Mədəniyyət və turizm Mündəricat



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə76/136
tarix02.01.2022
ölçüsü7,85 Mb.
#2600
1   ...   72   73   74   75   76   77   78   79   ...   136
Xalq bayramları 
 
Xalqın  mənəvi  mədəniyyətinin  mühüm  bir  sahəsini  ənənəvi  xalq  bayramları  təşkil  edir.  Qədim  tarixə 
malik  olan  bu  bayramlar  zaman  keçdikcə  dəyişikliklərə  məruz  qalsa  da,  ilkin  məzmun  və  mahiyyətini, 
özünəməxsusluğunu  bu  günədək  saxlamışdır.  Təbiət  hadisələri,  təsərrüfat  məişətindən  doğan,  yüksək  bədii-
estetik və emosional xüsusiyyətləri ilə fərqlənən kütləvi bayramlar xalqın həyatında mühüm yer tutmuşdur. 
Ən  qədim  və  ən  kütləvi  ümumxalq  bayramlarından  biri  Novruz  bayramıdır.  Bəşəriyyətin  təkamülünün 
əsasını qoymuş  əkinçilik  və  maldarlıq  Yaxın    Şərq  xalqlarının,  eyni  zamanda  Azərbaycan  xalqının  təsərrüfat 
həyatında  mühüm  rol  oynamışdır.  Ömrünü torpağa  bağlamış  əkinçi  əcdadlarımız  yazın  hər  gəlişini,  həyatın 
yeniləşməsini səbirsizliklə gözləmiş və sevinclə qarşılamışlar. 
Novruz  bayramının  kökləri  ibtidai  insanın  mifik  düşüncələri  və  animistik  görüşləri  ilə  bağlı  idi.  Bunu 
zəmanəmizədək  gəlib  çatmış  qədim  inanclar  və  əsatirlər  də  təsdiq  edir.  Bayramın  mənşəyi  köhnə  ilin  axır 
çərşənbə etiqadları sırasında və əsatirlərdə də müşahidə olunur. 
Azərbaycan  xalqının  həyat  və  məişətində  Novruz  bayramının  yerinin  müəyyən  edilməsində  arxeoloji 
materiallar mühüm qaynaqlardan   sayılır. Qobustan, Gəmiqaya, Abşeron qayaüstü rəsmlərində, habelə qədim 
yaşayış yerlərində bahar motivli maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Yazılı mənbələrdə də Novruz 
bayramı, onun mahiyyəti, tarixi kökləri, təbiət hadisələri ilə əlaqəsi haqqında xeyli material vardır. 
Beləliklə,  aydın  olur  ki,  Novruz  bayramı  qədim  insanların 
təsəvvürlərində  qışda  "ölmüş"  təbiətin  yazda  yenidən  "dirilməsi" 
ilə yeni təsərrüfat ilinin təntənəli şəkildə qarşılanması mərasimi idi. 
Yeni təsərrüfat həyatının başlanması münasibətilə keçirilən Novruz 
bayramı tarixən müxtəlif ad və çalarlarda mövcud olmuş və Yaxın 
Şərqin, eyni zamanda Azərbaycan ərazisinin qədim əkinçi xalqları 
arasında meydana gəlmiş və geniş yayılmışdır. 
Keçmişdə  təbiətin  dirildiyi  bu  ilk  günün -  yeni  günün - 
Novruzun gəlməsini atəşfəşanlıqla qarşılayırdılar. 
Azərbaycanlılar  arasında  indi  də  yaşayan  inama  görə, 
"Novruzun  topu  atıldıqda",  yeni  gələn  il  hansısa  bir  heyvanın 
üstündə təhvil olur. Belə ki, 12 heyvanlı məşhur Şərq təqvimində 
hər il ayrıca bir heyvanın (siçan, öküz, pələng, dovşan, əjdaha, ilan, at, qoyun, meymun, xoruz, it, donuz) adını 
daşıyır. Hər bir heyvan adı 12 ildən bir təkrarlanır. Xalq arasında yayılmış inama görə, təzə ilin necə olacağı 
məhz bu heyvanın xüsusiyyətləri, əlamətləri ilə ölçülərdi. 
Bayram  hazırlıqları  qış  fəslinin  boz  ayında  başlayır  və  novruzaqədərki  bu  müddət  çərşənbədən-
çərşənbəyə  4  həftəyə  bölünür.  Qışdan  yaza  keçid  prosesi  çillədənçıxma,  dərd-bəladan  qurtulma,  çətinlikdən 
xilasolma həmin müddət ərzində baş verir. Bu çərşənbələrin hər birini təbiətin dörd əsas qüvvəsi olan su, od, 
hava və torpaqla mənalandırıblar. 
Xalq ilin axır çərşənbələrini ayrı-ayrılıqda təntənə ilə qeyd etmişdir. Dörd çərşənbənin əzəli su çərşənbəsi 
adlanır.  Əski  inanclara  görə  su  sağlamlığın,  təmizliyin  rəmzi  idi.  Azərbaycanın  müxtəlif  bölgələrində  bu 
çərşənbəyə gözəl çərşənbə, gül çərşənbəsi, yalançı çərşənbə, su Novruzu da deyilirdi. 
Su çərşənbəsindən sonra gələn od çərşənbəsinə xalq arasında üskü  çərşənbəsi, üskü gecəsi, müjdəverən, 
muştuluqçu  çərşənbə  və  s.  də  deyilir.  Od  dünyanın  xeyirxah  qüvvələrinin  başlanğıcı,  himayəçisi  sayılır.  Od 
çərşənbəsi  əski  görüşlərlə  bağlı  olub,  Günəşə,  oda  tapınma  ilə  əlaqədar  yaranmışdır.  Qədim  azərbaycanlılar 
Günəşi, odu-ocağı həyat verən ilahi qüvvə sayıb, ona sitayiş ediblər. 
Boz ayın dörd çərşənbəsindən üçüncüsü yel çərşənbəsidir. Ona xalq arasında külək (yel) çərşənbəsi də 
deyilir. 
Əski etiqadlara görə bu çərşənbədə yel, külək aləmi dolaşar, oyanmış suyu, odu hərəkətə gətirər, yatmış 
torpağı qızdırar, donmuşları oyadar, yerin ağrı-acılarını silib-süpürüb aparardı. 
Boz  ayın  dördüncü çərşənbəsi  torpaq  çərşənbəsi  adlanır.  Xalq  arasında  ilaxır  çərşənbə,  yer  çərşənbəsi 
kimi də tanınır. Bu çərşənbə torpağın isinib oyanması rəmzidir. 
Əski  inanclara  görə,  təbiətdə  bütün mövcud  olanlar  üçün özül  sayılan  dörd  qüvvədən  sonuncusunun 
(torpağın) oyanması ilə sel, yel, atəş və torpaq daha böyük güc alır, təbiətin donunu dəyişir, adamları qıtlıqdan, 
çətinlik və sıxıntıdan qurtarır. 
Xalq ilin axır çərşənbəsini həmişə böyük şənliklərlə, çal-çağır, oyun və əyləncə xarakterli mərasimlərlə 
qeyd etmişdir. 
Tədqiqatçılar  çərşənbələrdə  tonqal  qalanması,  göyə  üskü,  lopa  atılması,  bayram  süfrəsi  düzəldilməsi 
adətlərini  əski  mifik  dünyagörüşü  ilə  bağlayırlar.  İşığın,  Günəşin  gücünə  tapman  qədim  insan  odun-alovun 
köməyi  ilə  yad-yabançı  ruhları,  pis-şər  qüvvələri  qovub  uzaqlaşdırmağın  mümkünlüyünə  inanırdı.  Bütün 
məqamlarda od Günəşin rəmzi kimi düşünülürdü. Çillədən  qışdan çıxmaq üçün tonqalın qalanması əslində həm 


105 
 
də Günəşin  isti yaz fəslinin çağırılması mərasimidir. Adətə görə, çərşənbə tonqalının külünü evin dörd küncünə 
səpərdilər, bu da həm bərəkət istəyi kimi, həm də bəd ruhları mənzildən qovmaq məqsədi kimi mənalandırılır. 
Etnoqrafik məlumatların ədəbi qaynaqlarla qarşılıqlı müqayisəsi tonqal qalayaraq üstündən tullanmaq adətinin 
türk xalqları üçün səciyyəvi olduğunu göstərir. 
Axır çərşənbə "yeddi ləvin gecəsi" adı ilə də məşhurdur. Bu zaman süfrədə "s" hərfi ilə başlayan yeddi 
şey (cüzi fərqlərlə)  səməni, sucuq, quru sünbül, sumax, pul sikkəsi, 
səngi-sitarə və su olmalı idi. Səməni süfrənin tən ortasına qoyulurdu. 
Azərbaycanda  Novruz  günlərində,  xüsusilə  yeddi  ləvin  günü 
"Xanbəzəmə"  adlı  məşhur bir  oyun ifa  olunardı.  Novruz  bayramının 
zirvəsi  sayılan  bu  oyun  "Xanxan",  "Xan  oyunu",  "Xan  yaratdı", 
"Şahbəzəmə",  "Şahışahı"  və  s.  adlarla  Azərbaycanın  ayrı-ayrı 
bölgələrində müxtəlif variantlarda indi də mövcuddur. 
İlaxır  çərşənbədə  icra  olunan  mərasimlər,  oyun  və  əyləncələr 
bütövlükdə  bolluq,  bərəkət,  təmizlik,  xeyirxahlıq,  halallıq,  mənəvi 
saflıq funksiyası daşıyır və yeni ovqatın, yeni ruhun  bahar ruhunun, 
yeni  günün    yaz  gününün,  yeni  həyatın  gəlişi  və  qəbulu  üçün 
psixoloji-estetik zəmin hazırlayır. 
Axır çərşənbə təntənələrindən sonra bayram üçün hazırlıq işləri 
başlanır. Səməni göyərtmək yazın elçisi  Novruzun ən mühüm tərkib 
hissəsidir. Əkinin, məhsul bolluğunun rəmzi olan səməni qoymaq qədim dövrlərdən adət olmuşdur. 
Novruz  axşamı  çoxlu  oyun  və  əyləncə  xarakterli  mərasimlər  keçirilərdi.  Qapı pusmaq,  qapı-qapı  gəzib 
papaq və ya qurşaq atmaq, bacadan şal sallamaq dədə-babadan qalma adətlərdəndir. Xalq arasında "baca-baca", 
"qurşaqatdı",  "papaqatdı",  "şalsallama"  kimi  adlarla  məlum  olan  bu  adətlər,  əsasən,  Novruz  axşamı  və  ilaxır 
çərşənbədə icra edilərdi. Pay toplamağa çıxanlar qohumların, yaxın adamların, nişanlı qızların evlərinə gedib 
bacadan, pəncərədən, yaxud damdan şal sallayardılar. Adətə görə ev sahibi şalın ucuna müxtəlif şirniyyat və 
çərəz bağlayardı. 
"Qulaqfalı" ("qulağa getmə" də adlanır) əyləncəsi də geniş yayılmışdır. Bu adət gənc oğlan və qızların 
bəxtlərini sınamaq məqsədilə yeni ildə pusduğu evdən xeyirxah və xoş sözlər eşitmək arzusu ilə bağlı idi. 
Adətə  görə,  bayram  axşamı  nişanlı  qızların  adına  oğlan  evindən  bayram  sovqatı    bəzəkli  xonçalar 
göndərilərdi. Bayramda xonça göndərmək adəti bu günə kimi qalmaqdadır. 
Şər qarışanda atəşfəşanlıq başlayır, meydanlarda, həyətlərdə tonqallar çatılırdı. El bayram süfrəsi başına 
toplaşır,  süfrəyə  qoğal,  paxlava,  şəkərbura,  şəkərçörəyi,  badambura,  bamiyə,  külçə,  fəsəli,  səməni  halvası, 
telhalvası,  qozlu  halva,  qurabiyə  qoyulurdu.  Hər  evdə  plov  bişirilər,  qonum-qonşuya  pay  çəkilərdi.  Bayram 
süfrəsinə  sevinc  və  bolluq  rəmzi  olan  balıq da  qoyulurdu.  Bayram  axşamı  hamı  evdə  olmağa  çalışardı. Xalq 
arasında yayılmış inama görə, bayram axşamı evdə olmayan şəxs yeddi il həmin gün evdən ayrı düşərdi. 
Bayram  günləri  insanlar şən  və  mehriban  olmağa,  kin-küdurəti,  dərd-qəmi  unutmağa  çalışardılar. Xalq 
inamlarına görə, yeni il hansı ovqatla qarşılansa, həmin əhvali-ruhiyyə ilin sonuna qədər davam edərdi. 
Adətə görə, bütün yaslılar bayrama qədər yasdan çıxmalı idi. Bunun üçün ili tamam olmamış mərhumlara 
"qara  bayram"  keçirilirdi.  Qara  bayramdan  sonra  yaslılar  yasdan  çıxmış  hesab  olunurdu.  Novruz  günlərində 
qadınlar xonça ilə qəbir üstünə gedərdilər. 
Novruzda  üzərlik  yandırıb  tüstüsünü oğul-uşağa,  ev-eşiyə  verərdilər,  tonqal  üstündən  tullananlar  oda 
üzərlik səpərdilər ki, bədnəzərdən uzaq olsunlar. 
Novruzun ilk günü ağsaqqallara, ağbirçəklərə baş çəkər, sevindirər, xeyir-dua alardılar. Xəstələrə, əlillərə, 
imkansızlara, kimsəsizlərə sovqat paylayardılar. 
Bayram  şənliyinin  gedişində  el-oba  igidləri  hünərlərini  göstərər,  pəhləvanlar  qurşaq  tutar,  güclərini 
sınayar, ərənlər at çapar, cıdır təşkil edər, ox atıb yarışardılar. 
Novruz  bayramı  bir  çox  türk  xalqları,  eləcə  də  azərbaycanlılar  arasında  özünəxas  mərasimlərlə  qeyd 
olunan müştərək, ortaq mənəvi dəyərdir. Bu bayram və onunla bağlı olan ayin və mərasimlər, inanclar, adət-
ənənələr, oyun və əyləncələr, rəqs və nəğmələr minillərdən bəri yaşamış, bəzən dəyişikliklərə uğrasa da əvvəlki 
məzmununu, əlamətlərini itirməmiş, dövrümüzədək gəlib çatmışdır. 
Əcdadlarımız kiçik çillənin ilk on günlüyündə "Xıdır Nəbi" ("Xızır İlyas") bayrammı da təbiətin oyanış 
bayramı kimi keçirirdi. Sərt, şiddətli qışdan sonra gələn yazı qarşılamaq üçün onun istisinin  xızının ("xız" türk 
dillərində  "od",  "istilik"  deməkdir)  şərəfinə  keçirilən  bu  bayram  hər  il  kiçik  çillənin  10-da  keçirilirdi.  Xızır 
(Xıdır) baharın gəlişinin ilk əlaməti, yazın, yaşıllığın ilk müjdəçisi anlamındadır. 
Xızır  şənliklərində  bütün  evlərdə  buğda  qovrular,  qovrulmuş  buğda  kirkirədə  üyüdülərək  qovut 
hazırlanardı. 
"Xızır İlyas" bayramında buğdadan və buğda unundan hazırlanmış yeməklərə (xəşil, əriştə, yarmaçilov, 
halva) üstünlük verilər, plov bişirilərdi. 


106 
 
Təbiətin  canlanması  üçün  odla,  hərarətlə  yanaşı,  su  da  vacibdir.  Bu  el  şənliyində  çay  sahilinə,  bulaq 
başına, çeşmə üstünə seyrə çıxar, əylənərdilər. Suyu gələcək həyatdan xəbər verən qüvvə hesab edərək niyyət 
tutardılar. Axşam vaxtı damları gəzib bayramlıq toplayırdılar. Ən qiymətli bayramlıq xuşgəbar (şirni) və qırmızı 
yumurta idi. Qapı-qapı gəzən oğlan və qızlar nəğmə oxuyardılar. 
Azərbaycanlılar  oda,  atəşə  insanları  yamandan,  zərərli  ruhlardan  qoruyan,  suçlardan  təmizləyən  qüvvə 
kimi inanırdı. 
Günəşə,  oda-ocağa  tapınma  ilə  əlaqədar  Azərbaycanda  od-atəşfəşanlıq  bayramı  kimi  Səddə  (Sədə) 
mövcud idi. Səddə Novruza əlli gün qalmış keçirilən və atəşfəşanlıq, saysız-hesabsız tonqalların yandırılması ilə 
müşayiət olunan bir bayramdır. 
Bayramda  insanlar  alışıb  yanan  tonqalların  ətrafına  dolanaraq,  "Əlli  gün Novruza  qədər,  yüz  əlli  gün 
biçinə kimi" sözləri ilə başlanan mahnı oxuyardılar. 
Bu  özünəməxsus  bayramın  əsas  gözəlliyi  və  cazibə  qüvvəsi  açıq  səma  altında  yüzlərlə  tonqalın 
yanmasıdır. 
Mihrican (Mehrigan) bayramı da böyük təntənə ilə keçirilirdi. Bu bayram Azərbaycanda istifadə olunmuş 
ilk  təqvim    "Qədim  Avesta  təqvimi"ndə  beş  aydan  ibarət  "qış  fəsli"nin  başlanğıcı  idi.  Zaman  keçdikcə  bu 
bayram maldar və əkinçilərin məhsul bayramına çevrilmişdir. 
Tədqiqatçılar bu bayramın yaranmasını insanların təbiəti ilahiləşdirdiyi, onunla daha çox bağlı olduğu ən 
qədim dövrlərə aid edirlər. İlkin yazılı mənbələrdən məlum olur ki, Mihrican əvvəllər Mehr adı ilə tanınmışdır. 
Bitki və məhsuldarlıq tanrısı Mitranın adı ilə bilavasitə bağlı olan bu ay (Qədim İran təqvimində "baqayadiş", 
yəni "Tanrıya sitayiş" ayı) Avesta təqvimində Mitra adlanırdı. Bu təqvimin eyniadlı 7-ci ayının 16-cı günü də 
mihr  adlanır.  Qədim  qaynaqlardakı  mehr  günəş  anlayışmı  ifadə  etdiyi  üçün  mehrə  sitayiş,  Günəşə  sitayişdir. 
Günəş  tanrısına  həsr edilmiş  bu  bayram  payız  gecə-gündüz  bərabərliyi  günündə  (23  sentyabr),  əski  təqvimin 
mehr ayının 16-cı günündən 21-ci gününə kimi, yəni 6 gün keçirilirdi. 
Mihrican  bayramı  həmişə  payız  fəslində,  məhsul  yığımından  sonra  keçirilmişdir.  Bayram  günlərində 
müxtəlif  mərasim  oyunları  və  tamaşaları  göstərilər, qədim  əmək  nəğmələri  oxunardı. Təntənəli  günlərin  "Ali 
Mihrican"  adlanan  altıncı  günü böyük  bayrama  çevrilir,  orada  zorxana  və  atüstü oyunları,  oxatma  və  idman 
yarışları  keçirilirdi.  Qonum-qonşu  bir-birbrini  təbrik  edir,  topladıqları  məhsuldan  pay  verir,  hər  evdə  meyvə 
(xüsusilə narıngi və nar) və şirniyyat süfrəsi açılır, həftə bazarları təşkil edilirdi. 
Orta  əsr  müəllifləri  əl-Bəlxi  (X  əsr),  əl-Biruni  (XI  əsr),  Zəkəriyyə  əl-Qəzvini  (XIII  əsr)  və  başqaları 
Mihrican  bayramı  haqqında  müxtəlif  rəvayətlərdən,  onun  yaranması  səbəblərindən,  bu  bayram  münasibətilə 
xalq  arasında  yayılmış  adət-ənənələrdən  bəhs  etmişlər.  Qətran  Təbrizi,  Xaqani,  Nizami,  Ömər  Xəyyam  kimi 
dahi şairlər də onu vəsf etmişlər. 
Tarixi qaynaqlardan məlum olur ki, Azərbaycanda Abrizəgan bayramı adlı su bayramı olmuşdur. Bir sıra 
xalq bayramları kimi bu bayramın da tarixi çox-çox qədimlərə aid edilir. Əfsanəyə görə o, Yer üzündə suların 
yaranması  və  yeddi-illik  quraqlıq  illərindən  sonra  yağmış  leysan  yağışın  şəninə  keçirilirdi.  Qədim  "Avesta 
təqvimi"nə görə, bayram ilin dördüncü ayı olan tir ayının 30-da (17-18 iyul) qeyd olunurdu. Məlumdur ki, yay 
fəslinin başlanması ilə istilər get-gedə şiddətlənir, əkin sahələri daha çox su tələb edir. Məhz bu dövrdə ümidini 
yağışa bağlayan əkinçi babalarımız su bayramı Abrizəgan bayramı keçirirmişlər. Bu vaxt ilk növbədə yağışın 
süni əlamətlərini yaratmağa səy göstərirdilər. Bayram günündə su ilə əlaqədar mərasimlər icra edilərdi. Hamı 
əllərində  müxtəlif  su  qabları  və  musiqinin  müşayiəti  ilə  çay  kənarına,  bulaq  başına,  yaxud  hər  hansı  bir  su 
hövzəsi yanma toplaşaraq çalıb oynayır, bir-birinin üstünə su atır, bir-birini suya itələməyə çalışardılar. Qabı su 
ilə doldurub yan-yörəyə səpməklə yağışın özünü çağırmaq kimi ayinlər, oyun və əyləncə xarakterli mərasimlər 
icra edərdilər. 
X əsrə aid "Hüdud əl-aləm" əsərində göstərilir ki, Abrizəgan bayramı ilə əlaqədar adamlar çeşmə başma 
toplaşır,  çalıb  oxuyur,  şənlənir,  öz  istəklərini  diləyirdilər.  Mənbələrin  verdiyi  məlumata  görə,  Səfəvilər 
dövründə Abrizəgan bayramı xüsusi təntənə ilə qeyd edilirdi. Səfəvi tarixçisi İsgəndər Münşi (1560/61-1634) 
"Tarix-i Aləm arayi Abbasi" ("Dünyanı bəzəyən Abbasın tarixi") əsərində yazır ki, I Şah Abbas bu bayramı çox 
dəbdəbə ilə keçirir və özü də bu bayram mərasiminin iştirakçısı olurdu. Azərbaycan xalqının təsərrüfat həyatı ilə 
bağlı olan bu bayramlarda süfrələri dadlı-ləzzətli milli yemək və içkilər bəzəmişdir. 

Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin