M. Fuad Köprülü Azəri Bakı



Yüklə 0,59 Mb.
səhifə3/7
tarix31.01.2017
ölçüsü0,59 Mb.
#6975
1   2   3   4   5   6   7

III. TARİXİ AMİLLƏR
İran və Şimali Azərbaycan əhalisinin ən böyük hissəsini oğuzlar təşkil etməkdədir. Buna görə də biz əksəriyyət təşkil edən türk zümrələrinin birləşməsindən ibarət olan etnik vəziyyəti türkləşmə kimi tarixi bir hadisənin başlıca sahələrini ardıcıllıqla aydınlaşdırmağa və izah etməyə çalışırıq. Bu mə'lumatlar türklərin və türk dilinin bu ge­niş coğrafi ərazilərdə necə və nə zaman yerləşdiyini və buralarda nədən əksəriy­yətlə Oğuz (türkmən) qrupuna daxil müx­təlif danışıq şivələri­nin meydan gəldiyini və ayrı coğrafi ərazilərdəki bu şivələrin təşəkkülündə başqa nə kimi etnik ünsürlərin işə qarışdığını anlatmağa kafidir.

İran türklərinin əksəriyyətini Oğuzlar təşkil etməsi tay­faların «dağılıb toplanma» prosesini izah edərkən anlatdı­ğı­mız kimi digər türk ünsürlərinin əsrlərdən bəri bir-biriləri ilə və Oğuzlarla çox qarışmış olmaları böyük Oğuz tayfalarının da zaman-zaman yaşayış yerlərini dəyiş­mə­si və yeni birliklər meydana gətirmələri ilə istər öz ara­larında, istərsə də başqa tayfalarla çox qaynayıb-qarış­mış­dılar. Nəhayət, ədəbi farsca­nın və müsəlman İran mədəniy­yətinin bu sahədəki ümumi tə'siri kimi birləşdirici və ay­rıcı amillərə baxmayaraq, bu şivələrin bir-birilərindən çox fərqlənməmələrində və təxminən bir neçə müştərək vasi­tələrə malik bir şivələr qrupu təşkil etmişdilər. Etnik səbəblərə görə, Şərqi Anadolu və İraqda danışılan türk şivələri ilə həmin eyni xarakterlərə malik olan bu şivələr qrupuna Cənubi və Şimali Azərbaycan xalqının çox böyük əksə­riyyətinin danışdığı dilə Azəri türkcəsi deyildiyini yu­xa­rıda qeyd etmişdik. Ancaq bütün bu ərazilərdəki türk şi­vələrindən başqa, ümumi bir ədəbi ləhcənin meydana gəldiyini izah etmək üçün bu xüsusdakı müxtəlif tarixi amilləri araşdırmağa ehtiyac vardır. Türküstan və Xarəzmdə XVI əsrdə Qızıl Orda ərazisinə də yayılan ədəbi bir Şərq türkcəsi (cığatayca) Anadoluda da XIII əsrdə inkişaf edən ədəbi bir Oğuz türkcəsi (osmanlıca) mövcud olduğu kimi «İran, Cənubi Qafqaz, İraq və Şərqi Anadolu» ərazisindəki oğuz şivələrinə əsaslanan yeni bir ədəbi ləhcənin, yə'ni Azəri (Şərqi Oğuz) ləhcəsinin təşəkkülü və təkamülü yalnız etnik amillərlə izah olunmayacaq qədər böyük və qarışıq bir hadisədir.

Aşağıda azəri ədəbiyyatının tarixi təkamülü izləni­lər­kən mahiyyəti daha yaxşı anlaşılacaq olan bu hadisənin baş­lıca tarixi səbəblərini bir neçə nöqtə ətrafında toplamaq lazımdır:

1. Azəri (Şərqi Oğuz) şivəsinin yayıldığı sahənin Os­manlı (Qərbi Oğuz) şivəsinin yayıldığı sahədən ayrı bir si­yasi təkamülə malik olması, yə'ni xüsusilə İlxanilər döv­rün­dən başlayaraq bu günə qədər eyni sahələrdə qurulmuş Təbriz, Bağdad, Qəzvin, İsfahan, Şiraz və Tehran kimi siyasi və mə­dəni mərkəzlərə malik olması.

Yüksək silklərə məxsus olan keçmiş klassik ədəbiyyat dilinin geniş nisbətdə bir danışıq dili olduğunu və bu dilin xüsusilə böyük şəhərlərdə və saraylar ətrafında yaranması qəbul edilərsə, bu məsələ daha yaxşı anlaşılır. İraq və Şərqi Anadolunun ədəbi dili bu ərazilər Osmanlı dövləti tərəfindən fəth edilənə qədər Azər ləhcəsi idi. Lakin, Osmanlı hakimiy­yətindən sonra danışıq dilləri Azəri şivələri dairəsinə daxil olmaqla bərabər, buralardan yetişən şairlər siyasi mərkəzin maddi və mə'nəvi cazibələrinin tə'siri ilə, əsasən, Azəri ləhcəsindən çox az fərqli olan Osmanlı ədəbi ləhcəsini işlətməyə başladılar.

2. İstər Azəri, istərsə də Osmanlı torpaqlarında yaşa­yan xalqın əksəriyyətinin oğuzlardan ibarət olmaqla bərabər İranda başqa türk ünsürlərinin və monqolların Anadolu­da­kın­dan daha çox olması, yerli mədəniyyət ən'ənələrinin, təbii və ictimai şərtlərin bir-birindən fərqli olması, İran dil və mə­dəniyyətinin Azəri ərazisindəki güclü nüfuzu, Osmanlı İmperi­ya­sındakı sünniliyə qarşı Səfəvilərdən başlayaraq şiəliyin İranda dövlət dini səviyyəsində qəbul edilməsi, İran türklə­ri­nin Osmanlı İmperiyası türklərindən ayrı bir ədəbiyyat yarat­malarına və bunun müstəqil bir təkamül yolu ilə getməsinə səbəb olmuşdur. Aşağıda göstərəcəyimiz kimi, ilk əsrlərdə bir-birinə çox yaxın, hətta bə'zən müştərək bir tə­kamül yolu ilə gedən Azəri və Osmanlı ədəbiyyatları bax bu səbəblər ilə get-gedə bir-birilərindən ayrılaraq fərqli qu­ru­luşa malik olmuş­dular. İranda türklərin siyasi hakimiy­yət­lərinə baxmayaraq, farscanın mədəniyyət dili və rəsmi dil ki­mi, daima birinci planda gəlməsinə qarşı Osmanlı İmpe­ri­yasında türk dili rəqibsiz olaraq İrandakı ilə müqayisə olun­mayacaq qədər inkişaf etmişdir. Osmanlı türkcəsi ilə hər cür elmi və ədəbi əsərlər yazılıb tərcümə edildiyi halda, İran ərazisində Azəri ləhcəsində daha çox mənzum əsərlər yazılmışdır. Halbuki, hər cür elmi mövzulara aid əsərlər kimi hakim türk sülaləsinin tarixləri də farsca yazıl­mış­dır. Dövlət dairələrində Qəznəlilər­dən və Böyük Səlcuq İm­pe­riyasından bəri davam edən ən'ə­nəyə riayət olunaraq yalnız fars dili işlədilmişdir. İrandakı türk ziyalılarının İs­lam dünyasının əski və zəngin bir mədəniyyət dili olan fars­canı danışıq və yazı dili olaraq heç olmazsa türk­cə qədər bilmələri də bu xüsusda böyük bir amil olmuşdur.



Azəri ədəbiyyatının Osmanlı ədəbiyyatına nəzərən ən zəngin və qüvvətli tərəfi xalq ədəbiyyatıdır. Əski dövrlərdə ozan, sonralar uyğur-monqol tə'siri ilə bəxşi və nəhayət islam mədəniyyəti nüfuzu altında aşıq, aşuq (aşıq) adını alan xalq şair – çalğıçıları köçəri Oğuzlar arasında əskidən bəri bir xalq ədəbiyyatı ən'ənəsini yaşadırlar. Monqol istila­sın­dan sonra İran və Cənubi Qafqaz ərazilərinə yeni Oğuz tay­fa­laırının gəlməsi bu ən'ənələrin daha da güclənməsinə səbəb olur. Köçəri həyatının Xorasan və Astarabad türkmənləri ara­sında olduğu kimi bütün İran, İraq və Şərqi Anadolu Oğuzları arasında da Mərkəzi və Qərbi Anadoludakından daha güclü və daha davamlı olması əski rəvayətlərin və ən'ənələrin canlı və təmiz qalmasında geniş nisbətdə tə'sirli olmuşdur. Bu köçərilər İran mədəniyyətinin daha güclü hakim olduğu ərazi­lərə yerləşdikdən sonra da milli ən'ənələrini və xalq ədə­biy­yatlarını sədaqətlə mühafizə etdilər. Həqiqi olaraq bu ədə­biyyat uzun əsrlər ərzində əski saflığını yavaş-yavaş iti­rə­rək İranın islam mədəniyyətinin və klassik ədəbiyyatın nüfu­zu altında yeni formalar almışdır. Türkmən bəxşiləri və Azəri aşıqları çoxallahlıq dövrünün şamanlarını xatır­ladan ozanlar­dan necə böyük fərqlərlə ayrılırlarsa, əski Oğuz dastanlarının qalıqları olan və köçəri həyatın qüvvətli olan və köçəri həyatın qüvvətli izlərini daşıyan Dədə Qorqud hekayələri ilə məsələn: «Şah İsmayıl», «Aşıq Kərəm», «Aşıq Qərib», «Aşıq Qurbani» və «Koroğlu» kimi Səfəvilər döv­rün­də meydana gəlmiş və sonradan Osmanlı və Özbək ərazilərinə də yayılmış heka­yə­lər arasında da eyni fərqlər vardır. Otu­raq həyatın, islam dər­vişliyi ideologiyasının, klassik şe'rin güclü tə'siri bu sonun­cularda çox aydındır. Bu gün əlimizdə olan «Dədə Qorqud rəva­yətləri»ni əks etdirən nüsxə dil ba­xımından Azəri xüsu­siy­yətlərini göstərdiyi kimi, bu hekayə­lər­dəki etnik və coğrafi adlar da, tamamilə, Azəri sahəsinə aid­dir. İran türklüyünün böyük siması I Şah Abbasın şəxsiyyəti ətrafında yaranan və şiəlik ideologiyasını yaşadan bir neçə xalq hekayələrinin hamısı da Azərilərin məhsullarıdır. XVII əsrin birinci yarısında səyyah Oleariusun Dərbənddə «Də­də Qorqud» hekayələrini eşitməsi, XIX əsrdə Kodzkonun İran sarayında «Koroğlu» hekayəsinin oxunduğundan bəhs et­məsi bu mə'lumatlarımızı gücləndirən dəlillərdir. Aşağıda görəcəyimiz kimi XV əsrdən Qacarlar dövrünə qədər xalq şair-çalğıçıları bu ərazidə daima böyük bir rəğbət görmüşdülər. Onlar yalnız köçərilər və kəndlilər arasında deyil, İran mədəniyyətinin tə'siri altında qa­lan feodallar, yə'ni xanlar və bəylərlə şəhərli türklər arasında da milli ən'ənələrini yaşadaraq klassik fars ədəbiyyatı ilə rəqabət aparmışdılar. Türk aşıq-şairlərinin erməni və gürcü xalq ədəbiyyatları üzərindəki ən böyük tə'siri də yenə bu Azəri torpağında və xüsusilə ermənilər arasından türkcə şe'r­lər söyləyən bir çox məşhur aşıqlar da ən çox buralarda yetişmişdir. Xalq ədə­biyyatının və xalq ən'ənələrinin bu can­lılığı sayəsindədir ki, klassik Azəri ədəbiyyatı yarandıqdan sonra da klassik şairlər heca vəznini və xalq ədəbiyyatı formalarını unut­mayaraq ara-sıra o tərzdə də şe'rlər yazmağa məcbur olmuş­du­lar. Klassik türk ədəbiyyatına məxsus olan tuyuğ adlı dörd­lük­lərin meydana gəlməsi də başlanğıcda Azəri ərazisində xalq ədəbiyyatının tə'siri altında olmuş və sonradan Cığatay və Osmanlı ədəbiyyatlarına keçmişdir (Bax: Fuad Köprülü, Türk dili və ədəbiyyatı haqqında araşdır­malar. İstanbul, 1934, s. 204-257). Əfşari, Bayatı, Gəraylı kimi eyni addakı türk tay­falarının xalq musiqilərindən adlarını almış bə'zi musi­qi-nəzm formaları ilə Varsaq tayfasına nisbətdə varsağı adı ilə anılan və Anadoluda da əskidən bəri məşhur olan forma Azəri sahəsində heca vəzninin və xalqa məxsus musiqi–nəzm formalarının nə qədər əhəmiyyət qazanmış olduğunu gös­tərə bilir. Azəri tükrləri arasındakı Qızılbaş və Əlial­lahı kimi zümrələrə məxsus heca vəzni və xalq nəzm for­ma­ları ilə yazılmış xüsusi zümrə ədəbiyyatları da mövcuddur. Ümumiyyətlə, aşıq ədəbiyyatında tədqiq olunmağı zəruri edən bu cins məhsullara Anadolu türkləri arasında da təsadüf edil­məkdədir. Klassik Azəri ədəbiyyatının daima münasi­bət­də olduğu və qüvvətli tə'sirləri altında qaldığı Cığatay və Os­manlı klassik ədəbiyyatlarına nisbətdə daha məhdud bir in­kişaf göstərməsinə müqabil, aşıq ədəbiyyatı bu sahədə çox nüfuzlu idi. Bu, bir tərəfdən Şərqdəki Özbək və Türkmənlər, digər tərəfdən də Orta və Qərbi Anadolu türkləri üzərində tə'sirini davam etdirməsi bu izahatdan sonra daha asan anlaşıla biləcək bir hadisədir. Azəri ədəbiyyatının tarixi təkamülünü tədqiq edərkən bütün bu məsələləri daha açıq və ətraflı bir surətdə izah etməyə çalışacağıq.

BİBLİOQRAFİYA: İran və Şimalı Azərbaycandakı türk­lər və türk dili haqqında xüsusi coğrafi əsərlərdə və sə­ya­hətnamələrdə bə'zi materiallara rast gəlinir ki, bunların da ən mühümləri məqalə içərisində göstərilmişdir. XIX əsrin sonundakı bə'zi statistikalar və bir neçə təxminlərə əsas­la­naraq Şimali Azərbaycan türklərinin sayı 1.500.000 və Cənubi Azərbaycan türklərinin isə 2.000.000 göstərilmək­dədir9 (C.De­ny, Grammarie de la langue turque, Paris, 1920. A.Meillet və M.Sohen (Zöen), Les Langues du Monde-Paris, 1924-adlı əsərdə, türk dili haqqında, yenə C.Deny tərəfindən yazılan hissə: Oberhummer, Die Türken und das Osmanische, Reich, 1917; Massignon, L.An­nuaire du monde musulman, Paris,1929).

İranın başqa yerlərindəki türk ünsürünün miqdarı haq­qında ümumi bir şey söyləməyə imkan yoxdur. Yalnız bə'zi türk tayfalarının sayı haqqında Şərq və Qərb məmləkət­lə­rində ya­zılmış əsərlərdə də təqribi rəqəmlərə rast gəlin­mək­dədir (Bax: İran). Mə'sud Keyxan, Coğrafiya-i müfəssəl-i İran, III (Teh­­ran) əsərində İrandakı türk tayfaları və türk di­lində olan yer adları haqqındı bir az mə'lumat vardır. Bu tayfa ad­la­rı­na Massiqnonun adı çəkilən əsərində də təsadüf olunur. Şi­mali Azərbaycan haqqında Məhəmməd Həsən Bahar­lının xüsu­si­lə rus mənbələrindən istifadə edilərək yazılan «Azər­bay­can» (Bakı, 1921) adlı əsəri tarix baxımından çox zəif və nöq­sanlı olmaqla bərabər, iqtisadi vəziyyət, kənd adları və əha­li haqqında toplu mə'lumatı əhatə edir. XVII əsr haq­qında Öv­li­ya Çələbi, Səyahətnamə; XIX əsr üçün də Zey­na­labdin Şir­vani, Bustan əl-siyahadən (Tehran,1342) istifadə oluna bilir.

İran və Şimali Azərbaycan türklərinin etnik mən­şə­ləri haqqında tarixi tədqiqatlar yox dərəcəsindədir. İran etnoqra­fiyası [N.de Khanikoff' Memaire sur L'ethnographie de la Perse (Paris, 1866) və Qafqaz haqqında İ.de Morqan, Mis­sion Scien­ti­fique du Caucase, II (Paris,1889; Qafqaz xalqla­rının mən­şələ­ri­­nə aid] aparılan bir neçə tədqiqatlar (bunlar haqqında bax: A.T.Wilson, A Bibliography of Persia, Ox­ford,1930) bunlara istinadən yazılan (C.Deniker, Les Races et les Peuples (Paris, 1926) ümumi kitablar çox az və əksəriy­yətlə yalnış mə'lumat verməkdədirlər Məsələn: Deniker bir tərəf­dən azərbaycanlıları İran və Qafqazın türkləşmiş iran­lı­ları sayır və əsərinin digər bir yerində isə Qafqaz türk­lə­rinin buraya XVII əsrdə İran hökmdarları tərəfindən köçü­rül­düyünü söyləməklə səhvə yol vermişdir (s. 458-506). Məqalə­miz­dəki izahat bu iddiaların yanlışlığını qəti surətdə göstərməkdədir. Pietro della Valle (Petro dello) və Xardin kimi əski səyyahların ifadələrinə və daha sonra A.Dup­renin (Vayage en Perse, Paris, 1819) Qacarlar dövründəki rəsmi mətnlərə inanaraq verdikləri yanlış mə'lumata əsaslanan bu tədqiqatlar, xüsu­silə, tarixi baxımdan səhvlərlə doludur. A.Duprenin türk tay­fa­ları haqqında verdiyi mə'lumatın səhv ol­masını Khanikoff xüsusilə qeyd etmişdir. Avropalı və iran­lı müəlliflər tayfalar arasındakı tarixi rəvayətləri top­lamış və onlara tənqidi yanaş­mayaraq olduğu kimi qəbul et­mişdilər. Bütün bu nöqtələr haqqında daha çox mə'lumat almaq üçün baxın: «Əfşar» məqaləsi və ayrıca Fuad Köprülü, Oğuz etnolocisi haqqında tarixi qeydlər, TM, 1, 1925. G.Demorgny-nin Les Reformes administratives en Perse, fes tribus du Fars (RMM, 1913, XXII) məqaləsi ilə B.Millerin fars tayfaları haq­qın­dakı bir təd­qiqatı (bax: Vostoçnıy sbornik, 1916, II,c. 213-218) diqqə­təlayiqdir. İslam Ensiklopediyasında olan «Qaşqay» və «Şahsevən» məqalələrində də yuxarıda bəhs etdiyimiz möv­zuya aid kifayət qədər material vardır. Bu siyahıya Qordlev­skinin hələ Azərbaycanda kiçik bir zümrə halında və şiəliyin daxili təmayülləri ilə din tarixi baxımından diqqətəlayiq olan Qa­ra­qoyunlular haqqındakı tədqiqatla Sisayevin Şərq qay­naq­­la­rın­dan istifadə etməyərək yazdığı «Padarlar» və Q.Qa­ra­­qaş­lının «Ayrımlılar» haqqındakı məqalələrini də əlavə etmək olar. Bu məqalələr 1925-1929-cu illərdə Azərbaycanı Tədqiq və Tədəbbö Cəmiyyəti tərəfindən nəşr olunmuşdur. Malcolmdan (Malkolm) Siyksa (Siyksa) qədər İran tarixinə aid yazılan ümumi əsərlərdə İrana türk ünsürünün mühacirəti və yer­ləş­məsi toplu və ciddi bir formada tədqiq edilməmişdir. Yal­nız B.Bartoldun «İranın tarixi coğrafiyası»na dair kita­bın­da dağınıq olmaqla bərabər, düzgün mə'lumata rast gəlirik (farsca trc. Həmzə Sərdadvər, Tehran, 1308).

Monqol istilasının Ceyhunun qərbindəki məmləkətlərə gətirdiyi monqol ünsürləri haqqında Əfqanıstandakı Xezare­lə­rə dair aparılan tədqiqatlarda müstəsna heç bir şey ya­zılmamışdır. İranda türk-monqol ünsürləri haqqında yuxa­rı­da verilən tarixi mə'lumat İrandakı türk və monqol tayfaları bu yaxınlarda nəşr ediləcək bir monoqrafiyamızda istifadə edilən bir çox mənbələrdən istifadə edilməmişdir. Türk və monqol dilinin yeni fars dili üzərindəki tə'siri haqqında tarixi mahiyyətə malik olan tədqiqat kimi «Yeni fars dilində türk ünsürləri» adlı məqaləmizi göstərə bilərik (TM, VII-VIII, I, c. 1-16).

Mirzə Kazım bəyin (Derbend-Nameh or the History of Der­bend. Petersburg, 1851) və Vamberinin (Alt-osmanisshe Sprachs­tu­dien, mit einen azerbeiganisshen texte als Appen­dix Layden, 1901) nəşr etdirdikləri ədəbi mətnlər, Adolf Ber­cenin (Dichtungen trankaukasischer S..anger des XVIII. und XIX. Jahrhunderts in azerbaidshanischer Mundart Leipzig, 1868) kiçik həcmli əsəri Bodenştedtin (Beitrage zum kauka­sischen, Turkisch ZDMG, V, 245) məqaləsi və Barbierdə Meynard ilə Lukien Bouvatnın və son illərdə A.Bri­kteiksin Mirzə Fətəli Axundzadəyə aid nəşr etdir­dik­ləri mətnlər Azəri şivələrini tədqiq etmək baxımından o qədər də əhəmiyyətli sayıla bilməz. Ümumiyyətlə, bu şivələr və ləhcələr haqqında indiyə qədər tədqiqatların hələ də çox məhdud olduğunu bu kiçik siyahıda göstərə bilərik (Karl Foy, Azerbaiganische Studien, mitheinem Charakteristik des S..udturkischen (MSOS, 1903, II, VI, 126-193; 1904, VII, 196-265 st; H.Ritter, Azerbaidschanische texte zur nordpersischen Volkskunde (Isl, 1921, XI, 181-212; 192). K.N.Dimitrievo-Chatskaya, Quatranis popularies de l’Azerbaidjan (JA, 1928, CCXII, 228-265); A.Dzaferoglu, Azerbaijdanische Lieder «Bagaty» in der Mundart von Ganga (MSOS, 1929, II XXX 1930, XXXIII). Djeyhoun Bey Hadjibeyli, Le Dialecte et le folklore du Karabagh (JA, 1933, CCXXII, 31-144) polyak dilində).

Cənubi və Şimali Azərbaycanın Təbriz, Urmiya, Gəncə və Qarabağ kimi bə’zi ərazilərinə aid olan bu tədqiqatlardan başqa, A.A.Romaskeviçin də araşdırması olmuşdur. (bax: Rusiya Elmlər Akademiyası Antro­pologiya və Etnoqrafiya Muzeyi Nəşriyyatı, Leninqrad, 1925, V, 2, c. 573-610).



O, fars ərazisindəki Qaşqayların xalq ədəbiyyatına aid bə'zi nümunələri bu tayfaya aid geniş tarixi və etnoqrafik mə'lumat ilə birlikdə nəşr etmişdir. Bu nəşrlər sayəsində Qaşqaylar ləhcəsinin Türkmən və Azəri şivələri qrupuna da­xil olduğu anlaşılmaqdadır. T.Kovalski (Sir Aurel Stein’s Sprac­haufzeichnungen in Ainallu – Dialekt aus S..udpersien, Kra­kow, 1937) də Cənubi İrandakı İnnaluların ləhcələrinə aid A.Ştein tərəfindən ona verilən materiallar üzərində iş­ləmiş­dir. Ancaq, bu mühüm tədqiqat əsərində İnnalular haq­qındakı tarixi mə'lumat səthi verilmişdir. Yə'ni əsil mən­bələrdən isti­fadə edilməmişdir. Əli-ilahi (əhli haqq) züm­rəsinə mənsub Sail təxəllüslü namə'lum bir şairin daha çox əruz ilə yazılmış bir çox şe'rləri V.Minorski (Materiaux pour servir a l’etude des croyanses de la secte persane dite «les Ahle-Hagg» ou Ali-ilahi, Moskou, 1911) tərəfindən nəşr olunmuşdur. Yarar­sız bir mətnə istinadən yazılan bu mənzumələrin hər hansı bir məhəlli şivəyə deyil, sadəcə olaraq Azəri qrupuna aid olduğu söylənə bilir. Yenə eyni müəllif (JA, 1921, II ser., t, XVII, nr 1) bu zümrəyə mənsub olan şairlərdən Quşçuoğlunun türkcə olan şe'rlərinin dil xüsusiyyətləri haqqında kiçik bir xülasə nəşr etmişdir. Vaxtilə bu müəllifin köməyi ilə tədqiq etmiş olduğum bu mənzumələrin mətnləri çox yararsızdır. Minorski bu şairin Qaraqoyunlu hökmdarı Cahan şahın müasiri oldu­ğunu (Əli-ilahilərin rəvayətinə görə) ifadə etmişdisə də, bu haqda heç bir tarixi material yoxdur.

Aşmarin (Obşiy obzor narodnıx törkskix qovorov qoroda Nuxi, 1926), Talib Han Begli Surayya Karabag – İstanbul şivelerinin mukayesesi (Azerbaycan yurt bilgisi, Istanbul, 1933, II); Ahmed Caferoglu, Azeri lehcesinde mo­ğul unsurları (Azerbaycan yurt bilgisi, 1932, I, 1934, III); Ahmet Caferoğlu. Şarkta və garbta azeri lehcesi tetrikleri (Azer­baycan yurt bilgisi, İst, 1934, III) adlı məqalələr Şimali Azər­baycanda Azəri şivələrinə aid olaraq son zamanlarda nəşr edilən ən mühüm tədqiqatlar hesab olunur.


C) Azəri ədəbiyyatının təkamülü
I. İlxanlılar və Cəlayirilər dövrü: XIII-XIV əsrlər
XI-XII əsrlərdə Türküstan və Xarəzmdə İran ədəbiy­ya­tı­nın və islam mədəniyyətinin tə‘sirləri ilə ədəbi cəhətdən güclü bir inkişaf yolu keçmiş Şərq türkcəsinə nisbətən İranda Oğuz türkcəsinin klassik bir ədəbiyyat dili halına gəlməsi çox asan olmadı. Səlcuqlar dövründə İranın böyük mədəniyyət mər­kəz­lərində elm və sənət dili, rəsmi dil olaraq ərəb dili, xüsusi ilə fars dili hakim idi. Yüksək təhsil görən bə‘zi türk hökmdar və şahzadələri kimi türk nəslindən olan bir çox şairlər də fəaliy­yətlərini fars dilinin inkişafına həsr etdilər. Monqol istilası za­manı fars dili öz əhəmiyyətini itirməyə başladısa da, az bir müd­dət sonra İlxanlıların islam dinini qəbul etmələrindən son­ra yenidən saray tərəfindən himayə olunmağa başladı. Fars dili hətta din və elm kimi onunla rəqabət aparan ərəb dilinin işlədilməsini məhdudlaşdırmağa başlamışdır. Türk dili yalnız danışıq dili olaraq sadə türk kəndlərində və tayfaları arasında deyil, Təbriz, Şiraz və Həmədan kimi böyük şəhərlərdə də fars dili ilə rəqabət apararaq onun yerini tuturdu. Monqol isti­lası uyğur bəxşiləri ilə bərabər İrana ədəbi türk ən‘ənə­lərini, uyğur əlifbasını və Türküstanda yazılmış əski türk ədəbi əsər­lə­rini də gətirdi. Şəhərlərdə İran ədəbiyyatının üsul və fər­man­larına adət etmiş ziyalı türklər əsasən eyni ədəbiyyatın qüvvətli tə‘siri altında yaranan eyni üsulun və ideologiyanın məhsulu olan Şərq türkcəsi ilə yazılmış əsərləri yamsılamağa başladılar. İlxanlı dövlətinin dövlət strukturlarında Monqol İm­periyasının bir çox ərazilərində olduğu kimi, dövlətin hakim dairələrində monqol dili ilə bərabər, bütün yerli dillərin də işlənməsi türk dilinin rəsmi dil olaraq əhəmiyyətini artırdı. Türk dili əsasən monqolların idarəetmə strukturlarında uyğur bax­şılarının tə‘siri ilə mühüm mövqeyə sahib idi. CüvəyniRəşidəddin kimi mənbələr İlxanlılar divanında uyğur hərfləri ilə türk dilində yazan katiblərin olduğunu söyləyirlər. Eyni ida­rəetmə ən‘nə­lə­rini davam etdirən Cəlayirilərin də bu vəziyyəti davam et­dirməsi haqqında olan mə‘lumatı «Düstur əl-kitab» kimi qiy­mətli mənbədən öyrənirik. Həmçinin İlxanlılar divanın­da işlə­dilən türk dilinin oğuzca deyil, daha əski bir ədəbi keçmişə malik olan Şərq türkcəsi olduğu söylənə bilər. Mən­qü Kağan dövründə Qəzvin şəhərinin məşhur və varlı bir ailəsinə mənsub olan Məlik Sə‘id İftixar əl-Din Məhəmməd bəy Əbü Nəşrin «Kəllə və Dimnə»yi monqol dilinə və «Sin­dibad­namə»ni də türk dilinə tərcümə etdiyini bilirik. «Sindi­bad­na­mə»nin ilk nüsxəsi əlimizdə olmasa da, onun Şərq türkcəsi ilə yazıldığı təxmin edilməkdədir (Bax: Fuad Köprülü. Türk edebiyyatı tarihi, 1928, XI bahus). Biz hər halda istər türk, istərsə də monqol dilinin ədəbi və danışıq dili olaraq İranda əhəmiyyət qazandığını və ədəbi fars dilinə bir çox türk və monqol sözlərinin daxil olduğunu görürük. İlxan Arqun dövründə türkcə, monqolca və farsca sözlərin qarışığından iba­rət bir qəsidə yazan Pur Bahar-i Caminin əsərlərindən baş­­qa, məşhur salnaməçi Vaşşafın bu tərzdə yazdığı bir qə­zəlini də görürük. İstər Vaşşafın, istərsə də Rəşidəddinin yaz­mış olduğu bə‘zi əsərlərdə təsadüf edilən bir neçə türkcə olan şe‘r parçaları da daha çox Şərq türkcəsindədir. Ancaq, bütün bunlara baxmayaraq, bu dövdə İranda, xüsusilə, Xo­ra­sanda Oğuz ləhcəsi ilə yazılmış şe‘rlərin mövcud oldu­ğu, hətta İbn Mühənnanın məşhur lüğətində də S.Malovun (Za­piski kolleqii vostokovedov, Leninqrad, 1928, 2, s. 221-248) iddiasına baxmayaraq, bu ləhcəyə aid material olduğu söy­lənə bilir.

Hələlik Azəri (Şərqi Oğuz) ləhcəsində yazan ən qədim şair olaraq türkcə Həsənoğlu, farsca isə Pur Həsən təxəl­lüsü ilə şe‘r yazmış olan Şeyx İzzəddin Əsfarayini tanıyırıq. Məşhur sufi Raziəddin Əli Lalanın (ölm. 642-1244/1245) müridi Cəmaləddin Zakirin müridlərindən olan Həsənoğlu təq­ribən XIII əsrin sonlarında və XIV əsrin əvvəllərində ya­şamışdır. Divanının XV əsrdə Azərbaycan və Anadoluda çox məşhur olduğu «Dövlətşah» təzkirəsi»ndə qeyd olunur. Şe‘r­lərinin hələ XIV əsrdə Xorəzmdə, Qıpçaq və Misir torpaq­larında da oxunduğunu bildiyimiz bu şairin əlimizdə ancaq türk­cə bir qəzəli vardır10 (ətraflı bax: Fuad Köprülü. Azeri ede­biyyatına ait notlar. Edebiyyat fakültesi mecm. 1925, sayı 1). İndiyə qədər bildiyimiz ilk Azəri klassik şairinin əskidən bəri şəhər həyatına keçmiş və qüvvətli İran mədəniyyəti tə‘siri altında qalmaqla bərabər Türküstan və Xarəzmdəki türk ədəbi dilinin inkişafında yabançı qalmamış olan Xorasan oğuzları arasından yetişməsi çox təbiidir. XIII əsrin ikinci yarısında Anadolu Səlcuqlu sarayında türkcə və farsca şe‘rlər yazan ən qüdrətli türk şairi olaraq tanıdığımız Xacə Dəh­ha­ninin də Xorasanlı olduğunu düşünsək, Oğuz ləhcəsi ilə klas­sik ədəbiyyatın ibtidai Xorasan mərkəzlərində inkişaf etdiyini, yə‘ni Osmanlı və Azəri ədəbiyyatının eyni müştərək mənşə­dən gəldiyini daha yaxşı anlayırıq.

XIII və xüsusilə də XIV əsrlərdə Anadoluda türk ədəbiy­yatının inkişaf etməsi ilə müqayisədə Xorasan və İran əra­zisin­də Oğuz ləhcəsinin ədəbi məhsullarına təsadüf etmirik. Cığatay dili dediyimiz ədəbi Şərq türkcəsinin inkişafı bu xü­sus­da hər halda amil olmuşdur. Yalnız XIV əsrdə Şərqi Ana­doluda və İraqda yetişmiş bə‘zi şair və müəlliflərin yalnız öz mahallarında deyil, bütün Anadoluda, hətta Misir və Suriya türkləri arasında şöhrət qazandıqlarını görürük. Bunlardan biz fiqhə aid ərəb dilində yazdığı mühüm dəyərli əsərlərindən başqa, türkcə divana da malik olan Sivas sultanı məşhur Qazi Bürhanəddin (745-801) və Ərzurumlu Zarir Musta­fa­nı göstərə bilərik. Salur boyuna mənsub olan tarixçi Ayninin ifadəsinə görə, ərəbcə və farsca şe‘rlər də yazan Qazi Bür­ha­nəddinin qəzəllər, rübailər və tuyuqlardan ibarət türkcə yazılmış divanı Azəri ləhcəsinin bütün xüsusiyyətlərini özündə əks etdirir. Onun əsərlərində dil və texniki baxımından gözə çarpan çatışmamazlığa baxmayaraq səmimi, canlı və xüsusi bir əda vardır. Buna baxmayaraq, onun yaradıcılığının nə Osmanlı, nə də Azəri ədəbiyyatının təkamülü üzərində heç bir tə‘siri olmamışdır. Onun siyasi və elmi şöhrəti şairliyini tama­milə kölgədə qoymuşdur. Ərzurumlu Mustafa bəy Yusifə gəlincə anadan kor doğulduğu üçün şe‘rlərində Zarir ləqəbini götürən bu adam 790 (1388)-cu ildə mənzum və mənsur formada böyük bir tərcümeyi-hal kitabı, 795/796-cı ildə Hələb naibi Əmir Çulpan adına bir «Futuh əl-Şam» tərcüməsi və ayrıca bir də «Yusif və Züleyxa» məsnəvisi (indiyə qədər bilin­məyən bu əsər üçün bax: İstanbul Universitetinin kitab­xanası, ədəbiyyat fakültəsi əlyazmaları, № 311) yazmışdır. Suriya-Misir Türk imperiyası ərazisində meydana gələn bu əsərlər dil baxımından Azəri dairəsi məhsulları arasında sayı­la bilər. Zaririn bu ilk iki əsəri mövzularının əhəmiyyəti ilə əla­qədar Anadolu türkləri arasında çox oxunmuş olmaqla bəra­bər, müəllifinə şair və sənətkar olaraq heç bir şöhrət qazan­dırmamışdır.

Azəri ədəbiyyatının XIV əsrdəki ən böyük şəxsiyyət­lə­rindən və türk ədəbiyyatının ən yüksək nümayəndələrindən biri də Nəsimidir.'>Nəsimidir. Bu əsrin son illərində İraq, Azərbaycan, Şimali İran və Anadoluda sür‘ətlə yayılan hürufilik məsləkinin ən mühüm ərkanından- yə‘ni bu məsləkin qurucusu Fəzlullah Hürufinin xəlifələrindən olan bu şair farsca və xüsusilə türkcə şe‘rlər yazmışdır. Hürufiliyin İran və Anadolu türkləri arasında yayılışında böyük rol oynayan Nəsimi Anadoluda da XV əsrdən başlayaraq Rəfii kimi mühüm xəlifələr və şagirdlər yetişdirmişdir. 807(1404)-ci ildə Hələbdə dərisi soyulmaqla öldürülən bu şair dil və hətta bə‘zi nəzm xüsusiyyətləri baxımından daha çox Azəri dairəsinə mənsub olduğu halda, Osmanlı şe‘ri üzərində də dərin izlər buraxmışdır. Həbibi, Xətai və hətta Füzuli də daxil olmaqla bütün Azəri şairləri iki əsrə yaxın o tə‘sir altında qalmışdılar. XV-XVI əsrlərdə bir çox Azəri və Osmanlı şairlərinin hürufiliyi qəbul etmələrində Nəsiminin böyük tə‘siri olduğu kimi, Füzulinin də nüfuzu dərhal gözə çarpır. Əlişir Nəvai şöhrəti və əsərləri Xorasan və Mavəraünnəhrdəki Çığatay şairləri arasında da yayılmış olan Nəsimidən bəhs edərkən İraq və rus xalqının onu misilsiz bir şair saydıqlarını qeyd edərək «türkmən və rum dillərində» şe‘r söylədiyini bildirir (Nasa‘im al-mahabba, Paris, Bibl. Nat. F.T. Cod., nr. 316/317).



Bu ifadə Nəsiminin Anadolu ləhcəsinə yabançı ol­maq­la bərabər daha çox Azəri ləhcəsini işlətmiş olduğunu anlat­maqdadır. Şe‘r və sənətə böyük yer verərək onu himayə edən Cəlayir xanədanının (1336-1410) hakimiyyəti altında Azərbaycanda və Bağdadda yalnız fars dili deyil, türk dili də əhəmiyyət qazanmışdı. İraqda əsasən güclü olan türkmənlər (İvalar, bayatlar və s.) XIII-XIV əsrlərdə buralara gələn Cəlayirilər, Oyrotlar və Baharlular kimi monqol və türk zümrələri sayəsində xeyli çoxalmışdılar. İlxanlıların mədəni və siyasi ən‘ənələrini davam etdirən bu sülalənin dövründə Azərbay­can və İraqda uyğur baxşılarının davam etdirdikləri ədəbi ən‘ənələrdən başqa, Azəri ləhcəsi ilə yeni bir ədəbiyyat da inkişaf etmişdir. Nəsiminin də daxil olduğu bu yeni cərəyana mənsub olanlar arasında bu sülalə hökmdarlarının Sultan Əhməd bəy Veysinin də adı ehtiramla yad edilə bilər. 1382-1410-cu illərdə hökmdar olan Sultan Əhməd yalnız ədəbiy­yat və musiqidən deyil, incəsənətin müxtəlif növlərindən də yaxşı baş çıxarırdı. O da atası kimi ərəb və fars dillərində şe‘rlər yazan, mahnılar bəstələyən məşhur musiqişünas alim Əbdülqadir Marağayini çox qiymətləndirirdi. Sultan Əhmə­din türkcə şe‘rlər də yazdığı vaxtilə çap etdirmiş olduğu (Fuad Köprülü. XIV asrda bir Azeri şairi, Hayat mecm. nr. 82) bir qəzəlindən anlaşılır. Tarixçi Əbül Mahasin Yusif bəy Tanrıbirdi «Əl-Nucum əl-zuhirrə» əsərində Sultan Əhmədin türkcə şe‘rlər də yazdığını təsdiq edir. Oğuz ləhcəsi ilə yazılmış bu qəzəl Cəlali saraylarında məhəlli Azəri türkcəsinin ədəbi bir dil olaraq işlədildiyini göstərməkdədir. Bu fikri təsdiq edən bir dəlil isə Xacə Əbdülqadir Marağayinin yenə özü tərəfindən bəstələnən iki kiçik dördlüyüdür. Bunlara tuyuğ və koşuk adları verilmişdir (Milli tetebbular mecmusu III, 461: bir mədhiyyədən ibarət olan bu koşuk rəvayətə görə Teymur üçün bəstələnmiş olub, hüzurunda oxunmuşdur). Marağalı­nın Azəri ləhcəsi ilə yazdığı bu kiçik mənzumələr türk dilinin musiqi məclislərindəki əhəmiyyətini də anladır. XV əsrin əvvəllərində İranda böyük şöhrət qazanan və hürufilər ilə münasibəti də mə‘lum olan Şah Qasım əl-Ənvər Təbrizinin Azəri ləhcəsi ilə bə‘zi şe‘rləri vardır. Azəri ədəbiyyatının XIV əsrdə bu saydıqlarımızdan daha çox əsər vücuda gətirdiyi, lakin müxtəlif səbəblər ilə bunların dövrümüzə qədər gəlib çatmadığı və bundan sonrakı araşdırmalar nəticəsində bu xüsusda daha çox mə‘lumat əldə edilə biləcəyini güman edirəm.
Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin