2. Məhbusların cəzaçəkmə müəssisəsinə adaptasiyası və məhbus şəxsiyyətinin dinamikası. Cinayət törətmiş şəxslərin azadlıqdan məhrum edilməsi, onların cəmiyyətdən təcrid olunması davranışa güclü təsir edən amillərdəndir. Cəzaçəkmə müəssisəsində bu şəxslər tamamilə yeni şəraitə düşür. Onlar nəinki azadlıqdan, həm də müəyyən hüquq və üstünlüklərdən, öz davranışlarının azad seçimi imkanından məhrum olurlar.
Azadlıqdan məhrum edildikləri andan azadlığa çıxdıqları ana qədərki mərhələlərdə (I- həbs edilmə mərhələsi, II-hökmün qüvvəyə minməsi, III-həbsxanaya gətirilmə mərhələsi, IV- həbsxanadakı ilk 6-8 ayı yaşama, V-həbsin son 3-6 ayı, VI-həbsdən çıxma mərhələsi).
Məhbusların şəxsiyyətində müxtəlif dəyişikliklər müşahidə edilir. Belə ki, məhbusların emosional halətlərində, yönümlərində, şəxsiyyətinin istiqamətində kəskin dəyişikliklər baş verir.
Azadlıqdan məhrum edən şərait məhbusların sinir sisteminin xüsusiyyətlərindən, temperament, xarakter xüsusiyyətlərindən və s. asılı olaraq onlara müxtəlif cür təsir edir. Bu zaman məhbuslarda müxtəlif psixi halətlər-qorxu, həyəcan, inamsızlıq, şübhə, narahatlıq, əsəbilik, təcavüzkarlıq, əsəbilik, stres, frustrasiya kimi halətlər, qüsurluluq hissi və s. müşahidə edilir.
Hətta bəzi hallarda məhbuslarda özünü göstərən əsəbilik müxtəlif xarakterli rejim qaydalarının pozulmasına səbəb ola bilir.
Ümumiyyətlə, məhbusların təcridliyə ilk reaksiyası cəzaçəkmə müəssisəsindəki mühitdən aldığı psixi (mənəvi) ağrıdır. Sonra ağrı hissi öz yerini oyanmaya və insanlar üçün xiffət çəkməyə verir. Nəhayət, kədər və ümidsizlik mərhələsi gəlir. «Ekzaltasiya psixi durğunluqla əvəz edilir». Məhbus belə iztirablı həyata tədricən vərdiş edir. Bu iztirablar onun üçün adiləşir. Rabinoviçin «psixi iflic» adlandırdığı bu təzahür uzunmüddətli tənhalığın nəticəsidir. Cəzaçəkmə müəssisəsində işləyən əməkdaşlar bu halı məhbusların bu müəssisənin tələblərinə normal uyğunlaşması kimi nəzərdən keçirir.
Cəzaçəkmə müəssisələrində ilk aylar yeni həyat tərzi diktə edən formal və qeyri-formal qaydaların təsiri altında əzablı adaptasiya dövrü başlayır. Bu mərhələdə əvvəlki həyat stereotiplərinin dağılması baş verir. Şübhəsiz, rejim qaydaları, mövcud psixoloji iqlim yeni vərdişlər, yeni həyat tərzi təlqin edir. Məhbuslar yeni mikromühitin ədavətli münasibətini çox ağır yaşayır.
Azadlıqdan məhrum edilmiş şəxs daim gözləmə vəziyyətində olur. Bu gözləmə öz psixoloji məzmununa görə müxtəlif ola bilər: məsələn, ilk dəfə azadlıqdan məhrum edilən şəxsdə bu hal cəzasını çəkməli olduğu cəzaçəkmə müəssisələrində onu gözləyən mümkün iztirablardan qorxu şəklində və ya məhbusu maraqlandıran hadisələrin nəticələrinin naməlum olması hesabına meydana çıxan həyəcan şəklində təzahür edə bilir (o amnistiyaya düşəcəkmi, şərti azadlığa buraxılacaqmı, əfv ediləcəkmi və s.). Həyəcan, daxil olan informasiyanın qeyri-müəyyənliyi şəraitində təzahür edir. Ümumiyyətlə, həyəcan bütün azadlıqdan məhrum edilənlərə xasdır. Lakin onun təzahür dərəcəsi ayrı-ayrı məhbuslarda çox müxtəlif olur: məhbusların fərdi xüsusiyyətlərindən və gözlənilən hadisələrin subyektiv əhəmiyyətindən asılı olaraq açıq affektiv şəkildə və ya gizli şəkildə təzahür edə bilir.
Cəza çəkmə müddətinin müxtəlif mərhələlərində bu halətlər müxtəlif cür təzahür edir. Belə ki, adaptasiya mərhələsində (yeni həyat şəraitinə uyğunlaşma mərhələsi 3-4 ay davam edir) - tələbatların məhdudluğu, mövcud stereotiplərin dəyişməsi xüsusilə hiss olunur. Bu da məhbuslarda əsəbiliyin, əzginliyin təzahürü ilə nəticələnir. Keçmiş dinamik stereotiplərin dağılması müxtəlif emosiyaların təzahürünə səbəb olur. Bu vəziyyət məhbuslarda yeni həyat şəraiti üçün vacib olan keyfiyyətlərin yaranmasına qədər davam edir.
Bu mərhələdə bir çox məhbuslar adaptasiya prosesində müəyyən çətinliklərlə qarşılaşır.
Məhbusların cəzaçəkmə müəssisəsinə psixoloji adaptasiyası özünə idraki, emosional, iradi, motivasyon və praktik aspektləri daxil edir: