Cəmiyyətin ictimai həyatı orada fəaliyyət göstərən bütün qrupların, onların qarşılıqlı fəaliyyətinin bütöv məcmusudur. Bu cür qruplara, icmalara (müxtəlif əsaslar və ölçülərlə götürülən) xalqları, millətləri, sinifləri, təbəqələri, stratları, kastaları, sosial – demoqrafik və peşə qruplarını, əmək kollektivlərini; qeyri-formal qurumları və s. aid etmək olar. Bu sahədə həyat, məişət, istehsal şəraiti; səhiyyə, təhsil, sosial müdafiə və təminat problemləri; ictimai ədalətə riayət olunması; etnik, milli, sosial – sinfi və qrup münasibətləri kompleksinin nizama salınması ilə bağlı qarşılıqlı fəaliyyət həyata keçirilir.
Siyasi sahədə bir bütövlükdür, onun məzmununu subyektlərin qarşılıqlı fəaliyyəti təşkil edir – burada məqsəd subyektlərin marağının hakimiyyət, dövlət quruluşu, hüquq və azadlıq prinsipləri əsasında həyata keçirilməsidir – bunun üçün əvvəlcədən hazırlanan ictimai texnologiyalar və tətbiq proqramlarından istifadə olunur. Bu sahənin elementləri kimi siyasi institutlar (dövlət, təşkilatlar, partiyalar), siyasi və hüquqi normalar (konstitusiya, qanunlar, nizamnamələr), siyasi münasibətlər və fəaliyyət, siyasi şüur çıxış edir. Bəzi cəmiyyətlərdə, o cümlədən Azərbaycan cəmiyyətində bu sahənin rolu böyükdür və yerdə qalan sahələr üzərində hökmranlıq edir.