Ziyarətgah. Bibiheybət ziyarətgahı da orta əsrlərdə tikilmiş məscid
gözəlliyinə görə hamını heyran edərdi. Abşeronda ən məşhur və ən möhtəşəm
məbəd idi. Çox təəssüf ki, belə memarlıq incisini, mədəniyyət abidəsini uçurub
məhv etdilər. Cümə günləri adamlar şəhər və kəndlərdən piyada, atla, eşşəklə,
qazalaqda, faytonda, varlılar isə karetada və maşındə Bibiheybətə ziyarətə
gəlirdilər. Yazda və payızın ilk aylarında burada zəvvar və dindarlar əlindən
tərpənmək olmurdu. Sübh tezdən şəhər küçələrinin qənbər döşəmələrinə dəyən
at nallarının səsləri adamları yuxudan oyadıb, agah edərdi ki, ziyarətə getmək
vaxtıdır.
Zəvvarlar məscidin ətrafında palaz, həsir döşəyərdilər, arvadlar imam
halvası və xörək bişirir, sacda lavaş salırdılar. Çarşablı arvadlar, çuxalı,
arxalıqlı, papaqlı kişilər məscidin qabağında toplaşırdılar. Nəzir gətirilmiş
qoyunlar bir kənarda mələşir, xoruzlar banlayırdı. Dana, hətta dəvə nəzir
gətirənlərə də rast gəlmək olurdu. Atlar fınxırırdı. Səs-küydən qulaq tutulurdu.
Zəvvarlara halva, lavaş paylayır, mis camlara şərbət töküb verirdilər.
Ayaqyalın, başıaçıq, kasıb geyimli, azyaşlı uşaqlar arada hərlənirdilər.
Dilənçilər dilənirdilər.
Varlılar süfrə açıb Əliaşı verirdilər. Müəzzinlər minacat çəkir,
dərvişlər qəsidə oxuyurdular. Zəvvarlar dərvişi araya alıb quldq asır, tamaşa
edirdilər.
Məscid həyətində, eyvanlarda zəvvarlər qarışqa kimi qaynayırdılar.
Min bir libasda adama rast gəlmək olardı. Başı əmmaməli, əynində ləbbadə və
əba olan şeyxlər uzaqdan görünürdülər, onlar savadsız, avam zəvvarlar üçün
ziyarətnamə oxuyurdular.
Məscidin içərisi qaranlıq, rütubət idi. Pəncərələrdən zəif, dumanlı
işıq süzülürdü. Abı rəngli uca tavan göy qübbəsini andırırdı. Baş tərəfdə,
mehrabın yanında minbər dururdu, yerə həsir, palaz, köhnə xalça-palaz
downloaded from KitabYurdu.org
100
döşənirdi. Burada həmişə namaz qılanlara rast gəlinirdi. Ortadakı qəbri
zəvvarlar araya alır, uşağı olmayan gəlinlər, ərə getmək istəyən qızlar,
zürüyyətsiz kişilər, dilitutulanlar, karlar, lallar, korlar, bir sözlə min bir dərd-
bəlaya düçar olanlar özlərini qəbir daşının üstünə atır, dua edə-edə, ağlaya-
ağlaya Bibidən, daş məqbərədən dərdlərinə çarə, azarlarına şəfa diləyirdilər.
Mollanümalar arada hərlənib, dua oxuyur, haqq alırdılar.
Orucluq və qurban bayramında, Məhəmməd peyğəmbərin ad günündə
məsciddə tərpənmək olmurdu. Qış aylarında, yağışda, qarda məscidə gələnlərin
sayı azalırdı. Məhərrəmlikdə isə bu aralar məhşər ayağına dönərdi. Baş
yaranlar və sinəzənlər, nöhə oxuya-oxuya zəncir vuranlar, canlarına qəsd
edənlər...
Məktəblər. 1850-ci ildə hökumət müsəlman uşaqları üçün ibtidai
məktəb açır, üç müəllim təyin olunur, əlli şagird qəbul edilir. Rus dili
müəlliminə dövlət xəzinəsindən maaş verilirdi, iki müsəlman müəllimini isə
camaat özü dolandırırdı. Yerli camaat təhsilə fikir vermir, hər kəs övladına öz
sənətini öyrədirdi.
1872-ci ildə altıillik şəhər məktəbləri təsis edilir. Təhsil haqqını maarif
müfəttişi valideynlərin maddi vəziyyətinə görə təyin edirdi. Dörd sinfi əla
qurtaranlara gimnaziya və ya da realnı məktəblərinin birinci sinfinə daxil
olmaq hüququ verilirdi.
Neft sənayesi inkişaf etdikcə, şəhər böyüdükcə təhsilə diqqət artırdı.
Artıq 1890-cı illərdə Bakıda məktəblərin sayı 40-dan çox, şagirdlərin miqdarı
isə xeyli çoxalmışdı.
Xaçpərəst qızları üçün «Marinski» gimnaziyasını və «Müqəddəs
Nina» məktəbini təsis edirlər. 1891-ci ildə iki rus-tatar məktəbi, bir ildən sonra
isə üçüncüsünü açırlar.
1892-ci ildə bələdiyyə idarəsi qərar çıxarır ki, şərabxanalar, çaxır
satan dükanlar məbədlərdən - kilsə, məscid və məktəb binalarından - 130 metr
uzaqlıqda olmalıdır.
Şəhərdə cəmiyyəti-xeyriyyənin bir neçə məktəbi vardı. Bələdiyyə
idarəsi ilə üzbəüz binada yerləşək «Müqəddəs Nina» qız məktəbini rus
cəmiyyəti-xeyriyyəsi açmışdı. Bu məktəbdə qızlara orta təhsillə yanaşı müasir
elm və mədəniyyətdən də məlumat verirdilər.
Qocaman yazıçı Əbülqasım Hüseynzadə nəql edir ki, o zaman
hökumət məktəblərində şagird qəbulu məhdud idi. Buna görə də «Cəmiyyəti-
xeyriyyə» oğlanlar üçün birinci dəfə «Səadət» məktəbini açdı. İrandan Mirzə
Ələkbər xan adında bir şəxs müdir dəvət edildi. O, Fransada Sorbon
universitetini bitirmişdi. Fransız, fars, ərəb və türk dillərini mükəmməl bilirdi.
Müasir elm və mədəniyyətdən xəbərdar idi.
İki-üç ildən sonra «Səadət» məktəbini başqa yerə köçməyə vadar
etdilər.
downloaded from KitabYurdu.org
101
Yeni binada alt-üst mərtəbələrdə iyirmiyə qədər otaq vardı. İldə səkkiz
yüz manat kirayə verirdilər. Buraya savadlı müəllimləri dəvət etmişdilər:
Əlibəy Hüseynzadə, qarabağlı Fərhad Ağazadə, Terequlov qardaşları, Əli və
Hənifə, Hacıbəyov qardaşları, Üzeyir və Ceyhun, qubalı Musa Rza Əsgərli,
Mikayıl Müşfiqin atası Mirzə Qədir İsmayılzadə. Bəhrambəy Axundov isə
məktəbin həkimi idi.
Nəğmə dərslərini Üzeyir Hacıbəyov aparırdı.
Cəhalət nəticəsində xalqın əsrdən geri qaldığını ifadə edən şərqilər,
qəmgin musiqi təranələri ətrafa yayılırdı:
Millətin halı nə yaman olmuş,
Hamının qəlbi qəmilə dolmuş,
Bir belə cəhalət olmaz, olmaz...
Bir belə cəfalət olmaz, olmaz...
Yoldan ötənlər ayaq saxlayıb nəğmələri dinləyirdilər.
«Səadət»in şagirdləri birinci sinifdən kitel geyərdilər. Düymələri sarı,
hər qolda bir düymə, bir də mavi zolaq, papağın ortasında nişan, üstündə isə
məktəbin adı yazılardı.
«Səadət»dən sonra Çəmbərə kəndində «Səfa» məktəbi üçün bina
tikdilər. Burada kiçik yaşlı uşaqlar səs-səsə verib sabirin məktəb şərqisini
oxuyurdular:
Məktəb, məktəb, nə dilguşəsən.
Cənnət, cənnət desəm cəzasan.
Şadam, şadam təfəründən
Əlan, əlan gözəl binasan.
İranlılar Sabunçuda «Təməddün», şəhərdə «İttihad» məktəblərini təsis
etdilər. «İttihad» məktəbi Çəmbərə kəndində idi. Burada şagirdlərin xoş avazla
oxuduğu:
Ey taci sərim, xoşbəxt pədərim,
Həsrət oduna yanır ciyərim.
Saç bir dəm atəşə ab,
Elmdən eylə bizi sirab.
Qandır ki, məktəb darilamandır,
Təhsili elm, cism üçün candır.
Bizə imdad et, məktəb abad et,
Bizi bir dəm şad et...
downloaded from KitabYurdu.org
102
şərqisini tez-tez eşitmək olardı.
«İttihad»da şagirdlər dik, yaşıl boyunluqlu, qollarında yaşıl zolaq olan
mahud kitel və eyni parçadan şalvar geyərdilər; qışda dəri papaq, başqa
vaxtlarda isə drabi
*
papaq qoyardılar; papaqlarının qabaq tərəfində günəş və şir
nişanı, bir də «mədrəseyi ittihad» sözləri həkk edilmiş metal gerb olardı.
Gimnaziya şagirdləri dördüncü sinfə qədər boz rəngdə mahuddan
şalvar, kitel geyərdilər, düymələri gümüşü idi. Beşinci sinifdən isə yaxalı
pencək, iri gümüşü düymələr, qollarında iki balaca düymə, ağ zolaqlı mahud
şapka, qabağında gümüşü gerb. Axırıncı sinifdə qara kostyum, ağ köynək
geyməyə və qara qalstuk bağlamağa icazə verilirdi. Gimnaziyada humanitar
elmlərə - tarix, latın, yunan və fransız dili dərslərinə xüsusi fikir verirdilər.
Tələbələr universitetə qəbul olmağa hazırlaşırdılar.
«Realnı» məktəbin geyim forması: dördüncü sinfə qədər qara
mahuddan şalvar və gimnastyorka, düymələri qızılı, beşinci sinifdən mahuddan
qara şalvar, qara kitel, qollarında iki qızılı rəngli düymə, sarı zolaqlı qara
şapka, qabaq tərəfdə gerb...
Realnı məktəblərdə riyaziyyat, fizika, mexanika, ümumiyyətlə dəqiq
elmlərə çox fikir verirdilər, ali texniki, texnoloji institutlara tələbə hazırlanırdı.
«Kamerçeski» məktəbinin şagirdləri isə qara diaqanaldan düymələri
qızılı rəngdə olan forma geyirdilər. Burada ticarət, maliyyə, iqtisadi ali
məktəblər üçün tələbə hazırlanırdı.
1881-ci ildə Bakıda dənizçilik məktəbi təsis edilir; bu da gündən-günə
dənizçiliyə artan ehtiyacdan irəli gəlirdi.
Rus-tatar məktəblərinin geyim forması daha sadə idi.
Şagirdlər bellərinə enli toqqa bağlayırdılar, qabaq tərəfdə üç barmaq
enliyində metal bağlayıcı, üstündə müvafiq məktəbin nişanı və yazısı həkk
edilirdi. Ayaqqabısı tərtəmiz olmayanı məktəbə buraxmırdılar.
«Səadət» məktəbinin mühasibi nəql edirdi ki, bir dəfə Novruz qabağı
kirayə pulunu vermək üçün mülk sahibinin evinə getdik. Bizi hörmətlə,
mehribanlıqla qarşıladı. Qoca kişi idi. Çay gətizdirdi. Təsərrüfat müdiri 800
manatı ona təqdim etdi. Pulu alıb qoydu divanın üstünə. Bir az ordan-burdan
söhbət etdik, getməyə hazırlaşanda təsərrüfat müdiri Novruz bayramı
münasibətilə məktəbdə konsert veriləcəyini və şənlik məclisi keçiriləcəyini
qocaya xəbər verdi. Və onu bu məclisə dəvət etdi. Qoca kişi üç dəfə əllərini
bir-birinə vurdu. Qəşəng, bir qız gəldi. Qoca kişi ona nə isə dedi, qız gedib, tez
də qayıtdı və kişiyə bir beş-yüzlük əskinas verdi. Qoca pulu təsərrüfat müdirinə
uzatdı və dedi: «Bu pulla şagirdlərə Novruz bayramı hədiyyəsi, pal-paltar,
dəftər-kitab alarsız. Pis çıxmamaq üçün siz gətirən puldan vermədim,
*
Karton üstünə parça çəkilmiş papaq.
downloaded from KitabYurdu.org
103
ürəyinizə gələrdi ki, kirayəni qəsdən qaytarıram. Mənim sinnim doxsanı aşıb.
Ora gələ bilmərəm. Uşaqların dərsinin qeydinə qalın. Bayramlarını mənim
dilimdən təbrik edin».
Deyilənlərə görə, o qəşəng qız vərəm azarına tutulubmuş. Ona görə də
babası evin qabağında bağça saldırıb, həyət-bacanı döndərmişdi təbiətin gözəl
bir guşəsinə. Həmişəyaşıl ağaclar, sarmaşıqlı bal çiçəyi, çoxlu qızıl gül
əkdirmişdi. O zamankı Bakıda belə təmtəraqlı bağça çox böyük xərc tələb
edirdi. Bağçada ağaclardan qəfəslər asmışdılar, minbir avazla quşlar oxuyurdu.
Tovuzquşu saxlayırdılar. Qız tez-tez pianoda çalır, bağçaya düşdükdə gah
talvarda, gah hovuzun yaxınlığındakı qamış kresloda dincəlir, jurnal, kitab
mütaliə edirdi. Əlibəy Hüseynzadə skripka çalanda, qız ipək libasda düşüb
bağçada gəzişirdi. Skripka təranələrindən qəfəsdəki bülbüllər ilhama gəlib,
cəh-cəh vurardılar. Üzeyir Hacıbəyov uşaqlara pianonun təranələri altında
nəğmə oxutdurardı.
«Səadət»də oxuyan şagirdlərin sayı get-gedə artır, bina darısqallıq
edirdi. Mirzə Ələkbər xanı Tehrana çağırıb İsveçrəyə səfir yollayırlar, Əlibəy
Hüseynzadəni onun yerinə müdir təyin edirlər. Binanın darısqal olduğunu
«Cəmiyyəti-xeyriyyə»yə bildirirlər. Yığıncaqda təzə bina tikmək qərara alınır,
Bir nəfər bənna ayağa durub deyir ki, mənim şəhərdə iki mülküm var. Onların
birini, təzə bina hazır olana qədər, xırda balalara verirəm. Mən, bir də arvadım
iki otaqda yaşayarıq, uşaqlara da göz-qulaq olarıq. Məclisdə böyük mülkləri
olan dövlətlilər də vardı, lakin onların heç biri maarif yolunda adi bənna qədər
fədakarlıq göstərmədi.
İndiki göz xəstəxanasının yeri qəbiristanlıq idi. «Səadət» məktəbi
üçün binanı orada tikməyi qət etdilər. Zivərbəy Əhmədbəyov layihə hazırladı.
Cümə günlərinin birində camaat qəbiristana gəldi. Axund dua oxudu. Köhnə
qəbirləri söküb, sümükləri qutulara dolduraraq aparıb yuxarıdakı qəbiristanda
basdırdılar. Binanın bünövrəsini qoydular və tikməyə başladılar; iki mərtəbəsi
hazır olmuşdu ki, birinci dünya müharibəsi başladı. Tez-tələsik üstünü örtərək
binanı çevirdilər yaralı soldatlar üçün xəstəxanaya.
Məktəblərdə təhsil pullu idi; valideynlər oxumaq haqqının yarısını
tədris ilinin əvvəlində ödəməli idilər, əks təqdirdə uşağı məktəbə buraxmırdılar;
az miqdarda kasıb və yetim uşaqlardan pul almırdılar.
Şagirdləri yaşlı adamlar məktəbə gətirib aparırdı, küçəyə tək çıxmağa
qoymazdılar, cürət də etməzdilər. Min bir xata vardı. Qoçular dövlətli şəxşlərin
uşaqlarını oğurlayıb, güclü pul alandan sonra buraxırdılar; odur ki, dövlətlilər
uşaqlarını qorumaq üçün silahlı mühafizlər saxlayırdılar.
Binaların darvazaları gecə-gündüz bağlı olardı, arxadan möhkəmcə
bərkidilərdi, iri qıfıllar vurulardı; dalandarlar darvaza üstündə yaşadıqları
otağın pəncərəsindən gələnlərə baxar, yad, kənar adamı həyətə buraxmazdılar.
downloaded from KitabYurdu.org
104
Darvazaların ortasında «bala qapı» vardı, gediş-gəliş ordan olardı; tez də
arxadan bağlayardılar.
Bütün məhəllələrdə şəriət məktəbi - mollaxana vardı ki, uşaqlara əvvəl
çərəkə, sonra da Quran oxumağı, ərəb hürufatını öyrədir, yazmağı da təlim
edirdilər.
Mollanın amansız, qəddar cəza üsulları vardı: qısa, orta və uzun
çubuq, fallağa, noxudun üstündə diz-üstə oturmaq. Mollaxananın avadanlığı:
manqal, həsir, üstündə oturmağa şəlpə. Bunlar mollaxanaların «bəzəyi» idi.
Adətən dərs keçilən otaq zirzəmidə, ya da birinci mərtəbədə yerləşərdi. Dərs
otaqları torpaq-qır döşəmədən, palçıq suvaqlı divarlardan, tavanları çürük tir,
köhnə taxtadan ibarət idi. Bütün bunlar vərəm, yel azarı və digər xəstəliklər
mənbəyi idi. Xırda pəncərələr məktəbi dustaqxanaya oxşadırdı, içəri nəmli,
ürək sıxan, qaranlıq və havasız idi...
Qızlar da mollaxanalarda mollabacıdan «təlim», «dərs» alırdılar;
adətən Quranı alayarımçıq öyrənər, əsasən mollabacıya qaravaşlıq edər, onun
uşaqlarına baxar, toyuq-cücəyə dən tökər, su qoyar, həyət-bacanı süpürər,
quyudan su çəkərdilər. Tez-tez də mollabacının çubuğunun zərbəsini
dadardılar.
QAFQAZ MÜSƏLMAN MÜƏLLİMLƏRİNİN 1-Cİ QURULTAYI
Bəzi kitab və sənədlərdə Azərbaycan müsəlman müəllimlərinin
qurultayı adlandırılır. 1906-cı ilin may ayında «Nicat» maarif cəmiyyətinin
qiraətxanasındakı yığıncaqda müəllimlərin avqust ayında qurultayının
çağırılması qərara alınır və aşağıdakı tərkibdən ibarət komissiya təşkil edilir: H.
B. Zərdabi (Məlikov), F. Ağayev, N. Nərimanov, Ə. Cəfərzadə, A. Əfəndiyev,
H. Mahmudbəyov, H. M. Hacıbababəyov, M. Y. Əfəndiyev, Ciddi hazırlığa
başlanır. H. B. Zərdabi «Kaspi», N. Nərimanov «Həyat», F. Ağayev «İrşad»
qəzetlərinə məktub yazır, qurultayın məqsəd və təkliflərini aydınlaşdırırlar.
Təsis komissiyasının sədri N. Nərimanov var qüvvəsilə çalışır,
qurultayın açılmasına az qalmış dərs, təlim və müəllimlər barədə bir neçə
məqalə yazır, onun açılış günü isə «Bu gün» adlı məqaləsini dərc etdirir.
1906-cı ildə, avqust ayının 15-də, səhər saat 10-da şəhər məktəbinin
salonunda qurultay işə başlayır. Təsis komissiyasının sədri N. Nərimanov qısa
giriş sözü ilə qurultayı açır. H. B. Zərdabi sədr, N. Nərimanov onun müavini,
Fərhad Ağayev isə katib seçilir.
Qurultay Azərbaycanda xalq maarifinin bir sıra, mühüm məsələlərini:
ibtidai və orta rus-tatar məktəblərində ana dilinin icbari bir fənn kimi təlimi,
yeni dərs proqramının tərtibi, vahid dərs metodunun hazırlanması, kənd
müəllimlərinin
həyat
şəraitinin
yaxşılaşdırılması,
Qori
müəllimlər
downloaded from KitabYurdu.org
105
seminariyasının (Azərbaycan şöbəsinin) Azərbaycanın şəhərlərindən birinə
köçürülməsi və qadın təhsilinin inkişafı məsələsini müzakirə edir.
Qocaman müəllim Səmədbəy Acalov qurultayda baş verən ixtilafı
belə izah edirdi: Bakıda məktəblər üzrə Livitski adlı bir inspektor vardı. Qatı
irticaçı idi, hərəkət və rəftarında ayrı-seçkiliyə, yol verirdi. O, məktəblərdə bir
gəlmə olsun belə azərbaycanca danışmağı qadağan edirdi: «Məbadə dərs
zamanı bir gəlmə də olsa tatarca (Azərbaycanca) danışasız. Kim bu əmri
pozsa müəllimlikdən qovulacaq». Müəllimlər dəhşətə gəlib nə edəcəklərini
bilmirdilər. Onlar deyirdilər ki, «rus dilində ifadə etdiyimiz sözləri balaca
uşaqlara nə sayaq başa salaq. «sabaka» sözünü it kimi hürüb «hamham»,
«pişik» sözünü «miyo... miyo»... edib əyan edək?! Tutaq ki, heyvanları,
nəbatatın bəzilərini şəkillərlə izah etdik... Bəs başqa minlərlə cisimləri başa
salmaq üçün hansı üsuldan, hansı vəsaitdən istifadə edək, nə tədbir görək!?» -
Qurultay nümayəndələri qərara aldılar ki, belə yaramazlığa qarşı Livitskidən
Qafqaz canişininə şikayət etsinlər və ana dilini sərbəst dərs kimi keçmək
barədə sərəncam verilsin.
Teleqramı tərtib etmək qurultayın sədrinə tapşırıldı, H. B. Zərdabi
tapşırığı yerinə yetirdi, teleqram mətnini nümayəndələrin nəzərinə çatdırmaq
üçük oxudu, sonuncu cümlə belə qurtarırdı: «Qurultay ədalətli sərəncam
vermənizi xahiş edir». Nəriman Nərimanov bu cümləyə etiraz etdi: «Qurultay
tələb edir! Xahiş yox».
Zərdabi həlim bir tərzdə izah elədi ki, «tələb» sözü canişinlikdə
oturmuş çinovniklərin qəzəbinə səbəb olar, teleqramı cırıb atarlar, sərdara heç
verməzlər, deyərlər siz nəsiz, kimsiz ki, tələbiniz də nə ola. Burada evimizin
içində bir Livitskilə bacarmırıq, bizi saya salmır. Teleqramı sərdara versələr,
hiddətlənər, təhsil işlərimizə əngəl törədər, Livitskiyə əhsən deyər, hələ üstəlik
səlahiyyətini bir az da artırar. Xahiş daha müvafiqdir, nəzakətlidir...
Münaqişə başlandı. Hər kəs dediyinin üstündə dururdu. Nümayəndələr
iki dəstəyə bölündü; təklifləri səsə qoydular. Nərimanovun «qurultay tələb
edir» təklifi keçdi. Bu qələbədən qanadlanmış cavan bir müəllim bərkdən
qışqırdı: «Əqil yaşda deyil, başdadır».
Qurultayda olan bu əhvalatı Hacı Zeynalabdin Tağıyevə xəbər
verirlər. Əhvalat avqustun 21-də baş vermişdi.
Səhəri - avqustun 22-də Zeynalabdin Tağıyev qurultaya gəldi və
Qafqaz canişininə göndəriləcək teleqram üstündə N. Nərimanovla toqquşması,
ixtilafı oldu. Vəziyyət çox gərgin, adamlar əsəbi idi. Tağıyev müəllimlərə
müraciətlə dedi: «Sizin dünənki qərarınız göstərir ki, qurultaya N. Nərimanov
kimi uzağı görməyən adamlar rəhbərlik edir. Bilirsinizmi Nərimanov kimdir?
Onun cibində bir qəpiyi yoxdur, mənim pulumla oxuyur. İndi gəlib burada
inqilabi danışıq aparır, sizi də ağıldan-başdan çıxarmaq istəyir... Xahiş edirəm
downloaded from KitabYurdu.org
106
dünənki qərarınızı dəyişin, çünki hökumət yanında bütün millətimizə ayıb
gətirən işdir».
*
Məclisdə dərin sükut var idi.
«Yoldaşlar! - deyə Nərimanov kürsüyə qalxıb asta bir tərzdə sözə
başladı. - Mən də cənab Tağıyevdən təqaüd alanlardanam. Lakin mən
bilmirdim ki, cənab Tağıyev yoxsul müəllimlərə kömək etmək istəyir ki,
onların müstəqil fikirləri olmasın, hərgah indiyə qədər cənab Tağıyev tələbələrə
ona görə kömək etmiş ki, onlar yalnız Tağıyevin dediyini desinlər; belə
olduqda mən özümün keçmişimi və hal-hazırımı heç zaman ləkələyə, fəryad
etmək lazım gələn yerdə susa bilmərəm. Başqalarının nəinki açıq danışdığı,
hətta çar istibdadına qarşı azadlıq yolunda öz qanlarını tökdükləri bir zamanda,
mən heç kəsə ixtiyar verməmişəm və imkan vermərəm ki, mənfur qızılın gücü
ilə məni susdursun. Mən zəmanəmizin zalımlarından xilas olmaq üçün, gələcək
nəsillərin özünü mənfur qızıla satmamaları üçün bütün qurultay qarşısında
cənab Tağıyevin təqaüdündən məmnuniyyətlə imtina edirəm».
**
Bu hadisə illər uzunu təkcə müəllimlərin arasında deyil, başqa sənət
sahibləri içində də geniş söhbət mövzusu oldu.
Müsəlman
müəllimlərinin
1-ci
qurultayının faydalı, insani
tədbirlərindən biri də erməni müəllimlərinə müraciəti idi. Bu müraciətdə
deyilirdi: «İki qonşu xalq arasında çoxdan bəri əmin-amanlıq arzusunda olan
biz sizin, avam kütlələrə əlbir təsir göstərmək çağırışınızı yekdilliklə qəbul
edərək, böyük sevinclə öz əlimizi sizə uzadırıq. Müsəlmanlarla ermənilər
arasında möhkəm sülhün faydasını xalqa başa salmaq kimi müqəddəs vəzifəni
sizinlə birlikdə yerinə yetirəcəyik».
*
Mətbuat. Dövri mətbuat son iki yüz ildə xüsusi vüsət tapmışdır. Əsrlər
uzunu isə xəbərlər ağızdan-ağıza yayılardı. Əyalətlərə xüsusi qasidlər göndərib
hökumətin qanun, qərar və sərəncamlərını hakimlərə və xalqa çatdırardılar.
Dövlətlər arasındakı əlaqələr də elçilər və diplomatlar vasitəsilə yaranırdı.
Şəhərlərdə sarçılar küçəbəküçə gəzib car çəkərdilər. Böyük şəhərlərdə hər
məhəllənin öz carçısı vardı. Mədəniyyət, elm-texnikanın inkişafı nəticəsində
maşınlar meydana gəldi, kitab, qəzet, jurnal çap edilməyə başladı, bununla da
mətbuat yarandı. Ölkələrin inkişaf səviyyəsindən və ədəbiyyata ehtiyacdan asılı
olaraq çap edilən əsərlərin, qəzet, jurnalın miqdarı artdı.
Azərbaycanda milli mətbuatın tarixi 1875-ci ildən «Əkinçi» qəzetinin
nəşri tarixindən başlayır. Həsənbəy Zərdabinin o qəzeti nəşr etmək üçün
çəkdiyi əzab-əziyyət hamıya məlumdur. Azərbaycan dilində çıxan qəzeti nəşr
etməyə icazə almaq üçün o üç il çalışmışdı. Qəzet çıxan müddətdə o,
*
Н. Нариманов. Собранные сочинение, т. 1, М-, 1926, стр. 6.
**
Yenə orada.
*
Azərbaycan tarixi, 1964, səh. 883.
downloaded from KitabYurdu.org
107
dəfələrlə
jandarm
idarəsinə
çağırılıb, sorğu-suala tutulmuşdu...
Qaragüruhçular da onu çox incidib, təhqir və ölümlə təhdid etmişdilər.
Qəzalara, kəndlərə qəzeti bəzən pulsuz yollayardı ki, qaranlıq mühitə azsa da
olsa ziya, işıq saçsın. Çox vaxt qəzet maddi ziyan gətirirdi. «Əkinçi» ayda iki
dəfə balaca vərəqədə çıxırdı. Bütün işləri: məqalə yazmaq, material toplamaq,
çap etməyi Həsən bəy tək özü görürdü. Dünyada baş verən bütün
hadisələrdən, daxili və xarici xəbərlərdən, ölkələrin vəziyyətindən, elmdən və
ədəbiyyatdan, maarifdən və mədəniyyətdən, iqtisadiyyatdan, xüsusən kənd
təsərrüfatından, tibbdən, texnikadan yazırdı... Toxunmadığı sahə qalmırdı.
Həsən bəy eyni zamanda Bakı realnı məktəbində dərs deyir, rus qəzet və
jurnallarında da elmi, siyasi-ictimai, ədəbi-tənqidi məqalələr dərc etdirirdi.
Xurafat, mövhumat və bəy-xan-dövlətli zülmünün amansız düşməni idi.
«Əkinçi» qəzeti hər nömrəsində zülmkarları ifşa edirdi. Qadın azadlığının
alovlu carçısı idi... Lakin «Əkinçi» uzun yaşaya bilmədi, iki ildən sonra
bağlandı... Həsən bəy Zərdabini realnı məktəbdən, müəllimlikdən də xaric
etdilər və Bakıdan sürgün olundu... Lakin onun yandırdığı məşəl sönmədi,
gündən-günə daha da alovlandı.
Bakıda neft sənayesinin inkişafı ilə əlaqədar nəşr edilən qəzet və
jurnalların da sayı get-gedə artırdı. Onlardan bir neçəsinin adını çəkmək olar:
«İttifaq!», «Tərəqqi», «Səda», «Sədayi-haqq», «Həyat», «Taza həyat»,
«Hümmət», «Bakinski raboçi», «Dəvət-Qoç», «Təkamül», «Yoldaş» və sairə
bolşevik qəzetləri, Burjuaziya qəzetləri «İrşad», «Kaspi», Jurnallardan:
«Fyüzat», «Yeni Fyüzat», «Arı», «Babayi-Əmir», «Zənbur», «Tuti», «Məzəli»,
«Şəlalə», «Kəlniyyət», Tiflisdə çıxan «Molla Nəsrəddin». O zamana qədər
ədəbiyyatımızda olmayan ədəbi janrlar: «hekayə», «poema», «oçerk»,
«povest», «roman» meydana gəldi; əsrlər uzunu ədəbi mühitdə hökm sürən
«mərsiyə», «qəsidə», «həcv», «mədh»in mövqeyi get-gedə sarsılmağa başladı.
Rusiyadan və Avropadan gələn demokratik ədəbi, siyasi cərəyanlar
xalqın mənəviyyatına nüfuz edir, yeni məfkurələr aşılayırdı, camaatın gözünü
açır, şərq ətalətindən, qəflət yuxusundan oyadırdı. Yeni üslubda yazan şairlər,
ədiblər, jurnalist və tənqidçilər əsrlə səsləşməyə, ayaqlaşmağa çağırırdılar.
Dostları ilə paylaş: |