Manaf süleymanov



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə14/17
tarix06.06.2020
ölçüsü2,43 Mb.
#31627
1   ...   9   10   11   12   13   14   15   16   17
KY0000435

Fəhlələrin  müraciəti:  «Fəhlələrin  top-tüfəngi  yoxsa,  tətili  var.  Bizi 
həbs  etsələr  də  razı  olmarıq  ki,  silah  və  maşınlarımızda  bolşeviklərin  üstünə 
getsinlər.  Denikin  onları  əzəndən  sonra  üstümüzə  gələcək.  Donanmaçıları 
həmrəyliyə çağırırıq». «Cümlə cahan füqərayi kasibəsi, birləşin!», «Yoldaşlar! 
hürriyyət  günəşinin  qabağını  qara  buludlar  örtməkdədir.  Taci-taxtı  sərnigün 
olmuş  Nikolay  Romanovun  cəllad,  xunxar  yarananları  əllərindən  getmiş 
ağalıqlarını  qaytarmaq,  əsrlər  boyu  burda  yaşayan  xalqları  təzədən  əsarət 
zəncirilə buxovlamaq istəyirlər. Çarizmi bərpa etməyə çapalayırlar». 
«Dağıstan  xalqı  qaragüruh  generallarla  vuruşur.  Nikolay  dövründə 
İranda  olan  bir  yürüşdə  neçə  min  adam  qırmış,  müstəhid  Məlikül 
Mütəkəllümeyni  dar  ağacından  asmış  Lyaxov  indi  dağıstanlıları  yer  üzündən 
nabüd etmək istəyir. Mütləqiyyət və sərvətin, istibdad və zülmdən xilas olmağa 
downloaded from KitabYurdu.org

192 
 
çalışanların  hamısını  «Hümmət»  firqəsi  dağıstanlılara  yardıma  çağırır. 
Dağıstandan sonra  növbə bizə çatacaq. Zülmlə ədalət çarpışır. Bütün füqərayi 
kasibə bir ordunun əfradıdır». 
«Silah  başına!  Denikin  gəlir.  Nikolay  generalı  gəlir.  Boynumuzu 
yaralayıb qanatmış əsarət boyunduruğunu təkrar boynumuza salmaq üçün gəlir. 
Ayaqlarımızı və əllərimizi iflis edən qandalları və dəmir zəncirləri, dar ağacları 
və ölüm gətirir, Dağıstan istiqlalını məhv edib, süngülərini ürəyimizə dayayıb, 
xunxar hərif bizi məhv etmək istəyir. Gənclər! Silaha sarılın! Zavallı ana Vətən 
bunu  tələb  edir...  Arxanızı  təmin  etməyi  unutmayın!  Daxili  Denikin  daha 
dəhşətlidir.  Casuslar,  sabiq  Nikolay  məmurları,  Nikolaypərəstlər  arxadan 
zərbəyə hazırlaşırlar». 
«Ölmək  qul  olmaqdan  şərəflidir.  Dağıstan  bizə  ibrət  dərsi  olmalıdır. 
Yaşasın  cahan  inqilabı!  Əsrdən  100  il  dala  qaldıq;  tamaşaçı  olduq.  Qonşular 
çoxlu  mütəxəssis  hazırladı.  Sevindik  ki,  naloq  veririk,  əsgər  aparmırlar.  Buna 
həm  çar,  həm  yerli  irticaçılar  müqəssirdir.  Hər  şeyi  indi  iki  daş  arasında 
hazırlamalıyıq». 
Denikin  qorxusu  qara  həyula  təki  bütün  şəhərdə,  evlərdə,  küçələrdə, 
çayxanalarda, 
restoranlarda, 
bazar-dükanda, 
meydanlarda, 
zavod 
və 
fabriklərdə,  mədənlərdə  və  körpülərdə  hərlənir,  hamını  və  hər  kəsi  təhdid 
edirdi.  Əhali  silaha  sarılırdı.  «Yardım  alayı»  təlim  keçirdi.  Məşq  edirdilər. 
Vətəni müdafiə etməyə hazırlaşırdılar. Bütün zəhmətkeşlər millət, din, məzhəb 
nəzərə almadan qara Denikindən vətəni qoruyacaqdılar. 
Bir  dəfə  «Yardım  alayı»  və  fəhlələr  əllərində  məşəllər  gecə  yarıya 
qədər küçələri gəzə-gəzə «Denikinə ölüm!» qışqırdılar. 
Bunlara  baxmayaraq  gündüzlər  narahat,  gecələr  vahiməli,  qorxulu, 
yuxusuz keçirdi. Dinc həyat yox idi, azad nəfəs almaq olmurdu. 
Bütün  bu  iztirab,  dəhşət  və  qorxular  iyirminci  ilin  yanvar  ayının 
əvvəllərində bolşeviklər Saritsində Ağ ordunu - Denikini darmadağın edəndən 
sonra günəşin üzünü örtən qatı qara buludlar dağılmağa başlayanda sona çatdı. 
Nadanlıq  qurbanı.  Bazar  (Hüsü  Hacıyev)  küçəsindən  azca  yuxarıda 
Serkov  (Vidadi)  küçəsində  atılan  güllə,  böyük  bir  əks-səda  yaratdı.  Novruz 
bayramı ərəfəsində Azərbaycan səhnəsinin istedadlı aktyoru Hüseyn Ərəblinski 
namərd gülləsinin qurbanı oldu. 
Mədəniyyətimizin  salnaməsinə  qara  hərflərlə  yazılacaq  bu  xəbər 
ildırım sürəti ilə  şəhərə  yayıldı. Azərbaycanlı, rus, yəhudi ziyalıları, incəsənət 
xadimləri, bütün əhali gözlənilməz qara xəbərdən sarsıldılar. 
Mart ayının yeddisində, səhər saat ondan camaat mərhumun yaşadığı 
evin  qabağına  axışmağa  başladı.  Tezliklə  ətraf  küçələrdə  adam  əlindən 
tərpənmək olmurdu. 
downloaded from KitabYurdu.org

193 
 
Yeganə  qardaşını  itirmiş  ağı  deyən  bacının  naləsindən,  qəmli 
avazından  təkcə  müsəlmanlar  yox,  ruslar,  yəhudilər,  sözləri  başa  düşməsələr 
də, ifadə tərzindən, yanıqlı ahəngindən dərin faciənin mənasını duyurdular. 
Cənazəni  qaldırmamışdan  əvvəl  qısa  mitinqdə  mərhumun  bacısı  qara 
libasda hönkürtü ilə göz yaşları axıda-axıda, üzüntülü və ürəkyandırıcı bir dildə 
camaata  xitab  edir:  «Tək  qardaşımın  ana  və  bacıdan  başqa  kimsəsi  yoxdur... 
Yalvarırıq,  qatilə  ən  ağır  cəza  verdirin,  qoymayın  Hüseynin  nahaq  axıdılmış 
qanı yerdə qalsın...». 
Cənazəni  Təzəpir  məscidinə  aparırlar.  Meyit  namazı  qılınır,  matəm 
mitinqi başlayır, natiqlər mərhumun bir sənətkar kimi xalqa göstərdiyi misilsiz 
xidmətindən  danışırlar.  Səhnəmizin  mahir  ustadının  uzun  illər  əleyhinə 
mübarizə  apardığı  cəhalətin,  nadanlığın  qurbanı  olduğunu  söyləyirlər.  Tabutu 
məsciddən  qaldırıb,  orkestrin  çaldığı  həzin  matəm  təranələri  və  nəğmələri 
altında Quberniski (Nizami) küçəsinə gətirib, Hacıbəyov qardaşları müdiriyyəti 
idarəsinin 
qarşısında  saxlayırlar...  Bəstəkar  Üzeyir  atəşin  nitqində 
Ərəblinskinin  fitrətən  böyük  aktyor  və  istedadlı  rejissor  olduğunu  söyləyir. 
Müsəlman artistləri tərəfindən Məhəmmədəli Sidqi danışıb Hüseynin ömrünün 
bahar çağında amansız xəzana tutulduğunu, səhnəni tərk etdiyini, facianə qətl 
edildiyini  yanıqlı  bir  dillə,  təəssüflə  bəyan  edir.  Müsəlman  şagirdləri  adından 
Bakı texniki məktəbinin şagirdi, (gələcəyin məşhur dramaturqu) Cəfər Cabbarlı 
ağlaya-ağlaya  danışır:  «Bu  təlatümlü,  qeyri-sabit,  ixtişaşlı  dövrdə,  dünyanın, 
xüsusən  Bakının  bu  ağır  günlərində,  duman  və  tüstüyə  bürünmüş  mühitdə 
böyük  sənətkarı  qatil  etdilər.  Üfüqdə  bahar  havası  duyulur,  ana  təbiət  ayılır, 
qarlar əriyib çaylar daşır, təbiət oyanıb hər yeri yaşıl örtüyü ilə bəzəyir, çiçəklər 
yer-yerdən  baş  qaldırır,  səhralarda  və  meşələrdəki  yaz  təravəti  insanlara  ümid 
verir, qışın tufanından, şaxta və soyuğundan sonra hər yerdə yeni həyat nəfəsi 
duyulur. İctimai, siyasi həyatda insan tarixi dəyişdiyi kimi, təbiətdə də dəyişmə 
gedir.  Şaxtalı  qışı  gülərüz  yaz,  şən  bahar  əvəz  edir.  Yeni  il  bayramı,  novruz 
şənlikləri  yaxınlaşır,  bütün  insanlar  bu  şənliyə  hazırlaşdığı  bir  vaxtda, 
gözlənilmədən şiddətli qara xəzan yeli, səmum küləyi əsib pak, günahsız, təmiz 
insanı, sənət aşiqini aramızdan aparır. Xalq sənətkarı, yüksək qayələr məftunu 
Hüseyn Ərəblinski bizi tərk edir... Əlvida, xalqının böyük sənətkar oğlu». Səfər 
özünü  toxdada  bilmir,  yol  boyu  göz  yaşı  axıdır.  Onun  əynindəki  texniki 
məktəbin  qara  rəngli,  rəsmi  paltarı  bu  qanlı  qara  matəmlə  həmahəng  idi. 
Tabutu qəbiristanlığa aparırlar. 
İzdiham sel kimi axırdı. Tabut və mafə güllərlə bəzədilmişdi. Camaat 
böyük  gül-çiçək  əklilləri  aparırdı.  Mərhumun  bir  neçə  portretini  müəllimlər, 
artistlər əllərində aparırdılar, Yol uzunu  musiqinin ürək  yandıran təranələri  və 
matəm  nəğmələri  susmurdu.  Bələdiyyə  idarəsi  ilə  üzbəüz  olan  «Müqəddəs 
Nina»  məktəbinin  qabağına  çatanda  cənazəni  saxlayırlar..  Müəllimlərdən  bir 
nəfər  Ərəblinskinin  səhnəyə  göstərdiyi  böyük  xidmətlərindən  danışır. 
downloaded from KitabYurdu.org

194 
 
Müsəlman ziyalıları tərəfindən Xəlil İbrahim mərhumun səhnəyə göstərdiyi on 
yeddi  illik  fədakar  xidmətini  nəql  edir.  Şair  Salman  Mümtaz  gözəl,  dərin 
mənalı,  kədərli,  şairanə  bir  nitq  söyləyir  və  mərhumun  az  vaxtda  çox  iş 
gördüyünü,  onun  məharətlə  ifa  etdiyi  rolları  görüb,  Türküstan  tamaşaçılarının 
qəlbdən alqışladıqlarını, indi onların da matəm tutduqlarını deyir. 
Müsəlman tələbələri tərəfindən hənifi Zeynallı danışır. 
Cənazəni qaldırıb, qəbiristana (indiki Dağüstü parka) qədər əl üstündə 
aparırlar.  Meyiti  qəbirə  qoyandan  əvvəl  qocaman  artist  Mirzə  Muxtar 
Məhəmmədov  cənazə  ilə  vidalaşır:  «Hüseyn,  mən  də  tezliklə  dalınca 
gələcəyəm...  Tez...  çox  tez  gələcəyəm.  Səni  qara  torpaq  altında  tək  qoya 
bilmərəm... Gərək sinin yerinə mən öləydim. Bu xalqa, bu millətə sən daha çox 
lazım  idin.  Cəhalətin,  nadanlığın  qalın,  qara  pərdəsini  parçalamaq  üçün  sənin 
şimşək  təki  çaxan  istedadın  mənim  kimilərinin  minini  əvəz  edərdi...  Əlvida... 
əzizim». Musiqi təranələri altında meyiti torpağa tapşırırlar. 
Yaşlı  adamlar  deyirdilər  ki,  bu,  şəhərdə  (Həsənbəy  Zərdabinin  dəfn 
mərasimindən  sonra)  ikinci  ən  izdihamlı,  ən  kədərli  matəm  mərasimidir  ki, 
milliyyətindən asılı olmayaraq bütün Bakı camaatı küçələrə tökülmüşdü. 
Faciənin  əsl  səbəbi,  deyilən  mülahizələrdən  birinə  görə  vəhşi,  nadan 
qısqanclıq  imiş.  Tatyana  Maslennikova  adlı  bir  xanəndə  qadın  kazinoda, 
restoranlarda kitarada özü çalar, özü də oxuyardı, gözəl vz qəşəng olduğu qədər 
məlahətli  səsi  vardı.  O,  oxuyanda  salonda  adam  əlindən  tərpənmək  olmurdu. 
Hüseyn  bir  sənətkar  kimi  Tatyananın  həm  səsini,  həm  də  gözəlliyini 
qiymətləndirirdi. Tatyana isə Hüseynə məftun idi. Ailəvi gediş-gəlişləri   vardı. 
Xudmani məclislər qurub öz dostları, yaxın adamları ilə bir yerdə çalıb-oxuyar, 
o qaranlıq mühitdə vaxtlarını xoş keçirməyə çalışar-dılar. hüseynin dayısı oğlu 
da  demə  Tatyanaya  «vurulub-muş»  və  onu  pul  gücünə,  ya  da  zorla  ələ 
keçirməyə,  ram  etməyə  cəhd  edirmişsə  də,  cəhdləri  boşa  çıxır,  hər  dəfə  oxu 
daşa  dəyirmiş.  «Bəxtinin»  gətirmədiyinin  günahını  Hüseyndə  görür,  onu 
müqəssir  hesab  edir  və  bu  maneəni  aradan  qaldırmağı,  rəqibini  yolundan 
çıxarmağı qərara alır və Hüseyni qətl edir. 
Bakı  deposunun  fəhlələri  nümayişə  çıxıb  Ərəblinskinin  qatili  üçün 
ölüm cəzası tələb edirlər. Uzaq Tiflis şəhərindən dram dərnəyi artistləri onların 
səsinə səs verirlər. 
Mərhumun  qətlindən  on  bir  gün  sonra  Ərəblinskinin  arvadı  Asiya 
xanım  Bakı  qubernatoruna  ərizə  verib,  məlum  edir  ki,  Hüseyni  öldürən  cani 
Salam  Zeynalovu  həbsdən  azad  ediblər.  Qatil  Asiyanı  da  ölümlə  təhdid  edir. 
Asiya qubernatordan kömək istəyir. 
Hüseynin dəfnindən iki ay yarım sonra Nəriman Nərimanovun «Nadir 
şah  Əfşar»  faciəsi  tamaşaya  qoyulur.  Məqsəd  Hüseyn  Ərəblinskinin  qəbiri 
üstünü  götürmək,  kimsəsiz  qalmış  qoca  anasının  məişətini  qismən  də  olsa 
təmin  etmək  idi.  «Nadir  şah»  əsəri  həm  maddi,  həm  də  mənəvi  cəhətdən  ən 
downloaded from KitabYurdu.org

195 
 
müvafiq  əsər  hesab  edilirdi.  Bütün  aktyorlar  küçələrdə  bilet  satırdılar.  Teatr 
kassası səhərdən axşama qədər açıq idi... Bu məqsədlə ianə də qəbul edilirdi və 
ianə verib, kömək göstərən adamların adları qəzetdə elan  edilirdi. Nadir şahın 
rolunu  Abbas  Mirzə  Şərifzadə,  mərhum  Hüseynin  öz  zövq  və  səliqəsilə 
tikdirdiyi Nadir şah libasında çıxış edəcəkdi. 
*  *  * 
Elə  bu  zaman  məşhur  aktyor,  «Ölülər»  pyesində  Şeyx  Nəsrullah  və 
Kefli İsgəndər obrazlarının ən məşhur ifaçısı, «Molla Nəsrəddin»çi mühərrir və 
şair Əliqulu Qəmküsarın da Tiflisdə qətl edildiyi qara xəbərini teleqrafla xəbər 
verirlər.  Bakı  ziyalıları  onun  üçün  də  matəm  tutdular.  Onun  yaxın  dostu, 
məşhur  xalq  artistimiz  Mirzağa  Əliyevə  yadigar  göndərdiyi  əksinin  arxasında 
yazdığı «Həsb-hal» şeri dərc edilir: 
 
Təsviri pür məlalımı mütləq görən zəvat  
Anlar keçirmişəm necə əfsürdə bir həyat,  
Gəldim cahanə sanki həmişə bəla çəkəm
 Könlümdə vardı min əməlü, min təhəssürat,  
Dünyada bir məram dilim hasil olmayır,  
Yağı olub mənə bütün icrami kayinat.  
Bəs kim düşünmüşəm qırışıbdır üzüm,  gözüm,  
Zaye edib vücudumu iş bir təfəkkürat.  
Sinnim otuzda tüklərim iştə bəyaz olub.  
Keçmək sifarişin yetirib qasidi məmat.  
Qalmıb ümid, çünkü həyatın bəqasinə,  
Əksim götürtmüşəm qala bəlkə xatirə. 
 
Elə  bil  yaxın  zamanda  həyata  vəda  edəcəyini  duyubmuş.  Mirzağa 
«Həsb-hal»  şerini qəzetdə bu  qısa  məktubla dərc etdirmişdir:  «Əziz  yoldaşım. 
Doğrudur,  ölmək  təbiidir.  Amma  bu  tövr  nahaq,  xunxar  qatil  əlində  ölmək 
ciyərimi  parça-parça  etdi.  Artist  yoldaş.  Sənin  o  vəhşi  qatilin  nəinki  tək  şer 
aləminə, həm də bizim əlimizdən almaqla səhnəyə böyük zərbə vurdu. Sevgili 
yoldaşım. Bu axır  vaxtlarda  mənə  yadigar olaraq göndərdiyin  əksinin dalında 
yazdığın  «Həsb-hal»dan  görünürdü  ki,  həqiqətdə  dünyadan o qədər incimisən 
ki,  ölməyi  istəyirmişsən.  Qoy  sənin  bu  küskün  halını  mən  də,  şer  və  səhnə 
dostlarına xəbər verim, qoy onlar da oxusunlar». 
Ordu  Bakıya  gəlir.  Çar  dövründə  müsəlmanlardan  əsgər  aparmayıb, 
bunun əvəzində vergi alırdılar. 
Oktyabr  inqilabından  sonra  üç  burjuaziya  partiyası:  gürcü 
menşevikləri, daşnaklar və müsavatçılar Zaqafqaziya komissarlığı yaratdılar və 
1917-ci ilin dekabr ayında gürcü, erməni, müsəlman və rus milli korpuslarının 
təşkilinə  başladılar.  Bu  məsələdə  müsəlmanların  vəziyyəti  çox  ağır  idi,  çünki 
downloaded from KitabYurdu.org

196 
 
onların heç  bir silahlı dəstəsi  yox idi.  Qərb cəbhəsindən  Zaqafqaziyaya  gələn 
birinci  «Tatar»  süvari  polkunu  müsəlmanlar  bu  məqsəd  üçün  istifadə  etməyi 
qərara  aldılar,  bu  yeganə  silahlı  dəstə  idi  ki,  az-çox  kara  gələ  bilərdi.  «Tatar» 
polku keçmişdə «Dikaya diviziya» tərkibindəki alaylardan biri idi. 
Korpus  düzəltməyə  başladılar;  kağız  üzərində  korpus  və  iki  diviziya 
ştabları yaradıldı; nə zabit və nə də əsgər vardı. Azərbaycandan adam yığmaq 
nəzərdə  tutulurdu.  Bu  məqsəd  üçün  1918-ci  ilin  fevral  ayında  korpusa  daxil 
ediləcək birinci piyada diviziyasının qərargahı Bakıya köçürülür ki, birinci atıcı 
polku  və  başqa  hissələr  yaradılsın.  General  Mehmandarovun  başçılığı  ilə 
qərargah  üzvləri  şəhərə  varid  olanda  tutub  dustaqxanaya  salırlar.  Həmid 
Sultanovun  xatirələrində  yazdığına  görə,  sonra  da  taktiki  mülahizələrlə  azad 
edilirlər. 
Tiflisdə  belə  korpus  yaratmağa  başladılar.  Lakin  cəlb  edilən  adamlar 
təlim üçün aldıqları silahı, paltarı və çoxları atı da götürüb qaçırdılar evlərinə, 
tapıb qaytarmaq da olmurdu. Beləliklə vəziyyət çox ağır və acınacaqlı idi. 
1918-ci  ilin  mart  ayının  əvvəlində,  Trabzonda  türklərlə  Zaqafqaziya 
Seymi  arasında  danışıqlar  başlayır.  İlk  iclasda  türklər  Zaqafqaziya 
komissarlığının  dövlət  və  siyasi  cəhətdən  heç  bir  hüququ  olmadığını  iddia 
edirlər. Buna görə də komissarlıq tez Zaqafqaziyanın Rusiyadan ayrıldığını və 
sərbəst dövlət olduğunu elan edir, federativ respublika yaradır. 
1918-ci  il  may  ayının  25-də  Seym  öz-özünü  buraxır  və  Zaqafqaziyə 
ərazisində üç milli: gürcü, erməni və Azərbaycan respublikası əmələ gəlir. 
1918-ci il may ayının 28-də milli şura azad Azərbaycan  yaradıldığını 
elan  edir,  əlbəttə,  Gəncədə  olan  Türk  İslam  ordusunun  baş  komandanı  Nuru 
paşanın razılığını alandan sonra. 
Müsəlman  korpusu  Tiflisdən  Gəncəyə  gəlir  və  Azərbaycan  korpusu 
adlandırılır. Onun varidatı və hərbi müxəlləfatı var-yox bir neçə topdan və bir 
də az miqdarda atlardan ibarət idi. 
Çar ordusunun silah arsenalı bütünlükdə xristianların əlində idi. 
1918-ci il iyulun 11-də türklər Azərbaycanda 1894 və  1899-cu   ildə 
anadan  olanları orduya çağırır. 
1919-cu  ilin  sonunda  toplanan  əsgərlərin  yaşadıqları  bir  neçə 
kazarmanı general Səmədbəy Mehmandarov yoxlayanda dəhşətə gəlir və yazır: 
«Hər  yerdə  bir-birindən  pis,  eyni  acınacaqlı  mənzərəyə  rast  gəlirdim. 
Adamların görkəmi miskin, qida olduqca pis; yoxlayanda qabdakı qaynar suda 
tək-tük  kələm  yarpağı  üzürdü...  Binalar  rütubətli,  nə  çarpayı,  nə  taxt  və  nə  də 
yorğan-döşək  vardı.  Əsgərlər  yaş  torpaq  üstündə  üstü-açıq  yatırdılar; 
pəncərələrin çoxunda şüşə yox idi. Atlar bir dəri, bir sümük idi, atdan çox əcaib 
bir heyvana oxşayırdılar, yarıdan çoxunu qoturluq basmışdı. 
downloaded from KitabYurdu.org

197 
 
Təəccüblü bir şey  yoxdur. Madam ki, adamlar ac-yalavac, ayaqyalın, 
başıaçıq,  özləri  də  nahaq  yerə  tez-tez  kötəklənirdilər,  ata  kim  baxacaq..,  Belə 
vəziyyətdə hərbi  xidmətə nifrətdən  başqa heç nə  gözləmək olmaz...». 
Yuxarıdakı  vəziyyət  ömürlərində  əsgərliyin  nə  olduğunu  bilməyən 
kəndli balalarını hürküdüb-qorxudur və fərariliyə vadar edirdi. 
1918-ci il noyabrın 6-da Müsavat hökumətinin hərbi nazirliyi yaradılır 
və  onun  portfelini  hökumət  başçısı  götürür.  Nazirliyi  təşkil  etmək  general 
Səmədbəy  Mehmandarova  tapşırılır,  özü  də  hərbi  nazir  müavini  təyin  edilir. 
Sonra da hərbi nazir olur. 
Birinci növbədə baş qərargah və ordu polkları yaradılır. 
Krımdan  gəlmiş  sabiq  Krım  hökuməti  başçısı  general  Sulkeviç  baş 
qərargah  rəisi  təyin  edilir.  Lakin  Mehmandarovla  aralarında  münaqişə 
olduğundan o istefa verir. 
Ordu  isə  hələ  yox  idi.  Türklər  Bakını  alandan  sonra  Azərbaycan 
korpusu yaradılır və polkovnik Səlimov müvəqqəti komandir təyin edilir. O da 
yazdığı  məxfi  məlumatda  qeyd  edir  ki,  ordu  kağız  üzərindədir.  Adı  var,  özü 
yox.  Atlar  acınacaqlı  haldadır.  Lazımi  miqdarda  top  var,  amma  topxana 
qurmağa nə zabit, nə at, nə də müxəlləfat var. Əsgərlər cır-cındır içində, hamısı 
ayaqyalın, nə corab, nə çarıq... Kəndə göz dikib, məqam tapan kimi qaçırlar... 
Zabitlərin  də  vəziyyəti  o  qədər  yaxşı  deyildi.  Başqa  idarə 
məmurlarının maaşları 100-150 faiz artırıldığı halda, zabitlər unudulmuşdu. Elə 
bil ögey uşaqdılar... Pul da gündən-günə qiymətdən düşürdü. 
Boş, susuz səhrada məskən salmaq kimi hesab edilən ağır bir şəraitdə 
general Səmədbəy Mehmandarov ordu yaratmağa başlayır. 
Bu fövqəladə istedad sahibi sərkərdənin tərcümeyi-halını qısa da olsa 
təsvir  etmək  vacibdir.  1856-cı  ildə  Lənkəranda  doğulub.  Atası  zadəgan 
Sadıqbəy meşə idarəsində qulluq edirmiş; xasiyyəti cod, tündməcaz kişi imiş. 
Səmədbəy  Bakıda  gimnaziyanı  əla  qiymətlə  bitirib  Peterburqa  gedir  və  2-ci 
Konstantin  topçu  məktəbinə  daxil  olur.  Zəka  və  qabiliyyətinə  görə  böyük 
hörmət qazanır. 1875-ci ildə təhsilini başa çatdırıb, topçu praporşik rütbəsi alır. 
Sibirə  xidmətə  göndərilir.  İlk  dəfə  1900-cü  ildə  hərbdə  məharət  və  istedadını 
nümayiş  etdirir.  Həmin  il  avqustun  üçündə  çinlilərlə  olacaq  döyüşdə 
generaldan əmr alır ki, Tsitskar şəhərindən qaçmağa cəhd edəcək adamları top 
atəşinə tutsun və bununla çin əsgərlərinin aradan çıxmasına mane olsun. 
Çinlilər  şəhərdən  əliboş  çıxanda  Mehmandarov  silahsız  adamları 
qırmaqdan boyun qaçırır, atəşə tutmur. Generalla mübahisə edir. Hədələnir və 
hərbi  səhra  məhkəməsinə  verilməklə  təhdid  edilir.  Vadar  olub  top  atəşini 
çinlilərin  başları  üstündən  uzağa  yönəltdirir  və  qaçanların  şəhərə  qayıtmasına 
nail olub, qan axıtmadan şəhəri tuturlar. 
Sonralar  bir  il  Peterburqda  topçu  zabitlər  məktəbində  təkmilləşmə 
kursunda oxuyur. 
downloaded from KitabYurdu.org

198 
 
1904-cü  ilin  yanvar  ayında,  rus-yapon  müharibəsi  başlayanda  Port-
Artur  qalasına  göndərilir.  Qalanın  müdafiəsi  məşhur  general-mayor 
Kondratenkoya  tapşırılmışdı.  Şücaətinə  görə  sonralar o, Port-Artur qəhrəmanı 
adı ilə məşhur olmuşdu. 
Qalada  ən  mühüm  obyekt  hesab  edilən  Şərq  cəbhəsinin  topçu 
qüvvələrinin  rəisliyi,  ən  igid  zabitlərdən  biri  sayılan  Mehmandarova  həvalə 
edilir. Bura daima təhlükə altında idi, Şərq cəbhəsini düşmən zəbt edə bilsəydi, 
bütün qalaya asanlıqla yiyələnəcəkdi. 
General  Ə.  A.  Şıxlinski  xatirələrində  yazır  ki,  «Oktyabrın  14-də 
düşmən qalanı topa tutanda Səmədbəy mənim mövqemə  gəldi. Yaponlar bura 
11  düyməli  topdan  tutmuş,  27  millimetrlik  xırda  dəniz  topuna  qədər  müxtəlif 
ölçülü  qoplardan  atəş  açırdılar.  Mövqeyimiz  həm  də  tüfəng  və  pulemyot  atəşi 
altında  idi.  Mehmandarovun  lap  yaxınlığında  6  düyməli  qumbara  partladı, 
ətrafa  qəlpələr  və  qara  palçıq  sıçradı.  Səmədbəyin  üst-başını  buladı,  lakin 
yaralanmadı.  Vecinə  almadan  çox  soyuqqanlı  halda  cibindən  çıxardığı  ağ 
yaylıqla üst-başını bulamış palçığı təmizlədi. 
Dekabrın  16-da  çağırılan  hərbi  şurada  qalanın  müdafiəsini  davam 
etdirməyi təkidlə təklif edir. 
Yaponlar Şərq cəbhəsinin ən həssas məntəqəsi Drakon dağ silsiləsini 
tutandan sonra, general Stessel qalanı təslim edir. 
1908-ci  ildə  Səmədbəy  Mehmandarova  general-leytenant  rütbəsi 
verilir. 
Mehmandarovun  adı  gələndə  topçu  akademiyasını  bitirmiş  və  digər 
görkəmli  qoşun  hissələri  generalları,  bütün  ərkan  hərb  zabitləri  hörmətlə, 
iftixarla onu tərifləyirdilər,  qibtə  və həsəd  çəkənlər   də  az deyildi. 
Birinci dünya müharibəsi ərzində, 1914-1918-ci illərdə Mehmandarov 
21-ci  piyada  diviziyasının  rəisi  olmuş,  Avstriya-Almaniya  cəbhələrində 
vuruşmuş,  məşhur  Lodz  əməliyyatında  misilsiz  məharət  və  şəxsi  igidlik 
göstərmişdi. Bu diviziyaya 81-ci Abşeron, 82-ci Dağıstan, 83-cü Samur və 84-
cü Şirvan piyada polkları daxil edilmişdi. Sonra 2-ci Qafqaz ordusunda korpus 
rəisi  təyin  edilmişdi.  Özünə  və  başqalarına  qarşı  tələbkar,  əsgərə  ata  qayğısı 
bəsləyən,  namuslu,  düz  danışan,  adamlara  sözlə  və  işlə  kömək  edən  general 
Mehmandarovun  yaltaqları,  yalançı,  oğru,  əliəyri  və  rüşvətxorları  görən  gözü 
yox  idi.  İgidlik  və  mərdliyə  görə  neçə  dəfə  qızıl  silahla,  hərbi  məharəti  üçün 
Stanislav, Vladimir və Georgi ordenlərilə təltif edilmişdi. Eyni zamanda İranın 
«Şiri-Xurşid»  və  iki  ingilis  hərbi  ordeninə,  Fransa  və  Rumıniyanın.  yüksək 
hərbi mükafatına layiq görülmüşdü. 
General  Mehmandarov  1919-cu  ildə  Vladiqafqazdakı  kitabxanasını 
Bakıya  gətirmək  üçün  üç  nəfər  adam  göndərir.  Ağ  general  Erdel  əhvalatı 
eşidəndə,  gələnləri  hüzuruna  çağırıb  deyir:  «Mən  Mehmandarov  adlı  general 
tanımıram.  Mən  vahid  Rusiyaya  xəyanət  etmiş  Mehmandarovu  tanıyıram  və 
downloaded from KitabYurdu.org

199 
 
Bakını  zəbt  edəndə  onu  xain  kimi  dar  ağacından  asacağam.  Gedin,  xəbəri 
özünə də çatdırın». Kitabları da verməmişdi. 
Yüksək  hərbi  məharəti,  istedadı  və  təşkilatçılıq  bacarığı  sayəsində, 
yuxarıda  təsvir  etdiyimiz  ağır  bir  şəraitdə  və  acınacaqlı  vəziyyətdə  hərbi  işə 
bələd  olmayan  dəstələrdən  qüdrətli  qoşun  yarada  bilmişdi.  Denikin  hücumu 
ehtimalına qarşı mükəmməl, operativ müdafiə planı qurub, dairələr yaratmışdı. 
1.  Yalama-Xaçmaz-Bakı.  2.  Dilican-Qazax-Ağstafa.  3.  Dilican-Gədəbəy-
Gəncə.  4.  Gorus-Şuşa-Yevlax.  5.  Dənizdə  Samur  çayından  Ələt  stansiyasına 
qədər. 
Ümumiyyətlə  əvvəldən  qarşıya  qoyulan  məqsəd  40.000-lik  ordu 
yaratmaq idi. Şəraitin ağır olması, xarici və xüsusən daxili vəziyyət buna imkan 
vermirdi. 
Qoşunların  müəyyən  hissəsi  Bakıya  gətirilirdi.  On  Doqquzuncu  ilin 
aprel  ayının  ilk  günlərində  camaat  arasında  «ordumuz  sabah  paytaxta  gəlir» 
xəbəri ağızdan-ağıza keçir, hamını sevindirirdi. Hərə bir söz deyir, hərənin bu 
barədə öz mülahizəsi vardı. 
Çəmbərəkəndində mülk sahibi Ağa Məlik, dartayçı İbiş, xarrat Cəfər, 
bir də Zəhər Məmmədrzanın arasında mübahisə düşdü. Ağa Məlik dedikdə ki, 
sabah  qoşunumuz  Bakıya  gəlir,  dartayçı  İbiş  istehza  ilə  soruşdu:  «Xozeyin, 
haçandan qoşun  siz  dövlətlilərinki oldu? Üç  oğlun var, hamısı  yanında, evdə; 
qardaşın  balaları  şəhərdə,  özləri  də  alış-veriş  edirlər.  O  biri  xozeyinlərin  də 
uşaqları elə». 
«Başından yekə danışma, - deyə Ağa Məlik ona acıqlandı, - hökumət 
özü nə elədiyini yaxşı bilir». 
«Hökumət başında oturanlara nə var, loxmanı verdin, sözün keçəcək, - 
deyə  Zəhər  Məmmədrza  söhbətə  qarışdı,  -  ay  xozeyin,  barı  danışma.  O 
əsgərlərin arasında bir nəfər də olsa varlı balası yoxdur. Hamısı fəhlə balaları, 
kəndli uşaqlarıdır, Bolşovoylar yerində deyirlər - fəhlə-kəndli əsgərləri...». 
«Hə,  Zəhər  Məmmədrza  yenə  zəhərin  atdı,  -  deyə  xozeyin    acıqla  
səsini  ucaltdı, - bu gədə-güdələr yaman dil-ağız açıblar ha». 
«Xozeyin,  danışmağı  da  bizə  çox  görürsən?  -  Zəhər  Məmmədrza 
soruşdu. - Hə. Ac-susuz dolanırıq, ürəyimizi boşaltmaq da bizə olmaz?..». 
Cəfər  kişi  dilləndi:  «O  gün  əsgərlikdə  olan  qardaşım  oğlu  evə 
gəlmişdi, güzəranları zülümdür, mahnı qoşublar: 
 
Kazarmada  idik,  verildi   azan,  
Aldıq əlimizə, hərə bir qazan.  
Şorbanı alıb, qayıdan zaman  
Şorbadan çıxdı bir ölü siçan... 
 
downloaded from KitabYurdu.org

200 
 
Gülüş qopdu. Zəhər Məmmədrza soruşdu:  «Ağa Məlik xozeyin, buna 
sözün nədir? Nə deyirsən?». 
«Haqq  sözə  nə  deyə  bilər?  -  dartayçı  İbiş  dilləndi,  -  odur  ey,  Gülzar 
qarının  ərini,  Şubanı  mədənində  işləyirdi,  xozeyin  Xudabaş  diri-diri  quyuya 
atdı,  öldürdü.  Gülzarın  gözünün  ağı-qarası  bircə  oğlu  var,  çak-çuk  eləyib, 
külfəti dolandırırdı, tutub dövlətli oğlu əvəzinə əsgər apardılar. Əsgərlər, qoşun 
Gülzar qarınındır». 
Ağa Məlik söhbəti uzatmayıb getdi. Bir az aşağıda, baqqal Məmməd 
Qulunun oğlu Dadaş dükanın üstünə bayraq sancırdı və astadan oxuyurdu:  
 
Türküstan yelləri öpüb alnını,  
Daha yüksəklərə ucal bayrağım... 
 
Aprelin 5-də səhər tezdən, saat 7-dən paytaxtı bəzəyib qurtarmışdılar.  
Küçələrdə adam çox idi. Dükanların üstündə, böyründə, ala qapılara sancılmış 
üç rəngli - qırmızı,  yaşıl və firuzəyi, aypara və səkkiz guşə ulduzlu bayraqları 
külək dalğalandırırdı. Kübarlar yaşayan məhəllələrdəki küçələrdə bayraqlardan 
əlavə,  eyvanlardan  xalılar,  xalçalar  sallanırdı.  Başqa  binalar  da  çox  yaxşı 
bəzədilmişdi,  çox  yerdə  xalı-xalça,  cecim  asılmışdı.  Bir  sözlə,  əsgərlərin  ötüb 
keçəcəyi bütün küçələrdə hər addımda bəzək diqqəti cəlb edirdi. Qırmızı və ağ 
parçalarda  iri  hərflərlə  şüarlar  yazılmışdı:  «Yaşasın  Azərbaycan!»,  «Yaşasın 
hürriyyət!», «Var olsun millət». 
Saat 9-da küçələr məktəblilərlə doldu. Nəğmə sədaları eşidildi. 
Stansiyadan başlamış, əsgərlərin keçəcəyi meydan və küçələrdə adam 
əlindən tərpənmək olmurdu. 
Birdən,  «Gəlirlər, qəhrəmanlar gəlirlər!»  Sözləri ağızdan-ağıza keçdi. 
Musiqiçilər əsgəri təranələr çalmağa başladılar. «Yaşa! Var ol əsgər!» alqışları 
ucaldı.  Əsgərlərin  ilk  sırası  göründü.  Çiyinlərdəki  tüfənglərin  süngüləri  bərq 
vururdu. Yeknəsəq təpik səsləri ətrafa dolurdu. Öndə piyada, dalınca mitraliyoz 
və  topçu  hissələri,  arxada  isə  süvarilər  gəlirdi.  Atların  üstündəki  qəhrəmanlar 
diqqəti  daha  çox  cəlb  edirdi.  Nizələrindən  asılmış  xırda  bayraqlar  yellənirdi. 
Qədim Qafqaz adəti üzrə atlıları zurna-balaban çalanlar müşayiət edirdi. 
Piyada əsgərlər səs-səsə verib hərbi şərqi oxuyurdular. 
...Qoşun  birdən  dayanır.  Generallardan  biri  uca  səslə  komanda  verir. 
Zabitlər onun əmrini təkrar edirlər. Qoşun bütünlüklə hərəkətə gəlir. 
Ordunu  təbrikə  gələnlər  gömrükxana  qarşısında  yığılıblar.  Parlaman 
üzvləri,  Şeyxülislam,  müfti,  Bakı  ünas  «Cəmiyyəti-xeyriyyə»  üzvləri, 
bələdiyyə idarə heyəti, Dağıstan, Gürcüstan və Lehstan heyətləri buradadır. 
Bir azdan  əyanlar və  nazirlər gəlir. Bayraqları külək oynadır. Tez-tez 
«Yaşasın Azərbaycan!..» sözləri təkrar edilir. 
downloaded from KitabYurdu.org

201 
 
İngiltərə  qoşunları  baş  komandanı  əlaltıları  ilə  at  üstündə  ordu 
qarşısından  və  bayraqların  altından  keçib,  qoşunları  salamlayır,  «Xoş  səfa» 
deyir, sonra da atdan düşüb, toplaşanların yanına gəlirlər. 
Hərbi  Nazir  Səmədbəy  Mehmandarov  avtomobildə  gəlir.  Gurultulu 
alqışlarla  və  musiqi  təranələrilə  qarşılanır.  Avtomobildən  düşüb,  əsgər 
sıralarının  qarşısından  keçərək  «Mərhəba!»  deyir.  Əsgərlər:  «Çox  sağ  ol!» 
cavab  verirlər.  Mehmandarov  heyətlər  yığılan  yerə  yaxınlaşır,  sağ  əlini  öpüb 
gözləri üstünə qoyur. 
Nitqlər söylənir, əsgərlər təbrik  edilir.     «Siz Azərbaycanın, müstəqil 
Vətənimizin   paytaxtına xoş gəldiniz!». 
Müfti  və  Şeyxülislam  da  əsgərlərə    Qurandan  ayələr  deyib,  Vətəni, 
xalqı müdafiəyə misallar gətirirlər. 
«Hazır ol hərbə, əgər istərsən sülh-səlah!» sözləri eşidilir. 
Əsgərləri  qəbul  edən  general:        «Bayraqçılar,  irəli!»  deyə  komanda 
verir.  Salam  marşı  çalınır.  Onlar  hərəkətə  gəlib,  hökumət  binası  (Azneft) 
qarşısından keçir. Sadovı (Çkalov) küçəsilə qalxırlar. Musiqi çalınır. 
Camaat ordunun dalınca yeriyir. 
Ordu  parlaman  binası  (Əlyazmaları  fondu)  qarşısında  gurultulu 
alqışlarla, təbriklərlə qarşılanır. Ətraf binaların eyvanlarından əsgərlərin üstünə 
güllər-çiçəklər səpələyirlər. Bu aradakı eyvanlar da bayraqlar və xalı-xalçalarla 
bəzənib.  Lakin  qonşuluqdakı  yanıb,  dağılmış,  nəhəng  skeletə  oxşayan 
«İsmailiyyə» binasının xərabələri matəm təsiri buraxır, elə bil bina qara libasa 
bürünüb. 
Rəsmi  salamdan  sonra  ordu  dəstələri  bir-birinin  dalınca  Bazar  (Hüsü 
Hacıyev) küçəsilə Salyan qışlalarına yollanır. 
Damlar,  küçələr  adamlarla  doludur.  Xalq  əsgərləri  təbəssüm  və 
məhəbbət  dolu  baxışlarla  oxşayır,  sevincindən  ağlayır,  bir-birini  qucaqlayıb 
öpür, təbrik edir. «Yaşa ordu!» sədaları tez-tez təkrar edilir. Əsgərləri göz yaşı 
ilə yola sala-sala bəzi arvadlar dua oxuyur, xeyir səyləyirlər. 
Çoxları əsgərləri yola salır, onlardan ayrılmaq istəmir. 
* * * 
Düz on beş gündən sonra hərbi nazirlik xüsusi, gizli məktub-təliqə ilə 
nazirlər  sovetinə  müraciət  edir  ki  qoşun  içində  bolşevik  təbliğat-təşviqatı 
gündən-günə  artır  və  əsgərləri  xüsusi  özəklərə  cəlb  etməyə  can-başla  səy 
göstərilir.  Həm  də  təəssüflə  qeyd  edilir  ki,  bolşevik  azarı  yayan  təbliğat-
təşviqatçılar  müsəlmanlardır.  Bunun  da  səbəbi  məlumdur.  Bakı  şəhəri 
Zaqafqaziyada  bolşevik  fəaliyyətinin  əsas  mərkəzidir.  Buna  görə  də  polis 
idarəsinə  xüsusi  sərəncam  verilsin  ki,  qarnizona  ciddi  nəzarət  yetirsin.  Bu  və 
digər yollarla ordunu bolşevizm xəstəliyindən xilas etmək lazımdır. 
May ayının 11-də  hərbi nazirlik birbaşa  daxili işlər  nazirliyinə  xəbər 
verir ki,  «bolşeviklər, çox təəssüf ki, hamısı da müsəlmandır, müxtəlif bəhanə 
downloaded from KitabYurdu.org

202 
 
və  cürbəcür  yollarla  kazarmalara  soxulub,  əsgərlərə  bolşevizm  ideyasının 
məqsədini  başa  salmağa  cəhd  edirlər.  Kazarmalara  siyasi  ədəbiyyat, 
intibahnamələr  yol  tapır.  Zabit  və  əsgər  paltarı  geymiş  bolşeviklər  qoşun 
hissələri  içərisində  iş  görürlər.  Meyvə  satanlar  çap  edilmiş  intibahnamələrdən 
qovluq  düzəldib,  içinə  meyvə  doldurub  əsgərlərə,  kiçik  zabitlərə,  matroslara 
verirlər,  açıq-açığına  təbliğat  aparıb  cavanları  yoldan  çıxardırlar.  Təcrübəsiz 
cavan əsgərlər də onların dediklərinə uyur və inanırlar. 
Buna  binaən  kazarmalar  ətrafında  xüsusi  polis  növbətçiləri  təyin 
edilsin». 
Bütün  bunlar  təbii  idi,  çünki  orduya  səfərbər  edilən  fəqir-füqəra 
balalarına  yerli-yersiz  ağır  cəza  verilir,  təhqir  edilirdilər.  Fərarilərin  sayı  get-
gedə artırdı. 
Dövlətlilər  pul  gücünə  uşaqlarını  orduya  getməyə  qoymurdular. 
Rüşvətxorluq  həddini  aşmışdı.  Hərbi  nazir  hətta  parlamanda  xitabət 
kürsüsündən  elan  etmişdi  ki,  çoxları  hərbi  işdən  həm  rüşvətxorluq,  həm  də 
ərzaq, paltar, silah oğurlamaq, xəzinəni soymaq üçün istifadə etmək istəyirlər. 
Buna imkan daxilində yol verməyəcəyəm. 
«Hümmət» bolşevik təşkilatı 1919-cü ilin yazından əsgərlər içərisində 
mütəşəkkil təbliğat işi aparır, pərbi təşkilat yaradır. Kommunist ideyasını təbliğ 
etmək  üçün  bütün  şərait  vardı.  Bir  yandan  ağır  həyat  tərzi,  digər  tərəfdən 
heyvani  rəftar.  Bəy  elə  bəy  idi.  Rəiyyət  isə  kötəklənirdi.  «Hümmət»  hərbi 
təşkilatına Mirzə Davud Hüseynov, Əli Bayramov, Həbib Cəbiyev və başqaları 
daxil  idi.  Ordunun  bütün  hissələrində  bolşevik  partiya  özəkləri  yaradılmışdı.    
1920-ci    ilin  fevral    ayında    çağırılmış    Azərbaycan    K(b)P-nin    birinci 
qurultayında orduda təbliğat işi aparmaq siyasi şöbəyə həvalə olunur. Bu haqda 
Dadaş Bünyadzadə yazır ki, orduda olan xırda zabitləri partiyaya cəlb etməyə 
xüsusi fikir verilirdi. Təbliğat mövzusu əsasən imperializm əleyhinə mübarizə, 
Şərq  xalqlarını  əsarətdən  xilas  etmək,  Ankara  türklərinə  Antantaya  qarşı 
mübarizədə 
yardım  göstərmək,  milli-azadlıq  mübarizəsini  daha  da 
genişləndirmək,  Azərbaycan  zəhmətkeşlərinin  Sovet  Rusiyası  ilə  dostluğunu 
möhkəmlətməklə silahlı üsyana hazırlaşmaq və s. ibarət idi. 
Rusiya  Kommunist  (b)  Partiyası  Bakı  Komitəsinin  hərbi  təşkilatı 
fəhlələri və donanmanı silahlandırmaqla məşğul idi. «Kars» və «Ərdəhan» hərb 
gəmilərində  bolşevik  partiya  özəkləri  vardı.  Hərbi  gəmilərdə,  dənizçilər 
içərisində  bolşeviklərin  apardığı  işə  Çingiz  İldırım,  Yan  Lukyanenko  və 
başqaları rəhbərlik edirdi. 
İngilislərin  və  Denikinçilərin  özbaşınalıqları,  yerli  məmurların 
rüşvətxorluğu və satqınlığı da üsyana şərait yaradırdı. 
Sovet  Rusiyasında  Qızıl  Ordu  tərəfindən  məğlub  edilmiş  ağların 
Cənuba qaçmış zabit və əsgərləri şəhərdə köhnə çar hərbi libasında gəzirdilər. 
Azərbaycan  ordusundakı  zabitlər  içərisində  də  köhnə  çar  zabitləri  az  deyildi. 
downloaded from KitabYurdu.org

203 
 
Onlar  əsgərlərin  dilini  -  azərbaycanca  bilmirdilər.  Nahaq  yerə  əsgərləri 
kötəkləyirdilər,  özləri  də  Denikinə  rəğbət  bəsləyir,  həm  də  ona  casusluq 
edirdilər.  Ordunun  bütün  sirləri  düşmənə məlum idi. Baş qərargahda general 
Jilyayev,  3-cü  Gəncə  polkunun  rəis  müavini  polkovnik  Qauzen  və  başqa 
zabitlər  həm  Denikinin,  həm  də  ingilislərin  casusları  idi.  Tez-tez  tutulan 
casusları,  hökuməti  saya  salmadan,  ingilislər  azad  edir,  burunlarını  hər  yerə 
soxurdular. İş o yerə çatır ki, ingilislərin ikiüzlü siyasətinə, özbaşınalığına qarşı 
hərbi nazir Mehmandarov protest edərək vaxtilə   Birinci dünya müharibəsində 
təltif olunduğu ingilis ordenlərini geri qaytarır. 
Sabiq  hərbi  nazir  müavini  Əliağa  Şıxlinski  maraqlı  bir  əhvalat  yazır: 
«1920-ci  ildə  denikinçilər  Azərbaycandan  qaçanda  gəmidən  dənizə  böyük  bir 
qutu atırlar. Əsgərlər bu qutunu çıxardıb, nazirliyə gətirirlər. Qutu ağzına qədər 
casusluq  materialları  ilə  dolu  idi.  Orduya  aid  xırda  təfərrüata  qədər  məlumat 
vardı. Əsgəri hissələrin yerini dəyişməsi, zabitlərin siyahısı, ünvanları, ordu və 
hissələr  üzrə  bütün  əmrlərin  surəti...  siyahıda  elə  adam  vardı  ki,  həm  ingilis, 
həm  Denikin  casusu,  həm  də  cinayət  polisi  idarəsində  görkəmli  vəzifə  sahibi 
idi». 
Əsgərlərin  halı  həm  fiziki,  həm  maddi,  həm  də  mənəvi  cəhətdən 
gündən-günə ağırlaşırdı. 
Dekabr ayında «Azərbaycan füqərası» qəzeti məqaləni belə adlandırır: 
«Azəri  əsgərlərinin  halı».  «Yeganə  istinadgahımız  əsgərlərdir.  Onlar  fəhlə-
kəndli  balalarıdır.  Əllərində  silah,  çiyinlərində  yük,  Vətəni  müdafiə  edirlər. 
Çirkli  kazarmalarda  yaşayır,  soyuq  səngərlərdə  yatırlar.  Yeganə  məqsəd 
zəhmətkeşlərin istiqlalını müdafiədir. Əsgərlər ac-yalavac, soyuqda və şaxtada 
güzəran keçirirlər. 
Döyüşdə  həlak  olanları  qəbiristanda  elə  əsgər  paltarında  basdırmaq 
istəyirdilər.  Bundan  həyəcana  gələn  camaat  qəbiristana  getdi  və  komandiri 
tələb etdilər. 
Səbəb nədir ki, gündə neçə nəfər əsgər tələf olur. 
Səbəb  məlumdur  -  şaxta,  qışlalar  natəmiz,  xəstəlik,  paltarsızlıq.  
Komandirlər  əcnəbi,   ərzaq   pis  və köhnə. 
Əsgərlər ayazda yatır, palçıq, yağış, qar içində durub bizi qoruyur. Hər 
şey  onlara  verilməli.  Əsgərlərə  ağ  çərək  və  yaxşı  ərzaq  vermək  lazımdır. 
Bayılda  da  çoxlu  əsgər  ölür.  Əsgərlərin  dərdinə  dava  tapmalıyıq.  Ciddi  çarə 
lazımdır». 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin