M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə27/184
tarix12.04.2022
ölçüsü0,71 Mb.
#55241
1   ...   23   24   25   26   27   28   29   30   ...   184
muhazire FELSEFEyeni (1)

*dördüncü, XX əsrin əvvəllərindəki Azərbaycan ictimai-siyasi fəlsəfi fikri üçün həm də realist inqlabi-demokratizm ideyaları xas idi-bu ideyaları maarifçiliyin ilkin dövrü nümayəndələrinin fikirlərindən fərqləndirən əsas cəhət, onların öz məqsədlərini həyata keçirmək yollarında həyata keçirdikləri taktiki vasitələri idi;

*beşinci, XIX əsrn axırı XX əsrin əvvəllərində Azərbaycan ictimai fəlsəfi fikri üçün səciyyəvi cəhətlər mətbuatda, kosmoloji düşüncə, bioloji, tibbi və s. görüşlərdə elmi-realist ideyalara, dövrün təbii-elmi yeniliklərinə doğru dönüşündən ibarətdir-bu dövr Azərbaycan ictimai fikrinin bir çox nümayəndələri- Zərdabi, Məmmədquluzadə, Nərmanov, Köçərli, Nemanzadə-bəzi hallarda islam dini mövqeyindən çıxış etsələr də, əslində yeni üsul məktəblərinn açılmasını, Darvinin təkamül və Eynşteyinn nisbilik nəzəriyyəsini, Kainatın maddi vəhdətdən ibarət olmasını, təbii-tibbi bilkilərin yayılmasını və s. geniş təbliğ edirdilər;

*altıncısı, XX əsrin əvvəllərində Azərbaycan ictimai-fəlsəfi fikri üçün, ölkənin milli müstəqilliyi, suverenliyi və demokratik inkişafını türkçülük, islamçılıq və müasirlik mənəvi prinsipləri ilə vəhdətdə həyata keçirməsində görən xüsusi ideya-fəlsəfi cərəyan da xas idi-hazırda müstəqil respublikamızın dövlət quruculuğu işlərinin həyata keçirilməsində onların ideya-nəzəri irsinin və tarixi təcrübəsinin mühüm əhəmiyyəti vardır.



XX əsrin əvvəllərində şimali Azərbaycandakı fəlsəfi fikirin durumu ilə bağlı fikirlər kifayət qədər ziddiyyətli olması ilə fərqlənir. Son vaxtlar bu dövrlə bağlı xeyli araşdırmalar aparılsa da, ümumiyyətlə, həmin dövrdə fəlsəfi fikrin necə olması, onun hansı istiqamətlərdə öz əksini tapması məsələləri tam aydınlaşdırılmamış, bəzi məsələlər hələ də qaranlıq qalır. Çoxları bunun səbəbini mövcud ədəbiyyatların əksəriyyətinin hələ də sovet ədəbiyyatının təsirindən kənara çıxa bilməməsi ilə izah edirlər. Son vaxtlar yazılan kitablarda müəlliflər həmin dövrlə bağlı sovet ədəbiyyatında öz əksini tapmış fikirləri bir qədər dəyişdirilmiş formada cəmiyyətə təqdim edirlər. Sovet dövründə inqilabi-demokratik cərəyanın nümayəndələri (N.Nərimanov, M.Ə.Əzizbəyov, Ü.Hacıbəyli, C.Məmmədquluzadə, M.S.Ordubadi, Ö.F.Nemanzadə və b.) kimi təqdim olunanlar, indi bir çox ədəbiyyatlarda milli-demokratik cərəyanın nümayəndələri kimi göstərilir. Yaranmış bu acınacaqlı vəziyyət, milli məsələlərə bu cür biganə baxış ciddi tədqiqat işlərinin aparılmamasından irəli gəlir-bu gün sovet dönəmində formalaşmış fikirlərin məzmununu müəyyən qədər dəyişdirməklə öz fikirləri kimi təqdim etmək dəbdədir. Fəlsəfi fikir tariximizə obyektiv qiymət verilməsi istiqamətindəki qarşıya çıxan əngəllərdən xilas olmağa cəhd göstərilməməsi, milli fəlsəfi fikir tariximizə sovet elminin prizmasından yanaşılmasına son qoyulmaması Azərbaycan fəlsəfəsi tarixinə münasibətdə vahid baxışın olmamasından irəli gəlir. Təbii ki, qeyd edilən problemlər yalnız Azərbaycan fəlsəfə tarixi ilə bağlı deyil, bütövlükdə bu məsələlər həm də Azərbaycan tarixi, ədəbiyyatı, Azərbaycan dili sahələrində də mövcuddur. Təəssüf ki, müstəqillik dövrünün ötən illəri ərzində tariximiz, ədəbiyyatımız, dilimiz, fəlsəfəmiz, dini dünyagörüşümüz ilə bağlı vahid konsepsiya formalaşmamışdır-acınacaqlı odur ki, bu müddət ərzində bir-birinə zidd onlarla, yüzlərlə kitablar işıq üzü görmüşdür. Son vaxtlar ictimai və humanitar elmlərdə olan çatışmazlıqdan çox danışılır, bu sahədə vahid konsepsiyasının yaradılması ilə bağlı təkliflər səslənir, lakin irəli sürülən təkliflər hələ də söz olaraq qalır, bu sahədə əməli işlərin görülməsi artıq zamanın tələbi kimi cəmiyyət qarşısında kəskin şəkildə dayanır.

Milli azadlıq ideyasının yaranması, ilk növbədə Azərbaycanın müstəmləkə altında olması ilə bağlı idi-XX əsrin əvvəllərində işğal altında olan Azərbaycan ziyalılarının əsas ictimai-fəlsəfi ideallarından birincisi, siyasi-ideoloji yönümlü milli məsələ olmuşdur. Məhz buna görə də həmin dövrün sosial-siyasi və fəlsəfi fikrində əsas fikir ayrılığı milli məsələyə münasibətdə özünü daha aydın büruzə vermişdir. Bu dövrdə mövcud olan siyasi-ideoloji cərəyanlar arasında marksizm, sosial-demokratiya əqidəsindən çıxış edənlər milli məsələ dedikdə, əsasən bütün millətlərin azadlığı və bərabərliyi uğrunda sinfi mübarizəni, sinfi məsələni nəzərdə tuturdular-dini-mənəvi məsələlərdə isə onların daha çox materializmə, ateizmə üstünlük verməsi aydın görünür. Ümumbəşəri ideyalar hesab olunan bütün millətlərin azadlığı, sosial bərabərlik, mütləqiyyət rejimlərinin devrilməsi, dinlərin məhv edilməsi və s. kimi çağırışlarla siyasi səhnəyə çıxan marksist-leninçilər tərəfindən iki vacib məsələ-dini və milli məsələ özünəməxsus şəkildə qarşıya qoyulurdu. Belə bir yanlış fikir də səsləndirilir ki, guya marksist-leninçilər üçün milli məsələ yoxdur, onlar yalnız sinfi məsələni həll etməyi qarşılarına məqsəd qoymuşlar, guya kapitalizmlə mübarizələri də milli deyil, sinfi xarakter daşıyır və onlar imperalizmdən əziyyət çəkən bütün millətlərin azadlığı uğrunda mübarizə aparırlar. Marksist-leninçilərin sinfi mübarizədə əsas hədəflərinin ayrıca bir millətin deyil, heç bir ayrı-seçkilik qoymadan bütün dünya millətlərinin sosializm quruluşuna keçməsini reallaşdırmaq olduğunu səsləndirənlər də olmuşdur. Din məsələsinə gəlincə, marksist-leninçilər sosializm uğrunda mübarizdə bütün dinlərə qarşı barışmaz mövqe tutduqlarını və sosializm cəmiyyətində dinə yer olmadığını iddia edirdilər. Marksist-leninçilərin dini və milli məsələnin həllini bu cür qoymaqda başlıca məqsədlərinin çar Rusiyasında müstəmləkə şəraitində yaşayan xalqların, o cümlədən böyük əksəriyyəti türklər olan 30 milyona yaxın müsəlmanın islam (dini-ideoloji amil və s.) və millət (milli özünüdərk-türkçülük, milli özünütəyin, milli istiqlal və s.) ideyaları ətrafında birləşməsinə imkan verməmək niyyətində olduqları qənaətinə gəlmək olur. Marksist-leninçilər müəyyən qədər də olsa, bu istəklərinə nail ola bildilər-belə ki, onların siyasi-ideoloji mübarizədə tutduqları məhz bu taktika, xüsusilə marksizmin yayıldığı ilk dövrlərdə-1900-cu illərdə istər Azərbaycanda, istərsə də ondan kənarda yaşayan türk millətinin ziyalıları arasında bəzi ideoloji ziddiyyətlərə, fikir ayrılıqlarına gətirib çıxardı. Azərbaycan ziyalılarının bəziləri-H.B.Zərdabi, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.M.Topçubaşov, B.Talıblı, Ə.Müznib, A.Axundoğlu, F.B.Köçərli, Y.Talıbzadə və başqaları-marksizmi inkar edərək, islamçılıq, türkçülük və müasirləşmək-milli-dini demokratiya yolunu tutdular, ziyalılarımızın bəziləri-M.Ə.Rəsulzadə, N.Nərimanov, A.Kazımzadə, İ.Aşurbəyov, M.Hacınski, Ü.Hacıbəyli, Q.Qarabəyov, Ö.F.Nemanzadə və başqaları-sosial-demokrat, liberailizm əqidələri ilə milli və dini məsələlərdə orta və barışdırıcı nöqtələr tapmağa çalışırdılar. Bu dövr ziyalılarının çox az bir qismi-S.M.Əfəndiyev, Ə.C.Axundov, M.Ə.Əzizbəyov, H.H.Sultanov, R.Axundov, Ə.Qarayev və başqaları-isə, birmənalı şəkildə sosial-demokrat cərəyanına rəğbət göstərirdilər-onlar da öz növbəsində marksizmin bolşevik və menşevik qanadlarında təmsil olunurdular. 

XIX əsrin sonu və XX əsrin əvvəllərində şərqçilik-islamçılıq mühafizəkarlıq kimi müasirlik-qərbçiliyə qarşı dayanmışdır. Qərbdən gələn yeni dəyərləri qəbul etmək istəməyən mühafizəkarlar dövrün mövcud problemlərinin həllini yalnız islamda-şəriət qanunlarında görürdülər, avropalaşma tərəfdarları olanlar isə çıxış yolunu avropalaşmada, Qərb mədəniyyətini mənimsəməkdə görürdülər. Mühafizəkarlar heç vaxt köhnəlməyən islam dəyərlərini Qərbin yeni dəyərlərinə qarşı qoyurdular, xilas yolunu dini elmləri öyrənməkdə görürdülər. Axundovdan başlayaraq Qərb mədəniyyətini qəbul edənlər isə, islamı tamamilə inkar etməsələr də, köklü şəkildə islahatların aparılmasına ehtiyac olduğunu vurğulayırdılar. Qərbçilərin fikrincə, dəyişikliklər yalnız dinlə məhdudlaşmamalı, bütün sahələrdə-məktəb, əlifba, dövlət və s.-ciddi islahatlar aparılmalıdır. Cəmiyyətdə köklü islahatların aparılmasını zəruri sayanlar qərbçilər-müasirlik tərəfdarları kimi tanınır, mühafizəkarlar isə islamdan kənara çıxmağın mümkünsüzlüyünü iddia etdikləri və hər cür yeniliyi şəriət qanunlarında axtardıqları üçün islamçılar kimi xarakterizə olunurdular.  İslamçılar-şərqçilər arasında daha ifrata varanlar-islam birliyini irəli sürənlər ittihadçılar, qərbçilər içərisində eyni mövqe tutanlar isə marksisitlər idi. İttihadçılar birmənalı şəkildə islam-şəriət qanunlarının tətbiq olunmasını vacib sayırdılar, marksistlər isə dini-idealizmi rədd edərək, dinsiz və xüsusi mülkiyyətsiz, ictimai bərabərliyin hökm sürdüyü cəmiyyət yaratmaq istəyirdilər. Həmin dövrdə Azərbaycanda bu cür ifrat mövqedə duran qərbçilərin demək olar ki, əksəriyyəti başqa millətin nümayəndələri olmuşdur, azərbaycanlı mütəfəkkirlər cür radikal mövqedən qaçırdılar. 

XX əsrdə Azərbaycan fəlsəfə elmi zəngin inkişaf yolu keçmiş, ziddiyyyətli təbiətinə, sosializm çərçivəsində məhdudluqlarına, milli-mənəvi zəmin və ənənələrdən uzaqlaşmaq hallarına baxmayaraq, müəyyən naliyyətlər əldə edilmişdir. XX əsr Azərbaycan fəlsəfə elminin inkişafında, xüsusilə fəlsəfə tarixi sahəsindəki tədqiqatlarda bir çox filosofların böyük xidmətləri olmuşdur. Bu dövrün fəlsəfi tədqiqatlar sistemində Azərbaycan milli fəlsəfə tarixinin, milli fəlsəfi ənənələrinin, orta əsrlərdən başlayaraq Azərbaycan elmi və mədəniyyəti tarixində görkəmli rol oynamış mütəfəkkür şəxsiyyətlərin fəlsəfi dünyagörüşünün tədqiq və təhlil edilməsi mühüm yer tutmuşdur-orta əsrlər və XIX-XX əsr mütəfəkkirlərinin dünyagörüşü tədqiq olunmuş, monoqrafik əsərlər yazılmışdır.



XIX əsrin II yarısından Azərbaycan adı xəritələrdən silinmiş, millətin tarixi “türk” adı unutdurulmuş, qurama “tatar” adı da çox hallarda “müsəlman” sözü ilə əvəzlənərək milli mənsubiyyət göstəricisinə çevrilmiş, xalq arasında sünni-şiə dini ayrı-seçkiliyi salınmışdır. Belə bir mürəkkəb tarixi şəraitdə xalqa kimliyini anlatmaq, xalqı vahid milli ideya ətrafında toplamaq həyati zərurətə çevrilmişdi. Bu zamanlarda Əli bəy Hüseynzadə İstanbuldan, Əhməd bəy Ağayev Parisdən, Əlimərdan bəy Topçubaşov Peterburqdan ali təhsil alaraq Bakıya gəldilər. Onlar azərbaycanlılar arasında hakim olan sünni-şiə çəkişmələrini aradan qaldıraraq, bütün azərbaycanlıları türkçülük və islamçılıq ideyaları ətrafında birləşdirməyə çalışırdılar. Məhz onların sayəsində Azərbaycan xalqı islam ümmətçiliyi ilə vidalaşıb türk millətçiliyinə, oradan da milli azadlıq ideyasına tarixi keçid etmişdir. Bu ziyalılar Zərdabinin məsləhəti və böyük mesenat H.Z.Tağıyevin dəvəti ilə Bakıya gəlmiş, məhz Hacının maddi dəstəyi ilə çap olunan “Kaspi”, “Həyat”, “Füyuzat”, “İrşad” və başqa mətbuat orqanlarında, digər sahələrdə birgə çalışmışdılar. Bu mütəfəkkirlər “milli dövlətçilik tarixinin qızıl mərhələsi” sayılan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələnən milli-siyasi dirçəliş ideologiyasının-türkçülük, qərbçilik, islamçılıq ideyalarının formalaşmasında müstəsna rol oynamış ictimai xadimlər olmuşlar. AXC rəhbərlərinin dövlət quruculuğunda mənəvi ataları hesab etdikləri bu mütəfəkkirlərin maarifçilik ideyalarındakı anadilli təhsilə, qadın təhsilinə üstünlük vermələrinin nəticəsi idi ki, bu dövrü tədqiq edən Qərb tarixçiləri bu dövləti düzgün olaraq “Ziyalı höküməti” adlandırırlar.

Azərbaycanda mövcud olan sosial-siyasi və iqtisadi durumun, müstəmləkə boyunduruğu altında inləyən məzlum və məhkum xalq kütlələrinin acınacaqlı vəziyyətinin, ölkədə baş verən qarışıq hadisələrin, siniflərin mübarizəsinin, inqilabi azadlıq hərəkatlarının, ədalətsizlik, haqsızlıq, zülm və istismarın törətdiyi ağır nəticələrin canlı şahidi olan Mirzə Ələkbər Sabir öz qələmi ilə proletariatın tərəfində durmuş, burjuaziya və mülkədarlara qarşı barışmaz mövqe tutmuş, haqsızlığı, zülm və istismarı kəskin tənqid və ifşa edən şeirlər yazmışdır. İnqilaba qədər dini-sxolastik ruhda şeirlər yazan Sabir inqilabdan sonra gerçəkliyi özündə əks etdirən daha ciddi məzmunlu əsərlər yazmağa başlamış, köhnəlik və yeniliyin mübarizəsində yeniliyi müdafiə etmiş, insanları öz hüquq və haqlarını tələb etməkdə əzmkarlıq göstərməyə çağırmışdır. Sabir inqilab, yenilik, milli azadlıq hərəkatının, mütləqiyyət quruluşunun məhv edilməsinin, zülm və istismarın aradan qaldırılmasının tərəfdarı olmuşdur. Sabir beynəlmiləlçiliyin, bütün xalqların dostluq və qardaşlıq şəraitində yaşamalarının və həmrəy, çətinliklərə, əsarətə, haqsızlığa, ədalətsizliyə qarşı mübarizədə yekdil olmalarının tərəfdarı və müdafiəçisi olmuşdur.

Sabir cəhalətin, xurafatın və mövhumatın meydan suladığı bir dövrdə, mürəkkəb bir mühitdə yaşayıb yaratmışdır. Baş qaldıran mili azadlıq hərəkatı və siniflər mübarizəsinin kəskinləşməsi hakim sinifləri, mühafizəkar ruhaniləri, xalqdan, millətdən uzaq düşmüş din başçılarını qorxuya salmışdır. Onlar bu oyanmanın, canlanmanın, yeniliyin qarşısını almaq üçün dindən istifadə edir, hökumətə, dövlətə, onun rəhbərliyinə qarşı çıxmağı küfr kimi qələmə verir, xalqı bu əməllərə görə cəhənnəm odunda yanacaqları ilə qorxudur, bununla da hakim sinfin mürtəce siyasətinə kömək edirdilər. Azadlıq, bərabərlik və qardaşlıq ideyalarının çarcısı olan Sabir həm də avamlıq və nadanlığa, cəhalət və geriliyə, ictimai həyatın irəliləməsi yolu üzərindəki əngəllərə qarşı alovlu bir mübariz idi. Sairin müxtəlif illərdə yazdığı qəzəllərində dini mövhumat əleyhinə söylənilən misralar da çoxdur. Hər bir sinifli cəmiyyətdə siniflərin əxlaqi görüşləri həmin sinfin mənafeyini müdafiə edir-Sabir də həmişə zəhmətkeş, məzlum, istismar edilən, hüquqları tapdalanan geniş xalq kütlələrinin tərəfində durmuş, hakim irticaçı sinfin mürtəce xarakter daşıyan əxlaqi görüşlərini tənqid etmişdir. Onun bu tənqidi daha çox islam dini əxlaqına qarşı köklənmişdir. Dini əxlaq insanları real, gerçək olan bu dünyaya uymamağa, mal, dövlət, sərvət həvəsinə düşməməyə, bu dünyaya çox da bağlanmamağa çağırırdı-din əsil xoşbəxtliyin, firəvan həyatın, zövq və səfanın axirət dünyasında olduğunu təbliğ edirdi. Sabir dini əxlaqın bu cür təbliğini ifşa etmiş, bu dini əxlaqın ancaq məzlum və məhkum təbəqələr üçün nəzərdə tutulduğunu söyləmişdir.

Uzun və çətin yaradıcılıq yolu keçmiş Abdulla Şaiqin yaradıcılığı həmişə təkamüldə olmuş, get-gedə inkişaf etmiş, cilalanmışdır. Şaiqin yaşadığı dövrdə Azərbaycanda burjua ideologiyası, proletar dünyagörüşü və demokratik fikir cərəyanları geniş yayılışdır. Azərbaycan burjua ideologiyasında müasir cəmiyyətin mahiyyəti, onun gələcək inkişafı problemi, cəmiyyətin həyatını müəyyən edən amillər, cəmiyyətdə tərəqqi və tənəzzül, cəmiyyətin hərəkətverici qüvvələri, dövlət quruluşu, siniflər və sinfi mübarizə, sosializm ieyaları, həyatın maddi və mənəvi qüvvələri, gələcək ədalətli ictimai quruluş kimi problemlər qoyulurdu. Burjua ideoloqları cəmiyyətin inkişafında obyektiv qanunauyğunluqların olmasını qəbul etmir, onun inkişafının ayrı-ayrı fərdlər və subyektlərin iradəsi ilə müəyyən olunduğunu iddia edirdilər. Azərbaycanda güclü sosial fikir cərəyanlarından biri də demokratik cərəyan idi. Bu cərəyana yaxın mövqedə duran Azərbaycan romantiklərinin dünyagörüşü, xüsusilə onların fəlsəfi baxışları bu dövrdə sosial fikrin parlaq səhifələrindən birini təşkil edir.

Şaiqin yaradıcılığının ilk dövrlərində dini təsirlər, ilahi qüvvələrə bel bağlanması kimi məsələlər hələ həlledici, aparıcı istiqamət səviyyəsinə yüksəlməmişdir. Şaiqin bir sıra əsərlərində elmi biliklərə yiyələnməyin zəruriliyi haqqında mülahizələri öz əksini tapır-o elmi, maarifi, məktəbi insanların ətraf aləmi düzgün dərk etməsi üşün zəruri sayırdı. Şair təbiətdə ümumi bir dəyişmə hadisəsinin mövcud olduğunu qəbul edir və göstərirdi ki, varlıq yox olmur, yoxdan heç bir şey törəyə bilməz, varlıq yalnız öz şəklini dəyişir. Cəmiyyətin inkişafı, onun həyatı məsələlərinin şərhində Şaiq idealist mövqe tutur, alın yazısına inanırdı. Şaiqə görə, islam dini tarixi irəliləmə üçün bir körpü rolunu oynamışdır-onun sufizm haqqında fikirləri də maraqlıdır: o sufizmi “öldürücü zehniyyət” adlandırır. Şaiq din və mövhumat əleyhinə ciddi və kəskin çıxışlar etmiş, bir sıra dini ayin və mərasimlərə nifrət və qəzəbini də bildirmişdir. Şaiqin əsərlərində milli məsələ, milli-müstəmləkə məsələsi, soyğunçuluq müharibələri, xalqlar arasında sülh məsələləri, vətənpərvərlik və beynəlmiləlçilik haqqında söylədiyi mülahizələr, müharibə, sülh və qadın azadlığı haqqında qiymətli fikirləri əhəmiyyətli yer tutur.

Fəlsəfi görüşləri, elmi baxışları mürəkkəb və ziddiyyətli fikir cərəyanlarının mübarizəsi şəraitində formalaşmış Məhəmməd Hadi
sırf fəlsəfə məsələlərinə həsr etdiyi əsərlərində fəlsəfənin əsas məsələsinə, qnoseologiyaya dair müfəssəl mülahizələr irəli sürmüş, dialektika məsələsindən, yəni təbiət, cəmiyyət və təfəkkürün sabit, dəyişilməz halda, yoxsa daimi bir hərəkət və dəyişilmə halında olması məsələsindən ətraflı bəhs etmiş, zaman və məkan probleminə toxunmuş, həmçinin dinə də münasibət bildirmişdir. Hadi “Zaman daima tərəddüd edir” məqaləsində Qurana əsaslanaraq göstərir ki, dünya, kainat, təbiət əzəli deyil, sonradan yaradılmışdır-Hadi bu məsələdə idealist mövqedə dayanır. Qnoseologiya məsələsində o, dünyanın dərkedilməzliyi qənaətinə gəlir, insan idrakının qüdrətini inkar edir, təbiətin hələ açılmayan sirləri qarşısında insan ağlının, zəkasının acizliyini qeyd edir. Elmlərin inkişafı, sənayenin, texnikanın yüksəlişi Hadidə insan idrakının gücünə, qüdrətinə inam doğurur-o elmlərin gələcək tərəqqisinə dərin ümid bəsləyir. Hadi əminliklə bildirir ki, insanlar məhz elmlərin inkişafı sayəsində tezliklə başqa səma cisimləri ilə əlaqəyə girəcəkdir-bunu zaman, elm və sənayenin tərəqqisi müəyyən edəcəkdir.

Hadi həm idealist, həm də materialist mövqeyində qeyri-ardıcıl olmuşdur. Hadi təbiətin, həyatın daima hərəkətdə, inkişafda olduğunu, hər şeyin dəyişdiyini ümumi qanunauyğunluq kimi qəbul edir, bu dəyişmənin cəmiyyətə və təfəkkürə də aid olduğunu qeyd edirdi. Mütəfəkkir şair cəmiyyətin iki böyük qismə bölündüyünü, bunlardan birində varlıların, dövlətlilərin, digərində isə yoxsulların, məzlumların olduğunu deyirdi. Hadinin fikrincə, insanların pis həyat sürməsi, cəmiyyətin böyük bir hissəsinin yoxsul məişəti mənəvi yoxsulluqla, mənəvi mədəniyyətdən məhrum olmaqla bağlı idi. Hadi cəmiyyətdəki mübarizəni, güclülərlə gücsüzlər arasında çarpışmanı, zalımların məzlumları əzdiklərini, istismar etdiklərini göstərirdi. Cəmiyyətdəki bu mübarizənin həmişə davam edəcəyini qeyd edən şair sinifsiz, ədalətli cəmiyyətin mümkünlüyünü qəbul etməməklə səhvə yol verirdi. İctimai tərəqqinin gedişini, bu tərəqqiyə səbəb və ona mane olan amilləri düşünən Hadi bəzən insanların bir-birinə kömək göstərməsini tərəqqi üçün bir səbəb hesab edirdi. Şair maarif ocaqlarının geniş yayılmasını da tərəqqiyə səbəb kimi qəbul edir. Hadi zənn edirdi ki, insanların xoşbəxt yaşaması üçün əsas və başlıca yol islamdan keçir- həmin yol isə dinin yarandığı zamanlardan qoyulan qaydalara əməl etməkdən ibarətdir. Hadiyə görə, cəmiyyətin irəliləməsi üçün, ictimai inkişaf üçün insanların həvəsi, şövqü mühüm vasitədir-məhz həvəs sayəsində istər bütövlükdə millətlər, istərsə ayrı-ayrı şəxslər öz istəklərinə nail ola bilərlər. Hadyə görə, ümumi yüksəlişə, tərəqqiyə çatmaq üçün ən təsirli vasitə cəmiyyətin bütün üzvlərinin əxlaqının yaxşılaşdırılması, saflaşdırılması və maarifə, mədəniyyətə yiyələnməsidir. Şairə görə, insanlar mütəşəkkil cəmiyyət halında yaşamalı, insan cəmiyyəti mütəşəkkil qaydada qurulmalı, dövlətlə millət arasında sıx birlik olmalı, onlar əl-ələ verib irəliləməli, ölkədə bütün təzadların, eybəcərliklərin, haqsızlıq və ədalətsizliyin aradan qalxması üçün dövlət və millətin ittifaqı olmalıdır.

Sankt-Peterburq və Parisin məşhur Sorbonna universitetlərində təhsil almış, beş dilə mükəmməl şəkildə yiyələnmiş, Azərbaycanın görkəmli ictimai xadimi, jurnalisti, pedaqoqu və yazıçısı Əhməd Ağaoğlu (Əhməd bəy Ağayev) 1888-ci ildə Parisdə məşhur fransız şərqşünasları Ernest Renan və professor Ceyms Darmestete ilə tanış olmuş, həm yerli, həm də əcnəbi mətbuatlarda maraqlı məqalələrlə çıxış etməyə başlamışdır. 1894-cü ildə fransız dilini tədris etmək məqsədi ilə Qafqaza qayıdır və tezliklə Bakıya köçür. Təhsil aldığı dövrdə Avropa demokratik ideyalarından və fransız şərqşünas-alimlərinin əsərlərindən təsirlənən Əhməd bəy tezliklə Azərbaycan xalqının milli özünüdərketmə və türkçülük ideyalarının yayılması işinə başlamış, milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsilli inkişafından keçdiyi qənaətinə gəlmişdir. Qadın azadlığı ideyalarının azadlıq mücadilsənin əsas faktoru kimi göstərən Ağaoğlu qadına bərabər hüquqların verilməsi fikrini irəli sürən ilk Azərbaycan ziyalılarından biridir. 1901-ci ildə çapdan çıxan “İslam dünyasında qadın” kitabında “milli inkişafın əsasını qadın azadlığı tutur” fikrini əsaslandıran Əhməd bəyin bu arzu və ideyalarını reallaşdıran Azərbaycan Demokratik Cümhuriyyəti o dövr nəinki Şərqin, hətta Qərbin ABŞ və Böyük Britaniya kimi qabaqcıl dövlətlərinə nümunə olacaq bir hadisəyə imza atdı-Azərbaycan qadınına seçkilərdə səsvermə hüququ verən AXC Əhməd bəyin ideyalarını gerçəkləşdirdi. Ağaoğlu “Üç mədəniyyət”, “Hindistan və İngiltərə”, “Sərbəst insanlar ölkəsində”, “Mən nəyəm”, “Türk hüquq tarixi” və digər əsərlərində həm dövrün ictimai-siyasi mənzərəsini təhlil etmiş, həm də özünün fəlsəfi baxışlarına aydınlıq gətirmişdir.

Böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olan Əlibəy Hüseynzadənin (Əli Hüseyn Turan)  Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri olmuşdur. Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyüyən Əlibəy Tiflis gimnaziyasını bitirmiş (1875-1885), türk, fars, ərəb, alman və rus dillərini öyrənmiş, 1885-ci ildə Peterburq universitetinin riyaziyyat fakültəsinə daxil olmuş, həm də Şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləmişdir. XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat əhəmiyyətli rol oynamışdır-jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. Ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ edən, türkün tərəqqisi naminə çalışan Hüseynzadənin “Füyuzat” jurnalı və onun redaksiya heyətinin xidmətləri xalqın maariflənməsi yolunda danılmazdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında mavi, qırmızı, yaşıl rənglə simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Hüseynzadənin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır. Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil almış Ə.Hüseynzadə bir sıra portret və mənzərələrin müəllifidir.

XX əsr Azərbaycan ictimai -fəlsəfi fikir tarixində fəlsəfi ideyalar, özünün bütün ziddiyətlərinə və məhdudluqlarına baxmayaraq N.Nərimanov, S.Ağamalıoğlu, B.Xuluflu və başqalarının simasında dialektik və tarixi materializm səviyyəsinə yüksəlir. Bu elmi-materialist fəlsəfənin mahiyyətini ifadə edən Nəriman Nəcəf oğölu Nərimanov əhalinin maariflənməsinin vacibliyini qeyd etmiş, xalqın mənəvi durumunda dinin yerini göstərmiş, sosial ədalət çağırışları ilə çıxış etmiş, cəmiyyətin ictimai münasibətlərdəki ziddiyətləri məhv edib aradan qaldırması yollarını araşdırmışdır. Bütün şüurlu həyatını Azərbaycan xalqının müstəqilliyi və azadlığı uğrunda mübarizəsinə həsr etmiş Nərimanov bu yolda hər cür məhrumumiyyətlərə, əzab-əziyyətlərə dözərək “Nadanlıq”, “Şamdam bəy”, “Nadir şah”, “Bahadur və Sona”, “Pir” və başqa bədii əsərlərində, çoxsaylı məqalə, çıxış, teleqram və məktublarında xalqımızın tarixi taleyi, onun mənəvi və siyasi azadlığı, sosial-iqtisadi tərəqqisi, dünyagörüşü, dini-əqidəsi, vicdan azadlığı və s. haqqında çox zəngin ictimai-siyasi, fəlsəfi və mənəvi görüşlərini ifadə etmişdir. Nərimanov inqilabçı idi, onun əqidəsinə görə xalqın azadlığı, sosial-siyasi və iqtisadi tərəqqisi ancaq fəhlə sinfi və digər zəhmətkeş kütlələrin zülüm və istismara qarşı birgə mübarizəsi, inqilabda qalib gəlməsi yolu ilə mümkündür. Maarifçi, inqilabçı- demokrat əqidəli yazıçı olan Nərimanov ətaləti, nadanlığı, avvamlığı tənqid etmiş, xalqın savadlanması, maariflənməsi və inqilabi azadlıq şüurunun formalaşması uğrunda mübarizə aparmışdır. Azərbaycan ictimai-siyasi fikirinin görkəmli nümayəndəsi olan Nərimanov M.F.Axundovdan sonra çar üsul idarəsinin və Şərq despotizminin ən kəskin tənqidini vermişdir. Milli münasibətlər sahəsində görkəmli nəzəriyyəçi olan Nərimanov Şərq millətlərinin azadlıq hərakatları, milli adət-ənənə, milli mədəniyyət, millətlərarası münasibətlər, milli hiss və milli psixologiya sahəsində problemlərin dərin bilicisi idi. Təbiətşunaslığın naliyyətlərinə, tibb elminə və qabaqcıl fəlsəfəyə dərindən bələd olan Nərimanovun 1918-1923-cü illərdə Dağlıq Qarabağ hadisələri dövründəki fəaliyyəti daha çox müasir əhəmiyyət kəsb edir. Dialektik materialist filosof və bacarıqlı həkim olan Nərimanov elmi-materialist dünyagörüşünə malik idi-o cəmiyyət hadisələrinin materialist izahını qəbul edirdi. Nərimanovun fəaliyyətində bir həkim kimi tibb-elmi fikrin təbliği, səhiyyəyə dair biliklərin yayılması sahəsində gördüyü çox faydalı işlər də mühüm yer tutmuşdur. Onun “Tibb və islam” , “Hamilə qadın”, “Göz ağrısı- trakxoma”, “Aləmi insan, yaxud xatunlara məxsus”, “Xolera-vəba” və s. adlarla əhali arasında tibbi biliklərin kütləvi yayılması məqsədi daşıyan çoxlu kitabları vardır.



XX əsr fəlsəfə tarixində demək olar ki, tədqiq olunmamış və ya az tədqiq olunmuş mərhələlərdən biri də sovet dövrü fəlsəfəsidir. Sovet İttifaqı adlanan böyük bir ölkədə 70 il ərzində yaranan, yayılan və inkişaf edən fəlsəfədən danışmamaq doğru olmazdı. Etiraf etmək lazımdır ki, bu ölkədə nəinki müharibələr, dəhşətli sosial eksperimentlər aparılmış, həmçinin fəlsəfə ilə də məşğul olmuşlar.

Tarix dəfələrlə sübut etmişdir ki, həyat öz iradəsini çox vaxt diktə etmək qüdrətinə malik olur-həmin dövr alimləri də zamanın tələblərinə əməl etməyə məcbur olmuşlar. Sovet dövrü fəlsəfəsini, onun inkişaf mərhələlərini və tədqiq etdiyi əsas mövzuları daha yaxşı səciyyələndirmək üçün bu dövrü üç mərhələyə bölmək məqsədəuyğundur.

*Birinci mərhələni şərti olaraq 1922-1930-cu illərlə əlaqələndirmək olar- bu mərhələ diskusiya və mübahisələr dövrü kimi qeyd oluna bilər. 20-30-cu illər fəlsəfəsi çox qızğın diskusiyalar dövrü yaşamışdır. Bu diskussiyalardan biri cəmiyyət və insanın həyatında bioloji və ictimai amillərin münasibətinə həsr olunmuşdur. Bir sıra alimlər psixik həyata sırf bioloji səviyyənin təzahürü kimi baxırdı. Digər diskusiya marksist bazis anlayışı ətrafında, üçüncü diskusiya isə torpaq üzərində xüsusi mülkiyyətin olmaması, kənd icmasının mühüm əhəmiyyətə malik olması ilə əlaqələndirilən Asiya istehsal üsulu təsəvvürləri ilə bağlı gedirdi. Əslində bu prinsiplər bir sıra istehsal üsulunun tam əlamətləri hesab oluna bilməzdi.



*Sovet fəlsəfəsinin tarixinin ikinci mərhələsi 1930-1953-cu illəri əhatə edir-doğrudur, bu dövrdə bir sıra formal fəlsəfə strukturları yaranır, Moskva və Leninqrad Dövlət Universitetlərində fəlsəfə fakultələri açılır, 1947-ci ildən “Fəlsəfə məsələləri” jurnalı çap olunmağa başlamışdır. Bütün bunlara baxmayaraq bu dövr nəzəri tənəzzül dövrü, bu və ya digər müəllifə qarşı çıxmağa məcbur olmaq dövrüdür-məsələn, “Fəlsəfə tarixi”nin III cildi öldürücü tənqidə məruz qaldı, müəllifləri sinfi yanaşmaya kifayət qədər fikir verməməkdə təqsirləndirdilər. Həmin dövrdə bir əsər də olsun zamanın imtahanından çıxa bilməmişdir.

*SSRİ-də fəlsəfənin inkişafının üçüncü mərhələsi Stalinin ölümündən başlayaraq SSRİ-nin dağılmasına qədər davam etmişdir. 1956-cı ildən fəlsəfəni müstəqil predmet kimi nəinki humanitar ali məktəblərdə, həmçinin digər universitetlərdə də keçməyə başladılar. 1958-ci ildə “Fəlsəfə elmləri” jurnalı çap olunmağa başladı. 50-ci illərdən başlayaraq Sovet filosofları beynəlxalq fəlsəfi konqreslərdə iştirak etməyə başladılar. 60-cı illərdən başlayaraq fəlsəfi fikirdə böyük bir canlanma hiss olundu. Həmin dövrdə filosoflar bu həqiqəti dərk etdilər ki, mark­sizm-leninizmdən əlavə həm də “Marksın özü var və onu oxumaq lazımdır”. Bu dövr filosoflarından M.M.Rozental, E.V.İlyenkov, L.A.Mankovski, B.M.Kedrov, N.İ.Lapin, V.A.Vazyulin və başqaları Mar­k­sın düzgün qiymətini verməyə çalışırdılar. Bu dövrdə dialektik məntiq məktəbi-E.V.İlyenkov, Q.S.Batişev, B.P.Bibler (Moskva), J.M.Abdildin (Qazağıstan), Z.M.Orucov (Azərbaycan), V.A.Bosenko (Ukrayna) və b.-elmlərin metodologiyası sahələri, eləcə də şüur problemləri (A.Q.Spirkin, V.P.Tuqarinov), qnoseologiya problemləri (P.V.Kopnin), dəyərlər (M.S.Kaqan) və s. sahələr inkişaf etməyə başladı. Bu dövrdə Sovet filosofları rəsmi marksizmin amansız çərçivəsindən xilas olaraq yeni-yeni problemlər axtarışını davam etdirməyə çalışmışlar.

XX əsrdə Azərbaycan fəlsəfə elmi zəngin inkişaf yolu keçmiş, ziddiyyyətli təbiətinə, sosializm çərçivəsində məhdudluqlarına, milli-mənəvi zəmin və ənənələrdən uzaqlaşmaq hallarına baxmayaraq, müəyyən naliyyətlər əldə edilmişdir. XX əsr Azərbaycan fəlsəfə elminin inkişafında, xüsusilə fəlsəfə tarixi sahəsindəki tədqiqatkarda A.Makovelski, M.Qasımov, Ə.Zəkuzadə, H.Hüseynovun böyük əməyi olmuşdur.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin