ETNOPSİXOLOGİYA 14
və s. Etnofərqləndirici əlamətlər dinamik xarakter daşıyır. İnsan-
ların mənsub olduğu etnosun fərqləndirici əlamətlərini bilməsi və
orada inkulturasiyaya meyl göstərmələri etnik özünüdərketməyə
xidmət edir. Bundan da əlavə insanların eyni kökə malik olmalarını
dərk etməsi etnik identikliyi gücləndirir.
Rus etnopsixoloqu T.Q.Stefanenkoya görə etnos özlərini hər
hansı bir əlamət əsasında onun üzvü hesab edən insan birliyidir.
Etnos özünü onun üzvləri ilə hər hansı bir təbii və davamlı
etnofərqləndirici xüsusiyyətlər əsasında dərk edən insan birliyidir.
Etnos hər şeydən əvvəl psixoloji birlikdir və insan üçün mühüm
olan funksiyaları yerinə yetirir. Etnos real surətdə mövcud olan,
yaşayan, öz aralarında qarşılıqlı təsir göstərən və nəhayət assim-
liyasiya olunaraq itən insan qrupudur. Rus alimi Bromley etnosu
etnososial orqanizm kimi səciyyələndirir və milləti buna misal
göstərir. Millət iqtisadi və siyasi ümumiliyə malik olduğu üçün
etnosdan daha geniş anlayışdır. Elə milli psixologiya da iqtisadi və
siyasi birlik zəminində formalaşır və inkişaf edir.
Etnopsixologiya ayrıca götürülmüş etnosu, xalqı, milləti
öyrənməklə yanaşı, həm də etnoslararası münasibətlərin də psixolo-
giyası məsələlərini öyrənir. Son dövrlərdə məhz etnopsixologiyanın
bu istiqaməti ilə bağlı tədqiqat işlərinin aparılmasına güclü tələbat
var. Çünki, cəmiyyətin sosial və siyasi problemləri bəzi hallarda
etnoslararası münasibətlərlə bağlıdır.
Etnopsixologiyanın predmetinə psixoloji və mədəni dəyi-
şənlər arasındakı sistemli əlaqələrin öyrənilməsi kimi baxmaq olar.
İnsanın şəxsi keyfiyyəti, onun xarakter əlamətləri ümumi anlayış və
meyarlar fonunda üzə çıxır və qiymətləndirilir. Hamı tərəfindən
qəbul edilmiş əxlaq norması nümunəsi ilə tanış olduqdan sonra bu
normanın kimsə tərəfindən pozulduğunu və bu hərəkətin həmin
xalq tərəfindən necə qiymətləndiriləcəyindən söz açmaq olar. De-
məli etnopsixoloji fərqlər, milli-etnik xüsusiyyətlər başqa amillərlə
yanaşı, həm də hər hansı bir anlayışa öyrənilən xalqın necə məna
verməsindən, ora nəyi daxil etməsindən də asılı olur. Məsələn,
imtahan vaxtı cavab verə bilməyən tələbəyə qiymət yazmağı bizdə