Manaf süleymanov



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə2/17
tarix06.06.2020
ölçüsü2,43 Mb.
#31627
1   2   3   4   5   6   7   8   9   ...   17
KY0000435

Maraqlı  bir  qeyd:  Kilsə  zənglərinin  səsi-sədası  gurultulu  və 
möhtəşəm,  daha  xoş,  daha  məlahətli  çıxmaq  üçün  tuncun  tərkibinə  qızıl  və 
gümüş  qarışdırmaq  lazım  olur.  Bu  məqsədlə  əhalidən  qızıl-gümüş  toplamağa 
başlayırlar.  Qadınlar  kəmər,  qolbaq,  sırğa,  üzük,  həmayil,  bilərzik,  kişilər  isə 
təkbənd, qılınc və xəncər qınları, gümüş qab-qacaq «ianə» gətirirlər. 
Nəticədə  «ianə»nin  əsas  hissəsini  müsəlmanlar  ödəyir,  birinci  yeri 
tuturlar. Zəngləri Ural zavodlarında tökdürüb hazırlatmışdılar. Ən iri zəng neçə 
top  ağırlığında  idi.  Onu  çox  çətinliklə  və  bir  neçə  aya  gətirib  Bakıya 
çıxarmışdılar.  Zəngin  üstündə  qədim  Slavyan  hərflərilə  müqəddəs  ayələr,  bir 
kənarında isə əllərində xaç, incil, məşəl və bu kimi dini şeylər olan kahinlərin - 
apostolların  qorelyefləri  həkk  edilmişdi.  İçərisi  güzgü  tək  par-par  parıldayır, 
bərq  zurur,  göz  qamaşdırırdı.  Orta  və  xırda  zənglər  də  çox  gözəl  və  ağırdı. 
Böyüyündən  tutmuş  ta  kiçiyinə  qədər  bütün  zəngləri  həndəsi  tənasüblə 
turmuşdular. 
İsanın  dara  çəkilmə  mərasimlərində  zənglər  səs-səsə  verib  elə 
«fəryad»  qoparırdılar  ki,  adam  vahiməyə  düşürdü.  Şəhərin  başqa 
məhəllələrindəki irili-xırdalı kilsələrində zəngləri eyni tərzdə «fəryad» qoparır, 
bu səslər bir-birinə qarışaraq mərasimi daha da təntənəli eləyirdi. Xaçpərəstlər 
qışqırırdılar:  «həzrət  Məsih  sağdır!..»,  «İsa  qalib  gəlir!..»;  :Onun  padşahlığı 
əbədidir!..» 
Pasxa  münasibətilə  «Qızıllı»  kilsənin  böyük  qübbəsinin  çıraqban 
edilməsi:  Bu  mərasim  vaxtı  kilsənin  ətrafında  adam  əlindən  tərpənmək 
olmurdu. Küçə hərəkəti dayanırdı, səkilər və küçələr tamaşaçılarla dolurdu. 
Birdən  irili-xırdalı  bütün  zənglər  səs-səsə  verərdilər,  müqəddəs  dua 
havası  çalmağa  başlayanda,  xaçpərəstlər  diz  çöküb  xaç  vura-vura  dua 
oxuyardılar,  ancaq  dodaqları  tərpənərdi.  Zəng  çalan  ipləri  dartmaq  və 
buraxmaqla  musiqini  tənzim  edər,  zənglər  həzin,  ahəngdar,  ürəkləri  oxşayan, 
insanı dərin düşüncələrə dalmağa məcbur edirdi. Adamlar bu mənalı musiqiyə 
qulaq asmaqdan doymurdular. 
Bütün  şəhərdə  bircə  nəfər  adam  qalxıb  əzəmətli,  böyük  qübbəni 
təmizləyib elektrik çıraqları ilə bəzəyə bilirdi; ondan başqa bu çətin, ağır işi heç 
kəs bacarmazdı. O, əvvəldən, bina tikildiyi vaxtdan divara möhkəm bərkidilmiş 
dəmir  pillələrlə  yavaş-yavaş  qalxırdı.  Böyük  qübbənin  altına  çatana  qədər 
tələsmədən, fasilə ilə tərpənirdi. 
downloaded from KitabYurdu.org

25 
 
Böyük qübbənin altına yetişəndə, aşağıda toplanmış izdiham təlatümə 
gəlirdi.  Elə  bil  matəmdi,  zənglər  tamamilə  susurdu.  Heç  kəs  cınqırını  belə 
çıxartmır, ətrafa məzar sükutu çökürdü. 
Pilləkəndəki adam ağılagəlməyən çətinliklə, həm də böyük məharətlə 
özünü  qübbə  ilə  pillələr  arasına  salar  və  içəri  tərəfdən  tərsinə  dırmaşmağa 
başlardı. 
Adam qübbənin altından, içəridən bayıra, qübbənin üstünə dırmaşanda 
izdiham  qorxudan  dəhşətə  gələrdi.  Arvadlar,  kişilər,  oğlanlar,  qızlar  diz  üstə 
çöküb,  qollarını  geniş  açardılar,  gözlərini  göyə  dikərdilər,  xaç  vura-vura  tez-
tez, astadan dua oxuyardılar, allaha yalvarardılar. 
Elə  ki,  adam  qübbənin  üstünə  qalxardı,  yerdəkilər  rahat  nəfəs 
alardılar,  dua  oxuyub,  xaç  vurmaqda  davam  edərdilər.  Zənglər  də  təzədən 
astadan səslənər, ahəngdar, həzin, ilahi musiqi sədaları ətrafə yayılardı. 
Qübbənin  tozunu  silib  təmizləyəndən  sonra  həmin  adam  yuxarıdan 
aşağı və eninə, dövrələmə rəngarəng elektrik çıraqları taxardı. 
Qayıdanbaş  qübbənin  altındakı  məsafəni  aşmaq  daha  çətin,  daha 
qorxulu olardı. 
Yenidən intizarlı mərasim təkrar olunardı.  
Elə  ki,  həmin  adam  yerə  düşərdi,  hamı  sevinərdi.  Üzlər  gülər, 
gözlərdən  qeyri-ixtiyari  sevinc  yaşları  axardı.  Möcüzə  olubmuş  kimi,  heç  kəs 
gözlərilə gördüyünə, o hündürlüyə çıraq taxıldığına və o çıraq taxanın təzədən 
qübbənin  altına  aşaraq  yerə  düşməsinə  inana  bilmirdi.  Bu,  həzrət  İsanın  dar 
ağacına,  çarmıxa  çəkiləndən  sonra,  təzədən  dirilib  göylərdə  qeyb  olmasına 
oxşayırdı. 
Göylərdən  yerə  enmiş  müqəddəs  adamın  əlini  tutmağa,  ətəklərini 
öpməyə can atırdılar, Üstünə nəzir, ianə yağdırırdılar. 
Müqəddəs  günlərdə  dini  ayinləri  keçirmək  üçün  baş  keşiş  ruhanilərlə 
bərabər  kilsəyə  gələrdi,  Onlar  kilsənin  yaxınlığında  yaşayırdılar.  O  binaların 
darvazasından  kilsə  girəcəyinə,  əzəmətli  darvazayadək  yola  asfalt  salınmışdı. 
Bu asfalt  yola  xalça döşənərdi.  O  zaman Bakıda  iki  yerdə  belə  asfalt döşəmə 
vardı  -  biri  «Qızıllı»  kilsənin,  biri  də  Qalabəyi  (Qradokaçalstvo)  idarəsinin 
qabağında, hərəsinin də Uzunluğu 500 metr idi. 
Kilsənin  tabut  qayıran  emalatxanası,  dükanları  vardı.  Arvadlar  və 
kişilər üçün cənazə libası, ikonalar, lampaslar, ikonaüstü örtük, lampas cövhəri, 
ağac yağı, fitil, şam və s. satılardı. 
Kilsənin  içərisində  çoxlu,  irili-xırdalı  qızıl  və  gümüş  ikonalar  vardı. 
Həzrət İsa və kahinlərin şəkilləri salınmış çərçivələr də qızıldan, gümüşdən idi. 
Minbərə açılan qoşa qapı da qızıldan idi. 
Dini  mərasim  zamanı,  axşamlar  elə  ki,  böyük  qübbədəki  çıraqları 
alışdırardılar, göydə qeyri-adi, rəngarəng, möcüzəyə oxşayan nur peyda olardı. 
Əzəmətli qübbənin şəfəqə qərq olan xaçları, əngin qaranlıqlara əfsanəvi ziyalar 
downloaded from KitabYurdu.org

26 
 
saçardı.  Göylərdə,  əlçatmaz  hündürlükdə  şairanə,  həqiqətdən  çox  xəyala 
oxşayan əsrarəngiz bir mənzərə canlanardı. 
Qübbələrin  çıraqları  alışanda  şəhərdə        yaşayan  bütün  xristianlar 
heyrətlənərdilər:  zənglər bərkdən çalınardı. 
Elə bir təsəvvür oyanardı ki, Məsihin özü, Məryəm oğlu İsa şəfəqlərə 
bürünüb ucsuz-bucaqsız boşluqlardan yeri seyr edir. 
Kilsədə  qızlar  və  oğlanlar  xor  oxuyardılar.  Çıraqların  ziyası 
pəncərələrdən qaranlıqlara süzülərdi. 
Mənzərə son dərəcə əzəmətli və gözəl olardı. 
Kilsənin  ətrafında  arxitektura   cəhətdən  diqqəti cəlb eləyən binalar 
tikməyə  icazə  verilərdi.  Lakin  «Qızıllı»  kilsədən  hündür,        ondan  görkəmli 
bina ucaltmaq olmazdı. 
Kiçik  bir  haşiyə:  Bələdiyyə  idarəsi  ötən  əsrin  səksəninci  illərinin 
əvvəlində  müsəlmanlara  təklif  etmişdi  ki,  şəhərin    mərkəzində  olan  köhnə 
müsəlman  qəbiristanlığında  bir  məscid  tiksinlər;  qərar  da  çıxarmışdı.  İşi  o 
qədər uzadırlar ki, axırda yer əldən çıxıb kilsəyə qismət olur. 
Nabat xanım Xocabəy qızı ərindən və atasından aldığı miras hesabına 
qoşa minarəli Təzəpir məscidini tikdirir. 
Nabat  xanımın  qəbiri  həmin  məscidin  eyvanında,  baş  qapının  sağ 
tərəfindədir.  Nabat  xanım  xeyriyyə  işlərinə  kömək  edirdi.  Bakı  su  kəmərini 
çəkməyə də xeyli ianə vermişdi. 
Krasnovodsk  (Səməd  Vurğun)  küçəsindəki  Göy  məscidi  Əjdər  bəy 
tikdirmişdi. Arxitektoru Zivərbəy Əhmədbəyov idi. 
Persidski  (Poluxin)  küçəsi  ilə  birinci  Qanlı  təpə  (1-ci  Sverdlov) 
küçəsinin  tinində,        Şah    döngəsindən  bir  dalan  o  tərəfdə,  hamamla  üzbəüz 
minarəsiz Axund məscidi durur. 
Bakı  şəhərinin  mövqeyi:  Limanın  sahili  Şərqdə  Zığ  burnundan 
başlayıb, qərbdə Şıx burnuna qədər 24 kilometr uzanır; bu arada onlarla körpü, 
bir neçə gəmi tərsanəsi və təmir zavodu vardı. Sahilin orta hissəsində şəhərdəki 
körpülərdən  gəmilərə  cürbəcür  mallar  -  manufaktura,  dən,  un,  taxıl,  duz,  çay, 
qənd,  kişmiş,  qaysı,  səbzə,  qoz,  fındıq,  təzə  meyvələr,  tərəvəz,  taxta,  odun, 
ağac,  dəmir,  mis,  kömür  yükləyirdilər.  Gömrükxana  və  sərnişin  körpüləri  də 
limanın bu hissəsində idi. Dadaşov qardaşları və  «Qafqaz-Merkuri» şirkətinin 
gəmi  tərsanələri,  digər  təmir  emalatxanaları,  gömrükxana,  onun  anbarları  və 
dəniz qırağındakı dükanlar da bu hissədə yerləşirdi. 
Merkuri (Şaumyan) küçəsində Tağıyev teatrının arxasında sahil boyu 
iyirmiyə  qədər  ağac-taxta,  odun  anbarı  vardı;  neçə  ildən  qalma  taxta,  dirək, 
şəlban, tir, qapı-pəncərə çərçivələri, odun satılırdı. Körpülər sahiblərinin, ya da 
şirkətin adını daşıyırdı. İmamverdi körpüsü, Adamov körpüsü və s. 
Limanın  ikinci  hissəsi  Qara  şəhərdən      başlayır,  Ağ  şəhəri  əhatə 
etməklə soltan burnuna,  Zığa qədər uzanır. Bu arada 43 körpü vardı...  Hamısı 
downloaded from KitabYurdu.org

27 
 
da şəxsi adamlara  və  şirkətlərə  məxsus   idi;   bu   körpülərdən duru yanacaq - 
mazut,  neft,  benzin,  maşın  yağları  daşınırdı.  Neft  emal  edən,  təmizləyən 
zavodlar,  çoxlu  neft  anbarları,  benzin  çənləri,    kükürd  turşusu,  mis,  çuqun 
əridən və digər zavodlar, bir gəmi təmiri tərsanəsi də bu ərazidə idi. Bu arada 
gecə-gündüz  göydən  his-pas  yağar,  qara  tüstü,  boz-sarı  buxar  göy  üzünü 
örtərdi;   hətta   buradakı   qağayılar,   sərçələr,   it-pişik belə qapqara olardı. 
Damlar, divarlar da ürək sıxan qaramat rəngdə idi. Hər addımda gecə-gündüz, 
aramsız  tüstü  qaynayan  göylərə  baş  qaldırar,  yoğun,  hündür,  nəhəng  bacalar 
yerə  kölgə  salar,  dəhşətli  mənzərəni  daha  da  vahiməli  edərdi.  Hara  baxardın 
yoğun,  xırda  ölçülü  borular  nəzərə  çarpardı;  bu    borular    yerdən,  göydən, 
hasarların üstündən, divarlar boyu uzanar, göydə tağlar əmələ gətirər, bir-birilə 
çarpazlaşar,  üst-üstə  qalanardı.  İlk  günlərdə  gümüşü  rəngə  çalan  iri,  xırda, 
nəhəng  dəyirmi  çənlər  bozarıb  qaralardı.  Limanın  üçüncü,  Şərq  hissəsi  Bayıl 
burnundan başlayıb Naftalan-Bibiheybətə qədər davam edərdi; o aradakı on bir 
körpüdən  gəmilərə  qara  nöyüt,  ağac-taxta,  sement  və  mazut  yüklənər,  qış 
aylarında gəmilər təmirə dayanardı. Bu körpülərdə hər növ gəmiyə rast gəlmək 
olardı:  buxar  gəmiləri,  yelkən  gəmisi,  tanker,  minik  gəmiləri,  barkazlar,  irili-
xırdalı qayıqlar... 
Bakı  limanında  çoxlu  gəmi  vardı.  Gəmiçilik  o  dərəcədə  inkişaf 
etmişdi  ki,  Xəzər  dənizi  ilə  daşınan  yükün  illik  miqdarı  üç-dörd  milyon  puda 
çatırdı, Bakı dənizlə yükdaşımaqda Rusiyada birincilər sırasındaydı. 
Şəhərdə  məişətin  bütün  sahələrində  böyük  bir  canlanma  vardı. 
Mərkəzi məhəllələrdə Asiya ilə Avropa üz-üzə gəlib bərabər yaşayırdı. Şəhərdə 
təmtəraqlı imarət və mehmanxana adları vardı: «Metropol», «Köhnə Avropa», 
«Madrid», «Yeni Avropa», «Leon», «Təbriz», «Dvorsovıe nomera», «Marsel» 
və s. 
Bir cəhəti də qeyd etmək oxucular üçün    maraqlı olardı: tətillər elan 
ediləndən  sonra,  fəhlə  nümayəndələri  neft  sənayeçiləri  və  «Sovet  siyezd» 
rəhbərləri  ilə  əsasən  «Metropol»da,  ya  da  başqa  mehmanxanalarda  müzakirə 
aparardılar,  Səməd  Vurğun  küçəsindəki  43  nömrəli  binaya  yapışdırılmış  bir 
lövhədə 
oxuyuruq: 
«Bu 
mülkdə 
(sabiq 
«Dvortsovıe 
nomera» 
mehmanxanasında) 1917-ci ildə oktyabrın 15 (2)-də proletariat sentyabr ayında 
başladığı  tətildə  qələbə        çalandan  sonra  Bakı  neft  sahibkarları    fəhlələrlə 
kollektiv müqavilə bağlamışdı». 
«Şəms»,  «Mübarək»,  «İstambul»,  «İslamiyyə»,  «Novıy  svet», 
«Çikaqo»,  «Çanaxqala»,  «Tehran»,  «Novbahar»,  «Anadolu»,  «Qretsiya», 
«Dardanel» və sairə qəşəng, təmtəraqlı adlarda restoranlar, aşxanalar vardı. 
Hamam adları da qəribə idi: «Ermitaj», «Fantaziya»,«Ağa», «Sarxan», 
«Mironov», «Axund», «Qədir», «Malağan», «Toyuq yeyən». 
Mağazalara  «Cəvahir»,  «Şəşəə»,  «Fərş»,  «Əbrişim»,  «Yaqut», 
«Naznazı», «Hacı, bəri bax», «Zərxara» kimi adlar qoymuşdular. 
downloaded from KitabYurdu.org

28 
 
Rəngarəng klub adları zardı: «Edison», «Ermitaj», «Ermans». 
Bazar (Hüsü Hacıyev) küçəsi adından göründüyü kimi şəhərin ən gur 
ticarət  mərkəzi,  o  tay-bu  tay  dükanlar  və  karvansaray  idi.  Sərrac,  baqqal, 
bəzzaz, çəkməçi, boyaqçı, papaqçı, şamqayıran, kababçı, cızbızçı, pitiçi, çayçı, 
çörəkçi, lavaşçı, kəlləpaç dükanları gecə yarısınadək açıq olardı. 
Ləziz  xörəklərin  ətri  adamı  uzaqdan  vururdu;  dükançılar  və 
xörəkpaylayanlar müştərilərinə xoş sözlər deyərdilər: «Ağa, buyur», «Ağa, xoş 
gəldiz», «Ağa, qulluq», «Ağa, nuşsan»... «hər gün buyurun», «Təşrif gətirin»... 
«Qulluğunuzda olaq»... 
Bir neçə yerdə, xüsusən Bazar küçəsində səkiyə  həsir, palaz döşəyib, 
döşəkçə salmış küçə mirzələri oturub fəhlələr üçün İrana məktub yazırdılar. 
Quba meydanından Sabunçu vağzalına qədər uzanan Balaxanı (Basin) 
küçəsində  çoxlu  sənətkar,  xırda  alverçilər,  baqqal,  bəzzaz,  şirniyyatçı  və 
çörəkçi dükanları vardı. 
Doxsanıncı ildən sonra Balaxanı küçəsində bir neçə gözəçarpan mülk 
tikilmişdi:  Aslanovun  böyük  mülkü,  Marinski  (Karqanov)  küçəsilə  Balaxanı 
küçəsinin  tinində  İsabəy  Hacınskinin  evi,  ondan  bir  qədər  aralı  Rzayevin 
nəhəng  mülkü.  O  zamanlar  Türkiyə  konsulxanası  bu  binada  idi.  Balaxanı  və 
Krasnovodsk  küçələrinin  tinində,  indiki  Lenin  sarayı  ilə  üzbəüz  olan  sabiq 
gimnaziyanın (indiki Fuad Əfəndiyev adına 4 №-li şəhər klinik xəstəxanasının) 
əzəmətli binası (1911-1912-ci illər)... 
Şəhərdə  neçə  dənə  pasaj  vardı:  Meyvə-tərəvəz  pasajı,  Ərzaq  pasajı, 
Balıq  pasajı,  Parça-paltar  pasajı,  Tağıyev  pasajı,  Bəzzaz  pasajı,  Kələntərov 
pasajı və sairə. 
Şəhərin  mərkəzindən  kənardakı  məhəllələrin  də  öz  adları  vardı: 
Çəmbərəkəndi  (Bu  məhəllədə  maldarlar  yaşayırdı),  Dağlı  məhəlləsi,  Həmşəri 
palanı,  Sonbala  açıqlığı,  Məhəmmədəli  məhəlləsi,  Qanlı  təpə,  Vağzal  dalı, 
Malağan Slobodkası, Müsəlman Keşləsi və sairə. 
Torpağın  hər  qarışını  bir  ovuc  qızıla  satırdılar.  Tez-tez  yer  üstündə 
dava,  qan  düşürdü.  Məhkəmələrdə  torpaq  və  mülk  üstündə  yüzlərlə  şikayətə 
baxırdılar. 
Torpaq  sahibləri  torpaqlarını  bankda  girov  qoyur,  faizlə  pul  alır, 
başlayırdılar mülk tikdirməyə. Elə ki, birinci mərtəbə hazır olurdu, onu da yenə 
girova  qoyurdular,  möhlətlə  yenə  məbləğ  götürür,  əvvəlki  kreditin  faizini 
ödəyir,  eyni  zamanda  üst  mərtəbələri  də  tikdirir,  bu  qayda  ilə  binanı  başa 
çatdırır, olurdular ev sahibi. Mənzilləri, dükanları kirayə verirdilər. 
Dövlətlilər  binalarının  damında  əzəmətli  qübbə  qoydururdular. 
Bununla  da  sərvətlərinin  tükənməzliyini  nəzərə  çarpdırmaq  istəyirdilər.  Bir 
kaşanədə,  bəzən  hər  küncdə  və  baş  fəsadlarda  birər  qübbə  ucaldırdılar;  hər 
qübbə,  guya  bir  milyon  tanxa  sayılırdı,  Qübbələrin    ortasındakı  milə  ştandart 
qaldırıb  tanış  adamlara,  qohum-əqrəbaya  o  gün  hansı  salonda  ailə  yığıncağı, 
downloaded from KitabYurdu.org

29 
 
ziyəfət,  ad  günü  olduğunu  xəbər  verirdilər,  hər  dövlətlinin  öz  bayrağı  vardı. 
Əzəmətli binalardakı altı-yeddi otaqlı mənzillərdə xüsusi orkestr bucağı  vardı  
ki,    orada      musiqiçilər    çalar,    xanəndələr  oxuyar,  məclisdəkiləri 
öyləndirərdilər. 
Qəfildən  varlanan  neftxudalar  allaha  bəndəlik  etmirdilər,  pulu  necə 
gəldi o cür xərcləyirdilər. 
Balaxanı  camaatı  (Bakı  kəndləri  arasında  və  şəhərin  özündə)  dövlətli 
hesab edilirdi; o həyət, o zəmi, o bostan yox idi ki, orda bir neçə nöyüt quyusu 
olmasın. 
Məclislərdə,  xüsusən  toylarda  bərbəzəkli,  zəngin  geyinərdilər. 
Arvadları, gəlinləri, hətta azyaşlı qızları qızıl, mirvari, ləl-cəvahirat içində olar, 
uzaqdan  diqqəti  cəlb  edərdilər.  Nabələd  adamlar  onları  görəndə  heyrətə 
gələrdilər. Kişilər zəvvar dəstəsinin qabağında yeriyən çavuş qatırı sayaq bəzək 
-«zınqırov» içində olardılar. Qiymətli xəncər, beybut, tapança gəzdirər, buxara 
papaqlar  yarım  arşın  hündürlükdə...  Həddindən  artıq  bədxərc,  mənəm-mənəm 
deyən, davanı pulla satın alan idilər. Meyxanaya girib keflənər,  durub gedəndə 
gözləri  ayaqlarının  altını  görməz,  birdən  dayanardı;    deyərdilər    ki,    qapı    o 
tərəfdədir,  gedən ora. Harınlığına  salıb  ayağını dirəyərdi  yerə, inad edərdi  ki, 
mən  burdan  çıxacağam,  sökün  divarı,  yol  açılsın,  əskinası  səpələyərdi  yerə. 
Bənna-fəhlə gətirdib divarı sökər, yol açardılar. 
Belə  harın  dövlətlilərdən  biri  haqqında  balaxanılı  Cəlilov  belə 
danışırdı: Şəhərdə «kef» edəndən sonra küçələrdə veyllənə-veyllənə gəlir çıxır 
«Qoşa-qala» qapısı olan yerə, Haşımov meydanına. Görür ki, Hacı Zeynalabdin 
Tağıyevin  maşını  ordadır.  (Bakıya  ilk  dəfə  avtomobili  Tağıyev  gətirtmişdi, 
ondan  sonra  Rotşildlər).  Şoferə  yaxınlaşıb  deyir  ki,  məni  apar  kəndə.  Şofer 
cavab  verir  ki,  gücün  çatmaz,  çox  bahadır.  Hərif  hökmlə  soruşur:  «Axı,  nə 
qədərdir?»  
Şofer yaxasını qurtarmaq üçün deyir: «iyirmi beş manat». (İyirmi beş 
manata  bir  əla  fayton  və  iki  köhlən  at  almaq  olardı).  «Verrəm  iyirmi  beş 
manatı!» deyə oturur maşına. «Sür görüm!» 
Şofer  yola  düşür,  tünlük  olan  mərkəzi  küçələrdə  dalbadal  fit  verir, 
adamları  xəbərdar  edir;  elə  ki,  seyrək  küçələrə  çıxır,  daha  fit  vermir.  Hərif 
dilxor  olub  xəbər  alır  ki,  «Ayə,  niyə  onun  zurnasını  çalmırsan?».  Şofer  onu 
başa salır ki, o zurnanı çox çalmaq olmaz, ona da pul verməlisən. 
«Eybi yoxdur, verrəm, çal!» deyə hərif harda iki-üç adam, qəşəng, kök 
arvadlar görür fiti dalbadal çaldırır. 
Balaxanıya  çatanda  kənd  əhli  tökülür  maşının  qabağına.  Hərif 
şoferdən soruşur: «Nə qədər verəcəyəm?» Şofer deyir: «iyirmi beş manat maşın 
haqqı, otuz beş manat da zurna üçün». 
downloaded from KitabYurdu.org

30 
 
Hərif  şoferin  pulunu  verib  yola  salır.  Hərə  bir  tərəfdən  xəbər  alır  ki, 
necə  gəldin,  nə  qədər  xərcim  çıxdı!  hərif  deyir:  «Maşının  qiyməti  ucuzdur, 
amma zurnası çox bahadır». 
O  vaxt  ləqəb  qoymaq  adət  idi:  Ağşalvarlar,  Kosalar,  hoppanaram  ha, 
Bozbaşyeyənlər,  Əliçomaxlılar,  Bic  Zeynəlbadin,  Spasibo  Zeynalabdin  və 
sairə... 
Spasibo  ləqəbinin  maraqlı  tarixi  var.  Padşahın  ona-buna  medal 
verdiyini  gördükdə  içərişəhərli  Zeynaləbdin  də  medal  almaq  xəyalına  düşür. 
Bakı  qubernatorunun  yanına  gedib,  xahiş  edir  ki,  İçərişəhərdə  olan 
karvansarayımı padşahın uşaqlarına bağışlayıram. Qubernator ona acıqlanır ki, 
padşahın  uşaqları  o  günə  qalmayıblar  ki,  sənin  xəraba  karvansarana  göz 
diksinlər.  Zeynalabdin  təzim  edib  deyir  ki,  cənab,  mən  padşahın  uşaqları 
dedikdə, soldatları nəzərdə tuturam. Onlar da əlahəzrətin balalarıdır. 
Qubernator  mətləbdən  agah  olduqda  Zeynalabdindən  ərzi-hal  alıb 
göndərir  Peterburqa...  Zeynalabdin  Karaulnaya  döngəsi  ilə  Starıy  poçtovoy 
(Ostrovski)  küçəsinin  tinində,  Təzəpir  məscidinin  yüz  otuz-yüz  qırx 
addımlığında  yerləşən  qubernatorluğa  tez-tez  baş  çəkib,  cavab  gəlib-
gəlmədiyini soruşur. 
Günlərin  birində  qubernator  Zeynalabdini  çağırıb,  xəbər  verir  ki, 
əlahəzrət  sənin  xahişini  qəbul  edib;  get  karvansaranı  boşalt,  təmizlə,  qaydaya 
sal,  bir-iki  günə          soldatları  ora  köçürəcəyik.  Zeynalabdin  sevinə-sevinə 
soruşur  ki,  bəs  əlahəzrət  mənə  nə  lütf  edibdir,  Qubernator  kağıza  nəzər  salıb 
deyir:  «Sənə  də  spasibo  yazıbdır».  O  gündən  kişinin  adı  qalır  «Spasibo 
Zeynalabdin». 
Bir nəfər də çox tədbirli, diribaş olduğuna görə Bic Zeynalabdin, Qatır 
Zeynalabdin deyirdilər. İndiki Sabir bağının altındakı dalanda, Hacı Hacağanın 
«Təbriz» mehmanxanası və karvansarasından azca yuxarıda Bic Zeynalabdinin 
bir  neçə  dükanı    vardı.    Yer  xəfə,  gediş-gəliş  az  olduğuna  görə  dükanları 
kirayəyə  götürən  yox  idi.  Bic  Zeynalabdin  bələdiyyə  idarəsində  mənsəbli 
şəxslərə yol tapıb «Qoşa qala» qapısından yuxarıda bələdiyyə idarəsi hesabına 
bir qala qapısı da açdırır, beləliklə dükanlarını kirayəyə verir.  
Məşhur  şirniyyatçı  Eynimin  Rusiyanın  bütün  böyük  şəhərlərində 
olduğu kimi Bakıda da topdan - satış kontoru vardı. Əsasən iris satardılar, Bir 
dəfə  bir  neçə  vaqon  şirin  qalet  də  gətirirlər,  müştəri  tapılmır.  Eynimin 
müvəkkili  başını  itirir.  Axırda  Bic  Zeynalabdindən  məsləhət  istəyir.  O  də  bir 
qutu qalet götürüb kirir «Təbriz» mehmanxanasının    birinci mərtəbəsində olan 
kababçı  Hacı  Aslan  Məcidovun  «Şəms»  aşxanasına,  çay  gətirtdirib  başlayır 
qalet  yeməyə,  birdən  qutudan  bir  beş  manatlıq  qızıl  sikkə  çıxarır,  qışqırır: 
«Ada,  qalet  qutusuna  beşlik  qızıl  qoyub-par».  Aşxanadə  olanlar  cumur  qalet 
almağa.  Bic  Zeynalabdin  çayı  içib,  düşür  küçəbəküçə  kababçı  dükanlarına,  
çayxanalara,    aşxanalara,      karvansaralara,    pasajlara  beş  manatlıq  qızılı 
downloaded from KitabYurdu.org

31 
 
göstərə-göstərə  car  çəkir.  Axşama  şəhərdə    dərman  üçün    axtarılsaydı,    qalet 
tapılmazdı. 
Konfet  qutularında,  papiros,  tütün  paçkalarında  beş  manatlıq,  üç 
manatlıq, qızıl üzük qoymaq müştəriləri şirnikləndirmək üçün xüsusi hiylə idi. 
Şəhər  küçələrinin  rəsmi  adları  ilə  yanaşı  yerli  adları  da  vardı; 
«Toyuqçu  bazarı»  -  Qarayev  küçəsi  «Qəssab  bazarı»  -  Yefimov  Saratovtsev 
küçəsi,  «Balıqçı  bazarı»  -  Nizami    küçəsi,    (bir  hissəsi),    «Xarrat  bazarı»  - 
Ostrovski küçəsi, «Misgər palanı» - Həzi Aslanov   küçəsi,   «Həmşəri   palanı»   
-      Şors      küçəsi,  «Güzgüçülər  palanı»  -  Petra  Montin  küçəsi,  «Gön  satan  - 
dabbaq palanı»  - Bir may  küçəsi,  «Zərgər palanı»  - Qasım İsmayılov küçəsi, 
«Başmaqçı palanı» - Vidadi küçəsi, «Səbzə bazar» və sairə.   
Bakıda  çoxlu  karvansara  vardı,  sahibinin  adı  ilə  adlanırdı:  Hacı 
Hacağa  karvansarası,  Hacı  Mustafa  karvansarası,  Köhnə  karvansara,  Zaxar 
karvansarası,  Çuxur  karvansara,  Dağıstanlılar  karvansarası,  Xanım 
karvansarası və s. Tiryəkçilər karvansarası isə Quba meydanı həndəvərində idi; 
qabaq  tərəfində  bir  restoran  vardı.  Bu  karvansara  səs-küydən  «uzaq»  hesab 
edilirdi.  Hücrələr  məqsədəuyğun  döşənib  qaydaya  salınmışdı;  manqal,  tiryək 
hoqqası,  maşa,  kömür  və  digər  ləvazimat;  xaricilər  üçün  isə  taxt,  stol  və  stul 
qoyulmuşdu. Müştərilər tiryək alıb hücrə  haqqını verəndən sonra - başlardılar 
tiryək  çəkməyə;  qonşudakı  restoranda  yerləşən  çayxanadan  çaypaylayanlar 
tünd  çay,  bufetçi  isə  şirniyyat,  halva,  xuşgəbər,  səbzi,  ləbləbi,  qaysı,  xurma, 
şəkərbura, paxlava, şəkərçörəyi,  miyanpur, qoz-badam ləpəsi gətirərdi. Tiryək 
iyi adamı vurardı. 
Tiryəkçilər  karvansarasından  savayı,  kömür  meydanında  da  bir 
karvansara  vardı,  tiryək  çəkərdilər,  bura  çox  vaxt  kübar  adamlar  gələrdilər, 
hətta zənən xeylağı müştəriləri də vardı. Otaqlar təmiz, tiryək dəstgahı xudmani 
idi;  xırda  manqallar,  farfor  hoqqalar,  əntiqə,  xırda,  bəzəkli  bürünc  maşalar... 
hoqqaların  başı  -  tiryəkban  əla  növlü  çinidən,  müştükləri  səndəl  ağacından, 
şirmayıdan,  sədəfdəndi;  tiryəkbanı  gözəl  miniatür  nəqşlərlə  bəzəyərdilər; 
ingilis  malı bu tiryəkbanları İngiltərədə  qayırar, İrana  göndərərdilər, ordan da 
Bakıya  və  başqa  ölkələrə  yollayardılar.  Nazik  qurğuşun  vərəqəyə  bükülmüş 
tiryək  lülələri  nəfis  qutularda  olardı;  dördkünc,  uzunsov  tiryəklər  də  vardı, 
onları da qurğuşun kağızlara səliqə ilə bükərdilər, üstlərini də bəzəyərdilər. 
Məhəllə çayxanalarının da bəzilərini arakəsmə ilə bölər, bayır tərəfdə 
samovar qoyub çay satardılar, dal tərəfi isə tiryəkxana edərdilər. 
Tiryəkxana  ətrafı  sakitlik  olmalı  idi.  Tiryəki  hoqqaya  qoyar,  xırda 
maşa  ilə  manqaldan  göz  çarçasını  götürüb  piləyə-piləyə  üstünə  basar,  qüllab 
vura-vura  tüstünü  döşünə  çəkib,  dərindən  nəfəs  alar,  sonra  da  üfürərdilər, 
başlardılar şirin məzə yeməyə. Şirniyyat məstliyi, nəşənin müddətini artırardı. 
Vay  ondan  ki,  qab  düşəydi,  bərkdən  asqıraydılar,  qəhqəhə  çəkib 
güləydilər,  o  dəqiqə  tiryəki  ayılar,  xumarlıq  aləmi  yox  olar,  nəşəsi  pozular, 
downloaded from KitabYurdu.org

32 
 
xərc-xuracatı  puça  çıxardı.  Tiryəkilər  axırda  var-yoxdan  çıxar,  dilənçiyə 
çevrilər,  cır-cındır  içində  qalardılar;  tiryək  səmi  gələndə  əsim-əsim  əsərdilər. 
Taqətdən  düşər,  iş  qabiliyyətini  və  bütün  iqtidarlarını  itirərdilər.  Bu,  dəhşətli 
faciə idi. 
İçərişəhərdə  Şişəli  karvansara  vardı  ki,  hücrələrinin  bəzilərində 
pəncərə  əvəzinə  damda  şişə  fanarlar  düzəltmişdilər.  Ona  görə  də  «Şişəli»  ad 
qoymuşdular.  İçərişəhərdə  başqa  bir  əyləncə  evi  də  vardı  -  «Pilləkanlı 
meyxana» deyərdilər. Girəcəyin üstündə hüsnxətlə iri ərəb hərflərilə: «Yüknən 
girən taynan çıxar, taynan girən haynan çıxar» yazmışdılar. 
Bu  növ  əyləncə  evlərini  nəzərə  çarpdırmaq  üçün  damlarında  uzunu-
eni bir metr, metr yarım, hündürlüyü də bir metr olan xüsusi fanarlar düzəldib 
əlvan şüşələr salar və gur lampalarla işıqlandırardılar. 
Meydanlara  nə    vaxt  gəlsəydilər  bir  neçə  yerdə  yığıncaq  görə 
bilərdilər. Falçılar, sehrkarlar,  ilan ya da  meymun oynadanlar,  qəsidə oxuyan 
dərvişlər  camaatı  başlarına  yığıb  məşğul  edər,  sonra  da  pul  yığardılar.  Çoxlu  
müsəlman aşxanası, pitiçi, kababçı,  kəlləpaz vardı. Aşpaz Ələkbər yalnız plov 
bişərərdi; səkidə dayanıb qışqırardı: «Ay camaat, plov hazırdır!.. Gəlin isti-isti 
yeyin!  Zəfəranlıdır,  ləzzətlidir!..  Bu  gün  plov  yeməsəz,  sabah  onu  sizə  çilov, 
biri gün dovğa yedizdirəcəyəm». 
Meydanlarda  tez-tez  it  boğuşdurur,  qoç  döyüşdürür,  xoruz 
vuruşdururdular. Belə   vaxtlarda  mərəkə  qopardı. 
Milyonçuların, qoluzorbaların arasında itbaz, qol döyüşdürən, quşbaz, 
xoruzbaz  vardı.  Bekar,  harın,  tüfeyli  adamlar  əyləncə  axtarırdılar.  İtlər 
boğuşanda,  xoruzlar,  qoçlar  döyüşəndə  tez-tez  dava  düşərdi,  mərəkə  qopar, 
savaşardılar, adam tələf olardı. Çox vaxt əvvəlcədən münsiflərə pul basırdılar 
ki,  yalan  rəy  versinlər.  Kasıbın  iti,  ya  qoçu,  varlı  adamınkına  üstün  gələndə, 
tapançanı  çıxarıb  yazığın  itini,  qoçunu  elə  yerindəcə  gəbərdirdilər.  Xoruzu, 
qoçu, iti uduzan məhəllə o gecə zülmətə qərq olar, çıraq yandırmazdılar. Udan 
məhəllədə isə əksinə, çıraqban, şənlik, şadyanalıq olardı, çalıb oxuyardılar. 
Buxara  dəriləri  alverçisi  bir  papaqçıya  Türküstandan  dostu  və 
müştərisi qəşəng bir buxara quzusu hədiyyə gətirir. O da şüşəbənddə bu quzu 
üçün  xüsusi  yer  düzəldir  və  orda  saxlayır;  amma  otaqlara,  salona  buraxmır. 
Harın bəslənən quzu böyüyür, nəhəng bir qoç olur, adı şəhərdə dillər əzbərinə 
çevrilir.  Günlərin  birində  salonun  qapısı  açıq  qalır,  qoç  girir  salona,  birdən 
tavana  qədər  ucalan  bədənnüma  daş  güzgüdə  əksini  görür,  başqa  qoç  hesab 
edib qabağa keçir, güzgüdəki qoç da ona yaxınlaşır. Qoç qəzəblənib geri çəkilir 
və  hücuma  keçib  var  qüvvəsilə  güzgüyə  elə  bir  kəllə  vurur  ki,  bədənnüma 
güzgü tikə-tikə olub cingiltiylə döşəməyə tökülür, ətrafa səpələnir. Ev sahibləri 
dəhşətə  gəlib  hadisə  yerinə,  salona  qaçırlar,  görürlər  ki,  qoçun  kəlləsi  al  qan 
içindədir. 
downloaded from KitabYurdu.org

33 
 
Arvad  hesabına  yaşayan  kişilər.  Belələri  bir-iki  dəst  yaxşı  paltar, 
papaq, çəkmə, palto, çox vaxt çuxa, arxalıq, qurşaq düzəldib dövlətli əri ölmüş 
dul  arvadı  alar  və  onun  hesabına  firavan  dolanardı.  Arvad  da  camaatın  ağzını 
yummaq  üçün  deyərdi  ki,  evdə  başı  papaqlı  olmalıdır,  böhtançı  dedi-
qoduçuların ağzını  yummaq  üçün dul arvadın üstündə  bir mötəbər kişinin adı 
lazımdır. Elə ki, kef çəkib sərvətin axırına daş atardı, pul qurtarardı, kişi xırda 
bir şeyi bəhanə  tutub küsər və  evdən  gedərdi,  pusquda  duran tülkü təki digər 
ölən varlı kişinin arvadına müştəri düşür, evlənərdi. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin