I-adaptasiyanın diapazonu - bəzi məhbuslar məhdud (məsələn, yadnız əmək fəaliyyətinə), digərləri isə geniş diapazona (həm mikro, həm də makrososial şəraitə) uyğunlaşa bilir.
II-adaptasiyanın tezliyi - bir qisim məhbuslar, onlara pozitiv təsir edən şəraitə tez uyğunlaşır, neqativ amillərin təsirinə isə az məruz qalırlar. Digərləri isə əksinə.
III-adaptasiyanın dəqiqliyi – məhbusun yeni şəraitə uyğunlaşma dərəcəsini bildirir.
IV-adaptasiyanın etibarlılığı - neqativ təsirlərə məhbusun dözümlülüyünü təmin edən keyfiyyətlərin sabitlik dərəcəsini göstərir.
V-adaptasiyanın keçirilməsi – məhbusun ətraf mühitdəki dəyişikliklərə yenidən uyğunlaşa bilmək qabiliyyətini nəzərdə tutur.
Müxtəlif məhbuslarda bu cəhətlər müxtəlif cür özünü göstərir.
Məhbusların adaptasiyası adekvat və qeyri-adekvat ola bilər. Qeyri adekvat reaksiyalar müxtəlif fobiyalarda - həyəcanlı-depressiv, neqativ-depressiv, neqativ isterik reaksiyalarda - təzahür edir.
Fobiyalar və ya fobik reaksiyalar qapalı məkan qorxusunda (məsələn, kameradan qorxu və s.) ifadə oluna bilər. Həyəcanlı-depressiv halət əzgin əhvalın, ümidsizlik hissəsinin üstünlüyü ilə xarakterizə olunur. Neqativ depressiv reaksiyalar zamanı qeyd edilənlərlə yanaşı, azadlıqdan məhrum edilmə faktına neqativ daxili münasibət də təzahür edir. İsterik reaksiyalar isə yuxusuzluqda, müxtəlif təxəyyül pozuntularında təzahür edir. Qeyd etmək lazımdır ki, məhbusların cəzaçəkmə müəssisəsinə sosial-psixoloji adaptasiya prosesini çətinləşdirən 2 qrup amillər mövcuddur: subyektiv və obyektiv.
Adaptasiyanı çətinləşdirən subyektiv amillərə məhbusun temperament tipi, aşağı kommunikativlik səviyyəsi, qapalılığı, asanlıqla təsir altına düşməsi, yüksək konformluq dərəcəsi aid edilir.
Müəssisəyə adaptasiyanın ilkin mərhələlərində məhbusların temperament xüsusiyyətlərinin nəzərə alınması olduqca əhəmiyyətlidir.
Məhbuslarda temperamentin məhz neqativ keyfiyyətləri aksentuasiya olunur. Belə ki, sanqviniklərdə yüngül fikirlilik, laqeydlik, fleqmatiklərdə emosional kütlük, etinasızlıq, şübhələnmə, melanxoliklərdə bədbinlik, qapalılıq, həyəcanlılıq, xoleriklərdə isə affektiv, aqressiv xüsusiyyətlər təzahür edir.
Adətən ekstravert tipli məhbuslarda adaptasiya asan gedir, intravert tiplərdə isə bir qədər çətin. Melanxolik və fleqmatik tipli məhbuslarda (intravert tipli) müəssisəyə gəldikləri ilk vaxtlar çox güclü həyəcan, bədbinlik, qapalılıq müşahidə olunur ki, bu da çox vaxt autoaqressiyaya və suisidal cəhdlərə gətirir.
Azadlıqdan ömrlük və uzun müddətə məhrum edilmiş məhbuslarda psixi və fiziki qüsurları olan, yoluxucu xəstəlikləri olan məhbuslarda adaptasiya daha çətin gedir. Onlar əksər hallarda bu mühitdə autsayder olur.
Adaptasiyanı çətinləşdirən obyektiv amillərə isə rejimin növü, məhbuslar kollektivi, bu şəraitə düşənə qədər məhbusların olduğu şərait aid edilir.
Adətən, ümumi rejimə tez, ciddi və xüsusi rejimə isə çətin uyğunlaşırlar. Çünki xüsusi rejimli cəzaçəkmə müəssisəsində həyat şəraiti azadlıqdakı həyat şəraitindən kəskin fərqlənir.
İnsan cəzaçəkmə müəssisəsində nə qədər çox vaxt keçiribsə, azadlıqdakı həyata nə qədər yadırğayıbsa, o yeni şəraitə bir o qədər çətin uyğunlaşır. İnsan burada nə qədər çox vaxt keçiribsə, o yenidən azadlıqdan məhrum edildikdə adaptasiya mexanizmi daha tez işə düşür.
Bəzi məhbuslar isə bu zaman müxtəlif psixoloji müdafiə mexanizmlərinə meyl edirlər.
1.Həbsxana birliyinə meyl- məhbus törətdiyi cinayət əməlinə haqq qazandıraraq özünü daxili iztirablardan xilas edir. Digər tərəfdən, o, həbsxana mühitinə tədricən uyuşur. Həbsxananın bütün qaydalarına əməl edir, nümunəvi məhbus kimi davranır, buradakı bütün işlərlə maraqlanır. Lakin öz daxili aləmilə bağlı problemləri unutmağa səy edir. Bəzən bu şəxslər hətta azadlığa çıxdıqdan sonra da həbsxanaya qayıtmağa can atır. Cəza onlar üçün mükafata çevrilir.
2.Məhbuslar birliyinə meyl- azadlıqdan məhrum edilmiş şəxsin əvvəlki münasibətlər sistemi dağıldığı üçün onun ünsiyyətində «boşluq» yaranır. Cəmiyyətdəki əlaqələrini itirən, məcburi tənhalıqdan əziyyət çəkən məhbus elə ilk gündən yeni mühitdə əlaqələr axtarır. Məhbuslar arasında həmsöhbət arayır, tədricən onu qəbul edən müəyyən şərti qrupa özünü daxil edir. Onlarla həmrəy olduğunu nəzərə çarpdırır.