Noyabr 2016
Səkkiz ən sevdiyim rəqəm və deyəsən ən uğurlu rəqəmim ya da sadəcə hər hansı bir rəqəmin mənə aid olması hissi ilə seçdiyim rəqəm. İnsanlar kimi məsələn: ən yaxın, ən sadiq, ən sevəcən, ən ağıllı birini seçmək istəyi kimi. Bəs mən özümdə beləyəmmi?
Adımın qəribə olması ilə bir növ yaşadıqlarımın da məhz niyə belə cərəyan etməsi arasında bir bağlılıq olduğunu düşünürəm. Yəni məncə heç də durduq yerdən adımız qoyulmur və bizi sadəcə daşıyan, bildirməkdən başqa heç bir şeyə yaramayan bu adlarımız birbaşa gözəgörünməz olsa belə taleyimizlə əlaqədardır.
Kürşad deyə düşündüm öz-özümə görəsən atam bu adı nə səbəbə qoymuşdu? Həmişə uşaqlıqdan lap elə məktəb vaxtından da, universitetdə də adımın mənası haqqında suallar, daha sonra sən türkmüsən deyə suallar verirdilər. Heç vaxt özümü pozmadan sən-insanoğlu bəyəm atalarının türk olduğunu bilmirsənmi? Onların qanlarından, irsindən gəldiyini danırsanmı məgər? Nə haqla mənə bu ədəbsiz sualı verirsən deyə bilmədim çünki, insan qəlbinin qırılmasının çox pis bir şey olduğunun fərqindəydim və məni belə tərbiyə etdiyi üçün atama borclu idim.
Buna rəğmən heç zaman da adımın əsl mahiyyətini, haradan gəldiyini heç kəsə deməmişəmdir. Bəlkə də sadəcə məni doğrudan dinləyəcək və söylədiklərimdə bir maraq tapacaq insanın var olduğunu hiss etməməyimdən idi. Hara getsəm: qeydiyyat yerləri, şənliklər, ağlınıza insan adının istifadə olunacağı hər yer. Yarışlar, sərgilərdə hər zaman böyük bir müəmma ilə adım soruşulur və mənası istənilir mən isə sadəcə tarixi bir addır deyib keçişdirirdim. Ancaq əslində heç də həmən insanlara hər şeyi anlata bilmirdim. Buna baxmayaraq birilərinə bütün bunları açıb deməyim gərək idi. Doğma hiss etdiyim birinə.
Mələk ilə tanışlığımızın bir ayı tamam olmuşdu və həmən günü birlikdə keçirib haralarasa getmək qərarına gəldik. Sadəcə yan-yana olmaq, sakitcə ayaqüstə durmaq ya da bir skamyada oturmaq belə həyatın mənə verdiyi bu böyük ənama görə Yaradanıma şükür etməyimə səbəb idi. Əslində çox şey istəmirdim, amma istəklərim də xəyallarım kimi gözəl və fərqli idi.
Çalışdığımız qədər mərkəzdən kənar yerdə olmaq istəyirdik ən azından onu tanıyan biri çıxmasının qarşısını bəlkə bu yolla almaq olardı deyə. Mənim onu itirməkdən başqa qorxacağım heç bir şey yox idi, ancaq onun var idi. Kimlərinsə görməsi, ailəsinə deməsi və daha böyük problemlərə səbəb olacaq şeylər. Kədərli həm də yorucu.
Nəhayət həmən kafeni tapıb içəri keçib oturduq. Sakit və xoşagəlimli olması ilk gözləmlədiyim xüsusiyyətlər olduğundan ürəyimə yatmışdı. Digər yandan ilk dəfə oturub çay içdiyimiz və o gündən sonra başlayan münasibətimizin kiçik də olsa səbəbkarlarından biri olan məkan idi.
Həyatımı artıq həmən gündən sonra Mələkli və Mələksiz olaraq iki dövrə ayırmışdım. Bu gün münasibətimizin birinci ayı olduğundan danışacaq çox şeyimiz var idi ən azından mən belə düşünürdüm çünki, dərslərin çoxluğu digər tərəflərdən zamanın qıtlığı heç də danışmaq üçün bizə çoxlu vaxt ayırmırdı. Münasibətimizin başladığı həmən ana səbəbkar olan bu kafedəki görüşdən sonra birlikdə universitetin yaxınlarında piyada gəzərək həm bir-birimizi daha yaxından tanımağa çalışır, həm də sanki uzun zamandan sonra bir-birimizi tapdığımız üçün daha çox vaxt keçirmək istəyirdik.
Hər gün yenidən onu görmək üçün necə səbirsizliklə həmən anı gözləməyim ya da həyəcandan onu görən zaman nə deyəcəyimi, necə davranacağımı unudurdum. Boşuna da deyildir ki, qısa bir müddət belə olsa, ancaq bir-birimizə baxaraq üzbəüz dayanırdıq. Sonra zamanın sonluğuna az qalmış günlük baş verənlərlə əlaqədar bir-iki cümlə, sonra isə sağollaşmaq fəsli gəlirdi. Belə davam edən günləri çoxaldıb bir-birimizi daha çox görüb bir yerlərdə oturub danışmaq tanımaq istəyirdik. Təbii ki, ən çox da mən.
Amma heç də bu həmişə istədiyimiz kimi olmurdu. Görüşdən sağollaşmazdan öncə əlaqə nömrəsini alıb öncədən görüşmək üçün xəbərləşməyi sözləşmişdik. Ki eyni yerdə oxuduğumuz üçün dərs zamanlarında qısa da olsa mümkün olmasına rəğmən, universitetdən kənarda çox qəliz bir hal almışdı. Buna səbəb valideynlərinin bir müddətlik Bakıya gəlməsi idi. Çünki, anası əməliyyata girəcəyindən atası da təbii olaraq tək qoya bilmədiyi üçün gəlmişdilər. Mələyin yaşadığı evi isə atası övladları ali təhsil alan zaman heç olmasa ev sıxıntısından azad olsunlar deyə almışdı zamanında. Mələkdən əlavə özündən kiçik olan bacısı və qardaşının da təhsilə olan sevgisinə görə, üstəlik Mələyin universitetə dövlət sifarişli qəbul olması heç şübhəsiz atalarını sevindirməyə bilməzdi.
İlk dəfə anasının əməliyyat olduğu gün evlərinə ötürmüşdüm onu. Günorta olan əməliyyatdan sonra gecəni və irəlidəki iki günü birlikdə keçirəcək ailədən bir insanın qalması lazım olanda Mələk nə qədər israr etsə də, atası özünün qalacağını bildirirərək məcbur da olsa onu evə getməyə razı salmışdı. Digər yandan xəstənin yanında təcrübəli birinin qalmağı həmçinin dərslərdən uzaq qalmamaq üçün atasının bu addımı atmasını mən də təqdir etmişdim. Həmən günü onun xəstəxanada qalmayıb evə gedəcəyi barədə mənə xəbər verdikdən sonra gecə tək qayıtmaması üçün oraya getdiyim zaman və oradan çıxıb evə doğru taksidə gedərkən demişdim.
-Mən də atanın yerində olsam belə edərdim. Başa düşürəm fikrin qalır ananın yanında, amma inan mənə ən düzgün qərar bu idi.
-Narahat olacağam Kürşad anlayırsan? Elə bilirsən axşam gözümə yuxu gedəcək?
-Mələk, əməliyyat yaxşı keçib bir problem də yoxdur şükür. Niyə belə qaramsar davranırsan ki?
-Hər şeyi düşünürəm Kürşad, hər ehtimalı. Bəlkə olmadı belə, oldu elə.
-Nə deyim ki bilmirəm. İstəyirsənsə gecəni sənin yanında qalaram heç olmasa söhbət edib fikrini dağıdaram deyəcəyəm, amma düzgün çıxmaz deyə demirəm.
-Dedin artıq.
-Səsli düşündümsə əgər, üzrlü say. Ən yaxşısı səni evə ötürüm, yaxşıca yeməyini ye, çayını da iç o zamana da mən də evə çataram. Telefonla danışarıq istəsən. Səhərə qədər həm də.
-Sabah dərsin var.
-Sənin də var amma. Ona görə ən yaxşısı heç nəyi düşünmədən yatmaqdır.
-Getməyəcəyəm onsuzda. Səhər də ilk iş xəstəxanaya gedəcəyəm.
-Yaxşı o zaman. Bir də bunu belə düşün əgər gecə səhərə qədər yatmayıb düşünməkdən başqa əlindən gəlməyən bir şey etməsən səhər ananı görməyə o halda getsən səncə necə olacaq? Anan səni görüb sənin üçün narahat olmayacaq mı deyə düşünürsən?
-Hər şey yaxşıdır deyərəm o da narahat olmaz.
Taksi binanın önünə çatmışdı artıq. Pulu ödəyib düşdükdən sonra yaşadıqları blokun qarşısında durduq bir müddət sakitcə.
Həmişə onunla bir şeylər haqqında danışarkən ya da mübahisə edərkən heç zaman damarına basacaq bir şeyləri deməməyə və etməməyə çalışırdım. Onu itirməyin verdiyi qorxunu hələ də canımda hiss edirdim. Onun üçün məsələnin hər bir ehtimalını bunu sevdiyi və bu onun vazgeçilməz xasiyyəti olduğu üçün edirdim daha sonra isə öncəki ən başda dediyim optimal variantın ən uyğun olduğunu söyləyirdim. O isə artıq zaman keçdikcə qısa müddət ərzində belə olsa onun üçün hər şeyin ən yaxşısını düşündüyümə inanmağa başlayırdı. Eyni ilə bir valideynin öz övladları haqqında düşündüyü kimi.
-Yaxşı o zaman mən gedim daha. Bax yemək yemək yadından çıxmasın. İndiyə qədər də heç bir şey yeməmisən. Aclığın olmasa belə bir az ye qüvvət topla. Sabah ananın da yanına gedəcəksən.
-Yaxşı yeyərəm, narahat olma.
-Gecən xeyrə. Hələlik Mələk.
-Hələlik. Kürşad?
-Aycan, nə oldu?
-Çox sağ ol, hər şey üçün-üzündə yorğunluğun büruzə verməsinə rəğmən yaranan gülümsəmə ilə cavab verdi. Bax o zaman onun kimi bir qadının əsla incidilməyə haqqı olmadığını düşündüm. Gələcəkdə onu canından çox sevən biri tərəfindən ediləcəyini təxmin belə etmədən.
-Nə etdim ki, xoşdu.
O gündən sonra anasının əməliyyatdan çıxması bir müddət burada qalmaları hərçənd atası geriyə rayona qayıtmışdı, istədiyimiz zaman görüşə bilməyəcəyimiz anlamına gəlirdi. Ancaq dərs zamanları birlikdə görüşüb gedir, əgər anası evdə tək qaldığı üçün dərsdən icazə almadısa həmən günlər birlikdə evlərinə ötürənə qədər birlikdə gedirdik.
Heç bir şeydən narazı deyildim, ola bilməzdim çünki. Həmən ərəfələrdə yenidən işə girmiş, dərslər yolunda və ən əsası o yanımda idi. Başqa bir istəyim ya da arzum hələ ki yox idi. Unutduğum bir şey var idi ancaq. Beynimin içində olan o fikirlər hələ də mövcud idi və məni sərbəst buraxmaq istəmirdi. Hələ ki, bütün diqqətimi işə, dərsə, Mələyə yönəltdiyimdən özüm, yalnızlığım haqqında düşünməyə əvvəlki kimi çox zaman olmadığından öncəki zamanlardakı 4-5 saatlıq zaman dilimi, 30 dəqiqəlik qısa bir vaxta düşmüşdü. Bunlar da yalnızca yol ilə bir yerlərə gedən zaman müəyyən müddətlik.
-Sən nə deyirsən Kürşad, səncə etməliyəm?
Bir anlıq yenə iç səsimlə birlikdə danışdığım yadıma düşdü və cəld geriyə-real həyatıma qayıtdım. İndi məhz haradayıq, nə edirik? Beynim yenə mənə oyunlar oynamaqdan əl çəkmir. Mənsə elə hey onun qurduğu ssenari üzrə qarşı gəlmədən öz rolumu oynayırdım. Harada axı bura? O divarlar, oturacaqlar, həmən pianino. Xatırladım həmişəki görüşdüyümüz yer. Bəs nə zaman və niyə buraya gəldik? Yadına sal Kürşad, yadına sal.
-Kürşad, buradasan?
-Aycan.
-Yaxşısanmı?
-Hə. Necə bəyəm? Sənin yanında necə yaxşı olmayım?
Bilməməsi üçün bir şeylər deməliydim ən azından diqqətini yayındırmaq üçün. O zamana qədər mən də bura niyə gəldiyimizi xatırlamağa çalışım gərək. Gözlərini bir saniyəlik gözlərimə zilləyib gülümsədi sonra saçı ilə oynadı. İlk dəfə görüşdüyümüz gündən bu gün ki günə kimi hər dəfə utanan zaman belə davrandığını görürdüm və nə yalan deyim bəlkə də ən sevdiyim xüsusiyyətlərindən biri idi.
-Amma sualıma cavab vermədin Kürşad bəy?
-Sual? Hansı sual?
-Sən məni dinləmirsən?
Səsində az öncəki əhval-ruhiyyənin tamam əksi olan bir tonlama vardı.
-Yox həyatım, dinləyirəm təbii ki. Sadəcə eşitmədim sualını.
-Etməyimi deyirəm. Səncə nə etməliyəm?
Etmək? Nə etmək? Bir saniyə. İki dəqiqə ərzində nə baş verdi ki mövzu etməyə bağlandı. Yoxsa iki dəqiqədən daha çox olub? Yavaş-yavaş olan-qalan yaddaşımı da itirməyə başlayıram. Görəsən nə edə bilər. Düşün Kürşad düşün. Zamanın azdır.
-Sən yenə məni dinləmirsən? Haradadı axı fikrin?
-Dinləyirəm təbii ki mən...
-Dinləsən əgər sualıma cavab verməli idin elə deyil? Bir saniyə yoxsa sən ən başdan məni dinləmirsən hə? Bayaqdandır danışdığımları dinləmədiyini söyləmə bircə.
Duyğusal olduğu qədər ağıllı idi həm də. Artıq yalandan uzatmağın mənası yox idi təslim olmaq lazım idi.
-Mən
Bu anda ofisiantın yaxınlaşması ilə qəlbim elə sevinclə doldu ki, digər yandan həm də hüzünləndim. Sevindim çünki onun qəlbini qıracaq gerçəyi deməyəcəkdim. Hüzünləndim çünki ona yalan söyləməyə davam edəcəkdim.
-Başqa bir istəyiniz var?
-Əlbəttə ki. İki çay və yanında nə olsun həyatım?
Baxışlarından hər şeyi oxumaq olardı ancaq mən oxuduğumu bilməməyini istəyirdim. Məncə boş yerə ümidim vardı amma ən azından cəhd edirdim.
-Sən nə istəyirsənsə o.
-O zaman türk paxlavası.
Ofisiant sifarişləri alıb bizim masadan ayrılana qədər gözümü gözlərindən çəkərək sanki nələrəsə baxmış kimi göstərməyə çalışırdım. Digər yandan bu rolu bir neçə saniyədə davam edib sonda zəfər nərələri atacaqdım. Çünki bu dəfə mən qalib gəldim. Beynimin içindəkilər yox. Hər şeyi xatırladım.
-Kürşad bəy sizi dinləyirəm.
-Sualınız necə idi mələk xanım?
-Səncə etməliyəm?
Bir neçə saniyə durdum. O zaman kəsimində gözləri ilə gözlərimin içinə baxaraq bir yandan cavab axtarır digər yandan söyləyəcəyim hər hansı bir yanlış cavab zamanı beynində nələri deyəcəyi nələri edəcəyini düşünürdü. Ovunun yavaş-yavaş ona yaxınlaşmasını gözləyirdi sanki. Ancaq bu səfər əlinə heç nə keçməyəcəkdi.
-Mən sənə güvənirəm. Əgər sən bir şey etmək istəyirsənsə nə olsa belə edərsən. İradən, əzmin, özünə inamın var çünki. Bu barədə bir az səni qısqanıram desəm yalan olmaz. Məndə bir az...
-Səndə bir az tənbəllik var. Bir az deyil həm də çox.
Dedi gülərək. Onu dinlədiyimi anlamağın verdiyi sevinc və fərəh hissi ilə güldü.
-Vur dedik sən də öldürdün, Mələk.
Gülümsəməsinə qarşılıq verib sözə davam elədim.
-Əslində bunu məndən soruşmağın mənə qəribə gəldi sözün düzü. Yəni nəticədə sənin dünyan sənin təhsil həyatındır. Magistrə verməyi niyə məndən soruşursan ki sanki izin alacaqsanmış kimi.
Durdu. Üzündəki gülümsəmə bir anda qeyb oldu. Bənizi soldu sanki ya da mənə elə gəldi bilmirəm. əllərini masadan çəkərək məndən gizlətdi. Başını aşağı salıb sanki nəsə utanılacaq bir iş görmüş kimi boynunu bükdü. Bir neçə saniyə davam elədi sadəcə. Sonra yenidən dikəldi. Əllərini masaya bir-birinə keçirmiş şəkildə qoydu. Başını dik qaldırdı. Artıq fikirlərini cəmləşdirdiyini bildirmişcəsinə mənə baxdı. Və sözə başladı.
-Çünki bunu bilməyin sənin də haqqındır deyə düşündüm Kürşad.
-Nəyi?
-Sözümü kəsmə xahiş edirəm. Qoy bütün deyəcəyimi deyim bitirim sonra sən də öz fikrini de.
Təsdiq anlamında başımı yuxarıdan aşağıya doğru tərpətdim. Və davam elədi.
-Mən sənin kimi deyiləm yəni yanlış anlama sən də tələbəsən ancaq özün də bilirsən 3 ildi əlaçıyam. Sonuncu ilimi də belə yekun vurub qırmızı diplom almaq istəyirəm. Və sözün açığı burada qalmaq istəmirəm. Bura çünki mənə dar gəlir. Havam çatmır sanki. Məni anlayırsan? Çünki ən çox sənin məni anlamağına ehtiyacım var. Evdəkilər anam atam bunu onlara necə deyəcəyimi bilmirəm. Amma sənə deyirəm. Çünki sən çünki sən...
Dayandı. Doğru kəlmələri seçməyə çalışırdı. Çünki bilirdi seçəcəyi hər hansı bir yanlış kəlimə qarşındakında daha fərqli bir təsir yaradacaqdı. Susdu. Susdu. Və yenidən davam elədi.
-Çünki sən mənim üçün dəyərlisən. Ailəm də elədir təbii ki, ancaq onlar sənin kimi anlayışlı deyillər Kürşad. Buna görə sənə çox dəyər verirəm. Hər zaman məni qeyd-şərtsiz dinlədiyin üçün və anladığın üçün. Ona görə sənlə hər hansı bir mövzu haqqında rahatca danışmaqda özümdə güc tapıram. Və mən təhsilimi xaricdə davam etdirmək istəyirəm.
Sonunda zəhərli oxu atdı. Ox isə hədəfdən yayınmadan tam mərkəzə qəlbə dəydi. Kürşad düşünürdü: bundan 10 dəqiqə öncə sevdiyi qadın pis olmasın deyə hər şeyi düşünüb yoluna salmaq üçün etdiyi cəhdlər hədərmi getdi? Ədalət budurmu bəyəm? Bilmirəm. Yenə bilinməzliyin tam mərkəzinə düşdüm. Nə cavab verim nə deyim hansı bir reaksiya göstərim axı? Məni sevdiyini belə demədi. Dəyər verirmiş. Dəyər. Mən ona canımı belə verməyə hazıram amma o sadəcə dəyər verdiyini söyləyir. Fikirlərimi cəmləşdirib bir şeylər deməliyəm. Ancaq nə?
-Bir şey deməyəcəksən?
Nə deyəcəyimi gözləyir ki anlamıram. Həyatımda sevdiyim ilk qadın ki hər kəsdən və hər şeydən çox sevərkən mənə hansısa ölkəyə oxumaq üçün getdiyini söyləyir və qarşılığında məndən bir şey söyləməyimi istəyir. Getmə demək istəyirəm. Getmə. Amma bunu necə deyim ki. Onu sevdiyim üçün get deməliyəm çünki onun yaxşılığını istəyirəm və əgər xoşbəxt olacaqsa razıyam getsin.
-Yenə susursan. Bir şeylər de.
-Sən necə istəyirsənsə Mələk. Əgər təhsilini xaricdə davam etdirmək istəyirsənsə et. Bu sənin həyatındır.
-Nə yəni getməyimə izin verirsən?
-Məndən izin istədiyini xatırlamıram.
-Yəni heç bir narazılığın yoxdur?
Var təbii ki. Amma guya bunu söyləsəm məni dinləyəcəksən mi? Getmə desəm qalacaqsan mı? Ki onsuzda səni necə sevdiyimi bildiyindən hansı reaksiya verəcəyimi təxmin etməli idin amma sən durub burada məndən bunu söyləməyimi istəyirsən. Bu qəbul edilməzdir. Sadəcə qəbul edilməz.
-Məni də yanında apar-dedim- gülərək.
Ab-havanı bir az da olsun yumşatmaq üçün. Ofisiantı sifarişləri gətirməsi ilə danışığımıza bir az ara verməli olduq.
-Öncə çaylarımızı içib şirnimizi yeyək sonra davam edərik.
-Yaxşı. Elə deyirsənsə.
Yaranan bu fasilədə onu fikrindən necə yayındırmaqdan daha çox hal-hazırda beynində hansı düşüncələrin olduğu haqqında fikrə sahib olmaq istəyirdim. Amma bacarmırdım. Əlim-qolum bağlı bir şəkildə sadəcə təslim olub nələrinsə olacağını gözləyirdim.
Şirnilərimizi yeyib çaylarımızı bitirdikdən sonra hesabı istədim. Söhbətimiz bitməməsinə rəğmən ikimizin də içdən-içə istədiyi mövzunun hələlik burada bağlanması və başqa bir zamanda daha rahat ikən açılıb bir nəticəyə gəlinməsi idi. Hesabı ödəyib birlikdə kafedən çıxıb bir neçə dəqiqə danışmadan yanbayan gedirdik.
Onun yanında olan zaman əslində zamanın durmasını istəyirdim. Gözlərinə qoy doyunca baxım deyə, hansı ki, günəşin öz şüalarını saçdığı kimi eynən onun gözlərinin də öz xoşbəxtliyini saçması kimi, saçlarındakı hər teli daha diqqətlə nəzərdən keçirim deyə, kipriklərinin gözlərinin üzərində təsadüfən inanmadığım bir halda düzülməyinə, gülən zaman simasında yaranan üz çizgilərinə, dodaqlarının dənizin dalğaları xatırladacaq formasına və daha nələr nələr...
İndi isə bütün bunlardan o getdikdən sonrakı iki ilə əzrində uzaq qalacağımı düşünən zaman dəliyə dönməmək mümkün deyil. Hansı səhv əməl gördüm ya da hansı yanlış sözlər işlətdim də ki mənə bunu edir. Əslində cavabı bilirdim ancaq onu özümə söyləmək cəsarətim yox idi. Gerçəklikdən ilk dəfə idi qorxurdum.
Ağır addımlarla addımlarkən yan-yana yeridiyimiz bu küçələri birgə tapdaladığımız səkiləri daha diqqətlə nəzərdən keçirməyə başladım. Zaman gələcək buraları onsuz tək başına həyatımın eyni ilə onunla qarşılaşmamışdan öncəki zamanı kimi tənha bir şəkildə keçəcəyəm.
-Bəlkə dəniz kənarına gedək?
-Bu haradan ağlına gəldi?
-İstəmirsənsə əgər qalsın.
-Yox istəyirəm təbii ki, mənimki də sualdı. Gedək.
O hara desə getməli idim o nə desə eləməli idim. Xatirələrin yaşanmışlıqların daha çox olması üçün. Onu mənə xatırladacaq şeylərin çox olması onun yanımda olmayan zaman ona qarşı yaranan həsrətimə zərrə qədər təsir etməsə belə ən azından o günləri yada salıb kədərdən uzaqlaşdığım dəqiqələrin sayı çox olacaqdı.
-Kürşad, yadıma düşmüşkən sənə çoxdandır vermək istədiyim bir sualım var idi.
-İstədiyin sualı ver əlbəttə ki, eşidirəm səni.
-Adının mənası nədir? Yəni ilk soruşanda tarixi ad demişdin, amma məncə bundan da artıq bir şey var elə deyil?
-Olmasaydı soruşmazdın heç.
-Deməli varsa, anlat səni dinləyirəm.
-Amma öncə sən bir sualıma cavab ver. Ən son hansı tarix kitabı oxumusan?
-Tarix kitabı deyə bilmərəm, amma dünən bir bədii kitab daha qurtardım.
-Sənin kimi gəncləri görəndə gələcəyə dair ümidlərim artır.
-Yaxşı zarafatın yeri deyil.
-Ciddi deyirəm. İndiki zamanda kimi ki gördün yolda metroda avtobusda boş vaxt tapan kimi kitab oxuyur alnından öpüb halaldı demək lazımdı.
-Elə deyirsən ki sanki oxuyan heç yoxdu.
-Yoxdur demirəm ancaq sayları azdır. Ədəbiyyatı sevməmək olar mı bunu heç cür anlamıram.
-Ədəbiyyatı sevməyən varmı ki görəsən?
-Var olduqları mütləqdir, amma məncə onlar da bir gün təslim olacaqlar.
Danışa-danışa yeraltı keçidlə keçərək xəzərin sahilinə doğru addımlayırdıq. Görəndə elə bilər sanki bundan az öncəki söhbətimiz ayrılıq haqqında deyildi. Əslində doğrudur tam olaraq ayrılıq sayılmaz ancaq içimdəki bir hiss əgər getsə hər şeyin bitəcəyini söyləyirdi. Məsafələr ya da güvənsizlik məsələsinə görə deyil sonradan yaranacaq fikir ayrılıqlarına görə.
-Yəni səncə ədəbiyyatı sevməyənlər var və onlar da bir gün sevəcəklər. Hansı səbəbdən dolayı bu fikirləri dəyişəcək ki?
-Fikir deyil hisləri dəyişəcək. Çünki bu dünyanı qurtarsa qurtarsa ədəbiyyat qurtarar. Kitablar, orada yazılanlar. İnan ki bizim bütün insanların hər birinin həyat hekayəsinə uyğun bir kitab mütləq vardır. Ona görə sevməyən hər kəs bir gün təslim olacaq o zaman ki, öz həyat hekayəsi ilə tanış olanda. Bax mənim də başıma bu gəlib. Yeganə fərqi mən sevirdim amma sevdiyimlə heç cür qovuşa bilmirdim. Çünki...
-Çünki tənbəlsən.
-Hər dəfəsində söyləyəcəyim cümlənini sonluğunu belə bitirə bilməzsən ki.
-Gerçəkləri söyləyirəm. Sən ki demişdin mənə: mən gerçəkləri söyləməklə mükəlləfəm.
-Yaxşı mən təslim. Susdum.
Gülümsəyərək ağır addımlarla xəzərin sahili ilə gəzməyə davam edirdik. Hava sərin olsa da bu sərinliklə insanların sayının az olması məni sevindirirdi. Çünki hər zaman insan sayının çox olduğu yerlərdən uzaq olmağa çalışmışam. Sıxıldığım ən böyük səbəb olmaqla yanaşı nə qədər çox insan olarsa orada bir o qədər də yalan və səmimiyyətsizlik olacaqdır. Bu iki şeydən hər zaman uzaq durmağa çalışan biri olaraq həmən atmosferada olmağı seçməyi istəmərəm.
-Və gələk əsas məsələyə mənə verdiyin sualın cavabına.
-Nəhayət Kürşad bəy məni də qeydə aldınız.
Kaş sən də məni qeydə alsaydın. Getməyəcəyini bilsəm yox getmə deyərdim. Amma belə olmayacağını ikimiz də bilirik. Ona görə nə mən səni nə də sən məni üzmə deyə susuram.
-Haradan başlayım?
-Ən başdan.
-Yaxşı o zaman gəl burada oturaq.
Aşağı düşərək düz xəzərin biraddımlığında daşların üzərində oturduq. İkimiz də nəzərlərimizi sakitcə dinmədən xəzərin dalğalarına yönəltmişdik. İkimiz də bir-birimizdən gizlin bir-birimizdən ayrı xəyallara dalaraq sanki burada təkmiş kimi qalmışdıq. Əslində xəyallarımızın kəsişdiyi ortaq bir nöqtə olmasına rəğmən hələ ki bunu söyləmək heç birimizin ağlından keçmirdi. Buna səbəb bir tərəfində qəlbində yaranan hələ də mövcud olan güvən problemi idisə digər tərəfdə qorxu idi. İtirmək qorxusu. Hər şeyi bir-birilərinə açıb söyləməyin bu qədər çətin olacaqlarını düşünmürdülər ancaq yanlış anlaşılma hər şeyi məhv edə bilərdi. Ona görə susmaq hələ ki susmaq ən optimal variant idi. Və onlar da buna əməl edirdilər.
-Uşaq vaxtı ilk dəfə məndən adımı soruşduqda sadəcə atam qoyub özüm mənasını bilmirəm demişdim. Bu anı yaxşı xatırlayıram, çünki o zaman hələ altı yaşım tamam olmadan ibtidai sinfə getdiyimin ilk günü məhz sinif rəhbərim soruşmuşdu. Təbii ki, adımın mənasını bilməməyim mənə pis təsir elədi niyə də eləməsin ki? Sadəcə çağırılmaq xatirinə də olsa gedəcəyin hər yerdə bu adla tanınırsan və kiminsə bu maraqlı ada görə səndən sual soruşması çox təbii haldır. Təbii olmayan sənin cavab verməməyindir. Amma indiki dövrdə artıq insanların çoxu bu cür şeylərin mənasız olduğunu düşünürlər, halbuki insanın öz adının mənasını bilməyindən daha mənalı bir şey varmıdır?
-Həmən gündən sonra gedib atamdan adımın mənasını soruşdum və o da işdən yorğun-ağrın gəlməsinə baxmayaraq adımın qədim bir türk sərkərdəsinə aid olmasını dedi.
-Atam eyni ilə mənim indi oxuduğum universitetin tarix fakültəsində oxuyub və oranı qırmızı diplomla bitirib. Əsgərliyə gedib gəldikdən bir müddət sonra Şamaxıda tarix fənni üzrə müəllim işləməyə başlayıb. Ailəm mən anadan olmamışdan öncə Bakıya köçüb və atam burada da müəllimliyinə davam edib. Mən anadan olduqdan sonra ilk övlad və ilk oğul olduğuma görə ad üzərində uzun mübahisələr gedib və atam sonda üç gün sonra adımı Kürşad qoyub. Təbii ki o zaman hamı təəccüb içindəydi, amma atamı fikrindən döndərmək müşkül məsələ idi.
-İndi düşünürəm də kaş o zaman adımla bağlı daha dərin məlumatlar soruşub maraqlanardım. Göytürklərin çinlilər tərəfindən süqutundan sonra bəzi türk sərkərdələri çin saraylarında qaldılar və onlara öz məharətlərini öyrədilməsi buyuruldu. Bunların arasında da bir türk sərkərdəsi Kürşad var idi. Və o çin sarayında komandanlıq səviyyəsinə gəlib çatmış yeganə türk əsgəri idi. Uzun zaman keçdikdən sonra o tabeliyində olan türk əsgərlərlə birlikdə təxminən qırx nəfərlə çin sarayına hücum etmək, üsyan qaldırıb yenidən dirçəlmək istədilər. Saraya daxil olsalarda, sayca qat-qat çin ordusunun çox əsgərini öldürsələrdə, istəklərinə nail olmadılar və hamısı öldürüldü. Ancaq bu orada yaşayan türklərə böyük örnək oldu və onlar yenidən bir araya gəlib yenidən dövlət qurdular. Məhz indi adını daşıdığım Kürşad və onun silahdaşları sayəsində.
Araya dərin bir sükut çökdü və ikimiz yenidən dənizin dalğalanan sularına baxırdıq.
-Bəs səncə mənim adımın mənası nədir Kürşad bəy?
-Məncə bu çox aydındır deyib-gülümsədim.
-Gülməli olan nədir elə?
Səs tonundakı təəccübü və səmimi qəzəbi duymuşdum artıq.
-Bütün günahlarımı yumaq üçün öz sevgisini mənə həsr edən biri.
İstəmədən də olsa sevmək kəliməsi ağzımdan çıxmışdı. Əlimdə olsa zamanı geri qaytarıb o kəliməni söyləməz olaydım. Çünki mənə qarşı bəsləmədiyi bir hissə ona məcbur edə bilməzdim. Bəlkə də düşündüm öz-özümə bunu söyləməklə əslində onun mənə qarşı bir cavab vermək ehtimalını yaratmış oldum.
-Bitdi yoxsa davamı var?
Cavab verməyin əvəzinə ondan uzaqlaşmaq daha məntiqli gəldiysə demək. Hislərin olduğu yerdə məntiq məntiqin olduğu yerdə hislərə yer yoxdur. Və mənə qarşı ona bəslədiyim hislərdən məhrum olduğumu indi daha dəqiq anladığımı düşündüm.
-Az qalıb səbr elə.
III
-Kürşad. Adın kimi özün də qəribəsən daha doğrusu xarakterin digər pasientlərdən fərqlənəcək şəkildədir. Çox böyük həvəslə istərdim ki, hekayənin geri qalan qismini də danışasan ancaq əfsuslar olsun ki, bu günlük seansımızın vaxtı bitib hətta əlavə on beş dəqiqə də keçibdir. Söylədiklərini unutma və iki gün sonra gələn zaman mütləq danış. Səni dinləmək xoşdur.
-Bir gündən bir mütləq gəlməliyəm?
-Bu bir həftə belə gəlməyini məsləhət görürəm həm əgər yaxşılığa doğru getsə hər şey o zaman seanslar arasındakı gün fərqini də uzada bilərik. Hətta gördün beş-on seansa hər şeyin öhdəsindən gəldiyinə əmin olsam bitirə bilərik. Hər şey səndən asılıdır Kürşad unutma.
-Anladım sizi. O zaman mən gedim.
-İki gün sonra eyni vaxtda gəlməyi unutma. Hekayəni hələ bitirməmisən.
Mənim hekayəm artıq sonlanıb geriyə qalan son akkordlardır sadəcə. Özüm də bilmirəm hər şeyin sona çatdığını düşündüyümə rəğmən bu son çırpınışlar nə üçündür. Bilmədiyim bir şey daha kəşf elədim. Nə gözəl mənə.
-Yaxşı.
-Görüşərik Kürşad
-Görüşərik.
Klinikadan çıxdığım zaman saat axşama doğru 7 kimiydi. Şəhərin yavaş- yavaş qaranlığa doğru qərq olduğu zamanları sevdiyim bir anda idim. Səmaya doğru başımı qaldırdıqda buludların göyüzündəki bizə anlamsız görünən çizgidə olduqlarına baxmayaraq onların bizi anlamadığı kimi bizim də onları anlamadığmız bir səbəbdən ötrü belə olduqlarını düşündüm. İlk seansdan görüş deyəsən mənə pis təsir eləmişdi. İndicə başımı səmaya qaldırıb buludlarla danışdığıma görə heç də bir şeylər yolunda getmirdi. Ya da mənə elə gəlirdi. Ümumiyyətlə heç bir şey yolunda getmirdi və bunu özümə demək cəsarəti də bir şeyləri dəyişdirmirdi. Ağır addımlarla səkinin üzərində irəlilədikcə addımlarımın nəcə qəribə olduğuna diqqət yetirdim. Sanki yerimir yerlə sürünür şəkildə gedirdi. Qorxuducu bir o qədər də əlacsız şəkildə necə olursa olsun tez bir zamanda evə çatmaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışırdım sadəcə çalışırdım. Ancaq görünürdə isə ortada həmişəki kimi heçlikdən başqa bir şey yox idi. Bu qədər qaramsarlıq içində hələ də bu dünyadan zövq almağın və yaşamağın hər hansı bir səbəbin olduğunu anlamağımı istədiklərini başa düşə bilmirdim. Yalnızca axmaqlar yalnışları gerçək kimi xəyal edib onlarla yaşayarlar. Dahi olacaq qədər ağıllı deyiləm, amma axmaq olmayacaq qədər ağıllıyam. Hər şeyi anlayır hər şeyi olduğu kimi qəbul edirdim. Ancaq acılar heç də bir an içində keçib getmir və heç də bir an içində hər şeyi unudub da yaşamımızın axışına dönə bilmirik ən azından mən edə bilmirəm. Bunu etmək istəyirəmmi böyük ehtimal yox. Çünki acılarla və həyatın gerçəkləri ilə yaşamağı gözə aldığımızda yaşamın nə olduğunu anlamış oluruq. Hər nə qədər asan və gözəlliklərlə dolu olmasa belə yaşadığımız müddətcə bu həyata və onun qanunlarına öyrəşməli ona uyğun davranmalıyıq. Yazılmamış qanunlar tək.
Yol boyunca nə qədər yeridiyimi belə xatırlamadan bir anlıq özümü məhləmizin girişində tapmış oldum. Klinikadan bura bir saatdan çox yol olmasına baxmayaraq bu qədər yolu düşünərək mi gəlmişəm deyə fikirləşdim. Bir insanı məhv edən şeyin düşündükləri yox düşündüklərini həyata keçirə bilməmək olduğunu yadıma saldım amma nə çarə bunu edəcək biri deyildim mən. Bunu qəbullənmiş həyatıma belə davam etmək məcburiyyətində qalmışdım. Digərləri kimi ya da digərlərinin digərləri kimi.
Məhlənin girişindən içəri doğru keçdim. İşıq dirəkləri həmişəki kimi yenə öz qaranlıqlarına qərq olmuş vəziyyətdə idilər. Bəlkə də nə qədər içlərindən hər yanı öz işıqları ilə parlatmağa çalışsalar da bunları edə bilməyəcəklərindən qorxurdular. Halbuki cəhd etsələr ani bir vəziyyətlə nələrin dəyişəcəklərinin fərqində belə deyildilər. Və deyəsən dediklərimin hər kəlməsini özümə söyləmişdim dediklərim onların hamısı mənim vəziyyətimi təsvir edirdi, ancaq bundan başqa nəyisə edə biləcək bir gücüm yox idi.
Göy üzü bayaqkından daha qaranlıq, daha gizli şəkildə özünü hər şeydən gizləmiş kənardan bizi izləməkdə idi. Buludlar yox olmuş boş və mənasız görünümlü bir səmaya buraxmışdı. Ancaq bu boşluqda belə anlamadığımız bir möcüzənin bir yaradılış hekayəsinin olduğunu duyurdum. İçimdə olan boşluğa bənzətdim bir an. Hər şey mövcud olsa da əslində hər şeyimi gizlədib bir kənara qoymuşdum. Heç kəsin görməsini istəmədiyimdən. Çəkindiyim şey isə bunu özümdən belə gizlətməyim idi. O zaman bax doğrudan ağlımı itirməkdən qaçmaq kimi bir şansım olmayacaqdı.
Açari evin qapısının kilidinə daxil elədim və açaraq içəri daxil oldum. Evimin içinin də heç də səmadakı qaranlıq və boşluqdan fərqlənmədiyini gördüm. Həyatımdakı hər şey ya doğrudan belə idi ya da mənə belə hiss etdirməklə bir şeylər çağrışdırmaqda idi. Əgər birinci idisə bunu olğun olaraq qarşılaya bilərdim əslində olmasını istədiyim də elə bu idi. Yox əgər ikinci idisə bundan uzaqlaşacaq, bunların öhtəsindən gələcək bir gücü necə qazanacağımı belə bilmirdim. Bir addımımı atmazdan öncə onu necə torpağa qoymağı bilmədiyim kimi keçən saniyələr ərzində hansı qərarları qəbul edəcəyimi də bilmirdim. O ki, qaldı həyatımın gedişatını dəyişmək.
Qapını bağlayıb həmən yanındakı işığı yandırdım. Ayaqqabılarımı çıxardıb, paltomu asılqana asdıqdan sonra koridordan içəri keçib yataq otağına girdim. Yataq otağı koridorun axırında sağda idi. Qapını açıb işığı yandırıb paltarlarımı dəyişməyə başladım. Son zamanlar baş verənlərlə əlaqədar bu səfər əynimdə hər zaman işə gedərkən geyindiyim ağ köynəyim yox idi. Baxmayaraq ki, gündəlik həyatımda belə rəsmi geyimləri geyinməyi üstün tuturam.
Qalın sviterimi çıxardıb yerini yüngül bir koftayla dəyişdim. Cins dəri şalvarı çıxardıb yerinə idman şalvarımı geyinib otaqdan çıxdım. Birbaşa hamamdan içəri daxil oldum. Güzgünün qarşısında durub bir anlıq özümə baxdım. Və ilk dəfə həmən hadisədən sonra özümə belə diqqətlə baxmadığımın fərqinə vardım.
Güzgüyə baxanda sanki oradakı mən deyildim çünki, gördüyümdən özüm də heyrətə gəlmiş və ürkmüşdüm. Son bir həftə ərzində yanaqlarımın açıq-aşkar görünməsinə səbəb olacaq qədər arıqlamışdım. Arıqlamağım birbaşa üzümə də təsir göstərdiyi üçün üzümdəki saqqalın əvvəl verdiyi görkəm indiki arıq üzümdə daha qorxunc hala gəlmişdi. Üzümdən, dodaqlarımdan qan çəkilmiş, gözümün altında çuxurlar meydana gəlmişdi. Və göz bəbəklərimin içi qızarmışdı. Bunun ağlamaqdan, yoxsa yuxusuzluqdan olduğunu xatırlaya belə bilmirdim. Alnımdakı qırışların sayı bu müddət ərzində daha da çoxalmış olduğum yaşdan artığını verməyə səbəb olmuşdu. Hardasa 10 yaş qocaldığımı hiss etmişdim bir anda. Bəlkə də daha çox. Ruhən 60 yaşlı birini daha çox anımsatsam da
Bütün bunları ağlımdan çıxarmağa çalışıb soyuq suyu açıb əl-üzümü yuduqdan sonra mətbəxə keçib çaydanın altını yandırdım. Daha sonra soyuducuyu açıb yeməli heç nəyin olmadığını bilsəm də boş-boş baxmaqda davam elədim. Arxada balaca bir qabda olan kəsmiyi götürüb masanın üzərinə qoydum. Daha sonra çörəyi bıçaqla dilimləyib çaydanın qızmasını gözlədim.
Əvvəlki vaxtlarım olsaydı heç vaxt ac qalmaz yeməyə bir şeylər mütləq tapar ya da özüm bişirərdim. Uzun müddət tək qaldığımdan artıq hər şeyi bilməsəm də özümü hər zaman düşdüyüm çətinlikdən çıxara biləcək gücdəydim. Bunları yazdıqda belə əvvəlki vaxtlar dedikdə sanki üzərindən illər ötmüş kimi təəssüratı yaranır, ancaq sadəcə 1 həftə öncə həyatımı dəyişdirən şeyin olduğunu unudurdum az qala.
Bəzən deyirlər ya saniyələr, yaxud dəqiqələr bizə onların kəsb etdiyi mənadan daha artıq bir zaman dilimini kəsb edir bax eynilə mənim həyatımdakı son 7 gün əslində mənə 7 ilə bərabər bir həyat yaşatmış oldu.
Çaydanın səsi ilə dalmış olduğum fikir bataqlığından ayıldım. Hansı ki, əslində əzəldən bəri o bataqlıqdan çıxmamışdım və zaman keçdikcə baş verən hadisələrdən dolayı daha da artmış və özünə böyük bir yuva qurmuşdu. Bəzən xoşbəxt anlarımda və sevincli günlərimdə bundan qurtulduğumu düşünsəm də əslində heç də belə deyildi. Çünki gerçəyə qaldıqda xoşbəxt olduğum zamanların doğrudan da mövcud olduğuna inanmağım gəlmirdi. Xoşbəxtliyin tam olaraq nə ifadə etdiyini bilmədiyimdən ola bilər bəlkə də. Ya da hər kəsin qəlbində hər şeydən öncə gələn bu əsrarəngiz hissi yaşamışmıydım yaşamışmıydıq bilmirəm. Gələcəkdə baş verən bədbəxtliklərə özünə bir yer ayırmaq üçün zamin yaradırdı. Bunu öyrəndiyim də artıq geridə itirəcək bir şeyim qalmamış və yaşamın mənim üçün uyğun bildiyi formulu həll etmişdim. Yaşadığım hər xoşbəxtlik üçün onu məhv edəcək bədbəxtliklər. Təkə qarşı çox.
Çaydanın altınını söndürüb paketdən çay paketini götürüb fincanıma atıb daha sonra qaynar suyu əlavə elədim. Bir yandan da kəsmik olan paketin ağzını açıb dilimlənmiş çörəyin üzərinə yaxdım. Aldığım çayın hər qudumunda yenidən sanki dünyaya gəlmiş kimi özümü hiss edirdim. Yenidən canlanır, həyata qayıdırdım.
İştahsızlığın verdiyi hislə iki dilim çörəkdən sonra yeməyi kəsib masanın üzərini yığışdırdım. Çayımı isə hələ yarılamamışdım belə. Cibimdən siqaret paçkasını çıxardıb alışqanımla birini yandırıb tüstüsünü içimə çəkdim.
Siqareti çəkməyə başlamağım təqqribən bir il öncəyə dayanırdı. İçkiyə qarşı olan rəğbətimlə yanında bir də siqaret olunca özünü məhv edəcəklər siyahısında artıq deyəsən geriyə heç nə qalmırdı.
O zamanlar hələ bu vərdişlərin yox olduğu zamanlardakı halımı düşünürəm də bəzən həyata baxış açımın heç də fərqli olmadığını görürəm. Ətrafımdakı məni sevdiklərini deyən insanların bu pis vərdişlərlə həyata baxış açımında dəyişəcəklərini başqa bir insana çevriləcəyimi söyləyirdilər. Təbii ki, inadlı təkidimlə bunun belə olmadığını insanın var oluşu zaman necə bir xasiyyət və xarakterə malik idisə hər zaman elə olacağını bildirsəm də üzərimdəki təzyiqi hər zaman belə inad etməyimə rəğmən atmaq mümkün deyildi.
Mən sadəcə bunu etmək naminə etmirdim. Buna səbəb kimi göstərilən bəhanələri də qatmayacağam. Amma gerçəklik bu idi ki, siqaret mənə beynimdəki düşüncələrin onların məni öncədən məhv etməyi bacarmadan məhv olmasına yardımçı olur. Nə qədər tragikomedik səslənsə də, gerçək gerçəkdir. Və bunu heç bir şey dəyişdirmir.
Siqaretdən son tüstünü aldıqdan sonra kötüyünü külqabıya atıb soyuducuya tərəf gedib qapısını açdım. Aşağı hissədə 12 lik duran pivə bakallarından birini götürüb əlimdə mətbəxdən çıxıb otağıma getdim.
Otağımdan içəri keçib mənə bu dünyadakı hər şeydən daha yaxın olan və özümü daha yaxşı hiss etməmə səbəb olan kitab rəfimin yanına getdim. Oradakı kitabların hamısını ən azından iki dəfə oxumuşluğum vardı. Hətta bəzilərini hər gün vərəqləyərək bunları yazan insanların nə düşündüklərini anlmağa çalışırdım. Oğuz Ataylar, Hərman Hesselər, Nazım Hikmətlər, Maksim Qorkilər, Bukowskilər, Mikayıl Müşfiqlər, Atatürk və daha çoxları.
Əlimdəki bakalı bitirdikdən sonra paçkamdan bir siqaret daha yandırıb sonra əlim atdığım ilk kitabı seçdim. Martin Edgenin “mən nəcə idiot oldum” kitabı. Üç dəfə bitirməyimə rəğmən sevdiyiniz kitabı yenidən oxumaq hissinə bədəl olan bir şeyin olmadığını düşünürdüm.
Zamanın nəcə keçdiyinin fərqində deyildim. Saniyələr dəqiqələrə dəqiqələr saatlara keçmişdi bir anda. Mən isə gah siqaretimən çəkir, gah da arada mətbəxə keçib orada özümə bir bakal pivə götürüb geri qayıdırdım.
Bir kitabda oxumuşdum bəzən doğru səbəblərdən ötrü yalnış şeyləri edərik. Amma heç vaxt etdiyimizin yalnış olduğunu unutmamalıyıq. Əgər unutsaq özümüzə yalan söyləmiş olarıq. İnsan başqasından çox özünə yalan söylər və başqalarına gerçəkdən çox yalan söyləməyi üstün tutar.
Mənim həyatımda nələrisə edən zaman ona səbəb olacaq şeylərin doğru ya yalnış olduğunun fərqində belə deyildim çünki, hər şey sonda böyük bir yalnışlıqla nəticələnirdi böyük bir hüsranla. Buna görə artıq səbəb axtarmaqdan vazgeçmişdim yalnızca edirdim etməli olduğum şeyləri.
Gecə saatın 3-ü. Hər yer zülmət qaranlığa qərq olmuş şəkildədir və sanki həyatımın rəsminə bənzər şəkildə siyah bir rəngdən başqa heç nə görsənməməkdədir yalnızca ara sıra görsənən ulduzları xatırladan bəyaz rənglər. Bir gecədə ulduz nə isə mənim yaşam rəsmimdə də bəyaz rənglər odur. Əslində onlar bir növ mənim ümidlərimi təmsil edirlər. Ara-sıra görsənən və ancaq biz buradayıq səni heç vaxt yalnız buraxmadıq deyərmişcəsinə. Necə də poetik səslənir elə deyilmi? Gerçəklik isə sadəcə tragediyadan ibarətdir əslində. Yoxluqla sonsuzluğun bir birinə vəhdət təşkil etdiyi qaranlıq bir tragediya. Siqaretimi söndürüb geridə qalan içkimdən bir yudum aldım. Sönən siqaret kötüyünün ardınca yayılan dumanın hərəkətinə baxa-baxa hər şeyin əslində özünə uyğun bir biçimdə yaşam xətti olduğunu düşünürdüm. Mövcud olan hər şeyin. Sənin, mənim, bizim kimi. Bəs bunları tapa bilirikmi ya da bu yolda gedə bilirikmi? Yoxsa bəyənməyib də başqa biri yolu seçirik, yoxsa heç bundan xəbərimiz olmadan o cığırın ətrafinda dövrə vurub başqa bir macəraya, başqa bir həyata atıldığımızı zənn edib də yenidən o çizginin sonda bitdiyi yönə doğru gedirikmi? Ah bu içki insana heç olmadığı anda heç olmadıq şeyləri dedirtməsindən elə zövq alır ki. Niyə biz yalnızca içən zaman sanki bütün kainatın sirrini çözmüş kimi davranırıq. Ya da bizlər ancaq içən zaman bunları düşünmək istəyirik deyədir. Kaş heç nəyi düşünə bilməsəm, kaş nələrisə düşünməkdən artıq bir şey etsəm, hərəkətə keçsəm və dediklərim zərrə qram belə olsa sadəcə xəyaldan, arzulardan yayınıb gerçəkliyə qovuşsa. Sərxoş olmuşamdır hər halda, yoxsa bu cümlələri ayıq ikən yaza bilməzdim düzü ayıq ikən heç nə etməmişəmdir bir şeylər etmişəmsə ya içkili olduğumdandır, ya da hüzünlü. Bəzən bunların bir-birinə yaxınlığına hətta eyni olduğuna inanmışamdır. Hüzünlənən zaman içər ya da içən zaman hüzünlənərik. Ya da sadəcə ayıq ikən hüzünlənə bilmədiyimizdən hüzünlənmək üçün içərik kim bilir. Hər halda dönməyə davam edən bir çarx var və istəməsəkdə bu çarxda dövran eləməyə məcburuq. Yaradılmış sistem bizi buna məcbur edir. Öncədən haqqında heç nə bilmədiyimiz, öncədən seçmədiyimiz, öncədən istəmədiyimiz. İndi bütün bunlara səbəb kimi vaxtında bir şeyləri etməyin olduğunu söyləməyəcəyəm. Bəlkə də vaxtında etsəkdik belə olmazdı deyən zaman bir gerçəklik payı mövcuddur, ancaq heç zaman gec deyildir. Biz ki, bu həqiqəti bilirik. Və bu gün bu cümlələri yazan zaman həyatımda ilk dəfə özlüyümdə mənliyimdə bu çarxa sistemə qarşı gəlmiş olacağam. Fikirlərimlə, yazdıqlarımla bunlarla qalmayıb əməllərimlə. Nəyi sevirəmsə onu edəcəyəm edəcək şeylərimi sevməyəcəyəm. Sevmədiklərimdən uzaq sevdiklərimdən də uzaq duracağam. Hər kəsdən uzaq, hər kəsdən yalqız. Çünki bunu sevirəm yalqızlığı, tənhalığı. Anadan olan zaman yalnızlığın bizi atıb getməsinə ətrafımızda hər kəsin bir anda peyda olmasına qarşılıq yaşamımda hər nə qədər yenə də ətrafımda insanlar peyda olsalar da, varlıqlarını sürdürsələr də onlardan uzaq olacağam. İçdən bir uzaqlıq. Heç kəsi sevməyəcək heç kəsdən bir sevgi gözləməyəcəyəm. Nifrəti özümdən uzaq tutmayacaq, amma nifrət etdiyim insanları uzaq tutacağam. Qüruru önümə sərhəd qoyub səssizliyimi yalnız susqunluğumun anlaşıldığı zamanlarda pozacağam. Bir insan digər insanın sükunətindən cüzi bir şeyi anlaya bilən zaman bu dünyanın erdemli insanları arasında öz yerini tutmuş olarlar. Özümü də o insanlar arasından gördüyümdən olduğuna görə elə insanlarla birlikdə olmağı sevərəm ancaq.
Göz qapaqlarıma nə qədər təzyiqlər etsəm də qapanmaqdan əl çəkmirlər. Ayrı vaxtlar olsaydı gecənin bu saatına qədər oyaq qalmazdım. Ancaq indi səhər tezdən nə gedəcək işim var, nə də sabahın olacağına dair bir ümid. Ona görə gecələrin mənə dost olduqları zamanı xatırlayıb o günlərə yenidən qayıtdıqdan sonra bu tezliklə ayrılmaq istəmirəm. Bir yandan da yuxum elə bir səylə savaşır ki sanki bundan sonra dağınıq vəziyyətdə olan həyatımı düzəldəcək bir formul tapıb. Sanki indi yatıb səhər oyansam günəşin doğuşu ilə birgə həyatım da dəyişib gözəl günlərə keçid edəcək. Ancaq unutduğu bir şey var idi ki artıq bundan sonra nələrinsə baş verməsindən asılı olmayraq düzəlməyəcək şeylər üçün bu qədər ümid etməyin bir mənası yoxdur. Çünki həyatım bundan bir həftə öncə olanlardan sonra yox bundan illər öncəsindən etibarən qaranlığa qərq olunmağa başlamışdı. Mən heç bir şeyin fərqinə varmadan yalnızca saf bir halda hər şeyin daha da gözəl olacağına ümid edərək yaşayarkən zaman keçdikcə qaranlığın məni yaşamımı büsbütün örtdüyünün fərqində belə deyildim. Sanki bir şeyləri öncədən bilib də gələcəkdə nə olacağını təxmin edirmiş kimi təkcə bunu bilmədiyimə görə özümü günahlandırıram.
Bunları ayıq ikən mi düşünürəm yoxsa artıq yuxuya təslim olub gördüyüm hər hansısa bir röyanın içində olan zamanmı. Düşündüklərim xəyal etdiklərim gerçəkliklər röyada yaşadıqlarım. Nəyin gerçək olub olmadığını bilmirəm artıq. Hər şey bir-birinə qarışıb hər şey bir-birindən uzaq.
***
İki gün sonra
-Gəlmək olar?
-Əlbəttə ki Kürşad buyur. Xoş gəlmisən.
-Xoş gördüm.
Bundan iki gün öncə ilk dəfə bura gələn zaman keçirdiyim hisslərlə indiki arasında bir fərq var idi mi deyə soruşdum öz-özümə. Bunu burada danışılanlar və onlarım mənə bir xeyri var mı deyə deyil, mənim daxilim mənim hislərim onların dəyişilib-dəyişilməməsini öyrənmək üçün özümdən soruşdum.
-Harada qalmışdıq ilk görüşümüzdə? Kürşad?
-Bəli, Mətanət xanım.
-Necəsən ilk seansdan sonra?
-Yaxşı olmağa çalışıram.
-Sevindim adına. O zaman harada qalmışdıqsa oradan davam etsək?
Anlamadığım çox şey var idi əslində ancaq indi ən önəmlisi qəlbimdə yaranan bilmədiyim bir səbəbdən ötrü bütün bunları həyatımı sirlərimi yavaş-yavaş bununla ikinci dəfə görüşdüyüm birinə anlatmağım idi.
Qarşımdakının psixoloq ya da psixiatr olması bunu haqlı qılacaq bir səbəb idi mi? Ya da bunları danışmayıb özümü etdiyim hərəkətə görə günahkar hiss etdiyimə inandırmasam və bunun qarşılığında... yox buna razı ola bilmərəm. Oynanılan oyunu qaydasına görə oynayıb qalib gəlməliyəm. Çünki başqa bir variantım yoxdur. Təslim olmağı ağlımın ucundan belə keçirmirəm. Hələ zamanı deyil. Qalib gəldikdən sonra ancaq təslim ola bilərəm. Hələ ki oyun davam edir. Və mən də bunu öz qaydalarına uyğun oynamalıyam.
-Davam edək.
IV
Hansı səbəbdən olduğunu özümdə bilmədən başımı göyə qaldırıb səmaya baxaraq qaldığım yerdən davam elədim.
-Ancaq bunların heç birini atamdan soruşmadım ya da soruşmaq nəsib olmadımı deyim bilmirəm. İndi bunları sənə deyən zaman atam vəfat etdikdən sonra təkcə itirdiyim tarix haqqında bir məlumat və onun adımla əlaqəsi deyildi, itirdiyim və geri qazana bilmədiyim o gündən bu günə qədər və bəlkə də mən ölənə qədər davam edən sevgidən, dostluqdan, şəfqətdən məhrumluq idi. Mən bu anlayışların nə oluduğunu bilmədən səhv, yaxud düz olduğuna aldırmadan indiyə qədər öz hislərimlə hərəkət etdim və bundan sonra da tək güvəndiyim olan hislərimlə yenə eynilə davam edəcəyəm. Düşdüyüm çətinliklər, qarşılaşdığım problemlər, seçdiyim dostluqlarda hər zaman bir ipucu bir kömək gələcək kimi gözlədim, sadəcə gözlədim, ancaq o heç vaxt gəlmədi.
-O zamanlar bir saniyə belə olsa zamanı yenidən geri qaytarıb atamı yenidən görmək üçün hər şeyimi verərdim və bunun üçün dəfələrlə saysız-hesabsız Tanrıma yalvardığım belə olmuşdu. Ancaq bəlkə də bizlər bu dünyanın heç də güllər və çiçəklərdən yaradılmadığını, hər kəsin bu dünyada pis, yaxud yaxşı sınaqlar verəcəyini və bundan sonra geri qalan yaşamını özünün bəlirləyəcəyini düşünməliyik, ən azından cəhd etməliyik.
-Nə qədər ağrı-acılı olsa da insan qaldığı yerdən yenidən həyata davam edir. Bunun necə bir çətinliklə olduğunu indi sənə demək mümkün deyil, desəm belə hansı kəlmələrlə anlatacağımı bilmirəm, ancaq inan mənə belə şeylər söyləyib səni də bu kədərə daxil etmək istəməzdim. O vaxtdan sonra mən də artıq öz hislərimə yoğunlaşıb davrandım: yıxıldım, durdum, döyüldüm, döydüm, məğlub oldum, ayağa qalxıb yenidən savaşıb qazandım, xəyanətlərə uğradım, yalanlar söylənildi, iftiralar atıldı, ancaq dözdüm, dözdüm və özümü bütün olanları fikirləşməkdən azad edərək rahat, sakit geri qalan həyatımı yaşamağa başladım. Qarşımda məni gözləyəcək nələrin olduğunu bilmirəm, amma məncə çərxi-fələyin mənə doğru dönməsinin başlanılmasının tam zamanıdır ya da artıq başlayıb çünki, sən, sevdiyim qadın yanımdasan.
Dediklərimin Mələk də az-çox hansı təəssüratlar yaratdığını hiss edə bilirdim, gözlərinin dolmasını, bəlkə də gözlərinin içinin ağlamaqdan qızarmasını, ancaq kəlmələr birdən dayanılması güc olaraq ağzımdan çıxmışdı mən isə buna maneə olmaqda aciz idim.
-Və sənin bu həyatımdakı əvəzsiz oynayan yerindən getməyini, əl çəkməyini heç cür istəmirəm. Çünki artıq sən də getmiş olsan geriyə hər şeydən bir parça itirən insan olaraq nə qalaram ki? Sən qal. Getmə.
Göyüzünə baxan zaman gözlərimin toranlaşmasını hiss edə bilirdim və göz yaşlarımın istiliyini, yanaqlarımdan aşağı necə süzüldüyünü duyurdum.
Anidən başımı aşağı endirdim və gözlərim birbaşa sevdiyim qadının gözləri ilə kəsişdi. Hər yer, hər kəs sanki susmuş, bütün dünya öz mövcudluğunu dayandırmışdı, dənizin dalğalarının belə səsinin gəlməməsi ilə sanki dəniz də dayanıb hər şey kimi bizə-tamaşa edirdi. Gözlərimizdəki yaşlar hələ qurumamışdı, nə də axmaqdan kəsilməmişdi, ancaq sanki göz bəbəklərimizdə xoşbəxtliyin yaratdığı bir rəsm əsəri mövcud idi. Məhəbbət, güvən, inam, hörmət, dəyərlə rənglənmiş, min cür daha çalarlarla əhatələnmiş bir rəsmə. Məhz o rəsmdə sevdiyim qadının gözlərində özümü görürdüm. Başını dizlərimə yaslayaraq uzanmış şəkildə, mən isə əllərimlə onun saçının hər telini alıb qoxladıqdan sonra səliqə ilə darayırdım. Mənim gözlərimdə Mələyimin nə gördüyü bir ona, bir də Tanrıya məlum idi, ancaq eyni sevgi və eyni xoşbəxtlikdən bəhs edən duyğularla bir-birimizə baxdığımıza əmin idim. Məhz bu anda ilk dəfə onun da məni sevə bilmə ehtimalı olduğunu düşündüm. Gerçək olsa da olmasa da bunu düşünməyin verdiyi xoşbəxtliyi təsvir etməkdən məhrumam. O qədər əsrarəngiz idi ki.
Artıq bundan sonra nələrin olacağını bir saniyə belə düşünmədən əllərimlə onun belindən tutub özümə sarı çəkib qucaqladım. Bədəni elə incə, sanki ürkək bir quş kimi....
Həmən zaman yaşadığımız o səhnə anı beynimdə və qəlbimdə olan bütün düşüncə və hislərdən azad olmaq əvəzinə bundan bir neçə saat öncə onun verdiyi qərar ağlımda ilişib qalmışdı. İndi görəsən burada birlikdə bir-birimizə sarılmış vəziyyətdə ikən yenə eyni qərarın üzərindədir mi? Yenə getmək istər mi? Bəlkə də mənə həmən qərarı söylərkən məni sevdiyinə ehtimal belə vermədiyini düşündüyümdən gedəcəyinə yüz faiz əmin idim ancaq indi. İndi yox. Məncə getməz. Onu belə sevən biri var ikən getməz. Mən mən olsam onun yerində o məni belə sevsə mən gedərəm mi? Yox. Aldadıram mı özümü görəsən? Mən də onun kimi iki il nədir ki göz qırpımında keçər deyə düşünüb gedərəm mi? Öz həyatımı öz təhsilimi gələcək karyeram haqqında düşünüb məni sevən birinə rəğmən gedərəm mi? Məgər anası ya da atası onu sevmir mi? İndi mənim sevgim nəyi dəyişəcək ki? Realist ol Kürşad. Valideynlərindən çox sevə bilməzsən onu. Demək ki getməsə getmək istəməsə bu sənin ona olan sevginə görə deyil. O zaman o da məni çox sevirsə? Bəs valideynlərini də çox sevmir mi? Neyləyirəm axı özümə bu qədər əzab verirəm. Neyləyirəm axı cavabını tapmadığım yeni suallar yaradıram beynimdə. Bu işgəncə niyə nəyə görə?
-Kürşad?
-Aycan.
-Buradayam mən. Heç hara getmirəm. Yaxşı?
Cavab vermək ya da səbəbini soruşmaq artıq bunların heç bir mənası yoxdu. Mənası olan tək şey onun sevdiyim qadının burada mənim yanımda olması. İndi və sonsuzadək. Amma digər yandan qorxurdum. Bu həyatımda qorxduğum yeganə iki şeydən ilki idi. Sevdiklərimi itirmək. Hərçənd indiyə qədər itirdiyim sevdiyim insanlara rəğmən, bu qorxuma qalib gələ bilməmişdim. Bir dəfə qalib gəlmək istədim onda da sən qarşıma çıxdın. Sonun başlanğıcı. Və bunun bir döngü halında yenidən həyatımın müxtəlif zamanlarında və yerlərində qarşıma çıxacağından xəbərsiz bir şəkildə.
V
Dostları ilə paylaş: |