Şəkil 8.2. Zaxarovun rəng üçbucağı
Torpağın qırmızı rəngi onda dəmir üç hidroksid Fe2O3∙nH2O birləşmələrinin (hematit, turit, limonit və s.) olmasından asılıdır. Həm də torpaqdakı dəmirin
miqdarından asılı olaraq onun rəngi qırmızıdan, qırmızı– qonur, sarı və ya narıncı rənglərə qədər dəyişir.
Torpağın ağ, yaxud açıq rənginə torpaqda olan silisium (SiO2) və ya kalsium-karbonatın (CaCO3), yaxud kaolin (H2Al2Si2O8∙H2O) və alüminium – hidroksid birləşmələrinin xeyli çox olması səbəbdir. Belə birləşmələrin komponentlərinə kvarsı, kaoliniti, əhəngi, suda həll olan duzları və gipsi misal göstərmək olar.
Təbiətdə çox zaman alabəzək (göyümtül, yaşılımtraq, paslı-qonur və s.) rənglərə də təsadüf edilir ki, bunlara ikivalentli dəmir birləşmələri (FeO∙nH2O) səbəb olur. Belə birləşmələr torpaqda izafi rütubətlənmə şəraitində, yəni anaerob mühit olduqda əmələ gəlir.
Qeyd etmək lazımdır ki, torpağın rəngi onun rütubətindən və aqreqatlaşma dərəcəsindən də xeyli asılıdır. Adətən eyni torpaq quru halındakına nisbətən yaş halda daha çox tünd görünür. Buna görə də torpağın rəngi haqqında qəti nəticəyə onu havada quru hala saldıqdan sonra gəlmək lazımdır.
Dostları ilə paylaş: |