NEFT SƏNAYESİNİN İNKİŞAFI
1825-ci ildə Abşeron yarımadasında beş yerdə - Balaxanı, Sabunçu,
Binəqədi, Bibiheybət və Şubanıda əl quyularından neft çıxarılırdı. Az miqdarda
Pirallahı (Artyom) adasında əl ilə işləyən dayaz neft quyuları qazmağa
başladılar.
1848-ci ildə rus mühəndisi Semyonov Azərbaycan torpağında
dünyada ilk neft quyusu qazmışdı (ABŞ-dan 11 il əvvəl). 1863-cü ildə isə
Pirallahı adasında mexaniki üsulla quyu qazmağa cəhd edirlərsə də, nəticəsiz
qalır. 1869-cu ildə usta Allahyar Balaxanıda təzə üsulla quyu qazanda on-on
beş metr dərinlikdə yerin altında şiddətli gurultu, səs-küy qopduğundan, usta və
fəhlələr bərk qorxuya düşüb cəld quyunu doldururlar. Yalnız üç ildən sonra
1871-ci ildə Balaxanıda texniki üsulla quyu qaza bilirlər. Bu quyu gündə
45.000 pud (700 ton) neft verir.
1863-cü ildə Cavad adlı sahibkar Suraxanıda ağ neft zavodu tikdirib
istismara verir.
Kokorev və Qubanin 1859-cu ildə Suraxanıda Atəşgah məbədi
yaxınlığında ağ neft zavodu tikdirib işlədirlər. Neçə il sonra məşhur rus alimi
Mendeleyevin məsləhəti ilə bu zavodu təkmilləşdirirlər. 1870-ci ildə Bakıda 47
zavod ağ neft emal edirdi.
1871-ci ildən əl qazması vurğu qazma üsulu ilə əvəz edilir. Bununla
da get-gedə qazılan quyuların sayı və dərinliyi xeyli artır.
downloaded from KitabYurdu.org
50
1872-ci ildə neft sənayesinin inkişafında çox ciddi maneə olan
mövcud iltizam sistemi ləğv edilir və dövlət xəzinəsi mədənləri uzun müddətə
icarəyə verməyə başlayır. İcarə pulunu əvvəldən alır. İcarəçilər birinci növbədə
mayasını çıxarmağa və mümkün qədər artıq qazanmağa səy edirlər.
Beləliklə, nöyütlü ərazi keçir şəxsi əllərə, neft hasilatı da ildən-ilə
sürətlə artır. Bakı neft sənayesi kapitalizm inkişafı yoluna qədəm qoyur.
1872-ci ildə Bakı 1,5 milyon pud neft verdiyi halda, 1900-cü ildə 661
milyon pud neft verir, bu da ölkədə çıxarılan neftin 95 faizi, bütün dünyada
hasil olunan neftin yarısından çox idi.
Ağ neft emalı 1873-cü ildə 15.000 ton idisə, 1901-ci ildə bu rəqəm
2.500.000 tona çatdı.
Bakıda yaranmış neft şirkətlərinin sayı aydan-aya artır, perspektivli,
ümid verən torpaqların əsas hissəsi icarəçilərin əlinə keçirdi.
Yadelli kapitalistlər sərvət dalınca Bakıya axışırdılar. Nobel
qardaşlarının 1879-cu ildə yaratdıqları şirkət neft quyuları qazmaq və istismar
etməklə bərabər, axtarış-kəşfiyyat, neft emalı, ticarəti, elmi-tədqiqat işləri ilə də
məşğul olurdu.
1883-cü ildə Rotşildin nümayəndəsi Parisdən Bakıya gəlib «Xəzər-
Qara dəniz» səhmdarlar şirkətini yaradır, tez bir zamanda rus neft sənayeçisi
Peşkovskinin mədən, zavod və digər müəssisələrini ələ keçirir. «Xəzər-Qara
dəniz» şirkətinin planı çox geniş idi: neft məmulatı almaq, emal və ixrac
etmək; əgər Nobel xırda neft sahibkarlarını neft kəmərlərilə sarımışdısa,
fransızlaşmış yəhudi sərmayədarı Rotşild neft emal edən zavod sahiblərinə pul
tələləri qurub, iki milyon manat avans verməklə bir neçə il əl-qollarını elə
bağlamışdı ki, heç kəsə mal sata bilmirdilər. Rotşild eyni zamanda «Mazut»
ticarət komissiyası yaratmışdı. Ona borclu olan zavod sahibləri ağ nefti yalnız
«Mazut»a təhvil verməli idilər. Bir çoxları bu komissiyanın «fəaliyyətindən»
iflas olmuşdu.
Rotşildin birinci müvəkkili Debur özünə o zaman asudə guşə
hesabedilən, dənizə yaxın, Bağ küçəsində xüsusi, təmtəraqlı imarət (R.
Mustafayev adına İncəsənət muzeyi), idarə üçün isə şəhərin mərkəzində
Persidski (Poluxin) küçəsində yaraşıqlı bina tikdirmişdi. Debur Bakıdan
gedəndə Sadovı küçədəki imarətini «Kavkazskoe tovarişestvo» şirkətinə satdı.
Deburun vəzifəsinə Feqel Arnold Mixayloviç adlı bir adam təyin edilir; onun
kiçik qardaşı Rotşildin Peterburqdakı müvəkkili idi.
1890-cı ildə ingilis Seyms Vişau Bibiheybətdə neft mədənləri və
Qaraşəhərdə «Şibayev şirkətinin» zavodlarını alır. Belçika, Almaniya və
Amerika Birləşmiş Ştatlarının nümayəndələri də Bakıda şirkətlər, maliyyə-
kredit-ticarət müəssisələri yaradırlar.
Sənaye, ticarət, nəqliyyat, gəmiçilik idarələri xeyli çoxalır.
downloaded from KitabYurdu.org
51
Həsənbəy Zərdabi «Əkinçi» qəzetinin 1877-ci il 1 yanvar nömrəsində
çəlləklə neft daşıyanlar barədə yazırdı: «Balaxanıdan zavodlara arabaçılar, 7-8
verst yoldur, pudu bir şahıdan - beş köpükdən neft daşıyıb bol pul qazanırlar.
Deyirlər keçən il arabaçılar zavod sahiblərindən yarım milyon manat kirayə
alıblar. İndi iki kompaniya düzəldiblər, birisi neft mədənlərdən zavodlara dəmir
novalçalarla axıtmaq istəyir, o birisi dəmir yol çəkmək istəyir. Yerüstü
novalçalarda neft axıtmaq istəyən kompaniyaya dövlət izn verib və bu bahar
onu başlayacaqlar. Yüz min manata qədər xərc olacaq. Dəmir yolu çəkmək
üçün yüz min manat cəm edilib, yüz min manat da lazımdır,
Neft cövhəri (ağ neft) satanlar keçən il ziyada nəf ediblər. Əvvəllər
cövhərin pudu Moskva və başqa şəhərlərdə manat yarım, iki manata satılırdı.
Ötən il 3-4 manata satılıb. Amerikadan bu il cövhər gətirilmədiyindən Bakı
neftinin pudu qalxıb 6 manat 50 qəpiyə».
«Əkinçi» başqa bir nömrəsində yazırdı: «Neçə il bundan əqdəm
Badkubənin nefti Mirzəyevin icarəsində idi. Elə ki, bu icarə bərhəm oldu, neft
quyularını bir neçə hissə edib, tək-tək icarəyə verib, hər bir xahiş edənə ixtiyar
veriblər ki, təzədən quyu qazsın. O zaman Balaxanı və Sabunçu kəndlərinin
yerləri çox bahalandı. Elə ki, quyular çoxaldı və onların bəzisindən neft fəvvarə
vurub bulaq kimi axdı, neft qiymətdən düşdü. Keçmişdə xalvarı, yəni 20 pudu
9 manata satılan neft bir manata. Hətta 3 abbasıya satıldı. Bir tərəfdən neftin
belə artmağı, bir tərəfdən xəzinənin neftdən aldığı aksız xərci və bir tərəfdən
Amerikanın neft cövhərinin Rusiyada ucuz satılması, neft cövhəri çəkmək üçün
zavod saxlayanların işini pərişan elədi. Axırdə neft sahiblərinin dad-fəryadı
yerinə yetişdiyinə, keçən il hökm olundu ki, Amerika cövhərindən 50 qəpik
artıq tamojna xərci alsınlar. Ona binaən zavodçuları keçən il Rusiyaya neft
cövhəri gətirmədiyinə, Rusiyada Badkubənin neft cövhəri 3-4 manata, hətta 4
manat yarıma satıldı. Halbuki, irəli manat yarıma güclə satılırdı. Bu səbəbə neft
sahiblərinin işi yenə yaxşı oldu, neft yerlərinin qiyməti artdı.
Elə ki, bu ildən tamojna xərci qızıl pulla alınır və məlum olub ki,
gələn ildən neftdən aksız xərci alınmayacaq. Neft yerlərinin qiyməti həddən
çıxıb. Məsələn, bir şəxs keçən il 5 desyatin yeri 2 min 5 yüz manata almışdı. 2
ay bundan əqdəm ol şəxs zikr olan yeri 8 adama, 8 min manata satıb. İndi
deyirlər ki, o 8 adamın birisi öz hissəsini, yəni səkkizdən birini 18 min manata
satıb və yenə deyirlər ki, bir kəs bir desyatinin dörddən bir hissəsini belə
icarəyə verib: icarəçi yer sahibinə 2 min manat verib ki, o yeri 12 il ona versin,
bəşərti ki, bu ilin müddətində o yerdən nə qədər neft çıxsa onun nisfi yeri
alanın olsun və 12 ildən sonra o yer, orada olan avadanlıqlar yer sahibinə
qalsın.
Xülasə, yer alan, yer satan həddən çıxıb. Küçə və bazarlarda məhz
neft və cövhər sözü danışılır. Natariusxanalarda neft yeri aldı-satdı kağızlarını
yazmağa növbət çatmır. Badkubədə sakin olanlar keşişdən tutmuş qulluq
downloaded from KitabYurdu.org
52
əhlinin ədna bəsərinəcən, tacirdən tutmuş ədna papaqçıya və şam tökənəcən öz
işlərini tullayıb, bir neçə adam şirakət edib, Molla Nəsrəddin torba götürüb Sarı
qayaya bostan oğurluğuna gedən kimi, olan-olmazlarını yığıb Sabunçu
bəylərinin yanına yer almağa və Qaraşəhərdə (şəhərdən kənar zavodlar olan
yerdir) zavod tikdirməyə gedir ki, bir ya iki ilə sahibi milyon olsun».
Bakı mədənlərində gözlənilmədən elə fontanlar olurdu ki, gündə min
tonlarla neft çıxırdı, heç yerdə və heç kəsin tanımadığı adi bir adam birdən-birə
dönüb olurdu milyonlar sahibi. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev,
Şəmsi Əsədullayev, Murtuz Muxtarov, Səlimov, Seyid Mirbabayev,
Mantaşov, Mirzəyev, Şibayev. Leonozov və başqaları belə varlananlardan
idilər. Elə ki, fontan vururdu, qonşuluqdakı torpağın qiyməti birə min artırdı.
Güclü fontandan neft nəhr kimi axıb yaxınlıqdakı kənd və qəsəbə
evlərini, tövlələri basır, uçurdur, qonşu mədənlərdəki emalatxanalar, buruqlar
qalırdı neft selinin altında; binalar, idarələr dağılırdı. Fəlakətə düşən adamlar
tez-tələsik başqa yerə köçürdülər. Sonra da fontan sahibini məhkəməyə verib
çəkdikləri zərərin əvəzini tələb edirdilər. Ölən və yaralananlar üçün qan bahası,
şikəstləri sağaltmağa müavinət istəyirdilər. Belə vaxtlarda neftin qiyməti
bazarda çox aşağı düşürdü. Fontan sahibi və xırda mədənçilər iflas olurdular.
sahibkar bəzən dözə bilməyib özünü asır, intihar edirdi.
Neftin bütün üstünlüklərini və gələcəkdəki əhəmiyyətini yaxşı bilən
imperialist dövlətlərin rəhbərləri bu misilsiz yanacağa yiyələnmək üçün
planetin bütün guşələrində olan neft yataqlarını ələ keçirməyə can atırdılar.
Amerikalı Son Rokfellerin «Standart oyl», İngiltərədən Henri Deterdinqin
rəhbərliyi altındakı «Royal Döyçe Şell»; fransızlardan yəhudi Rotşildin «Xəzər
-Qara dəniz» və «Mazut», isveçli «Nobel qardaşları»nın sindikatları Bakıya can
atırdılar.
Əcnəbi kapitalistlər neft sərvətinin gələcəyini, geoloji əsaslar üzrə
öyrənərək neft çıxarma qaydalarını pis bilən bakılılardan torpaqlarını «baha»
qiymətə alırdılar. Bununla da Abşeron yarımadasının tükənməz sərvətinə
yiyələnirdilər.
Xarici kapitalistlər müsəlmanların min illərlə ata-baba yurdu olan
neftli torpaqlarını əllərindən almaq məqsədilə o yerləri də hərraca qoymaq
barədə qərar çıxartdırırdılar. Əhməd bəy Ağayev Peterburqa, sonra da Tiflisə
camaat tərəfindən nümayəndə gedib Bakı müsəlmanlarının ata-baba yurdu olan
neft-mədən yerlərini əllərində saxlamağa nail olur.
Təzə kəşf edilmiş zəngin neft yataqlarındakı torpaqları müzaidəyə
qoyub hasil olacaq gəliri xəzinəyə vermək əvəzinə tez-tez çarın fərmanı ilə, bu
və ya digər yüksək rütbəli məmurlara, taxt-taca yaxın qraf, knyaz və sair
adamlara bağışlanırdı, onlar da bu torpaqları pullu neftxudalara, şirkətlərə ya
satır, ya da şərikli istismar etdirirdilər. Suraxanıdakı neftli torpağın çoxusu belə
talan edilmişdi.
downloaded from KitabYurdu.org
53
Balaxanı, Sabunçu, Ramana, Bibiheybət, Binəqədi kəndlərində yer
üstündə böyük davalar düşürdü; bir-birini məhkəməyə verirdilər. Çar hökuməti
belə hadisələri bəhanə eləyir, çox yeri dövlətin ixtiyarına verir, ya hərracda
satdırır, ya da çara yaxın adamların adına keçirtdirirdi. Bunun nəticəsində
Qəfqaz canişini qraf Voronsov-Daşkov Balaxanı kəndinin ortasında zəngin
mədən sahibi olmuşdu.
1905-ci ildə baş vermiş hadisələrlə əlaqədar, Qafqaz canişini Bakıya
gəlir. Güman edirlər ki, yerlərdə vəziyyəti öyrənəcək, xeyirxah bir iş görəcək.
Lakin belə olmur, o, nə fəhlələrin ağır vəziyyətinə, nə onların iş şəraitinə, nə də
şikayətçilərə əhəmiyyət verir, birbaşa Balaxanıya, öz şəxsi mədəninə gedir,
vəziyyəti, nə qədər ziyan çəkdiyini öyrənib qayıdır, Tiflisə yola düşür.
Bakıda iki cür neft sənayeçisi vardı: biri mədən və zavod yiyələri -
«neftxudalar», digəri isə «dirəkçilər». Birincilər hər yerdə məşhur idilər.
«Dirəkçilər» isə neftli güman edilən torpaqları zəbt edir, alır, yə da icarəyə
götürüb ortasına dirək basdırır, üstünə adını və həmin yerə nə vaxt yiyələndiyi
tarixi yazırdı. «Dirəkçilər» çox zirək, işgüzar adamlar idi.
Onlar axtarış-kəşfiyyat aparmırdılar, quyu qazdırmırdılar.
Ortasında dirək basdırılan yerin sahəsi kvadrat şəklində olardı. «Dirəkçilər»
birdən əlli-altmış, bəzən daha çox torpaq sahəsi zəbt etməyə nail olurdular.
Ortasında dirək basdırılmış sahələrdən tək bircəsində neft əldə ediləndə, fontan
vuranda, ətrafdakı torpaqların qiyməti birə yüz artardı. «Dirəkçilər» qərbi
Abşeronda, Qobustan otlaqlarında, Kür ovalığında, Xəzəryanı düzənlikdə,
Siyəzəndə, Şamaxıda, Gəncə quberniyasında - Naftalanda çoxlu torpaq
tutub, dirək basdırmışdılar. Mərkəzi və Şərqi Abşeronda dirəkçilərin işi o qədər
də yaxşı getmirdi. Çünki neftxudalar yerlərə çoxdan yiyələnmişdilər.
Camaat arasında bir də belə bir inam vardı ki, neft olan yerlərdə ot,
ağac, kol-kos bitməz. Buna görə dirəkçilər, adətən, şoranlıq, gölməçə, daşlıq,
qayalıq yerləri tuturdular. Amma təbiəti gözəl olan Şimali Qafqazda,
Maykopda zəngin neft-qaz yataqları kəşf ediləndən sonra bu cür mülahizələr
yoxa çıxdı.
Neftli torpaqlar üstündə tez-tez dava düşür, adam öldürülürdü.
Məhkəmələrdə yalançı şahidlər olurdu. hakim iddiaçıları, üstündə
dava düşmüş əraziyə aparır, adamları dindirirdi. Molla əlindəki Qurana
şahidlərə əl basdırıb and içdirirdi. Yalançı şahid Qurana əl basıb belə qəsəm
edirdi: «And olsun bu Qurana, ayaqlarımın altında olan torpaq iddiaçının ata-
baba torpağıdır». Doğrudan də ayağının altındakı, əvvəlcədən ayaqqabının
içinə tökdüyü torpaq iddiaçının ata-baba mülkündən götürülmüş torpaq olardı.
Üstündə dava açdığı torpağın, yerin isə iddiaçıya heç bir dəxli yox idi.
Kasıb adam yerini satanda müştəriyə deyirdi ki, xozeyin, əgər məni
salacağın mədəndə gözətçi götürəcəksənsə sövdamız baş tutacaq. Sahibkar
razılaşırdı, amma bir neçə əydan sonra üstünə şər atıb onu mədəndən
downloaded from KitabYurdu.org
54
uzaqlaşdırırdı. Gözətçilər gecələr oğurluq neft alış-verişi edənlərin arabalarını
anbardan doldurub, pulunu alaraq yola salırdılar, ya da lülələrin krantını açıb,
nefti qonşunun anbarına axıdar, haqqını alardı.
Sərmayəsi az, fəhləsi az olan adam quyunu qazdırıb neft təbəqəsinə
çatdıra bilmir, yeri satmağa vadar olurdu. Bəzən də gecə vaxtı neft daşıtdırıb
quyuya doldurur və sabahı gün xəbər yayırdı ki, neftə çatıb, bu yolla «baha»
qiymətə satırdı. Neft maqnatları bu gələkləri çox yaxşı başa düşürdülər, onu da
əvvəldən çox yaxşı bilirdilər ki, neft daha dərində yatır, özü də tükənməzdir;
torpaq yiyəsinə guya mərhəmət göstərir, tula payı verib mülkə sahib olurdular.
Sahibkarlar qonşuluqdakı qazma ustalarını pulla alıb sahə barədə
məlumat toplayırdılar, ya da quyuda qəza törətdirirdilər ki, özləri daha tez neft
layına çatsınlar.
Xırda mədənlərin sahibləri quyuları istismar edir, neft çıxardır, amma
quyu qazdırmağa qüvvələri çatmırdı, lazımi avadanlıq, dəzgah, usta, fəhlə
saxlamağa imkanları olmadığından quyunu podratçılara qazdırırdılar. Tez-tez
podratçılar qonşuluqdakı Dövlətli neftxudadan pul alıb, qazmanı uzadır, ya də
su təbəqəsini bağlamır, əngələ salıb işi yubandırırdılar... Və xırda mədənçini
qorxudurdular ki, neft verən quyuları da su basa bilər... O da, əvvəl inad
göstərib deyirdi: «bu nağılı gedin, körpələrə danışın. Mədənimi satan
deyiləm...».
Axırda təntidirdilər...
Mədənlərdə neft təbəqələrini su basması dəhşətli fəlakətdi; su mədəni
döndərirdi gölə, «dəryaçaya», sahibkar təşvişə düşüb zara gəlir, sahəni dəyər-
dəyməzinə satırdı... Neftxuda bu sahəni, qonşu mədəni adətən başqa adamın
adına alır, sonra keçirirdi öz adına və qatırdı mədəninə...
Varisləri dilə tutub, tez-tez saxta vəsiyyətnamələr düzəltdirir, işi elə
dolaşıq salırdılar ki, torpaq yiyələri tələsib yeri tez satmağa vadar olurdular.
Şəhərdə çoxlu notarius kontoru vardı. Onlar neft işində vasitəçi rolu
oynayırdılar.
Balaxanıda sahibkar Mirzəyevin qonşuluqda aldığı mədənində qazdığı
dayaz bir quyu elə fontan vurmuşdu ki, üç gün ərzində yer-yurd neft kölünə
dönmüşdü.
Fontan vuranda qaz ağır alətləri, hər biri yüz, yüz əlli kiloqram
ağırlığında daşları kənara tullayırdı. Ramanada, Sabunçuda dərələrdən neft çay
kimi axır, qurşaqdan yuxarı qalxır, adamlar bu taydan o taya keçə bilmirdi.
Göydən neft yağırdı. Anbarları çox da böyük olmayanda aşıb-daşır, çənlər tez
dolur, neft başlayırdı axmağa. Fəhlələr torpaqdan nə qədər sədlər düzəldir,
daşdan və palçıqdan bəndlər çəkirdilərsə yenə öhdəsindən gələ bilmirdilər.
Belə vaxtlarda fontanları bağlamaq, neft selinin qabağını kəsmək bəzən üç-
dörd həftə çəkirdi.
downloaded from KitabYurdu.org
55
Bu cür vəhşicəsinə istismardan geoloqlar çox narahat olurdular, çünki
neft təbəqəsi hədər yerə gücünü, sərvətini itirib, zay olur, çıxan neftin çoxu
torpağa hopur, dörddə üçü təbəqədə qalıb «ölürdü».
Kim idi geoloqlara qulaq asan, sözlərinə fikir verən.
Sahibkarlar isə sevinir, onlarca faytonda, qazalaqda, şəhərdən, qonşu
kəndlərdən adamlar tamaşaya gəlir, təzə milyonçunu müjdələyir, pul təklif
edirdilər. Halbuki, həmin şəxsə bir gün əvvəl etibar edib bir manat da
vermirdilər. Suraxanıda, Ramanada, Bibiheybətdəki güclü fontanların
gurultusundan ətraf kəndlərdə yatmaq olmurdu; qaz aləmi bürüyürdü. Fontan
bəzən üç-dörd həftə davam eləyirdi. Belə vaxtlarda qonşu mədənlərdə neft
verən bütün quyuları, ocaqxanaları bağlayırdılar, qazmanı saxlayır,
emalatxanalarda işi dayandırırdılar ki, yanğın düşməsin. Sonra da fontan
sahibindən ya xoşluqla, çox vaxt isə məhkəmə gücünə itki pulu, ziyan xərci
alırdılar.
Milyardlarla kubmetr qaz havaya uçub zay olurdu. Məşhur rus
kimyagəri D. İ. Mendeleyev 1885-ci ildə Bakıda olanda havaya sovrulan qazı
gələcəyin yanacağı adlandırır.
Keçmiş fontanlardan söhbət düşəndə qocaman mühəndis Şulqin
Serkey Vasilyeviç qəlyanını tüstülədib, nəql edirdi ki, «yatmışdım, böyrümə
vurulan bərk dürtmədən ayıldım, kim isə qulağımın lap dibində qışqırdı: «Dur,
quyu fontan vurur...» Tələsik geyindim. Bayırdan şiddətli uğultu eşidilirdi.
Binanın divarları titrəyir, dam cırıldayırdı. Bayırda yer-yerdən: «Fontan vuran
quyu kimindir?» soruşurdular, lakin cavab verən yox idi. Otaqdan çıxdım.
Səhər idi. Göy üzü ayazdı, üfüq qızarırdı. Kazarmalardan çıxanlar
dayanır, elə bil yerə mıxlanırdılar.
Neft sütunu göylərə baş qaldırırdı. Vışkanın yarısı yox idi, neft seli
qabağına çıxan tir, dirək, taxta, maşın, truba, dəmir parçalarını süpürləyib
aparırdı. Quyudan tullanan daş parçaları uzaqlara səpələnirdi. Heç nə eşitmək
olmurdu. Dəhşətli uğultu yəqin ki, ətraf kəndlərin sakinlərini də oyatmışdı.
Göydən neft yağırdı, adamların üst-başı neftdən islanır, üz-gözləri qapqara
qaralırdı. Xəzri güclənirdi. Neft sütunu gah azalır, gah da hündürlərə qalxırdı.
Sütun azalanda adamlar qabağa keçməyə can atırdılar və istəyirdilər ki,
əvvəldən hazırlanmış çuqun təbəqəsini quyunun ağzına qoysunlar, halbuki,
belə çuqun lövhələrlə xırda əl quyularının ağzını bağlayırdılar. Haraya əl
vurulurdu, yapışqan təki yapışırdı. Neft adamların topuğuna qalxırdı.
Neftxuda hələ uzaqdan neft sütununun hündürlüyünü görəndə dəhşətə
gəlmişdi. Neft seli baş götürüb ətrafa axırdı. Yaxınlıqda yaşayan adamların
çoxusu bayırda idilər.
Fontan anbaan güclənir, neft seli zirzəmiləri, daxmaları, evlərin birinci
mərtəbələrini basırdı, ətraf neft gölünə dönür, adamların apara bilmədikləri
downloaded from KitabYurdu.org
56
palaz, həsir, cır-cındır, yorğan-döşək neft gölündə üzürdü. Kişilər şalvarlarını
çırmalayıb, dallarında şələ, ayaqyalın neft içində qaçırdılar.
Əhlikeflər əhvalatı kazinoda eşidib fayton və qazalaqlarda fontana
tamaşa eləməyə gəlirdilər.
Qara dam və daxmaların çoxunu neft seli basıb zay etmişdi.
Quyu birinci həftədə gündə 20 min tondan çox neft püskürmüşdü.
Ziyan çəkmiş yüzlərlə adam məhkəməyə müraciət edib neftxudadan
zərər pulu iddia edirdilər. Əgər məhkəmə onların tələb etdikləri məbləğin onda
birini ödəməyi qərara alıb, hökm çıxarsaydı, sahibkar müflis olardı.
Neftxudanın tutduğu üç vəkil yuxularına haram qatıb əldən-ayaqdan
düşmüşdülər, iddiaçılardan əşyayi-dəlil və rəsmi sənəd tələb edirdilər.
İş axırda gedib mahal məhkəməsinə çıxdı, məsələ daha da qarışıq
düşdü. Camaata dəyən zərər o qədər böyük idi ki, heç kəs var-yoxu əlindən
çıxıb quru yurdda qalmış, dilənçi gününə düşmüş fəqir-füqəranın haqqını
tapdalamağa sürət edə bilmirdi; lakin divan-dərə xəsarət məbləğini azaltmağa
cəhd edirdi, zərərdidələr də öz növbəsində iddianın məbləğini artırırdılar.
Neftxuda mühasirəyə düşmüş ayı kimi vurnuxurdu, sudan quru
çıxmağa cəhd edirdi... Mədən çox zəngin idi, amma kimə əl açırdı, heç kəs
borc vermirdi...
Bir səhər süpürgəçi kontora gələndə sahibkarın özünü tavandan
asdığını gördü.
Bu fontan nəticəsində neftin qiyməti birə dörd azalmışdısa, pudu 50
qəpikdən 12 qəpiyə düşmüşdüsə də, müştəri tapılmırdı. Xırda mədənçilərin
çoxu müflis olmuşdu. Nəhəng firmalar qəsdən nöyüt çıxarmır, xırda
sahibkarların mədənlərinə yiyələnmək istəyirlər.
Fontan sahibi özünü asandan sonra zərər çəkmiş camaat başını
itirmişdi, ölünü, cənazəni mühakimə etmək mümkün deyildi...
Nobel qardaşları zərər çəkənlərdən, özü də həqiqi zərərin, onda bir
hissəsini ödəmək şərtilə mədəni almağa razı oldular.
O zaman ən ağır, ən çətin, ən qorxulu iş quyu qazmaq, neft çıxarmaq,
bir də neft təmizləmək idi. Ölüm, həmişə bu peşə sahiblərinin başları üstündə
hərlənirdi. Qabaqlar dayaz quyuları külüng və bel ilə qazırdılar; quyuların
dərinliyi az idi, zaman keçdikcə artdı, əlli, altmış, daha çox... Zəhərli qaz,
yeraltı sular, palçıq qazmaçıları bərk incidir, adamları əldən, taqətdən salırdı.
Dərinə getdikcə hava azalır, zəhərli qaz artır, iş ağırlaşır, yeraltı su təbəqələri
açılır, su basqını başlayır, quyu divarları uçub tökülür, tez-tez bədbəxt hadisələr
baş verirdi. Qəfildən fontan vuranda qazmaçının heç cəsədi də tapılmırdı.
Sevimli yazıçımız Abdulla Şaiq «Məktub yetişmədi» hekayəsində qazmaçıların
acınacaqlı, başdan-başa əziyyət, məşəqqətli həyatını, facianə ölümünü mahir,
realist qələmlə təsvir etmişdir.
downloaded from KitabYurdu.org
57
400-600 metr dərinlikdəki neft təbəqəsini texniki üsulla iki ilə, üç ilə
qazıb başa çatdırırdılar. Qəza baş verdikdə, iş günü podratçıya çox baha tamam
olurdu, quyuya düşmüş baltanı, ilişib qalmış avadanlığı çıxarmaq o qədər də
asan deyildi; aylarla əlləşirdilər; başqa dəstədən dəvət edilən təcrübəli ustaların
belə, çox vaxt əllərindən heç nə gəlmirdi; hər şey yerin altında, dərin quyuda -
göz görmür, əl çatmır; bütün cəhdlər hədər gedirdi. Belə günlərdə usta və
fəhlələrə podratçı maaşın ancaq yarısını ödəyirdi. Avadanlıq və cihazlar ibtidai
idi, Ustaların müşahidə qabiliyyəti və sənətkarlığı, duyğuları yeganə həlledici
vasitə idi. Təcrübəli qazmaçının qulaqları alətin səsindən, tərpənməsindən
süxurlar, təbəqələr barədə nəticə çıxarırdı.
Podratçılar texnikanı, yeniliyi sevmirdilər. Onların fikrincə ölçü
cihazları boş şeydir, yer haqqındakı geologiya elmi nağıldır, guya hər şey
ustadan asılıdır; vərdiş, sayıqlıq lazımdır. Xurafata da inam çox idi: düşənbə
günü yeni əməliyyata başlamırdılar, usta və fəhlələrin ayağı düşüb-düşməməyi,
xoş, ya da bəd qədəm olmasına yaman fikir verirdilər. Tək səbr gətirəni
döyürdülər...
Neft çıxardanların - dartayçıların işi qazmaçılarınkından heç də asan
deyildi. On iki saat ərzində bir saniyə belə dincəlmir, ağır jelonkanı qaldırıb
nefti boşaldır, təzədən quyuya sallayırdı. Səs-küydən qulaq kar olur, beyin
kütləşirdi. Dartayçı jelonkanın üst şkvaldan çıxmasına yol verməməli idi, əks
təqdirdə quyu iki-üç saat dayanırdı. Gecə növbəsində dartayçıların işi daha ağır
olurdu. Bir balaca ehtiyatsızlıq eləcə, fikrə getsə, mürgüləsə qəza baş verərdi.
Fikir və qorxudan dartayçılar tez qocalır, kar olur, əldən düşürdülər.
- Hər iki sənət sahibi çox vaxt qoldan, qabırğadan, beldən, qıçdan
şikəst olurdu. Dartayçıların və qazmaçıların çoxu iranlılar idi. Bu peşə güc,
dözüm və səbr tələb edirdi. Ehtiyac isə insanı ən çətin işlərə vadar edir. İranlı
fəhlələr ağzını açan kimi «həmşəri» deyib elə kötəkləyirdilər ki, bir də sürət
edib dinə bilmirdilər. Boğaza yığılıb rəhm və haqqını tələb edəndə, başını
qaldıranda quyuya atırdılar. Balaxanıda dörd nəfər fəhlə əl ilə qazılan ayrı-ayrı
quyuda uçan torpağın altında qalıb həlak olmuşdu. Pristava 100, okolodoçniyə
50 manat, konsul katibinə 25 manat xərclik verib, cinayəti ört-basdır
eləmişdilər. Belə hadisələr tez-tez baş verirdi.
Mədənlərin mənzərəsi acınacaqlı idi. Dərə-təpə, torpaq küçələr
üfunətli, çalalar peyinlə, mazutla dolmuşdu, göydən his yağırdı. Yağışda palçıq
dizə qalxır, qışda şaxta olur, yayda od yağır, içməli su yox... Xəzri qopanda
tozdan göz-gözü görmür, şəhər və mədən əhalisinin çoxu xəstələnirdi. Xırda,
rütubətli zirzəmilər, daxmalar, birmərtəbəli kazarmalar, qara damlar... Bu acı
həyatı, cəhənnəm mühitini, ağır fəhlə məişətinin mənzərəsini ilk dəfə Hüseyn
Cavid «Bakı» şerində böyük ustalıqla, eyni zamanda ürək ağrısı ilə, həzin bir
kədərlə təsvir etmiş və ümidini gələcəyə bağlamışdı.
downloaded from KitabYurdu.org
58
Böyük humanist şair axırda bütün ümidini gələcəyə bağlayır ki, fəhlə,
füqəra yalnız gələcəkdə nicat tapıb, ağ günə çıxacaq.
Neft
emal
edən
zavodlardakı fəhlələrin işi qazmaçı və
dartayçılarınkından heç də asan deyildi. Tez-tez yanğınlar baş verir, çənlər
partlayır, fəhlələr şikəst olur, ölürdülər...
Mədən və zavodlarda tez-tez baş verən yanğınlar çoxlu tələfata səbəb
olurdu. Neftə bulanmış ağac vışkalar, buruq ətrafındakı anbarlar və gölməçələr,
Üfunətli çalalar ətrafda cəhənnəm mənzərəsi əmələ gətirirdi. Yanğınlar uzun
sürürdü. Çünki qarşısını almaq üçün əməlli vasitə yox idi. Xəzri taxta
parçalarını ətrafa səpələyirdi, yanğın düşür, alov buruqlara keçir və hər tərəfə
yayılırdı. 1903-cü ildə Sabunçuda, cənub mədənində baş vermiş yanğından 130
buruq yanıb külə dönür. Belə vaxtlarda mədənlər qatı tüstü arxasında görünməz
olurdu.
Bibiheybətdə 1903-cü ildə güclü fontan vuran bir buruqda yanğın baş
verir və bir neçə həftə uzanır. Bunun da səbəbi qonşu buruqlardan birində
jelonkanın düşüb yanması olur. Alov ətrafdakı buruq və anbarlara yayılır, od-
alov sel təki axıb, qabağına çıxan hər şeyi alışdırıb külə döndərir. Bu yanğın
nəticəsində onlarca buruq, bir neçə kontor binası yanır. Sentyabrın doqquzunda
başlayan yanğını oktyabrın 10-da zorla söndürə bilirlər.
O vaxtlar «Neftyanoe delo» jurnalında yazmışdılar ki, 1900-1910-cu
on il ərzində Bakı mədənlərində 314 yanğın baş verib. 1503 buruq və çoxlu
bina yanıbdır. Orta hesabla ildə 31, ayda 3 yanğın baş verib...
Bibiheybətdə başqa bir yanğın o qədər güclü imiş ki, alovun şəfəqləri
90 kilometr uzaqlıqda yerləşək Mərəzə kəndindən görünürmüş. Deyilənə görə,
Şaban adında bir usta külli miqdarda pulla işi podrate götürür, tonlarla zəncir
alır, əlaltıları ilə furqonlara yükləyib, yanğın olan buruğa daşıtdırır; zəncirləri
tədricən quyuya doldurur və yavaş-yavaş od-alovu söndürür.
Neft təmizləyən və emal edən zavodlar, kükürd turşusu, mis əridən,
çuqun istehsal edən və digər (yüzdən çox) zavodlar Qaraşəhər və Ağşəhərdə
yerləşirdi. Küçələr boyu borular uzanırdı. Gecə-gündüz göydən his yağırdı, hər
şey qara rəngə boyanmışdı. Hava da zəhərli idi. hər şey, hətta quşlar, itlər,
pişiklər belə qapqara olardı. Bu arada tez-tez yanğınlar baş verər, iri çənlər
partlar, evlər, kazarma, barak, emalatxana zə zavodlar külə dönərdi. Fəhlələrin
əksəriyyəti vərəm və təngnəfəslik azarına tutular, tez qocalardılar. Çoxları
həmişəlik əlil olardı.
Mədənlərdə tez-tez baş verən güclü fontan zamanı bekar fəhlələri işə
cəlb edən xüsusi podratçılar dəstəsi vardı. Fəhlə aldığı halal əmək
haqqının iyirmi faizini podratçıya verməli idi, əks təqdirdə onu işə yaxın
qoymurdular. Podratçı öz növbəsində sahibkarı aldadıb işə cəlb edilən
fəhlələrin sayını çoxaldır, artıq pul alır və tez bir zamanda dövlətlənirdi.
Podratçı tikdirdiyi kazarmaları fəhlələrinə kirayə verirdi; onları vadar edirdi ki,
downloaded from KitabYurdu.org
59
ərzağı onun dükanından alsınlar. Çox vaxt malları nisyə verir fəhlənin
maaşından sələm də tuturdu.
Fontan baş verəndə, iş o qədər gərgin, ağır və çətin olurdu ki, bir neçə
fəhlə ölür, şikəst olurdu. Yuxarıda qeyd edildiyi kimi belə qorxulu işə girişən,
özünü ölümün pəncəsinə atanların əksəriyyəti iranlılar olardı; Vətəndəki xəstə
ata-analarına, çılpaq, ac-yalavac qardaş-bacılarına, arvad-uşaqlarına bir loxma
çörək qazanmaq üçün onlar işgəncəyə, təhqirə dözürdülər.
Fəhlələr heç bir rahatlığı olmayan darısqal baraklarda yaşayırdılar.
Barakın hündürlüyü iki arşındı, qalxanda başın tavana dəyirdi, qapısı, xırda bir
«pəncərə»si vardı. Uzunluğu beş, eni isə iki arşın olan torpaq döşəməli,
rütubətli daxmada yeddi adam yaşayırdı; yonulmamış taxtadan düzəldilmiş
taxtlar torpaqdan yarım arşın hündür olardı.
Fəhlələrin yaşadıqları kazarmalar dustaqxana kimi bir yer idi; damlar
dəlik-deşik, yağış içəri damırdı; çox vaxt balaca pəncərələrin şüşəsi olmazdı,
olanları da yarımsınıq; bina sahibi icarə pulunu alan kimi yoxa çıxar, iki-üç
ildən sonra yeni müqavilə bağlamaq üçün gələrdi. Podratçı isə binanı təmir
etməyə borclu deyildi, «otaqlara» mümkün qədər çox fəhlə yerləşdirərdilər.
Yüz adam yerləşə biləcək kazarmaya yüz əlli nəfəri salardı, daha çox kirayə
alardı, söz düşəndə misal gətirərdilər ki, darısqallığın eybi yoxdur. Təki bir-
birinizlə mehriban olun. Divarlardan asılan paltarlardan, patava və
ayaqqabılardan, ümumiyyətlə bütün binadan ürək bulandıran üfunət qalxırdı.
Buna yaşamaq demək olmazdı.
«Otaqlarda» balaca çıraq yanardı, tüstüsü işığından çox olardı, göz-
gözü görmürdü. Ağ neft nəhr kimi axıb daşan, bütün aləmə işıq və istilik verən
belə bir şəhərdə toranlıq, zülmət, acınacaqlı güzəran hökm sürürdü. Rotşildin
əzəmətli binası qarşısında axşam düşməmişdən səhər açılana qədər yanan qaz
fanarının bir gecədə ətrafa saçdığı işığı on kazarmadakı bütün qaraçıraqlar bir
ildə saçmırdı.
Meyxanaları, adətən, kazarmalara yaxın yerdə açırdılar: ac, yorğun,
canından bezar fəhlələr axşamlar dərdi-səri unutmaq üçün özlərini verirdilər
meyxanaya, çox keçmirdi ki, yumruq davası başlayırdı. Ayrı-ayrı millətlərdən
olan fəhlələrin arasında qəsdən ögey-doğmalıq yaradıb, nifaq salırdılar.
Sahibkarlar, mədən müdirləri, baş mühəndis və sıravi mühəndislərin
əksəriyyəti fəhlələrlə kobud rəftar edər, söyər, şallağı, qırmancı, çox vaxt
yumruqlarını işə salardılar; zülm ərşə qalxırdı. Xüsusi qoçu saxlayırdılar ki,
fəhlələrə divan tutsun, başlarını qaldırmasınlar.
İnqilabi mübarizənin qızğın çağlarında, fəhlələr zalım müdir və
mühəndisləri mədəndən qovurdular; onlar özləri də əvvəlki havadan
düşmüşdülər, səslərini qorxudan ucalda, əl-qol aça bilmirdilər, tək hərlənməyə
sürət etmirdilər. Fəhlələrin səbr kasası dolub-daşırdı. Azca yolundan azan
müdiri, mühəndisi, qulluqçunu xərəyə qoyub əl-qolunu sarıyır, üstünə qara neft
downloaded from KitabYurdu.org
60
töküb zibilliyə tullayırdılar. Həmin adam bir daha o həndəvərdə görünmürdü.
Hətta bir neçə zalım müdir və mühəndisin qollarını bağlayıb, üstünə mazut
töküb, beş-altı saat şalbandan asmışdılar, heç kəs, nə polis, nə jandarm ona
yaxınlaşmağa cürət etməmişdi.
Fəhlələr demokratik fikirli, vicdanlı, xeyirxah, bilikli, bacarıqlı,
xoşrəftar mühəndislərdən komitələrdə sədr seçər və konfranslara nümayəndə
göndərərdilər.
Mədən müdirləri, mühəndislər, inzibat-təsərrüfat qulluqçuları,
podratçılar Sabunçu və Suraxanıya kukuşkada gedib-qayıdırdılar. Yollarda
maraqlı söhbətlər olurdu. Birjada pul məzənnəsinin artıb-azalması, kimlərin
iflas olması, bankı kimin yardığı, şəhərə təzə rəqqasə və müğənni gəlməsi,
padşahlıqdan təzə fərmanlar, fontan və yanğınlar, mədən alıb-satmaqdan,
istiqrazdan, mülk alıb-satmaqdan, hərracdan, quyularda qəza baş verəndə neçə-
neçə fəhlələrin ölməyindən, ya şikəst olmağından, arvad almağından, qumarda
uduzub-udmaqdan, intihar edənlərdən, qoçuların atışmasından, alim və
mühəndislərdən, yeni texnikadan, quyuları su basıb neftin yoxa çıxmasından,
quşbazlıqdan, it boğuşdurmaqdan, qoç və xoruz döyüşündən, qəflətən iflasa
uğrayanların özünü öldürməyindən...
Birdən quyular neft əvəzinə su verməyə başladıqda buruq ustaları
suyun qabağını kəsib, çarə edə bilmirdilər. Sahibkarlar başlarını itirirdi,
başlayırdılar belə mədənləri satmağa, özü də ucuz qiymətə, avadanlıqları ilə bir
yerdə.
Məşhur geoloq Qolubyatnikov bu dərdə çarə tapdı. O, 1903-cü ildən
Abşeron yarımadasının və neft mədənlərinin geologiyasını, neft saxlayan
təbəqələrin xüsusiyyətini, neftin kimyəvi tərkibini, fiziki xassəsini, təbəqələrin
şıltaqlığını dərindən öyrənmiş və xüsusi neft yataqları geologiyası elmi
yaratmışdı. Yeraltı təbəqələr üçün xüsusi xəritələr və profillər tərtib eləmişdi.
Həkim xəstəliyi təyin edib, diaqnoz qoyduğu kimi, Qolubyatnikov da neft
yatağında baş verən dəyişiklikləri müəyyən edir, qazma, istismar və kəşfiyyat
üçün proqnoz verirdi. O, quyuların neft əvəzinə su verməyinin səbəblərini
müəyyənləşdirib
tədbir görmüşdü. Səbəblər bunlar idi: «quyuların
konstruksiyasının etibarsızlığı, güclü su təbəqələrinin yaxşı sementlənməməsi,
bağlanmaması, istismar borularının bərkidilməməsi və bunun da su basqını
üçün sərbəst şərait yaratması...». Onun göstərişi əsasında yeraltı su mənbələri
müəyyən edilib, sementlə bərkidildi; bununla da quyular təzədən neft verməyə
başladı. Mədənini satanlar peşman oldular. Mədən və neftli yerlərin qiyməti
təzədən qalxdı.
Acınacaqlı hal o idi ki, yerlilər xarici mütəxəssislərin qarşısında, xaric
adı çəkiləndə səcdə edirdilər. Bu da böyük bir faciə idi.
Xarici kapital Bakı nefti ilə o qədər bərk maraqlanırdı ki, əllərinə
düşən geoloji, elmi, texniki məlumatı o saat dərc edirdilər; nəticədə paradoksal
downloaded from KitabYurdu.org
61
vəziyyət yaranırdı. Abşeron yarımadasının və Bibiheybət yatağının
Qolubyatnikov tərəfindən tərtib edilmiş ilk geoloji xəritələri birinci dəfə
Rusiyada yox, Almaniyada çap edildi.
Gəlir verən və avamların çox olduğu yerlərdə fırıldaqçılar həmişə
özlərini qabağa verirdilər. Çoxlu yalançı alim, neftin harada gizləndiyini
müəyyən edən «sehrkarlar» kontorlara, mədənlərə soxulur və öz «kömək»
əllərini sahibkarlara uzatmağa can atırdılar. Onları dilə tutur, min bir əfsanə
deyirdilər. Bunlardan biri də Montvij-Montvil adında bir «alim» idi. O,
Bakıya gəlib, özünü faydalı filiz axtaran alim kimi qələmə vermişdi. Bu
«mütəxəssis» çox mötəbər, görkəmli, iri gövdəli, gözəl geyimli, gözlərində
sümük sağanaqlı eynək, əlində sehrli əsa gəzdirən bir qoca idi. Bu adamın nə
diplomu, nə də alim olması barədə heç bir sənəd yox idi. Özünün dediyinə görə
əlindəki sehrli əsa yer altında olan neft, su, dəmir və sair faydalı qazıntılardan
xəbər verirdi.
Montvij-Montvilə təklif edirlər ki, kabinetdə olan on beş qapalı
qutudakı maddələri təyin etsə, ona mühazirə oxumağa icazə verərlər; qoyulan
şərt ilə razılaşır.
Qutuları salona gətirirlər. Onların on ikisində başqa-başqa süxur
parçaları, dörd butulkada isə neft və su varmış; iki qutu isə bomboş imiş.
Montvij-Montvil sehrli əsasını xeyli oynadandan sonra butulkalardakı
neft, su və süxurların qızıl, boş qutuda isə ağır maddə, çox güman ki, dəmir
olduğunu söyləyir. Cəmiyyətin sədri qutuları açıb içərisindəki şeyləri «alim»ə
göstərib deyir: «elm şüma məlum şüd» - «Elminiz məlum oldu».
Amma buna baxmayaraq Montvij-Montvil bəzi adamların «qulaqlarını
kəsib» xeyli pul ala bilmişdi.
Müxtəlif millətlərdən olan var sahibləri bu şəhərə gəlib çoxlu
müəssisə və kontor açmışdılar. Özləri də diqqəti cəlb etmək, adamları
şirnikdirmək məqsədilə kontorları təmtəraqlı düzəldər, bahalı mebellər qoyar,
pəncərələrdən və qapılardan güllü xara, məxmər, yun pərdələr, tavandan
çilçıraqlar asar, döşəməyə gözəl xalçalar salardılar. Sarışın saçlı qızları, cavan
qadınları katibə, makinaçı və kargüzar təyin edərdilər.
İşgüzar adamlar pulu təkcə mədən salmaq, zavod tikməklə
qazanmırdılar. Onlar çox vaxt ziyan da gətirə bilərdi, mədəni, zavodu
düşmənçilikdən, paxıllıqdan yandırar, avadanlığı korlaya bilərdilər...
Başqalarının çıxardığı nefti ucuz alıb baha satmaq, birja oyunlarında
iştirak etmək, torpaq və sairə şeylərin ticarətilə daha asan varlanmaq olardı.
Min bir yolla pul qazanmaq adətə keçmişdi. Şirkət düzəldib payçıların pulları
ilə milyona sahib olanlar da vardı. Çoxları - Mantaşevlər, Dadaşovlar və
sairləri nüfuzları ilə alış-veriş edirdi; onların familiyası, adı siyahıda olanda iş
yağ kimi gedirdi.
downloaded from KitabYurdu.org
62
Xırda kontorlarda da iki cür haqq-hesab aparırdılar: qondarma və
həqiqi. Çox vaxt müəssisənin maliyyə qüvvəsini, əşya və avadanlıqların
qiymətini qat-qat artırmaqla şişirdirdilər ki, banklardan daha çox vəsait ala
bilsinlər. Sonra da müflis olduqlarını elan etməklə sərvət qazanırdılar. Əksər
hallarda xırda aksiya sahiblərinin var-yoxu öllərindən çıxırdı.
İşgüzarlar iri brilyant, yaqut, zümrüd qaşlı üzük taxmadıqda, qızıl
təkbənd bağlamadıqda maliyyə və ticarət aləmində şübhəyə səbəb olurdu, o
adam etibarını itirirdi; bu hal veksellə aldığı borcu vaxtında qaytarmamağa,
iflasa uğramamağa bərabər hesab oluna bilərdi.
Dostları ilə paylaş: |