Torpağın karbonatlılığı (qaynaması)
Torpağın qaynamasını morfoloji cəhətdən profil boyu onun ayrı-ayrı genetik qatlarından götürülmüş torpaq nümunələrində 10% HCl turşusu ilə yoxlayırlar. Bunun üçün profilin alt hissəsindən hər genetik qatdan nümunə götürüb cərgə ilə düzməli və onlara ardıcıl olaraq pipetlə 10%-li hidrogen–xlorid turşusu damızdırmaq lazımdır. Qaynama dərəcəsindən asılı olaraq çox şiddətli, şiddətli, güclü, orta və zəif qaynama dərəcələri fərqləndirilir. Torpağın karbonatlılığı dəqiq şəkildə laboratoriya şəraitində təyin edilir. Torpağın morfoloji əlamətlərini öyrənərkən onun rütubətliyinə və genetik qatların keçidliyinin görünmə vəziyyətinə də diqqət yetirilməlidir.
Torpağın rütubətliyi onun rənginə, strukturluq dərəcəsinin ifadə edilməsinə, həm də strukturanın möhkəmliyinə böyük təsir göstərir.
Torpağın ayrı-ayrı genetik qatlarının rütubətlik dərəcəsini təyin edərkən onları əlləməklə yaş, nəmişlik, rütubətli, az nəmli, quru bölgülərə ayırırlar.
Genetik qatların keçidlik vəziyyəti torpağın mexaniki tərkibi, rəngi, strukturası, kipliyi, yenitörəmələri və b. nişanələrə görə təyin olunur.
Ümumiyyətlə, torpaq qatlarının arasındakı keçidlik aşağıdakı şəkildə ola bilər.
Kəskin keçid - bir qatdan o biri qata keçmək qısa məsafədə, yəni 2sm-dən artıq olmur.
Aydın keçid - qatlar arsındakı keçidlik məsafəsi 2- 5 sm-dən artıq olmur.
Tədrici keçid – bir qatdan o biri qata keçmək məsafəcə 5 sm-dən artıq olur.
Genetik qatlar arasındakı keçidlik bərabər və qeyri- bərabər şəkildə ola bilir. Qeyri-bərabər keçidlərdə qatlar arasındakı məsafə düz xətt üzrə deyil, dilimli, dalğavari, torbalanmış, cib şəkilli və s. formalarda olur.
Dostları ilə paylaş: |