İsgəndər bilirsiz də, yolda ölür. Deer, anama vəsiyyətim var. Ona deyin ki, mənim ehsanımdan dərdi olmayanlara paylasın. Gəlir İsgəndərin anası neçə illər kəndbəkənd gəzir, elbəel düşür ehsan boxcası da əlində. Nəhayət, bir şəhərə gəlib çıxır. Görür imarətdi, şah imarəti, çalmaq-oynamaq, yeyib içmək. Şah da oturub, xanımı da yanında. Deyir:
– Gedin şaha deyin ki, İsgəndərin anası gəlib sənnən gorüşmək istiyir. Şah qəbul eliyir.
Deer:
– Ana, buyur, İsgəndərin anası, bizim anamız.
Ana deer:
– Hal-gəziyyə belə-belə. İndi bu ehsannar sizindi. Mən belə başa düşürəm ki, sizin heç dərdiniz yoxdu. Şahzadə qımışır.
Deer:
– Ana bu mənim xanımımdı, görürsən də. Günnərin bi günü Allah buna elə bi dərd verdi ki, heç dünya təbabəti alimləri buna əlac eliyə bilmədilər. Bizim də əhd-peymanımız vardı ki, biz bir-birimizdən ayrı yaşamayacayıq. And içmişdik ki, sanki bir qəbirdə yatacıq.
Bütün təbibləri bunun üstünə gətirdik, mümkün olmadı. Üç gün vaxt qoydular ki, bu xanım dünyadan köçəcək. Deer, mən getdim o biri otaqda həkim gətirtdim, özümü xədim elətdirdim ki, sora evlənmiyim də. Əbədi bədbəxt olum də.
Səhərisi qıy düşdü ki, xanım ayılıb. Demə xanımı gürzə ilan vurub, ayılıb. Getdik təbib çağırdıq. Dedi:
– Biz bilirdik ki, bunun dərmanı gürzədir, amma hardan tapaydıq o ilanı ki, gəlsin bunu vursun ki, bu da sağalsın.
Gürzə çalannan sora xanım sağaldı. Bir müddət sora xanım mənə dedi ki, mənə yaşamaq lazımdı, ər lazımdı. İndi mənim bir qara qulum var ha, gündüzlər mənim yanımdadı, gecələr də xanımnan yatır.
Ana indi de görüm mənim dərdim betərdi ya İsgəndərin? Ana durur ayağa. Başa düşür ki, oğlu İsgəndər nə demək istəyib bunnan.