Çilinglərin basdırılması
Qovaq çilinglərini 3 fəsildə – yayda, payızda və yazda əkmək olar. Yay əkini pöhrələr üzərində əmələ
gəlmiş tumurcuqlar tam formalaşdıqdan sonra (iyun-iyul aylarında) aparıla bilər. Yay əkinləri yalnız parniklərdə
aparıldıqda yaxşı nəticə verir. Bu üsul çətindir, iqtisadi cəhətcə baha başa gəlir və ona görə də təsərrüfat üçün
əlverişli hesab edilmir.
Təcrübələr göstərmişdir ki, payız əkini yaz əkininə nisbətən əlverişlidir. Bunun əlverişli cəhəti ondan
ibarətdir ki, çilingləri müvəqqəti saxlamaq üçün xəndəkdə basdırmaq tələb olunmur, vaxta, işçi qüvvəsinə və
vəsaitə qənaət edilir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, çilingləri payızda daimi yerinə əkdikdə
torpaqdakı nəmlik və çilingdə olan ehtiyat su, habelə qida hesabına onların üzərində yaza qədər kök gözcükləri
əmələ gəlir ki, bu da ağaclarda şirə axını başlayan dövrdən etibarən öz köklərini bilavasitə torpağa yeridir və
torpaqdakı qida maddələrindən tez istifadə edə bilir.
Başqa ağac cinsləri kimi, qovaq çilinglərini də şirə axını başladıqdan (tumurcuqlar açılmağa başladıqdan)
sonra əkmək məsləhət görülmür. Nadir tapılan və hər hansı bir şəraitdə becərilməsi vacib olan qovaq növü və
sortunu onda şirə axını başladıqdan sonra əkmək üçün Kolesov qılıncı, ya beldən istifadə etmək və çilingləri
dərhal suvarmaq lazımdır.
Meşə təsərrüfatlarında qovaq çilingləri iki məqsədlə – əkin materialı almaq üçün və ya mədəni meşə salmaq
üçün əkilir. Əkin materialı almaq üçün çilinglər birinci növbədə tingliyə əkilməlidir. Bir hektar sahədə qovaq
tingliyi salmaq üçün tələb olunan çilinglərin miqdarı, həmin tinglikdə əkin materialının neçə il
saxlanılacağından asılıdır. Əgər əkin materialı tinglikdə bir il saxlanacaqsa, onda cərgələrin arasını 60 sm,
cərgədə çilinglərin arasını isə 20 sm götürmək məsləhətdir. Belə olduqda 1 hektar tinglik üçün 83 min ədəd
çiling tələb olunur. Lakin bitkiləri tinglikdə iki il saxlamaq nəzərdə tutulursa, onda cərgələrin arası 70 sm,
cərgədə bitkilərin arası isə 25 sm olmalıdır. Bu halda 1 hektar tinglik üçün 57,2 min ədəd çiling tələb olunur.
Qovaq tingliyi salmaq tələb edildikdə, adətən, birinci haldan istifadə edilir. Belə olduqda vegetasiya
dövrünün axırından etibarən əkin materiallarını çıxarmaq və istifadəyə vermək olur.
Dostları ilə paylaş: |