Meşə əkinləri. Mədəni qovaq meşəliyini birillik pöhrələrdən hazırlanan çilinglər və tinglikdə yetişdirilmiş
bir və ya bir neçə illik əkin materialı ilə salmaq olar. Qovaq meşəliyini kök vermiş birillik tinglərlə saldıqda
yaxşı nəticə alınır. Lakin, Azərbaycanın Mil-Muğan düzündə, Balakən, Zaqatala, Yalama və s. meşə
təsərrüfatlarında aparılan əkin işlərinin nəticəsi göstərmişdir ki, yaxşı qulluq etmək və əkini vaxtaşırı su ilə
təmin etməklə mədəni qovaq meşəliyini çilinglərlə də salmaq olur və bu, iqtisadi cəhətcə ucuz başa gəlir. Bu
halda, 1-ci və 2-ci illər ərzində sahənin te-tez (vegetasiya dövrü ərzində 7-8 dəfə) suvarılması və çilinglərin sıx
əkilməsi tələb olunur.
Azərbaycanın düzənlik rayonları şəraitində (Ağstafa, Gəncə, Yevlax, Bərdə, Ağdaş, Göyçay, Beyləqan, Sa-
birabad və s.) aqrotexniki qaydalara riayət edildikdə 1x2 m məsafədə əkilmiş çilinglər bir vegetasiya dövrü
ərzində 1,5-3 m qədər hündürlüyə (növ və sortlardan asılı olaraq) və 1-3 sm qədər diametrə (kök boğazında)
çatırlar.
Müxtəlif ölkələr üzrə mədəni qovaq meşəlikləri sıxlığına görə iki kateqoriyaya bölünür: 1) Bir hektar
sahədə 500 ədədə qədər (bəzən 1000 ədədə qədər) qovaq olan əkinlər; 2) Bir hektar sahədə 1000 ədəddən artıq
qovaq olan əkinlər.
Fransa, İsveçrə, İtaliya, Belçika və Almaniyada birinci kateqoriyalı, Mərkəzi və Şərqi Avropa ölkələrində
(Polşa, Macarıstan, Rumıniya və Bolqarıstanda) isə ikinci kateqoriyalı mədəni qovaq meşəsi əkini üsulu tətbiq
olunur. Suriya, İraq, İspaniya, Yuqoslaviya və s. ölkələrdə ikinci kateqoriyalı əkin sistemi tətbiq edilir. Bu cür
əkin sistemi tətbiq edildikdə ağacların çətri birləşənədək həmin sahədə cərgələrarası məsafədə kənd təsərrüfatı
bitkiləri becərilir.
Meşə materiallarından istifadə edən təşkilatların mütəxəssisləri 8x8 və 9x9 m məsafədə yetişdirilmiş
meşəlikləri daha əlverişli hesab edirlər. İsveçrədə 7x7 m, İtaliyada 10x10 m, Fransa və Belçikada 6x6 və 7x7 m,
Almaniyada isə 5x5 və 7x7 m məsafədə əkilmiş mədəni qovaq meşələri daha gəlirli hesab olunur.
Kür-Araz düzənliyi şəraitində suyun kasad olmasını, sahənin alaq otlarından tez-tez təmizlənməsinin lazım
gəldiyini və əhalinin hər cür oduncaq materialına ehtiyacı olduğunu nəzərə alaraq mədəni qovaq meşəliyini qoşa
cərgələrlə (arxın hər iki tərəfindən) 1x2,5; 1,5x2,5; 2x2,5; 2x3; 3x3 m məsafələrdə əkmək olar. Əkin çilinglərlə
aparıldıqda, cərgədə bitkilərin arasının az götürülməsi, çilinglərin kotan cızına düzülməsi və kotanla da dibinin
doldurulmasını məqsədəuyğun hesab etmək olar. Bu halda suvarma üçün xüsusi arxların çəkilməsi lazım gəlmir.
Çilinglərin kök atması yaxşı olarsa və gələcəkdə onun meşəliyinin çox sıx olacağı müəyyən edilərsə, onda qoşa
əkilmiş cərgələrin birində olan bitkiləri tamamilə çıxarmaq və ya sahəni seyrəltmək lazımdır. Çıxarılmış əkin
materiallarını isə yeni meşə əkinləri salmaq üçün istifadə etmək olar.
Qovağın tez böyüməsi, az bir zamanda məhsuldar meşəlik yaratması və ondan qiymətli oduncaq alınmasına
əsaslanaraq dünyanın bir çox ölkələrində geniş plantasiyaları və meşəlikləri salınır. Hazırda dünyada becərilən
qovaq əkinlərinin ümumi sahəsi 1 368500 ha olub onun 940000 ha Avropada və 150000 ha (10%) Türkiyədədir
(Metin Sarıbaş, 1999).
Cədvəl 14.2.
Dostları ilə paylaş: |