Çilinglərin hazırlanması və saxlanması
Çiling hazırlığı işini ilin üç fəslində – payızda (vegetasiya dövrü qurtardıqdan sonra), qışda və yazda
(əkinqabağı) aparmaq olar. Təcrübələr göstərmişdir ki, bitkilərdə yarpaqlar tökülüb qurtarıncaya qədər az və ya
çox miqdarda şirə axını davam edir. Ona görə, vegetasiya dövrü tam qurtarmadan kəsilmiş çilinglərin inkişafı da
zəif olur.
Azərbaycan şəraitində və xüsusilə Kür-Araz düzənliyində çiling hazırlığı işinə noyabr ayının axırlarından
etibarən başlamaq və fevral ayının axırına qədər davam etdirmək olar.
Çilinglərin yaxşı kök tutması, onlardan hündürgövdəli, sağlam ağaclar yetişdirmək üçün çilinglər kötükdən
və köklərdən əmələ gəlmiş birillik pöhrələrdən hazırlanmalıdır. Hazırlanmış pöhrələri qom şəklində toplayaraq
olduğu kimi və ya çilinglərə bölərək saxlamaq olar. Birinci halda – pöhrələr hər birində 100-150-200 ədəd
olmaqla qom şəklində toplanır, möhkəm bağlanır və aşağı hissəsi yaş torpağa və ya quma basdırılır. İkinci halda
– pöhrələr uzunluğu 30-35 sm olan çilinglərə bölünür, hər birində 100 ədəd olmaqla qom bağlanır və tamamilə
torpağa və ya quma basdırılır. İqtisadi cəhətcə təsərrüfat üçün birinci hal daha əlverişli hesab olunur.
Müvəqqəti saxlamaq üçün basdırılmış pöhrələr əkinqabağı torpaqdan çıxarılır və yerli şərait üçün tələb
olunan uzunluqda çilinglərə bölünür. Adətən çilinglər əkindən bir-iki gün əvvəl hazırlanır və əkinə qədər suda
saxlanır. Əgər çilinglərin uzun müddət saxlanması tələb olunursa, onda onlardan hərəsində 100 ədəd olmaq
şərtilə qom bağlanır və xəndəklərdə saxlanılır. Bunun üçün dərinliyi 45-50 sm olan xəndək qazılır, dibinə 5-6
sm qalınlığında yaş çay qumu tökülür, sonra çiling qomlarının yoğun başları xəndəyin dibinə tökülmüş qumun
üstünə qoyulur. Qazılmış xəndək çilinglə doldurulduqdan sonra, əvvəlcə onun üstü yaş çay qumu ilə örtülür və
qumun üstünə yaş torpaq tökülür. Qışı şaxtalı keçən rayonlarda çilingləri şaxtadan qorumaq məqsədilə üst
hissəyə tökülmüş qumla torpağın arasına bir lay küləş əlavə edilir.
297
Pöhrələrdən çiling kəsmək üçün iti bıçaq, bağ qayçısı və ya xüsusi çilingdoğrayan dəzgahlardan istifadə
edilməlidir.
Şimal rayonları və qrunt suyu torpaq səthinə yaxın olan sahələrdə (0,5-1m) çilinglərin uzunluğu 10-20sm,
cənub rayonları və qrunt suyu nisbətən dərində (1,5-2,0 m) olan sahələrdə 20-30 sm, qrunt suyu çox dərində (2,5
m və artıq) olan düzənlik rayonlarında isə 30-40 sm qədər götürmək məsləhət görülür.
Kür-Araz düzənliyində illik yağmurun miqdarının az, qrunt suyunun dərində və havanın isti olması ilə
əlaqədar olaraq çilinglərin uzunluğunu 25-30 sm-ə qədər götürmək məsləhət görülür. Adətən 25 sm uzunluğa və
aşağı kəsiyində 0,8-2,0 sm-ə qədər diametrə malik olan birillik pöhrələrdən hazırlanan çilinglər əkin materialı
üçün faydalı və yararlı hesab edilir; 0,8 sm-dən az və 2,0 sm-dən artıq diametri olan çilinglər isə əkin üçün
yararsız hesab olunur.
Çilinglərin yuxarı ucu zədələnməmiş tumurcuğun üst tərəfindən, aşağı ucu isə aşağı tumurcuğun altından
diametral olaraq kəsilməlidir. Belə olduqda, aşağı kəskidə çoxlu kök gözcükləri (kalluslar) əmələ gəlir.
Çilinglərin üst (uc) kəsiyi üzərində atmosfer çöküntülərinin qalmaması və onun canlı təbəqə ilə tez bitişməsi
üçün kəski azca maili olmalıdır.
Dostları ilə paylaş: |