XIX əsrin axırları, XX əsrin əvvəllərində Hacıtəpə kəndində Qaçaq İbad adında bir adam yaşayıb. Onun zirəkliyi və qocaqlığı haqqında indi də danışırlar. Deyilənlərə görə, Qaçaq İbad varlıların mal-qarasını, atını, davarını oğurlamaqda çox ad çıxarıbmış. Bəzi rəvayətlərdə danışılır ki, o, yaşadığı ətrafda ziyanlıq etməzmiş. Həm də ən əsası odur ki, elədiyi işin altından su çıxmazmış. Unun üstündə elə gedərmiş ki, heç izi də qalmazmış. Atalar demişkən, qoçaqlıq ondur, doqquzu qaçıb canını qurtarmaq, biri isə heç gözə görünməməkdir. Bax, bizim İbad da beləcə qoçaqlardan imiş. Aşağıda onun bir neçə qoçaqlığı haqqında məlumat veririk.