24
Yuxarıda göstərilən klinik formalardan ən çox təsadüf olunanı
vərəm meningitidir. Vərəm meningiti vərəm ocaqlarından
infeksiyanın beyin maddəsindən araxnoidal boşluğa yayılması
nəticəsində inkişaf edir.
Meningit. Vərəm meningiti həm ağciyər vərəmindən sonra
ikincili olaraq, həm də MSS-nin birincili zədələnməsi şəklində
inkişaf edə bilər. Xəstələr yoluxucu olmurlar. Beyin qişalarının
iltihabı hiperhəssaslıq tipində inkişaf edərək onurğa beyni mayesində
tipik dəyişikliklərin və ağır klinik əlamətlərin (huşun itməsi, epileptik
tutmalar, kəllədaxili təzyiqin artması) meydana çıxmasına səbəb olur.
Beyinin hörümçəyəbənzər qişasının iltihabı (araxnoidit) kəllə-beyin
sinirlərinə və damarlarına yayılır, bu da öz növbəsində bu sinirlərin
iflicinə və izafi miqdarda onurğa beyni mayesinin yığılmasına səbəb
olur (hidrosefaliya). Beyin damarlarının zədələnməsi nəticəsində
MSS-də ocaqlı funksional pozuntular meydana çıxır. Onurğa beyni
araxnoiditi özünü onurğa beyninin zədələnməsi əlamətləri ilə büruzə
verir: parezlər, ifliclər, çanaq orqanlarının funksional pozuntuları
və s. Bunun əksinə olaraq beyinin tuberkuloması özünü MSS-nin
həcmli dəyişiklikləri ilə büruzə verir.
Klinik olaraq xəstəliyin ilkin mərhələsində ümumi zəiflik, baş
ağrıları, davranışda dəyişikliklər kimi simptomlar müşahidə olunur.
Xəstəlik inkişaf etdikdə baş ağrıları güclənir və daimi xarakter alır,
meningial simptomlar (ənsə əzələlərinin gərginliyi, müsbət Kerniq və
Brudzinski simptomları və s.), qusma, komatoz vəziyyət və ocaqlı
nevroloji əlamətlər meydana çıxır. Vərəm meningitinin atipik
gedişatlı formalarına aiddir: 1) ani proqressivləşən (irinli meningiti
xatırladır); 2) ləng inkişaf edən (bu forma çox vaxt səhv olaraq
demensiya kimi qəbul edilir); 3) ensefalit sindromu üstünlük təşkil
edən formalar.
MSS-nin vərəmindən ölüm halları 5 yaşadək uşaqlar, 50 yaşdan
yuxarı və xəstəliyin başlanğıcından 2 ay keçənədək adekvat müalicə
almayanlar arasında yüksək səviyyədə müşahidə edilir. Vərəm
əleyhinə preparatlardan izoniazidə qarşı davamlı VMB ştammları ilə
yoluxmuş xəstələr arasında bu klinik formalardan ölüm hallarına
izoniazidə həssas xəstələrə nisbətən 2 dəfə artıq təsadüf edilir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.