İşarəli sosiometriya- bu metod Pirojkov tərəfindən məhbuslar qrupunda şəxsiyyətlərarası münasibətləri öyrənmək məqsədi ilə təklif edilmişdir. Metod qrup üzvlərinin qrupda icra etdikləri rola, statusa görə qruplaşdırılmasını nəzərdə tutur.
Məhbuslar mühitində sosial-psixoloji stratifikasiya sosial stiqmatizasiya ilə möhkəmlənir. Şəxsiyyətin qrupda statusu, rolu və funksiyası işarələrdə öz əksini tapır. Bu cür müəyyən «fərq işarələrini» oxumaqla, bu birlikdə «kimin kim» olduğunu aydınlaşdırmaq mümkündür.
Məhbuslar qrupunda sosial stiqmatizasiya işarələrinin neqativ istiqamətləri aşağıdakılardır:
Tatuirovkalar-şəxsin kriminal fəaliyyətdə təcrübəsi, cinayətkar aləmdə avtoritetinin səviyyəsi, onun iddiaları və gözləmələri;
Təxəllüs-təxəllüsə əsasən qrup ierarxiyasında şəxsiyyətin mövqeyi haqda danışmaq olar.
Maddi atributlar sistemi-geyim, ayaqqabı, şəxsi əşyalar, qida və s.-ən dəbli geyim qrupun liderində və ona yaxın insanlardadır. O, ən yaxşı siqareti çəkir, qida ən birinci ona verilir.
Neqativ yönümlü qrupun tutduğu məkanda məhbusun yerləşdirilməsi. Bu məkanda müxtəlif yerlər müxtəlif dəyərlərə malikdir. Lider həmişə ən yaxşı yerləri tutur.
Bu metodikanın köməyi ilə məhbusun qrup ierarxiyasındakı hərəkətini müəyyənləşdirmək mümkündür.
Əgər məhbusun bir neçə təxəllüsü varsa, onların alınması ardıcıllığını müəyyən etmək kifayətdir ki, onun avtoritetinin necə dəyişməsini müəyyənləşdirək.
Əvvəlki təxəllüsün daha az hörmətlisi ilə əvəz olunması onun statusunun zəifləməsini, məhbusun müəyyən yeməkxanadan, yataq yerindən uzaqlaşması onun əvvəlki mövqeyini itirdiyini göstərir.
Məhbusun qrupdaxili qeyri-formal qarşılıqlı təsirinin müəyyənləşdirilməsi metodikasında bir neçə mərhələni fərqləndirmək olar:
I hazırlıq mərhələsi- sosioqrafik matrisa qurulur. Məhbusların siyahısı tutulur. Matrisada konkret məhbusun penitensiar xarakteristikası qeyd edilir. Müvafiq qrafalarda fərdi, sosial demoqrafik xüsusiyyətlər haqda məlumatlar daxil edilir (yaş, təhsil, milliyyət və s.)
II mərhələ-məhbusların şəxsiyyətlərarası əlaqələr sahəsi müəyyənləşdirilir. Müşahidələrin nəticələri matrisə köçürülür. Bir tərəfli əlaqələr nöqtələrlə, sabit əlaqələr isə rəqəmlərlə qeyd edilir.
III son mərhələdə isə şəxsi qarşılıqlı münasibətlər şəbəkəsi sosioqrafik tərzdə təsvir edilir.
Məhbuslar mühitində sosial-psixoloji təzahürlər məhbusların həyatından olan müxtəlif fotoşəkillərdən ibarət testin köməyi ilə öyrənilir.
Fərdi söhbətlər əsnasında məhbusa 20-dən çox şəkil təqdim edilir və məhbusa şəkildə gördükləri haqda danışmaq, buradakı səhnələri təsvir etmək, bu şəkillərdəki insanların xarakter xüsusiyyətləri, onların qarşılıqlı münasibətləri, fikirləri, keçmiş və gələcək cinayətkar fəaliyyətləri barədə danışmaq təklif olunur.
Qeyd edilən metodlarla yanaşı, məhbus şəxsiyyətini öyrənmək məqsədi ilə artıq haqqında danışdığımız MMPI, Kettel, TAT, Rorşah testindən, Lüşerin rəng testindən, Assosiativ şəkil testindən, bitməmiş cümlələr metodikasından və s. geniş istifadə edilir.
Nəzərdən keçirdiyimiz metodların köməyi ilə əldə edilən məlumatlar məhbusların davranışının proqnozunu vermək, onların davranışının korreksiyası üçün tövsiyələr işləmək imkanı verir.