12.4. Gübrələrdən istifadənin ekoloji problemləri
Bitki inkişafı üçün müəyyən miqdarda biogen maddələrə ehtiyac göstərir (azot birləşmələri, fosfor, kalium
və s.), bu maddələri o, adətən torpaqdan mənimsəyir. Təbii ekosistemlərdə bitki tərəfindən assimlyasiya olunan
biogenlər, toxumlar, bitki töküntüləri, ölmüş tumurcuqlar, köklər və s. maddələrin mübadiləsində destruksiya
prosesləri nəticəsində torpağa qayıdır.
Azot birləşmələrinin bir hissəsi bakteriyalar vasitəsilə atmosferdən fiksasiya olunur. Biogenlərin bir hissəsi
yağıntılar vasitəsilə torpağa düşür. Balansın mənfi tərəfləri infiltrasiya, həll olmuş biogenlərin səthi axımı, onla-
rın eroziya prosesi zamanı torpaq hissəcikləri ilə aparılması, həmçinin azot birləşmələrinin qaz şəklinə düşərək
atmosferə keçməsi hesab olunur.
İlkin (bakirə) ekosistemlərdə biogen maddələrin, həmçinin humusun balansı yüksək dəqiqliyi ilə qapanır.
Kənd təsərrüfatı təbii, praktiki olaraq qapalı biogen balansını pozur. Biogenlərin bir hissəsi hər il məhsul tə-
rəfindən aparılır. Aqrosistemlərdə qida maddələrinin aparılması sürəti təbii sistemlərə nisbətən 2-3 dəfə çox
olur, məhsul nə qədər çox olarsa, qida maddələrinin aparılması da bir o qədər çox olar.
Dünyada dənli bitkilərin məhsulu vasitəsilə ildə 40 mln. tona qədər, yaxud 1 ha dənli bitki sahəsindən
63kq azot aparılır.
Buna görə torpağın münbitliyini saxlamaq və məhsuldarlığı yüksəltmək üçün gübrələrdən istifadə etmək la-
zım gəlir. İntensiv əkinçilikdə gübrəsiz torpağın münbitliyi elə sonrakı ildə aşağı düşür. Yerli şəraitdən asılı olaraq
adətən azot, fosfor və kalium gübrələrindən müxtəlif formada və birləşmələr şəklində istifadə olunur.
Qeyd edək ki, dünyanın bütün torpaqlarının tərkibində 150 mld. ton azot vardır. Hətta ən kasıb torpaq sayılan
çimli-podzol torpaqları tərkibində 20 sm-lik şum qatında hektarda 2-4 ton azot saxlayır. Qaratorpaqda isə bu rə-
qəm 20-30 tona çatır.
Göründüyü kimi torpaqda artıqlamasılə azot vardır, lakin torpağa yenə də azot verilir. Bunun səbəbi müxtəlif
azot formaları bitki tərəfindən kifayət qədər mənimsənilə bilmir. Gübrənin tərkibindəki azot ammonium və ya
nitrat duzları şəklində olub bitki tərəfindən daha yaxşı mənimsənilir, lakin gübrənin davamiyyəti uzunmüddətli
olmur. Sonrakı ildə gübrənin effektivliyi ilk təsirinə nisbətən 20%-ə enir.
Uzun illər azot gübrələrinin itməsi əsasən onun axım vasitəsilə çaylara və yeraltı sulara keçməsilə izah edilir-
di.
Yüksək nəmliyi olan yüngül torpaqlarda tarla bitki ilə örtülü olmadıqda azot birləşmələri yuyulub aşağı qat-
lara keçir. Qalan hallarda isə azotun itməsi denitrifikator-bakteriyaların təsiri altında azot müxtəlif oksidlər və
molekul formasına keçərək bərpa olunması yolu ilə baş verir.
Y.V.Novikova (1999) görə Rusiyanın tarlalarından havaya 1,5 mln. ton azot uçur.
Tarlaya azot gübrələri verildikdə onun miqdarı elə hesablanmalıdır ki, gübrələr məhz bitki tərəfindən mə-
nimsənilsin, ətraf mühitə və insanlara ziyan yetirməsin. Çünki biogen maddələrin çoxluğu ətraf mühiti, saf sula-
rı çirkləndirir, su hövzələrini evtrofikasiyaya uğradır, hətta atmosferin azon qatını təhlükə altına alır.
Su hövzələrinə daxil olan birləşmiş azotun yarıdan çoxu kənd təsərrüfat istehsalının payına düşür. Suyun qi-
da maddələri ilə, ilk növbədə birləşmiş azotla zənginləşməsi, həddən çox yosunların inkişafına səbəb olur, onlar
çürüyərək anaerob bakterial parçalanmaya məruz qalır, bu isə oksigeni defisitləşdirir. Bunun nəticəsində balıqlar
və başqa su heyvanlarının məhvinə gətirib çıxarır.
Nitratlar normadan artıq yalnız suda deyil, həm də ərzaq və yem bitkilərində toplanır. Öz-özlüyündə insan və
heyvanların sağlamlığına təhlükə yaratmasa da, onlardan asanlıqla əmələ gələn nitritlər yüksək dərəcədə zəhərli
olub qanda ağır xəstəliklər törədir. Nitritlərdən nitroaminlər əmələ gələ bilər.
Müasir əkinçiliyi aqrokimyəvi vasitələrsiz təsəvvür etmək mümkün deyildir. Bitkiçilikdən alınan
məhsulların yarısı aqrokimyəvi vasitələrin hesabına əldə edilir. Bəzi hesablamalara görə kimyəvi vasitələrdən
istifadə bitkiçilikdən alınan məhsulun 50-60, bəzən isə 70%-ni xəstəlik və zərərvericilərdən qoruyur. Digər he-
sablamalara görə Yer kürəsi əhalisinin 30%-i, yəni dörddə birdən də bir qədər çoxu mineral gübrələrin hesabına
ərzaqla təmin edilir. Hazırda dünyada 300 mln. tondan artıq gübrə istehsal olunur. Bununla belə, yenə də
dünyanın bir çox ölkələrində, əsasən də Afrikada bir çox səbəblərdən, o cümlədən qeyri-üzvi və üzvi mineral
gübrə qıtlığı səbəbindən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı olduqca aşağıdır. YUNESKO-nun
məlumatına görə hər il Yer kürəsində milyonlarla insan aclıqdan ölür, on milyonlarla insan isə ərzaq qıtlığından
daim əziyyət çəkir. Bu o zaman baş verir ki, planetimizin əhalisi durmadan artır, adam başına düşən kənd
təsərrüfatına yararlı torpaqların sahəsi isə ildən-ilə azalmaqda davam edir. Yaşayış məskənlərinin daim
genişlənməsi, torpaqların eroziyası, şorlaşma və bataqlaşması dünyanın hər yerində müşahidə edilir.
Hələ XIX əsrin əvvəllərində Y.Libik sübut etmişdir ki, torpaqdan kənd təsərrüfatı bitkilərinin məhsulu ilə
birgə biogen elementlər də aparılır. Mineral gübrələr tətbiq edilmədiyi halda torpaqlar qüvvədən düşür. Düzgün
texnologiyalar əsasında tətbiq edilən gübrələmə sistemi biosferin çirklənməsinə yol vermir və digər fəsadlar
törətmir. Əksinə, gübrələmə, qeyd edildiyi kimi məhdud sahədən daha çox məhsul götürməyə imkan verməklə,
milyonlarla hektar meşə, çəmən, çöl və digər ekosistemləri qorumağa şərait yaradır. Hesablamalar göstərir ki,
əgər dünya miqyasında mineral gübrələrin və digər kimyəvi vasitələrin tətbiqi dayandırılarsa, Yer kürəsi
əhalisini ərzaqla təmin etməkdən ötrü əkinə yararlı torpaqların sahəsini 4-5 dəfə genişləndirmək lazım gələrdi.
218
Bundan ötrü isə milyon hektarlarla təbii ekosistemlər, xüsusən də mülayim və tropik qurşağın meşələri məhv
edilməlidir.
Mineral gübrələri, həmçinin mikro gübrələri tətbiq etmədən əkinçilikdə qida maddələrinin müsbət balansını
yaratmaq mümkün deyildir. Mineral və mikro gübrələr əkinçilikdə biogen elementlərin davranışını
yaxşılaşdırmaqla yanaşı, ətraf mühitdə də bu maddələrin müvazinətini qoruyub saxlayır. Əkinçilikdə qida
elementlərinin balansının pozulması nəticəsində torpaq, bitki və təbii su hövzələrinin kimyəvi tərkibinin
pisləşməsi baş verir, bu isə öz növbəsində kənd təsərrüfatı və yem bitkilərinin keyfiyyətinə mənfi təsir
göstərməklə insanların və ev heyvanlarının xəstələnməsinə gətirib çıxarır. Məsələn, yod çatışmaması endemik
zob, flor dişlərin kariyesinə, sink ürəyin işemik xəstəliyinə, marqans şəkərli diabetə səbəb olur.
V.A.Kovda (1978) bir sıra kimyəvi birləşmələrin, elementlərin və ağır metalların müxtəlif xəstəliklərlə
əlaqəsi olması haqqında məlumat verir. Məsələn, gübrələmə texnologiyası gözlənilməyəndə azotun nitrat
formalarının ərzaq məhsullarında, yemdə və suda toplanması baş verir ki, o da insan orqanizminə keçərək bəzi
xəstəliklərin yaranmasına səbəb olur (Ə.Güləhmədov, MPBabayev, F.Z.Axundov, 1988; Z.R.Mövsümov,
1994). Nitratlar nitritlərlə birgə konserogen təsir yaradaraq, insan oraqnizmi və ətraf mühit üçün daha ağır
fəsadlar törətmək imkanına malikdirlər. Meyvə-tərəvəz və su ilə qəbul edilmiş nitratların 80%-nin insan
orqanizmindən xaric edilməsinə baxmayaraq onun mədə-bağırsaq sistemində qalan hissəsi bəzi
mikroorqanizmlərin və fermentlərin təsiri ilə daha yüksək toksiki maddəyə – nitritə çevrilir. Nitritin insana tok-
siki təsiri nitratdan 10-20 qat artıqdır. Ona görə də nitratın insana zərərli təsiri eyni zamanda nitritin təsiri ilə
daha da güclənir. Bu maddələrin insan və heyvan orqanizmlərinə təsir mexanizmi aşağıdakı kimi izah edilir.
Normal halda qanın tərkibində olan hemoqlobin nəfəs alan zaman havanın oksigenini özünə birləşdirərək
oksihemoqlabinə çevrilir. Oksihemoqlabin qanla birlikdə toxumalara yayılaraq özünə birləşdirdiyi oksigeni
bədənin hər yerinə çatdırır. Beləliklə, normal vəziyyətdə hemoqlobin bədəndə oksigen daşıyıcısı vəzifəsini
yerinə yetirir.
Orqanizmə nitrat və nitrit daxil olduqda isə onlar hemoqlobinlə birləşərək methemoqlobin adlanan davamlı
birləşmə əmələ gətirirlər. Nəticədə qanda hemoqlobinin miqdarı azalır, orqanizmin oksigenlə normal təchizi pozu-
lur. Adətən normal orqanizmdə methemoqlobinin miqdarı hemoqlobinin ümumi miqdarının 2%-ni təşkil edir.
Kiçik yaşlı uşaqlarda, xüsusilə vaxtından tez doğulmuş körpələrdə methemoqlobinin miqdarı 4%-ə çatır. Yaşlıların
orqanizmində xüsusi ferment sistemi mövcuddur. Bu sistem əmələ gəlmiş methemoqlobini parçalayaraq hemoqlo-
binin miqdarını bərpa edir. Uşaqlarda isə bu ferment sistemi fəaliyyət göstərmədiyi üçün nitrat və nitritlə
zəhərlənmə ölümlə nəticələnə bilir.
Nitrat və nitritlər orqanizmə kəskin, ötəri və xroniki təsir göstərir. İnsan və heyvan orqanizminə bir dəfəyə
yüksək miqdarda nitrat və nitrit daxil olduqda methemoqlobinemiya, yəni methemoqlobinin miqdarının
artması prosesi inkişaf etməyə başlayır. Methemoqlobinin qanda miqdarı 10%-ə çatdıqda əlamətsiz sianoz
xəstəliyi müşahidə edilir. Methemoqlobinin miqdarı 20-50%-ə çatdıqda isə sianoz xəstəliyinin inkişafı
kəskinləşir. Bu xəstəliyin əsas əlamətləri oksigen çatışmazlığı, zəiflik, baş ağrısı, ürək döyünməsi və huşun
itirilməsidir. Methemoqlobinin miqdarının 50%-ə keçməsi ölümlə nəticələnir. Nitrat azotunun orqanizmə, hətta
az miqdarda, lakin mütamadi daxil olması insanın xroniki zəhərlənməsinə səbəb olur. Bu zaman qaraciyərdə və
böyrəklərdə, ürəkdə və ağ ciyərlərdə bəzi dəyişikliklər baş verir (cədvəl 12.2.).
Mühitdə kükürd, azot və karbon oksidlərinin böyük konsentrasiyası yarananda, bu, nəfəs yollarının
iltihabına, ağ ciyər xəstəliklərinə və astmaya səbəb olur. Eynilə civə, kadmium, qurğuşun mərkəzi sinir sistemini
zədələyir, irsi xəstəliklərin (eybəcərlik, psixoz), mutasiyanın yaranmasına gətirib çıxarır. Kadmium birləşmələri
insan skletini və psixikasını pozan itoy-itoy xəstəliyini də törədir. Bu xəstəlik ilk dəfə Yaponiyada müşahidə
edilmişdir. Ona görə də əkinçiliyin kimyalaşdırılması gübrələmə sistemlərinin keyfiyyəti və həmçinin ətraf
mühitin (hava, su, torpaq), qida və yem bitkilərinin toksiki birləşmələr və ağır metallarla çirklənməsi üzərində
daimi nəzarətin olmasını tələb edir.
221
Ətraf mühitin azot gübrələri ilə çirklənməsinin qarşısının alınmasında bioloji azotun böyük rolu vardır.
Yuxarıda qeyd edildiyi kimi, mikroorqanizmlərin, ilk növbədə paxlalı bitkilərin kök sistemində simbioz
formasında mövcud olan azot fiksatorlarının vasitəsilə biosferə 7,6 mln. ton bioloji azot daxil olur.
Hesablamalar göstərir ki, paxlalı bitki əkinlərində hər hektara əlavə olaraq 20-25 kq bioloji azot daxil olur.
Digər tərəfdən, paxlalı bitkilərin ətraf mühitin mühafizəsində ən əhəmiyyətli rolu ondan ibarətdir ki, onların
əkildiyi sahələrə azot gübrələrinin verilməsinə ehtiyac yoxdur.
Bəzi müəlliflərin (Q.V.Dobrovolski, E.D.Niktin, 1990; S.V. Zonn, A.P.Travleyev, 1989; Q.Ş.Məmmədov,
1994; Q.Ş.Məmmədov, Q.Ş.Yaqubov, S.Z.Məmmədova, N.F.Həkimova, 2002; V.Q.Mineyev, E.X.Rempe və b.
1990) nəzərincə, torpaq «özütənzimlənən» sistem olduğundan mineral azotun gəlir-çıxarı arasında müvazinət
vardır. Mineral azotun torpaqda izafi çoxluğu fonunda denitrifikasiya prosesi güclənir və onun torpaqdan
yuyulması baş verir. Digər tərəfdən, mineral azotun çoxluğu bioloji azotun fiksasiyasını ya dayandırır, ya da
ciddi şəkildə zəiflədir. Ona görə, həm mineral azotun torpaqda miqdarının optimallaşdırılması, həm də onun
bioloji azotla müvazinətinin saxlanması ekoloji və aqrokimyəvi problem olaraq qalır.
Respublikamızda kənd təsərrüfatında aqrokimyəvi vasitələrdən geniş miqyasda istifadəyə XX əsrin 50-ci
illərində başlanmışdır. Həmin əsrin 90-cı illərinə kimi bu artım yüksələn xətt üzrə getmişdir. Əgər 1957-ci ildə
bütün respublika üzrə 133,9 min ton mineral gübrə tətbiq edilirdisə, bu rəqəm 1970-ci ildə 421,3 min ton, 1971-
ci ildə 495,5 min ton, 1973-cü ildə 662,9 min ton, 1975-ci ildə 963,3 min ton, 1976-cı ildə 1074,2 min ton,
1979-cu ildə 1210 min ton, 1986-cı ildə 1800 min ton olmuşdur. 90-cı illərdə bu göstərici respublikamızda
222
yaranmış ağır iqtisadi çətinliklərlə əlaqədar azalmağa doğru getmişdir. Azərbaycanda mineral gübrələrdən
intensiv şəkildə istifadə edilən dövrlərdə onların hektar üzrə göstəricisi 200-250 kq-dan çox olmamışdır.
Halbuki həmin dövrdə (1986) bu göstərici Böyük Britaniyada 376 kq, Fransada 301 kq, Yaponiyada 386 kq,
Almaniyada 422 kq olmuşdur. Həmin ölkələrdə 1,5-2 dəfədən də çox mineral gübrə tətbiq edilməsinə
baxmayaraq, kəskin fəsadlar törətməmişdir. Buradan belə görünür ki, mineral gübrələrdən, istifadənin törətdiyi
fəsadlar onların miqdarı ilə deyil, onlardan istifadə mədəniyyəti və ya ekoetikası ilə bağlıdır.
Gübrələrdən istifadə torpağın deqradasiyasına səbəb olur, təbii münbitlik əsasən kimyəvi maddələrə əsasla-
nan münbitliklə əvəz olunur.
Gübrələrin istehsalı və istifadəsi dünyada durmadan artaraq 1950-1990-cı illərdə təxminən 10 dəfə artmışdır.
1993-cü ildə dünyada orta hesabla 1 ha. əkin sahəsinə 83 kq gübrə verilmişdir, onun yarısı azot gübrəsinin payı-
na düşür.
Gübrələrdən istifadə müsbət effekti ilə yanaşı ekoloji problemlər də yaradır.
İçməli suda və ya ərzaq məhsulunda nitratların konsentrasiyası təyin olunmuş normadan artıq olduqda insa-
nın sağlamlığı üçün təhlükəlidir.
Gübrələrdən çox miqdarda və uzun müddət istifadə etdikdə səthi və yeraltı sulara daha çox nitratlar daxil
olaraq onu içmək üçün yararsız edir. Əgər azot gübrəsi 1 hektara ildə 150 kq-a qədər istifadə edilərsə onun
həcminin 10%-i təbii sulara daxil olur, nitratlar yeraltı suya daxil olduqda xüsusilə ciddi problem yaranır.
Kənd təsərrüfatının mineral gübrələrdən asılı olması azot və fosforun qlobal tsiklinə ciddi təsir göstərir.
Azot gübrələrinin sənaye istehsalı azotun qlobal balansının pozulmasına səbəb olmuşdur. Azotun çox olması
torpağın turşuluğunu, həmçinin onun tərkibindəki üzvi maddələrin miqdarını dəyişə bilər. Bu isə torpaqdan qida
maddələrinin yuyulub aparılmasına və təbii suların keyfiyyətinin pisləşməsinə gətirib çıxarır.
Q.N. Qolubevə (1999) görə torpaq eroziyası zamanı yamaclardan yuyulub aparılan fosforun miqdarı ildə 50
mln. ton təşkil edir. Digər bir mənbəyə əsasən 1990-cı ildə tarlaya verilən fosforun miqdarı qədər (33 mln. ton)
çaylar okeana fosfor axıtmışdır. Fosforun qazşəkilli birləşməsi olmadığından o, özünün ağırlıq qüvvəfsi ilə, əsa-
sən sular vasitəsilə okeanlara axır.Bu isə quruda fosforun xroniki defisitinə və daha bir qlobal geoekoloji böhra-
na gətirib çıxarır.
Onu da qeyd edək ki, gübrələrlə torpağa verilən fosfor praktiki olaraq torpaqdan yuyulmur. Su hövzələrinin
fosforla çirklənməsinin əsas mənbəyi kənd təsərrüfatı deyil, sənaye və məişət suları sayılır. Suların fosforla
kənd təsərrüfatı vasitəsilə çirklənməsinin payına 10-15% düşür. Son vaxtlar fosforla çirklənmənin böyük mən-
bəyi tərkibində polifosfotlar olan yuyucu vasitələrdir. Su hövzələrində çoxlu fosfatların toplanması həmçinin
onların evtrofikasiyası ilə bağlıdır.
Fosfor gübrələrinin spesifik xüsusiyyətlərindən biri də onların böyük dozalarla istifadəsi torpaqda digər arzu-
olunmaz elementlərin toplanmasıdır: stabil stronsium, ftor, uranın təbii radioaktiv birləşmələri, radium, torium.
Bitkinin üçüncü əsas qida elementi sayılan kalium ətraf mühitə əhəmiyyətli dərəcədə təsir göstərmir. Lakin
kalium gübrəsi ilə bərabər çoxlu xlor da verilir, onun qrunt sularına daxil olması arzu olunmazdır.
Bütün bitkilərin əkininin məhsuldarlığının gübrədən istifadədən asılılığı bir-birinə oxşardır: gübrələrin təsi-
rindən ilk illər bitkinin məhsuldarlığı artır. Sonrakı illər məhsul artımı azalır, sonra isə artım müşahidə olunmur,
bəzən hətta azalmağa doğru da gedir.
Kənd təsərrüfatının elmi-əsaslanmış strategiyası gübrələrin miqdarının azaldılmasının mümkünlüyünün təd-
qiqi, onun istifadəsinin optimal səviyyəsinin axtarışı və eroziyaya qarşı mübarizə aparmaq istiqamətinə yönəl-
dilməlidir.
Dostları ilə paylaş: |