Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə185/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   181   182   183   184   185   186   187   188   189

* * *


Muğanın göy çiməni,

Göyərər göy çiməni.

Ya axtarıb taparam,

Ya vurar ovçu məni.



Bülbülümsən, gölə gəl.

Ördəyimsən, çölə gəl.

Niyə çaşıb qalıbsan?

Yas yerimə bizə gəl.
Mən aşiq, bala dağı,

Bürüdü lala dağı.

Hər yaralar sağalar,

Sağalmaz bala dağı.
Aşığ, ocağ-ocağdı.

Dərdim qucağ-qucağdı.

Açın bağrımın başın.

Baxın, oyuğ-oyuğdu.

Limana gəmi gəldi,

Gözlədim hamı gəldi.

Mən sənnən ayrılmazdım

Ayrılığ dəmi gəldi.
Mən aşıq, gül üzünə.

Şeh düşdü gül üzünə,

Məzardan torpağ qopar

Düşər gül üzünə.
Nərgizlər, ay nərgizlər,

Top-top bitər nərgizlər,

Hayıf o, gül canınnan

Torpağ örtər, yer gizlər.
Tayada bəlim yandı,

Əl atdım, əlim yandı

Şirin ata deyirdim

Ağzımda dilim yandı.
Bacı bacını bağlar,

Bacı mehracı bağlar.

Bacının sınıx könlün

Bağlasa bacı bağlar.
Bacı bacısıyam mən.

Şirin acısıyam mən.

Hər kəs itirsə əziz anasın, atasın

Onun bacısıyam mən.

Başımda ağ şalım var.

Ağ şala oxşarım var.

Anamın bu cür ölümünün

Sənin anana oxşarı var.
Əzizim, olmayaydı.

Saralıb, solmayaydı.

Bir ayrılığ, bir ölüm,

Heç biri olmayaydı.
Fələyin qəhri mənə,

Gəlmədi rəhmi mənə.

Doldurub qəm piyaləsin

İçirdi zəhri mənə.
Ağdaşdan məktub gəldi,

Ağdaşdan bir quş gəldi.

Ağzında məktub gəldi.

Sənin ölüm xəbərin

Məktubdan da tez gəldi.
………………………

………………………

Qardaş doysa bacıdan

Bacı doymaz qardaşdan
Qardaş mənim gülümdü,

Şirinim bülbülümdü.
Ölsə bacılar ölsün,

Heç ölməsin qardaşdar.
Mən aşıq, oraq ilə,

Gül biçdim oraq ilə.

İtirmişəm anamı

Gəzirəm soraq ilə.
Bağçada gülüm yandı,

Əl vurdum, əlim yandı.

Sənə oxşama deməydən,

Ağzımda dilim yandı.
Gəlikdə çıxa, qardaş,

Əynində çuxa, qardaş.

Tez gördüm, gec tanıdım,

Gözlərim çıxa, qardaş.
Getmə-getmə amandı,

Halım sənə bəyandı.

Gəlişinə mən qurban,

Gedişin nə yamandı.
Dağları gəzdim, gəldım,

Daşları gəzdim, gəldim.

Gəzdim, tapa bilmədim.

Əlimi üzdüm, gəldim.

Dağların göy çəməni.

Göyərib göy çəməni.

Gəzib taparam səni,

Ya vurar ovçu məni.
Dəvəçiyəm, gəzirəm,

Dəvəm itib, gəzirəm.

İtirmişəm balamı,

Soraqlaşıb gəzirəm.
Gəlmişəm görəm səni,

Zülfümsən, hörəm səni.

Nə qapı, pəncərən var

Bir açıb görəm səni.
Dəryaya atdı məni,

Nakqalar uddu məni.

Fələyə neyləmişdim?

Nalələr tutdu məni.
Mən aşiq, oxusana,

Bülbüləm, oxusana.

Hər gün oxuyan bülbül,

Kim atdı oxu sana?
Mən bu bağa gəlmişəm.

Yağa-yağa gəlmişəm.

Götürmüşəm dərdini

Ağlamağa gəlmişəm ?

Getdi, gələ bilməzsən,

Zülfün hörə bilməzsən.

Elə yerdə yatıbdır,

Bir də görə bilməzsən.
Ağlaram ağlar kimi,

Dərdim var dağlar kimi.

Viran olub tökülləm,

Xaraba bağlar kimi.
Mən aşiq, çaşdım yenə,

Qaynadım, coşdum yenə.

Dərd mənə elə üz verdi,

Kəlməmi çaşdım yenə.
Mən aşiq, uyumamışam,

Baş yastığa qoymamışam.

Sən mənnən doymuş olsan,

Mən sənnən doymamışam.
Əlimə saz verdilər,

Sazıma naz verdilər.

Yalvardım təbiblərə,

Dərmanım az verdilər.



Gəl-gəl gərəyimsən,

Beşiyim, bələyimsən.

Qərib yerdə ölürəm.

İndi gəl, gərəyimsən.

Mən aşiq, bacı, bağlar.

Açar qıyğacı, bağlar.

Bacının sınıq könlün,

Bağlasa bacı bağlar.
Mən aşığ başdan ağlar,

Kipriydən, qaşdan ağlar.

Əziz qardaşı ölən,

Durar obaşdan ağlar.



Mən aşığam, qalasız,

Şəhər olmaz qalasız.

Mən gedəri oldum,

Olmadı dərdimə çarə,

Siz sağlığnan qalasız.



Qəribəm bu vətəndə,

Gözüm yollar ötəndə.

Qəribliy çətin olar,

Baş yasdığa gedəndə.



Lənkəran bazar imiş,

Dükanmış, bazar imiş.

Sənə gələn bu dərtdər.

Nə yaman azar imiş.
Lənkəran bağ oleydi,

Dört tərəfi dağ oleydi.
Sənin belə vaxtunda,

Kaş anam sağ oleydi.



Dağlara dolu düşər,

Qar yağar, dolu düşər.

Qəbrimi yol üsdə qazun,

Anamın yolu düşər.
Mən aşığ, bu gün burda,

Dağ burda, dügün burda,

Kimin nə qədər dərdi var,

Ağlasun bu gün burda.



Dağlar sənən kim keşdi?

Kim qarğ oldu, kim keşdi.

Əzrail sinəvə çökəndə,

Xəyalunnan kim keşdi?



Su gələr, lilləndirər,

Bağı, bağçanı gülləndirər,

Adam heş ağlamay isdəməz,

Dərd adamı dilləndirər.
Mən aşığam, bu dili,

Bülbül oxur bu dili.

Məgər ölüb qardaşdarun,

Örgənibsən bu dili?


Qızılgül dən-dən oldi,

Dərmədim dən-dən oldi.

Mən sənnən ayrilmazdım,

Ayrılığ sənnən oldi.



Qızılgüləm, xal-xalam,

Açılmaram qorxaram.

Eşitsəm sən gəlirsən,

Meyid olsam, qalxaram.
Qarabağdan bağ olmaz,

Qara salxım ağ olmaz.

Əziz balası ölənin,

Ürəyində yağ olmaz.
Aşığam, öz günümə,

Kababam köz günümə.

Fələk əlimə düşseydi,

Salardım öz günümə.



Əzizim, anam ağlasın,

Oddara yanan ağlasın.

Yad ağlar, yanlış ağlar,

Qoy əziz anam ağlasın.
Tərs mahnılardan “Hay mübarək!”
Yazılmış toy havası “Nar, ey, nar” havasındadır. Ancaq burada həman hava ölgün oxunur. Belə ölü üstündə oxunan mah­nılar tərs mahnı adlanır. Oxunan zaman qaval əldə tərsinə çalınır.

Çəltihlər baş atıbdır, hay mübarək!

Sünbüllər qaş atıbdır, hay mübarək!

Bu nə qəribə toydur, hay mübarək!

Gözlərim yaş olubdur, hay mübarək!
Suyu arxa yönəltdik, hay mübarək!

Çayı bosdana gətdik, hay mübarək!

Evin yıxılsın, fələk, hay mübarək!

Axır nə günə yetdik, hay mübarək!
Bu çayların sonası, hay mübarək!

Sular üsdə qonası, hay mübarək!

Biz də “toya” gəlmişik, hay mübarək!

Hanı cavan anası, hay mübarək!
Göydə ulduz oynadı, hay mübarək!

Gözüm sənnən doymadı, hay mübarək!

Təzəcə gün görürdüm, hay mübarək!

Zalım fələk qoymadı, hay mübarək!
Göydə ulduz gilədir, hay mübarək!

Barmağında iynədir, hay mübarək!

Diyərdim, Allah, saxla, hay mübarək!

Qardaşım bir dənədir, hay miibarək!
Yarm əcəb yar oldu, hay mübarək!

Çiçəkləri xar oldu, hay mübarək!
Kim dedi bəxtəvərsən, hay mübarək!

Yenə tezbazar oldu, hay mübarək!
Dostlar, üzüz ağ olsun, hay mübarək!

Ürəyizdə, yağ olsun, hay mübarək!

Bir aslanuz ölübdür, hay mübarək!

Yenə başız sağ olsun, hay mübarək!
Duman dağlara gəldi, hay mübarək!

Şəbnəm bağlara gəldi, hay mübarək!

Köhnə yaram üsdünnən, hay mübarək!

Yenə bir yara gəldi, hay mübarək!
Dağlarda yalxıyam mən hay mübarək!

Vurğunam ürəyimdən hay mübarək!

Əziz balam ölübdür hay mübarək!

Bir ağız deyinən sən hay mübarək!
Dağlara çən düşəndə, hay mübarək!

Gülə şeh, nəm düşəndə, hay miibarək! Ruhum qəfəsdə oynar, hay mübarək!

Yadıma sən düşəndə, hay mübarək!
Yükü yığdım düzünə, hay mübarək,

Pərdə verdim üzünə, hay mübarək.

Sizdən bir qız almışdıq, hay mübarək,

Yenə verdik özüzə, hay mübarək.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin