşacağam.

-Necə yəni niyə Kürşad? Nədənsə qorxmaqla bağlı deyil, sadəcə birdən-birə söyləniləcək şey deyil bu. Sənə asan gələ bilər bəlkə, amma mənim üçün yəni, xüsusilə bir qadın üçün asan bir şey deyil bu.

-Nə var ki axı burada? Gerçək olanı demək qəbahətmi bəyəm, indi deməyim də sonra deyərəm düşüncəsi ilə mi davranmağımı istəyirsən? Bağışla, amma məncə haqsızsan bu barədə.

-Anlamırsan demək istədiyimi.

-Demək istədiyini söyləmədiyindən ola bilər bəlkə. Mələk səni dinləyirəm və anlamaq da istəyirəm, amma hər şeyi demirsən birini deyib üçünü gizləyirsən.

-Doğrudur Kürşad çünki bu həyat bunu etməyimiz lazım olduğunu söyləyir.

-Bu həyatla deyil, öz həyatına görə yaşamaq lazımdır.

-Xahiş eləyirəm bir sual verdin və zəhmət olmasa dinlə.

-Üzrlü say əlbəttə ki buyur dinləyirəm.

-İlk öncə lap başdan başlamaq lazımdırsa, onu deyim ki, bir anda səni sevirəm ya da sənə aşiqəm deməzlər Kürşad.

Dözməyib yenidən müdaxilə edib içimdəkiləri söyləmək istədim, ancaq bir baxışı ilə geri çəkilib səbrsizliklə fikirlərini bitirməsini gözlədim.

-Ən azından bunu deməyə uyğun bir zamanı gözləmək lazımdır və üstəlik bizim burada sadəcə ikinci dəfədir bir-birimizi gördüyümüzü düşünsək bağışla, amma söylədiyinin nə zamanı uyğundur, nə də inandırıcı deyil.

Susdu fincanından bir qurtum çay alıb sonrakı söyləyəcəyi fikirləri diqqətlə seçməyə çalışırdı, digər yandan isə qarşındakı ona aşiq olduğunu söyləyən adama hər nə qədər inanmasa da qaba davranmaq istəmirdi.

-Az öncə dediyim kimi yaşadığımız həyat içində olduğumuz bu dünya sənin kimi gerçəkləri birbaşa söyləyənlər üçün ədalətli deyil, hələ də hansı zamanda yaşadığımızı düşünərsək. Bunu söyləməklə mövzunu dəyişmək istəmirəm, lakin sən demiş gerçəkləri söyləsəm bəlkə o zaman sənə hər şey aydın olar. Unutma Kürşad mühüm olan gerçəyi söyləmək deyil onu söyləyəcək uyğun zaman və məkandır.

Artıq idarəni öz əlinə almış rahat bir şəkildə fikirlərini söyləməkdən çəkinmirdi. Bunun həm də ən önəmli cəhəti Kürşadın artıq az öncə söylədiyi gerçəklik ilə bağlı fikirlərinin qarşı tərəfdən də mənimsənilməsi idi. Mələk isə söhbətin ən önəmli hissəsinə gəldikdə bir az duraxsadı, söyləmək ilə söyləməmək arasında qalmışdı. Sonra uyğun sözləri seçərək danışmağa başladı. Ehtiyatlı davranmağına səbəb isə bunun nə dərəcədə önəm kəsb etdiyini bilməsi, digər yandan isə heç tanımadığı birinə hər şeyi açıq-aşikar deməməli idi. Özlüyündə niyə mən Kürşad kimi davranmamalıyam onun kimi saf olmadığım üçünmü, yoxsa onun kimi dürüst olmadığım üçünmü? İkisi arasında fərq olduğunu bilirdi. Bu suala cavabı uzun bir müddət tapa bilməyəcəkdi. Məhz sonun başlanğıcının səbəbi olacaq sual və cavab idi bu.

-Lakin qadınlarda bu bir az fərqlidir Kürşad. Biz istədiyimiz kimi xüsusilə hislərimizi açıq-aşikar deyə bilmərik çünki, yaradışılımız belədir.

-Səbr edim dedim, amma artıq dözə bilmədim Mələk. Yaradılış deyirsən də, amma bunun hər hansı bir şey haqqında doğru ya da yalan söyləməklə nə əlaqəsi var? Məgər bu xasiyyətdən asılı deyil?

-Bütün qadınlarmı eyni xasiyyətdədir Kürşad?

-Ən azından elə davranırlar bizləri dəli etmək üçün. Nə məqsədləri var heç cür anlamıram.

-Anlamadığın şey budur ki, biz tez bir zamanda güvənib sonra o güvənimizin boşa çıxacağını görüb aldığımız yaralarla da tez bir zamanda sağalacaq deyilik.

-Biz kişilər bizə qarşı olunanları tez bir zamanda unudub üzərindən heç nə olmamış kimi davranırıqmı?

-Bəli elədir. Sizin bəlkə də yanılmaq payınız var yanlış ya da sonradan alınmayacağını düşündüyünüz bir münasibətiniz ola bilər, amma bu bizim üçün elə deyil Kürşad. Anla, aramızdakı fərq budur və bunu hər dəfəsində məgər görmürsən, duymursanmı? Qərəzli davranışlar, qərəzli fikirlər heç düşünürsənmi necə bir təzyiq altında bizləri saxlayır? Hər şeyi ölçüb-biçməyə, söylədiyimiz hər kəlmənin daşıdığı hər mənanı düşünmək, bütün həyatını belə incəlikləri fikir edərək yaşamaq. Səncə haqsızam yenə də? Və unutma hələ bu söylədiklərim gerçək olanların 10 faizi belə deyil.

Haqlı idi, həm də çox. Susmalı və üzrxahlıq etməli, yoxsa öz düşüncələrimi onunla paylaşıb hər şeyi necə var isə söyləməli idim? Qorxmasını, narahat olmasını ya da onu kədərləndirəcək hər hansı bir şeyi deməyi və etməyi ağlımdan belə keçirməmişkən bir daha aşiq olduğum qadın gerçəkliyi tam anlamı ilə mənə izah edirdi. Və uzun zamandır ağlımda var-gəl etdiyim o fikri təkrarlatdırdı. Hər kəs öz düşündüyü kimi deyil.

-Haqlısan əlbəttə ki. Dediklərində ifrat heç bir şey yoxdu sadəcə Mələk mən... Sadəcə mən özüm mənliyimdə, ruhumda necəyəmsə vicdanımla sənə elə də təqdim edirəm. İçimdən əgər sənə aşiq oldum demək keçəcəksə deyəcəyəm, içimdən sənə bir xoş söz demək keçəcəksə deyəcəyəm, bir hədiyyə vermək keçəcəksə verəcəyəm. Sənə qarşı bütün səmimiyyətimlə davranacağam çünki.

-Çünki nə Kürşad? Mənə aşiq olduğun üçün bunları etməyə də bilərsən. Çünki hələ özünə aşiq etməmisən. Bunun üçün çoxlu fərqli ssenarilər, bir sıra yalanlar, şirnikləşdirici sözlər deyəcəksən. Bütün bunları etməli olacaqsan, əgər aşiq olduğun bir qadının sevgisinin qazanmaq istəyirsənsə. Üzərinə alınma tək sənə xitab etmirəm, bir çoxları belə edir təbii ki, hər kəsə şamil etmirəm. Edə də bilmərəm. Yanlış söyləmiş olaram və haqsızlıq edərəm.

Məğlub olurdum, ancaq bir şeylər etməli oyunun axarını dəyişməli idim. Əlavə hissələr başlamışdı bütün üstünlüyümü itirməyimə rəğmən öldürücü zərbəni vurmalı idim və sonra sevinc nərələri atmalı idim.

-Məhz siz qadınların əksəriyyəti da belə şeylərin ümumiyyətlə istənilən bir sferada buna bənzər halların yaşanmaması üçün demək olar ki, nə hisləriniz, nə də düşüncələriniz barədə heç bir şey demirsiniz və dediyiniz şeylərin də doğruluq payı qarşındakının bunu anlaya biləcək zəkasına bağlı.

-Tamamilə haqlısan. Sadəcə sondakına zəka deməyək də başqa bir söz ilə əvəz edək. Məsələn...

-Çoxbilmişlik.

-Dünya görüşü daha etik səslənir.

-Yaxşı o zaman bəs mən sənə necə inandırım ki, hər kişi belə deyil ələxsus da qarşında oturan?

-Hər kəsin belə olduğunu söyləmədim əsla, yanlış anlama. Sadəcə gerçəkləşən bir sıra halları nəzərə alaraq artıq qadınlarda bu adət halını almış bir davranış olur. Onun üçün sənin kimi səmimi və dürüst saysızca kişilərin belə aşiq olduğu qadınlarına söylədiyi sözlər inandırmaq istəyi istər-istəməz birbaşa onlarla bağlı olmayan hallara görə bəzən uğursuzluğa düçar olur. Kaş hər şey göründüyü kimi olardı və gerçəyin nə olduğunu anlayıb onu söyləməkdən çəkinməzdik, ancaq təəssüflər ki, Kürşad sistemin çarxları gerçəklik üzərinə fırlanmır.

-Sən mənim kimi mi dedin?

-Təkcə sənin kimi deyil yəni, sənin kimi bir çoxlarının.

-Yenə mənim kimi dedin.

-Demədim.

-Dedin.


-Demədim Kürşad.

-Yaxşı mən elə anladım. Əlavə olaraq bayaq dediklərini yaxşıca dinlədiyimi düşünərək oradan anladığım qədəri ilə az öncəki sözü deməyini təsdiqləmən üçün hələ uyğun zaman deyil-dedim gülümsəyərək.

-Demədim Kürşad, demədim.

-Yaxşı Mələk haqlısan. Bax susdum.

Bunu söyləyib əl işarətimlə təslim olduğumu bildirdikdən sonra aradan 2-3 saniyə belə keçmədən bir-birimizə baxıb gülməyə başladıq. Hər şeyin yaxşı yöndə irəlilədiyinə görə yaşadığım sevincin həddi-hüdudu yox idi. Aşiq olduğum qadın düz qarşımda oturmuş üzü gülər bir şəkildə bütün nəzərləri ilə mənə diqqət yetirirdi. Ah o zənəxdanı hər görəndə ağlımı başımdan alıb nə edəcəyimi bilməmiş bir şəkildə dəqiqələrcə baxmağıma səbəb olurdu. Məhz bunun üçün geri qalan həyatımın hər bir anını onun üzündə gülüş yaratmaq üçün xərcləyə bilərdim, amma digər yandan unutduğum şey zamanı gəlincə o gülüşə, o zənəxdana olan həsrətim öncələri özüm sonda isə birbaşa onun sayəsində yaranacaqdı.

-Bayaqdandır danışırıq bəlkə bir çay daha içək?

-Olar əlbəttə ki.

-Bir dəqiqə olar sizi?

-Buyurun, nə istəyirdiniz?

-İki çay və yanında da varsa mürəbbə alardıq.

-Hansından?

-Sən hansını istəyirsən?

-Fərqi yoxdu mənim üçün sən nə istəyirsənsə mənə də uyğundur.

-Yaxşı o zaman gilas zəhmət olmasa.

-Qeyd elədim. Başqa bir şey olacaq?

-Hələlik yox–deyəndən sonra ofisiant başı ilə təsdiqləyib sifarişləri gətirmək üçün getdi. Mən isə artıq bir az rahat bir şəkildə davranmağa başlayıb aradakı isti münasibəti daha da isindirməyə çalışırdım.

-Bir-birimizi yaxından tanımaq üçün yalan və səmimiyyətsizlikdən uzaq durmağın lazım olduğunun nə dərəcədə labüdlüyünü gördük. Düzü ilk başdan yaranan mübahisədən sonrasının belə davam edəcəyini təsəvvür etmirdim, ancaq sözün düzü belə davranmağın məni sevindirməyə bilməzdi. Açıqsözlü olduğun üçün ayrıca təşəkkür eləyirəm.

-Təşəkkürə ehtiyac yoxdu Kürşad, yaxşı ki elə bu haqda danışdıq bir çox şeyi. Və deyəsən uzun zamandır mənim içimdə qalan hislə bu mövzu haqqında kiminləsə danışmaq istəyi vardı. Digər yandan haqlısan, iki insanın bir-birini tanıması üçün ilk öncə inanması önəmlidir buna görə isə yalandan uzaq durmaq lazımdır ki, eyni fikirdə olmağımız məni də sevindirdi.

Duyduqlarım qarşısında sevincdən nə edəcəyimi bilmədən nəzərlərimi gah tavana, gah da döşəməyə yönləndirərək və hər zaman üzümün qızarmasına səbəb olan utanğaclıq hissi ilə sıxılıb qalmışdım. Arada bir nəzərlərimi qarşımdakı qadının simasına və gözlərinə ifrat dərəcədə olmayaraq hörmət əlaməti kimi yönləndirirdim. Uzun illərdi oxuduğum kitablardakı baş qəhrəmanın başına gələn eşq hadisələri zamanı yaşanılan təəssüratları mən də yaşamaqda idim. Kitabın yazarı mən, oradakı rolları dağıdan mən, ancaq buna rəğmən idarə edən deyil, idarə edilən idim. Davranışlarım, söylədiklərim, jestlərim, mimikalarım hamısı ixtiyarsız idi. Mən isə sadəcə bu anın havasına qapılıb getməkdən başqa bir şey edə bilmirdim.

-Nəhayət ortaq bir yönümüz tapıldı–dedim uşaq kimi sevinərək.

-Kitabları nə tez unutdun Kürşad bəy?

-Doğru ilk o var idi ki, onların sayəsində sənə aşiq oldum.

-Yenə uyğun zaman deyil.

-Üzrlü say birdən içimdən gəldiyinə görə dedimsə əgər. Üstəlik yalan danışmaqla bağlı bir yanaşmam var.

-Buyur əlbəttə ki dinləyirəm səni.

Bu qədər səmimi və açıqsözlü olduğumu düşünüb qarşımdakı qadının da artıq belə davrandığını görüb sevindim öz-özümə. Bunu qarşımdakı insanın qəlbində olan hislərə bağlayıb bir insanın ilk dəfədir ki, ilk görüşümüzdən belə səmimi bağlarla yaxınlaşdığımızı düşünüb ixtiyarsız olaraq gülümsədim.

-Məncə biz insanlar yalan barəsində qərəzli davranırıq.

Ofisiant sifarişləri gətirdikdən sonra fikirlərimi toplamaq və səlis danışmaq üçün ara verib yenidən davam elədim.

-Gündəlik həyatımızın hər anında birinin üzünü güldürmək ya da edilən bir səhvi ört-basdır etmək uğur qazanmaq haqqında ya da baş vermiş bir xoşagəlməz hadisəni gizlətmək üçün yalanlarımız baş rol oynayır. Sözün özü bizlər yalanları əslində başqaları üçün, başqalarının düşüncələrinə və qismən də həyatlarına təsir etmək üçün deyil, birbaşa özümüz üçün istifadə edirik. Getmədiyimiz, içmədiyimiz, yemədiyimiz, sürmədiyimiz, olmadıqlarımızı deməklə qarşımızdakılardan irəlidə olmaq ya da ən azından onlarla eyni həyatı yaşayırmış kimi təəssürat yaratmaq birbaşa bizim özümüz üçündür həmən insanlar üçün deyil. Yəni əslində bizlər bütün baş verənləri qarşımızdakı insanlar bilsinlər görsünlər duysunlar deyə yox biz bilək görək duyaq deyə edirik. Bir növ egoist davranırıq. Yalanın mərkəzində də məhz bu durur. Egoizm. Əslində burada zənnimcə kiçik bir paradoks yaranır. Bir yandan yalan danışaraq egomuzu tətmin edirik, digər yandan yalan danışmağımıza səbəb isə özümüzə güvənin olmamasıdır. Özümüzə güvən üçün isə ego lazımdı. Təbii ki həddindən artıq olmayaraq. Hər şeyin həddində gözəl olub artığının ziyan olduğunu bilmək vacibdir.

-Sənin söylədiyinə əlavə olaraq, yalanlardan biri də qarşısındakının saf qəlbindən istifadə edib onun dürüstlüyünü heçə sayaraq yalan və boş vədlərlə öz yaşamını inandıranlar var.

Ağzımdan çıxan hər bir kəlmə uzun müddət ərzində yığılmış düşüncələrimin bəhrəsi idi, ancaq onu indi və sevdiyim tək qadına demək hansı səbəbdən idi bax bunu anlaya bilmirdim. Bəlkə də məni başa düşəcək yeganə insan tam qarşımda oturmuşdu.

-Sənin dediklərinlə tam razıyam-deyərək iki əli ilə qavradığı fincanını götürüb çayından azca içərək yenidən masaya qoydu-məncə məqsədindən verəcəyi təsirin yaxşı ya da pis olmasından asılı olmayaraq deyilən səhv bir xəbər, məlumat artıq yalandır. Buna başqa bir don geyindirib başqa bir adla qələmə vermək isə özünü aldatmaqdan başqa bir şey deyildir.

Söylədiyi hər kəlmənin qəlbimdə dolmaq üçün gözləyən boş yerlərə təmas etməsi ona qarşı yaranan heyranlığımı birə-beş artırırdı.

Cümləsini bitirməsinə rəğmən fikirlərinin hələ də soyumadan hücuma atılmasını gözləməsi özünü büruzə verirdi. Yığcam həmçinin, aydın danışmaq keyfiyyəti deyəsən tam olaraq bütününü əhatələmişdi. Və mən burada sakitliyi pozub yenidən söhbətə davam etməliydim.

-Əslinə qalsa nə deyəcəyimi bilmirəm-utanğaclığım büsbütün simamın qulaqlarıma qədər davam edən qızarmasına səbəb oldu. Bununla belə özümü ələ alıb qaldığım yerdən davam elədim-dünən səni ilk gördüyüm an yaranan hislərim bir heykəltək donub dəqiqələrcə sənə baxmağım sonrasında yaxşı ki, sənin məni bu çətin vəziyyətdən çıxarmandakı durum ilə indi sərbəst və açıqsözlü olaraq danışmağım arasında fərq var. Sənin ümid edirəm az öncəki danışdığımız mövzular barəsində olanlardan sonra haqqımda ən cüzi bir yanlış fikir düşünməyini istəmirəm sadəcə baş verənləri uyğun kəlimələrlə ifadə etməkdə çətinlik çəkirəm, hərçənd söz ehtiyatımın bolluğuna görə fərəhlənməməyə bilmərəm.

Yarı utanğaclıq, yarı çəkingənlik hissi ilə gülümsəyərək çayımdan yudumu alıb qaldığım yerdən sözə davam elədim.

-Mənim həyatımda ən sevdiyim, ancaq başqaları tərəfindən də ziddiyətlə qarşılandığım və sadəcə özümdə gördüyüm bir xasiyyət vardır.

Seçəcəyim sözlərin təfsilatı ilə aydın olması önəmli idi çünki, yaranacaq hər hansı bir yanlış anlaşılma onu itirəcəyim mənasına gətirib çıxara bilərdi. Artıq onu itirməkdən qorxduğum qədər sevdiyimi düşünüb bir anda diksindim. Hər şeyin belə tezliklə bir anda baş verib həyatımı dəyişdirəcək həddə çatması məni xəyallar aləmindən ayırmağa yetərincə qadir idi.

-Uşaqlığımdan hər zaman qonum-qonşu ya da ki görüşən zaman qohumlardan yaranan ilk təəssürat və ilk rəy sakit, quru, az danışan yəni, sadəcə dindirilən zaman cavab verən biri kimi deyərdilər. Zamanın ötüb keçməsinə, boyumun uzamasına, bığlarımın və saqqalımın çıxmasına rəğmən insanlar israrla öz fikirlərindən əl çəkmirdilər.

-Bəlkə də haqlı idilər kim bilir. Sadəcə onların bilmədikləri şey ondan ibarət idi ki, mən ancaq özümə yaxın olan, sevdiyim, güvəndiyim və səmimi olan tək-tük insanlara qarşı elə deyiləm. Çünki onlarla olan zaman rahatlığın, sevincin, şıltaqlığın, gülüşün həddi-hüdudu olmur. Əgər hamıya qarşı sadəcə bir xasiyyət göstərsəm hörmət və izzətin kimlər arasında necə paylanmasını da bilə bilmərik.

Fikrimi yekunlaşdırıb sakitcə əllərimi çarpazlayıb gah tavana, gah da əyləşənlərə baxaraq cavab almaq üçün qarşımdakına fikirləşmək üçün lazım olan vaxtı gözləməyə başladım. Ancaq səbrsizliyim qısa zaman sonra yenidən özünü büruzə verməyə başladı.

-Bayaqdandır dediyim sözlərdən sonra verəcəyin cavabı gözləyirəm elə düşünmə ki, sənə baxmağa cürətim çatmasa da səni müşahidə etmirəm. Məsələ orasındadır ki, müşahidə etdiyimə baxmayaraq, cüzi bir reaksiya belə hiss etmədim sanki düşüncələrini sadəcə özünə məxsus şəkildə qapalı bir seyfə qoyub orada saxlayırsan. Seyfin açarı isə hər nə olsa belə kiməsə vermək niyyətində deyilsən. Yoxsa bu da ümumi bir qadın düşüncə tərzi ilə əlaqəlidir?

Açıqsözlüyüm son iki gündə gözə çarpacaq şəkildə dəyişərək sanki böyük bir sərhədi aşmışdı. Təəccübüm özümdə qəribə hislər yaratmaqla bərabər, həm də belə olduğuma görə əslində bir sevinc hissi duyurdum. İnsanın öz içindəkilərini söyləməsi necə də rahatdır, yoxsa qara qutu kimi dolu hislərim və fikirlərim məni bir qara dəliyə bənzər boşluğa sürükləyirdi.

-Sadəcə danışmamağım sənin haqqında məndə pis fikrin deyil də, sən az öncə necə demişdin...

Uyğun sözü axtarıb tapmaq üçün gözlərini bir anlığa yumdu əllərini yumruq formasında sıxaraq nəhayət təqribən yarım dəqiqə sonra gözlərini və əllərini açaraq...

-Bəzən kəlimələrlə hislərimizi və düşüncələrimizi ifadə etmək çətin olur, deyəsən mən də bu yoluxucu xəstəliyə tutuldum.

Üzündə yaranan adi gülümsəmə səmimmiyyət və utanğaclığın simgəsi idi. Buna əmin idim.

-Hər halda söylədiklərimə qarşı reaksiyandan tam heç nə anlamadım desəm yalan olar. Ancaq dəqiqləşdirmək naminə soruşuram. Düşüncələrin bu barədə yaxşıdırmı yoxsa əksinə?

İlk dəfə olaraq düz gözlərimin içinə baxdı və o zaman ilk dəfə orada özümü axtarmağa cəhd etdim. Yəqin ki bu axtarışımı sezib heç vaxt yadımdan çıxmayan və bundan sonra həyatımızı dəyişdirəcək o cümləni dedi.

-Hərçənd yaxşı və ya pis ümumi bir anlayış deyildir, hər kəsin özünə aid fikirləri ilə onları ayırd edə bilərlər ki, qaldı mənim sənin fikirlərin haqqında rəyə məncə bu indiki ana qədər burada oturub birlikdə söhbət etdyimizdən, bu söhbət əsnasında yaranan ab-havadan aydın olmalı idi.

XI

-Hər şeyin belə gözəl davam etməsi məni sevindirdi. Gələn kimi danışdığın üçün heç ikimiz danışa bilmədik. Bu gün özünü necə hiss eləyirsən?



-Yaxşıyam Mətanət xanım. Daha yaxşı olacağam.

Yalana nifrət etməyimə rəğmən bəzi anlarda etməli olduğum şeylərdən ötrü danışmalı idim. Bunu nə qədər sevməsəm də vicdanım sızıldasa da etməliydim. Buradan tək çıxış yolum çünki budur. Qarşımdakını inandırmaq və istəyimə çatmaq. Azadlıq.

-Sevindim adına. İnan ki səni belə görmək məni necə fərəhləndirir. Belə getsə artıq bəlkə də qarşıda bizi iki-üç seans gözləyir. Təbii ki yenə də bu səndən asılıdır. əlbəttə ki önəmli olan burada hekayəni bitirməkdir elə deyil?

-Bəli mətanət xanım. Bu haqda sizinlə razıyam. Ona görə qaldığımız yerdən davam edək nə deyirsiz?

-Bu xoş xəbərə qarşı gələ bilmərəm Kürşad bəy. Sevə-sevə sizi dinlərəm.

-Təşəkkür edirəm.


***
Amma bununla belə nə zaman bir şeyin yaxşı olduğunu düşünsəm həmən an arxası ilə bir fəlakətin gəldiyini zənn edərdim. Bəlkə də sadəcə hər şeydən yorulduğuma görə bu hissə qapılırdım bilmirəm. Sadəcə uzun müddət davam edən bir şeyin həsrətində idim necəliyindən asılı olmayaraq.

Onunla olan zaman həmən o kiçik, ancaq mənə sanki bir ömür kimi gələcək vaxt ərzində belə onun üçün darıxırdımsa, onsuz olan və yenidən bir də yalnız bir gün sonra görüşəcəyimizi düşünüb necə həsrət çəkməyimi kəlmələrlə ifadə etmək əlbəttə ki mümkünsüzdür.

Bir ay ərzində dərs günlərindən sonra belə görüşməyimiz davam elədi, hərçənd buna görüş adı vermək düzgündürsə. Ən çətini həmişəki kimi həftə sonları olan iztirablar idi. Cümə günündən bazar ertəsinə qədər düz üç gün onsuz qalmaq və daha sonra əslində bu həsrəti aradan qaldıracaq onca şeyə rəğmən, sadəcə müəyyən qısa vaxt ərzində demək olar ki, səssiz bir şəkildə göz-gözə baxmaq. Təbii ki, hər şeyin bundan artıq pis olmaq ehtimalını düşünüb şükür edirdim, ancaq insanın da səbri bir yerə qədərdi axı deyib belə düşünməkdən də əl çəkə bilmirdim.

Nəhayət dediyim kimi bir ayımız tamam olduqdan sonra birlikdə bir kafeyə getdik, daha sonra sahilboyu gəzdik, danışdıq ən çox mən danışdım o da dinlədi. Ancaq digər insanlardan fərqli olaraq sadəcə eşitmir həm də dinləyirdi. Bu iki söz arasındaki fərqin hələ də insanlar tərəfindən indiyə qədər tam anlaşılmaması ya da anlamaqlarına rəğmən əhəmiyyət verməmələri məni çox üzür. Deyəsən məni üzəcək hər şeyi axtarıb tapmaqda peşəkar olduğumu desəm yanılmaram.

Birinci ayımızdan sonra artıq hər şey yavaş-yavaş yoluna girməyə başladı ya da mən belə xülyalara dalırdım bilmirəm. Ailəsi geriyə-rayonlarına qayıtdıqları üçün artıq görüşlərimizin vaxtı bir az uzanır və daha çox danışmağa, bir-birimizi tanımağa başlamışdıq. Maraqlısı ondadır ki, ilk ayımız tamam olana qədər bir-birimiz haqqında heç bir dolğun məlumata sahib deyildik. Sadəcə adlarımız, soyadlarımız, yaş və ailələrimiz haqqında qısa məlumatlar bilirdik. Bir-birimizə suallar və cavablar vermək üçün isə o qədər də yetərli vaxtımız olmurdu.

Ancaq daha sonra birgə çox vaxt keçirməyə başladığımızdan xasiyyətlərimiz, istəklərimiz, arzularımız haqqında danışırdıq. Gələcəyi düşünür və ümidlə elə olacağını xəyal edərdik. Bu günü isə sadəcə bir-birimizin yanında olduğumuza görə Tanrıya minnətdarlıq bildirərək keçirirdik.

Həftə içləri dərsdən çıxdıqdan sonra məni gözləyər, mən isə dərsimə girməyərək onunla birgə vaxt keçirmək üçün əlimdən gələn hər şeyi edirdim, artığını bəlkə də. Noyabr ayını bitirdiyimiz zaman dərslərə öncələr girdiyimə görə heç bir qayıb sıxıntısı olmadan öz sorağımı onun yanında alırdım. O zaman mənim üzümdə və gözlərimdə olan sevinci bir görsəniz, sanki balaca bir uşağın öz istədiyi oyuncağının alınmasına nail olmuş kimi sevinirdim. Arada mənə "hələ də uşaqlığından bir parça daşıyırsan" demişdi. Ancaq bilmirdi ki, buna səbəb məhz onun varlığı idi.

Dekabr ayına təzəcə girmişdik. Qar yağmasa belə şaxta və Bakımızın sərt küləyi hər yanda tüğyan edirdi. Bu soyuğa rəğmən qəlbimi isidəcək sevdiyim qadını tapdığım üçün içim-içimə sığmırdı. Hər kəs öz evlərində pəncərədən bu soyuğa baxan zaman biz baş-başa şəhər küçələrini gəzir və uzun zamandan bəri əsl xoşbəxtliyin dadını çıxarırdıq.

Gəzmədiyimiz park, əyləncə mərkəzləri qalmır, birgə vaxt keçirmək üçün hər şeyi edirdik. Kafelərə gedib isti bir çay içərdik, mən ona kitablardan parçalar söylər, o isə başını əllərinin arasına qoyub sadəcə məni dinləyərdi. Sevdiyi yerləri təkrar-təkrar oxumağımı istəyər, mən isə heç tərəddüd etmədən oxuyardım.

Şeirlər söylərdim ona, özümün yazdığım şeirləri isə hər dəfəsində görüşən zaman bir məktubun içində verər, amma yanımda açıb baxmasını istəməzdim. Nə qədər ona qarşı olan hislərimi bütün dünyaya bildirmək istəyi keçsə də, qəlbimdən keçən xoş sözləri birbaşa üz-üzə ikən ona demək ya da onun oxumasını istəmirdim, çünki utanırdım.

Anlamadığım digər bir yanım mənim bu xasiyyətimin yaş ötdükcə azalmasının əksinə uşaqlığımda olduğu kimi qalmaqla yetmirmiş kimi daha da artırdı. Xüsusilə Mələklə birlikdə vaxt keçirdiyim zamanlarda.

Ona verdiyim bütün məktubları götürər açmaz evə getdikdən sonra məndən belə gizli saxladığı sandıxcasında hər kəsdən, hər şeydən bir şey olacağını zənn edərək böyük diqqət və məxfiliklə saxlardı. Bu sandıxcanı bilməyimsə eyni ilə mənim ondan kitab barəsində danışdığımız günə təsadüf etmişdi. Bir-birimizdən sirr saxlamamağımıza rəğmən hər ikimiz heç kimin bilmədiyi özümüzə saxladığımız bir şeylərin olduğunu bilirdik. Və o zaman bunları söyləməyə qərara almışdıq.
***
Yeni il öncəsi həmişəki kimi hər yerdə bayram şənlikləri ya da ona bənzər maraqlı yerlər və guşələr yaratmışdılar. Bir neçə ildi arxa-arxaya şəhərin mərkəzində-nizami küçəsində də yeni il qabağı hazırlıq görülürdü. Həmin ərazidən içəri girən zaman özünü qəribə hiss eləyirsən, sadəcə bir anlıq başını yuxarı qaldırıb göyüzünə baxdıqda həyatda yaşamaq üçün mövcud olan səbəblər gözlərinin qarşısına gəlir. Təbii ki, bunlar: bütün yaradılmış bərbəzəklər, işıqlar, stendlər deyil, bütün bunlar: göyüzünün təsvirinin ahəngi, buludlar, hava və onların altında bir-biri ilə deyib gülən, şəkil çəkdirən, ən azından həmən an üçün xoşbəxtlikləri ən yüksək zirvədə olan insanları görməkdir. Bunları bacarmaqda üstümüzə yoxdur deyib düşünə-düşünə gedirdim. Yanımda sevdiyim qadının varlığını az qala bu sevinclə unutmuşdum.

-Yenə üzün gülür, nə olduğunu deyəcəksən?

-Sən yanımdasan, bu gözəlliklər yanımdadır, məncə, artıq istəyəcəyim bir şey yoxdur ya da varsa bu naşükürlüyə girər elə deyil?

-Düz deyirsən, sahib olduqlarına şükür etməlisən.

-Ələxsus Tanrıma, bunları mənə bəxş etdiyi üçün.

Gözlərinin içinə baxdığımda orada sanki nə fəlakətlər olursa olsun bir tək onun yanında olsam hər şey yenidən əvvəlki kimi gözəl və sevincli olacaqdır. Bu qədər sevilməyi haqq edəcək neyləmişdim ki məgər?

-Burada elə sadəcə gəzəcəyik, yoxsa axtardığın bir şey var?

-Nədir bəyəm, artıq birlikdə gəzməkdən xanımımız yoruldu?

-Yox, sən də, söz gəlişi dedim. Nəsə məqsədin var ki, bura gəldik. Amma bir söz deyimmi yaxşı ki də gəldik. Baxsana, hər yan necə də gözəldir baxdıqca fərəhlənirəm.

-Bir də bütün bunların sadəcə bir aldatma və müəyyən zaman üçün olduğunu düşünsən yenə sevinərsən?

-Yenə müxalifliyə başlama Kürşad, indiki andan zövq al, əylən, sevin. Axı burada nə var ki?

-Bəs bunlar hamısı yox olduqdan sonra yenidən insanlar buraları gəzdikdə eyni hisləri yaşayacaq səncə? Mənim tək istəyim biz insanlarımızın sonradan mövcud olan şeylərə görə həsrət və qibtə içində baxıb sevinmələri daha sonra bunlar yox olduqdan sonra eyni köhnə ab-havalarına qayıtmağı deyil, mənim istəyim insanlarımızın öz həyatlarını xoşbəxt edəcək şeyləri öz içlərində, ailələrində, sevdiklərində, etdikləri əməllərdə, danışdıqları hər kəlamda, atdıqları hər addımda tapmaqdır. Məncə elə də çox şey istəmirəm.

-Mümkünsüzü istəyirsən amma.

-Hər şey mümkündür, qeyri-mümkün sadəcə bir az vaxt alır demişdi bir nəfər.

Stendlərin arası ilə gəzə-gəzə nəhayət axtardığımı taparaq düz qarşısında dayandım. Digərləri kimi çox böyük olmasa da, ən azından içindəkilərin necə bir məna kəsb etməsi baxımından doğrudan da hər şeydən yüksəkdə idi.

-Bax bu başqa məsələ, bayaqdandır desəydin də buraya buna görə gəlmişik.

-Sən ki mənim sevdiyim qadınsan necə olmadı ki bunu hiss etmədin? Hər halda biz gəlmişkən bir baş çəkək.

Hər zaman dialoqlarımızda son sözləri söyləyən zaman və Mələyin ən çox məhz bu mimikasını-anidən duraraq mənə baxaraq gülümsəməsini xoşlayırdım. Sonra əlindən tutub içəri daxil olduq. Bura doğrudan da bir cənnət idi. Və siz bu cənnətə düşmək üçün sadəcə oxumalı idiniz.

Rəflər boş olmayacaq şəkildə üst-üstə yığılmış qalaq-qalaq kitablardan ibarət idi. Bu rəflərdə kimlərin kitabları, əsərləri, nağılları yox idi ki. Saysız-hesabsız bir düzünə kitablar. Hamısı onlara dəyər verən, oxunmasını gözləyən alıcıları gözləyirdilər. Tez bir zaman da oxunub qurtarmaq sonra yenidən oxunmaq, yenidən və yenidən. Və hamısının tək istəyi heç şübhəsiz rəfdəki ən başda görünən kitab olmaqdır. Hər bir yazıçı məncə bunu arzulayıb, bunu düşünərək öz romanlarını, əsərlərini qələmə alıbdır.

Həmişə kitab evlərinə yolum düşən zaman orada neçə saatlarla qalmağım haqqında təsəvvürüm belə olmur. Sanki məni buraya ömürlük açarla qıfıllayıb getsələr belə onlara içdənliklə təşəkkürümü bildirərəm. Onlarla bir ömür yaşlanmaq, hər günümü kitab oxumaqla başlamaq, davam etmək və sonda günümü eləcə də bitirmək istəyirəm. Yanımda bir fincan çayım olsa, bayırdan yağışın ya da qarın yağmasını görsəm, onun damcılarını hiss etsəm özümdə və bunun verəcəyi xoşbəxtliyi bəlkə də geri qalan yaşamım boyunca istisna olan bir-iki haldan başqa heç nə verməz.

-Deyəsən yenə xəyallara daldın?

-Necə anlamadım?

-On beş dəqiqədir burada sadəcə bunlara baxıb durursan, dodaqlarından nəsə anlamağa çalışdım, amma heç nə bacarmadım yenə öz iç səsinlə danışmağa başlamısan?

-Bu gözəlliyi necə səs çıxardaraq poza bilərdim ki?

Rəflərə göz gəzdirə-gəzdirə sevdiyim yazıçı və romanların hekayələrini tapmağa çalışırdım. Şansımdan yazıçıların adları sıra ilə yığıldığına görə elə də çətinliyim olmadı. Ancaq arzuladığım kitabı tapmaq deyəsən burada mənə nəsib olmayacaqdı. Bu təlaşımı üzümdən oxudu ya da hər hansı bir hisləmi anladı bilmirəm satıcı xanımın yaxınlaşmasını sezdim. Düzü hər hansı bir ümidim olmasa da ən azından bir cəhd etmək elə də pis nəticə verməzdi.

-Salam xanım.

-Salam buyurun.

-Bayramınız da mübarək.

-Çox sağ olun sizinlə bahəm.

-Çox sağ olun.

Quru bir sükut və sükutu pozmalı olan kişi mən olmalıydım ki...

-Hansısa kitabı axtarırdınız?

-Bayaqdandır baxıram, amma türk yazıçılarına gözüm sataşmadı, əslində gördüm də sadəcə tərcümə olunmuş variantları var idi. Bəs əsl variantlarını necə tapa bilərəm? Sizdə mövcuddur?

-Siz yazıçının adını deyin, kompüterdən baxıb sizə deyim.

-Aha yaxşı. Oğuz Atay

-Bir saniyə. Oğuz Atay. Buradakı mağazamızda bir romanı və yalnız bir ədəd qaldığı deyilir.

-Nə yaxşı ki, hamısı satılıb qurtarmamış tez gəldim.

-Yox, sadəcə yazıçının romanından cəmi bir ədəd qoyulmuşdu və bir həftədir hələ heç kim almayıb.

Özümü həmən yazıçının yerinə qoyduqda yaşanılan təəssüf hissini daha yaxşı anladım. Böyük ehtimal yaşasaydı mənim kimi düşünərdi məncə.

-Olsun. Ancaq romanın adı nə idi? Çünki məndə iki əsəri var, ona görə eyni olmasını istəmirəm.

-“Korkuyu beklerken”.

-Yaxşı o zaman. Alıram.

-Başqa hansısa kitabı alacaqsınız, yoxsa sadəcə bu?

-Hələ ki baxıram. Sizə xəbər edərəm.

Satıcı başını razılıq anlamında yellədib kitabı qeyd etdikdən sonra paketin içinə qoyub bir kənara qoydu.

Rəflərin arası ilə dolaşa-dolaşa bayırdakı rəfləri gözdən keçirməyə başladım. Mələyim isə həmən satıcı xanım ilə nəsə uzun-uzadı söhbət edirdi. Qadınlar deyə düşündüm bizim heç bir zaman anlamayacağımız qədər yüksək varlıqdırlar. Bu zaman Bukovskinin qadınlar əsərini almaq içimdən keçdi, ancaq hər halda mənim bütün qadınları deyil də sadəcə sevdiyim qadın haqqında hər şeyi bilməliyəm deyə düşünüb fikrimdən vazgeçdim. Çünki sevdiyim qadın hər halda başqaları tək ola bilməzdi.

Oxuduğum kitabların adlarının rəflərdə gördükcə və insanların həmən kitablara baxdığını, bəzilərinin vərəqlədiyini gördükcə ürəyimdən həmin kitabların bir elçisi, bir dili olaraq onların nələrdən bəhs etdiyini, bizlərə nələri aşılamaq istədiyini içimdən söyləmək keçdi. Ancaq bunun mənim işim olmadığını dərk edib sadəcə izləməklə qaldım. Hərçənd universiteti bitirdikdən sonra magistr daha sonra tam zamanlı işləməyə məqam çatanda nə edəcəyimi özümdə kəsdirə bilmirdim. İndiki halda part-time da olsa bir şeylər edirdim. Mənim ixtisasımda olan biri pulu və yüksək vəzifəli bir tanışı olmadan hər hansı bir işdə işləyə bilərmi deyə düşündüm?


Yüklə 280,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin