Manaf süleymanov


XƏSTƏ BİR MƏHƏLLƏNİN AZARI VƏ DƏRDLƏRİ



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə13/17
tarix06.06.2020
ölçüsü2,43 Mb.
#31627
1   ...   9   10   11   12   13   14   15   16   17
KY0000435


XƏSTƏ BİR MƏHƏLLƏNİN AZARI VƏ DƏRDLƏRİ 
 
«Kübarlar,  bankirlər,  maliyyə,  ticarət  maqnatlarının  və  neftxudaların 
yaşadıqları  məhəllələr  istisna  ediləndən  sonra,  qalan  məhəllələr  çox  cəhətdən 
bir-birinə  oxşayır.  Haqqında  söhbət  gedən  məhəllə  şəhərin  mərkəzindədir. 
Tatarski  (Krupskaya),  Gimnaziya  (Lev  Tolstoy),  Karantini  (Həzi  Aslanov), 
Aziatski (Pyotr Montin), Kamenisti (Şors) küçələrini əhatə edən bu məhəllə və 
onun  ətrafı  şəhərdən  tamamilə  ayrılmışdır,  bu  aralar  özgə  bir  aləmdir;  bu 
məhəlləyə  kimsə  etina  etməz,  buralar  kimsəni  tanımaz.  Burada  adamlar 
anarxiya  halında  yaşayar,  kim  nə  istəsə  onu  edər.  Şikayətə  qulaq  asan  yox, 
camaatın  halına  yanan  yox.  Hər  addımda  cavanların  həyatını  zəhərləyən  bir 
görüş  evi,  onun  yaxın  səmtində  bir  şərabxana  var...  Axşam  düşəndə,  şəhərin 
başqa yerlərində görünməyən məxluqat burada peyda olar. Axşamdan bir qədər 
keçdikdən sonra hər tində bir neçə sərxoş, hər bucaqda iki-üç nəfər şübhəli şəxs 
görünər. Və səhərə qədər qovğa, qeylüqal ara verməz, heç kim evində istirahət 
edə  bilməz.  Bakının  görkəmli  cavanları  bu  qapıdan  çıxıb,  o  birisinə  girərlər. 
Az-çox huşyar gələnlər dəli-divanə olub gedərlər. 
Şikayətə  baxan  yox.  Polis  tapılmaz.  Tapılanda  da  hər  dəqiqə  ucalan 
nalə və qışqırığa qulaq verməz, baş verən hadisələrə gözucu  belə baxmaz, hər 
şeyə laqeydlik, etinasızlıq... 
Nikolay  vaxtı  şərabxana,  məscid,  kilsə  və  məktəbdən  50  sajen 
(təxminən  130  metr  -  M.  S.)  uzaqda  olmalı  idi,  indisə  şərabxana  məktəblə, 
məscidlə yan-yanadır. Şərab satmaq mədaxil mənbəyinə çevrilib. 
Şəhərin  bu  məhəlləsi  Şerlok  Holms  hekayələrini  və  macəralarını 
xatırladır.  Əski  London  və  Nyu-York  məhəllələri  buranın  yanında  sönük  bir 
şey... Canilər məskəni, meyxanələr məhəlləsi... 
Təbibsizlikdən  nəzafət,  zibil,  çirk,  xəstəliklər  bu  məhəllədə  tuğyan 
edir.  Bunlar  heç  kəsi  maraqlandırmır,  narahat  etmir.  Üfunət  məskəni  və 
cəfalətlər məhəlləsi. 
Polis caniləri, sərsəriləri tutub, cinayətin qarşısını almır, buralara qəti 
nəzər salmır. Cinayət şaxələri və rişələri buralardan bütün şəhərə yayılır. 
Qaçqınlar və dilənçilər. Birinci dünya müharibəsinin dəhşətləri, 1918-
ci  il  mart  hadisələri,  Denikin  qaragüruhçularının  şimaldan  hücumu,  aclıq, 
downloaded from KitabYurdu.org

180 
 
cəfalət nəticəsində min bir xəstəliyə mübtəla olanlar hər tərəfdən - Şamaxıdan, 
Qarabağdan,  Zəngəzurdan,  Üçkilsədən,  Dağıstandan,  Həştərxandan,  bir  sözlə 
hər  yerdən  Bakıya  qaçırdı.  Bakı  qaçqınlar  və  ac-yalavaclar  şəhərinə 
çevrilmişdi. Küçə və meydanlarda, bazar və döngələrdə yetim uşaqların, xəstə 
adamların  əlindən  tərpənmək  olmurdu,  cındır,  çirkli  paltarlarının  altında 
bədənləri  görünür,  xəstəlikdən  saralmış  sifətlər,  çuxura  düşmüş  gözlər  adamı 
dəhşətə gətirirdi. 
Qaçqınları  «Səfa»  məktəbində  və  «Edison»  kino  binasında 
yerləşdirirdilər. 
* * * 
«Al bayraq» qəzeti tez-tez İran konsuluna müraciət edirdi: «Axşamlar 
Bakı  küçələrindən  keçmək  mümkün  deyil.  Ac-yalavac,  çılpaq  iranlı  balaları 
divarlar  dibində,  səki  qırağında,  xəstə-xəstə  can  verirlər.  Bu  zavallı  uşaqlara 
heç yerdən kömək yoxdur. İnsaniyyət naminə qırğının qabağını alın!». 
* * * 
«İran tacirləri və konsulu! Nəzər-diqqətinizi Bakı küçələrindəki iranlı 
ac-yalavac və xəstələrə cəlb edirik. Bu bərədə bir neçə dəfə yazıb göstərmişik. 
Heç  bir  nəticə  yoxdur.  Ta  uşaqlar  küçələrdən  yığılana  qədər  hər  gün,  iri 
hərflərlə yazacağıq, Binəva uşaqları yığın!». 
«Birdən İran tacirləri bir-iki yüz manatdan keçib, uşaqları küçələrdən 
yığdırıb dənizə tökdürərlər. Məsləhət görmürük. Uşaqların sayı məlumdur». 
* * * 
Başqa bir yerdə yazılırdı: «Şəhər əhalisinin 80 faizi kasıblardır. Aclıq 
qılıncını  siyirib  bu  biçarələri  amansızcasına  qırır.  Evlərdə  satılası  əşya 
qalmayıb.  Xəstəlik  bütün  evlərə  baş  soxub,  nə  dərman  var,  nə  çarə,  həlak 
olurlar.  Yatalaq,  qoturluq  hökmü-fərmadır;  küçələr,  darvazaların  ağzı  meyitlə 
doludur. Şəhərdə zibil aşıb-daşır». 
*  *  * 
Dövlətlilər  isə  başda  on  girvənkə  (4  kiloqram)  qoz  sındırmaqdan,  bir 
oturuma bir təşt halva, on çörək yeməkdən mərcləşirlər. 
* * * 
Belə  qıtlıq,  aclıq,  dilənçilik  hökm  sürdüyü  bir  şəhərdə  qəzetlərdə  və 
afişalarda firavanlıqdan, naz-nemətdən xəbər verən çoxlu elan oxumaq olardı: 
«Elbrus  lokantası  sizi  təcrübəli,  püxtə  aşpazların  hazırladığı  Avropa 
və  Asiya  ləziz  xörəkləri  yeməyə  dəvət  edir.  Nahar  və  şam  vaxtı  Rumıniya 
orkestri  çalır,  məşhur  və  mahir  qaraçı  qızlar  oxuyur,  rəqs  edirlər.  Əlahiddə 
kabinələr də var...». 
* * * 
«Nikolayevski  (Kommunist)  və  Bazar  (Hüsü  Hacıyev)  küçələrinin 
küncündə  «Mübarək»  lokantası  açılıb.  Məşhur  aşpaz  Kazım  çox  ləzzətli 
downloaded from KitabYurdu.org

181 
 
yeməklər  hazırlayır.  Qiymət  münasibdir.  Təşrif  buyurun,  məmnun  olarıq,  razı 
qalarsız». 
* * * 
«Vaxtı  xoş  və  təntənəli  keçirmək  üçün  «Dardanel»  lokantasında  hər 
növ  ləziz  təamlar  mövcuddur.  Təşrif  buyurun.  Keçəçi  Məmməd  oxuyacaq, 
musiqi çalınacaq». 
* * * 
«Tamaşaya  tələsin!  hökumət  teatrosunda  (Sabiq  Mailov)  məşhur 
Hindistanlı  Sahir  (Qəzali  Ərs)  qədim  şəhərlər  nümayən  edir,  meyvə  ilə  dolu 
ağaclar görünür. Hünər və fənn nümayiş edilir. Ziyafət süfrəsi öz-özünə açılır. 
Hər  cür  xörəklər  mövcud  olur.  Göz  qabağında  bir  övrət  yoxa  çıxacaq.  Sahiri 
Avropa və digər ölkələrdə təltif ediblər, çoxlu medalları var». 
* * * 
«Liza  xanım  Hacınskaya  itirdiyi  medalyonunu  kamodun  altından 
tapıb. Qiyməti 50.000 manatdır». 
* * * 
«Möhtəkirlərin allah ömürlərindən kəsib insaflarına calasın». 
* * * 
«Aclara - çörək, yersizlərə - torpaq, işçilərə - mükafat, müftəxorlara - 
cəza». 
* * * 
«Bağlı darvazaları axşam saat altıdan daldan qıfıllayın, bərkidin!». 
* * * 
«Şəhərin  mərkəzində,  Duma  ilə  yanaşı,  sabiq  realnı  məktəbinin 
binasında  yerləşən  ingilis  zabit  və  əsgərləri  olmazın  rəzalət  və  biabırçılıq 
edirlər,  döngədə,  bağça-bağda  zabit  və  əsgərlər,  yoldan  keçənlərin  gözü 
qarşısında pis əməllərlə məşğul olurlar. Bu da ingilis mədəniyyəti nümunəsi». 
* * * 
«Məşhur  neftxudalardan  biri  olan  Nəcəfqulu  Məhəmmədovu  gecə 
vaxtı  Vrangelski  (Qarayev)  küçəsindəki  evində  öldürüblər.  Mənzilin  başqa 
bölmələrində  ailəsi  olurmuş.  Gündüz  kantorada  deyibmiş  ki,  sentyabrda 
öldürülmüş  dostu  Teymurbəy  Qulubəyovun  naminə  məscid  və  xəstəxana 
tikdirəcək,  yarım  milyon  pul  buraxacaq.  Gecə  yarısı  qonşular  səs  eşidirlər. 
Sübh vaxtı Məhəmmədovun kəsilmiş başı otaqdan tapılır». 
* * * 
«57 dəvədən ibarət karvan oğurluq neft apararkən yolda tutulub». 
*  *  * 
«Bez baha olduğundan ölənləri öz cındır libasında basdırırlar». 
 
* * * 
downloaded from KitabYurdu.org

182 
 
«Fəhlələr  əsgərlər  təki  Vətənin  sütunudur,  dayağıdır.  Fəhlələrin 
hüququna təcavüz edən əllər kəsilməlidir. Cahana bərabərlik, qardaşlıq,  ədalət 
şüarını atan fəhlələrdir. Cəfalət və aclıq bəlası fəhlələri məhv edir. Xəstələnir, 
müalicə  yeri  yoxdur.  Dərmansız-davasız  ölürlər.  Çox  yerdə  8  saat  əvəzinə  14 
saat işləyirlər. Elə şeylər var ki, adam eşidəndə tükləri biz-biz olur». 
* * * 
Müharibəni  udmaq  üçün  həzrəti  Əyyubun  səbri,  Rüstəm  Zalın  dəmir 
əsəbləri, bir də həzrət Süleymanın xəzinəsi lazımdır. 
Gecələr  polis  paltarında  evləri  qarət  edirlər.  Üç  nəfər  tutulub,  edam 
ediləcəkdir». 
* * * 
«Neft  alış-verişi  və  bez  alıb-satmaq  tif  xəstəliyi  olub  bütün 
Azərbaycanı  bürümüşdür.  Tacir,  məşədi,  həkim,  vəkil,  müəllim,  xan,  dəllək, 
seyid, kərbəlayı, baqqal, şair, dəllal, hacı, məmur, bəy, hamı və hər kəs ticarətə 
qoşulub». 
* * * 
«Şəriət müəlliminin savadı xarici dildədir, nə türkcə, nə  farsca və  nə 
də ərəb dili və hürufatı bilir, özü də kefli, görəsən şəriətdən nə dərs deyir?». 
* * * 
- «İngilis gəlir və polkovniklərinin, bağça-bağla üzbəüz atları saxlanan 
tövlələrdəki  axurlardan  ac  uşaqlar  şokolad  və  kişmiş  götürmək  istədikdə, 
soldatlar tutub bərk kötəkləyiblər». 
* * * 
«Yağış  vaxtı  küçələrdə  palçıq  xirtdəyəcən  çıxır.  Dörd    at  bir  boş 
faytonu  çəkə  bilmir.  Arvadları  hamballar  dallarında  bir  səkidən  o    biri  səkiyə 
zorla, çətinliklə keçirdirlər». 
* * * 
«Yasovuldan  valiyə,  nazirə  qədər  hamı  rüşvətxordur.  Nazirin  rüşvət 
aldığı əynindəki paltar bəxşişdir, cibindəki pul mükafatdır». 
* * * 
«Maaş  müəllimə  çatana  qədər  pul  qiymətdən  düşüb,  zibilə  dönür. 
Müəllimlər ziyadə acı və məşəqqətli həyat sürürlər». 
* * * 
«Qroznıdakı yanğından neft yanıb 10 milyon manat qızıl pulla xəsarət 
vermişdir». 
* * * 
«Xarici  dil  bilməyən  müsəlman  dövlətliləri  saxladıqları  xarici 
qadınlara (aşnalarına) görəsən eşqlərini necə əyan, izhar edirlər?». 
 
 
* * * 
downloaded from KitabYurdu.org

183 
 
«Ehtikar: valyuta, qızıl, gümüş, parça,  ərzaq adi qiymətlərindən birə-
yüz baha satılır. Mənzil kirayəsini evdarlar 10 dəfə, 20 dəfə artırıblar. Sərqıfıl 
dükanı  kirayəyə  götürəndə,  əvvəldən  verilən  pul  -  M.  S.)  10  min,  20  min 
manat. Dünən bir ayağında çust, bir ayağında başmaq,  ya da qaloş olanlar, bu 
gün milyonçu olub mülk alırlar». 
* * * 
«İran  şahı  Bakıya  gəlib  Avropaya  müalicəyə  gedir.  Hər  növ  çıxış 
qadağandır». 
Şahın gəlməyini və getdiyini görən bir adam nəql edirdi ki, Ənzəlidən 
gələn  gəmi  Qafqaz  -  Merkuri  körpüsünə  yan  aldı.  Şah  və  məiyyəti  düşdülər. 
Şaha baxanda adam dəhşətə gəlirdi. O cavanlıqda, o köklükdə kişiyə hələ rast 
gəlməmişdik. Elə bil ət və piydən kötük qayırıblar. İri, girdə sifətindən xəstəlik 
yağırdı.  Başında  iranlı  papağı  vardı;  qara  libas  geymişdi.          Pencəyin   
boyunluğundan   qat-qat     ət  sallanırdı. 
Şəhərdəki  İran  tacirləri  dükanlarını  şiri-xurşidli  bayraqlarla 
bəzəmişdilər. Şahı qarşılamağa çoxlu tacir gəlmişdi. 
İyirmiyə  qədər  adam  əlahəzrəti  müşayiət  edirdi,  kamerqer  libasında 
idilər;  üzdəniraq  libaslarındakı  baftalar  yağlı,  çirkli  görünür,  yəqin  ki,  əl  ilə 
boz-baş,  plov  yedikcə  üstlərinə  tökülüb  əllərilə  siliblər.  Körpüdən  birbaşa 
vağzala  yollandılar.  Biz  çatanda  şah  salon-vaqonda  idi,  o  yoğunluğunda 
adamın  vaqona  necə  girdiyini  təsəvvür  edə  bilmədik.  Məiyyəti  şahın  əşyasını 
salon-vaqona daşıdıqca elə səs-küy salırdılar ki, elə bil bazardadırlar. 
Vaqon Batumiyə yollandı. Konsul gedəndən sonra adamlar başladılar 
şəbədə deməyə, gülməyə. 
«Nırx qoyulan kimi ərzaq bazardan yoxa çıxır. Füqəranın halı daha da 
fənalaşır; dəyirman öz işində, çaxçax baş ağrıdır». 
* * * 
Bir lövhə:  «Ətraf xərabəlikdir. Binaların çoxu yandırılıb. Bu vəhşilik 
anarxiya  vaxtı  baş  vermişdir.  Yüz  illik  xərabələrə  oxşayır.  Kərpic  yığınları, 
oyanmış  dirəklər,  kəsəklər...  Palçıq  dizə  qalxır...  Xərabələr  aləmi... 
Yaxınlaşdıqda ətrafın görkəminə uyğun insan sifətindən çıxmış coluq-cocuqlar 
insanı  sarsıdır.  Üzlər  qaralıb,  dəri  sümüyə  yapışmışdır.  Torpaq  üstündə, 
rütubətdə yatdıqlarından rəngləri torpaq rənginə çalır. Elə bil insan sifəti deyil, 
yanıb ərimiş şamdır. Yırtıq paltarlardan əzalar görünür. bu ayaqyalın, başıaçıq, 
cır-cındır  içində  qaralan  -məxluqlara  baxanda  göz  yaşı  axıtmamaq  qeyri-
mümkündür. Günlərlə ac qalıblar. Son günlərdə onlara bircə dəfə ət şorbası və 
əl  boyda  bir  parça  çörək  verməyə  başlayıblar.  Yaşadıqları  binalar  bayquş 
yuvasından da pisdir. Nə qapı, nə də pəncərə var... Tavan uçmuş, döşəmə yaş 
torpaq... daş... Hər yer zibil və üfunət. Yağışlar və qar yağanda bu zavallıların 
halı  necə  olacaq?  Bir  kənarda  da  qaçqınlardan  bir  məzarıstan  əmələ 
gəlmişdir...». 
downloaded from KitabYurdu.org

184 
 
«Seyid Əzim dövri  ədəbi-şer məktəbinin son nümayəndəsi Dərbəndli 
Mirzə  Səməndər  maşın  altında  qalıb  vəfat  etmişdir.  Şiddətli  şaxta,  qar  və 
çovğunlu  bir  gündə  məruf,  qocaman  şairin  cənazəsini  son  iqamətgahına  yola 
salmağa çox adam gəlmişdi. Qəbiristanda, cənazə üstündə şair Salman Mümtaz 
atəşin lisanla danışdı, məşhur həcvnəvis şairin tam bir Şərq şairi həyatı keçirib, 
Suriyaya,  İrana,  Türküstana  səyahət  edib,  yazıb-yaratmasını  nəql  etdi.  Ədib 
Seyid Hüseyn də şairə vida sözləri dedi». 
* * * 
«Dolandırıcı  bir  dəstə,  azyaşlı  oğlanları  dövlətlilərin  evinə 
qulluqçuluğa düzəldirlər, sonra de gecə yarısında çapqına gəlirlər, uşaq qapını 
açır». 
* * * 
«Dövlətli  balaları  əsgər  getmir,  rüşvət  verirlər.  Əsgər  gedən 
kasıblardır». 
* * * 
«Anbarlarda 250 milyon put neft aşıb-daşır...». 
* * * 
Qəlp  pul  karxanaları,  gecə  oğruları  və  silah  anbarları.  Fevral 
inqilabından  sonra,  ta  1920-ci  ilin  ortalarına  qədər  hər  ay  Bakıda  saxta  pul 
karxanası  kəşf  edilirdi.  Bayılda  altı  kişi  qəlp  pul  kəsdikləri  yerdə,  cinayət 
üstündə  yaxalanırlar.  İki  litoqraf  daşı,  birində  40  manatlıq  Kerinski  pulu  dərc 
edilib. 3.000.000 manat hazırlanmış pul tutulub. Canilər 40 nəfərdən ibarətdir; 
aralarında bir dəstə Bakı əyanı da var. 
Başqa yerdə 25 manatlıq kəsən digər «fabrika» kəşf edilib. 
Parapet  (Quru bağ) qarşısında  olan erməni  kilsəsi altındakı anbardan 
külli  miqdarda  hərbiyyə  ləvazimatı  -  soldat  libasları,  xəstəxana  avadanlığı 
gizlədildiyi  kəşf  edilmişdir.  Axtarış  zamanı  çoxlu  əsləhə,  pulemyot,  çoxlu 
patron  və  qeyri  şeylər  tapılmışdır.  Həmən  şeylər  arabalardan,  kilsədən  başqa 
yerə aparıldıqda görülüb və lazımi yerə bildirilmişdir. 
* * * 
İlyazar  adında  həbs  edilən  bir  şəxsin  mənzilində,  çarpayıda  100.000 
manat pul, böyük brilyant qaşlı çoxlu üzük tapılmışdır. 
Beş nəfər tutulub, 22 milyon köhnə Nikolay pulu üstlərində. 
* * * 
Bir  evdə  saxta  pul  kəsənlər  tutulub.  Təhqiqat  vaxtı  məlum  olur  ki, 
gündə  yalnız  yemək  -  içməklərinə  lazım  olan  miqdarda  pul  hazırlaya 
bilirlərmiş. 
 
 
* * * 
downloaded from KitabYurdu.org

185 
 
Armiyanski  (Qorki)  və  Kamenisti  (Şors)  küçələrinin  tinindəki  binada 
qəlp pul qayıranlar yaxalanıb. 
* * * 
Merkuri (Şaumyan) və Budaqov (l. Şmidt) küçələrinin tinində 400.000 
manat pul aparan arabanı əli silahlı adamlar araya alıb, pulları tələb ediblər. Pul 
taxta  qutuda  imiş.  Rabitə  işçisi  məktublarla  dolu  ağzıbağlı,  surquclu  çantanı 
canilərə  göstərir.  Onlar  cəld  torbanı  götürüb,  aradan  çıxırlar.  Pul  qutuda 
salamat qalır. 
*  *  * 
Naberejnı (Neftçilər) küçəsində tərsanə ilə üzbəüz binada səkkiz nəfər 
naməlum  şəxs,  cinayət  polisi  məmuru  libasında  gəlib  axtarış  icra  etmişlər; 
onlar  gedəndən  sonra  ev  xanımı  kəşf  etmişdir  ki,  həriflər  cəvahirat  və  qızılı 
qarət edib aparmışlar, 
* * * 
Azərbaycan    məhkəmə    palatası    prokuror    həzrətlərinə. 
Həmin 1919-cu il, iyun ayının 10-da, gecə, Bayıl küçəsində mənzilinə 
gələn  iki  nəfərdən  biri  özünü  təhriri  polis  rəisi  qələmə  verib  və  pulemyot 
axtaracaqlarını  söyləmişdir.  Dediyini  sübut  etmək  məqsədilə  fotoşəkil 
yapışdırılmış vəsiqə təqdim etmişdir. 
Axtarış vaxtı ev xanımını silahla təhdid edərək kassanı zorla açdırıb, 
qızıl pulla 2.000.000 manatlıq qiymətli əşya və qızıl pul götürüb aparıblar. Və 
tapşırıblar ki, şeylərin və pulun məsələsini ayırd etmək üçün səhər cinayət polis 
idarəsinə gəlsin. 
İstintaq vaxtı müəyyən edilib ki, soyğunçuluğu Səid Baba Mir Dadaş 
oğlu təşkil edib. Çapqında aşağıdakı adamlar iştirak ediblər: Bağır Nəcəf oğlu, 
Nəriman  Məşədi  Rəhim  oğlu,  Əliyev  Mir  Əhmədəli  Mir  Kərim  oğlu,  Əli 
Muxtar  Piri  oğlu,  İsgəndər  Hacı  Dəmir  oğlu,  İsmayıl  Əlixan  oğlu,  Əliağa 
Ağamalı oğlu, bir də Mehdi Ramazan. 
Qeyd  etmək  lazımdır  ki,  qarodovoy  İsgəndər,  soyğun  olan  vaxtı 
mülkün  qabağında  xidmət  şöbəsində  vəzifəsini  yerinə  yetirirmiş.  İsa  Mirzə 
Yəhya oğlu və Mir Əhmədəli Mir Kərim oğlu tərsanə qarşısında gecə gözətçisi 
imişlər. 
Təhriri  polis  rəisi,  çapqınçı  Səid  Baba  Mir  Dadaş  oğlunun  və  aşna 
saxladığı  Yelena  Tamrişvilinin  mənzillərində  apardığı  axtarış  zamanı  çoxlu 
qiymətli əşya və qızıl pul aşkara çıxardıb. 
Ev sahibi şeylərini tanıyıb və evindən talan edildiyini təsdiq edib. 
Bunlardan  əlavə  Səid  Babanın  mənzilində  fotoşəkil  yapışdırılmış  iki 
vəsiqə tapılmışdır; sənədlərin birində ona silah daşımağa icazə verildiyi yazılıb. 
İkinci vəsiqəni Bakı polismeysterinin müavini 1919-cu ilin mart ayında verib. 
Əşya  sahibi  sənədləri  göstərib  Səid  Babanın  axtarış  zamanı  özünü 
cinayət üzrə polis rəisi adlandırdığını təsdiq etmişdir. 
downloaded from KitabYurdu.org

186 
 
İsmayıl,  Əliağa  və  Mehdidən savayı  yuxarıda  adları çəkilənlər həbsə 
alınıb.  Onların  da  evlərindən  talan  edilmiş  qiymətli  əşya  və  qızıl  pul 
tapılmışdır. 
Ələ keçən qiymətli əşya və qızıl pullar yiyəsinə qaytarılıb. 
Bakı şəhərinin 1-ci polis şöbəsi istintaqı davam etdirir... 19/VI-19. 
* * * 
«Tiflis  əsilzadələr  bankı»nı  yarmaq  istəyənlər  kassada  yalnız  2.000 
manat  pul  tapıblar.  Xidmətçiləri  tapança  ilə  təhdid  edib,  milyonların  yerini 
soruşmuşlarsa  da  səyləri  boşa  çıxıb.  Soyğunçular  gedəndən  10  dəqiqə  sonra 
banka 2-milyon manat pul gətirilib. 
* * *  
Çəmbərəkəndində, 
Vəkilov 
müalicəxanasının 
(11  poliklinika) 
yaxınlığındakı çəpərə alınmış balaca bağçadakı daxmada çoxlu tüfəng, patron 
dolu qutular, bomba və qumbara tapılıb. 
Yük  avtomobili  dolusu  silah  tutulub.  Dəniz  kənarında  bir  evdə  silah 
anbarı  tapılmışdır;  1067  top  gülləsi,  çoxlu  patron  dolu  qutular,  bomba  və 
mərmi. 
* * * 
Pul basdırılan mətbəədən pullar oğurlanır. Yenə 300.000 manat  yoxa 
çıxıb, mühafizlər yatır, ya da üzbəüz meyxanada sərxoşluq edirlər. 
* * * 
Qurban  bayramı  yaxınlaşır.  İki  ay  yarım  bayrama  qalmış  yaxın 
qəzalardan,  bir  də  Türkmənistandan  Bakıya  qoyun  sürüləri  gətirməyə 
başlayıblar. Sallaxana -  Yasamal tərəflər böyük ağılı xatırladır. Çodarlar çəpər 
çəkib,  heyvanları  ora  doldurub.  Hər  gün  şəhər  bazarlarına  gətirib  satırlar. 
Dövlətlilərin  çoxu  ucuz  olsun  deyə  qurbanlığı  bir  neçə  həftə  qabaqcadan  alıb, 
arpa, ot, ələflə, səliqəsinə uyğun bəsləyir, kökəldirlər. Kübarlardan iki, hətta üç 
qoyun alan da var. 
Bayrama  yaxın  qoyunlara  qənd  verir,  alnına,  boynuna,  belinə, 
böyürlərinə, quyruğunun üstünə həna yaxırlar, boyunlarına muncuq və mərcan 
boyunbağılar taxıb, balaca güzgü, həmail asırlar. Təzə gəlinlərə, nişanlı qızlara 
qurbanlıq  aparılacaq  qoç  və  toğluları  xüsusi  bəzəyib,  zər-zibalı  xonçalarla, 
qənd kəllələri, parça, paltar, şirniyyat qoşurlar. 
Qurşaqlı, çuxalı hacılar, dövlətlilərin cavan oğlanları, ərköyün uşaqları 
qoyunları  dallarınca  yeriməyə  öyrədiblər;  tez-tez  mübahisəyə  qalxıb,  hərə  öz 
qoçunun üstün olduğunu iddia edir. 
Qurban  kəsəcək  tacirlər,  pullular,  hacılar  tay-tuşlarına,  varlı 
qonşularına paylanacaq qurban payı, təşrif gətirəcək qonaqlar barədə danışırlar. 
Bayram axşamı qoyunların gözünə sürmə çəkib, duz yedirdəcəklər, su 
içirdib,  aparıb  pirin  üstündə  hərlədəcəklər,  hacılar  qanovuz  arxalıq  geyib, 
üstündən  tirmə  qurşaq  sarıyacaq,  çuxanı  əyinlərinə  keçirəcəklər.  Tacirlərin 
downloaded from KitabYurdu.org

187 
 
naxışlı  xara  jileti,  yük  kostyumu,  buxara  papaqları,  qızıl  zəncirli  qızıl  saatı, 
yaqut,  zümrüd  medalyonları,  jilet  üstündən  bağladıqları  qızıl  təkbəndləri 
diqqəti  uzaqdan  cəlb  edəcək.  Qurban  günü  doyunca  kabab,  ikinci  gün  plov, 
üçüncü gün qutab, sonra da baş-ayaq yeyəcəklər. Şəhəri kabab tüstüsü, kabab 
iyi bürüyəcək. 
El  ordusu.  Denikinin  könüllü  Ağ  ordusu  Dağıstanı  işğal  etdikdən 
sonra  Bakıda  vəziyyət  çox  gərginləşdi,  Gündə  min  bir  şayiələr,  mülahizələr 
yayılır,  ağızdan-ağıza  keçdikcə  şişirdilirdi:  «Denikinin  məqsədi  Bakı  neft 
mədənlərini,  zavodları  bolşeviklərdən  qorumaqdır».  «Könüllü  ordu  bütün 
hazırlıq görüb, cənuba hücuma bu gün keçə, sabah keçə». «Deyirlər ki, Denikin 
yarı yoldadır». 
Belə  sözlər  şəhər  əhlinin  həyəcan  və  vahiməsini  daha  da  artırır, 
taqətdən  düşmüş  camaatı  qorxudurdu.  Bilmirdilər  aclığın,  bahalığın, 
ərzaqsızlığın,  ailə  məşəqqətinin  dərdini,  ya  da  ki,  göydən  asılmış  qəza 
qılıncının  başlarına  nə  vaxt enəcəyinin  intizarını çəksinlər. 
Denikin  ordusunun  Bakıya  gələcəyi  ilə  əksinqilabçı  tör-töküntüləri 
daha da baş qaldıracaqdı. 
Xalq  diz  çöküb  yenidən  Denikinlərə  qul  olmamaq  üçün  silaha 
sarılmağı qərara aldı və «hazır ol hərbə, əgər istərsən sülh, səlah» şüarını deyə-
deyə var-yoxunu satıb, silah alır, hərbi  məşq keçməyə başlayır. 
Qədim  zamanlardan  bütün  xalqlar  özlərini  qəsbkar  və  zalım-rəhmsiz 
düşməndən        qorumaq  üçün  həmişə  yardım    alayları    düzəldib,  müdafiəyə  
hazırlaşırdılar. Xırda çaylar birləşib böyük nəhrlər əmələ gətirdiyi kimi yardım 
alayları da bir-birinə qoşulub «El ordusu» yaradır. Vətəni istila təhlükəsindən, 
əhalini qətli-qarət təhdidindən,   köləlikdən   xilas üçün  hamı səfərbər olurdu. 
İndi də Azərbaycanın şimal üfüqlərini qatı qara buludlar örtüb, cəllad, 
qan  içən  Denikin  qan  axtaran  manavarlar  kimi  dişlərini  qıcırdıb,  əhalini  qan 
dənizində qərq etmək istəyirdi. 
Qəddar  düşmənə  qarşı  durmaq  üçün  Bakıda  «Yardım  alayları» 
düzəltməyə başladılar. 
Denikinçilər Şimali Qafqazda zəbt etdikləri bütün şəhər və kəndlərdə 
bolşevikləri  və  bolşeviklərə  rəğbət  bəsləyənləri,  azadlıq  sevənləri  dar 
ağaclarından asırdılar. 
«Hümmət»  təşkilatı  şura  düzəldib  Denikinlə  mübarizə  aparmaq 
məsələsini müzakirə edir və camaatı səfərbər etmək üçün minarələrdən bar-bar 
bağırırdılar. 
Axır  günlərdə  şəhər  küçələrində  çoxlu  ağ  zabitlər  görünür,  sual 
olunurdu  ki,  bunlar  bura  niyə  gəliblər?  Paytaxtımızda  işlərinin  adı  nədir? 
Zəhmətkeşlər  bu  yad  adamları  şəhərdən  qovmağı  tələb  edirlər.  General 
Voskresenski  və  bir  neçə  nəfər  onun  əlaltısı  zabitlər  həbs  edilib,  evlərini 
downloaded from KitabYurdu.org

188 
 
axtardıqda çoxlu hərbi sursat: tüfəng, patron, pulemyot, un, şəkər, qənd, paltar 
və parça tapılmışdı. 
Elə bu vaxt «Yardım alayı» da təşkil edildi.  
Yardım  alayı  iştirakçılarından  olan  kommunist,  əməkdar  müəllim 
Məhərrəm  Sultanov  öz  xatirəsində  yazır:  «Yardım  alayı  özünü  müdafiə 
məqsədilə  qurulmuş  yarım  hərbi  dəstələr  idi.  Bu  dəstələr  bir  yandan  Bakını 
şimaldan təhdid edən Denikin təhlükəsinə qarşı mübarizə, digər tərəfdən 1918-
ci  il  mart  hadisələri  təkrar  olmamaq  üçün  yerli  əhalinin  ailəsini  qorumaq 
məqsədilə yaradılmışdı». 
«Mən  özüm  hadisələrin  canlı  şahidi  olmuşam.  İllər  ötdüyünə 
baxmayaraq indi də yadıma düşəndə tüklərim biz-biz olur, gözlərim yaşarır...». 
«Yardım alayları»-nın məqsədi silahla rəftar etməyi bacarmaq, özünü 
və  millətini  əldə  silahla  müdafiə  etmək,  lazım  olanda  sinfi  düşmənlə  də 
vuruşmaq idi». 
«Silah almaq əvvəllər hamıya müyəssər deyildi, ancaq ötkəm adamlar 
tapança gəzdirirdilər. İndi isə silahlı olmaq əsas şərt idi». 
Bakıda  olan  ağ  ordunun  tör-töküntü  zabitləri,  ingilis  əsgərləri  və 
zabitləri  kazarmalardan  silah  oğurlayıb  satır,  restoranlarda,  dükanlarda  dəyər-
dəyməzinə arağa dəyişdirirdilər. 
 «Bu  və  ya  digər  səbəblərə  görə  1919-cu  ilin  yaz  fəslində 
maariflənmiş,  tədbirli  ağsaqqallar  camaatı  yığıb  iclas  keçirdilər  və 
müsəlmanlardan  silahlı,  könüllü,  özünümüdafiə  dəstələri  düzəltməyi  qərara 
aldılar və gəlir qubernatordan rəsmi icazə aldılar. Əlbəttə icazə verənlərin də öz 
hesabları  vardı.  Lakin  unutmaq  lazım  deyil  ki,  «Sən  saydığını  say,  bax  gör 
fələk nə sayır». 
«Yardım  alayı»nın  ilk  dəstəsi  Təzəpir  məscidinin  həyətində  təşkil 
edildi,  sonra  başqa  məscidlərin  həyətində  də  belə  dəstələr  yaradıldı.  Zaman 
bunu  zəruriləşdirmişdi.  Alayın  tərkibi  əsasən  zəhmətkeşlərdən  ibarət  idi: 
fəhlələr,  muzdurlar,  əməkçi  ziyalılar,  müəllimlər,  artistlər,  sənətkarlar,  xırda 
alış-verişçilər.  «Yardım  alayı»nın  adı  onun  tərkibini  uzaqdan  xəbər  verir  və 
kimlərin iradəsini ifadə etdiyini göstərir». 
«Şəxsən daxil olduğum «Təzəpir» məscidi həyətində toplaşan yardım 
alayı  barədə  bir  qədər  ətraflı  nəql  etmək  istəyirəm.  İlk  gündən,  yəni  1919-cu 
ilin baharından, ta 1920-ci ilin may ayının beşinə, yəni alayı rəsmən ləğv edib, 
üzvlərini qızıl ordu sırasına dəvət edənə qədər onun tərkibində olmuşam. 
1919-cu ildə evlənmişdim. Tezliklə bildim ki, qaynım Əliabbas Məlik 
oğlu  Ələsgərov  Kommunist  Partiyasının  üzvüdür,  gizli  fəaliyyətlə  məşğuldur. 
Məni də təşviq edirdi ki, partiyada üzv olum, hətta iki-üç  dəfə  məni Haşımov 
(Gənclər)  meydanında  olan  fəhlə  klubuna  da  aparmışdı.        Klubda  Nuru  paşa 
gedəndən sonra Bakıda qalmış türk zabitlərindən bir neçə nəfərini görmüşdüm. 
downloaded from KitabYurdu.org

189 
 
Bu  zabitlər  şəhərdə  yaradılmış  «Yardım  alayı»  dəstələrinə  komandirlik  edir, 
adamlara hərbi təlim verir, silahla rəftar etməyi öyrədirdilər»... 
«Azərbaycanlı  bolşevik  rəhbərlərin  çoxusunun  fəhlə  klubuna  bağlı 
olduğunu  qaynım  mənə  söyləmişdi  və  hətta  başa  salmışdı  ki,  sizin  Təzəpir 
həyətindəki  «Yardım  alayı»na  Əliheydər  Qarayev  və  Həmid  Sultanov  şəxsən 
təhkim  olunublar  və  rəhbərlik  edirlər.  «Yardım  alayı»mızın  komandirlərindən 
biri  olan  türk  zabiti  Müftizadə  Səlahəddin,  sonralar,  mən  fəhlə  fakültəsində 
oxuyanda  bizə  dərs  deyirdi.  Özü  də  həqiqətən  Kommunist  Partiyasının  üzvü 
idi.  Uzun  zaman  respublikanın  partiya  məktəblərində  siyasi  fənlərdən  dərs 
demişdi.    Hətta 1924-cü ildə dahi  Lenin vəfat edəndə dərsdə bizə gözlərində 
yaş  oynadığı  halda  matəm  nəğməsi  öyrədirdi,  bir  beyti  hətta  indi  də 
yadımdadır: 
 
―Fağır xalqı sevdin də oldun fəda,  
Şu  insanlığı hürr yaşatmaq üçün...‖ 
 
«Həftədə  bir  dəfə  cümə  günləri  məscid  həyətinə  gəlib  4-5  saat  hərbi 
təlim  alırdıq.  Çox  vaxt  həftəarası,  bekar  vaxtlarda  da  məşğul  olurduq. 
Şirnikəndən  sonra  hər  gün  axşamüstü  yığışırdıq.  Bəzən  şəhər  küçələrindən 
dəstə ilə keçə-keçə səs-səsə verib «Biz qafqazlıyıq» şərqisini oxuyurduq. 
Çox  vaxt  bir  neçə  nəfər  cəm  olan  kimi  zabiti  çağırtdırıb  hərbi  sual-
cavaba başlayırdılar. Məşğələmiz qurtaranda maddi imkanı olan yerlilərdən biri 
komandiri  şam  yeməyinə  qonaq  aparırdı.  Bəziləri  xəlvəti  pul  verir,  kömək 
göstərir və zabitlə yaxın olmaqları ilə fəxr edirdilər. Onu da qeyd etməliyəm ki, 
hərbi  məşğələ  vaxtı  türk  komandirləri,  vəzifəsinin  öhdəsindən  gələ  bilməyən 
bacarıqsızları  cəldliyə,  hərbi  işə  alışdırmaq  üçün  amansız,  çox  sərt  olurdular, 
elə bil əvvəlki mülayim, hörmətli adam deyildilər. Bərk söyürdülər, özü də çox 
qəliz, üçqat söyüş. Ata-babanı kordan çıxardır. Üst-başını, qafasını bulayırdılar. 
Söyülənlər qaba söyüşlərdən yaxa qurtarmaq üçün var qüvvələrilə səy göstərir, 
tez püxtələşirdilər». 
«Bazar-dükanda, məhəllələrdə silah satan əlindən tərpənmək olmurdu. 
Hamı canının qorxusundan var-yoxdan çıxıb silahlanırdı. Necə deyərlər, «İlan 
vuran ala çatıdan qorxar». Silah  -  sağ qalmaq deməkdi. Tüfəng, patron, barıt, 
tapança  istənilən  miqdarda  almaq  mümkün  idi.  Silah  gəzdirmək  artıq  bir  növ 
adətə,  ənənəyə  çevrilmişdi.  Görürdün  əlinə  bıçaq  almayanlar,  mauzer,  naqan, 
şaşka,  qılınc,  xüsusən  dövlətlilər  qını  nəqşli  gümüşlə  bəzənmiş  xəncər 
bağlayırdılar». 
«Yardım  alayı»nda  hərbi  məsələlərdən  başqa  dindən,  müsəlman 
tarixindən, hətta beynəlmiləlçilikdən, dolanacaqdan, oxumaqdan, geri qalmağın 
səbəblərindən,  mədəni  xalqlara  çatmaq  üçün  savadlanmaqdan  və  sairədən 
danışırdılar. «Yardım alayı» hümmət təşkilatı üçün ən   münasib təbliğat  yeri 
downloaded from KitabYurdu.org

190 
 
idi. Onlar silahlanmanı təşviq edirdilər. Məqsəd də məlum idi, məqam çatanda 
haman silahları istismarçılara qarşı çevirmək... Nəticədə elə də oldu». 
Bu barədə bir az sonra. 
«Birinci  həftələrdə  camaat  çox  çətinlik  çəkir,  tüfənglə  rəftar  etməyi 
bacarmır,  sırada  durmağı,  yeriməyi,  komandaya  uyğun  yox,  gec  yerinə 
yetirirdilər. Maraqlı bir  əhvalat baş verdi. Cavadbəy adlı bir adam  həmişə  sağ 
ilə  solu  səhv  salır  dəstədə  ümumi  yeriş  ahəngini  pozur,  tez-tez  gülüşə  səbəb 
olurdu.  Komandir  axırda  təngə  gəlib  onu  sıradan  çıxartdı:  «Farağat!»  -  deyə 
bərkdən  qışqırdı.  Cavadbəy  əllərini  yana  salıb  dik  dayandı,  şişman  qarnını 
qabağa verib özünü dartdı. Zabit qışqırdı. 
«Arş irəli, sol!». 
Cavadbəy  sağ  ayağını  qabağa  qoyub  yeridi.  Adamlar  özünü  saxlaya 
bilməyib  güldülər.  Komandir  səbrlə  komandanı  neçə  dəfə  təkrar  etdi,  lakin 
istənilən  nəticə  hasil  olmadı.  Komandir  bağırdı:  «Cavadbəy,  babanın  qafasını 
bulasınlar, sol!». 
Cavadbəy  yenə  sağ  ayağını  qabağa  atıb  addımladı.  Komandir 
yaxınlaşıb var gücü ilə Cavadbəyə bir şillə ilişdirib, qışqırdı: «Abdal hərif, səni 
görəyim şəhid olasan, anan sevinsin, sevinc yaşları axıtsın. Sol! Sol!». 
Cavadbəy  qəzəblə  sol  ayağını  bərkdən  yerə  vurub,  sakit  bir  tərzdə 
dedi:  «Ala, bu da  sol! İngilisləri qovduq Bakıdan, ya  ki Denikin Dağıstandan 
çıxdı getdi...». 
Bu cavabdan elə qeyri-adi vəziyyət yarandı ki, qaraqabaq, tündməcaz 
komandir qeyri-ixtiyari güldü, hirsi yoxa çıxdı. Hamı gülməkdən uğunub getdi. 
Lakin  türk  zabitləri  bu  «xam»  adamlardan  az  müddətdə  elə  çevik, 
cəsur,  mətanətli  döyüşçülər  yaratdılar  ki,  adam  məəttəl  qalırdı.  Hər  məşğələ 
vaxtı  beş-altı  saat  onları  qaçırdır,  yorur,  taqətdən  düşənə  qədər  əldən  salır, 
polad  nizam-intizam  yaradırdılar;  özləri  də  yorulmaq  bilmir,  istədiklərinə  nail 
olmadıqca  əl  götürmürdülər.  Bir  məşqi  kərratla  təkrar  etdirirdilər.  Birdən 
komanda  sədası  şimşək  təki  guruldayırdı:  «Nəfərat  düzülün!»  «Arş,  irəli!», 
«Sol!  Sol!  İrəli!  İrəli!  Ar...ka...ya  dön!»  «Sağ,  sol!  Sola  dön»,  «İrəli.  Silahlar 
umuza!»  «Olmadı! Təkrar!..    Silah    umuza!    silah    dabana»,    «Yarım    
dönüş  so...la!»      «Sağa    yarım    dönüş!»      «Farağat!    Yerində    say  bərkdən!.. 
Geriyə  dön!»,  «Hasarı  aşmaq!»  «Cəld!  Cəld!..»  Hədəfi  nişan  al!»  «Olmadı! 
Təkrar hədəfə!» «Süngü axılsın! İrəli! Süngü çıxarılsın!» «Azad!». 
Altı saat, bəzən on saat bu qayda ilə məşq keçərdilər. Hamısı tövşüyər, 
əldən-ayaqdan düşər, az qalardı ürəkləri ağızlarından çıxsın, tər yuyub aparar, 
zabitin  isə  heç  veçinə  olmazdı,  o  özü  daha  çox  addımlayır,  komanda  verir, 
söyür,  acıqlanırdı,  qətiyyən  usanmaq,  yorulmaq  nə  olduğunu  bilmir,  elə  bil 
sənətindən nəşə, həzz alırdı. 
Üç  həftədən  sonra  xalis  əsgər  idilər,  ətalət,  tənbəllik,  ağır  yerimək 
yoxa çıxmışdı. 
downloaded from KitabYurdu.org

191 
 
Bu hal hamını sevindirirdi. 
«Yardım alayı»nda komandirlik edən türkləri Kommunist Partiyasına 
hümmətçilər cəlb etmişdilər. 
Məhəmməd  Tahir  bir  dəfə  məşğələdən  əvvəl  məs-çid  həyətində 
yığılanlara  müraciət  edərək  dedi  ki,  keçə  məşğələləri  hərbi  təlimin  zəruri 
hissəsidir.  Şunu  hərbi  məramnamə  tələb  edir.  Sizlər  də  şunu  mütləqa 
yapmalısız. Vərdiş lazımdır. Şu hərbi əmrdir, varmıyanlar fərari sayılacaq, cəza 
veriləcək. 
«Başladıq gecə məşğələlərinə gəlməyə.» 
Obyektlərin  əhəmiyyətindən asılı olaraq bəzən səkkiz və hətta on, on 
iki  nəfər  səhərə  qədər  ayrı-ayrı  məhəllələrdə,  hökumət  idarəsi,  milyonçuların 
mülkləri,  bank  yerləşən  binaların  ətrafında  gözətçi  dayanardı.  Bizi  tez-tez 
yoxlayırdılar...». 
«Neçə  ay  idi  ki,  məşğul  olurduq,  hamımız  əməlli-başlı  əsgər 
olmuşduq.  Yüyürməkdə,  atəş  açmaqda,  hücum  və  ricət  etməkdə  bir-birimizlə 
yarışırdıq. «Al kafasını!» deyə bir-birinin əllərini qamarlayıb peysərinə keçirib 
başını əyməyə cəhd edir, ya  da qapışır və hər kəs üstün gəlməyə çalışırdı. İlk 
günlərdəki  ətalət,  qorxu-hürkü  yoxa  çıxmışdı,  silahla  rəftarı  əzbərdən  bilirdik. 
Tüfəng  və  tapançanı  söküb,  təzədən  yığmaqda,  yağlamaqda  hamı  pərkar 
olmuşdu.  Xüsusilə  hədəfə  atəş  açmaqda  tayımız,  bərabərimiz  yox  idi.  Gündə 
yüzlərlə atəş açıb, hədəfi dəlik-deşik edirdik.  Axır vaxtlarda daha iri hədəfləri 
yox, xırda əşyaları nişan alırdıq. İpdən alma, ya da ki, soğan asıb atırdıq, son 
günlərdə almanı, soğanı yox, onların asıldığı ipi nişan alıb güllə atırdıq. 
Komandirlər  ürəkdən  sevinirdilər,  bizlər  isə  fərəhdən  yerə-göyə 
sığışmırdıq, tez-tez təkrar edirdik: 
 
Hazır ol hərbə! 
Əgər istər isən sülh-salah». 
 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin